Kəlam elminin doğuşu və elmlərin qisimləri

Sual:

Elmləri qisimlərə ayırarkən, niyə kəlam və fəlsəfəyə yer vermədin? Bunların pis və ya məqbul olduqlarını niyə açıqlamadın?

Cavab:

Kəlam elminin ehtiva etdiyi faydalı dəlillərin özü, Quran və hədislərdə mövcuddur. Bu 2 qaynağın xaricində qalan bölmələri isə:

• ya pislənmiş çəkişmələrdir, ki, bu cür çəkişmələr bidətdir; və ya

• qrupların bir birilərinin fikirlərini çürütməklə bağlı fitnə qaynağı sözlərdir; və

• bunların çoxu da, xarakteri sağlam kimsələrin sevmədiyi və qulaqların eşitmək istəmədiyi axmaq laqqırtılardır.

Bu cür sözlərdən bəzilərinin din ilə heç bir bağlantısı olmadığı kimi, hicri ilk əsrdə də ülfət edilmiş məsələlər deyildi. Bu cür mövzularla məşğul olmaq, tamamilə bidət sayılırdı.

Amma indi, hökmü dəyişdi. Çünki Quran və sünnətlərin gərəyini yerinə gətirməkdən uzaq qoyan bidətlər ortaya çıxdı, bu mövzularda əsərlər yazıb şübhə toxumları saçan bir qrup törədi və nəticədə zərurət gərəyilə, bu qadağaya icazə verildi.

Bəli, təxribatçı bidətçilərin təxribatlarını təsirsiz qılacaq nisbətdə kəlam elmi öyrənmək, fərz-i kifayə sayılan elmlərdən olmuşdur. Bu elmin öyrəniləcək bir həddi olub bundan sonrakı bölmələrdə izah edəcəyik.

Fəlsəfəyə gəlincə:

Fəlsəfə, tək başına müstəqil bir elm olmayıb 4 cüzdən (hissədən) meydana gəlmişdir:

Birincisi:

Həndəsə və hesabdır. Daha əvvəl də bildirdiyimiz kimi, bu elmlər mübahdır, kimsə bu elmləri öyrənməkdən əngəllənə bilməz.

Ancaq bu elmləri bəzi pis məlumatlar əldə etmək üçün vəsilə etməkdən (haqqında) narahatlıq hiss edilənlərin çoxu, bu məlumatları əldə etməkdən əngəllənə bilər.

Reallıq budur ki:

Bu elmlərlə məşğul olanların çoxu, bidətlərə sapmışlardır. Bəli, çaya düşə biləcəyi qayğısı ilə uşağın çay kənarında dolaşması və yenə, hələ yeni İslama girmiş bir şəxsin İslamdan caya biləcəyi narahatlığı ilə, kafirlərlə oturub-qalxmasına (-imanı güclü köhnə bir müsəlman zatən kafirlərlə oturub-qalxmaz-) icazə verilə bilməyəcəyi kimi, etiqadı zəif bir şəxsin də, həndəsə və hesab elmlərini öyrənməsinə imkan verilməz.

İkincisi:

Məntiq elmidir. Bu elm, dəlilin mahiyyət və şərtləri ilə tərifin mahiyyət və şərtlərini incələyən bir elm qoludur. Bunlar da, kəlam elminə girərlər.

Üçüncüsü:

İlahiyyatdır. İlahiyyat, Allah Taala'nın zatından və sifətlərindən bəhs etməkdir. Bu da kəlam elmi sahəsinə girir.

Fəlsəfəçilər, başqa bir elmi üslub qoyaraq, kəlamçılardan müstəqilliklərini təmin edə bilməmişlərdir. Onlar sadəcə bir qismi küfür, bir qismi də bidətçi sayılan fərqli məzhəblərə ayrılaraq, müstəqillik qazanmışlardır.

Mötəziləçilik, müstəqil bir elm şöbəsi olmayıb, müntəsibləri kəlamçılarda bir qrup olduğu və yenə münazirəçilər, fərqli məzhəblərə ayrıldıqları kimi, fəlsəfəçilər də, fərqli firqələrə ayrılmışlardır.

Dördüncüsü:

Təbiət elmləridir. Bəzi təbiət məlumatları, şəriət və haqq din olan İslama ziddir. Bunlar reallıqda (kainatdakı nizamı anlamaqdan uzaq) cahilanə fərziyyələrdir, elm deyildir. Elm olmadıqları üçün də, elmin qisimləri kontekstinə daxil edilməmişlərdir.

Bir qismi isə, maddələrin özəlliklərini, necəliklərini, dəyişmə mərhələlərini incələyir. Bu, bir cəhətdən tibb adamlarının baxış tərzləri ilə paralellik ərz edir.

Ancaq həkimlər, yalnız insan bədəni üzərində incələmələr apararkən, təbiətçilər, bütün maddələri ələ alaraq, dəyişmə və hərəkətlərini incələyərlər.

Bununla birlikdə, tibb elmi, təbiət elmlərindən üstündür, çünki tibb elmi, bir ehtiyacdır. Halbuki təbiətçilərin təbiət elmləri, bir ehtiyac deyildir.

Verilən bu açıqlamalardan, xalq siniflərinin bidətçilərin ipə-sapa yatmayan sözlərindən qorumaq üçün kəlam elminin fərz-i kifayə elmlərdən olduğu ortaya çıxmaqdadır.

Yəni, kəlam elminin doğmasına, bidətlər səbəb olmuşdur. Bu hal, ərəb qarətçilərin həcc zəvvarları üzərinə hücumlar təşkil edib özlərini soymaqları üzərinə, yol təhlükəsizliyini təmin etmək məqsədilə, mühafizəçilər tutulması hadisəsini xatırladır.

Ərəblər, bu basqınlarından vaz keçsəydilər, həcc yolçuluğunun təhlükəsizliyini təmin etmək üçün, mühafizəçi tutulmasına gərək qalmazdı.

Bunun kimi, bidətçi də, axmaqlığına son versəydi, səhabələr dövründəki dəlillər xaricində bir dəlilə ehtiyac qalmazdı.

Bundan dolayı, kəlam alimi, dindəki öz yerini bilsin!

Onun dindəki mövqeyi, həcc yolçuluğundakı bir mühafizəçinin halı ilə eyni dəyərdədir. Mühafizəçi, mühafizəçiliyi ilə kifayətlənib felən həcc etmədiyində, həcilərdən sayıla bilməyəcəyi kimi,

Kəlam alimi də, yalnız münazirə və müdafiə ilə kifayətlənib:

• axirət yoluna girməz;

• imanının gərəyini yerinə gətirməz; və

• qəlbini düzəltməyə çalışmazsa,

qəti olaraq din alimlərindən ola bilməz.

Kəlam aliminin digər insanlardan tək fərqli özəlliyi, mücadilə və müdafiə sənətini bilməsidir.

• Allah Taala'nı tanımaq;

• Sifətləri ilə fellərini bilmək; və

• Mükaşəfə elmini işləyərkən toxunduğumuz digər bütün xüsuslar,

kəlam elmilə (kamil mənada) əldə edilə bilməz. Hətta kəlam elminin, bunlara pərdə və əngəl olması da, mümkündür.

Bu elmə, Allah Taala'nın, hidayətin ön şərti kimi saydığı, (nəfsi) mücahidə ilə yetişilir. Çünki Allah (azzə və cəllə) Ənkəbut/69'da belə buyurur:

وَٱلَّذِينَ جَـٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ

"Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir."

------------------

Haqqın ölçüsü insanlar deyildir!!!

Sual:

"Sən:

• xalq siniflərinin əqidələrini bidətçilərin həzəyanlarından qoruyan kəlam alimlərini, həcilərin mallarını ərəblərin hücumundan qoruyan mühafizəçilər səviyyəsinə;

• fəqihləri də, məzlumların haqlarını qoruyarkən, padşahların baş vurduqları qanun qoruyucular

dərəcəsinə endirdin. Bu 2 rütbə, din (axirət) elminə nisbətlə, çox aşağı rütbələrdir.

Halbuki İslam ümmətinin fəzilətlə ad qoymuş alimləri, fəqihlərlə kəlamçılardır və bunlar, Allah qatında ən dəyərli şəxslərdir.

O halda, bunların dərəcələrini, din elminə nisbətlə çox aşağı sayılan bu səviyyələrə necə endirirsən ki?

Cavab:

Haqqı insanlarla tanımağa çalışan, "axmaqlıq çöllərində" veyil-veyil dolaşır, deməkdir. Sən, həqiqət yolunun yolçusu isən, ilk əvvəl haqqı tanı, bu sayədə, mənsublarını da tanıyarsan.

Əgər xalq arasında şöhrətli dərəcələrə əhəmiyyət verən və bunlarla kifayətlənin birisi isən, əsla səhabələri və onların üstün mövqelərini unutma.

Sənin söylədiyin o məşhur insanların hamısı, səhabələrin üstünlüklərini, söz birliyi ilə qəbul etmişlərdir.

Bəli, dini mövzularda kimsə səhabənin ayaq tozu belə ola bilməz. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dostlarının üstünlükləri, kəlam və fiqhi məlumatlarından deyil, axirət elminə vaqif olmaları və axirət yoluna girməklərindən qaynaqlanır.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 1. Kitab/2. Bölmə: "Elmlərin qisimləri", s.52-54)

Read 2 times
In order to make a comment, please login or register