Nəhl surəsi 44-cü ayətin təfsiri

بِٱلْبَيِّنَـٰتِ وَٱلزُّبُرِ ۗ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Bi'l-bəyyinəti və'z-zubur. Və ənzəlnə ileykə əz-zikra li tubəyyinə li'n-nəsi mə nuzzilə ileyhim və ləalləhum yətəfəkkərun.

Yəni:

"Biz, onları, aydın dəlillər və kitablarla göndərdik. Sənə də, Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44)

---------------------------

Təfsiri:

Bu ifadə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Bu sözün zahiri, ayətdə bəhs edilən bu "zikr"in, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in izahına möhtac olduğunu ifadə etməkdədir. Bəyana möhtac olan şey isə, "mücməl"dir (haşiyə). O halda, bu nassın (yəni, ayətin) zahiri, Quranın hamısının mücməl olmasını iqtiza edir/gərəkdirir. Bax bu xüsusdan dolayı, bəziləri, "Nə vaxt ki, Quran ilə hədis arasında təaruz (ziddiyyət) olsa, hədisin əvvəl götürülməsi (yəni, ona tabe olunması) lazımdır. Çünki Quran, mücməldir. Bunun dəlili isə, bu ayətdir. Xəbər, hədisdirsə, -bu ayətin dəlalətilə-, onun (yəni, ayətin) mübəyyinəsi, yəni açıqlayıcısıdır. Mübəyyən isə, mücmələ təqdim edilir (yəni, əvvəl götürülür)." demişlərdir.

Buna, bu şəkildə cavab veririk:

Quranın bir qismi, möhkəm; bir qismi isə, mütəşabihdir. Möhkəm olanın, "mübəyyən" olması lazımdır. Beləcə, Quranın hamısının mücməl olmadığı; əksinə, onda, mücməl olan bəzi ayələrin olduğu, sabit olur.

O halda, "...insanlara, onlara nazil olanı izah edəsən..." ifadəsi, "mücməl olanları (izah edəsən)" mənasına həml edilir.

✓ İkinci məsələ:

Bu ayətin zahiri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allah Taala'nın, mükəlləflərə endirdiyi hər şeyi bəyan edici olmasını gərəkdirir. Bax, bunda, qiyası qəbul etməyənlər, belə demişlərdir:

"Əgər qiyas hüccət olsaydı, mükəlləfin, o hökmü qiyas yolu ilə də başa düşüb bəyan etməsi ehtimalı olduğu üçün, Allah Taala'nın, mükəlləflərə endirdiyi hər şeyi bəyan etməsi (açıqlaması), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə vacib olmazdı. Bu ayət, bütün mükəlləfiyyət və hökmləri bəyan edənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) olduğuna dəlalət edincə, qiyasın bir hüccət olmadığını başa düşmüş oluruq."

Buna, bu şəkildə cavab verilə bilər:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), qiyasın, bir hüccət olduğunu bəyan edib, kim də hökm və mükəlləfiyyətləri ortaya qoyma, izah etmə xüsusunda qiyasa müraciət edərsə, bu, əslində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyanına müraciət kimi olur.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------

(Haşiyə:

• Mücməl ləfz nədir?

Mücməl: "sözün, sahibi tərəfindən bir açıqlama verilmədikcə, özü ilə nəyin qəsd edildiyi başa düşülməyən ləfz" deməkdir.

Məsələn, Bəqərə surəsi 228-ci ayətdə, "əl-qur" kəliməsi, buna misaldır. Bu ləfz, həm "heyz", həm də "təmizlik" mənasında istifadə edilir.

• Mübəyyən ləfz nədir?

Mübəyyən ləfz, lüğət mənasından da başa düşüləcəyi kimi, "açıqlama, bəyan etmə" mənasındadır.

Ayələrdəki müştərəklik (yəni, ləfzin bir neçə mənaya gəlməsi), müşküllüyü, mücməl və xafi (gizli olması) kimi xüsusları açıqlayan ayələrə də, "mübəyyən ayələr" deyilir.

Mübəyyən ayələrə, bəzi nümunələr:

~ "Ağ ip, qara ipdən ayırd edilənə qədər" (Bəqərə/187)

Bu ayət, mücməldir. Ayətin dərhal arxasınca gələn "fəcrin" ləfzi, bu mücməlliyi açıqlamaqdadır. Görüldüyü kimi, bu nümunədə, mücməli bəyan edən ləfz, dərhal mücməlin ardınca və eyni ayətdə gəlməkdədir.

~ "Tariqin nə olduğunu, Sənə nə bildirdi?" (Tariq/2)

Bu ayət də, mücməldir. Bu ayəti izləyən, "(qaranlığı) dələn ulduzdur" (Tariq/3) ayəti, bu mücməlliyi bəyan etməkdədir.)

-----------------------------

-----------------------------

İmam Qurtubi əl-Maliki əl-Əşari, "əl-Cami li Əhkami'l-Quran" adlı təfsirində, ayətin təfsirilə bağlı olaraq belə deyir:

"İnsanlara", əhkam (hökmlər), vəd və təhdid növündən olan şeylərdən "nə endirildiyini", söz və fellərinlə "açıqlayasan və onlar, bəlkə düşünərlər" deyə, "Sənə də, bu Zikri" yəni, Quranı "endirdik" deməkdir.

Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), şanı uca olan Allahın, Kitabında mücməl buraxdığı namaz, zəkat və buna bənzər ətraflıca açıqlanmamış olan hökmlərdən, uca Allahın muradını bəyan edicidir. Bu mənadakı açıqlamalar, bundan əvvəl, kitabımızın (yəni, bu təfsirin) müqəddiməsində, kifayət qədər (izah) ilə keçməkdədir. (haşiyə)

------------------------

(Haşiyə:

İmam, bu təfsirinin müqəddiməsində, belə deyir:

...Digər tərəfdən, uca Allah, Quranın:

~ mücməl ifadələrini bəyan etməyi;

~ müşkül olanlarını açmağı;

~ ehtimallı olanın əsl mənasını açıqlamağı,

uca Rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'ə buraxmışdır.

Beləliklə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), risaləti təbliğ etmək vəzifəsilə bərabər, Quranı başa düşmək və Quranın başa düşülməsində də müraciət ediləcək məqamda olmaq üstünlüyünə sahib olmuşdur. Uca Allah, bu xüsusda, belə buyurmaqdadır:

"Sənə də, Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44)

Digər tərəfdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra, Quranın diqqət çəkdiyi mənaları çıxartmaq, işarət etdiyi əsasları təsbit etmək səlahiyyəti, mütəxəssis elm adamlarına verilmişdir. Onlar, Quran üzərində ictihad edərək, nəyin bildirilmək istəndiyi elminə/biliyinə çatarlar. Bununla da, başqalarından ayrı və fərqli bir mövqeyə yüksələr və ictihad etmələri səbəbilə, xüsusi bir əcr/mükafat qazanarlar. Bu xüsusda da, uca Allah, belə buyurmaqdadır:

"...Allah da, sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın..." (Mücadilə/11)

Buna görə, Kitab, əsldir. Sünnət isə, onun bir açıqlaması (bəyanı)'dır. Alimlərin, Qurandan istinbat etdikləri (çıxardıqları) hökmlər, Quran üçün bir açıqlama, bir bəyandır...

-----------------------

Yenə imam Qurtubi, müqəddimənin davamında belə deyir:

Kitabın, sünnət ilə açıqlanması və bu (xüsus)'da gələn rəvayətlər:

Uca Allah, belə buyurmaqdadır:

"Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44)

Yenə, uca Allah, belə buyurur:

"Qoy Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar, başlarına bir bəla gəlməsindən; yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (Nur/63)

Uca Allah, birdən çox ayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'inə itaəti fərz qılmış və Öz Zatına itaət ilə birlikdə, Onu da bəhs mövzusu etmişdir. Allah, Haşr surəsi 7-ci ayətdə, belə buyurmaqdadır:

"...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..." (Haşr/7)

ibn Abdi'l-Bərr, "Kitabu'l-İlm"də, Abdu'r-Rahmən b. Yezid'in belə dediyini qeyd etməkdədir:

Abdu'r-Rahmən həcc üçün ehrama girmiş bir kimsənin, paltarlarını geyinmiş olduğunu görür. Paltarlarını çıxarmasını deyincə, adam: "Mənə, Allahın kitabından paltarımı çıxartmağını göstərən bir ayət göstər." Abdu'r-Rahmən, ona: "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..." (Haşr/7) ayətini oxuyur.

• Hişam b. Huceyr'in də, belə dediyi rəvayət edilməkdədir:

Tavus, əsrin (fərzindən) sonra 2 rükət namaz qılardı. ibn Abbas (radiyallahu anh), ona: "Bu 2 rükəti qılma." deyincə, (Tavus): "Özünə tabe olunan sünnət edilər deyə, bunların qılınmaları nəhy edildi." deyə cavab verincə, ibn Abbas: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), əsrdən sonra namaz qılınmasını nəhy etmişdir. Mən, bu 2 rükəti qılırsan deyə, sənə əzabmı veriləcək yoxsa əcrmi veriləcək bilmirəm. Çünki, şanı uca olan Allah:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًا مُّبِينًا

'Allah və Onun Elçisi, bir işə hökm verdiyi zaman, heç bir mömin kişi və mömin qadın, öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.' (Əhzab/36) deyə buyurmaqdadır."

• əbu Davud, belə rəvayət edir:

...əl-Miqdəm b. Mə'di Kərib, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu rəvayət etməkdədir:

"Bunu bilin ki, Mənə, Kitab və Onunla bərabər Onun kimisi verilmişdir. Bilin ki, aradan çox vaxt keçmədən, qarnı tox bir adam, öz oturacağına oturaraq, belə deyəcəkdir:

'Siz, bu Qurana bağlanın. Onda halal gördüyünüz bir şeyi, halal; haram gördüyünüz bir şeyi də, haram bilin.'

Bilin ki, evcil eşşəklər və yırtıcı heyvanlardan azı dişli olan hər bir heyvan; razılaşması olan bir kimsənin itirib sizin tapdığınız bir malı, sizin deyildir. Ancaq, sahibinin ona ehtiyac hiss etməməsi, müstəsnadır. Hər hansı bir topluluğun yanına qonaq olaraq qonaqlayan kimsəyə, o topluluğun ehsan etməsi, onların vəzifəsidir. Əgər ona ehsan etməyəcək olarlarsa, ona vermələri lazım gələn ziyafət qədəri(ni almaq surətilə), onları cəzalandıra bilər." (Müsnəd, lV, 131; əbu Davud, "Sünnə", 5; Tirmizi, "İlm", 10; ibn Macə, "Müqəddimə", 2)

Xattabi (hədisin şərhində), belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Mənə, Kitab və Onunla bərabər Onun kimisi verilmişdir." sözünün, 2 şəkildə başa düşülmə ehtimalı vardır:

~ Birinci ehtimala görə, mənası, belədir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, zahirən tilavət edilən (mətluv) vəhy verildiyi kimi; Ona, tilavət edilməyən batini (qeyr-i mətluv) vəhy də verilmişdir.

~ İkinci məna isə, belədir:

Ona, Kitab, oxunaraq özü ilə ibadət olunan bir vəhy olaraq verilmişdir. Bununla bərabər, Ona, onun kimi sözlü açıqlama da verilmişdir. Yəni, Kitabda mövcud olan ifadələri açıqlamasına; ayələrin ümumi olduğunu bildirməsinə; yaxud hökmlərini təxsis etməsinə (xas qılmasına); əlavədən hökm qoymasına, icazə verilmişdir.

O təqdirdə, Quranın tilavət edilib oxunan zahir vəhyində olduğu kimi; eynilə bunları da (yəni, qeyr-i mətluv vəhyi də), qəbul etmək və gərəyincə əməl etmək lazımdır.

Hədisdə keçən "aradan çox vaxt keçmədən, qarnı tox bir adam" ifadəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), -xaricilər və rafizilərin etdiyi kimi- Quranda bəhsi keçməyən və Özünün ortaya qoyduğu sünnətlərə müxalif davranmaqdan çəkindirməkdədir. Çünki, xaricilər və rafizilər (haşiyə), Quranın zahirinə yapışdılar və Kitabın bəyanını ehtiva edən sünnəti, tərk etdilər. Ona görə də, tərəddüdə düşdülər və azdılar.

------------------------

(Haşiyə:

• Xavaric kimlərdir?

https://suallarlaislam.com/m%C9.../xavaric-kiml%C9%99rdir

• Rafizi kimdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rafizi-kimdir)

-------------------------

Hədisdə keçən "oturacaq" ifadəsilə: "evlərdən çölə çıxmayan və elmi, öyrənilə biləcək yerlərdə axtarmayan, rahat və rifah içərisində yaşayan kimsələr"i qəsd etməkdədir.

Hədisdə keçən "sahibinin ona ehtiyac hiss etməməsi müstəsna" ifadəsi: "sahibi, o itirilən əşyaya ehtiyac duymayaraq, onu tapana tərk etməsi halı müstəsna" deməkdir. Uca Allahın, bu ayətində olduğu kimi:

"Onlar, küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur." (Təğabun/6)

Yəni, Allah, onlara ehtiyac duymayaraq, onları tərk etmişdi, deməkdir.

Hədisdə keçən "ona vermələri lazım gələn ziyafət qədərilə onları cəzalandıra bilər" ifadəsi: "yeyəcək bir şey tapa bilməyib ölməkdən qorxan, zərurət halında olan kimsə" haqqındadır. Belə bir kimsə, özünə ehsan etməyən o kimsələrdən, özünü məhrum etdikləri ehsan qarşılığında, ehsan qədərini almaq haqqına sahibdir.

...Xattabi, davam edərək belə deyir:

Bu hədisdə, ayrıca, (məsələlərin), Quranın nassları işığında gözdən keçirilməyə ehtiyac olmadığına dəlil vardır. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən sabit olan bir əmr, bizatihi (zatı etibarı ilə) hüccətdir. Bəzilərinin: "Sizə hədis gəldiyində, onu, Allahın kitabına ərz edin. Ona uyğun gələrəsə, götürün; gəlməzsə, rədd edin." şəklində hədis deyə rəvayət etdikləri şey, batildir, əsli də yoxdur.

Digər tərəfdən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bəyanı, 2 cürdür:

1. Kitabda mücməl olaraq gələn ifadəni açıqlamaqdır. 5 vaxt namazı, bunların vaxtlarını, səcdələrini, rukularını və digər hökmlərini açıqlaması; zəkatın miqdarını, vaxtını, hansı mallardan çıxarılacağına dair açıqlamaları; həcc əhkamını açıqlaması kimi. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), həccini əda etdiyində, insanlara belə buyurmuşdu:

"Həcc ibadətinizi, Məndən öyrənin." (Muslim, "Hacc", 310)

Yenə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Mənim necə namaz qıldığımı gördünüzsə, siz də elə qılın." (Buxari, "Azan", 18) deyə buyurduğu rəvayət edilməkdədir.

ibnu'l-Mübarək'in rəvayət etdiyinə görə, İmran b. Husayn, bir adama belə deyir: "Sən, axmaqsan. Zöhr namazının fərzinin 4 rükət olduğunu və o rükətlərdə açıqdan Quran oxunmayacağını, Allahın kitabında görürsənmi?"

Daha sonra, İmran, ona, namazı, zəkatı və buna bənzər xüsusları sayır və belə deyir:

"Sən, bütün bunların Allahın kitabında genişcə açıqlanmış olduğunu görürsənmi? Uca Allahın kitabı, bunları mübhəm olaraq zikr etmiş; sünnət də bunları açıqlamışdır."

Əvzai'nin rəvayətinə görə, Hassan b. Atiyyə, belə deyir:

Vəhy, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nazil olur; Cəbrail də, bunu açıqlayan sünnəti, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gətirirdi.

Səid b. Mansur deyir:

Bizə, İsa b. Yunus, əl-Əvzai'dən, o ---> Məkhul'dan belə dediyini rəvayət etməkdədir:

"Quranın (başa düşülmək üçün) sünnətə duyduğu ehtiyac; sünnətin (başa düşülmək üçün) Qurana duyduğu ehtiyacdan daha çoxdur."

Yenə, eyni sənədlə, Əvzai belə deyir:

Yəhya b. əbi Kəsir dedi: "Sünnət, Kitaba qarşı hökm vericidir. Lakin Kitab, sünnət ilə əlaqəli hökm verici deyildir."

əl-Fadl b. Ziyad dedi:

əbu Abdullah'dan (yəni, imam Əhməddən), sünnətin, Allahın kitabına qarşı hökm verici olduğuna dair rəvayət edilən hədis haqqında soruşuldu. O, belə dedi: "Mən, belə bir söz demərəm. Ancaq: 'Sünnət, Allahın kitabını açıqlayar və bəyan edər.' deyərəm."

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR