Mani nədir?

"Mani": "hökm və ya səbəblə qəsd edilən şeyin varlığına müxalif olan şər'i bir iş (şey)"dir.

Bu cəhətdən, Şatibi, onu, hökmün ortaya çıxmasına əmarə (əlamət) təşkil edən səbəbə və ya şəxsən hökmə zidd düşən başqa bir səbəb olaraq qəbul edir; və (mani'ni) belə tərif edir:

"Mani, hökmün hikmətinə müxalif bir illəti daşıyan başqa bir səbəbdir."

Buna, belə bir misal verə bilərik:

Məlumdur ki, zəkatın səbəbi, nisabdır. Lakin, nisaba malik olan bir kimsənin, nisab miqdarı və ya bunun bir qismi qədər borcu varsa, varlı sayılmaz. Əslində, nisaba bağlı olan hökmün hikməti (yəni, səbəbi), varlı olmaqdır. Borc isə, bu hikməti ortadan qaldıran başqa bir səbəbdir.

Mani, 2 qismə ayrılır:

1. Səbəbə təsir edən mani;

2. Bir başa hökmə təsir edən və onu ortadan qaldıran mani.

 

• Birincisi üçün:

~ zəkatın vacib olmasını gərəkdirən nisaba təsir edən borcu; və

~ mirasa mane olan "ixtilaf-u dar/yurd ayrılığı" ilə,

~ qətli

misal olaraq verə bilərik. Çünki, mirasın səbəbi, ölüm zamanında mövcud olan qohum-əqrəbalıq və ya ər-arvad bağıdır. Varisin həyatı, bir cəhətdən, murisin həyatının davamıdır ki, bu da, hər ikisi arasında, mütəmadi olaraq yardımlaşmağı gərəkdirir. Yurd ayrılığı isə, buna əngəl təşkil edir. Bir an əvvəl mirasa yiyələnmək üçün murisi öldürmə (qətl) də, bu bağı ortadan qaldırır.

 

• İkincisi, yəni, hökmə müxalif düşən mani (yəni, maneə) üçün də, bu misalı verə bilərik:

Ata olmaq, qisasa manedir. Şübhənin mövcud olması da, hədd cəzasını tətbiq etməyə manedir. Hökmün, yəni, qisasın səbəbi, ortadadır. O da, bu cəzanı gərəkdirən şərtlərə uyğun olaraq, adam öldürmək günahıdır. Lakin öldürən, öldürülənin atasıdırsa, bu hal, qisasa manedir. Çünki, hökmü tətbiq etməkdən məqsəd, günahkarı qorxutmaq və bir daha günah işləməkdən mən etmək (əngəlləmək)'dir. Zatən ata olmaq, insanı, oğlunu öldürmək fikrindən əngəlləyəcək sevgi və şəfqəti gərəkdirir. Ancaq bəzi anormal hallarda, bunun əksi görülə bilər. Bunun, əksəriyyətlə vaqe olması, imkansızdır. O halda, burdakı cəzanın əngəlləyici olması mənası, özlüyündən mövcud deyildir.

 

Hökmə müxalif düşən bu mani'lər, 3 qismə ayrılırlar:

a. Təklifi hökmlə birləşməsi imkansız olan mani'lər.

Bunlar:

~ yuxu;

~ cinnət (dəlilik keçirmək); və

~ özündən getmək

kimi səbəblərlə ağlın getməsində rolu olan mani'lərdir.

Bu manilər, təklifi xitab qarşısındakı əhliyyəti ortadan qaldırır. Çünki, ağlı başında olmayan bir kimsə, hər hansı bir vəzifə ilə mükəlləf tutulmaz.

 

b. Təklifin əsli ilə birləşməsi düşünülə bilən mani'lər.

Bunlar, təklifin əslini ortadan qaldırır.

~ Bir qadın üçün, namaz qılmağa, məscidə girməyə və Mushafa toxunmağa mane təşkil edən heyz və nifas halları, buna misal olaraq verilə bilər.

~ Murdar ət və donuz əti yeməyi və ya içki içməyi mübah qılan zərurətə düşmə halları da, burda zikr edilə bilər.

Bu hallarda, təklifin əsli, yəni, təhrim, ortadan qalxmaqda; hətta, vacibə çevrilməkdədir. Hənəfi'lər, buna, "isqat ruxsatı" deyirlər.

 

c. Təklifin əslini ortadan qaldırmayan, sadəcə lüzumunu (yəni, qətilik cəhətini) qaldıran mani'lər.

Bunlar, əmr və nəhyin qətilik yönünü, muxayyərliyə çevirirlər. Məsələn:

~ Xəstəlik, cümə namazının fərziyyətinə manedir. Bu da var ki, xəstə bir insan, cümə namazını qılarsa, bu namazı səhih olar.

~ Qadın olmaq da, cümə namazının fərziyyətinə manedir. Ancaq, bir qadın, cümə namazı qılarsa, bu da mötəbərdir.

~ Təhdid qarşısında küfr kəliməsi də, belədir. Qəlbi imanla dolu olan bir kimsə, çətinlik qarşısında etmiş olduğu bu hərəkətdən dolayı qınanmaz. Ancaq onun, sonuna qədər səbr etməsi daha yaxşı olar.

Şatibi, ruxsatları başlı-başına manilərdən bir qisim olaraq ələ alır və bunlara, "günahı qaldıran manilər" adını verir. Lakin, diqqət edilərsə, bunların, zikr etdiyimiz ikinci və üçüncü qismə girdiyi görülür.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

 

 

Read 23 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR