Murciə kimdir?

 

İrca, 2 mənaya gəlməkdədir:

• Birincisi:

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ • يَأْتُوكَ بِكُلِّ سَـٰحِرٍ عَلِيمٍ

"Onlar dedilər: “Onu və qardaşını gözlət (ərcih/gecikdir) və şəhərlərə sehrbazları toplayan adamlar göndər ki, bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər.” (Əraf/111-112)

ayətində olduğu kimi, "gecikdirmək" mənasına gəlir;

• İkincisi isə: "ümid vermək" mənasındadır.

Bir camaatı Murciə deyə isimləndirə bilmək, ancaq birinci mənada doğru olur. Çünki Murciə deyə anılanlar, əməli, niyyət və inancdan sonraya buraxaraq, ikinci dərəcədə ələ alırdılar.

İkinci mənaya gəlincə, bu topluluğun "küfrlə bərabər itaətin bir faydası olmadığı kimi, imanla bərabər günahlar da zərər verməz." şəklindəki sözlərindən dolayı bu ismi aldığı anlaşılmaqdadır.

"İrca" kəliməsinin: böyük günah sahibinin dünyada ikən cənnətlik və ya cəhənnəmlik olduğu haqqında hər hansı bir hökm verilə bilməyəcəyi üçün, onun hökmünü qiyamət gününə buraxmaq (ertələmək) olduğu da ifadə edilmişdir. Bu halda, Murciə və Vaidiyyə (haşiyə), bir birinə qarşı 2 firqə olaraq qarşımıza çıxmaqdadır.

(Haşiyə:

Vaidiyyə: Xaricilərə qatılıb böyük günah işləyən kimsənin kafir olduğunu, cəhənnəmdə əbədi qalacağını iləri sürənlərdir.)

• Bununla bərabər, "İrca"nın:

Əli (radiyallahu anh)'ı, fəzilət etibarı ilə, birinci dərəcədən dördüncü dərəcəyə qoymaq, yaxud gecikdirmək olduğu da söylənmişdir. Bu mənaya görə, Murciə ilə Şiə, bir birinə qarşı 2 firqə meydana gətirməkdədir.

Murciə:

1. Xavaric (xaricilər) murciəsi;

2. Qədəriyyə murciəsi;

3. Cəbriyyə murciəsi; və

4. Xalis murciə

olmaq üzərə, 4 qrupa ayrılır.

Muhamməd b. Şəbib, Salihi və Xalidi, "Qədəriyyə murciəsi"ndəndir. Bununla bərabər, qədər və irca mövzusunda ilk sözü söyləyən, Qaylan əd-Diməşqi də bunlardandır.

Biz, bu kitabımızda, Murciə içində, "Xalis murciə" (əl-Murciətu'l-Xalis) deyilən qrupun firqələrini bəhs mövzusu edəcəyik:

1. Yunusiyyə:

Yunus b. Avn ən-Numeyri'nin mənsublarıdır. Yunus, imanın:

"Allahı bilmək, Ona boyun əymək, qarşısında təkəbbür və böyüklənməyi tərk etmək və Onu qəlbdən sevmək"

olduğunu iddia etmişdir. Bu xislətlərin özündə toplandığı insan, mömindir. Bunun xaricindəki itaət, imandan deyildir, tərk edilməsi imanın həqiqətinə zərər verməz. İmanı xalis, yəqini sadiq (doğru) olan kimsə, bundan dolayı əzab görməz.

Onun iddiasına görə, İblis, Allahın bir olduğunu bilirdi, lakin Allaha qarşı təkəbbürlənməsi səbəbilə kafir olmuşdur.

وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ وَٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَـٰفِرِينَ

"Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu." (Bəqərə/34)

ayətinin ifadəsinə görə, qəlbində Allaha itaət, xalis və kəskin bir şəkildə məhəbbət yerləşmiş olan kimsə, bir günah işləyərək, Allaha müxalifət etməz. Əgər ondan bir günah ortaya çıxarsa, qəti inancı və səmimiyyəti səbəbilə, bu hal, ona zərər verməz. Mömin cənnətə, əməli və itaəti ilə deyil, ancaq ixlas və Allaha olan sevgisilə girər.

---------------------------

2. Ubeydiyyə:

Ubeyd əl-Muqtəib'in mənsublarıdır. Şirkdən daha kiçik olan günahların, mütləq əfv ediləcəyini mənimsədiyi, özündən rəvayət edilmişdir.

Ona görə:

Qul, tövhid üzərə öldüyündə, işlədiyi günahlar və pisliklər, özünə zərər verməz. Yəman, Ubeyd və müntəsiblərinin:

"Allahın elmi, daim Allahdan başqa bir şeydir, kəlamı da, daim Allahdan başqa bir şeydir, bununla bərabər, dini də, daim Allahdan başqa bir şeydir."

dediklərini nəql etmişdir. Ubeyd, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Şübhəsiz, Allah, Adəmi, Rəhman surətində yaratmışdır."

hədisindən yola çıxaraq, Allahın insan surətində olduğunu iddia edirdi.

------------------------------

3- Qassaniyyə:

Qassan əl-Kufi'nin mənsublarıdır. Qassan, imanın:

"Allahın endirdiklərini və Rəsulunun gətirdiklərini mücməl və təfsilatlı olaraq iqrar etmək olduğunu iddia edirdi. Ona görə, iman, artmaz və azalmaz."

İddiasına görə, hər hansı bir kimsə:

"Allahın donuz ətinin yeyilməsini haram qıldığını bilirəm, ancaq haram qıldığı donuz, bu qoyundurmu, yoxsa deyilmidir, bilmirəm."

deyərsə, bu kimsə, mömindir. Bununla bərabər, bir kimsə:

"Allahın Kəbəyə həcci fərz qıldığını bilirəm, lakin Kəbənin harda olduğunu bilmirəm. Bəlkə də, Hindistandadır."

deyərsə, bu kimsə də mömindir.

Onun bundan qəsd etdiyi, bu cür inancların, imanın fövqündə olduğudur, yoxsa bu xüsuslarda şübhəyə düşdüyü deyildir. Çünki heç bir ağıllı kimsə, Kəbənin hansı cəhətdə olduğunda şübhəyə düşməyəcəyi kimi, donuzla qoyun arasındakı bariz fərqlilikdən dolayı, donuzun qoyun olmayacağında da tərəddüdə düşməz.

İşin qəribə tərəfi budur ki, o, əbu Hənifə'dən, öz məzhəbinə bənzər düşüncələr nəql edərək, onu Murciədən sayırdı. Beləcə, əbu Hənifəyə yalan isnad etmiş olmaqdadır.

Allaha and olsun ki, əbu Hənifə və mənsubları üçün, "Murciətu's-Sunnə" (əhl-i sünnət murciəsi) deyilirdi. Maqalat sahiblərindən bir çoxu da, Onu, Murciə arasında saymışlardır.

Bu, böyük ehtimalla, onun (əbu Hənifənin), imanı, qəlb ilə təsdiq, artmaz və əskilməz deyə qəbul etməsindən və bunu eşidənlərin, əməli, imandan sonraya buraxmaq şəklində zənn etmələrindən qaynaqlanmış ola bilər.

Əməllərin hökmünü fiqhi cəhətdən ortaya qoymağa çalışan bir şəxs, necə olur ki, əməlin tərki mövzusunda fətva verir?!

Bunun bir səbəbi də vardır ki, o da, Qədəriyyə'yə və birinci əsrin başlanğıcında ortaya çıxan Mötəzilə'yə müxalif olmasıdır. Mötəzilə, qədər mövzusunda özlərinə müxalifət edən hər kəsi, Murciə adlandırırdılar. Xaricilərdən "Vaidiyyə" də, müxaliflərini, bu adla anırdılar.

Əbu Hənifə'nin Murciə deyə anılması, Mötəzilə və Xaricilərin, onun üçün istifadə etdikləri bu ləqəbdən qaynaqlanmış olması, uzaq bir ehtimal deyildir.

-----------------------

4. Səvbaniyyə:

Əbu Səbvan əl-Murcii'nin mənsublarıdır.

Bunlara görə, iman, Allahı, peyğəmbərləri və əqlən edilməsi caiz olmayan hər şeyi bilib iqrar etməkdir. Əqlən tərk edilməsi caiz olan şey, imandan deyildir.

Əbu Səvban, bütün əməllərin imandan sonra gəldiyini bildirmişdir. Onun bu düşüncəsi, əbu Mərvan Qaylan b. Mərvan əd-Diməşqi, əbu Şəmr, Muveys b. İmran, Fazl ər-Raqqaşi, Muhamməd b. Şəbib, Attabi və Salih b. Qubbə tərəfindən mənimsənilmiş və ifadə edilmişdir.

Qaylan, qədəri, xeyir və şərrin quldan olduğu şəklində başa düşürdü. İmamət xüsusunda, Qureyş'in xaricindəki bir kimsənin imam ola biləcəyini, kitab və sünnətlə amil (əməl edən) və qaim olanın, imamətə layiq olduğunu və imamətin, ancaq ümmətin görüş birliyi ilə sabit olacağını söyləyirdi. Ancaq ki, ümmət, Qureyş'in xaricindəki kimsənin imamətinin uyğun olmayacağında görüş birliyi etmişlərdir.

Qaylan, qədər, irca və üsyan (xuruc) özəlliklərini bir arada toplamış olurdu. Adlarını saydığımız bu topluluq, əgər Allah, qiyamət günü hər hansı bir üsyankarı əfv etsə, onun mövqeyində olan hər üsyankarı əfv edəcəyi, əgər birini cəhənnəmdən çıxarsa, onun mövqeyində olan hər kəsi çıxaracağı xüsusunda ittifaq etmişlərdir. Qəribədir ki, tövhid əhli olan möminlərin, mütləq cəhənnəmdən çıxacaqları mövzusunda isə, qəti bir şey söyləməmişlərdir.

Muqatil b. Süleyman'dan nəql edildiyinə görə:

"Günah, tövhid və iman, sahibinə zərər verməz, mömin atəşə girməz."

demişdir. Ondan nəql edilən:

"Doğrusu, Rəbbinə asi (üsyankar) olan mömin, qiyamət günü, cəhənnəmin fövqündə olan Sirat üzərində əzab görər, cəhənnəm atəşinin küləyi, istisi və odu, ona isabət edər, işlədiyi günah miqdarınca əzab gördükdən sonra cənnətə girər."

şəklindədir. Bunun misalını, odda isinmiş tavadakı dənənin halına bənzətmişdir.

Bişr b. Qiyas əl-Mərisi'dən:

"Kəbirə (yəni böyük günah işləyənlər), oda girdiklərində, günahlarınca əzab gördükdən sonra orda çıxacaqlardır, əbədi qalmaq, imkansızdır və ədalətə uyğun deyildir."

dediyi rəvayət edilmişdir.

İrca mövzusunda ilk dəfə fikir bəyan edən kimsənin, Həsən b. Muhamməd b. Əli b. əbi Talib olduğu söylənilmişdir. Həsən, bu xüsusla bağlı olaraq müxtəlif şəhərlərdə olanlara yazılar yazardı. Lakin murcii Yunusiyyə və Ubeydiyyə'nin etdiyi kimi, əməli imandan sonraya buraxıb gecikdirməmiş, sadəcə kəbirə sahibinin kafir olmayacağına hökm etmişdir. Çünki:

"İtaətlər, yəni İlahi əmrlərə tabe olmaq və günahları tərk etmək, imanın əslindən deyildir, bunların olmaması ilə iman yox olmaz."

görüşündə idi.

----------------------------

5- Tüməniyyə:

Əbu Muaz ət-Tüməni'nin mənsublarıdır.

İddiasına görə, iman, insanı küfürdən qoruyan şey deməkdir. Bu, bəzi xislətlərin ismidir ki, bunları tərk edən, kafir olur. Bununla bərabər, bu xislətlərdən birini tərk etsə də, yenə kafir olur. Bu xislətlərdən biri üçün iman və ya imanın bir qismi deyilə bilməz. Müsəlmanların küfür sayaraq üzərində ittifaq etmədiyi böyük və ya kiçik bir günahı işləyən kimsə üçün, "həddi aşdı və ya üsyan etdi" deyilirsə də, fasiq deyilməz. Bu xislət və ya özəlliklər, mərifət (Allahı bilmək), təsdiq, məhəbbət, ixlas və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiklərini iqrar və qəbullanmaqdır. Namaz və orucun tərk edilməsini halal sayaraq tərk etmək küfürdür. Lakin bunları qəza etmək niyyətilə tərk edən kafir olmaz. Bir peyğəmbəri öldürən və ya onu vuran kimsə də, öldürmək və vurmaqdan dolayı deyil, istixfaf (kiçik görmək), düşmənlik və kin bəsləməsi səbəbilə kafir olur.

İbnu'r-Ravəndi və Bişr əl-Mərisi, bu məzhəbə meyl edərək, imanın qəlb və dil ilə birlikdə təsdiq, küfrün isə, rədd və inkar olduğunu bildirmişlər, günəş, ay və bütlərə səcdə etməyin, əslində küfür olmamaqla bərabər, küfür əlaməti olduğunu iddia etmişlərdir.

---------------------------

6- Salihiyyə:

Salih b. Ömər əs-Salihi, Muhamməd b. Şəbib, əbu Şəmr və Qaylan b. Mərvan'ın mənsublarıdır.

Hamısı da, qədər və ircanı birləşdirmişdilər. Biz, hər nə qədər Xalis Murciə firqələrini ortaya qoymağı özümüzə şərt qoşmuşsaq da, Murciə'dən bəzi mövzularda ayrılan bu şəxsləri də zikr etməyimiz gərəkməkdədir.

Salihi:

• "İman, heç bir şərt qoşmadan, Allahı bilməkdir, bu isə, sadəcə aləmin bir Yaradıcısının mövcud olduğunu qəbullanmaqdır. Küfür isə, Onu, mütləq olaraq bilməməkdir."

demişdir.

• "Allah, üçün üçüncüsüdür." demək, küfür deyildir, lakin bu söz, ancaq və ancaq bir kafirdən zühur edər." görüşündədir.

• Mərifətullahın, Allahı sevmək və Ona boyun əymək olduğunu bildirən Salihi, bunun, peyğəmbərin hüccəti ilə səhih olacağını ifadə etmişdir. İnsanın Allaha inanıb Rəsuluna inanmaması, əqlən səhih ola bilər. Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Mənə inanmayan, Allaha inanmış deyildir." demişdir.

• İddia etdiyinə görə, namaz, Allaha ibadət deyildir. İbadət, Allaha iman etmək və Onu bilməkdir. Bu, artmayan və azalmayan bir xislətdir. Bununla bərabər, küfür də, artmayan və azalmayan bir mənfi xislətdir.

Murciə olan əbu Şəmr'ə görə, iman:

• Allahı bilmək;

• Ona qəlblə məhəbbət etmək və itaət etmək;

• Bir olduğunu; və

• Heç bir şeyin Onun bənzərini olmadığını iqrar etməkdir.

Peyğəmbərlər gəlib hüccətlərini ortaya qoyduqlarında, onları qəbul və təsdiq etmək isə, iman və mərifəttəndir. Onların Allah qatından gətirdiklərini iqrar etmək, əsli imana daxildir. İman xislətlərindən hər bir xislət, iman olmadığı kimi; bəzisi də iman deyildir. Ancaq hamısı birləşdiyi zaman, imandır. İman xislətlərində ədalətin bilinməsi şərtdir. Bununla xeyir və şərrin quldan olduğu, Allaha heç bir şəkildə izafə edilə bilməyəcəyi düşüncəsini qəsd etməkdədir.

Murciə və Qədəri olan Qaylan b. Mərvan'a görə, iman:

Allaha ikinci mərifətdir:

Ona məhəbbət və boyun əymək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiyini iqrar və Allah qatından gələnləri qəbul etməkdir. İlk mərifət isə, zəruridir.

Mərifət, əslində 2 növdür:

• İlki, fitridir ki, həm bu aləmin, həm də özünün bir Yaradıcısının mövcud olduğunu bilməkdir. Bu cür bilgi, iman sayılmaz. İman, ancaq ikinci olaraq əldə edilmiş mərifətdir.

Nəql edildiyinə görə, Murciə'nin iləri gələnləri aşağıdakılardır:

• Həsən b. Muhamməd b. Əli b. əbi Talib;

• Səid b. Cubeyr;

• Talk b. Həbib;

• Amr b. Murrə;

• Muharib b. Ziyad;

• Muqatil b. Süleyman;

• Zərr;

• Amr b. Zərr;

• Hammad b. əbi Süleyman;

• əbu Hənifə;

• əbu Yusuf;

• Muhamməd b. əl-Həsən; və

• Qadid b. Cəfər'dir.

Bütün bu sayılan şəxslər, hədis imamlarıdır. Kəbirə, yəni böyük günah işləyənləri, işlədikləri kəbirə səbəbilə təkfir etməmişlər, Xaricilər və Qədəriyyə'nin əksinə, cəhənnəmdə əbədi qalacaqlarına hökm etməmişlərdir.

(Şehristani, "əl-Miləl və'n-Nihəl", "Murciə" bəhsi)

Read 37 times
In order to make a comment, please login or register