Merac hədisləri (2)

Ənəs b. Malik (radiyallahu anh), əbu Zərr (radiyallahu anh)'dan belə rəvayət edir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Mən, Məkkədə ikən, evimin damı yarıldı və Cəbrayıl, (yanıma) endi. Köksümü yardıqdan sonra, onun içini, zəmzəm suyu ilə yudu.

Sonra, içi, hikmət və imanla dolu olan qızıl ləyən gətirib, içindəkiləri köksümə boşaltdı və onu bağladı.

Sonra, əlimdən tutub, Məni, yerə ən yaxın olan səmaya qaldırdı. Mən, yaxın səmaya gəlib çatdıqda, Cəbrayıl, səmanın gözətçi (mələyi)'nə: "Aç!" dedi.

- (Gözətçi): "Kimdir?" deyə soruşdu.

- O: "Cəbrayıldır." dedi.

- (Gözətçi): "Yanında kimsə varmı?" deyə soruşdu.

- Cəbrayıl: "Muhamməd (sallallahu aleyhi və səlləm), yanımdadır." dedi.

- (Gözətçi) soruşdu: "Ona (gəlsin deyə) xəbər göndərilibmi?"

- Cəbrayıl: "Bəli." dedi.

(Göy qapıları) açıldıqda, Biz, yaxın səmanın üstünə qalxdıq və orda, oturmuş bir Adam gördük ki, Onun sağ və sol tərəfində, (insanlardan ibarət) toplumlar var idi. Bu adam, sağa baxanda, gülür; sola baxanda isə, ağlayırdı. O, (Məni görüb) dedi: "Əməli saleh peyğəmbər və əməli saleh oğul, xoş gəlibdir."

- Mən, Cəbrayıldan: "Bu, kimdir?" deyə soruşdum.

- O dedi: "Bu, Adəmdir. Onun sağında və solunda olan toplumlar isə, zürriyyətinin ruhlarıdır. Sağında duranlar, cənnət əhli; və solunda duranlar isə, cəhənnəm əhlidirlər. (Buna görə də), sağına baxanda, gülür; soluna baxanda isə, ağlayır."

Sonra Cəbrayıl, Mənimlə, 2-ci səmaya qalxdı və onun gözətçisinə: "Aç!" dedi. Bu gözətçi də, Ona, əvvəlki gözətçinin dediyini deyəndən sonra, (qapını) açdı.

Ənəs deyir:

Əbu Zərr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səmalarda, Adəmi, İdrisi, Musanı, İsanı və İbrahimi (Onların hamısına Allahın salatı olsun)- gördüyünü söyləsə də, Onların məqamları barəsində, dəqiq bir söz demədi. Yalnız, Adəmi, aşağı səmada; İbrahimi də, 6-cı səmada gördüyünü söylədi.

Ənəs deyir:

Cəbrayıl, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, İdrisin yanına gəldikdə, İdris (əleyhissəlam): "Əməli saleh peyğəmbər və əməli saleh qardaş, xoş gəlibdir." dedi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: Mən, "Bu, kimdir?" deyə soruşdum. Cəbrayıl: "İdrisdir." dedi.

Sonra Mən, Musanın yanına gəldim. Musa: "Əməli saleh peyğəmbər və əməli saleh qardaş, xoş gəlibdir." dedi.

Mən: "Bu, kimdir?" deyə soruşdum. Cəbrayıl: "Musadır." dedi.

Sonra Mən, İsanın yanına gəldim. İsa: "Əməli saleh qardaş və əməli saleh peyğəmbər, xoş gəlibdir." dedi.

Mən: "Bu, kimdir?" deyə soruşdum. Cəbrayıl: "O, İsadır." dedi.

Sonra Mən, İbrahimin yanına gəldim. İbrahim: "Əməli saleh peyğəmbər və əməli saleh övlad, xoş gəlibdir." dedi.

Mən: "Bu, kimdir?" deyə soruşdum. Cəbrayıl: "İbrahim (sallallahu aleyhi və səlləm)'dir." dedi.

(ibn Şihab), ibn Abbas'dan və əbu Həbbə əl-Ənsari'dən rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Sonr Cəbrayıl, Mənimlə, elə bir yüksəkliyə qalxdı ki, Mən, qələmlərin xışıltısını eşitdim.

Ənəs b. Malik rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Allah, mənim ümmətimə, 50 vaxt namaz qılmağı vacib qıldı. Mən, geri qayıdarkən, Musanın yanına gəlib çatdıqda,

- O: "Allah, sənin ümmətinə nəyi əmr etdi?" deyə soruşdu.

- Mən: "50 vaxt namaz qılmağı vacib qıldı." dedim.

- Musa: "Rəbbinin yanına qayıt (və Ondan, bu hökmü yüngülləşdirməyini istə). Çünki, Sənin ümmətin, bunun öhdəsindən gələ bilməyəcək." dedi.

Mən, yenidən, (Ona) müraciət etdim və O, (bu) sayı, bir qədər azaltdı. Sonra, Musanın yanına qayıdıb: "O, (bu) sayı, bir qədər azaltdı." dedim.

- Musa: "Yenə Rəbbinə müraciət et. Çünki, Sənin ümmətin, bunun öhdəsindən gələ bilməyəcək." dedi.

Mən, yenidən Ona müraciət etdim və O, (bu) sayı, bir qədər də azaltdı. Sonra, Musanın yanına qayıtdım.

- O dedi: "Yenə Rəbbinə müraciət et. Çünki, Sənin ümmətin, bunun öhdəsindən gələ bilməyəcək."

Mən, yenidən (Allaha) müraciət etdim. O isə: "Onlar, (sayca), 5-dir. (Savab cəhətindən isə), 50-dir. Çünki, Mənim sözüm, dəyişməzdir." deyə buyurdu və Mən, Musanın yanına qayıtdım.

- O: "Yenə Rəbbinə müraciət et." dedi.

- Lakin Mən: "Rəbbimdən utanıram." dedim.

Sonra, Cəbrayıl, Məni, Sidrətu'l-Müntəha'ya qədər apardı. Onu, bilmədiyim rənglər bürümüşdü.

Sonra Məni, cənnətə daxil etdilər. Orda, Mən, incidən boyun bağılar; habelə, (cənnət) torpağının müşk olduğunu gördüm.

----------------------

Şərhi:

"İsra gecəsi, namaz necə fərz qılındı?"

İmam Buxari, bu şəkildə bir bab açmaqla, meracın, isra gecəsində gerçəkləşdiyini bildirmək istəmişdir. Ancaq, bu mövzuda ixtilaf vardır. Bildirildiyinə görə, isra ilə merac, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, oyaq olduğu halda, bir gecə içində gerçəkləşmişdir. Əksəriyyətin nəzdində məşhur olan görüş də, budur. Beytu'-Maqdisə doğru olan isranın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in oyaq olduğu halda meydana gəldiyi xüsusunda, ixtilaf olmaması lazımdır. Çünki, Quranın zahiri (İsra/1), bunu göstərməkdədir. Bununla bərabər, Qureyşli'lər, bu hadisəni yalanlamışlardı. Əgər isra, yuxuda reallaşmış olsaydı, bu halı, hətta bunun da fövqündə olan şeyləri yalanlamazlardı.

Namazın, niyə merac gecəsi fərz qılındığının hikməti, bu şəkildə izah edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), iman və hikmət dolu zəmzəm suyu ilə yuyulunca, həm zahirən, həm də batinən təmizlənilmişdi. Namaz üçün də mütləq təmizliyin olması lazımdır. Hal belə olunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu halı, namazın fərz qılınmasına uyğun oldu.

Bununla bərabər, dəyərinin mələu'l-ə'lə'də ortaya çıxması və burdakı mələklər ilə peyğəmbərlərə namaz qıldırması da münasib oldu.

Bir də, Rəbbinə niyaz etməsi uyğun olmuşdu. Necə ki, namaz qılan şəxs, Rəbbinə niyaz edir deməkdir.

---------------------------

"Evin damı açıldı." deyərkən, burdakı hikmət:

Mələyin, göy üzündən, bir anda, hər hansı bir şeyə iltifat etmədən, anidən, evin içinə düşən kimi dalmasıdır. Belə olmasının səbəbi, Cəbrayılın, Allaha münacatda (niyazda) mübaliğə etmək; və bu mövzudakı istəyin, daha əvvəldən bəhs mövzusu olmayan bir şey olduğu xüsusunda bir xəbərdarlıq olmasıydı.

Bundakı sirr və hikmət, israya bir giriş mahiyyətində olan Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sinəsinin yarılması ilə görülən bir hazırlıq da ola bilər. Sanki mələk, evin damının anidən açılması və təkrar anidən bağlanması ilə, sinəsinin yarılmasını gerçəkləşdirmədən əvvəl, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə olan şəfqəti və Onu sakitləşdirməyi hədəflədiyini göstərmək istəmişdi.

----------------------------

"Köksümü yardı..."

Qadı İyad, bəhsi keçən sinə yarılma hadisəsinin, kiçik ikən süd anası olan Həlimə'nin yanında olduğu sırada gerçəkləşdiyi şəkildə iləri sürülən görüşü tərcih etmişdir. Ancaq Suheyli, buna etiraz edərək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sinəsinin 2 dəfə açıldığını ifadə etmişdir. Doğru olan da, budur. "Kitabu't-Tövhid"də, Şureyk'dən gələn hədisi açıqlayarkən, bu məsələni təfsilatlı şəkildə ələ alacağıq. Burda mücməl olaraq ifadə edək ki, sinənin ilk yarılması, hadisə sırasında, Özünə, "Bu, şeytanın Səndəki payı" deyilən parçanın alınması üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hazır hala gətirilməsi qayəsinə dair idi. İkinci dəfə yarılması isə, o gecədə gerçəkləşəcək görüşə hazır hala gətirilmək qayəsi üçün idi.

-----------------------

"İman və hikmətlə..."

Nəvəvi, belə deyir:

"Hikmətin tərifi haqqında, bir-birilə zidd düşən bir çox görüş vardır. Bizə görə, ən isabətlisi, budur: Hikmət, Allahı bilməyə dair nə varsa, hamısını əhatə edən elmdir. Təbii ki, bu elmlə, insanın, haqqı yaxşıca öyrənib onunla əməl edib, onun xaricindəkilərə bulaşmaması, nəfsini gözəl xüsusiyyətlərlə bəzəməsi və bəsirətli davranması da lazımdır. Hikmətli şəxs isə, bu vəsfləri daşıyan kimsədir."

Qurana da, hikmət deyilir. Çünki Quran, bu bildirilənləri, tamamilə ehtiva edir. Eyni şəkildə, peyğəmbərliyə də, hikmət deyilir. Bəzən, sadəcə elm üçün, bəzən də mərifət üçün və bəzən də bunlara bənzər şeylər üçün, hikmət ləfzi istifadə edilir.

---------------------------

"Aç!"

Bu ifadə, qapının bağlı olduğunu göstərir. ibnu'l-Muneyyir, belə demişdir:

"Qapının bağlı olmasındakı hikmət, səmanın qapısının, ancaq Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün açıldığının qəti olaraq bilinməsidir. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) qapını açıq görsəydi, belə bir məna ortaya çıxmazdı."

------------------------

"Cəbrayıl deyə cavab verdi."

Burda, içəri girmək üçün icazə istəyən kimsənin, nə şəkildə davranması gərəkdiyinin bir nümunəsi vardır. Çünki hədisdə, icazə istəyən mələk, başqaları ilə qarışdırılmasın deyə, Öz adını söyləmişdir.

--------------------------

"Mən, qələmlərin xışıltısını eşitdim."

Burda, mələklərin, Allah Taala'nın təqdir etdiyi qəza və qədəri yazdıqları qəsd edilmişdir.

---------------------

Mən: "Rəbbimdən utanıram." dedim.

ibnu'l-Muneyyir, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namaz 5 vaxta endikdən sonra, Özündən təkrar Rəbbinə müraciət etməsini istəyən Musa (əleyhissəlam)'a: "Rəbbimdən utanıram." deməsi haqqında, çox gözəl bir izah gətirmişdir. (Belə ki, O, deyir):

Möhtəmələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz vaxtlarının 5-5 azaldılmasına baxaraq, namazın 5 vaxt halına gəlməsindən sonra, yeni bir təxfif istəməsi, namazın qalxması mənasına gəldiyi üçün utanmışdır.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari şərh-u Sahihi'l-Buxari", 8-ci Kitab: "Namaz", 1-ci bab: "İsra gecəsi, namaz necə fərz qılındı?", hədis no: 349)

Read 16 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR