Mücməl nədir?

Bu, "mənasında bir neçə hal və hökmü ehtiva edən; ancaq, bir açıqlayıcı ilə başa düşülə bilən nass"dır.

Pəzdəvi, "Üsul" əsərində, mücməli belə tərif edir:

"Mücməl, özündə mənalar izdiham edən; nə qəsd edildiyi ibarələrindən başa düşülməyən dərəcədə muğləq olan; təfsir və araşdırmaya ehtiyac göstərən şeydir."

Bu tərifdən, mücməl, müşkil və xafi arasındakı fərq başa düşülmüş olur. Demək ki, mücməlin təfsilatı, öz ləfzindən və mücərrəd fiqhi ictihadlardan başa düşülməz. Mücməli başa düşmək, onun fərqli şəkillərini və cüzi məsələlərini qavramaq üçün, bir açıqlayıcıya ehtiyac vardır.

Quranın, təklifi hökmlərlə bağlı ibarələrinin çoxu, mücməldir. Bunları, sünnət açıqlamışdır. Məsələn,

~ Namaz, mücməl olaraq əmr edilmiş; sünnət isə, onu, həm feli, həm də qövli bir şəkildə açıqlamışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Namazı, Mən necə qılıramsa, siz də elə qılın." (Buxari, "Azan", 18) buyurmuşdur.

~ Həcc də, belədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Həcc ilə bağlı ibadətlərinizi, Məndən götürün." (Əhməd b. Hənbəl, "Müsnəd", 3-cü cild, s. 318) buyuraraq, onu açıqlamışdır.

~ Zəkat və alış-veriş də, mücməl olaraq bildirilmiş; sonra da, sünnət tərəfindən tam olaraq açıqlanmışdır.

~ Yenə, cəzalarla bağlı bəzi hökmlər də, icmali bir şəkildə zikr edilmişdir. Məsələn, Quran, diyət gərəkdiyini bildirmiş; sünnət də, bunun miqdar və şəkillərini genişcə açıqlamışdır.

~ Yenə, Quran, yaralar üçün qisas lazım gəldiyini xəbər vermiş; sünnət isə, bu yaraların hökmlərini, nə zaman tam qisas və nə vaxt naqis qisas, yəni diyət gərəkdiyini bəyan etmişdir.

Beləcə, Quranın mücməl olan hər ifadəsini, sünnət açıqlamış və onda, qapalı bir tərəf buraxmamışdır.

Mücməl açıqlandıqdan sonra, əksəriyyətə görə, "müfəssər" hökmünü alır; və təvil və təxsis də qəbul etmir.

Bəzi alimlərə görə, mücməl açıqlandıqdan sonra, bəzən zahir, bəzən nass və ya müfəssər, bəzən də möhkəm olur. Bəzən də, bəyan edildiyi halda, müşkil olaraq qalır. Buna misal olaraq, faizlə bağlı bu hədisi zikr edə bilərik:

"Qızılı, qızılla; gümüşü, gümüşlə; buğdanı, buğda ilə; arpanı, arpa ilə; duzu, duz ilə; xurmanı, xurma ilə eyni miqdarda və yerində alıb-verin. Əgər bunlar fərqli cinsdən olarsa, istədiyiniz kimi satın." (Tirmizi, "Buyu", 23)

Onlara görə, bu hədis, "...faiz yeyənlər, qiyamət günü, ancaq şeytan vurmuş kimsə kimi qalxacaqlar..." (Bəqərə/275) ayətindəki faiz sözünü açıqlamaqdadır. Lakin, bu, yenə müşkil olub illətinin bilinməsinə ehtiyac vardır. Çünki, faizin haram qılınmasının illəti bilinsin ki, bənzərlərinə də şamil olsun.

Həqiqətdə, Quranın faiz haqqındakı nassı, mücməl deyildir. Hərçənd, bunda, bir qapalılıq vardır. Lakin, Quranın bəyan etdiyi faizi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Vida xütbəsində, bu sözlərilə açıqlamışdır:

"Diqqət edin! Cahiliyyə dövrünün faizi, ortadan qaldırılmışdır. Mənim ilk ortadan qaldırdığım faiz, əmim Abbas və Abdu'l-Muttəlib'in faizidir." (Muslim, "Həcc", 147)

Buna görə, Quranda keçən faiz, borc verərkən alınan faiz olub, bu da, borcun gözlənməsi qarşılığında alınan əlavə puldur. Bunun üçündür ki, faiz ayətinin sonunda, Allah Taala:

...وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَ‌ٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

"...Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." (Bəqərə/279) buyurmuşdur.

Bu cür faizə, "nəsiə faizi" adı verilir. ibn Abbas (radiyallahu anh), sadəcə bu cür faizin haram olduğunu söyləməkdədir.

Hədisdə keçən faiz isə, alış-satış faizi adını almaqdadır. Bunun üçün, alimlər, onu, "buyu/alış-veriş" babında incələyirlər. Məqsədləri də, faiz hədisində keçən 6 şey və bənzərlərinin ticarətini məhdudlaşdırmaqdır. Çünki, bunların -qızıl və gümüş kimi- bir qismi, ticarət malı olmağa, əlverişli deyildir. Bunlar, əşyanın qiymətini təyin etmə işində istifadə edilməkdədir. Digər bir qismi də, qeyd və şərt altına alınmazsa, inhisar ola bilər və beləcə, insanların bir qismi, onları əldə edə bilməz.

Açıqlandıqdan sonra, mücməl bir ləfz, artıq icma ilə mübhəm (qapalı) sayılmaz. Lakin bəzi alimlər, açıqlayıcı nassdan xəbərsiz olduğu üçün, onu mübhəm qəbul edərlər. Əslində isə, bu mübhəmlik, nisbidir, onlara görədir.

Qanunlarda da belə mücməl ifadələr çox mövcuddur. Dolayısı ilə, bunları açıqlayan qərarnamələr çıxarılır. Bəzən də, birincisini təfsir edən ikinci bir qanun qoyulur.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR