Namazda qibləyə yönəlmək

• Fərz, vacib və nafilə namaz qılan; tilavət səcdəsi edən; cənazə namazı qılan kimsələrdən heç birinin, bu namazların ədaları və qəzaları əsnasında, qiblə istiqamətinin xaricində başqa bir yerə dönmələri, caiz deyildir. Yalnız, qiblə istiqamətinə dönərlər. "Siracu'l-Vəhhac"da da belədir.

• Məkkədə olanlar üçün, qiblə, şəxsən Kəbə'dir. Bu xüsusda, alimlərin ittifaqı vardır. Kəbənin, şəxsən özünə dönmələri lazımdır. "Fətəva Qadıxan"da da belədir.

• Məkkə şəhərində namaz qılan kimsə ilə Kəbə arasında, divar kimi bir hailin (maneə, pərdə, örtü) olmasında və ya olmamasında, bir fərq yoxdur. "Təbyin"də də belədir.

• Evində namaz qılan bir Məkki'nin (Məkkəli'nin), namazı, tam Kəbəyə dönərək qılması lazımdır. Hətta o kimsə ilə Kəbə arasındakı divarlar qaldırılacaq olsa, Kəbənin, o adamın qarşısına çıxması lazımdır. "Kafi"də də belədir.

• Bir kimsə, Kəbə daxilində, üzünü Hatim'ə çevirərək namaz qılmış olsa, o kimsənin namazı, caiz olmaz. "Muhit"də də belədir.

• Məkkənin xaricində olan kimsə də, yönünü, Kəbə cəhətinə çevirər. Ammə'nin (ümumun) görüşü, budur. Səhih olan da, budur. "Təbyin"də də belədir.

• Kəbə cəhəti, işarətlə bilinir. Şəhərlərdə, işarət; kəndlərdə, əlamət, mehrablardır. Səhralarda, dəlil ilə, ulduzlardır. "Fətəva Qadıxan"da da belədir.

• Qibləyə yönəlməkdə mötəbər olan şəkil: Kəbə binasının xaricində, beytin məkanına (Kəbənin yerinə doğru) dönməkdir.

"Fətəva əl-Hüccət"də: "Kəbənin olduğu yerə dönmək, dərin quyulurda, yüksək dağlarda və Kəbənin xaricində də caizdir. Çünki Kəbə, 7 qat yerin altından, 7 qat səmanın üstünə, ta ərşə qədər Kəbə'nin hizasıdır." deyilmişdir. "Mudmarat"da da belədir.

• Kəbənin içində və ya damında namaz qılan bir kimsə, namaz qılarkən hansı tərəfə dönmüş olarsa olsun, qıldığı namaz, caizdir.

• Bir kimsə, Kəbənin divarında namaz qılmış olsa, əgər üzünü Kəbənin tavanına dönmüş olsa, namazı caiz olar; deyilsə, caiz olmaz. "Muhit"də də belədir.

• Yatalaq xəstəsinin, qibləyə dönməyə gücü çatmaz və yönünü dəyişəcək bir kimsə də olmasa, o yatalağın, üzünü, istədiyi tərəfə çevirməsi, caizdir. "Xülasə"də də belədir.

• Yenə, bu kimsənin üzünü Qibləyə tərəf çevirəcək biri olsa, lakin döndürülmək xəstəyə zərər verəcək olsa, bu kimsənin, üzünü istədiyi tərəf çevirməsi, caizdir. "Zahiriyyə"də də belədir.

• Qorxan bir kimsə, gücünün çatdığı tərəfə dönərək namazını qılar. Burda, "qorxmaq", istər düşməndən, istərsə yırtıcı heyvandan, istərsə oğrudan olsun, eynidir, aralarında bir fərq yoxdur.

• Qibləyə döndüyü vaxt, dənizdə boğulacağından qorxan kimsə də, yönünü, Qibləyə çevirmədən namaz qıla bilər.

• Bir üzr səbəbilə fərz namazı və ya üzrsüz olaraq nafilə bir namazı, heyvan üzərində qılacaq olan bir kimsə də, yönünü qibləyə çevirmədən, namaz qıla bilər. "Munyətu'l-Musalli"də də belədir.

• Gəmidə, fərz və ya nafilə namaz qılmaq istəyən bir kimsənin, Qibləyə dönməsi lazımdır. Gəmidə olan bir kimsənin, yönünü, istədiyi tərəfə çevirərək namaz qılması, caiz olmaz.

Qibləyə dönüb gəmidə namaz qılan bir kimsənin yönü, gəminin dönməsilə qiblədən ayrılmış olsa, o kimsə -namaz içində- Qibləyə dönərək namazını tamamlayar. "Şərhu Munyə"də də belədir.

• Qiblənin hansı tərəfdə olduğu xüsusunda şübhəyə düşən bir kimsə, soruşacaq bir kimsə də tapa bilməsə, araşdırar; qəlbinin qənaət etdiyi yerə dönərək namazını qılar. "Hidayə"də də belədir.

• Bu kimsə, namazını qıldıqdan sonra, -qiblə xüsusunda- xəta etdiyini başa düşmüş olsa belə, namazını yenidən qılmaz. Lakin xətasını namaz əsnasında başa düşərsə, -namaz içində- dərhal qibləyə dönərək namazını tamamlayar. "Zahidi"də də belədir.

• Bir kimsənin yanında, olduğu yerin xalqından biri olduğu halda ondan soruşmadan, lakin -qiblə istiqamətini- araşadıraraq namaz qılması, caiz olmaz.

• Bu halda, yanında -qiblə istiqamətini- soruşa biləcəyi bir kimsə olduğu halda, ondan soruşmadan öz araşdırması ilə namaz qılan kimsə, əgər qibləyə dönmüşdürsə, namazı caiz olar. Lakin qibləyə dönməmişdirsə, namazı caiz olmaz. "Munyətu'l-Musalli"də də belədir.

• Çöl (səhra)'da qiblə istiqaməti xüsusunda şübhəyə düşən bir kimsə, araşdırması nəticəsində, bir istiqamət üzərində qənaət hasil edib o yönə yönəlmiş olaraq namaza başlasa, sonra 2 nəfər gəlib qiblənin başqa tərəfə doğru olduğunu xəbər versələr, əgər o adamlar, səfəridirlərsə (yəni, yolçudurlarsa), sözlərinə iltifat edilməz.

Lakin xəbər verən o 2 nəfər, o diyar xalqındandırlarsa, sözlərini qəbul etmək lazımdır. Əks halda, namaz, caiz olmaz. "Xülasə"də də belədir.

• Bir kimsə, qiblə istiqamətini araşdırar, gəldiyi qənaətin xaricində bir yönə dönərək namaz qılarsa, bu namaz, caiz olmaz. Hətta qibləyə isabət etmiş olsa belə..."Munyətu'l-Musalli"də də belədir.

• Bir kimsə, qiblə olduğu xüsusunda şübhəsi olmayan bir yönə dönərək namazını qılmış olsa, sonra da qiblə istiqaməti xüsusunda şübhəyə düşsə, bu kimsənin qılmış olduğu namaz, caizdir.

• Lakin bütün qəlbi ilə namazın fasid olduğuna qənaət gətirmiş olarsa, namazı yenidən qılması vacibdir. "Xülasə"də də belədir.

• Bir kimsəyə, bu xüsusdakı şübhə, namaz içində, "Döndüyüm qiblədə, isabət yoxdur." şəklində gələrsə, o kimsənin, dərhal qibləyə dönməsi lazımdır.

Lakin bu şəkildəki şübhəyə baxmayaraq, qibləyə isabət etdiyi üzə çıxsa, bu halda, görüş ayrılığı vardır. Səhih olan isə, o kimsənin qılmaqda olduğu namazı pozub yenidən qılmasıdır. "Fətəva Qadıxan"da da belədir.

• Qiblə istiqamətində şübhəsi olan bir kimsə, araşdırmadan namaz qılmağa başlamış və namazın içində də qiblə istiqamətinə isabət etdiyi və ya isabət etmədiyi xüsusunda qəti bir qənaətə gəlib şübhəsi getsə, bu kimsə, -qiblə istiqamətində- namazına davam edər.

Yox əgər xətası namazdan sonra meydana çıxarsa; və ya -qiblə istiqamətində isabət edib-etmədiyi xüsusunda heç bir şey- ortaya çıxmazsa, o kimsə, bu şəkildə qılmış olduğu namazı, yenidən qılar.

Namazı bitirdikdən sonra, qibləyə isabət etmiş olduğu ortaya çıxarsa, namazı tam olar. "Xülasə"də də belədir.

• Araşdırmasına baxmayaraq, qiblə istiqamətinin hansı tərəf olduğu xüsusunda heç bir qənaət sahibi olmayan kimsə üçün:

~ "Bu kimsə, namazı ertələyər." deyilmişdir. Və ya

~ "4 tərəfə də dönərək, -ayrı-ayrı- namaz qılar." deyilmişdir. Və ya

~ "İstədiyi tərəfə dönərək namaz qılar." deyilmişdir.

"Bahru'r-Raiq"də də belədir. Ən isabətli olanı isə, son qövldür.

• Bu kimsə, əgər bir yönə dönərək namaz qılarsa, qibləyə isabət etdiyi bəlli olunca, namazı caiz olar.

İsabət etmədiyi bəlli olunca və ya bir şey bəlli olmayınca, namazını yenidən qılmaz. "Zahiriyyə"də də belədir.

• Bir diyara girən və orda mehrablar görən bir kimsənin, qiblə istiqamətini araşdırmasında, bir məna yoxdur. Mehrabların yönünə tərəf durub namaz qılar.

• Çöldə olan bir kimsə də, gecə açıq havada, ulduzlara baxıb qiblə cəhətini təyin etməyi bilirsə, araşdırmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Mehrabının yoxluğundan dolayı qibləsi bəlli olmayan bir məscidə girən kimsə, araşdıraraq namazını qılmış olsa, sonra da xətası meydana çıxmış olsa, bu kimsə, namazını yenidən qılar. Çünki o kimsənin qiblə istiqamətini soruşma imkanı var idi.

Bu kimsə, araşdırma nəticəsində, qiblə istiqamətini doğru təyin etmişdirsə, namazı caiz olar. "Fətəva Qadıxan"da da belədir.

• Bu halda, bu kimsəni, qibləni soruşduğu halda, ona qibləni xəbər verməmiş olsalar, sonra da bu kimsə, araşdırıb namazını qılmış olsa -sonradan xətası da üzə çıxmış olsa belə- bu kimsənin qılmış olduğu namaz, caizdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Qaranlıq bir gecədə, məsciddə, qiblə istiqamətini araşdıraraq namaz qılan bir kimsə, daha sonra -namaz qılarkən- qiblə istiqamətinə dönməmiş olduğunu başa düşsə belə, qılmış olduğu namaz, caizdir. Çünki, onun qiblə istiqamətini soruşmaq üçün, insanların qapısını döyməsi lazım gəlməz.

• Qiblənin istiqamətini araşdıraraq namaza başlamış olan bir kimsə, 1 rükət qıldıqdan sonra, qiblənin başqa istiqamətdə olduğu qənaətinə gəlsə, o tərəfə dönərək 2-ci rükəti qılar. Sonra, təkrar, qiblənin 1-ci rükətdə yönəldiyi istiqamətdə olduğu qənaətinə gəlsə, bu halda, nə etməsinin lazım gəldiyi xüsusunda, məşayix (şeyxlər) arasında, görüş ayrılığı meydana gəlmişdir. (Belə ki):

~ Bəziləri: "Bu kimsə, namazını pozar və 1-ci rükəti qılmış olduğu istiqamətə dönərək, yenidən qılar." demişlərdir.

~ Bəziləri isə: "...namazına -pozmadan- davam edər; ancaq 1-ci rükəti qıldığı tərəfə dönər." demişlərdir. "Fətəva Qadıxan"da da belədir.

• Qiblə istiqamətini araşdıraraq çöldə namaz qılmaqda olan bir kimsəyə, qiblə istiqamətini araşdırmamış olan bir kimsə namazda tabe olsa; əgər imam olan şəxs, qiblə mövzusunda isabət etmişdirsə, ikisinin də namazı, caiz olar.

Lakin əgər imam, qiblə mövzusunda isabət etməmişdirsə, bu halda, imamın namazı, caiz; muqtədinin (imama tabe olanın) namazı isə, caiz deyildir. "Xülasə"də də belədir.

• Məhbus olduğu üçün, Məkkədə qiblə xüsusunda şübhəyə düşən bir insanın yanında, qibləni soruşa biləcəyi bir kimsə olmasa, qiblə istiqamətini araşdırıb namazını qılmış olsa; sonradan da -qiblə xüsusunda- xəta etmiş olduğu ortaya çıxsa, imam Muhamməd'ə görə, bu kimsənin, namazını yenidən qılması lazım gəlməz. Ən doğru qiyas da, budur. Eyni hal, Mədinədə meydana gəlmiş olsa, hökm, yenə eynidir. "Zahiriyyə"də də belədir.

• Qiblə cəhətində şübhəyə düşüb, araşdırma ilə 1 rükət namaz qılan kimsə, 2-ci rükətdə rəyi (qənaəti) o tərəfə dönmüş olduğu üçün bu rükəti də o tərəfə doğru qılmış olsa; hətta (hər rükəti qıldıqca qiblə istiqaməti xüsusundakı qənaət və) rəyini dəyişdirdiyi üçün, 4 rükəti, 4 ayrı istiqamətə dönərək qılmış olsa, imam Muhamməd'dən gələn bir rəvayətdə, bu kimsənin namazı, şübhəsiz caiz olar. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsə, qiblə istiqamətini araşdırmış olaraq bir yönə dönüb 1 rükəti qıldıqdan sonra, rəy və qənaəti başqa bir yönə dönmüş olduğu üçün, 2-ci rükəti də o tərəfə dönərək qılmış olsa; lakin bu vaxt, 1-ci rükətin səcdəsini unutmuş olduğunu xatırlayarsa, bu şəxs haqqında, məşayix arasında görüş ayrılığı olmuşdur. Səhih olan qövl isə: "Bu kimsənin namazının, fasid olmuş olduğudur." "Qunyə"də də belədir.

• Bir kimsə, araşdıraraq namaza başlamış olsa və bilməyərək -qiblə istiqaməti xüsusunda- xəta etmiş olsa; sonra da, namazda xətasını başa düşüb yönünü qibləyə çevirmiş olsa; bu kimsənin namaz qılmağa başladığı zamankı halını bilən başqa bir kimsə də gəlib -ona tabe olaraq- namaz qılmağa başlamış olsa, bu halda, namaza ilk başlamış olan kimsənin namazı, caiz; ikinci şəxsin namazı isə, fasid olar.

• Kor bir adam, qiblənin əks istiqamətinə dönərək namaza başlamış olsa, başqa bir adam da gələrək onun yönünü qibləyə çevirərək ona tabe olsa, kor olan şəxs, namaza başlayacağı vaxt qiblə istiqamətini soruşa biləcəyi bir kimsə tapdığı halda, ondan soruşmadan namaza başlasa; həm imam olan kor şəxsin, həm də özünə camaat olmuş olan şəxsin namazı, fasid olar.

Lakin əgər bu kor şəxs, qiblə istiqamətini soruşa biləcəyi kimsə tapmamışdırsa, özünün namazı, səhih; ona tabe olan şəxsin namazı isə, fasid olar. "Fətəva Qadıxan"da da belədir.

• Qaranlıq bir gecədə, qaranlıq bir evdə olan kimsələr, qiblə istiqamətində şübhəyə düşərək, qibləni də soruşa biləcəkləri kimsə tapmasalar və qiblə istiqamətinə dəlil ola biləcək bir əlamət də olmasa; və ya bu şəxslər, eyni şərtlərlə bir səhrada olsalar, hamısı da araşdıraraq ayrı-ayrı istiqamətlərə tərəf dönüb namaz qılmış olsalar, qibləyə isabət etmiş olsalar da, olmasalar da, namazları caiz olar.

Bunlar, bu namazı camaatla qılmış olarlarsa, ancaq, imamdan iləri dayanmayan və ayrıca, imamın qibləsinə müxalif olmayanların namazları, caiz olar. Əks halda olanların -camaatla qılmaları halında- namazları caiz olmaz.

• Bir camaat, səhrada, qiblə istiqamətini araşdırmış olaraq namaz qılmış olsa və bu camaat içində, məsbuq və lahiq (haşiyə) olanlar da olsa, imam, namazını bitirincə, o ikisi ayağa qalxıb keçirdikləri rükətləri qəza edərlərkən, qiblənin, imamın dönmüş olduğu tərəf olmadığı üzə çıxarsa, məsbuqun yönünü qibləyə çevirib -namazını tamamlama- imkanı vardır. Lahiq üçün isə, bu imkan yoxdur.

• Tilavət səcdəsi üçün də, eyni şəkildə, qiblə istiqaməti araşdırılar. Namaz qılacaq kimsənin, qibləni araşdırmasının caiz olduğu kimi; tilavət səcdəsi edəcək kimsənin də, qibləni araşdırması, caizdir. "Siracu'l-Vəhhac"da da belədir.

----------------------------------------------------------

Kəbədə qılınan namazlar

• Kəbənin içində, fərz olsun və ya nafilə olsun, namaz qılmaq, səhihdir.

• Əgər Kəbənin içində camaatla namaz qılınacaq olsa, imamın ətrafında dairə qurular. Kimin arxası, imamın arxasına; və ya kimin üzü, imamın arxasına gəlmişdirsə, onun namazı, caiz olar. Üzünü, imamın üzünə çevirən kimsənin namazı da, caiz olar. Lakin bu halda, imamla bu şəxs arasında, bir sütrə (haşiyə) olmazsa, namazı məkruh olar.

Lakin bu halda, arxasını, imamın üzünə döndürən kimsənin namazı, caiz olmaz. "Cəvhərətu'n-Nəyyirə"də və "Siracu'l-Vəhhac"da da belədir.

• Kəbə içində camaatla namaz qılınarkən, imamın sağında və solunda olan kimsələrdən, imamın yönəldiyi divara, imamdan daha yaxın olmayanların namazı, caiz olar. "əz-Zad"da və imam Səraxsi'nin "Məbsut Şərhi"ndə də belədir.

• İmam, Haramda namaz qıldırdığı vaxt, insanlar, Kəbənin ətrafında xalqa qurarlar və imamın qıldırmaqda olduğu namazı qılarlar.

Camaatdan hər hansı biri, imamın olduğu tərəfdə olmamaq şərtilə, Kəbəyə imamdan daha yaxın olsa belə, namazı, caiz olar. "Hidayə"də də belədir.

• İmam, Kəbənin içində; camaat da, Kəbənin ətrafında olsa, bu halda, əgər Kəbənin qapısı açıq olarsa, namazları, caiz olar. "Təbyin"də də belədir.

• Əgər bir qadın, imamın hizasında durmuş olar və imam da, ona, imam olmağa niyyət etmiş olarsa, bu halda, qadın, imamın yönəlmiş olduğu tərəfə dönmüş olarsa, imamın namazı, fasid olmaz. "Zahiriyyə"də də belədir.

• Kəbənin içində namaz qılan bir kimsə, bir rükəti, bir tərəfə; digər rükəti də, bir tərəfə dönərək qılmış olsa, namazı, caiz olmaz. Çünki o kimsə, zərurətsiz olaraq, yəqinliklə bilinən qiblə cəhətindən dönmüş olar. "Bədai"də də belədir.

(əl-Fətəva əl-Hindiyyə)

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR