İtmiş əşyaların hökmü nədir?
Tapılan əşyanın elan müddəti:
Bir insan tapılan əşyanı götürsə, bu əşya həmin şəxsə verilən əmanət kimidir. Allah-Təala Qurani-Kərimdə “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir”[4] − buyurmuşdur. Tapdığı əşyanı özününküləşdirmək niyyəti ilə götürən şəxs onu qəsb etmiş sayılır.
İslam hüququna görə, tapılan əşyanı sahibinə vermək üçün götürən şəxs, buna dair şahid tutmalıdır. #Şafei, #Maliki və #Hənbəlilərə görə, şahid tutmaq müstəhəb, #Hənəfilərə görə isə vacibdir.[5] Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurmuşdur:“İtmiş əşya (mal) tapan şəxs (bu malı əmanət olaraq götürdüyü üçün) bir və ya iki ədalətli şahid tutmalıdır. Onu gizlətməməli və itirməməlidir. Əgər sahibini taparsa, malı ona geri verməlidir. Yox əgər sahibi çıxmazsa, o Əziz və Cəlil olan Allahındır. Allah da onu istədiyinə verər.”[6]
Sahibsiz əşya tapan şəxs, “İtirdiyini axtaran olsa, mənim yanıma göndərin”, − deməsi şahid yerinə keçir. Sahibinə vermək üçün götürdüyünə şahid tutmayan şəxs, həmin mal tələf olduğu təqdirdə onun qiymətini ödəməlidir. Tapdığını özü üçün götürdüyünü etiraf edən şəxs isə, təzminat (əvəzini) ödəməlidir. Əksini iddia edərsə, sübut etməlidir. Ancaq onu sahibinə vermək üçün götürdüyünü desə və mal sahibi də bunu qəbul edərsə, bu halda təzminat ödəməz.[7]
[4] #Nisa 4/58.
[5] Vehbe Zuhayli, “İslam Fıkhı Ansikilopedisi”, Risale Yayınevi, İstanbul 1994, VII, s. 251.
[6] İbn Macə, Luqata, 2.
[7] Məhəmməd ibn Mövdud əl-Mövsili “əl-İxtiyar Litalilil-Muxtar” Mətbətül-Hələbi, Qahirə 1937, III, s. 32.
Hər hansı əşya tapan şəxs, şahid tutmaqdan əlavə bunu elan etməlidir. Bütün fəqehlərə görə, nə isə tapdığını elan etməyin hökmü vacibdir.
Əksər alimlər elan müddətinin bir il olduğunu bildirirlər.[8] Ancaq İmam #Əbu #Hənifəyə görə, əgər malın dəyəri on dirhəmdən aşağıdırsa, onu bir neçə gün elan etmək kifayətdir. Əgər bu miqdardan artıq olarsa bir il gözləmək lazımdır.[9]
Elan müddətinin bir il olduğunu deyən alimlər bu hədisə isnad edirlər. Bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gələrək tapılan əşyanın hökmünü soruşdu. Allah Rəsulu: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən”.[10]
Ümumiyyətlə tapılan şeyin miqdarı az olarsa, onu bir il elan etməyə ehtiyac yoxdur. Az olan miqdar oğrunun əlinin kəsilməsinə səbəb olmayacaq qədərdir. Bu da alimlərə görə, bir dinarın dörddə biri, #Hənəfilərə görə isə on dirhəmdir.[11]
[8] Züheyli, “e.a.ə”, VII, s. 255.
[9] Mövsili, “e.a.ə”, III, s. 32.
[10] Buxari, Luqata, 11.
[11] Züheyli, “e.a.ə”, VII, s. 256.
Bəzi İslam alimlərinə görə, at, inək, dəvə kimi özlərini təhlükədən qoruyan heyvanlara toxunmaq lazım deyil. Bu hökm Allah Rəsulunun (s.ə.s) aşağıdakı hədisinə əsaslanır:
Bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gələrək tapılan əşyanın hökmünü soruşdu. Allah Rəsulu: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən. Həmin şəxs daha sonra tapılan sahibsiz dəvə haqqında soruşdu. Rəsulullahın (s.ə.s) üz ifadəsi dəyişdi və: “Ondan sənə nə? Su tulumu və çarığı ilə birgə suya gedər və ağacları yeyər.” (Yəni dəvə sən götürməsən də tələf olmaz.) – dedi. Həmin şəxs Allah Rəsulundan (s.ə.s) itmiş qoyunun hökmünü soruşdu. Allah Rəsulu (s.ə.s): “O sənin mömin qardaşının yaxud da qurdundur”, − buyurdu[14]
Hənəfi və Şafeilərə görə, itmiş at, inək və dəvə kimi heyvanları lüqata olaraq götürmək caizdir. Ancaq bunları sahibinə təhvil vermək niyyəti ilə götürmək lazımdır. Beləcə insanların malları qorunmuş, itmələrin qarşısı alınmış olar və sahibsiz əşya pislik etmək ehtimalı olanların əlinə düşməz.[15] Ancaq bu səhrada tənha olan heyvanlara aiddir.[16]
Tapılan xırdabuynuzlu mal-qara götürülə bilər. Bu haqda alimlər həmrəydir.[17]
Tapılan heyvanlara çəkilən xərc bəxşiş kimidir. Çünki malı tapan şəxsin mal sahibi üzərində bir haqqı yoxdur. Ancaq hakim tapdığı mala xərc çəkməyə icazə verərsə, bu təqdirdə çəkilən xərclər hakimin razılığı ilə olduğu üçün mal sahibi bu xərcləri ödəməlidir.
[14] #Buxari, Luqata, 11.
[15] Züheyli “e.a.ə”, VII, s. 252-253.
[16] Heyət “Fətəvayi Hindiyyə” Darul-fikir, 1310 (H) II, s. 289.
[17] İbn Rüşd, “Bidayə”, IV, s. 89
Lüqatanı mülkiyyətə keçirməyin hökmü:
Lüqata bir il elan edilməlidir. Bundan sonra nə ediləcəyi haqqında iki görüş var. Bir fikrə görə, lüqata sadəcə kasıbın mülkiyyətinə keçə bilər. Digər fikrə görə isə, mütləq mənada mülkiyyətə keçirmək caizdir.
Alimlərin əksəriyyətinə görə, əşyanı tapan şəxs maddi vəziyyətindən asılı olmadan üzərindən bir il keçdikdən sonra bu əşyanı istifadə edə bilər. Allah Rəsulu bu haqda belə buyurmuşdur: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən.”[21]
#Hənəfilərə görə, əgər lüqatanı tapan şəxs zəngindirsə ondan istifadə edə bilməz. Ehtiyacı olan bir fəqirə sədəqə olaraq verə bilər. Bu fəqir onun qohumu, ata-anası, xanımı və ya uşağı da ola bilər. Ancaq malı tapan şəxs kasıbdırsa, ondan sədəqə olaraq özü də faydalana bilər.
Bir il keçdikdən sonra əşya sahibi geri dönərsə, əşya əldədirsə onu olduğu kimi geri qaytarmaq lazımdır. Əgər xərclənibsə, qiymətini ödəmək lazımdır. Sədəqə verilibsə, sahibi geri döndükdən sonra ixtiyar onundur: istəsə sədəqə verməyə razı olub savab qazanar, istəsə də sədəqə verilən şəxsdən yaxud da tapıb sədəqə verən şəxsdən təzminat alar. Onlardan hansından təzminat istəyərsə, o, digərinə baş çəkib bir şey tələb etməz. [22]
Allah Rəsulu bununla bağlı belə buyurmuşdur:“Lüqatanı tapan şəxsə luqatadan heç bir şey halal deyildir. O, bu malı bir il elan etməlidir. Əgər sahibi gələrsə, onu sahibinə geri verməlidir. Sahibi gəlməsə, onu sədəqə olaraq başqasına verə bilər. Əgər sahibi gələrsə, o, savabla (malın sədəqə verilməsinə razı olaraq) malını geri almaq arasında ixtiyar sahibidir.”[23]
[21] Buxari, Luqata, 11.
[22] Züheyli, “e.a.ə”, VII, s. 259-260.
[23] Əbul-Qasım Təbərani, “əl-Möcəmül-Vasit” Darul-Harameyn, Qahirə, II, s. 353.
#Luqata-Dini termin olaraq isə, tapılan və sahibi bilinməyən mal, əşya və ya dəyəri olan hər şeyə “lüqata” deyilir.