Müsəlman bir qadın, kafir bir kişinin nigahı altında qala bilərmi?

 

• İbn Abbas (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:

"Xristiyan bir qadın, ərindən bir an belə əvvəl müsəlman olarsa, ona haram olar."

• Davud, İbrahim əs-Saiğ'dən nəqlən deyir:

Ata (rahiməhullah)'a:

"Əhdi olan zimmi bir qadın, (ərindən) əvvəl müsəlman olub sonra iddət (ərindən ayrılan qadının, başqası ilə evlənə bilməsi üçün, 3 dəfə heyz görüb təmiz oluncaya qədər keçən vaxt) içərisində olduğunda, əri İslama girərsə, onun xanımı olaraq qalmağa davam edərmi?"

deyə soruşuldu, O:

"Xeyr! Ancaq özü qəbul edərsə, yeni bir nigah və yeni bir mehr ilə onunla evlənə bilər." dedi.

• Mücahid belə deyir:

"Əri, iddət içərisində İslama girərsə, onunla evlənə bilər."

Uca Allah da:

"...Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar..." (Mümtəhinə/10) deyə buyurmuşdur.

• əl-Həsən və Qatadə də, müsəlman olan məcusi (atəşpərəst) ər və arvad haqqında belə demişlərdir:

"Nigahları üzərə davam edərlər. Onlardan biri digərindən əvvəl müsəlman olub digəri qəbul etməzsə, qadın ondan bain (boşanmış) olar. Artıq kişinin qadına qarşı izləyəcəyi bir yol qalmaz."

• İbn Cüreyc deyir:

Ata'ya:

"Müşriklərdən bir qadın müsəlmanlara gələrsə, uca Allah'ın:

'...Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın...' (Mümtəhinə/10) buyuruğu səbəbilə, ərinə onun mehrinin qarşılığı verilərmi?"

deyə soruşdum. O:

"Xeyr! Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə anlaşan kimsələr arasındakı bir hökmün gərəyi idi."

deyə cavab verdi.

• Mücahid deyir:

"Bütün bunlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə qüreyşlilər arasındakı bir sülh sazişi müddəti içərisində idi."

-------------------------------------------

5288- Urvə b. əz-Zübeyr'dən rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zövcəsi Aişə (radiyallahu anha) deyir:

"Mömin qadınlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə hicrət etdikləri təqdirdə, uca Allahın:

'Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin...' (Mümtəhinə/10)

buyuruğu gərəyincə, onları imtahan edərdi."

Aişə (radiyallahu anha) deyir:

"Mömin qadınlardan bu şərti qəbul edənlər, beləliklə imtahanı da iqrar və qəbul etmiş olurdular. Qadınlar, sözlərilə bunu iqrar edincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, onlara belə buyururdu:

'Artıq gedin. Mən, sizinlə beyətləşmiş oldum."

Aişə (radiyallahu anha) deyir:

"Xeyr, Allaha and olsun ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əli, əsla (yad) bir qadının əlinə dəyməmişdir. Bu qədər var ki, qadınlarla sözlü olaraq beyətləşirdi.

Allaha and olsun ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), qadınlardan Allahın əmr etdiyindən başqa bir əhd almadı. Onlardan əhd aldıqdan sonra:

-Sözlü olaraq- 'artıq sizinlə beyətləşdim', deyə buyururdu."

----------------------------------

İzahı:

"Zimmi və ya hərbi (İslam dövlətində yaşayan qeyr-i müsəlman) bir kişinin nigahı altındakı müşrik, ya da xristiyan qadın müsəlman olarsa"

Buxari'nin bu başlıqdan məqsədi, qadının, ərindən əvvəl İslama girməsinin hökmünü açıqlamaqdır.

~ Qadının mücərrəd müsəlman olması səbəbilə, aralarında ayrılıqmı gerçəkləşər?;

yoxsa

~ Qadının muxayyərlik (seçimində sərbəstlik) haqqımı sabit olar?;

yoxsa

~ İddət müddəti içərisində, nigah gözlədilməlidirmi?;

~ Əgər İslama girərsə, nigah davam edər, deyilsə bir-birilərindın ayrılmışmı olurlar?

Bu xüsusda, bilinən görüş ayrılıqları vardır. Buxarinin görüşü isə, iləridə açıqlayacağımız üzərə, mücərrəd müsəlman olmaqla, aralarında ayrılığın gerçəkləşəcəyi yönündədir.

"Xristiyan bir qadın, ərindən bir an belə əvvəl müsəlman olsa, ona haram olar."

Bu, özü ilə zifafa girilmiş olanı da, olmayanı da ehtiva edən ümumi bir hökmdür. Yəhudi və ya xristiyan bir kişinin nigahı altında olan yəhudi və ya xristiyan bir qadın haqqında, imam Tahavi (əl-Hənəfi), Əyyub yolu ilə, İkrimə'dən, o da ibn Abbasdan belə dediyini nəql etməkdədir:

"Bir-birilərindən ayrılarlar. (Çünki) İslam, hər zaman üstündür və ona üstün gəlinməz."

Sənədi səhihdir.

Ata b. əbu Rəbah'a:

"Anlaşmalı zimmilərdən müsəlman olan bir qadın, özü iddət içərisində olduğu müddət, əri müsəlman olduğu təqdirdə, o qadın onun xanımı olmaqda davam edərmi?"

deyə soruşulduğunda, o:

"Xeyr! Özünün istəməsi halı xaricində, yeni bir nigah və yeni bir mehr ilə xanımı ona qayıda bilər." demişdir.

Bunu, ibn əbi Şeybə, bir başqa yoldan, Ata'dan, bu mənada, məvsul olaraq (sənədində qopuqluq olmadan) rəvayət etmişdir.

Bu rəvayət də, cütlükdən birinin müsəlman olması halında, bir-birilərindən ayrılacaqlarını və iddətin bitməsinin gözlənməyəcəyini açıqca ortaya qoymaqdadır.

-------------------------------

"Uca Allah da, belə buyurmaqdadır..."

Bu, Buxari'nin, əvvəlki görüşü tərcih etdiyi xüsusunda, açıq bir ifadədir. Çünki bu sözlər, Buxari'yə aiddir və Ata'nın bu başlıqda zikri keçən sözünü qüvvətləndirmək üçündür.

Bununla birlikdə, bu görüş, zahiri etibarı ilə, bundan əvvəlki başlıqda, ibn Abbas (radiyallahu anh)'dan qeyd etmiş olduğu rəvayət ilə ziddiyyət halındadır. Orda:

"Ay halı olub təmizlənincəyə qədər, ona talib olunmaz (qadınla evlənilmək istənilməz)." deyilməkdədir.

Hər 2 rəvayətin arasını birləşdirmək mümkündür. Çünki onun:

"Ay halı olub təmizlənincəyə qədər ona talib olunmaz."

sözlərilə iddəti içərisində qaldığı müddət, ərinin də müsəlman olmasının gözləniləcəyini qəsd etməsi ehtimalı olduğu kimi, eyni şəkildə, ona talib olmağın ertələnəcəyini də qəsd etməsi, ehtimal daxilindədir. Çünki iddət gözləyən bir qadına, talib olunmaz. Bu ikinci ehtimala görə, hər 2 xəbər arasında bir ziddiyyət qalmaz.

Bu xüsusda, ibn Abbas və Ata'nın görüşlərinin zahirinə uyğun olaraq,

~ Tavus;

~ Sevri; və

~ Kufə fəqihləri

də görüş bildirmişlərdir.

~ əbu's-Sevr də, onlara bu xüsusda müvafiq olduğu kimi,

~ ibnu'l-Munzir də, bu görüşü tərcih etmişdir.

~ Buxari də, bu görüşə meyillidir.

Kufəlilər ilə onlara uyğun qənaət bildirənlər:

"Əgər ər və arvad, birlikdə Daru'l-İslamda isələr, ərinə bu iddət müddəti içərisində, müsəlman olmasının təklif edilməsi və onun da bunu qəbul ETMƏMƏSİNİN şərt olduğu"

nu söyləmişlərdir.

~ Qatadə;

~ Malik;

~ Şafi;

~ Əhməd;

~ İshaq; və

~ əbu Ubeyd

də, Mücahid kimi söyləmişlərdir.

İmam Şafi, əbu Süfyan qissəsini dəlil olaraq göstərir. O, -Məğazi kitabında- keçdiyi kimi, Məkkənin fəth edildiyi il, Mərru'z-Zəhran'dan, müsəlmanların Məkkəni fəth edəcəkləri günün gecəsində müsəlman olmuşdu. O, Məkkəyə girincə, xanımı Hind b. Utbə, onun saqqalından tutaraq müsəlman olmasına etiraz edincə, o da, xanımına müsəlman olmasının uyğun olacağını söyləmiş, özü də ondan sonra müsəlman olmuş, lakin bir-birilərindən ayrıldıqlarına hökm verilmədiyi kimi, yeni bir əqd də, bəhs mövzusu edilməmişdir.

Eyni şəkildə, səhabələrdən bəlli bir topluluğun da xanımları, özlərindən əvvəl İslama girmişlərdir.

~ Hakim b. Hizam;

~ İkrimə b. əbu Cəhl; və

digərləri kimi...

Bunların nigahlarının yeniləndiyinə dair, bir rəvayət NƏQL EDİLMƏMİŞDİR.

Bu xüsus, alimlər arasında bilinən məşhur bir mövzudur. Bu mövzuda, aralarında heç bir görüş ayrılığı yoxdur. Ancaq əksəriyyət, bunu:

KİŞİNİN İSLAMA GİRMƏSİNİN, ÖZÜNDƏN ƏVVƏL MÜSƏLMAN OLAN QADININ İDDƏT MÜDDƏTİ BİTMƏDƏN ƏVVƏL GERÇƏKLƏŞDİYİ

şəklində təvil etmişlərdir.

Mücahid deyir:

"Bütün bunlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə Qüreyşlilər arasındakı bir sülh anlaşması idi."

Xanımı İslama girmiş müşrik bir kişinin müsəlman olması, İslama girən xanımının iddət müddəti bitincəyə qədər gecikəcək olarsa, xanımının, öz nigahı altında qalmasının caiz olduğunu, kimsə qəbul etmiş DEYİLDİR.

Bu xüsusda icma nəql edənlərdən biri də, ibn Abdi'l-Bərr'dir. Bununla birlikdə, (ibn Abdi'l-Bərr) zahiri məzhəbinə mənsub bəzilərinin, bunun caiz olduğunu söyləyib, bəhsi keçən icmanı rədd etdiyinə də işarət etməktədir.

Əvvəldən bəri bu xüsusdakı görüş ayrılığının sabit olduğu bildirilərək, icma iddiasına qarşı çıxılmışdır. Belə bir görüş (müşrikin nigahı altında qalmağın cəvazı), Əli (radiyallahu anh) və İbrahim ən-Nəxai'dən nəql edilmişdir. Bunu onlardan, ibn əbi Şeybə, güclü təriqlərlə (yollarla) rəvayət etməkdədir. Əbu Hənifə'nin şeyxi Hammad da, bu yöndə fətva vermişdir.

İmam Xattabi, bu xüsusdakı açıqlanması çətin olan mövzuya cavab verərək, bunları söyləyir:

"Bu müddət zərfində, iddətin davam etmiş olması halında

-xüsusilə müddət, 2 il və bir neçə ay kimi uzun və əksəriyyətlə görülməmiş növdəndirsə-

belə, bu, belədir. Çünki ay halı bəzən arizi (zati və irsi olmayıb sonradan hasil olan) bir narahatlıq səbəbilə gecikə bilər."

Bu açıqlamadan başa düşülən mənanı, Beyhaqi də, cavab olaraq verməkdədir. Bu xüsusda bunun istinad alınması, daha uyğundur.

Mütəaxxir (sələf dövründən sonrakı) alimlərdən biri də, bu xüsusda, başqa bir yol izləməkdədir. əl-İmad ibn Kəsir'in "əs-Sirətu'n-Nəbəviyyə" adlı əsərində, az əvvəl keçənləri bəhs mövzusu etdikdən sonra, onun, bunları söylədiklərini oxudum:

Başqaları da belə demişlərdir:

"Xeyr. Zahirən görünən, qadının iddətinin bitdiyidir."

O, 'qadın ilə nigah əqdi yenilənmişdir.' deyənlərin rəvayətinin də, zəif olduğunu ifadə etmişdir.

Bundan da başa düşülən budur:

Qadın, İslama girdikdən sonra, ərinin İslama girməsi gecikəcək olarsa, sırf bu səbəbdən dolayı, nigahı fəsx OLMAZ. Əksinə, başqası ilə evlənmək, yaxud əri müsəlman olana qədər gözləmək arasında, MUXAYYƏR'dir (seçimində sərbəstdir). Bu halda, əvvəlki ərinin nigah əqdi davam edər. Bundan da, başqası ilə evlənmədiyi müddət, onun xanımı olduğu başa düşülməkdədir. Bunun dəlili isə, başlıqdakı hədisdə yer alan:

"Əgər xanımı başqası ilə nigahlanmadan əvvəl əri də hicrət edərsə, (bu qadın) ona geri verilərdi."

ifadəsindəki ümumilikdir. Doğrunu ən yaxşı bilən Allahdır.

--------------------------------------

"Hicrət edənlər olaraq..."

əl-Əzhəri deyir:

"Hicrətin əsl mənası: bədəvi (çöldə yaşayan köçəri)'nin, çöldən qəsəbəyə, insanların yerləşdiyi yerə çıxıb getməsi və orda iqamət etməsidir. Burda hicrətdən məqsəd isə: qadınların, müsəlman olaraq Məkkə'dən çıxıb Mədinə'yə getmələridir."

--------------------------------------

"Mömin qadınlardan bu şərti qəbul edənlər, mihnəti (imtahan edilməni) də qəbul etmiş olurlardı..."

Bununla, iman şərtinə işarət etməkdədir.

~ Təbəri'nin, əl-Əvfi yolu ilə ibn Abbas'dan rəvayət etdiyi bu sözləri, bundan da açıqdır:

"Qadınların imtahanı, Allahdan başqa heç bir ilah olmadığına, Muhamməd'in də, Allahın rəsulu olduğuna şəhadət etmələri şəklində idi."

~ Yenə Təbəri və əl-Bəzzar'ın, əbu Nasr yolu ilə ibn Abbas'dan deyə nəql etdiyi:

"Onları, belə imtahan edirdi:

'Allaha and olsun ki, ərimə olan nifrətimdən dolayı çıxmadım. Allaha and olsun ki, bir yeri bəyənmədiyim üçün bu yerə gəlmədim. Allaha and olsun ki, dünyalıq bir şey axtarmaq üçün çıxmadım. Allaha and olsun ki, Allah və rəsuluna sevgim üçün çıxıb gəldim.'

deməkləri istənilirdi."

ilə

~ ibn əbi Nəcih'in, Mücahiddən buna yaxın bu ləfzlə nəql etdiyi:

"Onlardan, niyə gəldiklərini soruşun. Əgər ərlərinə qəzəbləndiklərindən, qəzəb etdiklərindən, ya da bir başqa səbəbdən dolayı gəlmiş və iman etməmiş isələr, onları təkrar ərlərinə geri qaytarın."

~ Qatadə təriqi (yolu ilə) gələn:

"Onların imtahan edilmələri, Allah adına and içərək öz başınalıq səbəbilə çıxmadıqlarını, ancaq İslamı və müsəlmanları sevdikləri üçün çıxdıqlarını söyləməkləri istənilirdi. Bunu söylədiklərində, bu sözləri qəbul edilərdi."

şəklindəki bütün bu rəvayətlər, əl-Avfi'nin rəvayətinə zidd deyildir. Çünki onun bu rəvayəti, digərlərində olmayan bir əlavəni də ehtiva etməkdədir.

Buna dair kifayət qədər açıqlama, daha əvvəl əl-Mümtəhinə surəsinin təfsirində (Buxari, hədis no: 4891) keçməkdədir.

Hicrət edən mömin qadınların imtahan edilmələri hökmünün davamı xüsusunda görüş ayrılığı VARDIR. Nəsx edildiyi də söylənilmişdir. Hətta bəziləri, nəsxi üzərində icma olduğunu belə iddia etmişlərdir. Doğrusunu ən gözəl bilən Allah'dır.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari şərh Sahih əl-Buxari", 68-ci kitab: "Talaq" (Boşamaq), 20-ci bab: "Zimmi yaxud hərbi bir kişinin nigahı altındakı müşrik, ya da xristiyan qadın müsəlman olarsa, hökm nə olar?")

Read 2 times
In order to make a comment, please login or register