Namazda təmizlik və övrət yerlərini örtmək

• Namaz qılanın, bədənindən, paltarından və namaz qılacağı yerdən, pislikləri təmizləməsi, fərzdir. "Zahidi"də də belədir.

• Təmizlənəcək olan bu pislik, günah işləmədən təmizlənib ortadan qaldırılması mümkün olan və namaza mane olacaq qədər olan pislikdir.

• Pisliyin ortadan qaldırılması, övrət məhəllini digər insanlara göstərmədən mümkün olmursa, o pisliklə bərabər namaz qılınar. Bir kimsənin, pisliyi təmizləmək üçün övrət yerlərini açması, fasiqlikdir, böyük günahdır. "Bahru'r-Raiq"də də belədir.

• Bədənin xaricində olan pisliyə etibar olunur; daxildə olanına deyil. Hətta bir kimsə, gözlərini, pis bir sürmə ilə sürmələmiş olsa, gözlərini yumaq, o kimsəyə vacib olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

• Pislik (nəcasət), əgər ağırdırsa (haşiyə), onun, -dirhəm miqdarından artıq olması halında- yuyulması, fərzdir. Bu miqdardakı nəcasəti, yuyulmadan qılınmış olan namaz, batildir.

-------------------------

(Haşiyə:

https://suallarlaislam.com/.../agir-v%C9%99-x%C9%99fif-n...

-------------------------

Əgər pislik, 1 dirhəm miqdarındadırsa, onu təmizləmək də vacibdir. Onunla qılınmış olan namaz isə, caizdir.

• Əgər pislik, dirhəm miqdarından azdırsa, onu yuyub təmizləmək də, sünnətdir.

• Əgər pislik, xəfifdirsə, namazın cəvazına mane deyildir. "Mudmarat"da da belədir.

• Gücü çatan kimsənin, örtünməsi (sətru'l-avrət), namazın sihhəti üçün, şərtdir. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• Övrət: -Kişilər üçün- göbəyin altından, diz qapağını keçənə qədər olan yerdir.

Kişinin göbəyi, imamlarımızın hər üçünə (əbu Hənifə, əbu Yusuf, Muhamməd)'ə görə də, övrət deyildir. Diz qapağı isə, hamısına görə, övrətdir. "Muhit"də də belədir.

• Azad bir qadının, üzü, əlləri və ayaqları xaric, bütün bədəni, övrətdir. "Mutun"da da belədir.

• Qadının, başı üzərində olan saçı, övrətdir. Uzanmış olan saçında isə, 2 rəvayət vardır:

Əsahh (ən doğru) olan qövlə görə, o da, övrətdir. "Xülasə"də də belədir. Ən səhih olan da, budur. Fəqih əbu'l-Leys də, bu görüşü götürmüşdür. Fətva da, bunun üzərinədir. "Mi'racu'd-Dirayə"də də belədir.

• Cariyə olan qadın, kişi kimidir. Ancaq onların qarınları və kürəkləri də, övrətdir.

Bu hökmə, ümmü vələd, müdəbbərə və mukatəbə (haşiyə) kimi vəsfli cariyələr də, daxildir. "Təbyin"də də belədir.

----------------------------

(Haşiyə:

Ümmü vələd: "Ağası tərəfindən hamilə buraxılan cariyə" deməkdir.

Müdəbbərə: "Azad olması, ağasının ölməsinə bağlanmış olan cariyə" deməkdir.

Mukatəbə: "Ağası ilə məmluku (nökəri) arasında, bir qarşılıq müqabilində, məmlukun azadlığa qovuşması xüsusundakı qarşılıqlı razılaşma" deməkdir.)

-----------------------------

• Mustəsat (bir növ cariyələr) də, əbu Hənifə nəzdində, mukatəbə kimidir. "Zahiriyyə"də də belədir.

• Müşkil xunsə (haşiyə), nökər olduğu vaxt, onun övrəti, cariyənin övrəti kimidir. Əgər azaddırsa, ona, bütün bədənini örtməsi əmr edilər. Əgər göbəyilə diz qapağı arasını örtər və bu şəkildə namaz qılmış olarsa,

~ Bəziləri: "O, namazı, yenidən qılar." demişlərdir.

~ Bəziləri isə: "Qılmaz" demişlərdir.

"Siracu'l-Vəhhac"da da belədir.

---------------------------

(Haşiyə:

Fiqhdə, "xunsə" məsələsi, 2 qrupa ayrılaraq ələ alınmışdır. Belə ki:

~ Birincisi: Kişiliklə qadınlıq əlamətlərinə bərabər sahib olmaqla bərabər, biri, digərinə qalib olan, yəni, kişi və ya qadın olduğuna, asanlıqla hökm edilən "qeyr-i müşkil xunsə" olaraq adlandırılan kimsədir. Bunlar haqqında, müəyyən olan cinsin hökmləri tətbiq edilir.

~ İkincisi isə: Hansı cinsdən olduğuna, asanlıqla hökm edilə bilməyəcək tərzdə, kişilik və qadınlıq orqanına bədabər sahib olan və ya bu orqanlardan heç birini daşımayan kimsə olub, buna da, "müşkil xunsə" deyilir. "Xunsə" deyilincə, ümumiyyətlə, bu ikinci qrupa girən kimsələr qəsd edilir. Bunların "müşkil" olaraq vəsf edilməsi də, cinsiyyətini və dolayısı ilə haqlarında tətbiq ediləcək hökmü müəyyənləşdirməyin çətinliyini ifadə üçündür.

---------------------------------

• Murahiqa (9 yaşında olan, lakin hələ büluğ həddinə çatmayan qız), çılpaq və ya dəstəmazsız namaz qılsa, ona, bu namazı qılması, yenidən əmr edilər. Əgər namazını, baş örtüsüz qılmışdırsa, namazı tamam sayılır. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• Sətru'l-avrət (övrət yerlərini örtmək), ittifaqla, fərz namazları xaricindəki namazlarda da fərzdir.

• Namazda, övrət məhəllini başqalar üçün örtmək, fərzdir. Bu xüsusda, ixtilaf yoxdur.

• Bütün alimlərimizə görə, bir kimsənin, öz nəfsi üçün övrət yerlərini örtməsi isə, fərz deyildir. "Şahan"da da belədir.

• Sadəcə bir cələbiyyə (uzun bir tək geyim) ilə namaz qılmaqda olan bir kimsə, cələbiyyənin yaxasından baxdığında, övrət yerini görəcək olsa, bütün alimlərimizə görə, o kimsənin namazı, pozulmuş olmaz. Doğru olan da, budur.

• Bir kimsə, təmiz paltarı olduğu halda, qaranlıq bir otaqda çılpaq olaraq namaz qılsa, namazı, icma ilə caiz olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

• Paltarın altındakını (yəni, bədəni) göstərəcək qədər incə bir paltar ilə namaz qılmaq, caiz deyildir. "Təbyin"də də belədir.

• Bir kimsənin, üzərində bir cələbiyyə mövcud olsa, o kimsənin, üzərində, başqa bir paltarı da olmasa, bu kimsə, səcdə etdiyi vaxt, heç bir kimsə övrət yerini görməsə; lakin bir insan, o cələbiyyənin altından baxdığında, onun övrət məhəllini görəcək olsa, bax bu, (məhzuru olan) bir şey deyildir. Az açıqlıq, bağışlanmışdır. Çünki bunda, zərurət vardır. Çox və böyük açıqlıq isə, zərurət deyildir və bağışlanmamışdır. -Bir üzvün- 1/4-i və daha çoxu, açıqlıq hökmündədir. 1/4-indən aşağıdırsa, az açıqlıq hökmündədir. Səhih olan da, budur. "Muhit"də də belədir.

• Əsahh olan qövlə görə, həqiqətən, ağır və xəfif övrətdə ölçü, -üzvün- 1/4-idir. "Xülasə"də də belədir.

• 1/4-dən az olan açıqlıq, tək üzvdə olduğu vaxt bağışlanmışdır. Əgər:

~ 2 üzvdə olar; və ya

~ 1 üzvdə 1/4-dən çox -açıqlıq- olarsa; və ya

~ övrət olan üzvlərdən hər birində, 1/4-dən az olan yerlər toplandığı zaman, bir əzanın 1/4-i qədər olarsa,

bu hal, namazın cəvazına manedir. İbnu'l-Mələk'in "Məcma Şərhi"ndə də belədir.

• Hətta, bir qadının, qulağının 1/9-i ilə ayağının 1/9-i açılmış olsa, bu hal, onun namazına manedir. Çünki açılmış olan yerlərin cəmi, qulağın 1/4-indən çoxdur. "Qunyə"də də belədir.

• Bir kimsənin, namaz qılarkən, övrət məhəlli açılarsa, onu dərhal örtdüyü təqdirdə, icma ilə, namazı caizdir.

Əgər o kimsə, o açıqlıq ilə bir rükün əda edərsə, yenə, icma ilə, namazı fasid olar.

Əgər bu halda bir rükn əda etməz, ancaq o qədər açıq halda gözləyərsə, əbu Yusuf nəzdində, yenə namazı fasid olar. İmam Muhamməd isə, bu görüşə müxalifət etmişdir. İmam əbu Hənifə'dən isə, bu xüsusda, bir rəvayət gəlməmişdir. "Qunyə Şərhi"ndə də belədir.

• Bir cariyə, baş örtüsüz namaz qılarkən azad edilsə, dərhal başını örtər. Əgər başını dərhal örtməzsə, namazı fasid olar. Əgər başını örtmək üçün eyni müddət içində az bir əməl (1 rükətdə, 1 üzvlə edilən və namazdan sayılmayan 1 hərəkət və ya ard-arda edilən 3-dən az hərəkət) işləyərək başını örtmüşdürsə, namazı caiz olar. Səraxsi'nin "Muhit"ində də belədir.

• Burda, az bir əməl, onu, 1 əllə tutmaqdır. "Siracu'l-Vəhhac"da da belədir.

• Mötəbər olan, başın örtüldüyü əsnada, 1 əlin istifadə edilməsidir. Yenə, 1 əllə, lakin 1 hərəkətlə bunu etmək də, belədir.

• Xayaların hər biri, övrətdir. Dübür də, bir övrətdir. Səhih olan da, budur. İbnu'l-Mələk'in "Məcma Şərhi"ndə də belədir.

• Diz qapağı, budun sonuna qədər olan bir üzvdür. Hətta bir adam, diz qapaqları açıq və lakin budları qapalı olaraq namaz qılsa, namazı səhih olar. Əsahh olan da, budur. "Təcnis"də də belədir.

• Qadının topuğu, dizi ilə birlikdə, 1 tək üzvdür. İbnu'l-Mələk'in "Məcma Şərhi"ndə də belədir.

• Göbəklə qasıq arası da, 1 üzvdür. İradə olunan, bütün bədənin ətrafında olanlardır. Artıq, onlardan birinin 1/4-i açılarsa, namaz ifsad olar. "Xülasə"də də belədir.

• Bel, qarın və sinə, tək başlarına, bir övrətdirlər. "Tatarxaniyyə"də də belədir.

• Arxa, qarına tabedir. "Qunyə"də də belədir.

• Qadının döşü kiçik olar və sinəsinə yapışmış olarsa, döş, qadının sinəsinə tabedir. Əgər döş böyük olarsa, o, tək başına 1 üzv sayılır. "Xülasə"də də belədir.

• Bunların hər birinin, tək başına 1 övrət olduqlarına etibar edilir.

Qulaqlar da, belədir. Hətta, bir qadının qulaqlarından birinin 1/4-i açılmış olsa, bu qadının namazı, pozulmuş olar. "Zahidi"də də belədir.

• Bir kimsə, geyinəcək bir paltar tapmasa, namazını oturduğu yerdə; rüku və səcdəsini isə, ima (haşiyə) ilə qılar. Və ya ayaqda rüku və və səcdələrlə qılar. Əfdal olan isə, əvvəlki qövldür (yəni, oturduğu yerdə qılmasıdır). "Kafi"də də belədir.

Bu hökm, gecə olsun, gündüz olsun; o kimsə, evdə olsun və ya səhrada olsun, eynidir, dəyişməz. Səhih olan da, budur. "Bahru'r-Raiq"də də belədir.

-------------------------------

(Haşiyə:

İma: "rüku və səcdə yerinə, baş ilə işarət etmək" deməkdir. İma ilə namaz qılan kimsə, rüku üçün başını bir az əyər; səcdə üçün isə, rükudan bir az daha çox əyər.)

-------------------------------

• Örtünməyə gücü çatmasından məqsəd, namaz qılacağı paltarı geyinməyin, özü üçün mübah olması deməkdir. Əsahh (ən doğru) olan isə, istifadəsinin, üzərinə vacib olmasıdır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Çılpaq bir kimsənin yanında, paltarı olan bir kimsə olarsa, ondan -namaz qılmaq üçün- paltar istəyər, əgər o adam da verməzsə, namazını çılpaq olaraq qılar.

• Çılpaq namaz qılan kimsə, namaz əsnasında, bir paltar tapsa, o paltarı geyinərək namaza davam edər. "Tatarxaniyyə"də də belədir.

• Paltar tapacağını ümid edən çılpaq kimsə, namazını, vaxtın çıxmasından qorxmayacağı vaxta qədər ertələyər. Təmiz yer tapmaq ümidində olan kimsənin ertələməsi də, belədir. "Qunyə"də də belədir.

Çılpaq kimsələr, namazlarını, tək başlarına qılacaqlarsa, bir-birilərindən uzaqda qılarlar.

Əgər camaatla qılacaqlarsa, imamı aralarına alıb, onun ətrafına oturar; ayaqlarını da qibləyə doğru uzadarlar. Əllərini, budları üzərinə qoyar və namazlarını, ima ilə qılarlar. Əgər ayaqda və ima ilə qılırlarsa, rüku və səcdələri edərlər. Lakin oturduqları yerdən qılmaları da caizdir. "Zahidi"də də belədir.

• "Hüccət"də: "Çılpaq olan bir kimsə, həsir və ya xalı taparsa, -çılpaq olaraq deyil- onların içində namaz qılar." deyilmişdir. Yenə, övrət yerlərini otla örtməyə gücü çatanın da, elə etməsi lazımdır. "Tatarxaniyyə"də də belədir.

• Çılpaq bir kimsənin, palçığa gücü çatarsa, övrət yerlərinə sürtər. Ancaq o palçığın -çıxmayıb- üzərində qalacağını bilirsə, caiz olmaz; deyilsə, olar. Üzərini ağac yarpağı ilə örtməyə gücü çatan kimsə kimi..."Qunyə"də də belədir.

• Bir kimsə, 2 övrət məhəllindən sadəcə birini örtəcək qədər bir örtü tapsa,

~ Bəziləri:

"Onunla, arxa tərəfini örtər. Çünki o, rüku halında, ən fahiş bir yerdir." demişlərdir.

~ Bəziləri də:

"Onunla, qabaq tərəfini örtər. Çünki o, qibləyə tərəfdir." demişlərdir.

"Siracu'l-Vəhhac"da da belədir.

• Kişilərin, ipək paltar ilə namaz qılmaları, caiz deyildir. Qadınların ipək paltar ilə namaz qılmaları isə, səhihdir.

Əgər bir kişi, ipəkdən başqa geyinəcək bir şey tapa bilməsə, namazını -çılpaq olaraq deyil- o ipək paltar ilə qılar. "Fəthu'l-Qadir"də də belədir.

• Bir qadın, ayaqda namaz qıldığı təqdirdə, övrət məhəllindən namaza mane olacaq qədər bir yer açılacaq olsa; oturaraq qıldığında isə, belə bir açılma olmayacaqsa, o qadın, namazını oturaraq qılar. "Təbyin"də də belədir.

• "İtabiyyə"də: "Bir kimsə, səcdəyə getdiyi vaxt, övrət yerlərinin 1/4-i açılarsa, o kimsə, səcdələri tərk edər." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Kişinin, namazını, bu 3 paltar ilə qılması, müstəhəbdir:

1. Qamis (köynək);

2. İzar (beldən aşağını örtən paltar);

3. Əmmamə (sarıq).

Lakin kişi, tək bir paltar ilə namaz qılsa, o paltar da örtünməyi təmin etmişdirsə, o kimsənin namazı, kərahətsiz olaraq caiz olur.

Əgər kişi, sadəcə izarın içində namaz qılmış olsa, bu da, kərahətlə caizdir.

• Qadına gəlincə, ona müstəhəb olan da, bu 3 paltar ilə namaz qılmasıdır:

1. Cələbiyyə;

2. İzar;

3. Baş örtüsü.

Qadının, başını və bütün bədənini tamamilə örtən 2 paltar ilə və hətta eyni şərtləri daşıyan 1 paltar ilə namaz qılması da, caizdir. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• 2 adam, 1 paltar içində namaz qılmış olsalar, əgər onlardan hər biri, o paltarın bir tərəfi ilə örtünə bilirsə, namazları caizdir.

Yenə, paltarın bir qismi yatan bir kimsənin üstünə atılmış olsa, bir qismi ilə də namaz qılan kimsə örtünmüş olsa, bu kimsənin namazı da caizdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Əgər bir qadının, bədənini və başının 1/4-ini örtəcək qədər paltarı olsa, qadın da başını örtməyi tərk etsə, namazı caiz olmaz. Əgər bu paltar -bədəndən sonra- başın 1/4-indən azını örtəcək qədər olarsa, onu örtməmək, zərər verməz. Lakin bu halda əfdal olan -mümkün olan qədərini- örtməkdir. "Təbyin"də də belədir.

• Çılpaq bir kimsə, övrət yerlərindən ən kiçiyinin 1/4-ini örtəcək qədər bir parça tapsa və lakin onu örtməsə, namazı fasid olar. Onu örtərsə, namazı fasid olmaz.

• Çılpaq bir kimsə, suyun içində namaz qılsa, əgər su, bulanıqdırsa, namazı səhih olar. Lakin əgər su, parlaq olar, o kimsənin övrət yerlərini də görmək mümkün olarsa, namazı səhih olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

--------------------------------------------------------------------------------

Özü ilə övrət məhəlli örtülə biləcək şeylər

• 1/4-i təmiz olan bir paltar tapa bilən kimsə, çılpaq olaraq namaz qılsa, bu, caiz olmaz.

Əgər təmiz yeri 1/4-dən az və ya bütünü pisdirsə, bu halda, çılpaq vəziyyətdə oturaraq və ima ilə namaz qılmaqla, bütünü pis olan bir paltarın içində, ayaqda, rüku və səcdə ilə namaz qılmaq arasında muxayyər (seçmə xüsusunda sərbəst) buraxılan kimsə üçün əfdal olan, pis paltar ilə namaz qılmaqdır. "Kafi"də də belədir.

• Bir adam, boğazlanmamış bir leş dərisindən başqa bir şey tapa bilməsə, o adamın, o dəri ilə övrət yerini örtməsi və onunla namaz qılması, caiz olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

• Bir adamın yanında, 2 paltar olsa, hər birinin üzərində də 1 dirhəm miqdarından (təxminən 3 qramdan) çox nəcis olsa, bu halda, o kimsə, sərbəst buraxılar. Çünki onlardan hər birinin 1/4-inə pislik bulaşmadıqca, (namaza) mane olmaq xüsusunda, ikisi də, eyni olmaqdadır. "Təbyin"də də belədir.

• Namazın müstəhəbi, o 2 paltardan pisliyi ən az olanı ilə qılınmasıdır. "Xülasə"də də belədir.

• O paltarlardan birinə bulaşmış olan qan, 1/4 miqdarında; digərinə bulaşmış olan qan da, daha azdırsa, o kimsə, qanı az olan paltar ilə namaz qılar; əksini edərsə, bu, caiz olmaz.

Tapılan hər 2 libasın hər birində -öz böyüklükləri nisbətində- 1/4-ləri qədər pislik tapılsa; və ya birindəki pislik daha çoxdursa, məsələn, paltarın 3/4-ü qədər olsa, lakin bu paltardakı 3/4 nisbətindəki pislik, digər libasdakı 1/4 miqdarına çatmasa, yəni, ondan daha az olsa, o kimsə, bu paltarlardan hansını istəsə, onunla namaz qılar.

Əgər o iki paltardan birinin 1/4-i təmiz olsa; digərinin 1/4-dən azı təmiz olsa, 1/4-i təmiz olan ilə namaz qılar; əksini edərsə, namazı caiz olmaz. "Təbyin"də də belədir.

• Qan, paltarın çöl tərəfində olsa, iç qismi təmiz olsa, əgər o paltarı açmaq mümkündürsə, onunla namaz qılmaq, caiz olmaz. Ancaq namazı o təmiz olan qismin içində qılmaq, caiz olar. Çünki təmiz paltar ilə övrət məhəllini örtmək, mümkündür. Onun bir tərəfini tərpədincə, digər tərəfinin hərəkət etməsi ilə etməməsi arasında da bir fərq yoxdur. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• Paltarın 2 tərəfindən birini yerə sərmək mümkündürsə, elə edilərək qılınan namaz, caiz olmaz. Bu halda, paltarın digər tərəfinin hərəkət edib-etməməsi, eynidir. "Xülasə"də də belədir.

• Belə məsələlərdə əsl olan, budur:

Həqiqətən, bir kimsə, 2 bərabər bəliyyə (zəhmət) ilə imtahan olunsa, onlardan istədiyini götürər. Əgər aralarında bir fərqlilik olarsa, onlardan daha əhvən və daha asan olanını seçər. "Bahru'r-Raiq"də də belədir.

• Bir kimsə, 2 libasdan hansının təmiz, hansının pis olduğunu ayıra bilməsə, qalib olan zənnilə namazını qılar. Namazı pis paltar ilə qılmış olsa belə -qalib zənn ilə- onu təmiz zənn etdiyi üçün, namazı fasid olmaz. "Siraciyyə"də də belədir.

• Bir adam, bu halda araşdırma etsə, bir paltarın təmiz olduğuna qənaət gətirsə və o paltar ilə zöhr namazını qılsa; sonra da araşdırması nəticəsində, digər libasın təmiz olduğuna qənaət gətirsə və bu (pis) paltar ilə də əsr namazını qılsa, bu qıldığı əsr namazı, fasid olar.

Yanında 2 paltarı olan bir kimsə, bu libaslardan hansının pis olduğunu bilməyərək onlardan biri ilə zöhr namazını; sonra da digəri ilə əsr namazını qılsa; zöhr namazını qıldığı paltar ilə, məğrib; əsr namazını qıldığı paltar ilə də, işa namazını qılsa; daha sonra bu paltarların birində, dirhəm miqdarından çox nəcasət görsə; lakin birinci (yəni, zöhr və məğribi qıldığı) paltar ilə ikinci (yəni, əsr və işanı qıldığı) paltarı bir-birindən ayıra bilməsə, bu halda, qılmış olduğu zöhr ilə məğrib namazları, caiz; əsr ilə işa namazları isə, fasid olar.

• Yenə bir adam, araşdırması nəticəsində,

~ zöhr namazını, birinci paltar ilə;

~ əsri, ikinci paltar ilə;

~ məğribi, birinci paltar ilə; və

~ işanı da ikinci paltar ilə

qılsa,

~ zöhr ilə məğrib namazları, səhih;

~ əsr ilə işa namazları isə,

fasid olar.

İmam Səraxsi də, belə zikr etmişdir. "Xülasə"də də belədir.

• Bir kimsə, bir bezə bürünərək və ya çarşaf geyinərək namaz qılsa və bu əsnada, onun, 2 tərəfindən biri pis olsa və o pis olan tərəf də yerdə olsa; əgər namaz qılanın hərəkət etməsilə o pis tərəf də hərəkət edirsə, o adamın namazı, caiz olmaz; əgər hərəkət etmirsə, namazı, caiz olar.

• Bir kimsə, öz zənninə görə, pis olan bir libas ilə namaz qıldıqdan sonra, o paltarın təmiz olduğu bilinsə, qıldığı namaz, caiz olar. "Muhit"də də belədir.

• Çılpaq olan kimsənin yanında, həm ipək bir paltar, həm də 1 dirhəm miqdarı pis olan bez bir paltar olduğu zaman, namazı, ipək paltar ilə qılar. "Xülasə"də də belədir.

• Namaz qılan bir kimsə, namaz içində, paltarında, 1 dirhəmdən az miqdarda pislik görmüş olduğunda, vaxtda genişlik olarsa, əfdal olan, o pisliyi yuyub namazına davam etməsidir.

Lakin camaatla namazı qaçırmasına baxmayaraq, başqa yerdə camaat tapacaq olarsa, yenə elə edər. (Yəni, pis paltarı yuyar və sonra başqa camaata qatılar.)

Əgər bu pisliyi yuması halında, (başqa bir) camaat tapa bilməyəcəyindən və ya vaxtın çıxacağından qorxarsa, namazına davam edər. "Zəhirə"də də belədir.

• Haqqında danışdığımız bu hal, insanın, namazda olduğu vaxtdır. Əgər namazda olmaz, lakin o pisliyi yuyana qədər camaatın namazı tamamlayacağından qorxarsa, paltarı təmizləməyi tərk edib, o halı ilə camaaatla namaz qılması, daha əvladır. "Xülasə"də də belədir.

• Bir kimsə, paltarında, 1 dirhəm miqdarından çox ağır nəcasət görər, onun, nə vaxt bulaşdığını bilə bilməzsə, icma ilə, o kimsənin, əvvəlcə qıldığı namazlardan hər hansı birini yenidən qılması, lazım gəlməz. Əsahh olan da, budur. Səraxsi'nin "Muhit"ində; "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bir kimsə, tabe olduğu imamın paltarında, dirhəm miqdarından az bir nəcis görsə, muqtədinin (imama tabe olanın) məzhəbinə görə, az nəcasət namaza mane deyil; imamın məzhəbinə görə isə, bu miqdar nəcis, namaza manedir. Və imam da, paltarında o nəcasətin olduğunu bilməyərək namaz qılarsa, muqtədinin namazı, caiz; imamın namazı isə, caiz olmaz.

Əgər məzhəbləri, dediyimizin əksinədirsə, ikisi haqqındakı hökm də, söylədiyimizin əksinədir. Yəni, muqtədinin namazı, caiz deyil; imamın namazı isə, caizdir. "Fətəva Qadıxan"da da belədir.

• Nusayr: "Biz, bu görüşü götürürük." demişdir. "Fətəva Qadıxan"da da belədir.

• Həm məstlərin, həm də paltarın üzərində 1 dirhəm miqdarından az nəcis olsa, bu nəcislər bir araya gətirildiyi vaxt, dirhəm miqdarını keçəcək olsa, bu hal, namazın cəvazına manedir.

Namaz qılan kimsənin paltarının ayrı-ayrı yerlərində olan nəcasət toplandığı vaxt, dirhəm miqdarını keçərsə, yenə, bu hal, namazın caizliyinə manedir. "Xülasə"də də belədir.

• Tək qat 1 paltarla namaz qılan bir kimsənin, bu paltarının üzərində, 1 dirhəmdən az pislik olsa və bu pislik də, paltarın digər tərəfinə nüfuz etdiyində, bu 2 tərəfdə olan nəcasətin cəmi, 1 dirhəmdən çox gəlsə, yenə, namazın caizliyinə mane olmayacağı söylənmişdir. Çünki bu, tək paltardakı dağılmış nəcasət kimi deyildir.

• Bir kimsə, 2 paltar ilə namaz qılmış olsa və bu paltarların hər birində, 1 dirhəm ağırlığından az bir nəcis olsa; bunlar toplandığında, 1 dirhəm miqdarından çox olarsa, namaz, caiz olmaz.

• Bir kimsə, 2 qatlı bir paltar ilə namaz qılsa, nəcasət astarın bir üzünə bulaşaraq ikinci üzünə də keçsə, imam əbu Yusuf'a görə, bu, 1 paltar kimidir, namaza mane olmaz. İmam Muhamməd'ə görə isə, namaza mane olar. Əbu Yusuf'un sözü, genişlikdir. İmam Muhamməd'in sözü isə, ehtiyata daha uyğundur. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsə, üzərində olan 1 dirhəm pisliklə namaz qılsa və o nəcasət də digər tərəfi pisləndirmiş olsa, muxtar olan görüş, bunun, namaza mane olmamasıdır. Səhih olan da, budur. Çünki bunların hamısı, tək 1 dirhəmdir. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsənin namaz qılacağı zaman, burnunu qoyacağı yer, nəcis; alnını qoyacağı yer, təmiz olarsa, -ixtilafsız olaraq- namazı caizdir.

• Əgər burnunun da, alnının da yeri, nəcis olarsa, bu hal haqqında, əbu'l-Həsən əz-Zənduyəsti əl-Buxari, "Nəzm" əsərində:

"əbu Hənifə, -alnının xaricində- burnu üzərinə səcdə etdi və namazı caiz oldu. Ancaq əgər alnında bir üzr yoxdursa, imameynə (əbu Yusuf və Muhammədə) görə, namazı caiz olmaz; ancaq üzrü olarsa, o vaxt namazı caiz olar." demişdir. "Muhit"də də belədir.

• Heç bir üzr yox ikən, alnının və burnunun gəldiyi yer nəcis olar və bu 2 üzvünün ikisi ilə də səcdə edərsə, namazı, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Əgər nəcasət, namaz qılan kimsənin ayaqlarının altındadırsa, namaza manedir. "Vəcizi'l-Kərdəri"də də belədir.

• Ayaqlarını qoyacağı yerin hamısı nəcis olan ilə, əllərini qoyacağı yerin tamamı pislik olan kimsələrin hallarında, bir fərqlilik yoxdur.

• Bir kimsənin ayağının birini qoyacağı yer, təmiz; digərini qoyacağı yer də pis olar və lakin bu kimsə, iki ayağını da yerə qoymuş olarsa, alimlər, bu şəxsin halı haqqında ixtilaf etmişlərdir. Lakin bu halda əsahh olan, həqiqətən, o kimsənin namazının caiz olmayacağıdır.

• Bir kimsə, səcdə edərkən, əllərinin və dişlərinin altında nəcasət olarsa, o nəcasət, namazı ifsad etməz. "Zahiru'r-Rivayə", budur.

• Fəqih əbu'l-Leys isə, bu halın, namazı ifsad edəcəyi görüşünü seçdi və "Uyun" adlı əsərində də bunu səhihləşdirdi. "Siracu'l-Vəhhac"da da belədir.

• Bir kimsə, təmiz bir yer (torpaq) üzərində namaz qıldığı və ora səcdə etdiyi zaman, paltarı, üzərində quru nəcasət olan bir yerə toxunsa və ya bir paltara dəysə, o kimsənin namazı, caiz olar. "Muhit"də də belədir.

• Namaz qılan kimsənin, hər iki ayağının altında, dirhəm ağırlığından az nəcasət olar, bunlar toplandığı vaxt, dirhəm miqdarından çox olarsa, həqiqətən bu pislik, namazın cəvazına mane olar. "Fətəva Qadıxan"da: "Paltara isabət edən nəcasət" bölməsində də belədir. "Mudmarat"da da: "Muxtar olan, budur." deyilmişdir.

• "İtabiyyə"də: "Səcdə yerində və ayaqların durduqları yerlərdə olan nəcasət toplandığı vaxt, 1 dirhəm ağırlığından çox olarsa, namaz, caiz olmaz." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Namaz qılan kimsənin paltarında 1 dirhəmdən az və ayaqlarının altında da yenə 1 dirhəm ağırlığından az nəcasət olduğu vaxt, -toplandıqları təqdirdə 1 dirhəm miqdarından çox olsalar belə- toplanmazlar. "Xülasə"də də belədir.

• Namaz qılan bir kimsə, namaza təmiz yerdə başlayıb, sonra pis olan yerə getsə, sonra da yenə təmiz olan yerə qayıtsa, əgər təmiz olmayan yerdə, ən qısa bir rüknü əda edəcək qədər durmamışdırsa, namazı caizdir. Əks təqdirdə, namazı caiz deyildir. "Fətəva Qadıxan"ın "Paltara və bir yerə isabət edən nəcasət" bəhsində də belədir.

• Bir kimsə, nəcis bir yerdə namaza başlamış olsa, sonra təmiz olan bir yerə keçsə, o kimsə, nəcis olan o yerdə namaza başlamış sayılmaz. "Xülasə"də də belədir.

• Bir kimsə, yəhərinin üzərində qan və ya pox kimi bir nəcis olan heyvanına minmiş olaraq namaz qılsa, əgər pislik, dirhəm miqdarından ağırdırsa, namazı, fasid olar. Səhih olan da, budur. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir kimsə, hər hansı bir yerində nəcasət olan bir sərgidə (həsir, bez və bənzəri şeylərin üzərində) namaz qılsa, əgər o pislik, ayaqlarının altında və ya səcdə etdiyi yerdə deyilsə, bu nəcasət, o kimsənin namazını əda etməsinə mane deyildir. Sərginin böyük və ya kiçik olması da, eynidir. Muxtar olan görüş də, budur. "Xülasə"də də, "Siracu'l-Vəhhac"da da belədir.

"Hüccət"də: 'Bir yerə nəcasət bulaşmış olsa və hara bulaşdığı də qəti olaraq bilinməsə, araşdırılar. Belə bir halla qarşılaşan kimsə, araşdırma nəticəsində, qəlbən təmiz olduğuna qənaət etdiyi yerdə, namazını qılar." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Bir çarşafın üzərində və ya çarşafın sərilmiş olduğu şeyin üzərində nəcasət olsa, bunların üstündə namaz qılmaq, caizdir. Lakin bu halda, bunların, bir-birilərinə tikilmiş və ya yapışdırılmış olmamaları lazımdır.

Ancaq imam Muhammədə görə, bunlar, bir-birilərinə tikilib yapışdırılmış olsalar belə, üzərlərində namaz qılmaq, yenə caizdir. Çünki tikilmək və ya yapışdırılmaqla, onlar, tək bir örtü və ya tək bir paltar olmuş olmazlar.

İmam əbu Yusuf'a görə isə, bunların üzərində namaz qılmaq, caiz olmaz. Əbu Yusuf'un görüşü, ehtiyata daha yaxındır. "Fətəva Qadıxan"da da belədir.

• Yaş olan nəcasətin üzərinə, bir paltar atılaraq namaz qılınsa, əgər genişliyindən 2 paltar düzəltmək mümkündürsə, imam Muhamməd'ə görə, bunun üzərində qılınan namaz, caiz olar. Lakin əgər 2 bez düzəltmək mümkün deyilsə, namaz, caiz olmaz.

Nəcis quru olduğundan, bu örtünün üzərində namaz qılmaq, namaz qılacaq şəxsə, uyğun və gözəl görünərsə, namaz qılması, caiz olar.

Fətvalarda: "Əgər bez 2 qatdırsa, altı təmiz olmasa belə, bezin üstü təmiz olduğu vaxt, o bezin üzərində namaz qılmaq, caizdir." deyilmişdir. "Mubtəği"də də belədir.

• Ayağında ayaqqabısı və ya corabı olduğu halda pisliyin üzərində namaz qılan kimsənin namazı, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bu halda, ayaqqabısını çıxarıb onların üzərində duraraq namaz qılanın namazı isə, caiz olar. Yerdən ayaqqabıya toxunulacaq yer təmiz və ya nəcis olsa belə, eynidir, namaz da caizdir.

• İki üzündən biri pis, biri təmiz olan bir kirəmitin təmiz tərəfində duraraq namaz qılan kimsənin namazı, caiz olar. Kirəmit, istər yerə döşənmiş olsun, istər daşınıla bilən olsun, fərqi yoxdur. "Fətəva Qadıxan"da da belədir.

• imam Muhamməd'ə görə, altında pislik olan bir dəyirman daşının və ya bu haldakı bir qapının və yaxud eyni haldakı qalın bir xalının və yaxud da içi, pis; çölü isə, təmiz olan bir şeyin üzərində namaz qılan kimsənin namazı, caiz olar.

Şeyx əbu Bəkr əl-İskəf əl-Bəlxi də, bununla fətva vermişdir. Tərcihə əlverişli olan da, budur. "Muhit"də də belədir.

• Keçə və qalın taxta da, belədir. Yəni, altı təmiz olmasa belə, bunların üst tərəflərində namaz qılmaq, caizdir. "Xülasə"də də belədir.

• Bir kimsə, üzərində nəcasət olan bir yerdə namaz qılacaq olsa, qıldığı namazın caiz olması üçün, o yerin üzərində, çox miqdarda torpaq olması lazımdır.

Torpaq atdıqdan sonra, əgər qoxladığı vaxt, altdakı nəcasətin qoxusu gəlirsə, o torpaq, azdır; əgər qoxladığında, altdakı nəcasətin qoxusu gəlmirsə, o torpaq, çoxdur. "Tatarxaniyyə"də də belədir.

• Sərilmiş bir bezin üzərində nəcasət olduğu vaxt, pislik olan yerin üzərinə torpaq atılaraq, üzəri də namaz qılınması, caiz olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

• Bir kimsənin, köynəyinin yaxasını, pislik olan bir yerin üzərinə sərərək, onun üzərinə səcdə etməsi, caiz olmaz. Səhih olan da, budur. "Tatarxaniyyə"də də belədir.

• Bir kimsə, (palto kimi) astarlı olan bir cübbə ilə namaz qılmış olsa, sonra da, onun içində ölmüş və qurumuş bir siçan görsə; əgər cübbədə deşik və ya yırtıq varsa -siçanın yeni girmiş olduğu düşüncəsilə- 3 günlük namazını yenidən qılar. Əgər deşik və yırtıq kimi bir şey yoxdursa, o cübbə ilə qılmış olduğu bütün namazları, yenidən qılar. "Siracu'l-Vəhhac"da da belədir.

• Cibində, sarı qismi xarab olduğu üçün qan halına çevrilmiş olan və ya içində ölü cücə olan bir yumurta olduğu halda namaz qılan kimsənin qıldığı bu namazı, caiz olar. "Fətəva Qadıxan"da da belədir.

• "Nisab"da: "Cibində, İçində sidik olan bir şüşə olduğu halda namaz qılan kimsənin namazı, caiz olmaz. Şüşənin tam dolu olması ilə olmaması, eynidir. Çünki bu sidiklə şüşənin mədəni, eyni deyildir; eyni zənn ediləcək bir şey də deyildir. Lakin xarab yumurta, bunun əksinədir. Çünki o xarablıq, onun mədənindəndir (mahiyyəti, fitrətindəndir) və onunla eynidir. Fətva da, bunun üzərinədir." deyilmişdir. "Mudmarat"da da belədir.

• Kürəyində, paltarı çox qanlı olan bir şəhid daşıyan kimsənin, bu halda, yəni, şəhid kürəyində ikən qıldığı namaz, səhihdir. Lakin bu kimsə, kürəyində, şəhidin özü deyil, qanlı paltarı olduğu halda namaz qılmış olsa, bu namazı, caiz olmaz.

• Bir kimsə, cibində, sağ bir cücə olduğu halda namaz qılsa, namazı bitirincə də, o cücənin ölmüş olduğunu görsə, əgər o cücənin namaz qılarkən öldüyü xüsusunda qalib zənni olarsa, qıldığı namazı, yenidən qılar. Lakin bu xüsusda qalib zənni olmazsa, o namazın yenidən qılınması lazım gəlməz. "Xülasə"də də belədir.

• Bir kimsənin cibində, ağırlıqları cəmi 1 dirhəmi keçən çəkilmiş insan dişləri olaraq namaz qılması, caizdir. "Zahiru'r-Rivayə" üzərinə, alimlərimiz arasında, bu xüsusda görüş ayrılığı yoxdur. Səhih olan da, budur. Çünki insan oğlunun dişləri, təmizdir. "Kafi"də də belədir.

• Boğazındakı boyunbağıda it dişi olan bir kimsənin onunla namaz qılması, caizdir.

• Bir kimsə, üzərində, siçan, pişik və ya ilan olaraq namaz qılmış olsa, namazı caiz olar. Lakin bu kimsə, günahkar sayılar.

• Üzərində, artığı təmiz olan bir heyvan olan bir kimsənin qıldığı namaz, caizdir.

• Lakin cibində, tülkü, it və ya donuz balası olduğu halda namaz qılan kimsənin namazı, caiz olmaz. Çünki onların artığı, nəcisdir. "Fətəva Qadıxan"da da belədir.

• Namaz qılan kimsənin paltarının ətəyinə, üzərində namaza mane olacaq qədər nəcis olan və öz (sidiyini və nəcisini) tuta bilməyən bir uşaq oturmuş olduğunda, əgər bu uşaq, bir rükn əda edəcək qədər dayanmış olsa, o kimsənin namazı, fasid olar. Bu miqdar dayanmamışdırsa, namazı fasid olmaz.

Bunun əksinə, özünü tuta bilən bir uşaq, daha uzun müddət dayanmış olsa belə, namazı ifsad etməz.

• Pislənmiş olan bir göyərçinin, namaz qılan kimsənin üzərinə qonması halında da, hökm, yenə eynidir. "Xülasə"də də belədir.

• Kürəyində, dəstəmazsız və ya qüslsuz bir kimsə olduğu halda namaz qılan kimsənin qıldığı namaz, caizdir. "Siracu'l-Vəhhac"da da belədir.

9 yerdə namaz qılmaq, məkruhdur:

1. Yol üzərində;

2. Dəvə tövlələrində;

3. Zibilliklərdə;

4. Dəvə boğazlanan yerlərdə;

5. Məxrəclərdə (nəcis atılan yerlərdə);

6. Qüsl edilən yerlərdə;

7. Hamamlarda;

8. Qəbirlərdə; və

9. Kəbənin üzərində

• Otdan və hasir (şəkər qamışından) yayılmış və ya toplanmış örtü üzərində səcdə etmək, namaz qılmaqda beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.

• Başının üstündə, pislənmiş bir paltar asılmış olan kimsə, namaz qılarkən ayağa qalxdığı vaxt, bu pis paltar, çiyinlərinin üzərinə gələr və bu halda namazın bir rüknünü əda edərsə, o kimsənin namazı, fasid olar.

• Yenə, namaz qılarkən, üzərinə pis bir paltar qoyulan və onunla bir rükn əda edən kimsənin namazı da, fasid olar. "Xülasə"də də belədir.

• Başqasının paltarında, dirhəm miqdarı pislik görən bir kimsə, əgər qəlbində, "Mən, bunu desəm, bu şəxs, paltarını təmizləyər." hissi varsa, dərhal xəbər verər.

Əgər qəlbində, "O kimsənin, sözünə iltifat etməyəcəyi" hissi varsa, bu halda, o kimsənin xəbər verməməsi üçün, bir genişlik, bir ruxsat vardır. Əmr-i bi'l-məruf (yaxşılığı əmr etmək), bunun üzərinədir. "Fətəva Qadıxan"da da belədir.

• imam Səraxsi isə: "Əmr-i bi'l-məruf, mütləq vacibdir. Belə bir təfsilat isə, yoxdur." demişdir.

(əl-Fətəva əl-Hindiyyə)

Read 200 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR