Maidə surəsi 54-cü ayə
Quranda Uca Allah buyurur:
"Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir." (Maidə, 54)
Məşhur alim, müfəssir Fəxr əd-Din ər-Razi bu ayəni şərh edərkən deyir:
أن هذه الآية من أدل الدلائل على فساد مذهب الإمامية من الروافض، وتقرير مذهبهم أن الذين أقروا بخلافة أبي بكر وإمامته كلهم كفروا وصاروا مرتدين، لأنهم أنكروا النص الجلي على إمامة علي عليه السلام فنقول:( لو كان كذلك لجاء الله تعالى بقوم يحاربهم ويقهرهم ويردهم إلى الدين الحق) بدليل قوله { من يرتد منكم عن دينه فسوف يأتي الله بقوم } إلى آخر الآيه وكلمة [من] في معرض الشرط للعموم، فهي تدل على أن كل من صار مرتداً عن دين الإسلام فإن الله يأتي بقوم يقهرهم ويردهم ويبطل شوكتهم، فلو كان الذين نصبوا أبا بكر للخلافة كذلك لوجب بحكم الآية أن يأتي الله بقوم يقهرهم ويبطل مذهبهم، ولما لم يكن الأمر كذلك بل الأمر بالضد فإن الروافض هم المقهورون الممنوعون عن إظهار مقالاتهم الباطلة أبداً منذ كانوا علمنا فساد مقالتهم ومذهبهم، وهذا كلام ظاهر لمن أنصف.
«Bu ayə rafizilərdən İmamiyyə məzhəbinin fəsad içində olduğunu göstərən ən güclü dəlillərdən biridir. Çünki onların məzhəblərinə əsasən kim Əbu Bəkrin xəlifəliyini və onun imamlığını qəbul edirsə, küfr etmişdir və mürtəd olmuşdur. Çünki (rafizilərə görə) onlar Əlinin, aleyhi əs-sələm, imamlığı barədə açıq-aydın nassı inkar etmişlər. Biz isə deyirik: Əgər belə olsaydı (yəni səhabələr mürtəd olsaydılar) «Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər» ayəsinin dəlalət etdiyinə əsasən Allahu Təalə onlarla vuruşaraq onları alçaldan və onları haqq dinə geri döndərən bir qövm gətirərdi. Ayədəki «mən» kəliməsi ümumiliyə ərz olunan şərt anlamındadır. Bu dəlildir ki, hər kim İslam dinindən çıxaraq mürtəd olarsa, Allah onları alçaldacaq, geri çevirəcək və qüvvələrini məhv edəcək bir qövm gətirəcək. Əgər Əbu Bəkri xəlifə seçənlər belə olsaydılar, ayətin hökmünə əsasən Allahın onları alçaldan və məzhəblərini ibtal edən bir qövm gəlməsi vacib olardı. Lakin işlər bu şəkildə olmadı, əksinə bütün bunların tam tərsi oldu. Lakin sözlərinin və məzhəblərinin fəsad olduğunu bildiyimizdən bəri həmişə alçaldılıb və etiqadlarını yaymaqdan qadağan olunanlar həmişə rafizilər olublar. Bax bu dediklərimiz insaf sahibi kəslər üçün aydındır.» («Məfətihul-Ğayb», 12/22)
Rafizilərin iddiasına görə səhabələrin böyük əksəriyyəti peyğəmbərin, salləllahu aleyhi va səlləm, ölümündən sonra irtida etdilər və kafir oldular. Onlar bununla kifayətlənmədilər, Əlinin imamlığını rədd etdilər, hakimiyyətə gəldilər və öz batil məzhəblərini yaydılar. Bunların iddialarının təbii nəticəsi olaraq belə çıxır ki, bu on dörd əsir ərzində həmin bu «mürtədlər» və bu «mürtədlərə» tabe olan sünnilər öz batil əqidələrini dünyanın hər tərəfinə yaydılar və «haqq» əqidə olan imamiyyə məzhəbinə qarşı isə vuruşdular, onları alçaltdılar və onları həzəmətə uğratdılar. Yenə də onların dediklərinə görə «haqq» məzhəb bu tarix boyu zülmlərə məruz qaldı, gizli yaşamağa məcbur oldular və öz inancalarını təqiyyə arxasında qorumağa çalışdılar.
Biz isə deyirik ki, sizin bu dedikləriniz sizin öz əleyhinizə dəlildir. Çünki Allahu Təalə deyir:
«Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər.»
Əgər qəbul etsək ki, Əbu Bəkr zamanında səhabələrin çoxu mürtəd idilər, o zaman Allahın vəd etdiyi «möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olan, mürtədlərə qarşı Allah yolunda cihad edən» qövm harada idi? Bəs onlar nə üçün haqqı izhar etmədilər?
Ya bu rafizilər yalan danışırlar, ya da onlara görə Allah vədini tutmamışdır! Əuzu billəh!
Halbuki, biz bu ayədəki vəsfin Əbu Bəkr zamanındakı müsəlmanlara aid olduğunu görürük, çünki Əbu Bəkr zamanında ərəb qəbilələri mürtəd olmuşdular və tarixçilərin təbiri ilə desək İslam təhlükə altında idi. Bu zaman Allah həmin mübarək qövmü onların üzərinə musallət etdi, onların üzərində güc-qüvvə sahibi etdi və bu mübarək qövm Əbu Bəkrin imamlığı ilə mürtədlərə qarşı ən sərt şəkildə cihad etdilər, onların çoxunu dinə geri döndərdilər və üzərilərində hökm etdilər. Bütün Cəzirəni tabe etdirdilər. Bax, bu qövm ayənin vəsf etdiyi kəslərdir. Çünki tarixdə mürtədlərə qarşı müharibəsi ilə seçilmiş kəs Əbu Bəkrdir, Allah ondan razı olsun, və Əbu Bəkr ilə birlikdə insanların ən xeyirliləri vuruşdular. Onlar bu yolda şəhid oldular və İslam kəliməsini müzəffər qıldılar.
Rafizilərin halı necə olub?! Tarixə baxın…hər bir zaman əhli-sünnətə qarşı kafirlərlə birlikdə işbirliyi ediblər. Bu rafizilərin tarixdəki ən məşhur dövlətləri Fatimi dövlətidir və bunlar möminləri qıran, onları qətl edən, lakin Qüdsü istila etmiş səlibli kafirlərlə gözəl münasibətdə olan bir qövm idi.
Yenə baxaq görək bəs bu fatimi mürtədlərinə nə oldu?! Allah onların sonuna Səlahuddin Əyyubi vasitəsilə son qoydu və məhz bu Səlahuddinin əli ilə nəsrani kafirlərini həzəmətə uğratdı. Qüdsü müsəlmanlara geri verdi. Yenə eyni yerdə, Misirdə Səlahuddindən sonra məmlüklər hakimiyyətə gəldilər və onlar monqolları məğlub etdilər və bütün xaçlı yürüşləri ilə gəlmiş nəsraniləri müsəlman torpaqlarından boşaltdılar. Başqa cür desək, Allah bu mürtədlərin yerinə Allahın Kəlamını uca edən bir qövm gətirdi…Tarix isə bu şəkildə davam etmişdir…İraqda da buveyhiləri səlcuqlular əvəz etdilər. Həmd olsun Allaha!
Hər şey göz qarşısındadır…
