Namaz qılarkən dəstəmaz pozulsa, nə edilməlidir?

Altıncı bab: Namazda ikən, hədəsin vaqe olması (dəstəmazın pozulması)

• Bir kimsənin, namazda dəstəmazı pozularsa, yenidən dəstəmaz alar və əvvəlki qıldığı üzərinə, qalan qismi bina edər (yəni, qalan qismi qılar). "Kənz"də də belədir.

• Bina (namazın qalan qismini tamamlamaq) xüsusunda, kişi ilə qadın, bərabərdir. "Muhit"də də belədir.

• Namazda ikən dəstəmazı pozulma adəti olmayan kimsə, namazını yenidən (və başdan) qılar. "Hidayə""Kafi"də də belədir.

• Namaz əsnasında dəstəmazı pozulunca, isti'naf (namazı başdan başlayıb yenidən qılmaq), daha əfdal (fəzilətli)'dir.

İsti'naf'ın əfdal olması, bəzi alimlərə görə, hər kəs haqqındadır. Bəziləri isə: "İsti'naf, qətiyyətlə, tək başına qılan kimsələr üçün, daha əfdaldır." demişlərdir.

Lakin imam və muqtədi (namazda imama tabe olan kimsə), əgər yeni bir camaat tapa bilərlərsə, isti'naf etmələri (başdan başlayıb yenidən qılmaları), daha əfdaldır.

Əgər camaat tapa bilməzlərsə, -əvvəlki- camaatın savabını qorumuş olmaq üçün, bina etmələri (namazın qalan qismini tamamlamaları), daha əfdaldır. Fətvalarda səhih görülən qövl də, budur. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

--------------------------------

Bina (namazın qalan qismini tamamlama)'ğın şərtləri:

1. Binanın caiz olması üçün, hədəsin, dəstəmaz almağı gərəkdirməsi; bu halın, nadir olmaması; səmavi olmaması; qulun, bu hədəsdə və bu hədəsin meydana gəlmə səbəbində, öz istəyinin olmaması, şərtdir. "Bahru'r-Raiq"də də belədir.

• Bir kimsənin namaz üçün dəstəmazı, idrarla (kiçik tualet), ğait (böyük tualet) ilə, qaz çıxması ilə və ya burun qanaması ilə pozulduğu vaxt, əgər bunlar, qəsdən olmuşdursa, namazı ifsad olmuşdur. Bu namazda, bina edilə bilməz. (Yəni, dəstəmaz təzələnib namazın qalan qismi tamamlana bilməz.)

Əgər bu kimsə, dəstəmazı qəsdən pozmamış olduğu halda, dəstəmazın pozulma şəkli, qüslü də gərəkdirərsə (şəhvətlə məninin çıxması kimi), o kimsə, yenə, namazı bina edə bilməz.

Dəstəmazın pozulma şəkli, qüslü deyil, sadəcə dəstəmazı gərəkdirdiyi halda, bu pozulma, insanın öz iradəsilə olarsa, yenə, namaz, bina edilə bilməz. Buna, imam əbu Yusuf müxalifət etmişdir. "Xülasə"də də belədir.

• Bir kimsə, öz qəsdi olmadan, özünə, ağız dolusu qusmaq qələbə çalarsa, o kimsə, danışmadan dəstəmazını təzələyər və namazını bina edər. Öz istəyilə qusarsa, namazını bina edə bilməz. "Muhit"də də belədir.

• Namaz qılan bir kimsəyə, öz felinin xaricində hədəs vaqe olsa, -(yəni, dəstəmazı pozulsa), başına bir fındıq dəyməsi və ya başqa birinin atdığı daş və ya bənzəri bir şeyin dəyib başını yarması və yaxud da birinin, yarasına toxunub qanatması kimi- imam əbu Hənifə və imam Muhamməd'ə görə, o kimsənin namazı bina etməsi, caiz olmaz. "Tahavi şərhi"ndə də belədir.

• Bir kimsə, namaz qılarkən, damdan kərpic və ya taxta düşsə və bu kimsənin başı yarılsa; əgər bunların düşməsi, damdan birinin keçməsi səbəbilə olarsa, o kimsə, dəstəmaz alıb namazına davam edər (yəni, bina edər). İmam əbu Yusuf, bu görüşə müxalifdir.

Lakin, bu şeylər, bir kimsənin keçməsi səbəbilə düşməmişdirsə, alimlərimizdən,

~ bir qismi: "Bu kimsə, yenə namazını -xilafsız olaraq- bina edər." demişlər;

~ bir qismi isə: "Muxayyər (seçimində sərbəst)'dir, istərsə bina edər; istərsə də, başdan qılar." demişlərdir. Səhih olan da, budur.

• Bir kimsə, bir ağacın altında olduğunda, ağacdan bir meyvə düşərək bu şəxsdə bir yara açsa, hökm, yenə belədir.

• Namaz qılan kimsənin, ayağına; və ya səcdə edərkən alnına tikan batsa və bunda, özünün bir qəsdi olmadığı halda, tikan batan yerdən qan çıxsa, bu halda, namazını bina etməz.

• Bir kimsəni, eşşək arısı sancsa və bundan dolayı da, o kimsədən qan çıxsa, hökm, yenə belədir.

"Bir kimsə, asqırmış olsa, bu səbəblə də, dəstəmazı pozulsa; və ya öskürsə, öskürəyin şiddətilə özündən qaz çıxmış olsa, bu halda, yenə, namazını bina edə bilməz." deyilmişdir. Səhih olan da, budur. "Zahiriyyə"də də belədir.

• Bir qadının təharət bezi, onu yerindən oynatmaq səbəbilə düşmüş və öz istəyi olmadan da bu bez islanmış olsa, alimlərimizin hamısının qövllərinə görə, bu qadın, namazını bina edər. İmam əbu Yusuf'a görə, bu qadın, bezi yenidən oynatması səbəbilə, namazını bina edər. Digər imamlara görə, bu halda, namaz bina edilməz. "Təbyin"də də belədir.

• Əgər bir kimsənin çibanından qan axarsa, o kimsə, dəstəmaz alar, qanı yuyar və namazını bina edər.

• Bir kimsə, qanı axana qədər çibanını sıxmış olsa və ya diz qapağında çiban olsa, səcdə edərkən dizləri üzərinə çökdüyü üçün, bu çiban parçalanıb açılsa; bu hal, qəsdən dəstəmazı pozmaq yerində olduğu üçün, o kimsə, qıldığı namazının üzərinə, qalan rükətləri bina edə bilməz. "Muhit"də də belədir.

• Bir kimsə, namaz qılarkən özündən getdiyi; və ya cinnət keçirdiyi; yaxud qəhqəhə ilə güldüyü və yenə namaz içində bu hallardan qurtulduğu vaxt, dəstəmaz alar və namazına, qaldığı yerdən davam edər.

Yenə, namazda yatıb, ihtilam olan kimsənin, namazını, -qüsl etdikdən sonra- bina etməməsi, müstəhsən görülmüşdür.

• Bir kimsə, -namaz içində- qadının fərcinə baxdığı vaxt, inzal vaqe olarsa, -qüsl edib- namazını bina edə bilməz.

Və ya namaz qılan bir kimsənin paltarına dirhəm miqdarından çox sidik saçılsa, o kimsə, dərhal qayıdıb onu yuyar. Bu halda, "Zahiru'r-Rivayə"yə görə, namaz, bina edilməz. "Tahavi şərhi"ndə də belədir.

 

2. Binanın caiz olmasının şərtlərindən biri də, namazda dəstəmazı pozulan kimsənin, dərhal dönüb heç gözləmədən dəstəmaz almağa getməsidir.

Hətta, namaz qılan bir kimsə, dəstəmazsız bir rükn əda etsə; və ya olduğu yerdə, bir rükn əda edəcək qədər gözləsə, o kimsənin namazı, pozular.

Namaz içində dəstəmazı pozulan bir kimsə, dəstəmaz almağa gedərkən Quran oxumuş olsa, namazı, pozular; lakin, dəstəmaz aldıqdan sonra geri qayıdarkən, Quran oxusa, namazı pozulmaz. Bunun əksini deyənlər də, vardır. Yəni, bunlar: "Dəstəmaz almağa gedərkən Quran oxusa, namazı pozulmaz; lakin gələrkən oxusa, pozular." demişlərdir. Səhih olan isə, hər 2 halda da, bu kimsənin namazının pozulacağıdır.

Dəstəmaz almağa gedərkən, təsbih və təhlil etmək (yəni, subhanallah və lə iləhə illəllah demək), əsahh (ən doğru) olan qövlə görə, binaya mane deyildir. "Təbyin"də də belədir.

• Bir imamın, ruku əsnasında dəstəmazı pozulsa və bu halda, başını qaldırıb "səmiallahu limən həmidəh" desə; və ya səcdədə dəstəmazı pozulunca, başını qaldırarkən "Allahu əkbər" desə; əgər namaz qılan kimsə, bunları söyləməklə, rüknün ədasını qəsd edirsə, onun namazı, tamamilə pozular. Bunları söyləməklə, rüknün ədasını qəsd etməməsi halında isə, bu xüsusda, əbu Hənifə'dən 2 rəvayət vardır. "Kafi"də də belədir.

• İmamın səcdədə dəstəmazı pozular və "Allahu əkbər" deyərək, başını səcdədən qaldırsa, namazı pozular. Lakin, təkbir gətirmədən qaldırsa, namazı, tamamilə pozulmaz; öz yerinə, birini imam olaraq keçirər. "Vəcizu'l-Kərdəri"də də belədir.

• Bir kimsə, namazda yatsa və yatarkən dəstəmazı pozulsa və o kimsə, dəstəmazı pozular-pozulmaz oyansa; və oyanınca da dərhal dəstəmaz alsa, namazını bina edər.

Oyanınca bir müddət gözləyib dərhal dəstəmaz almağa getməyən kimsənin namazı, tamamilə pozular. "Mi'racu'd-Dirayə"də də belədir.

 

3. Binanın caiz olmasının şərtlərindən biri də, dəstəmaz pozulunca, namaza mane olan bir hərəkət etməməkdir.

Çünki, namaz qılan kimsənin, əgər dəstəmazı pozulmamış olsaydı, namaza mane olan bu işlərin heç birini etməzdi.

Və ya namazda dəstəmazı pozulan kimsənin edəcəyi iş, edilməsi zəruri olan işlərdən olmalıdır.

Namaz içində dəstəmazı pozulan bir kimsə,

~ danışdığı; və ya

~ dəstəmazı qəsdən pozduğu; və ya

~ qəhqəhə ilə güldüyü; və ya

~ yeyib-içdiyi; və yaxud da

bunlara bənzər şeylər etdiyi vaxt, o kimsənin, namazını bina etməsi, caiz olmaz.

Yenə, namaz içində əqli müvazinəsini itirən və ya özündən gedən; və ya cünub olan bir kimsənin, bu hallarda, namazını bina etməsi, caiz olmaz.

Yenə, namaz içində, bir qadının fərcinə baxmasından dolayı məni'si gələn kimsənin də, namazını bina etməsi, caiz olmaz. "Tahavi şərhi"ndə də belədir.

• Namaz içində dəstəmazı pozulan kimsə, möhtac olduğu suyu istəyərək və ya quyudan su çəkərək dəstəmaz alar və namazını bina edər.

İstinca edərkən (qan, sidik, məni kimi şeylərin çıxdıqları yerləri təmizləyərkən), övrət məhəlli açılan bir kimsənin, namazını bina etməsi, batil olar. Lakin bu kimsə, istincasını, paltarının altından gizlicə etsə, namazını bina edə bilər. "Bədai"də də belədir.

• Namaz qılan kimsənin dəstəmazı pozulduğu vaxt, dərhal dəstəmaz almağa gedər. Bu əsnada, dəstəmaz alan kimsə, övrət məhəllini açar və ya övrət yeri -o kimsənin qəsdi olmadan- açılarsa, bunun haqqında, əbu Əli ən-Nəsəfi: "Bu kimsə, əgər örtünmə imkanı tapa bilməmişdirsə, namazı, tamamilə pozulmaz." demişdir. "Nihayə" şərhində də belədir.

• Ayaqlarını('n üstünü) dəstəmaz üçün açan qadının namazı, batil olar. Səhih olan da, budur.

• Namaz içində dəstəmazı pozulan kimsə, dəstəmaz aldığı vaxt, dəstəmaz əzalarını 3 dəfə yuyaraq, başını məsh edərək, mazmaza (ağzı yaxalayaraq), istinşaq (burnu yuyaraq) və digər sünnətlərini yerli-yerində edərək, dəstəmazını alar. Səhih olan da, budur.

• Lakin bu kimsə, dəstəmaz əzalarını 4 dəfə yusa, namazı, yenə başdan qılar. "Tatarxaniyyə"də də belədir.

• Namazda ikən dəstəmazı pozulan bir kimsəyə, su, uzaqda; və ya su quyusu, yaxında olarsa, bu kimsə, muxayyər (seçimində sərbəst)'dir. Zəhməti ən az olanını seçər; istərsə, suya gedər; istərsə də, quyudan su çəkərək dəstəmazını təzələyər. Quyudan su çəkdiyi vaxt, namazını bina etməz, yenidən qılar. Səhih olan da, budur. "Mudmarat"da da belədir. Muxtar olan da, budur.

• Namaz qılarkən dəstəmazı pozulan bir kimsə, evində su varkən, onunla dəstəmaz almayıb dəstəmaz almaq üçün hovuza gedər; və bu halda, evi də, hovuzdan yaxın olarsa, əgər aralarındakı məsafə, 2 səf miqdarıdırsa, namaz, -tamamilə- pozulmuş olmaz. Lakin, hovuz ilə ev arasındakı uzaqlıq fərqi, 2 səfdən çoxdursa, bu kimsənin namazı, tamamilə pozular. Onun üzərinə, namazın qalan qismini bina edə bilməz.

• Bu kimsənin evində su olsa; dəstəmazını hovuzdan almaq, bu kimsənin adəti olsa; və ya bu kimsə, evdə su olduğunu unudaraq hovuza getsə; və orda dəstəmazını alsa, namazını bina edər. "Xülasə"də də belədir.

• Namazda dəstəmazı pozulan kimsə, hovuzun başında yer olduğu halda, ordan daha iləri keçdiyində, əgər bu keçmək, yerin dar olması kimi bir səbəbdən dolayı olmuşdursa, namazını bina edər; əks təqdirdə, bina edə bilməz. "Vəcizu'l-Kərdəri"də də belədir.

• Namazda dəstəmazı pozulan kimsə, dəstəmaz aldıqdan sonra, başını məsh etmədiyini xatırlayaraq, gedib başını məsh etsə, bu halda, namazı bina etməsi, caizdir. Lakin, əvvəl xatırlamaz, namaza başladıqdan sonra xatırlayarsa, gedib başını məsh edər və namazını yenidən qılar. "Xülasə"də də belədir.

• Bir kimsə, paltarını unutmuş olsa, qayıtsa və paltarını geyinsə, namazı, yenidən qılar. "Tatarxaniyyə"də də belədir.

• Bir kimsənin, məsciddə dəstəmazı pozulsa və çölə çıxıb içində su olan bir qabdan dəstəmazını alsa və o qabı da, namaz qıldığı yerə aparsa, əgər qabı bir əlilə götürmüşdürsə, namazını bina edər. "Muhit"də də belədir.

• Namazda ikən dəstəmazı pozulan kimsə, dəstəmaz almaq üçün evinə gəlsə; qapını bağlı görsə, onu açıb dəstəmazını alar. Çıxınca da, oğru qorxusundan dolayı qapını bağlasa, namazını bina etməsi, caizdir. Belə bir qorxu yoxdursa, bina etməsi, caiz olmaz. "Tatarxaniyyə"də də belədir.

• Namazda dəstəmazı pozulan kimsə, dəstəmaz alacağı qabı doldurar və onu tək əlilə daşıyarsa, namazını bina edər. 2 əlilə daşıyarsa, bina etməsi, caiz olmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Namaz qılan kimsəyə, namazın cəvazına mane bir pislik isabət etsə, onu yuyar. Əgər o pislik, xaricdən isabət etmişdirsə, o kimsə, namazı bina edə bilməz. Buna, əbu Yusuf müxalifdir. Pislik, əgər özündən isabət etmişdirsə, o kimsə, namazını bina edər. "Təbyin"də də belədir.

• Paltarına pislik bulaşan kimsə, o saat, onu çıxarıb, başqa bir paltarı geyinmə imkanına sahibdirsə, o kimsənin elə edib, namazını bina etməsi, caizdir.

Əgər o saat çıxarıb başqa bir paltar geyinmə imkanı olmaz və o pis paltar ilə bir rükn əda edərsə, icma ilə, namazı pozular. Əgər namazdan bir cüz əda etmədən, eləcə bir müddət gözləmiş olsa belə, namazı pozulmaz. O saat çıxarmaq mümkün olduğu və başqa bir paltarı da olduğu halda çıxarmamış və bu halda, namazdan da bir cüz qılmamışdırsa, bu hal haqqında, əshabımızın ixtilafı vardır. Əbu Hənifə ilə əbu Yusuf: "Bu kimsənin namazı, pozular." demişlərdir. "Muhit"də də belədir.

• Bir kimsənin, namazda dəstəmazı pozulsa, dərhal qayıdıb dəstəmaz alar. Bu dəstəmazını qəsdən pozarsa, bu kimsənin, namazı bina etməsi, caiz olmaz. "Fətəva Qadıxan"da da belədir.

 

4. Bina'nın caiz olmasının şərtlərindən biri də: ilk dəstəmazın pozulması üzərinə alacağı ikinci dəstəmazın pozulmasını gərəkdirən bir halın mövcud olmamasıdır. "Bahru'r-Raiq"də də belədir.

• Məstlərinin üzərinə məsh etmiş olan bir kimsənin, namaz içində dəstəmazı pozulsa, dəstəmaz almaq üçün getsə və dəstəmaz alarkən məsh müddəti bitsə, namazını yenidən qılar. Səhih olan da, budur.

Təyəmmümlə namaz qılmaqda olan bir kimsənin dəstəmazı, namaz içində pozulsa, dəstəmaz almağa gedincə də su tapsa, bu kimsə də, namazını, bina edə bilməz.

Üzrlü qadın da, belədir. Yəni, üzrlü qadın, namaz qılarkən dəstəmazı pozulsa, dəstəmaz almağa gedincə də üzrü bitsə, bu qadın da, namazını bina edə bilməz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Sarğısının üzərinə məsh etmiş olanın, yarası sağalar; və ya yarası qanayanın namazının vaxtı çıxarsa, bunlar da, namazlarını, -yuxarıdakı kimi- bina edə bilməzlər. "Tatarxaniyyə"də də belədir.

Bina'nın caiz olmasının şərtlərindən biri də, imama iqtida etmiş olan kimsə, namazda dəstəmazı pozulduğu vaxt, dəstəmazını təzələyər və imam, namazını bitirmədən və aralarında iqtidaya mane bir hal olsa belə, imama qayıdar.

Əgər imam, namazı bitirmişdirsə, bu kimsə, öz başına namazını bina edər; imama qayıtmaz. Bu halda, imama qayıdarsa, namazının pozulub-pozulmayacağı xüsusunda, ixtilaf vardır. Əgər imamla arasında bir maneə yoxdursa, qayıtmadan, olduğu yerdən imama tabe olar. "Bahru'r-Raiq"də də belədir.

• Namazı tək başına qılan kimsə, dəstəmaz aldıqdan sonra, namazı tamamlama xüsusunda, evi ilə namaz qıldığı yer arasında, muxayyərdir. Lakin, namaz qıldığı yerə qayıtması, daha əfdaldır. "Kafi"də də belədir.

• İmam da, tək başına namaz qılan kimsə kimidir. Yerinə keçirdiyi imam, namazı bitirməmişdirsə, qayıdıb ona tabe olar; əgər bitirmişdirsə, öz başına namazını bina edər. "Vuqayə şərhi"ndə də belədir.

 

5. Bina'nın caiz olmasının şərtlərindən biri də: Dəstəmazı pozulan kimsə, tərtib sahibidirsə, dəstəmazı pozulduqdan sonra, üzərində olan qəza namazını xatırlamamasıdır. "Bahru'r-Raiq"də də belədir.

 

6. Bina'nın caiz olmasının şərtlərindən biri də, namaz qıldırmaqda olan imamın dəstəmazı pozularsa, öz yerinə (imamlığa) əhil olmayan birini, keçirməməsidir.

Bu imam, əgər yerinə bir qadını və ya bir uşağı keçirmiş olarsa, namazını, başdan qılar. "Bahru'r-Raiq"də də belədir. Bina isə, edə bilməz.

-----------------------------------------------

İstixlaf

İstixlaf: "Namaz içində, hər hansı bir səbəbdən dolayı, imamın, öz yerinə, başqa birini keçirməsi" deməkdir.

• Namazın bina'sının caiz olduğu hər yerdə, imamın da, öz yerinə, bir başqasını keçirməsi, caizdir.

Namazın binasının səhih olmadığı yerlərdə isə, istixlaf yoxdur.

• Başlanğıcda imam olmağa əlverişli olan hər şəxsin, imamın dəstəmazı pozulunca, onun yerinə keçib imam olması da, əlverişlidir.

Başlanğıcda imamlığa əlverişli olmayan kimsənin, imamın hədəsi (dəstəmazının pozulması) halında, onun yerinə keçməsi də, doğru olmaz. "Muhit"də də belədir.

 

İstixlafın şəkli:

Namazda dəstəmazı pozulan imam, burnunun qanadığı zənnini vermək üçün, əlini, burnunun üzərinə qoyaraq və əyilərək, geriyə çəkilər; arxasındakı səfdən birini, iləri keçirər. Və bu işi, danışaraq deyil; işarətlə edər. Səhrada, səfləri keçmədən; məsciddə isə, çölə çıxmadan, imamın, yerinə bir başqasını keçirmə haqqı vardır. "Təbyin"də də belədir.

• İmamın dəstəmazı pozulduğu vaxt, öz yerinə, səfləri bir-birinə bitişik olduğu halda, məscidin xaricindən birini keçirməsi, səhih olmaz. Əbu Hənifə və əbu Yusuf'un görüşlərinə görə, bu halda, camaatın namazı pozular; imamın namazının pozulub-pozulmayacağı xüsusunda isə, iki rəvayət vardır. Əsahh (ən doğru) olan, onun da namazının pozulacağıdır. "Fətəva Qadıxan"da da belədir.

• İmam üçün əvla olan, məsbuqu yerinə keçirməməsidir. Əgər imam, məsbuqu yerinə keçirmək istəsə, münasib olan, onun (məsbuqun) qəbul etməməsidir. Qəbul etmiş olarsa, bu da, caizdir. "Zahiriyyə"də də belədir.

• İmam, məsbuqu iləri keçirərsə, məsbuq, imamın qaldığı yerdən başlayar. Salam vermə vaxtına gəlincə, məsbuq, bir mudrik (camaatla namaz qılarkən, iftitəh təkbirini imamla birlikdə gətirən; namaza imamla birlikdə başlayan; və namazın başından sonuna qədər imama tabe olan kimsə)'ni iləri keçirər. Müdrik, camaatla birlikdə salam verər.

Namazı tamamlanan imam, qəhqəhə ilə gülər; dəstəmazını qəsdən pozar; danışar; və ya məsciddən çıxarsa, həm özünün, həm də camaatın namazı, tamamilə pozular.

Birinci imama gəlincə, əgər o, namazını qılıb bitirmişdirsə, onun namazı, pozulmaz; əgər bitirməmişdirsə, onun da namazı, pozular. Səhih olan da, budur. "Hidayə"də də belədir.

• İmamın dəstəmazı, namaz içində

~ rukuda pozulmuşdursa, yerinə keçirdiyi imama, barmağını, dizinin üstünə qoyaraq işarət edər;

Əgər dəstəmazı,

~ səcdədə pozulmuşdursa, barmağını alnına qoyaraq, işarət edər;

Əgər

~ oxuyarkən (yəni, qiyamda) pozulmuşdursa, barmağını, ağzına qoyar.

Əgər geridə 1 rükəti qalmışdırsa, bir barmağı ilə; 2 rükəti qalmışdırsa, 2 barmağı ilə işarət edər.

Tilavət səcdəsi üçün, barmağını, alnına və ağzına qoyaraq işarət edər. Səhv səcdəsi üçün isə,

barmağını, qəlbinin üzərinə qoyar. "Zahiriyyə"də də belədir.

• İmam, bu işarətləri, yerinə keçirdiyi adam bu halı bilmirsə, edər; əgər, halı bilən biridirsə, bu işarətləri etməsinə ehtiyac qalmaz. "Tatarxaniyyə"də də belədir.

• Bir kimsə, 4 rükətli bir namazda, bir imama tabe olsa, imamın da dəstəmazı pozulsa və yerinə bu kimsəni keçirsə; əgər bu şəxs, imamın neçə rükət qıldığını və geridə neçə rükət qaldığını bilməzsə, bu kimsə, bu halda, 4 rükət namaz qılar və ehtiyat gərəyi, hər rükətdə də oturar. "Fətəva Qadıxan"ın "Məsbuq bölməsi"ndə də belədir.

• Namaz içində dəstəmazı pozulan imam, yerinə bir lahiqi keçirmiş olsa; lahiq, camaata işarət edərək nöqsanını tamamlayar və sonra, camaatla namaza davam edər. Əgər belə etməz və öz üzərində olanı ertələyib imamın qaldığı yerdən davam edərsə; salam vermə yerinə qədər çatar və burda, yerinə başqa birini keçirər; bu yeni imam da, camaatla salam verər. Bu, bizə görə, caizdir. "Mudmarat"da da belədir.

• Namazda dəstəmazı pozulan imam,

~ məsciddən çıxmadıqca; və ya

~ yerinə başqa birini gətirib o kimsə də imam məqamında, camaata imam olmağa niyyət etmədikcə; və ya

~ camaat, bir başqasını imamın yerinə keçirmədikcə,

imamlıq haqqına sahibdir. Hətta bu hallardan biri olmasa da, dəstəmazı pozulan bir imam, məscidin bir tərəfində dəstəmaz alsa və camaat da onu gözləmiş olsa, imamın, öz yerinə qayıdıb onlarla bərabər namazı tamamlaması, caiz olar.

Əgər yerinə bir imam keçirməz; camaat da bu işi etməz; və imam, məsciddən çıxarsa, camaatın namazı, fəsada gedər. İmam isə, dəstəmazını alıb namazını bina edər. Çünki imam, öz nəfsində, münfərid (tək başına namaz qılan) kimidir. "Muhit"də də belədir.

• Əgər bir kimsə, özlüyündən, dəstəmazı pozulan bir imamın yerinə keçər; və imam məsciddən çıxmadan əvvəl imamın yerinə durarsa, bu da, caizdir. Lakin o şəxs, mehraba çatmadan, imam məsciddən çıxarsa, o şəxsin də, camaatın da namazı, pozular; əvvəlki imamın namazı isə, pozulmaz. "Fətəva Qadıxan"da da belədir.

• İmamın arxasında bir tək şəxs olduğu vaxt, imamın dəstəmazı pozulmuş olsa, imam, təyin etsə də, etməsə də, o şəxsin imam olacağı, açıqdır.

• Dəstəmazı pozulan imam, bir şəxsi; camat da, başqa bir şəxsi iləri keçirsə, əsl olan, imamın iləri keçirdiyi şəxsdir. Ancaq, camaat, imamın iləri keçirdiyi şəxsdən daha əvvəl, özlərinin iləri keçirmiş olduqları imama tabe olmuşlardırsa, bu halda, imam, camaatın iləri keçirdiyi imamdır.

• Əgər camaatdan ayrı-ayrı topluluqlar, hər biri, ayrı-ayrı bir imamı iləri keçirmişlərsə, bu halda, sayca çox olan topluluğun iləri keçirdiyi imama etibar olunur. Topluluqlar, sayca bərabərdirlərsə, hamısının da namazları pozular.

İləri, 2 nəfər keçəcək olsa, haqq, daha əvvəl imamın yerinə çatanındır. Bu 2 nəfər, -imamın yerinə- eyni anda çatar və camaatın bir qismi, birinə; digər qismi də, digərinə iqtida edərlərsə, camaatdan daha çoxunun tabe olmuş olduğu tərəfin namazı, səhih; az olan tərəfin namazı isə, fasid olar.

Camaat, sayca bərabər olduğu təqdirdə, tərcih mümkün olmadığından, hər 2 tərəfin namazları da, səhih olmaz. "Təbyin"də də belədir.

• Dəstəmazı pozulan bir imam, son səfdə olan bir şəxsi yerinə keçirsə və sonra məsciddən çıxsa; əgər imamın yerinə keçirdiyi kimsə, o əsnada imamlığa niyyət edərsə, imam olar. Bu halda, əvvəlki imamın dayandığı yerlə, yeni imamın arasında olanlar və sağ və sol tərəfdə dayananların namazları, pozular. Lakin bu kimsə, əvvəlki imamın məqamına (dayandığı yerə) çatınca, imamlığa niyyət edər və bu şəxs, mehraba çatmadan, əvvəlki imam məsciddən çıxmış olsa, hamısının da namazı, pozulmuş olar.

• Bu halda, imamın yerinə keçən şəxsin və camaatın namazlarının caiz olmasının şərti, imamın yerinə keçən şəxsin, imam məsciddən çıxmadan əvvəl mehraba çatıb imamın yerində dayanmasıdır. "Bahru'r-Raiq"də də belədir.

• Dəstəmazı pozulan bir imam, yerinə birini keçirdiyində, o şəxsin də dəstəmazı pozular və o da yerinə bir başqasını keçirərsə, bu hal haqqında, Fadli: "Əvvəlki imam, məsciddən çıxmamış və üçüncü imam da, imamın yerinə çatmamışdırsa, bu, caiz olar. Hal, sanki o şəxs, öz nəfsini iləri keçirmiş və ya əvvəlki imam, onu iləri keçirmiş kimi olar; hal belə olmazsa, caiz olmaz." demişdir. "Xülasə"də də belədir.

• Bir imamın, namazda dəstəmazı pozulsa və yanında da heç kim olmasa, bu halda, bir adam gəlib camaat olana qədər, o imam, məsciddən çıxmaz. Və sonra isə, çıxar. İkinci adam, əshabımıza görə, birincinin xəlifəsi (yerinə keçirdiyi kimsə) olar. "Zahiriyyə"də də belədir.

• Bir imam, namazda, qiraətdən (Qurandan oxumaqdan) aciz qaldığı vaxt, yerinə, birini keçirər. Bu, namaz caiz olacaq qədər oxuya bilmədiyi və ya utanmaq və yaxud da qorxu halı vaxtı olar; unutmaqdan dolayı, belə edilməz. Lakin imam, namaz caiz olacaq qədər oxumuşdursa, yerinə, heç kimi keçirməz; rukuya gedər və namazına davam edər. Əgər bu halda yerinə başqasını keçirmiş olarsa, namazı, fasid olar. Çünki, belə etməyə ehtiyac yoxdur. "Təbyin"də də belədir.

• İmam, oxumağı unutduğu vaxt, yerinə birini keçirməsi, əsla caiz olmaz. Bunda, icma vardır. "Ayni"də də belədir.

• Bir səfəri, digəri bir səfəriyə tabe olduğunda, imam olan səfərinin dəstəmazı pozular və

~ yerinə, bir muqimi imam olaraq keçirərsə, arxasındakı səfəri, namazını dörd rükətə tamamlamaz; 2 rükətdə salam verər. Əgər

~ yerinə, səfəri olan birini keçirər və bu şəxs də, iqamətə niyyət edərsə, arxasındakı camaat içində olan səfərilər, namazlarını tamamlamazlar.

Səraxsi'nin "Muhit"inin "Səfərilərin namazı bölməsi"ndə də belədir.

---------------------------------------

Bu mövzu ilə bağlı, bəzi məsələlər:

"Dəstəmazım pozuldu." zənni ilə məsciddən çıxan bir kimsə, sonra dəstəmazının pozulmadığını başa düşsə, namazını qılmağa, yenidən -başdan- başlayar. Bu şəxs, məsciddən çıxmamışdırsa, namazını bina edər (yəni, geri qalanını qılar). "Hidayə"də də belədir.

• Yuxarıdakı hal, bir kimsənin,

~ namaza dəstəmazsız başladığını zənn etməsinin; və ya

~ məsh müddətinin bitdiyini zənn etməsinin; və ya

~ təyəmmümlü ikən sərabı (gözə su kimi görünən görüntü) görüb su zənn etməsinin; və ya

~ tərtib sahibidirsə, zöhr namazında ikən, sabah namazını qılmadığını zənn etməsinin; və ya

~ paltarında bir qırmızılıq görüb onu pislik zənn etməsinin

xilafınadır. Bu hallarda, -həqiqəti başa düşüb- geri qayıtsa, namazı pozular; bina isə, caiz olmaz.

• Ev, musalla (namazgah, namaz qılmağa aid açıq yer) və cənazə namazı qılınan yerlər də, məscid hökmündədir. Səhradakı səflər də, məscid hökmündədir.

Bir kimsə, imamlıq üçün iləri keçmiş olsa, əgər qarşısında sütrə yoxdursa, arxasındakı səflərin məsafəsinə etibar olunur. Əgər qarşısında sütrə varsa, hüdud, sütrədir. "Təbyin"də də belədir.

• Bir kimsə, tək başına namaz qılırsa, səcdə yeri, məsciddə olduğu kimidir. Sağı, solu və arxası da, belədir. Yəni, bu məsafələr qədər olan məsafə, məscid hökmündədir. "Muhit"də də belədir.

• Qadının, musalla'da dəstəmazı pozulsa, namazı ifsad olar. Çünki, musallanın məscid hökmündə olması, -sadəcə- kişilər haqqındadır. (Yəni, qadın, -burda- namazını bina edə bilməz.) "Təbyin"də də belədir.

• Namaz qılan bir kimsə, dəstəmazının pozulacağından qorxub namaz qıldığı yerdən ayrılsa və sonra da dəstəmazı pozulsa, o kimsənin, namazını bina etmə haqqı yoxdur. "Fətəva Qadıxan"da da belədir.

(əl-Fətəva əl-Hindiyyə)

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR