Murciə

Bu firqə, böyük günah işləyənin mömin sayılıb sayılmayacağı haqqındakı mübahisələrin çoxaldığı bir dövrdə ortaya çıxmışdır.

• Xaricilər, böyük günah işləyənin kafir olduğunu;

• Mötəzilə isə, bunların mömin olmadığını, lakin özlərinə müsəlman deyilə biləcəyini iləri sürmüşlərdir. Hasan əl-Basri və tabiindən bir qrup da, böyük günah işləyənin münafiq olduğunu, çünki edilən əməllərin, qəlbin dəlili sayılacağını, dillə söylənilən sözün, imana dəlil olmayacağını söyləmişlərdir.

• Müsəlmanların əksəriyyəti isə, böyük günah işləyənin günahkar, lakin mömin olduğunu, halının Allaha qaldığını, Allah diləyərsə, ona, günahı qədər əzab edəcəyini, diləyərsə, onu əfv edəcəyini bəyan etmişlərdir.

Bax bu ixtilaflı mühitdə, "Murciə" firqəsi ortaya çıxmış, kafirliklə birlikdə edilən itaətin heç bir faydası olmadığı kimi, günah işləməyin də, imana hər hansı bir zərəri olmayacağını, açıqca iləri sürmüşlərdir.

Bu firqəyə mənsub olanlardan bəziləri də, böyük günah işləyən kimsənin halının, qiyamət günündə, Allaha buraxıldığını bəyan etmişlər və bunlar, əhl-i sünnət və'l-camaat alimlərinin bir çoxu ilə bir çox nöqtədə birləşmişlərdir. Hətta görüşlər, incəliklərilə tədqiq edildiyi vaxt, bunların görüşlərinin, eynilə əhl-i sünnətin görüşləri olduğu ortaya çıxar.

Bu firqənin "əsl çəyirdəy"i, Osman (radiyallahu anh) dövrünün sonlarına doğru, Osman'ın idarəsi, valiləri haqqında ortaya atılaraq bütün İslam aləminə yayılan dedi-qodulardır. Bu dedi-qodular nəticəsində ortaya çıxan fitnə, Osman (radiyallahu anh)'ı öldürməyə qədər varmışdır.

Bax bu dövrdə, səhabələrdən bir qismi, susmağı tərcih etmiş və müsəlmanların bir birilərilə savaşmalarına səbəb olan bu fitnəyə qatılmamağı daya uyğun görmüşlər və əbu Bəkr (radiyallahu anh)'ın, Nəbi (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi bu hədisə möhkəm sarılmışlardır:

Nəbi (sallallahu aleyhi və səlləm), bu hədisdə belə buyurmuşdur:

"Yaxında ortaya fitnələr çıxacaqdır. O fitnələr ortaya çıxdığı zaman, oturan kimsə, bu fitnəyə doğru yeriyəndən; yeriyən isə, buna doğru qaçandan daha xeyirlidir.

Diqqət edin, bu fitnə meydana gəldiyində, dəvəsi olan, dəvəsilə, qoyunu olan qoyunu ilə, ərazisi olan, ərazisi ilə məşğul olsun."

Orda olanlardan biri:

"Ey Allahın rəsulu! Bəs adamın dəvəsi, qoyunu və ərazisi yoxdursa, necə?" deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, ona bu cavabı verdi:

"Qılıncını alsın və onun ağzını daşa vursun. Sonra qurtulma imkanı varsa, özünü qurtarsın." (Buxari, Kitabu'l-Fitən, bab: 9; Muslim, Kitabu'l-Fitən, bab: 10; əbu Davud, Kitabu'l-Fitən, bab: 2)

Bəli, bu camaat, Osman (radiyallahu anh) dövründə ortaya çıxan və Onu öldürməyə qədər gedən fitnədən uzaq qalmışlardır.

Əli (radiyallahu anh) dövrünə qədər uzanan bu fitnəyə qarışmamışlar və Əli ilə Müaviyə arasında meydana gələn döyüşlər haqqında heç bir görüş iləri sürməmişlərdir.

• Sa'd b. əbi Vaqqas (radiyallahu anh);

• Yuxarıdakı hədisin ravisi;

• Abdullah b. Ömər; və

• İmran b. Hüseyn,

bu camaatdandırlar. Bu səhabələr, döyüşən 2 qrupdan hansının haqlı olduğu hökmünü təcili verməyərək geri buraxmış və bunların aqibətlərini, Allaha həvalə etmişlərdir.

Bu xüsusda Nəvəvi belə deyir:

"Məsələ səhabələr arasında tərəddüdlü bir halda idi. Hətta səhabələrdən bir camaat, bu məsələ haqqında qərarsızlığa düşmüşlərdi. Onlar, döyüşən 2 topluluqdan da uzaqlaşdılar. Döyüşmədilər və hansı tərəfin haqlı olduğunu qəti olaraq bilə bilmədilər.

Bəzi böyük səhabələrin, ortaya çıxan fitnə haqqında yerindəcə hökm verməyib məsələ haqqındakı mühakimələrini ertələmələri, bir çox qazilərin şübhəyə düşməsinə səbəb olmuşdur. Bu səbəblə ibn Asakir, öz tarixində, bunlara, "şübhəçilər" adını vermiş, yəni, meydana gələn ixtilafla, haqqın hansı tərəfə aid olduğunda şübhə edənlər demək istəmiş və bunları demişdir:

"Onlar, şəkk içində olan şübhəçilərdir. Onlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm) zamanında, döyüşlərə qatılmışlardı. Bunlar, Osmanın ölümündən sonra Mədinəyə döndüklərində, gedərkən birlik və bərabərlik içində buraxdıqları insanları, ixtilaf içində görmüş və bunları demişdilər:

'Biz, sizi birlik və bərabərlik içində, ixtilafsız olaraq buraxdıq, geri döndüyümüzdə isə, sizi ixtilaf içində gördük. Bəziniz deyir ki:

'Osman, haqsız yerə öldürüldü. O və tərəfdarları, insaf edilməyə daha layiqdirlər.'

Digər bir qisminiz deyir ki:

'Əli və tərəfdarları daha haqlıdır.'

Bizə görə, onların hamısı, güvənilən kimsələrdir və hamısı da, doğru söyləmişlərdir. Biz, özümüzü onlardan ayırmarıq. Onlara lənət oxumarıq. Və onlar arasında şahidlik də etmərik. Onların hallarını, Allaha həvalə edirik. Onlar arasında Allah hökm versin."

Müsəlmanlar arasındakı ixtilaflar, son bir nöqtəyə varıb sadəcə anlaşmazlıqlar haqqında hökm vermə mərhələsində qalmayıb, böyük günah işləyənin aqibəti də bunlara əlavə edilincə, ortaya, məsələlər haqqında yerindəcə hökm verməyən və işi Allaha həvalə edən bir qism səhabələrin yolunu izləyən, yeni bir qrup çıxdı. Bu yeni qrup, böyük günah işləyənin aqibəti haqqında təcili hökm verilə bilməyəcəyini, bunların hallarının, qeybi bilən Allaha buraxıldığını bəyan etmişlər, siyasi mübahisələrdən uzaq qalmışlar və günah işləyən kimsə haqqında hər hansı bir şey söyləməkdən çəkinmişlərdir. Çünki günah işləyənlər haqqındakı dedi-qoduların, siyasi anlaşmazlıqlardan qaynaqlandığı qənaətinə varmışlardır.

Çünki bu ixtilafın qaynağı, Xariciyyə məzhəbinə mənsub olanların, özlərinə müxalif olanlar haqqındakı düşüncələridir.

Murciə məzhəbinə mənsub olanlar, bir birilərilə ixtilaf edənlər üçün, bunları söyləmişlərdir:

"Onlar, lə iləhə illəllah, Muhammədur-Rasulullah" deyərək, Allahdan başqa ilah olmadığını və Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Onun peyğəmbəri olduğunu qəbul edirlər. O halda, onlar, nə kafirdir, nə də müşrik. Əksinə, onlar, müsəlmandırlar. Onların aqibətlərini Allaha həvalə edirik, insanların gizliliklərini ancaq, uca Mövla bilir və onları, ona görə hesaba çəkəcəkdir."

Şübhə yoxdur ki, bu, doğru bir metoddur. İxtilaflara qarışmamaq və böyük günah işləyənin halını Allaha həvalə etmək metodudur. Bəlkə də böyük günah işləyənlərdən bəzilərinin günahları əfv edilər, pislikləri, yaxşılıqlara çevrilər.

Nə var ki, daha sonra bəzi insanlar zühur etdilər, böyük günah işləyən kimsə haqqında yuxarıda bəhsi keçən davranışla kifayətlənməyərək, daha iləri gedib iman mövcud olduğu müddətcə, günahın heç bir zərərinin olmayacağına hökm etdilər.

Bu düşüncədə olanlar belə dedilər:

"İman, iqrar, təsdiq, etiqad və bilgidən ibarətdir. Bunların mövcud olması ilə birlikdə, günahların heç bir zərəri yoxdur. İman, əməldən tamamilə ayrı bir şeydir."

Hətta, bunlardan bir qismi ifrata vararaq, imanın, sadəcə qəlblə təsdiq etməkdən ibarət olduğunu iddia etmiş və belə demişlərdir:

"Əgər imanı sadəcə qəlbən qəbul edən bir şəxs, dili ilə kafir olduğunu açıqca söyləsə və ya bütlərə ibadət etsə yaxud da İslam diyarında Yəhudi və xristiyanlardan ayrılmasa və ya xaça ibadət etsə yaxud İslam ölkəsində Teslisə (xristiyanların 3 ilah inancına) etiqad etdiyini açıqlasa və bu hal üzərə ölsə belə, belə bir şəxs, Allah qatında tam imanlı bir mömindir və cənnətlikdir."

Hətta bu firəqəyə mənsub olan bəzi kimsələr belə demişlərdir:

"Əgər bir kimsə, Allah Taalanın, donuz ətini yeməyi haram qıldığını bilirəm, lakin Onun haram qıldığı donuz, bu qoyundurmu yoxsa başqa bir şeydirmi bilmirəm"

desə belə, o kimsə, yenə mömindir.

Yenə onlara görə, bir kimsə:

Yenə onlara görə, bir kimsə:

"Allah Taala'nın, Kəbəni həcc etməyi, fərz qıldığını bilirəm. Lakin Kəbənin harda olduğunu bilmirəm. Bəlkə də, O, Hindistandadır."

desə, belə bir şəxs, mömindir. Bu sözləri söyləyənlər, bunu qəsd etməkdədirlər:

Bu kimi məsələlər, imanın xaricində olan məsələlərdir. Yoxsa həqiqətən:

"Bu məsələlər haqqında şübhə edilir."

demək istəməməkdədirlər. Çünki ağlı olan bir kəsin, Kəbənin harda olduğu xüsusunda şübhə etməsi, imkansızdır. Yenə qoyunla donuzu bir birinə qarışdırmaq, mümkün deyildir.

Bunlardan da başa düşülür ki, Murciə firqəsinə mənsub olanlar, əməlin imanla münasibəti mövzusunda, əməli kiçiltməkdə, son dərəcə iləri getmiş, əməlin, cənnətə girib-girməməkdə bir funksiyası olub-olmadığı mövzusunda da, əməli bəsit görmüşlər, hətta imanın əslini belə xəfifə almış, onu həqiqətindən uzaqlaşdırmış və imanın sadəcə qəlbən qəbuldan ibarət olduğunu, bütün zahiri hərəkətlərin, insanın qəlbinə iman girmədiyini göstərsə belə, sadəcə qəlbin qəbulunun iman sayılacağını iləri sürmüşlərdir. Hətta daha da iləri gedərək, açıqca görülən və bilinən şeylər haqqında şübhə etməyin, imanın tək təməl şərti olaraq qəbul etdikləri "qəlb ilə qəbul"a zərər verməyəcəyini, çünki zahirdə görülən bu şeylərin, imanın əsasından olmadığını iddia etmişlərdir. Məsələn, onlar:

"Kəbənin harda olduğu haqqında şübhə etmək və donuzun hansı heyvan olduğunda tərəddüd etmək, imana zərər verməz, lakin ağla zərər verər." demişlərdir.

Bu doğru olmayan sözlərin, bəhsləri edildiyi bir dövrdə, bu məzhəbə tabe olanların içindən, imanın əsaslarını və itaətləri xəfifə alan, fəzilətləri kiçik görən kimsələr çıxmış, hər müfsid, həva və həvəsinə tabe olan laqeyd kimsə, bu məzhəbə girmişdir. Elə ki, məzhəb içindəki müfsidlər, get-gedə çoxalmış, məzhəbi, etdikləri pisliklərə alət etmiş, fəsadları üçün bir qaynaq etmiş və pis niyyətlərini davam etdirməyə uyğun görmüşlərdir. Bu məzhəb, bir çox müfsidlərin istəklərinə tam uyğun düşmüşdür.

Bu mövzuda əbu'l-Fərəc əl-İsfahani "əl-Ağani" adlı kitabında, bir hadisə haqqında danışır:

"Bir şiə ilə bir murciə aralarında razılaşa bilməmiş və ilk qarşılaşacaqları insanı, aralarında hökm verməsi üçün hakim seçməyi qərarlaşdırmışlar. Onlar, hər şeyi halal sayma görüşündə olanlardan bir nəfərə rast gəlmiş və bunu soruşmuşlardır:

'Şiə bir kimsəmi daha yaxşıdır, yoxsa bir murciə məzhəbinə mənsub olanmı?'

O kimsə bu cavabı vermişdir:

'Baxın, mənim üst tərəfim, şiədir, alt tərəfim murciə."

Bütün bu danışılanlardan bu nəticəyə vara bilərik:

Murciə, fərqli anlayışlarda, 2 qrup insanın məzhəbi idi:

• Birinci qrup: Səhabələr dövründə və səhabədən sonra Əməvilər dövründə ortaya çıxan ixtilaflar haqqındakı hökmlərlə kifayətlənmişlər, başqa ixtilaflara düşməmişlərdir.

• İkinci qrup isə, Allahın əfvinin hər şeyi əhatə etdiyinə inanan və Allahın, inkardan başqa bütün günahları əfv edəcəyinə hökm verən, inkarla birlikdə itaətin heç bir faydası olmadığı kimi, imanla bərabər də, hər hansı bir günahın zərəri olmayacağına inanan kimsələrdir.

Bu son firqə, "murciə" adını ləkələmiş və bir çox alimin bu adla eyiblənmələrinə səbəb olmuşdur.

Zeyd b. Əli b. əl-Hüseyn, bu qrupu qəsd edərək:

"Mən, fasiqləri Allahın əfvi ilə ümidləndirən murciə məzhəbindən uzağam." demişdir.

Böyük günah işləyənin, "cəhənnəmdə əbədi olaraq qalacağını" iddia edən Mötəzilə isə, (bu görüşlərini paylaşmayan) böyük günah işləyənin, cəzasını çəkdikdən sonra cəhənnəmdə əbədi olaraq qalmayacağını, bəlkə də, Allah Taala'nın onu bağışlayıb rəhmətinə qovuşduracağını bəyan edən və bu xüsusdakı görüşlərinə qatılmayan hər kəsə "Murciə" adını qoyardılar.

Bax bu səbəblə, mötəzilə, bir çox fəqih və mühəddisi "murciəçi" olaraq vəsf etmiş, əbu Hənifə və tələbələri əbu Yusuf və imam Muhammədi "Murciəçi" olaraq adlandırmışlardır.

Bu xüsusda Şehristani belə deyir:

"And olsun ki, imam əbu Hənifə və əshabına, "murciəçi" deyilirdi. Bəlkə də, bunun səbəbi, əbu Hənifənin, imanın, qəlb ilə iqrardan ibarət olduğunu, artıb əskilməyəcəyini söyləməsidir. Əbu Hənifənin bu sözündən, əməllər haqqında hökm verməyi ertələdiyi anlaşılmışdır. Bu şəxs, əməllər haqqında çox həssas davrandığı halda, onlarım tərk edilməsinə necə fətva vermiş ola bilər?!"

Əbu Hənifəyə murciə deyilməsinin başqa bir yönü daha vardır. O da, əbu Hənifənin hicri birinci əsrdə ortaya çıxan "qədəriyyəçilərin", mötəziləyə müxalifət etməsidir. Çünki mötəzilə, qədər məsələsi haqqında özlərinə müxalifət edən hər kəsə, murciə deyirlərdi. Xaricilər də, eyni şeyi söyləyirdilər. Bu ad, əbu Hənifəyə, mütləq, mötəzilə və xarici firqələri tərəfindən verilmişdir.

Bu şəkildə, "murciəçilik" ilə günahlandırılan şəxs, sadəcə əbu Hənifə və əshabı olmamış:

• Həsən b. Muhamməd b. Əli b. əbi Talib;

• Sa'd b. Cubeyr;

• Amr b. Murrə;

• Muharib b. Dəssar;

• Muqatil b. Süleyman;

• əbu Hənifənin şeyxi Hammad b. əbi Süleyman; və

• Qadid b. Cəfər

də, "murciə" olaraq adlandırılmışlardır. Bu şəxslər, hədis imamlarıdır, böyük günah işləyənin kafir olduğuna və əbədi olaraq cəhənnəmdə qalacağına hökm verməmişlərdir.

Bir qism alimlər, murciə məzhəbini 2 qismə ayırmışdırlar:

1. Sünnətə tabe olan Murciə:

Bunlar:

• böyük günah işləyənin, sadəcə günahı qədər əzab görəcəyini, cəhənnəmdə əbədi olaraq qalmayacağını, bəlkə də Allah Taala'nın, onu əfv edib rəhmətinə qərq edərək, ona heç əzab etməyəcəyini və bunun, Allah tərəfindən bir ehsan olduğunu;

• Allahın isə, dilədiyi kəsə lütf edəcəyini və Allahın böyük lütf sahibi olduğunu söyləmişlərdir.

Fiqh və hədis alimlərinin çoxu, bu qrupdandır.

2. Bidətlərə tabe olan Murciə:

Bunlar, inkarla bərabər itaətin fayda vermədiyi kimi, imanla birlikdə günahın bir zərəri olmayacağını iddia edənlərdir.

Əksəriyyətin görüşünə görə, əslində, "Murciə" adı, bunlara məxsusdur. Hər kəs tərəfindən qınanması lazım olan da bunlardır.

Buna görə, murciə ismini, böyük imamlardan uzaqlaşdırmaq lazımdır. Beləcə, hər şeyi mübah görən bu "İbahiyyə"çilər, bu şəxslərlə qarışdırılmasın. Şübhəsiz ki, ən doğrunu Allah bilir.

(Əbu Zəhra, "Məzhəblər tarixi", "Murciə" bəhsi)

Read 16 times
In order to make a comment, please login or register