Nəhl surəsi 75-ci ayətin təfsiri
ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَمَن رَّزَقْنَـٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُۥنَ ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
"Allah,
~ heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə;
~ dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni
məsəl çəkdi.
Heç onlar, eyni ola bilərlərmi?
Həmd, Allaha məxsusdur, lakin, onların çoxu, bunu bilməz." (Nəhl/75)
--------------------------
Təfsiri:
Bil ki, Allah Taala, bütpərəstlərin inanclarının batil olmasını, bir misal ilə də təkid etmişdir.
Bu ayət ilə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Ayətdəki məsəlin izahı xüsusunda, 2 görüş vardır:
1. Bununla:
"Biz, heç bir şeyə gücü çatmayan bir nökər ilə; gizli-açıq, çoxca nəfəqə verən, zəngin və comərd olan azad bir insan düşünək. Ağıl, açıq və qəti olaraq, hörmət edilmə cəhətindən, bu ikisinin bir-birinə bərabər ola bilməyəcəyinə şəhadət edər. Bundan dolayı,
~ yaradılış;
~ şəkil; və
~ insan olmaq
cəhətindən bərabər olmalarına baxmayaraq, necə bu ikisini bərabər saymaq mümkün deyilsə;
ruzi verməyə və lütf etməyə qadir olan Allah ilə; heç bir şeyə sahib olmayan və qətiliklə heç bir şey edə bilməyəcək olan bütləri bərabər saymaq,
necə mümkün ola bilər?!"
mənası qəsd edilmişdir.
2. Ayətdəki, "...heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə..." ifadəsilə: "kafir" qəsd edilmişdir.
Çünki kafir, Allaha qulluqdan və itaətdən məhrum qalınca; o, sanki, zəlil, fağır və aciz olan bir nökər kimi olur.
Ayətdəki, "...dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni..." təbirilə də: "Allahın əmrlərinə hörmət edən və məxluqata şəfqətli olan mömin" qəsd edilmişdir.
Beləcə, Allah Taala, məqam, şərəf, mərtəbə və Allahın rizasına yaxın olma cəhətindən, bu ikisinin bərabər olmayacağını bəyan etmişdir.
Bil ki, birinci görüş, doğruya daha yaxındır. Çünki, bu ayətin əvvəli və sonrası, tövhidin isbatı və müşriklərə rədd xüsusunda gəlmişdir. Bundan dolayı, ayəti bu mənaya həml etmək, daha əvladır.
------------------------------------
✓ İkinci məsələ:
Alimlər, ayətdəki "...heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə..." ifadəsilə nə qəsd edildiyi xüsusunda, ixtilaf etmişlərdir:
Bundan məqsəd, "bütlər"dir. Çünki,
إِن كُلُّ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَـٰنِ عَبْدًا
"Göylərdə və yerdə olanların hamısı, Rahmən olan Allahın hüzuruna, ancaq bir qul kimi gələcək." (Məryəm/93) ayətinin dəlalət etdiyi kimi, bütlər də, quldurlar, nökərdirlər. Onların, heç bir şeyə gücü çatmayan; özlərinə sahib olunan şeylər olmasına gəlincə, bu, açıqdır.
"...dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsə..." ifadəsilə də: "bütpərəstlər" qəsd edilmişdir. Çünki, Allah Taala, onlara mal vermiş; onlar da, o maldan, həm özləri üçün, həm də özlərinə bağlı olanlara gizli-açıq xərcləyərlər, deyilmişdir.
Bunun belə olduğu sabit olunca, biz deyirik ki:
Bu 2 tərəf, ağlın açıqca göstərdiyi kimi; bir-birinə bərabər ola bilməz. Əksinə, ağıl, gücü olanın, aciz olandan daha yaxşı və üstün olduğuna şəhadət edər. Bax beləcə, ağıl, bütə ibadət edənlərin, bütlərdən üstün olduqlarına şəhadət edər. Elə isə:
Artıq necə olur ki, bütün, qulluq edilmə cəhətindən, aləmlərin Rəbbi olan Allaha bərabər tutulmasına hökm edilə bilir?!
--------------------
Daha sonra, Haqq Taala, "Həmd, Allaha məxsusdur." buyurmuşdur.
Bu xüsusda da, bu izahlar verilmişdir:
1. ibn Abbas (radiyallahu anh): "Bu, Allahın, Öz vəlilərinə, dostlarına verdiklərinə; və onlara tövhidi nəsib etməsinə müqabil olaraq ediləcək bütün həmdlər, Allaha məxsusdur.' mənasındadır." demişdir.
2. Bu, "Bütün həmdlər, Allaha məxsusdur. Heç bir həmd, bütlərə aid ola bilməz. Çünki, bütlərin, heç bir insanda, nemət və lütfü yoxdur." deməkdir. Buna görə, ayətin davamındakı "...lakin, onların çoxu, bunu bilməz." ifadəsi də, "Onlar, bütün həmdlərin Allaha aid olduğunu; heç bir həmdin, bütlər üçün ola bilməyəcəyini bilməzlər." deməkdir.
3. Qadi, təfsirində belə deyir:
Haqq Taala, Öz peyğəmbərinə, "De ki: 'Həmd, Allaha məxsusdur." mənasında əlhəmdulilləh buyurmuşdur. Bunun, Allah Taala'nın, özlərinə gözəl bir ruzi verdiyi kimsələrə bir xitab olması; və onların, bu qüdrət və ruzi xüsusunda, özlərini o aciz nökərlərdən üstün qılmasına qarşılıq Allaha həmd etmələrinin istənmiş olması da, möhtəməldir.
4. Bununla, bu məna da qəsd edilmiş ola bilər:
Allah Taala, bu məsəli zikr edib; bu da, məqsədi ən gözəl bir şəkildə ortaya qoyub açıqlayan bir məsəl olunca; bunun ardınca da, Allah Taala, "əlhəmdulilləh" buyurmuşdur ki, bu, "Bu hüccətin, qüvvətli; və dəlilin də, açıq olmasından dolayı, həmd, Allaha məxsusdur." deməkdir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
