Nur surəsi 3-cü ayətin təfsiri
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ
"Zinakar kişi, ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da, yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu (surətlə evlənmək), möminlər üzərinə haram qılınmışdır." (Nur/3)
-------------------------------------
Təfsiri:
Bu ayətlə bağlı, bir neçə sual vardır:
• Birinci sual:
Haqq Taalanın:
"Zinakar kişi, ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər."
ifadəsinin zahiri, bir xəbərdir (yəni bu cümlə, bir xəbər cümləsidir). Ancaq məsələ, bu zahiri ifadənin ortaya qoyduğu kimi deyildir. Çünki biz, zina edən bir kişinin, bəzən, namuslu, mömin bir qadınla evləndiyini; bəzən də, zina edən bir qadını, namuslu və mömin bir kişinin nikahladığını görməkdəyik.
• İkinci sual:
Allah Taala:
"Bu (surətlə evlənmək), möminlər üzərinə haram qılınmışdır." buyurmuşdur.
Halbuki bu da, belə deyildir. Çünki mömin bir şəxsin, zina etmiş bir qadınla evlənməsi, halaldır.
Cavab:
Bil ki, müfəssirlər, bu 2 sualdan dolayı, bu izahları vermişlərdir:
1. İzahların ən gözəli, əbu Bəkr əl-Qaffal əş-Şaşi'nin (Şafi fəqihi) vermiş olduğu izahdır. O, deyir:
"Bu ifadə, hər nə qədər ümum bir ifadə isə də, ancaq nə var ki, bundan əksəriyyət mənası qəsd edilmişdir. Bu, belədir. Çünki işi-gücü zina etmək və fisq olan pis bir fasiq, saleh qadınlarla evlənməyi arzulamaz. O, ancaq, özü kimi olan pis bir fasiq və ya müşrik qadınla evlənmə arzusu duyar.
Yaxşı, saleh kişilər isə, pis, fasiq qadınlarla evlənmə arzusu duymayıb, tam əksinə, onlardan (ola bildiyi qədər) nifrət edərlər. Bunlarla evlənməyə, ancaq, özləri kimi fasiq və müşrik kişilər arzu duyarlar.
Bundan dolayı, bu hal, ümumiyyətlə belədir. Bu, eynilə:
'Xeyir və gözəl olan işi, ancaq müttəqi (təqva sahibi) olan kimsə işləyər. Bəzən də, bəzi xeyri və gözəl olanı, müttəqi olmayan da edər.'
deyilməsi kimidir. Bax burda da belədir."
Haqq Taala'nın:
"Bu (surətlə evlənmək), möminlər üzərinə haram qılınmışdır."
ifadəsilə bağlı suala gəlincə, buna da, bu 2 yöndən cavab verə bilərik:
• Birinci yön:
Allah qatında məqbul bir mömin kişinin, zina edən bir qadınla evlənməsi, (belə bir) qadına arzu duyması və bu səbəblə də, zinakar adlandırılmış insanlar arasına qarışması, mömin kimsəyə haramdır. Çünki belə bir evlilikdə, fasiqlərə bənzəmə, töhmət məhəllərində dayanma və bu xüsusda, pis sözlərə və qiybətlərə səbəb olmaq vardır.
Qəsdən, bilə-bilə, (Allahın əmrlərinə) üsyankar olan kimsələrlə oturub qalxmaqdan dolayı, neçə-neçə günahlar işlənilir. Elə isə, zinakar qadınlar və günahkar kişilərlə evlilik, necə bir nəticə verər?! (Yəni, bir özün düşün!)
2. Arzu və istəyi, TAMAMİLƏ (YALNIZ) zinakar qadınlara yönəltmək, salehə qadınlara arzu duymamaq, mömin kişilərə haramdır. Çünki Haqq Taala'nın:
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً
ifadəsinin mənası:
"Zina edən kişi, sadəcə zina edən qadınlara arzu duyar." şəklindədir.
Bundan dolayı, bax bu həsr (məhdudlaşdırma), möminlərə haram qılınmışdır.
Bu səbəblə, bu həsrin haram qılınmasından, mömin kişinin, zinakar qadınla evlənməsinin haram olduğu nəticəsi çıxmaz.
Bundan dolayı, bu ayətin təfsirində əsas olan xüsus, budur.
• İkinci yön:
Allah Taalanın: "ٱلزَّانِى / zinakar; və عَلَى ٱلْمُؤْمِنِينَ / möminlər üzərinə" başındakı əlif-lam, hər nə qədər zahirən ümumilik ifadə etsə belə, nə var ki, burda bu xüsus, ayətin özləri haqqında nazil olduğu kimsələrə təxsis edilmiş / xas qılınmışdır.
Necə ki, Mücahid, Ata b. əbi Rabah və Qatadə, belə demişlərdir:
Mühacirlər, Mədinəyə gəldilər. İçlərində, malları və qəbiləsi, qohum-əqrəbası olmayan kasıblar da var idi. Mədinədə də, özlərini pula satan zinakar qadınlar var idi. O gün, bu cür qadınlar, Mədinənin ən varlıları idilər. Hər birisinin qapısının üstündə, onların zinakar olduqlarının anlaşılması üçün, baytarların əlamətlərinə bənzər əlamətlər vardı. Və onların yanına, sadəcə zina edən kişilərlə müşriklər girib-çıxırdı.
Bax bu səbəblə, onların bu qazanclarına, Mədinəyə gəlmiş olan o bir qrup kasıb müsəlman arzu duyaraq:
"Allah bizi onlardan müstağni (zəngin, tox) qılacağı vaxta qədər, onlarla evlənək."
dedilər. Bunun üzərinə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən icazə istədilər. Bunun üzərinə də, bu ayət nazil oldu.
Buna görə, ayətin təqdiri (yazılı olmayıb ancaq var olduğu bilinən) mənası:
"O zina edən kişilər, ancaq, o zina edən qadınları alarlar. Və o zina edən qadınları da, ancaq, zina edən o kişilər alarlar. Onları nigahlamaq, möminlərə haram qılınmışdır." şəklində olur.
3. Allah Taalanın:
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً
ifadəsinin zahiri, hər nə qədər bir xəbər cümləsi isə də, ancaq nə var ki, bununla, "nəhy / qadağa" qəsd edilmişdir. Buna görə, məna:
"Zina edən hər kişinin, ancaq zina edən bir qadınla evlənməsi uyğun düşər. Bu (zina edən qadınlar və ya kişilərlə) evlənmək , möminlərə haram qılınmışdır."
şəklində olur.
İslamın başlanğıc illərindəki hökm, bax belə idi. Verilən bu izaha görə də, alimlər, bu 2 xüsusu iləri sürmüşlərdir:
• Birinci xüsus:
Bu hökm, zina edən kişinin və qadının, namuslu qadın və kişilərlə; namuslu kişi və qadınların da, zina edən kişi və qadınlarla evlənmələrinin haram qılındığı, bu vaxta qədər davam etməkdədir. Bunun, əbu Bəkr, Ömər, Əli, ibn Məsud və Aişə'nin məzhəbi və görüşü olduğu iləri sürülmüşdür.
Sonra, bunların arasında, bu işə (zina işinə) yeni başlayanla, bunu davam etdirənin eyni olduğunu iləri sürərək, belə deyənlər də vardır:
"Bir möminə, zinakar bir qadınla evlənmək halal olmadığı kimi; onun xanımının, nikahı altında ikən zina etməsi halında, bu evliliyi davam etdirməsi də, halal olmaz."
Bəziləri də, bu 2 şeyi bir-birindən ayrı mütaliə edirlər. Çünki evliliyə mane olacaq şeylər arasında, (məsələn ehramlı olmaq, iddət gözləmək kimi) nikahın davamına mane olmayan şeylər də vardır.
• İkinci xüsus:
Bu hökm, mənsuxdur.
Alimlər, bunu (zinakar qadın və ya kişilərlə evliliyi) nəyin nəsx etdiyi xüsusunda ixtilaf etmişlərdir.
Cübbai'nin, bunu, icmanın nəsx etdiyini söylədiyi rəvayət edilmişdir.
Səid b. əl-Müsəyyəb'dən də, bunun:
"Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin..." (Nisa/3) ayəti ilə
"Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin..." (Nur/32)
ayətinin ümum olması ilə nəsx edildiyini söylədiyi rəvayət edilmişdir.
Mühəqqiq alimlər isə, hər 2 görüşün də zəif olduğunu bildirmişlərdir:
~ Birincisinə (Cübbainin, bunu icmanın nəsx etdiyini söyləməsinə) gəlincə:
Fiqh üsulunda, icmanın nə özünün nəsx ediləcəyi, nə də onunla başqa bir şeyin nəsx ediləcəyi söylənmişdir.
Həm sonra, bir ixtilafdan sonra meydana gələn icma, hüccət ola bilməz. Bu məsələdəki icmadan əvvəl də, əbu Bəkr, Ömər və Əlinin buna müxalifətləri vardır. Bundan dolayı, bu icma, necə doğru ola bilər?!
~ İkinci görüşə gəlincə:
Haqq Taalanın:
"Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin..." (Nisa/3)
əmri, nasix (nəsx edən) ola bilməz. Çünki burda, mütləq, səbəb, nəsəb, yaxud bu ikisi xaricində nikaha mane hər hansı bir şeyin mövcud olmaması şərti vardır.
İndi, biri belə deyə bilər:
"Bu ayətin muhtəvasına, bir qadını, qardaşı və ya qardaşının oğlu ilə evləndirmə məsələsi girmədiyi kimi; zinakar bir qadını, mömin bir kişi ilə evləndirmə məsələsi də girə bilməz."
Buna belə cavab verərik:
Bir ayrılığı meydana gətirmə xüsusunda, zinanın, başqa şeylərdə olmayan təsirləri vardır. Məgər görmürsənmi ki, biri o qadına zina iftirası atdığında, bunun ardından, bəzi cəhətlərdən o qadını, bir ayrılıq izləyir. Halbuki belə şeylər, həddi (hədd cəzasını) gərəkdirən şeylərdə gərəkli deyildir. Bir də, zina, utanc səbəbidir. Bundan dolayı, bu xüsusiyyətlərilə, digər şeylərdən fərqlidir.
Belə bir nəsx olduğunu iddia edənlər, bu şəkildə istidlal etmişlərdir:
İbn Abbas (radiyallahu anh)'dan, bir qadınla zina edən bir kişinin, o qadınla evlənib-evlənə bilməyəcəyi məsələsi soruşulmuş, ibn Abbas da, evlənə biləcəyini söyləyərək, bu kimsəni, bir ağacın meyvəsini ilk əvvəl oğurlayıb, sonra onun pulunu verib alan kimsəyə bənzətmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bu xüsus soruşulduğunda:
"Əvvəli zina, sonu isə, nigahdır. Haram isə, halalı haram qılmaz." deyə buyurmuşdur.
4. Ayətdəki "evlənmək" sözü, "vat"/cima (cinsi münasibət) mənasındadır. Buna görə məna:
"Zina edən kişi, zina edərkən, ancaq zinakar və ya müşrik olan bir qadınla zina etmişdir. Zina edən qadının halı da belədir. Bu isə, möminlərə haramdır. Yəni zina, möminlərə haramdır." şəklindədir.
Əbu Muslim'in təvili də, bu şəkildədir.
Zəccac deyir:
Bu təvil, 2 cəhətdən yalnışdır:
1. Allahın kitabında keçən bütün "nigah" ləfzləri, "evlənmə" mənasındadır. Bu ləfz, qətiliklə "vat/cima" mənasına alınmamışdır.
2. Bu məna, sözü fayalı (mənalı) olmaqdan da çıxarır. Çünki bu ifadə ilə:
"Zina edən kişi, ancaq zina edən bir qadınla cima edər."
deyəcək olsaq, yenə eyni problem bəhs mövzusu olur. Çünki zina edən kişinin, özüylə evləndiyində iffətli və namuslu qadın ilə cima etdiyini bilməkdəyik.
Yenə bununla:
'Zina edən kişi, ancaq onun o qadınla ciması bir zina olduğu vaxt, zinakar bir qadınla cima etmiş olar.'
deyəcək olsaq, bu, mənasız bir söz olmuş olar." demişdir.
Burda söylənəcək sözün özü, budur.
• Üçüncü sual:
Haqq Taalanın:
1. "Zina edən kişi, zina edən qadından başqası ilə evlənməz." ayət ilə
2. "Zina edən qadını da, zina edən bir kişidən başqası almaz."
ifadələri arasında nə fərq vardır?
Cavab:
Birinci ifadə, zina edən kişinin, sadəcə zinakar qadınlarla evlənmə arzusu içində olduğunu göstərir.
Bu ifadə, zina etməyən bir kişinin, zinakar bir qadını nigahlamaq arzusu duymadığını ifadə etməməkdədir. Dolayısı ilə bu xüsus, ikinci ifadə ilə bildirilmişdir.
• Dördüncü sual:
Əvvəlki ayət (Nur/2)'də, zina edən qadın, zina edən kişidən əvvəl zikr edilmişdir. Bu ayət (Nur/3)'də isə, əksinədir. Bunun səbəbi nədir?
Cavab:
Əvvəlki ayət, o zinakar qadının bu günahından dolayı cəzasını bildirmək üçün gətirilmişdir. Qadın isə, zinanın əsas ünsürüdür.
İkinci ayət isə, nigah mövzusu ilə əlaqəli gətirilmişdir. Nigahda isə əsl olan, kişidir. Çünki bunu istəyən və arzu edən, kişidir.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
- Nur surəsi 3-cü ayətin təfsiri
- Zina Nədir?
- "Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz" hədisi-2
- Zina nədir? Cəzası necədir?
- "Bir qadın və bir kişi yalnız qalsa üçüncüsü şeytandır" hədisini açıqlaya bilərsinizmi?
- İslam Cəza Hüququnda Rəcm
- Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.
- Yas tutmaq
- "Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz." hədisi-1
- Bəqərə surəsi 106-cı ayətin təfsiri