Nəfslə cihad vardırmı?

6500- Muaz b. Cəbəl (radiyallahu anh), belə deyir:

Mən, minik üzərində ikən, Peyğəmbərin arxa tərəfinə minmiş, onunla aramızda, ancaq yəhərin ağacı olub, bərabər yol aldığımız bir vaxtda, mənə:

"Ey Muaz!" deyə səsləndi. Mən də:

"Ləbbeyk (buyur), ey Allahın Rəsulu və sə'deyk (köməyinə, əmrinə hazıram)." dedim.

Bir müddət yeridi, ardından yenə:

"Ey Muaz!" deyə səsləndi. Mən:

"Buyur, ey Allahın rəsulu! Köməyə (itaətə) hazıram." dedim.

Sonra bir müddət daha getdi. Sonra yenə:

"Ey Muaz ibn Cəbəl!" deyə səsləndi. Mən:

"Buyur, ey Allahın rəsulu! Köməyə (itaətə) hazıram." dedim.

- O:

"Allahın, qulları üzərində nə haqqı vardır, bilirsənmi?" deyə soruşdu.

- Mən:

"(Ən gözəl), Allah və rəsulu bilir." dedim.

- O:

"Allahın qulları üzərində sabit olan haqqı, qulların, Allaha itaət və ibadət etməkləri və Allaha heç bir şeyi şərik qoşmamaqlarıdır." buyurdu.

Sonra bir müddət daha getdi. Ardından:

"Ey Muaz b. Cəbəl!" dedi. Mən, yenə:

"Ləbbeyk, yə Rasulallah və sə'deyk." dedim.

- O:

"Qullar, ibadət edib şərik qoşmazlarsa, onların Allah üzərindəki haqları nələrdir, bilirsənmi?"

deyə soruşdu.

- Mən:

"Ən gözəl, Allah və rəsulu bilir." dedim.

- O:

"Qulların Allah üzərindəki haqqı, Allahın onlara əzab etməməsidir." buyurdu. (1)

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

İzahı:

"Allaha itaət yolunda nəfsi ilə cihad edən kimsə":

Yəni Allaha itaət yolunda, nəfsi ilə cihad edən kimsənin fəzilətinin bəyanı.

"Mücahədə" kəliməsindən məqsəd:

Nəfsi, ibadət xarici istəmiş olduğu şeylərdən uzaq tutmaq, əngəlləmək, deməkdir.

İmam Buxari'nin verdiyi bu başlıqla, burda yer verdiyi 6500 no-lu hədis arasındakı münasibət də, bu açıqlama ilə təmin edilməkdədir.

• İbn Battal, belə deyir:

"Bir kimsənin nəfsi ilə olan cihadı, ən mükəmməl cihaddır. Çünki uca Allah:

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ • فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ

'Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə həvanı (ehtirası) yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq.' (Naziat/40-41)

buyurmaqdadır.

Bəhs mövzusu cihad, nəfsi:

• günahlardan;

• şübhəli şeylərdən; və

• mübah olan istək duyduğu şeyləri,

çoxca etməkdən uzaq tutmaqla olur. Bundan məqsəd, nəfsə bunların axirətdə bol-bol verilməsidir."

• Buna bir həqiqəti də, biz (Asqalani) əlavə edək:

Nəfslə cihad:

• qulun mübah olan şeyləri çox-çox işləyərək buna alışmasının;

• bunun da özünü şübhəli şeylərə çəkməsinin; beləcə

• haram işləməkdən əmin ola bilməyəcəyi bir hala düşməsinin (yəni gördüyü işin haram olub-olmadığından əmin ola bilməməyin)

qarşısına keçməkdir.

• əbu Amr b. Buceyd belə deyir:

"Kimə dini dəyərli olarsa, ona nəfsi dəyərsiz olar."

• Quşeyri isə, belə deyir:

"Nəfslə cihadın əsli, onu alışdığı şeylərdən kəsmək; və həva və həvəsi xaricindəki fellərə yönləndirməkdir."

Nəfsin 2 sifəti vardır:

a. Şəhvətlərə dalmaq;

b. İtaətdən uzaqlaşmaq.

Nəfslə cihad, buna görə edilir.

İmamlardan biri belə deyir:

"Nəfslə cihad, düşmənlə cihada daxildir. Çünki düşmənlər, üçdür:

• Bunların başı: şeytandır;

• Ardından: nəfs gəlir. Çünki nəfs, insanı, Rəbbini qəzəbləndirəcək haramlara düşməyə götürən ləzzətlərə çağırır.

Kim nəfsinin həva və həvəsinə müxalif olarsa, şeytanını, təzyiq altına almış olar.

İnsanın nəfsilə cihadı:

Onu, Allahın əmrlərinə tabe olmağa və qadağalarından çəkinməyə sövq etməsi, deməkdir. Qul, bu mövzuda güclü olduğunda, din düşmənlərilə cihadı da, asan olur. Birincisi batini, ikincisi isə, zahiri cihaddır." (2)

Nəfslə cihad, 4 mərtəbəlidir:

1. Nəfsi, dini məsələləri öyrənməyə məcbur etmək;

2. Nəfsi, bunların gərəyinə görə əməl etməyə məcbur etmək;

3. Nəfsi, bilməyənləri öyrətməyə məcbur etmək;

4. Allahın tövhidinə çağırmaq, dininə müxalif olan və nemətlərini inkar edənlərlə döyüşmək.

Nəfslə cihada ən güclü köməkçi: Şeytanla cihaddır. Bu da, şeytanın insana diqtə etdiyi şəkk və şübhəni, özünə qadağan edilən haramları gözəl göstərməsini, ardından mübahlardan çoxca edilənin şübhəyə salmağa yol açdığı şeyləri gözəl göstərməsini rədd etməklə olur.

Cihadın bütünü, şəxsin hər halında öz nəfsi üçün oyaq olması ilədir. Çünki insan, bundan qafil olduğunda, şeytanı və nəfsi, özünü azdıraraq, qadağan olan şeyə düşməsinə yol açar. Müvəffəqiyyət, Allahdandır.

--------------------------------

"Allahın, qulları üzərində nə haqqı vardır bilirsənmi?"

Burda, "haqq"dan məqsəd:

Uca Allahın qulları üzərində haqqı olduğu və onların, etməklə mükəlləf olduqları şeylərdir.

 "ət-Tahrir" adlı əsərdə, belə deyliir:

"Qurtubi'nin görüşü isə, budur:

Allahın, qullar üzərindəki haqqı, özlərinə vəd etdiyi savab və xitabı ilə etmələrini bağlayıcı olaraq, istədiyi şeydir."

----------------------------------

"Allaha ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamalarıdır..."

Burda "ibadət" kəliməsindən məqsəd:

• itaət etmək;

• günahlardan çəkinməkdir.

Hədisdə "Allaha şirk qoşmamaq", ibadət üzərinə ətf edilmişdir. Çünki bu, tövhidi tamamlayan ünsürdür. Allahın, şirk qoşmamağın ibadət üzərinə ətf edilməsindəki hikmət:

Bəzi kafirlərin, özlərinin Allaha ibadət etdiklərini iddia etmələridir. Lakin onlar, bu iddialarına rəğmən, başqa ilahlara ibadət edirlərdi. Dolayısı ilə, ibadət edərkən, Allaha şirk qoşmamaq, şərt qılındı.

-------------------------------

"Qulların, Allah üzərindəki haqqı, Allahın onlara əzab etməməsidir..."

Qurtubi belə deyir:

"Qulların, Allahın üzərindəki haqları, özlərinə vəd etdiyi savab və qarşılığı verməsidir. Onun doğru olan vədi və doğru sözü gərəyi, bu, haqq edilmiş və vacib olmuşdur. Onun verdiyi xəbərdə, yalan söyləməsi, vədindən dönməsi, Özü cəhətindən mümkün deyildir. Uca Allahın üzərinə, əmrdən heç bir şey vacib olmaz. Çünki Onun üzərində bir əmr edən olmadığı kimi, ağlın hökmü də, məqbul deyildir. Çünki ağıl, bir mükəlləfiyyət gətirməz, sadəcə, olanı ortaya çıxarar."

----------------------------

Hədisdən çıxan nəticələr:

1. İki nəfərin bir miniyə minməsi, caizdir.

2. Hədisdən:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in alçaq könüllü olduğu;

• Muaz (radiyallahu anh)'ın fəziləti, gərəksə danışmaq, gərəksə elmdə gözəl ədəbi

yer almaqdadır. Çünki Muaz, həqiqətini bilmədiyi şeyi, Allahın və Onun peyğəmbərinin elminə həvalə etməkdədir.

Ayrıca bu hədisdən:

• Nəbi (sallallahu aleyhi və səlləm)'ə yaxın olduğu başa düşülməkdədir.

3. Bir ifadəni möhkəmləndirmək və başa düşülməsini təmin etmək üçün təkrarlamaq, caizdir. Müəllim, öz tələbəsinə, onu yoxlamaq və o hökm mövzusunda çətinliklə qarşılaşdığı şeyi açıqlamaq üçün, sual soruşa bilər.

İbn Rəcəb əl-Hənbəli, Buxari'nin baş tərəflərini şərh edərkən, belə demişdir:

"Alimlər, Muazın hədisdəki müjdəni insanların buna güvənməməsi üçün açıqlanmasını qadağan etməsindən, belə bir qayda çıxarmışlardır:

İnsanlar, məqsədini yalnış başa düşməsinlər deyə, ruxsat (3) hədisləri, xalq arasında yayılmaz. Muaz bu müjdəni eşitdiyində, sadəcə əməli və Allahdan qorxusu artmışdır. Onun dərəcəsinə çatmayan kimsənin, xəbərin zahirinə güvənərək, əməlini ehmal etməyəcəyinə güvənilməz.

Kitab və sünnətin naslarından, bəzi tövhid əhli günahkarların cəhənnəmə girəcəkləri şəklindəki mütəvatir xəbər, bu anlayışla zidd düşməkdədir. Buna görə də, hər 2 məsələni bir-birilə cəm və təlif etmək gərəkdir.

Alimlər, bu mövzuda fərqli anlayışlar mənimsəmişlərdir.

• Bunlardan biri olan Zührinin:

"Ruxsat, fərzlər və şəri cəzalar enmədən əvvəl bəhs mövzusu idi."

şəklindəki görüşüdür. Osmanın dəstəmaz haqqındakı hədisi açıqlanarkən, bu görüş, onlardan nəql ediləcəkdir.

• Bir başqası isə, bu baxış tərzini, xəbərin nəsxə uğramasını uzaq gördüyü üçün, uzaq bir ehtimal olaraq dəyərləndirmiş və Muazın, bu xəbəri, fərzlərin əksəriyyətinin enməsindən daha sonra eşitdiyini söyləmişdir.

• Bəzi alimlərə görə, burda nəsx yoxdur, əksinə, xəbər, ümumiliyi üzərədir. Lakin bəzi şərtlərlə məhduddur. Bu, əhkamın özünü gərəkdirən və maneələrin mövcud olmamasına dayanan səbəblərin nəticə olması kimi bir şeydir. Bu xüsus təkamül etdiyində, edilməsi gərəkli olan şey başa düşülər.

• Vehb b. Münəbbih, "Cənaiz" kitabında keçən "Lə İləhə İlləllah, cənnətin açarıdır." hədisinə verdiyi açıqlamada, buna işarət etməkdədir. Özü, orda:

"Açar, ancaq bəzi dişləri olan bir vasitədir."

deyərək, bu kəlimənin hədisdə məcazən istifadə edildiyini ifadə etmişdir.

---------------------------------

1. İbn Həcər Asqalani, "Fəthu'l-Bari bi şərh-i Sahihil-Buxari", 81-ci kitab: "Kitabu'r-Riqaq" (Qəlbi yumşaldan əməllər kitabı), 37-ci bab: "Allaha itaət yolunda nəfsilə cihad edən kimsə" babı

2. Müəllif, üçüncü düşmənin nə olduğunu söyləməməkdədir.

3. Ruxsat: Bir üzr səbəbilə ikinci olaraq məşru qılınan şeydir.

Read 12 times
In order to make a comment, please login or register