Mutaffifin surəsi 14-cü ayətinin təfsirini verə bilərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mömin günah işlədiyi zaman, qəlbində qara bir nöqtə meydana gələr. Sonra o kimsə tövbə edib tərk edər və (Allahdan) bağışlanma diləyərsə, qəlbi (o izdən) təmizlənər (parlar). 

Əgər mömin günahı çoxaldarsa, qəlbindəki qara nöqtə (və ləkə) çoxalar. 

Allahın kitabında:

"---كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ---"

"---Xeyr! Əksinə qazanmaqda olduqları şeylər (günahlar) qəlblərinin üzərinə pas bağlamışdır.---" (Mutaffifin/14) ayətində buyurduğu pas (örtü) budur.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Günahları xatırlamaq babı", hədis no: 4244

-----------------

İzahı:

Bu hədisi, Tirmizi, Nəsai, Əhməd, ibn Hibban və Hakim də rəvayət etmişlərdir. Tirmizi bu hədisi Mutaffifin (Tərəzidə aldadanlar) surəsinin təfsiri bölməsində rəvayət etmişdir.

Mömin bir günah işlədiyi zaman, bunun təsirilə qəlbində qara bir ləkə meydana gəlir. "Tuhfə" müəllifi o ləkəni, ayna və qılınc üstündə meydana gələn kir ləkəsinə; Əl-Qari də, ağ kağıza damladılan qara mürəkkəb damlasına bənzədir. 

Qəlbdə meydana gələn qara nöqtə və ləkənin tutduğu yer, işlənən günahın böyüklük və ağırlıq  dərəcəsinə görədir. 

Sonra mömin qul, işlədiyi günahdan tövbə və dönüş edib günahı qətiyyətlə tərk edər və Allahdan məğfirət və bağışlanma diləyərsə, qəlbi cilalanar (parlayar). Yəni qəlb aynası təmizlənər.

Çünki tövbə və istiğfar, həqiqi olduğu zaman, qəlbin cilasıdır (yəni qəlbi parladan bir şeydir). Əgər qul, günah işləməyə davam edərsə, o ləkə böyüyər və ən nəhayətində qəlbi tamami istila edər, nurunu söndürər və bəsirəti kor edər.

əl-Hafiz ibn Kəsir, bu ayətin təfsirində icmal olaraq belə deyir:

"Yəni hal, kafirlərin zənn etdiyi kimi deyil. Onlar Quranın İlahi bir kitab olmayıb daha əvvəl gəlib keçənlərin nağılları olduğunu iddia edərlər. Bu iddia, əsilsizdir. Quran, Allahın kitabıdır. Rəsuluna vəhy surətilə endirildi.

Kafirləri Qurana inanmaqdan uzaq tutan şey isə, onların qazandıqları günahlar dolayısı ilə, qəlblərini paslandırıb qaraldan, korlaşdıran və tamamilə istila edən qap-qara ləkələrdir."

Tuhfə müəllifi bundan sonra: "ran" və "reyn" kəlimələrinin əsl mənası bir şeyi örtmək deməkdir. Bu örtü, cilalı (parlaq) bir maddənin üstündəki pas kimidir, deyir və Tibi'dən nəqlən bunları söyləyir:

"Ran" və "reyn", eyni mənanı ifadə edən kəlimədir. Bu ayət, kafirlər haqqındadır. 

Ancaq mömin kimsə, günah işləmək surətilə qəlbinin qaralması və günah işləməyə davam etməsindən dolayı, qəlbinin qaralmasının artması baxımından kafirlərə bənzəyər.

İbnu'l-Məlik belə deyir:

"Bu ayət, kafirlər haqqındadır. Lakin Allah rəsulu (sallallahu aleyhi və səlləm), möminləri qorxutmaq üçün bunu oxumuşdur ki, möminlər günahları çoxaldmaqdan çəkinsinlər və kafirlərin qəlbləri qaraldığı kimi, onların da qəlbləri qaralmasın."

Read 2 times
In order to make a comment, please login or register