Nəbə surəsi 38-ci ayətin təfsiri
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا
"Ruh və mələklərin səf-səf duracağı gün, Rahmən olan Allahın, ancaq özlərinə icazə verdiyi kimsələr danışacaqlar və doğrunu söyləyəcəklərdir." (Nəbə/38)
---------------------------
Təfsiri:
Bu, belədir. Çünki, dərəcə və qədr-qiymət cəhətindən, mələklər, məxluqatın ən böyükləridirlər. Bundan dolayı, Haqq Taala, qiyamət günü, sırf Rəbblərinə hörmət və qorxularından, xuşu və təvazölərindən ötürü, qiyamət meydanında, mələklərin belə (icazəsiz) danışa bilməyəcəklərini bildirmişdir. Bunların xaricindəkilərin halı necə olacaq, bir düşün!
Ayə ilə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Mələyin insandan daha fəzilətli olduğunu söyləyənlər, bu ayəti dəlil gətirərək, belə demişlərdir:
"Mələklər, Allahın cəlalının olduğu, izzət və kibriyasının zühur etdiyi yerdə, qorxaraq, boyun əyərək və heyrət içində qalınca, digər məxluqatın halı necə olacaq, bir düşün. Bu istidlalın (dəlil gətirməyin), mələklərin, ancaq məxluqatın ən şərəflisi və qiymətlisi olması halında tam və doğru olacağı, məlumdur."
✓ İkinci məsələ:
Alimlər, bu "ruh"un kim olduğu xüsusunda, fərqli izahlar vermişlərdir. (Belə ki):
~ ibn Məsud (radiyallahu anh)'ın, bunu, göylərdən və dağlardan daha böyük bir mələk olduğunu söylədiyi;
~ ibn Abbas (radiyallahu anh)'ın isə, bunun, yaradılışca, mələklərin ən böyüyü olan bir mələk olduğunu söylədiyi rəvayət edilmişdir.
~ Mücahid də, bunların, insan surətində olub, yeyib-içən, ancaq əslində insan olmayan bir növ məxluq olduğunu söyləmişdir.
~ Həsən və Qatadə isə, "ruh"un, insanlar mənasında olduğunu söyləmişdir. Buna görə, burdakı "ruh" kəliməsi, "zu'r-ruh/ruh sahibi" mənasında olur. ibn Abbas'dan da, bunun, insanların ruhu olduğu görüşü də nəql edilmişdir.
~ Dahhak və Şabi'dən isə, "O, Cəbrail'dir." deyə rəvayət edilmişdir. Bu görüş, Qadi nəzərində də tərcih edilən görüşdür. O, belə deyir: "Çünki Quran, bu ruh isminin, Cəbrailin ismi/adı olduğuna dəlalət etməkdədir. Cəbrail üçün də, qiyamın (yəni, ayaqda dayanmağın) və danışmağın bəhs mövzusu ola biləcəyi sabit olduğuna görə, ayədəki ruh kəliməsinin, Ondan götürülməsi və bilmədiyimiz bir varlıq və ya qiyam ilə vəsf edilməsi necə doğru ola bilər?!"
Ayədəki "saff" kəliməsi, yuxarıda bəhs etdiyimiz fərqli mənalara görə, o ruh ilə bütün mələklərin tək 1 səf halında qiyamda durmalarını ifadə edə biləcəyi kimi; 2 səf halında və ya səflər halında olduqlarını da ifadə edə bilər. Çünki, əslində, "saff/səf" kəliməsi, məsdərdir. Bundan dolayı, tək səfi də, bir çox səfi də ifadə edə bilər. Müfəssirlərin görüşlərindən başa düşüldüyünə görə, onlar, 2 səf halında duracaqlar. Dolayısı ilə, o ruh, tək başına bir səf; digər mələklərin hamısı da, bir səf halında dayanacaqlar. Beləcə, ruhun yaradılışının böyüklüyü, bütün mələklərin səfinə bərabər olmuş olur.
Bəziləri də: "Xeyr. Onlar, 1-dən çox səflər halında dayanacaqlar. Çünki, Haqq Taala: 'Rəbbin və mələklər, səf-səf gələrlər...' (Fəcr/22) buyurmuşdur." demişlərdir.
✓ Üçüncü məsələ: Ayədə istisna edilənlər (yəni, özlərinə danışmaq üçün icazə verilənlər) kimlərdir?
Bu xüsusda, 2 görüş vardır:
a. Bu, "həm o ruh, həm də mələklər" ilə bağlıdır.
Bu halda, ayət, o ruh və mələklərin, ancaq bu 2 şərt mövcud olduğunda danışa biləcəkləridir:
1. Allah Taala'nın, onlara icazə verməsidir. Bunun bir bənzəri də, "Onun icazəsi olmadan, Onun qatında kim şəfaət edə bilər?" (Bəqərə/255) ayətinin bəyan etdiyi xüsusdur. Buna görə, məna, "Onlar, Allahın icazəsi olmadan, danışa bilməzlər." şəklində olur.
2. Doğru danışma şərtidir.
Buna görə, əgər: "Allah Taala, onlara, danışma icazəsi verincə, bu danışmağın doğru olacağında heç bir şübhə yoxdur. Elə isə, Haqq Taala'nın 'doğru danışacaqlar' buyurmasının hikməti, nədir?" deyilərsə, buna, bu 2 cəhətdən cavab verilə bilər:
2.1. Rahmən olan Allah, bunlara, mütləq mənada danışma icazəsi vermişdir. Ancaq onlar, bu icazə verilincə, sadəcə doğrunu danışarlar. Buna görə, sanki, "Onlar, ancaq, danışmalarına icazə verildikdən sonra danışarlar. Bu icazə verilincə də, son dərəcə diqqətli davranaraq, ancaq doğru və həqiqət olanı söyləyərlər." deyilmək istənilmişdir. Bu, onların, ən yuxarı mərtəbədə itaət və qulluq içində olduqlarını göstərir.
2.2. Ayətin təqdiri mənası, "Onlar, ancaq, Allahın icazə verdiyi və doğru söyləyən kimsələr haqqında danışarlar." şəklindədir, ki, buna görə məna: "Onlar, ancaq, Allah Taala'nın, şəfaət edilməsinə icazə verdiyi doğru sözlü kimsələr haqqında danışıb şəfaət edənlər" şəklindədir. Bu görüşü mənimsəyənlər, bu ayətlə, bunların, günahkarlara şəfaət edəcəkləri nəticəsini çıxarmışlardır. Çünki bu günahkarlar, doğru sözlü kimsələrdir. Onların doğru sözü də, Allah Taala'dan başqa ilah olmadığına şəhadət etmələridir. Çünki, ayədəki "və doğru danışarlar" ifadəsinin öz yerini tapması üçün, şəxsin, tək bir doğrunu söyləmiş olması, kifayət edir. Bundan dolayı, sözlərin ən doğrusu və cümlələrin ən qiymətlisi olan kəlime-i şəhadəti söyləyən üçün necə olar? (Bir düşün!)
Mən (Razi)'yə görə, damir'in (yəni, danışacaq kimsələrin), ən yaxın olana rücu etməsi (qayıtması), daha əvladır. (Yəni, danışma felinə ən yaxın olan, mələklərdir. Dolayısı ilə, damirin, yəni şəxs əvəzliyinin onlara qayıtması, yəni onlar üçün gətirilməsi, daha uyğundur.)
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
----------------------
Zındığın iddiası:
Nəbə surəsindəki bu ayə ilə, Ənam surəsi 22-23-cü ayələr və Mursəlat surəsi 35-ci ayələr arasında ziddiyyət vardır. Belə ki, bu ayələrdə, belə deyilir:
"O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: 'İddia etdiyiniz şərikləriniz haradadır?' Sonra onların: 'Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!'– demələrindən başqa bir bəhanələri qalmayacaq." (Ənam surəsi 22-23)
"Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür." (Mursəlat/35)
Bu ayələrdə, onların, həm danışacaqları, həm də danışa bilməyəcəkləri yer alır. Bununla bərabər, siz müsəlmanlara görə, onlar, yəni müşriklər, burda yalan danışmaqdadırlar.
Cavab olaraq deyirik:
Ayələr arasında, heç bir ziddiyyət yoxdur. Belə ki:
1. Nəbə surəsindəki ayədə danışmağa icazə verilməsi, məxluqlar arasında ilk danışmaq imkanının, mələklərə verilməsi mənasındadır. Nəbə surəsindəki bu ayədə, bundan sonra mələklərdən başqa kiminsə danışmasına icazə verilməməsinə isə, hər hansı bir əngəl yoxdur. Və ayədə, bu əngələ dair zərrə qədər bir qərinə/ipucu də yoxdur.
1.2. Belə də deyilə bilər:
Ayətin bu ifadəsindən məqsəd, Həsən əl-Basriyə görə, belədir: Ayətdə, məhzuf (hazf edilmiş, qaldırılmış) bir şeyin olduğunu və ayətin təqdiri mənasının: "Bu, özündə hüccət və dəlil ilə qovuşa bilmədikləri və özlərinə üzr bəyan etmə icazəsi verilmədiyi bir gündür." şəklində olduğunu söyləmişdir. Çünki, onların etdikləri bütün bu işlərində, məqbul bir üzrləri olmadığı kimi; verə biləcəkləri doğru bir cavabları da yoxdur. Bundan dolayı, bunlar, sağlam bir hüccət və doğru cavablarla danışa bilmədiklərinə görə, sanki heç danışa bilməmiş kimidirlər. Çünki, bir şey ifadə etməyən bəzi sözlər söyləyən kimsə, sanki heç danışmır kimidir. Bunun bir bənzəri də, hər hansı bir mənası olmayan bəzi sözlər danışan kimsəyə, "Sən, heç nə danışmadın..." deyilməsidir.
1.3. Fərra belə demişdir:
Haqq Taala, bu ifadəsilə, "dillərinin tutulub o anda danışa bilməyəcəklərini qəsd etmişdir. Bax bu qədər vaxtda (qısa zaman üçün) onlar danışa bilməzlər, deməkdir; və bu, eynilə, "Filan kimsə sənin yanına gəldiyi gün gələcəm." deyilməsi kimidir. Burdakı "gün" ilə, filan kimsənin gəldiyi "an" qəsd edilmişdir. Yoxsa, günün bütünü qəsd edilməmişdir. Çünki bu gəlmə işi, qısa bir müddət içərisində olur. Bütün günü isə, əhatə etməz.
1.4. "Danışa bilməyəcəklər." ifadəsi, mütləq (ümumi) bir ifadədir. Mütləq isə, nə növlər, nə də vaxtlar xüsusunda ümumilik ifadə etməzlər. Bunun dəlili isə, sənin, belə deyə bilməyindir:
"Filankəs, heç danışmaz."
Bu, danışmamaq halının, bəzi şeylər danışmamaq ilə heç bir şeyi danışmamaq arasında, müştərək bir cəhətdir.
Eyni şəkildə, yenə sən: "Filan kimsə, bu anda danışmır." dediyin kimi; "Filan kimsə, qətiliklə danışmaz." da deyirsən ki, bu, danışmamaq halının, davamlı və müvəqqət olması cəhətindən, müştərək bir hal olduğunu göstərir. Belə olunca da, "danışa bilməzlər" ifadəsinin doğru olması üçün, bəzi şeyləri, bir zaman üçün danışa bilməmələri kifayət sayılır ki, bu, başqa bir vaxtda, başqa şeyləri danışa bilməsinə zidd düşməz. Bu halda, "danışa bilməyəcəklər" ifadəsinin məqbul ola bilməsi üçün, onlardan soruşulduğu anda, üzr və səbəbləri iləri sürə bilməmələri, kifayətdir. Verdiyimiz bu cavab, ağıl cəhətindən, ilk 2 cavabın doğruluğuna da bir işarətdir.
2. Danışanların yalnız doğru danışacaqlarına gəlincə isə:
Biz, yuxarıdakı təfsirdə də, doğru danışacaq olanların, mələklər və ruh olduğunu açıqladıq. Nəbə surəsindəki bu ayədə, mələklərdən başqasının da doğru danışacağına dair heç bir işarə belə yoxdur. Ənam surəsindəki ayələrdə isə, yalan danışanların, müşriklər olduğu yer almaqdadır.
Dolayısı ilə, Nəbə surəsindəki ayə ilə digər ayələr arasında, heç bir ziddiyyət yoxdur!
