Nəhy nədir?
"Nəhy": "felin edilməməsini tələb etmək"dir.
Bu da, əmr kimi, qətilik ifadə edir. Nəhyə tabe olan, şər'i cəhətdən təriflənər; tabe olmayan da, qınanar. Məsələn:
İstəyərək zinanı tərk edən, təriflənməyə; edən də, qınanmağa haqq qazanar. Quran, nəhy edilən şeylərdən çəkinilməsini,
...وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ...
Və mə ətəkumu'r-Rasulu fəxuzuhu və mə nəhəkum anhu, fəntəhu.
Yəni:
"...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi də nəhy (qadağan) edirsə, ondan çəkinin..." (Haşr/7) ayətilə, açıqca bildirilmişdir.
Çünki nəhy, tələb cəhətindən, eynilə əmr kimi qətilik ifadə etməkdədir.
Bəzi alimlərə görə, nəhy siğası (forması), "mütləq olaraq bir şeyin edilməməsini tələb etmək”dir. Bu, istər qəti olsun, istərsə qəti olmasın. Dolayısı ilə, haram və məkruh, nəhyin şümuluna girməkdədir. Şar'nin bunlardan hansını murad etdiyi, qərinələrdən başa düşülür. Yəni, nəhy də, əmr kimi, siğası ilə nə təkrara, nə 1 dəfə edilməyə, nə davama və nə də zamanla təqyidə dəlalət edir. Məsələn:
Bir kimsə, öz xidmətçisinə, "Ət alma." desə, bu ifadə, onun, daim ət almaqdan əngəlləndiyini göstərməz. Həkim, bir xəstəyə, "Ət yemə." desə, bu da, onun (yəni, xəstənin), sonuna qədər ət yeməməsini gərəkdirməz.
Bəzi alimlərə görə isə, nəhy, siğası ilə davamılılıq ifadə edir. Lakin, vaxtla təqyid edilə bilər. Yuxarıdakı misalda keçən xidmətçi, nə vaxt ət alsa, ağasına üsyan etmiş olar. Ancaq, əvvəlki nəhyini qaldırdığına dair bir bəyanı mövcud olarsa, vəziyyət dəyişər. Nəhy siğası, zaman cəhətindən mütləq və hər hansı bir nass, qərinə və örf ilə muqayyəd deyilsə, mütəmadilik bildirir.
Nəhyin mücərrəd olaraq əngəlləməyi gərəkdirdiyini söyləyənlərə görə, o, fövriyyət (dərhallıq) da ifadə etməz.
Əsl vaz (qoyuluş)'u etibarı ilə davamlılıq bildirdiyini və ancaq bir qeyd mövcud olarsa təqyid ediləcəyini söyləyənlərə görə isə, nəhy, fövriyyət bildirir. Bu görüşdə, bir həqiqət payı vardır.
-----------------------------------
Nəhy'in, fəsada dəlaləti:
İbadət və muamələt (qarşılıqlı davranışlar; fiqhin, ibadətlər xaricində qalan qismini ifadə edir. Yəni, insanın, digər fərdlərlə və cəmiyyətlə münasibətlərini tənzim edən fiqh qaydaları) kimi şər'i bir şey haqqında nəhy varid olarsa, görəsən, bu, o şeyin fəsadını gərəkdirirmi? Məsələn:
~ Bayram günləri oruc tutmaq, nəhy edilmişdir. Bu nəhy, o günlərdə tutulan orucun, fasid olduğunu göstərirmi?
~ İnhisar məqsədilə, bir malı, bazara gəlmədən satın almaq, nəhy edilmişdir. Bu nəhy, belə bir əqdin fəsadını gərəkdirirmi?
~ Birinin bazarlığı bitmədən, eyni malı almaq, nəhy edilmişdir. Bu da, o əqdin fasid olduğunu bildirirmi?
Belə məsələlər qarşısında, alimlər, 3 cür görüş bəyan etmişlərdir:
1. Hənəfi'lərin görüşü:
Buna görə, nəhy edilən şeyin digər şərtləri tamdırsa, nəhy, bunun fasid olmasını gərəkdirməz. Məsələn:
~ Şəkk günü oruc tutulması, nəhy edilmişdir. (Şəkk günü, şaban ayının son günü, yoxsa ramazan ayının ilk günü deyə şübhə edilən gündür.) Bu gündə tutulan oruc, məkruh olmaqla bərabər, səhihdir.
~ Bayram günləri oruc tutulması, nəhy edilmişdir. Tutularsa, batil olmaz; sadəcə məkruh olar.
~ Bazara gətirilən malı yolda almaq, əqd edilmişdirsə, batil deyildir.
~ Birinin talib olduğu qızı, o vaz keçmədən istəmək, ediləcək nikah əqdinin batil olmasını gərəkdirməz. Lakin belə bir əqd, məkruh olmaqla bərabər, səhihdir.
2. Nəhy, bir şeyin fəsadını gərəkdirir. Nəhy edilən şey, istər ibadət, istər muamələt cinsindən olsun. Çünki, əqd və ibadətlərin salamat olması, Şari tərəfindən, sihhətlərinə dair verilən bir hökmlə olur. Bunların nəhy edilməsi, salamat olmalarını iqrar ilə zidd düşməməlidir. Əks təqdirdə, Şari'nin hökmləri, bir-birilə zidd düşmüş olar. Bu, ibadət və muamələtdə, eynidir. Çünki, hamısı, səhih olduqlarına dair hökmü, Şari'nin əmr və nəhylərindən alır.
3. Üsul alimlərindən təhqiq əhlinin görüşü: Bu, orta bir görüşdür. Belə ki:
• Nəhy, ibadət mövzusunda, fəsadı gərəkdirir.
Məsələn: Bayram günlərində oruc tutmaq, nəhy edilmişdir. Bu günlərdə tutulan oruc, batildir.
• Nəhy, muamələt mövzusunda fəsadı gərəkdirməz.
Məsələn: Cümə azanı oxunarkən edilən alış-veriş və ya bazara gələn malı yolda ələ keçirmək üzərə edilən əqd, batil deyildir.
• Nəhyin, ibadətdə fəsadı gərəkdirməsinin dəlili:
İbadətlərin ədasından məqsəd, Allaha yaxınlaşmaqdır. O halda, Allahın nəhy etdiyi şeylə, Ona yaxınlaşılmaz. Digər tərəfdən, ibadətlər, bəzi dini təkliflər (mükəlləfiyyətlər) olub, Allahın əmrilə bağlıdır. Eyni zamanda, Allahın nəhyi də bunlarla bağlı olarsa, bu, əmr edilən şeyin edilməməsini gərəkdirər. Bu təqdirdə, eyni şey, həm əmr edilmiş, həm də nəhy edilmiş olar. Bu isə, ziddiyyətdir. Şari, belə şeydən münəzzəhdir.
• Nəhyin, muamələtdə fəsadı gərəkdirməməsinin dəlili:
Muamələtdə səhih və ya fasid deyə verilən hökm, vazi'dir və əqdin nəticələri, buna görə mötəbər və ya qeyr-i mötəbər olur. Əqdlərin nəticələri, Şari tərəfindən təyin edilən şərt və rüknlərlə bağlıdır. Əgər bunlar gerçəkləşərsə, əqdin nəticələri də gerçəkləşər. Digər tərəfdən, əqd və bənzəri muamələt işləri, dünyəvi şeylər olub, bunlar, Allaha yaxınlıq qazanmaq üçün bir vasitə deyildir. Ancaq bunlar, insanın şəxsi mənfəətilə bağlı mübah şeylərdir. Bununla bərabər, Şari, hər hansı bir məqsədlə müəyyən vaxtlarda alış-verişi nəhy etmiş ola bilər. Bu nəhy edilən vaxtlarda edilən əqdlər, şərt və rüknləri tamdırsa, mötəbər olur. İbadətlər isə, belə deyildir. Bunlar, Allahın qəbuluna tabedir ki, Onun, nəhy etdiyi şeyi qəbul etməsi, imkansızdır.
Üstəlik, nəhy siğası, həm ibadət, həm də muamələt mövzularında, şəxsən fəsadı gərəkdirməz. Çünki, fəsad və sihhətin, onunla əlaqəsi yoxdur. Bunlar, ancaq, bağlı olduqları səbəblərdən iləri gəlir. Nəhy edilən muamələtdə, bu səbəblər, xarici şeylərdir (məsələn, cümə azanı oxunarkən alış-verişin nəhy edilməsi, cümə namazına getmək üçündür. Yoxsa, şəxsən alış-veriş haram olduğu üçün deyildir). İbadətdə isə, lazimə mövqeyindədir. Məsələn, nəhy edilən ibadəti etmək, Allahın qəzəbini gərəkdirir. Halbuki ibadət, Onun razılığını qazanmaq üçün edilir və qəzəb ilə razılıq, cəm olmazlar.
(əbu Zəhra, "Usulul-Fiqh")
