Nübüvvət etiqadımız necə olmalıdır?
Nübüvvət bəhsləri:
1. Peyğəmbərlərin varlığının isbatı
Haqq əhlinin (Allah qatında haqq olana özünü nisbət edənlər, əhl-i sünnət)'in böyük əksəriyyəti:
"Allahın, peyğəmbər göndərməsi mümkündür, ağıl da bunu gərəkdirir."
demişlərdir.
Onların bir qismi isə, hikmətin bir gərəyi olaraq "vacibdir" demişlərdir. Süməniyyə ilə Bərahimə, bunun imkansız olduğunu irəli sürmüşlərdir.
Haqq əhlinin (Allah qatında haqq olana özünü nisbət edənlər, əhl-i sünnət və'l-camaat)'ın dəlili budur:
Allahdan qullarına aid əmr və qadağaların çıxması, ağıllarının idrak edə bilməyəcəyi dünya və axirət məsələlərinə dair xususları onlara bildirməsi, muhal / imkansız olmaq bir tərəfə qalsın, hikmətdir, müvafiqdir. Bu halda, qullarından bir qismini ya səhih bir ilham və ya açıq bir vəhy yoluyla bəhs mövzusu elm/biliklə şərəfləndirməsi, ağıldan uzaq deyildir. Bax bu mümtaz (seçilmiş) şəxslər, Allahın əmrini başqalarına xəbər verirlər. Uca Allah da, belə bir şəxs üçün, İlahi aləmdən xəbər verməsinin doğruluğunu göstərən bir dəlil (əlamət) xəlq edər ki, bunlar, möcüzələrdir.
Mövzunun biraz daha açıqlanmasına gəlincə:
~ Allah Taala, cənnət ilə cəhənnəmi yaratmış, bunların birində dostları üçün mükafat; digərində düşmənləri üçün əzab hazırlamışdır. İnsan ağlı isə, bu hadisənin incəliklərinə nüfuz etməyə qadir deyildir.
~ Yenə Allah, dünyada həm zərərli, həm faydalı şeylər yaratmış və lakin gərək idrak gücünə, gərək ağla, zərərli ilə faydalının, qida, zəhər və dəvanı (daima) birbirindən ayırmağa, imkan verməmişdir. Ölüm ehtimalı olduğundan tək-tək, təcrübə ilə, ağlın bunları təsbit etməsi də bəhs mövzusu deyildir.
Bu halda, hikmət bunu gərəkdirmişdir ki, uca Allah, peyğəmbər göndərsin. Bu peyğəmbər, Onun qullarına, axirətdə özləri üçün nələr hazırladığını və dünya üçün nələr yaratdığını xəbər versin. Diriliklərini (sağ qalmalarını) təmin edən şeyləri əmr etsin, məhv olmalarına səbəb olacaq şeyləri də qadağan etsin.
"Ta ki məhv olmaq istəyən kimsə, bilərək məhv olsun, sağ qalmaq istəyən kimsə də, bilərək sağ qalsın." (Ənfal/42)
Sual:
Peyğəmbər, ağlın gərəkdirdiyi şeylər gətirərsə, ağıl buna ehtiyac duymaz; qəbul etməyəcəyi şeylər də gətirərsə, bunları muhal/imkansız görüb rədd edər. (Yəni elə isə, peyğəmbərə nə ehtiyac vardır?)
Cavab:
Peyğəmbər, ağlın bilməkdən və idrak etməkdən aciz olan şeyləri gətirir. Çünki ağılların verəcəyi hökmlər 3 qismə ayrılmışdır:
1) vacib
2) mümtəni / imkansız
3) caiz
Ağıl, vacib ilə mümtəni haqqında, asanca hökm verə bilirsə də, caiz haqqında təvaqquf edir, nə mənfi, nə də müsbət hökmə çata bilir.
Digər yandan ağıl, caiz sahəsinə girən şeylərdən heç birini nə fərz, nə də haram qıla bilir. Bu qədər var ki, bir şey yaxşı bir nəticə doğurarsa, ona maraq göstərir. Bir hərəkətə pis bir nəticə bağlanmışdırsa, ondan da üz döndərir.
İndi, peyğəmbər, Allahdan aldığı vəhy ilə fellərin nəticələrini açıqlayınca, insan ağlı, səadətinə vəsilə olan şeyə vaqif olub yönəlir, fəlakətinə səbəb təşkil edilən şeylərdən də xəbərdar olub onlardan çəkilir.
Əslində ağıl tərəfindən idrakı mümkün olan bir şeyi belə, dinin açıqlaması təbiidir. Bunun məqsədi, insana asanlıq təmin etməkdir. Çünki bu cür şeyləri idrak edə bilmək üçün:
~ davamlı olaraq təfəkkürə;
~ mütəmadiyən müşahidəyə; və
~ əksiksiz araşdırmaya
ehtiyac vardır. Elə ki, insan, bununla məşğul olacaq olsa, əhəmiyyətli işlərinin çoxu, üzüstü qalacaq. Bu halda, Allah Taalanın peyğəmbər vasitəsilə bu növ işləri bəyan etməsi, Onun lütf və rəhmətinin əsəridir. Necə ki, uca Allah:
"Biz səni, aləmlərə rəhmət olaraq göndərdik" (Ənbiya/107) buyurmuşdur.
Nübüvvətdə şərt olan, peyğəmbərin kişi olmasıdır. Çünki qadın olmaq, bizim məzhəbə (Maturidi'lərə) görə, peyğəmbər olaraq göndərilməyə əngəl təşkil edir. Əşariyyə isə, bu görüşə müxalif qalmışdır.
Görüşümüzün izahına gəlincə, risalət, haqq dinə dəvət üçün, ortaya atılmağı gərəkdirən bir vəzifədir. Qadın olmaq isə, örtünməyi gərəkdirir. Bundan dolayı, aralarında təzad vardır.
Nübüvvətlə vəzifələndirilən şəxs, ağlın muhal/imkansız görməyəcəyi şeylər irəli sürər, iddiasının doğruluğuna dəlillər gətirər. Çünki möcüzə olmadan onun sözünü qəbul etmək, gərəkli deyildir.
Xaricilərin İbadiyə qolu fərqli düşünərək,
"Möcüzə göstərmədən əvvəl də, peyğəmbərin sözlərini qəbul etmək zəruridir"
demişlərdir. Bu, yanlış bir görüşdür. Çünki haqq peyğəmbərlə yalançı peyğəmbər, ancaq möcüzə ilə ayırd edilə bilər. Bu halda, möcüzə olmadan onun sözünü mənimsəmək, gərəkli deyildir.
Möcüzə: bənzərini gətirməkdən insanların aciz qaldığını təsdiqləyən şeydir.
Kəlam alimlərinə görə möcüzənin tərifi belədir:
"Münkirlərə (inkar edənlərə) meydan oxuduğu vaxt, nübüvvət iddia edən şəxsin əlində təbiət qanunlarına zidd olan bir hadisənin -bənzərini gətirməkdən inkar edənləri aciz buraxacaq şəkildə- baş verməsidir."
Möcüzənin peyğəmbər (əleyhissəlam)'ın doğruluğunu göstərməsinin izahına gəlincə, biz, möcüzənin, uca Allahın feili oldugunu, qulun bunda heç bir təsiri olmadığını bilməkdəyik. Məsələn:
Əsanı ilana çevirmək və ölünü diriltmək kimi.
Peyğəmbər olan şəxs:
"Əgər mən, Sənin həqiqi rəsulun isəm, belə belə et!"
deyər, Allah Taala da, möcüzə izhar edərsə, bu, o peyğəmbəri felən təsdiq etmək mənasına gəlir. Və bu xüsus:
"Doğru söylədin, sən, haqq peyğəmbərsən"
sözü yerinə keçər.
Bir kimsə hökmdarın hüzurunda, onun elçisi olduğunu iddia edər və onun maiyyətinə:
"Doğruluğumun əlaməti, hökmdara: 'doğru deyirəmsə, yerindən 3 dəfə qalx otur' söyləməyim olacaqdır."
deyərsə, hökmdar da həqiqətən bunu edər və maiyyətindəkilər, bu hadisənin onun (padşahın) adəti olmadığını bilərsə...
Necə ki, bu fel, o elçini, iddiasında, "doğru deyirsən!" dərəcəsində təsdiq edirsə, möcüzə də eynilə təsdiq etmək məsabəsindədir.
Müvəffəqiyyət, sadəcə Allah sayəsində mümkündür.
-------------------------------
Muhamməd (əleyhissəlam)'ın nübüvvətinin isbatı
Nübüvvət müəssisəsinin varlığını öyrəndikdən sonra, indi peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm)'in haqq peyğəmbər olduğunu isbata çalışaq. Çünkü tarixdə gəlib keçən peyğəmbərlərin nübüvvətini isbat mövzusunda əsas qayda, Muhammədin nübüvvətini isbatlamaqdır. Bizim məzhəbimizə görə, digər peyğəmbərlərin nübüvvəti, ancaq, onun xəbər verməsi ilə qətilik qazanır. (Haşiyə)
-----------------------------------
(Haşiyə:
Bilməlisən ki, insanlardan hərhansı birinin, Nəbi və ya Rəsul olduğuna şahidlik etmək, ancaq şübhə daşımayan qəti bir dəlil ilə imkan daxilinə girə bilər. Bu dəlil:
~ ya onun göstərdiyi möcüzəni görmək; və ya
~ qəti bilik ifadə edən mütəvatir xəbər ilə o möcüzədən xəbərdar olmaqdır.
Əsrimizdə bu dəlillərin heç biri, peyğəmbərimiz Muhəmməd əleyhissəlamdan başqası üçün mövcud deyildir. Nə var ki, Muhamməd (əleyhissəlam)'ın peyğəmbərliyi, biraz sonra açıqlayacağımız üzərə, bizcə qəti dəlillə sabit olduğundan, Allah Taala'nın, peyğəmbəri vasitəsi ilə nübüvvətini xəbər verdiyi hər kəsin də, qəti dərəcədə Nəbi olduğunu başa düşmüş və bilmiş olarıq. Məsələn, Allah Taala'nın, bu ayələrdə bildirdiyi kimi:
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِبْرَٰهِيمَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا
"Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi." (Məryəm/41);
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مُوسَىٰٓ ۚ إِنَّهُۥ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا
"Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi." (Məryəm/51)
Buna bağlı olaraq, Qur'anın, nübüvvət və risalətindən bəhs etdiyi hər kəsin, Nəbi və Rəsul olduğuna inanır; Quranda zikri keçməyib, qissələr və tarix kitablarında bəhs mövzusu edilənlər haqqında sükut edir, nə müsbət, nə də mənfi bir hökmə varırıq.
Peyğəmbərləri, rəvayət edilmiş bəzi hədislərə istinad edərək, müəyyən bir saya bağlamırıq. Çünkü bu mövzudakı hədislər, əhəd yoluyla gəlmiş olub, qəti bilik ifadə etməz. Onların hamısına iman edir, saylarını Allaha həvalə edirik. Onlar haqqında müəyyən bir say desək, həqiqətdə bu saydan daha çox və ya daha az olması, möhtəməldir. Əgər söylədiyimiz saylardan çoxdurlarsa, bəzilərini peyğəmbər olmaqdan çıxarmış olarıq; əgər sayları azdırsa, bu halda peyğəmbər olmayana da peyğəmbərlik nisbət etmiş olarıq. Bu alternativlərin heç biri də, caiz deyildir. Bundan dolayı, Nəbi və Mürsəllərin hamısına iman edir,
'Onların ilki Adəm, sonuncusu Muhamməd (sallallahu aleyhi və səlləm)'dir' deyirik. Necə ki, Allah Taala:
وَرُسُلًا قَدْ قَصَصْنَـٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ...
"Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə, sənə heç nə söyləmədik..." (Nisa/164) buyurmuşdur.
---------------------------------
Bunun isbatlanması, iki şəkildə mümkündür:
1) Əqli möcüzə:
Birincisi, Quran-i Kərimdir. Peyğəmbər onunla, ərəb olan və olmayan bütün ədiblərə (ədəbiyyatçılara), bənzərini gətirmələrini istəyərək meydan oxumuş, onlar isə, bunu etməkdən aciz qalmışlardır. Allah Taala, belə buyurur:
وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ
"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!" (Bəqərə/23).
Yenə şanı uca olan Allah, belə buyurmuşdur
قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَـٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
"De: 'Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”. (İsra/88).
Və bu xüsusda Quran-i Kərimin ehtiva etdiyi digər ayətlər.
Bu ayətlər qarşısında bütün ədəbiyyatçılar, Qur'anın bənzərini gətirməkdən aciz qalmışlardır.
Bunun isbatına gəlincə, onlar əgər Qur'anın bənzərini gətirməyə güc çatdırsaydılar, bunu mütləq edərdilər. Çünkü onlar, peyğəmbərin iddasını və onun qəti isbat vasitəsi olaraq istifadə etdiyi Qur'an hüccətini çürütməyə son dərəcə düşkün idilər. Ədiblər belə bir şey etmiş olsalardı (yəni Qur'ana nazirə gətirmiş olsalardı), mütləq ətrafa yayılar və bizə qədər nəql edilib gətirilərdi. Eynilə, Musəylimətu'l- Kəzzabın, (guya vəhy növü olan), batil sözləri nəql edildiyi kimi.
Sual:
Bəlkə, müharibə və məişət məşğələləri kimi işlər, onları belə bir işdən əngəlləmişdir?
Cavab:
~ Birincisi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quranla meydan oxuması, döyüşlərə başlamasından əvvəl olmuşdur.
~ İkincisi, ərəblər nəzərində, haqq bildikləri dinlərini müdafiə etmək, hörmətə layiq və müqəddəs bildikləri şeyləri qorumaq, məişət məşğələlərindən çox daha əhəmiyyətli bir şey idi. Bundan dolayı, irəli sürülən ehtimalın, bəhs mövzusu olmadığı açıqdır.
Sual:
Bəlkə də o vaxtların ədibləri, Qur'ana nazirə (Quranın bənzərini) gətirmişlərdir, lakin müsəlmanlar buna maraq göstərməmiş və Quran məşhur qalmışdır.
Cavab:
O dövrlərdəki münkirlər/inkar edənlər, sayca möminlərdən daha çox idilər. Əgər Qurana nazirə olacaq bir şey gətirmiş olsalardı, onların inkarları, yalanlamaları və peyğəmbər (əleyhissəlam)'a olan düşmənlikləri, özlərini bu nazirəni nəql edib məşhur qılmağa sövq edəcəkdi. Eynilə, möminlərin təsdiqləri və peyğəmbərə olan məhəbbətləri, onları, Quranı nəql etməyə və məşhur qılmağa sövq etməsi kimi.
Buna baxmayaraq, Qur'ana nazirə olacaq bir şey, bizə nəql edilməmişdir. Bu halda, (demək ki) ədiblər, bundan aciz qalmışlardır.
Ərəblərin, ədəbiyyat və bəlağat mütəxəssisləri belə bir şeydən aciz qalınca, sonrakı qeyr-i ərəb ünsürlər, əvləviyyətlə, aciz qalacaqlar.
2. Hissi möcüzələr
Peyğəmbərin nübüvvətini isbat edən möcüzələrin ikincisi, Ondan nəql edilən hissi və xəbəri möcüzələridir. Hisslərlə idrak edilən möcüzələrin bir qismi Onun zatında, bir qismi də zatının xaricində gerçəkləşmişdir.
a. Onun zatı ilə bağlı möcüzələr:
~ ata və anası tərəfindən (nurunun) sülbünə və rəhminə keçdiyi kimsələrin alnında bir nurun parlaması;
~ keçmiş ilahi kitablarda, maddi və mənəvi vəsflərlə ortaya çıxacağı zamanın xəbər verilməsi və Ona tabe olacaqlarla tərəfdarlarının vəsflərinin bildirilməsi;
~ yenə Əli bin Əbu Talib, Hind bin Əbu Halə, və Ümmü Mə'bəd kimi şəxslərin rəvayətləri ilə bizə qədər nəql edilən yüksək yaradılışı, boyu və orqanları, yüksək əxlaqı və nümunə davranışları zikr edilə bilər.
Bütün bunlar, bəsirət sahibləri tərəfindən nə ondan əvvəl, nə də ondan sonra bu cür sifətlərin heç kimdə toplanmadığı mövzusunda qəti dəlillər təşkil edir. Bu da, Onun zatının şərəf və şanının ucalığını göstərir, həm də kimsənin Özünə bərabər ola bilməyəcəyi şəkildə. Necə ki, rəvayət edildiyi üzərə, Əbu Bəkr əs-Siddiq, Peyğəmbərimizə uşaq vaxtları nə vaxt nəzər etmiş və Onun vəsflərinə diqqət etmiş isə:
"Bu şəxs, böyük bir iş üçün yaradılmış olmalıdır." deyirdi.
Nəhayət Peyğəmbər, onu İslama dəvət edincə:
"Bax mənim Səndən gözlədiyim şey, bundan başqa bir şey deyildi."
Abdullah bin Salam da, Onunla ilk qarşılaşdığında:
"Bu, əsla yalançı bir sima ola bilməz." demişdir.
Abdullah b. Rəvaha isə, Onun haqqında belə demişdir:
"Olmasaydı belə, möcüzələrin heç biri,
Verərdi sənə Onun məsum üzü, xəbəri."
Peyğəmbər ömrü boyunca bu yüksək əxlaqı mühafizə etmiş, gizli-aşkar, qəzəbli və xoş, həyatının heç bir mərhələsində bundan ayrılmamışdır. Elə ki, Ona iman etməyənlər belə, şiddətli düşmənlikləri, və sərt tənqidlərinə baxmayaraq, Özündə hər hansı bir etiraz nöqtəsi tapa bilməmişlərdi.
Bax bu məziyyət, Onun (peyğəmbərlik) iddiasının doğruluğuna, ən böyük bir dəlil təşkil edir. Çünki şanı uca olan hikmət sahibi Allahın (Öz elçisi olduğunu iləri sürmək surəti ilə)
• Böhtançı bildiyi bir kimsənin şəxsində bu qədər məziyyətlərin toplanması;
• Ona 23 il icazə verməsi;
• Sonra da təbliğ etdiyi dini, digər dinlərə üstün qılıb, düşmənlərinə qalib gətirməsi; və
• Vəfatından sonra əsərlərini qiyamətə qədər yaşatması,
əqlən muhaldır/imkansızdır.
b. Hissi möcüzələrdən, Allah Rəsulunun zatının xaricində olanlara, bunlar nümunə göstərilə bilər:
• Ayın ikiyə ayrılması;
• Ağacın yeriyərək gəlməsi;
• Daşın danışması;
• Ağac kötüyünün inləməsi;
• Qızardılmış qoyun ətinin, zəhərli olduğunu xəbər verməsi; və
• Buludun peyğəmbəri davamlı olaraq kölgələndirməsi.
3. Xəbəri möcüzələr
Peyğəmbərin keçmişə ve gələcəyə aid hadisələri xəbər verməsi də, Onun möcüzələrindəndir.
a. Keçmişə aid hadisələrə misal, əvvəlki peyğəmbərlərin qissələri və əvvəlki ümmətlərin hallarıdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm), bu qissə və hadisələri, kitab əhli alimlərinin hüzurunda (Qur'an və hədisin fərqli yerlərində) müxtəlif ləfizlərlə zikr etmiş, bu alimlərdən heç biri, Onu yalanlamağa və ya tənqidə imkan tapa bilməmişlərdir. Halbuki O, nə əvvəlkilərin kitablarını oxumuş, nə də kitab əhli ilə bərabər olmuşdur. Bax bu hal, Onun ilahi vəhy və nübüvvətə istinad edərək xəbər verdiyini göstərir.
b. Gələcəyə aid xəbərlər. Məsələn, Bədr döyüşündə düşmən ordusundan müəyyən kimsələrin öldürüləcəyini, yerləri ilə birlikdə əvvəlcədən xəbər verməsi kimi xüsuslardır. Necə ki hadisələr, xəbər verdiyi şəkildə baş vermişdir.
Yenə, Bəni Hənifə qəbiləsi ilə, iranlıların döyüşəcəyini; İran şahının səltənətinin məhv olacağını; gətirdiyi İslam dininin digər dinlərə üstün gəlib, şərq ilə qərbin ən uzaq nöqtələrinə qədər yayılacağını; və xəbərlərdə zikr edildiyi kimi daha başqa xüsusların baş verəcəyini əvvəlcədən söyləməsi, bu cür möcüzələrdəndir. Həqiqətən də bütün bunlar, xəbər verdiyi kimi baş vermişdir.
Peyğəmbərin bunlardan xəbər verməsindəki hal, heç bir şəkildə, kahin, sehrbaz və münəccimlərin (gələcəkdən xəbər verməsi) halına bənzəməmişdir. Belə ki, onların sözlərində qafiyəli nəsr və vəznli şerlər söylədikləri, murdar şeylər istifadə etdikləri, şeytanlardan kömək dilədikləri, astrolab kimi alətlərə baxdıqları baxdıqları və fərqli hesablar yürütdükləri rəvayət edilir. Əksinə, Onun davranış və hərəkətləri, dürüstlüyə dayanmaq, sükunət və vüqarlı bir şəkildə olmaq, dünya zövqlərinə dəyər verməmək və davamlı surətdə Allahın zikri ilə məşğul olmaqdan ibarət idi.
Yuxarıdan bəri, bəhs mövzusu edilən bu möcüzələrin çoxu, hərçənd əhəd yolu ilə sabit olmuşdur. Lakin bunların hamısı bir nöqtədə ittifaq etməkdədir ki, o da, Muhammədin əlində, təbiət qanunlarını aşan hadisənin (yəni mütləq mənada möcüzənin zühur etdiyidir.) Bax bu mövqedəki möcüzə, mütəvatir hökmündə olur və qəti bilik ifadə edir. Eynilə Xatim'in comərdliyi, Nuşirəvanın ədaləti, Əlinin qəhrəmanlığı və Əbu Hənifənin elmi haqqında, əhəd yolu ilə nəql edilən mənqibələr kimi. Bu mənqibələrin hər bir qrupu, bütünlüklə tək bir mənaya dəlalət etdiyinə görə -ki bunlar da, comərdlik, ədalət, qəhrəmanlıq və elmdir- bəhs mövzusu mənaların varlığına dair, qəti bilik meydana gətirməkdədir. Bax möcüzələr də bunun kimidir.
Sual:
Bəzi xristianlar, Muhammədin sadəcə ərəblərin peyğəmbəri olduğunu iddia etmişlərdir. Bundan dolayı, Risalətinin bütün insanları əhatə etdiyinin dəlili nədir?
Cavab:
Onun haqq peyğəmbər olduğunu isbat etdik. Peyğəmbər, yalan söyləməz. Bu, bir həqiqətdir ki, O, bütün insanlara göndərildiyini xəbər vermişdir. Necə ki, Allah Taala, belə buyurur:
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا...
"Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik..." (Səbə/28)
Yenə əzəməti uca olan Allah buyurur:
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ جَمِيعًا ٱلَّذِى...
"De: 'Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm..." (Əraf/158)
Bu da, şübhə qaldırmaz bir xüsusdur ki, İran şahına və ətrafındakı digər hökmdarlara elçilər göndərərək, onları İslama çağırmış, bunlardan Nəcaşi və bəziləri, Ona iman etmişlərdir. Bu da, Onun hərkəsə göndərilmiş bir peyğəmbər olduğunu göstərir.
Müvəffəqiyyət uca Allahdandır.
--------------------------------------
2. Peyğəmbərliyin xüsusiyyətləri:
Peyğəmbərin özünə məxsus bəzi xüsusiyyətlərinin olması lazımdır. O, bu xüsusiyyətlər sayəsində, uca Allah ilə qulları arasında elçilik etmək ləyaqətini qazanmış olur.
Allah Taalə, belə buyurur:
...ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ...
"...Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir..." (Ənam/124)
• Bu sifətlərdən biri:
Onun, Öz dövründə yaşayan insanların ən ağıllısı olması və ən gözəl əxlaqa sahib olması. Bununla bərabər elçilik vəzifəsini yerinə yetirməsinə, əngəl təşkil edəcək sifətlər daşımamasıdır. Nübüvvətdən əvvəl belə bir sifət daşıyırdısa, Allah Taala, onu peyğəmbərlik sırasında ortadan qaldırar. Musa (əleyhissəlam)'ın dilindəki qüsuru, Onun dua və niyazı üzərinə ortadan qaldırması kimi. Peyğəmbər gərək sözlərində, gərəksə də fellərində, Özünü ləkələyəcək və qiymətini düşürdəcək xətalardan qorunmuş (məsum)'dur. Əgər qəsd və iradəsi olmadan Özündə bir xəta meydana gəlsə, Allah Taala, ona xəbərdarlıq edər, qınayar, bu xüsusda peyğəmbərin öz halına buraxmaq bir yana qalsın, xəbərdarlıq etməyi gecikdirməz belə.
Böyük imam əbu Mansur əl-Maturidi belə dedi:
"Məsumluq, imtahana tabe tutulmağı ortadan qaldırmaz."
Bunun mənası budur ki, Peyğəmbərin günahdan qorunmuş olması, Onu itaətə etməyə məcbur etmədiyi kimi; günah işləməkdən də aciz buraxmaz. Nə var ki, ismət, Allahın bir lütfü olub, peyğəmbəri xeyr işlər görməyə sövq edər, pislikdən də uzaqlaşdırar. Lakin İlahi imtahanın gerçəkləşməsi üçün, Onda, iradə yenə də mövcuddur.
Müsəlmanların böyük əksəriyyətinə görə, peyğəmbərin küfürdən məsumluğu, peyğəmbərlikdən öncə də sonra da sabitdir. Xaricilərin Fudayliyyə qolu, bu görüşə müxalif qalmışdır. Peyğəmbərlərin günahdan məsum olması, əhl-i sünnətə görə vəhydən sonra da sabitdir. Lakin Haşəviyyə'yə görə, belə deyildir. Çünki onlar, Davud, Süleyman və Yusuf peyğəmbərlər ilə digər bəzi peyğəmbərlərin qissələrini danışarkən, Onların günah etdiklərini hiss etdirən bəzi şeylər nəql edərlər. Halbuki bu rəvayətin bəziləri, mötəbər deyildir. Bəziləri də, peyğəmbərlərin şanına yaraşacaq bir şəkildə səhih təvillərə tabe tutulmuşlardır. Bunun isbatına gəlincə, peyğəmbərlər, Allah Taala'nın, qulları üzərindəki hüccətləridir. Çünki Allah Taala, belə buyurmaqdadır:
رُّسُلًا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ...
"Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın..." (Nisa/165)
Əksinə, Allahın insanlar qarşısında hüccəti, (hesab soruşmaq haqqı) vardır. Peyğəmbərlərin günah işləməsi mümkün olsa idi, Onların sözlərinə güvənilməz və dolayısı ilə İlahi hüccət gerçəkləşməmiş olardı. Peyğəmbərlərin vəhydən əvvəlki hallarına gəlincə, mötəzilənin bütün qrupları və (Fudailiyyə qolu xaric) xaricilərin tamamına görə, onlar vəhydən əvvəl də məsumdurlar. Bizə görə isə, peyğəmbərlərin vəhydən əvvəl günah işləməsi nadir olmaqla bərabər, mümkündür. Belələrinin halı, nübüvvət vaxtında, dərhal yaxşılığa və istiqamətə çevrilir.
-----------------------------------------
Vəlilərin kəramətləri:
Vəlilərin kəraməti, bizə görə caizdir. Mötəzilə kəlamçıları, buna müxalif qalmışlardır. Yenə sehr ilə göz dəyməsi də, bizə görə mümkün olub, onlara görə isə, mümkün deyildir.
Bu mövzudakı dəlilimiz, həm ağıl, həm də nəql yönündəndir.
1. Nəqli dəlil:
~ Süleyman (əleyhissəlam)'ın vəziri (Asaf b. Bərxiya)'ya dair gələn xəbərdir. Belə ki, o, (Səba kraliçası) Bəlqis'in taxtını, uzaq məsafədən qısa bir zaman içərisində gətirmişdir. Necə ki, Allah Taala, belə buyurmuşdur:
قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّى...
"Kitabdan xəbəri olan bir başqa kimsə isə, belə dedi: “Mən onu (Bəlqisin taxtını), sənə bir göz qırpımında gətirərəm!” Süleyman, taxtı yanında hazır durmuş görən kimi dedi: 'Bu, Rəbbimin lütfündəndir..." (Nəml/40)
~ Yenə Nəhavənd'də olan Sariyə (b. Zuneym b. Abdullah b. Cabir), Mədinədəki xəlifə Ömərin:
"Ey Sariyə, dağa diqqət et, dağa!"
şəklindəki sözünü eşitmişdir. Halbuki ikisi arasında 500 fərsəxdən çox məsafə var idi. (bax: ibn Həcər Asqalani, "əl-İsabə", no: 3034; Səxavi, "əl-Maqasidu'l-Həsənə", hədis no: 1331; əbu Nuaym, "Dəlailu'n-Nübüvvə", s. 507);
~ Ömər b. Xattab (radiyallahu anh)'ın məktubunun atıldığı Nil çayının daşması (bax: əbu'l-Fərəc ibnu'l-Cevzi, "Tarix-u Ömər b. əl-Xattab", s. 172-173; Yaqut əl-Həməvi, "əl-Mu'cəmu'l-Buldən", "ən-Nil" maddəsi);
~ Xalid b. Vəlidin zəhər içməsi (və bundan zərər görməməsi) (bax: "əl-İsabə", no: 2201)
də, məşhurdur.
Tabiinə və Muhamməd ümmətinin saleh fərdlərinə aid nəql edilən kəramətlər, o dərəcəyə çatmışdır ki, əhəd yolu ilə gələn bu rəvayətlər bir araya gətirildikləri təqdirdə, kəramətin mümkün olduğu nöqtəsində, təvatür mərtəbəsinə çatır (mənəvi təvatür).
2. Əqli dəlilə gəlincə:
Kəramət, təbiətdə hökmran olan qanuna zidd düşərək meydana gələn İlahi bir feldir; ta ki, qul, itaətkarlığın meyvəsini görsün, dininin haqq olduğuna dair bəsirət və inancı artsın.
Sual:
Kəramət, bu şəkildə meydana gəlsə idi, möcüzəyə bənzəyər və dolayısı ilə, nəbi və vəli, bir-birindən ayırd edilə bilməzdi.
Cavab:
Həqiqət, belə deyildir. Çünki möcüzə, nübüvvət iddiası ilə bərabər mövcud olur. Halbuki vəli bunu (nübüvvət) iddia edərsə, dərhal kafir olar və kəramətə layiq olmaq vəsfindən uzaqlaşar. Halbuki vəli, Peyğəmbərə bağlı olduğunu iqrar edir. Şübhə yoxdur ki, vəliyə aid hər bir kəramət, tabe olduğunu söylədiyi peyğəmbər haqqında bir möcüzə sayılır. Belə olunca da, vəli ilə nəbi arasında bənzərlik doğmaz. (Haşiyə)
Doğruya müvəffəq edən, yalnız Allahdır.
(Sabuni, "əl-Bidayə fi Usuli'd-Din")
-------------------------------------
(Haşiyə:
Müəllifimiz Nurəddin əs-Sabuni, "əl-Kifayə" adlı əsərində, kəramət bəhsini belə bitirir:
"Təbiət qanunlarını pozan hadisə, 4 növdür:
1. Möcüzə: Təhaddi (meydan oxumaq) və nübüvvət iddiası ilə bərabər, peyğəmbərin əlində zuhur edən şeydir.
2. Kəramət: Şəraitə bağlılıq və təqva halında vəlinin əlində zuhur edən şeydir.
3. Maunət: Hər hansı bir iddia olmadan, möminlərdən birinin əlində baş verən şeydir.
4. Məkr və İstidrac: İlahlıq iddia edənin, kafir və bidətçinin əlində baş verən şeydir.
Bunu da deməliyik ki, sehr, bu bildirdiklərimizin xaricindədir. Çünki sehr, həqiqətdə bəhs mövzusu etdiyimiz şəkildə, təbiətdə hakim olan qanunu pozan bir şey deyildir. Belə ki, insan, təhsil və çalışmaq yolu ilə, onu iradəsi daxilində əldə edə bilər. Çünki təbiət qanunları, hökmünü yenə davam etdirməkdədir. Bundan dolayı, təhsil görüb öyrəndiklərini şərtlərinə uyğun olaraq tətbiq edən kimsə, təbiət qanunu gərəyincə, gərəkli nəticəni ortaya qoymuş olur.
Bu qədər vardır ki, nəticəni doğuran səbəblər gizli olduğundan, insanlar onları bilmədiyi kimi, öyrənmək üçün güc də sərf etməzlər. Bax bu səbəbdəndir ki, sehr, hədd-i zatında, fövqə'l-adi bir hadisə deyildir."