Ömər, Əlinin qızı ümmü Gülsüm ilə evlənibmi?

Tarixdən məlumdur ki, Ömər bin əl-Xattab ilə - radiyallahu anhu - Əlinin qızı Umm Kulsum - radiyallahu anhə - ailə həyatı qurublar. Həm sünnilərin, həm də şiə tarix alimlərinin qəbul etdikləri bu tarixi fakt iddiaçıların qurduqları əfsanəni məhv edir. Şiələr Ömər ilə Əli arasında bir ədavətin olduğunu iddia etdikləri halda tarix onların dediklərinin əksini göstərir. Məgər insan öz qızını düşməninə ərə verərmi?!

Biz bu yazımızda onların şübhələrinə cavab verməyə çalışacağıq.

-------------------------------------------------------------------

Bu barədə gələn rəvayətlər səhihdirmi?

Bəzi şiələr iddia edir ki, bu barədə həm sünni, həm də şiə mənbələrində gəlmiş rəvayətlər zəifdir. Onlar deyirlər ki, guya bu evliliyi sünnilərin əsas qaynaq kitabları qeyd etməyiblər. Bütün bu iddialar nə qədər doğrudur?

əl-Buxari “əs-Səhih” kitabında rəvayət edir:

“Abdən bizə rəvayət etdi: Abdullah bizə xəbər verdi; Yunus bizə İbn Şihəbdən xəbər verdi; Saləbə bin Əbi Malik dedi ki, Ömər bin əl-Xattab – radiyallahu anhu – Mədinənin qadınları arasında bəzi paltarlar bölüşdürdü və sonunda yaxşı bir paltar qaldı. Onun yanındakılardan bəziləri ona dedilər: “Bunu sənin nəzdindəki peyğəmbərin – salləllahu aleyhi va səlləm – qızına ver!” Bununla Əli’nin qızı Umm Kulsum’u qəsd edirlər. Ömər dedi: “Umm Səlit buna daha layiqdir” və Umm Səlit peyğəmbərə - salləllahu aleyhi va səlləm – beyət etmiş ənsar qadınlarındandır. Ömər dedi: “O, bizə Uhud günü su daşıyardı.”[1]

Bu hədis belə özlüyündə bu evliliyi isbat etməyə kifayət edir. Lakin biz digər hədisləri də inşallah göstərək.

İbn Əbi Şeybə “əl-Musannəf” əsərində rəvayət edir:

“Əbu Bəkr bizə rəvayət etdi: dedi: Cərir bin Abdilhəmid bizə Mənsurdan, o da əl-Hakəm’dən rəvayət etdi; dedi: Ömər öldüyü zaman Əli Umm Kulsumu (evindən) götürdü və Talha öldükdə Aişə öz bacısını (evindən) götürdü.”[2]

Bu rəvayətin isnadı səhihdir. əl-Hakəm Həzrəti Əli’dən, İbn Abbas’dan və digər səhabələrdən hədis eşitmişdir. Bu, Əli və digər səhabələrlə qarşılaşmış tabiinin şahidliyidir və tarixi bir fakt kimi kifayət edər.

əl-Hakim “əl-Müstədrək” əsərində rəvayət edir:

“Əbu Abdillah Muhamməd bin Yaqub və Əbu Yəhya Əhməd bin Muhamməd əs-Səmərqəndi, hər ikisi bizə rəvayət edərək dedilər: Muhamməd bin Nasr əl-İmam bizə rəvayət etdi: Bizə Yəhya bin Yəhya rəvayət etdi: Abduləziz bin Muhamməd bizə Cafər bin Muhamməd’dən, o da atasından xəbər verdi: Umm Kulsum bint Əli – radiyallahu anhumə - və onun oğlu Zeyd bin Ömər bin əl-Xattab hər ikisi də bir gündə vəfat etdi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi. Onlardan heç biri bir-birinə varis olmadı. Siffin əhli də bir-birinə varis olmamışdı, əl-Hərra əhli də bir-birinə varis olmamışdı.”

Bu hədisin isnadı səhihdir və bunda faydalar vardır: Umm Kulsum’un Ömərdən bir oğlu olmuşdur.”[3]

əl-Beyhəqi “əs-Sünən əl-Kubra” kitabında rəvayət edir:

“Əbu Abduilläh əl-Hafiz (yəni əl-Hakim ən-Neysəburi) bizə xəbər verdi: əl-Həsən bin Yaqub və İbrahim bin Asamə rəvayət etdilər; dedilər: əs-Səri bin Xazimə bizə rəvayət etdi; Məla bin Əsəd bizə rəvayət etdi; Vuheyb bin Xalid bizə Cafər bin Muhamməd’dən, o isə atasından, o da Əli bin əl-Hüseyn’dən rəvayət etdi: (yəni digər sənədi bununla birləşdirir) Əbu Abdullah əl-Hafiz bizə xəbər verdi; Əbul-Abbas Muhamməd bin Yaqub bizə rəvayət etdi: Əhməd bin Abdilcabbar bizə rəvayət etdi: Yusun bin Bukeyr bizə İbn İshaq’dan rəvayət etdi; Əbu Cafər mənə atası Əli bin əl-Hüseyn’dən rəvayət etdi; dedi: Ömər bin əl-Xattab – radiyallahu anhu – Umm Kulsum bint Əli – radiyallahu anhum- ilə evləndikdə Allah Elçisinin – salləllahu aleyhi va səlləm – məscidində qəbri ilə minbəri arasındakı mühacirlərin məclisinə gəldi, orada onlardan başqa heç kəs oturmamışdı. Ona xeyir dua verdilər. Dedi: “Allaha and olsun ki, onunla yalnız ona görə evləndim ki, Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Bütün səbəb və nəsəblər Qiyamət günü qopuqdur, yalnız mənim səbəbim və nəsəbimdən olanlar istisnadır.” (əl-Beyhəqi deyir) : Hədisin ləfzi İbn İshaqa aiddir və o, mürsəl həsəndir. Digər yollarla da məvsul və mürsəl olaraq rəvayət olunmuşdur.”[5]

Hədisin sənədi səhihdir, hədisin mürsəl olmasının səbəbi isə budur ki, əl-Hüseynin oğlu Əli Zeynul-Abidin – radiyallahu anhu – Həzrəti Ömərdən rəvayət etməmişdir. Lakin tarixi bir fakt kimi Zeynul-Abidin öz bibisinin evlilik faktını zikr etmişdir. Bu isə dəlil olaraq kifayət edər.

İmam əz-Zeylai əl-Hənəfi “Nasbur-Rayə” kitabında deyir:

”Əbu Davud[6] və ən-Nəsai bunu Ammər’dən rəvayət etmişlər: Dedi: Umm Kulsum’un və oğlunun cənazəsində iştirak etdim, oğlanı imama yaxın yerləşdirdilər və mən buna etiraz etdim. Onların arasında İbn Abbas, Əbu Səid, Əbu Qatədə və Əbu Hureyrə var idi və onlar dedilər: “Bu, sünnətdir.” ən-Nəvəvi – rahiməhullah - dedi: “Sənədi səhihdir.” əl-Beyhəqi isə rəvayət edir ki, camaatın arasında Həsən, Hüseyn, Əbu Hureyrə, İbn Ömər, Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrindən səksənə yaxın səhabə iştirak etmişdi. Bir rəvayətdə imamın İbn Ömər olduğu deyilir. əl-Beyhəqi[7] Nafi’dən rəvayət edir ki, İbn Ömər kişili qadınlı doqquz cənazəyə namaz qıldı və kişiləri imama yaxın, qadınları isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada yerləşdirdi. Umm Kulsum bint Əli’nin – və o, Ömər bin əl-Xattab’ın zövcəsidir – və Zeyd bin Ömər olaraq tanınan oğlunun da cənazəsi qılındı. Həmin gün imam Səid bin əl-As idi və həmin gün namaz qılanlar arasında İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə var idi. Oğlanı imama yaxın yerləşdirdilər və hədisi zikr etdi.”[8]

Hafiz İbn Hacər əl-Asqalani – rahiməhullah – “Talxisul-Habir” kitabında deyir:

“əd-Dəraqutni və əl-Beyhəqi’nin rəvayətində Nafi, ibn Ömərdən rəvayət edir ki, yeddi cənazəyə namaz qıldı, hamısı qadın və kişilər idi. Kişiləri imama yaxın, qadınları isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada düzdü. Ömərin zövcəsi Umm Kulsum bint Əli və Zeyd adı ilə tanınan oğlunun cənazəsi də yerləşdirildi. Həmin gün imam Səid bin əl-As idi və insanlar arasında həmin gün İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə var idi. Oğlan imama yaxın yerləşdirildi və bunun nə olduğunu soruşdum. Bunun sünnət olduğunu dedilər. Bunu eynilə İbnul-Carud “əl-Muntəqa” əsərində rəvayət etmişdir. İsnadı səhihdir.”[9]

Bütün bu səhih rəvayətlər bu hadisənin baş verməsini qəti olaraq isbat edir. İnsaflı müsəlmanlar diqqətsiz davranıb bəzi yalançıların iddialarına uymamalıdırlar. Onlar üçün bu etibarlı tarixi şəhadətlər kifayət etməlidir. Lakin mövzunun daha da ətraflı anlaşılması və ortada heç bir şəkk və şübhənin qalmaması üçün bəzi şübhələrə də cavab vermək faydalı olar.

Hər şeydən əvvəl bilmək lazımdır ki, Ömərin – radiyallahu anhu – Umm Kulsum ilə evlənməsi bütün firqələr tərəfindən icma ilə qəbul olunub. Bu sözümüz sünni firqələrindən başlayaraq şiə firqələrinə qədər geniş bir alim kütləsini əhatə edir, şiələr də əhli-sünnət kimi bu evliliyi qəbul ediblər, lakin sünnilərdən fərqli olaraq bu evliliyin baş verməsini müxtəlif səbəblərə bağlayıblar.

Şiələrin nəsəb alimlərindən Əbul-Həsən əl-Öməri (vəfatı hicri 443) bu evliliyi “əl-Mucdi fi Ənsəb ət-Talibiyyin” kitabında zikr edir. Eləcə də digər böyük şiə nəsəb alimi Əbu Nasr əl-Buxari “Sirr əs-Silsilə əl-Ələviyyə” kitabında bunu təsdiqləmişdir. Şiələrin “Əminul-İslam” ləqəbini verdikləri şeyxləri ət-Tabərsi bu evliliyi “İ’ləm əl-Vəra bi Əaləm əl-Hudə” kitabında[11] təsdiqləyir, lakin bu evliliyin uzun bir söz-söhbətdən və Ömərin təzyiqindən sonra baş verdiyini qeyd edir. Şiələrin bəlkə də ən böyük nəsəb alimi İbnut-Taqtaqi əl-Həsəni  (vəfatı hicri 709) “əl-Əsili fi Ənsəb ət-Talibin” kitabında bu evliliyi zikr edir. Bu kitabı müasir şiə alimlərindən biri əs-Seyyid Mehdi ər-Rəcai təhqiq etmişdir və o, Şihəb əd-Din əl-Məraşi ən-Nəcəfinin ən məşhur tələbələrindən biridir.  İbnut-Taqtaqi bu kitabını İbn Nasriddin ət-Tusi’yə hədiyyə edib və həmin kitabda “Əmirul-muminin’in qızları” ünvanı altında bunları deyir: “Umm Kulsum, anası Fatimə əz-Zəhra – aleyhəssələm – və onunla Ömər bin əl-Xattab evlənmişdir və ondan Zeydi dünyaya gətirmişdir.” Kitabı təhqiq edən bu sözlər barədə dipnot açaraq əl-Öməri’nin sözlərini zikr etmiş və daha sonra isə Ömərin bir şeytaniyyə (cin qız) ilə evləndiyini deyənlərin sözlərini nəql etmişdir və sonunda deyir: “Bu rəvayətlər arasında əsas, dəlil sayılacaq daha əvvəl qeyd etdiyimiz kimi, Abbas bin Abdilmuttəlib’in onu atasının – aleyhissələm – razılığı və izni ilə Ömərə ərə verməsi görüşüdür. Ömərdən Zeydi dünyaya gətirmişdir...” Oxuyucu kitabı təhqiq edən bu muhaqqiqin sözlərinə diqqətlə fikir versin! Çünki muhaqqiq bütün bu rəvayətlər içindən əsas və dəlil sayılacaq, ağıl ilə dərk olunacaq rəvayətlərə əsaslanmışdır.

Bu evliliyi təsdiq edən alimlərdən biri də Əbul-Qasim Əli bin Əhməd əl-Kufi’dir (vəfatı hicri 352) və bunu “əl-İğasə fi Bidəis-Sələsə” kitabında zikr etmişdir. Bu evliliyin qəsb və zorla həyata keçdiyini söyləsə də, istənilən halda bu evliliyin baş verdiyini etiraf etmişdir.

Muhamməd bin Yaqub əl-Kuleyni də bu evliliyi “əl-Kafi” kitabında qeyd etmişdir. Bu barədə dörd hədis gətirmişdir, bunlardan ikisini “Umm Kulsum’un evliliyi” babında zikr etmişdir.

əl-Məclisi (vəfatı hicri 1111) “əl-Kafi” kitabına yazdığı “Miratul-Uqul fi Şərh Əxbar Alir-Rasul” adlı şərhində bu dörd hədis haqqında hökmləri qeyd etmişdir. Bu dörd hədisdən ilk ikisinin həsən, üçüncü hədisin məvsuq, dördüncü hədisin isə səhih olduğunu demişdir.

Nəsəb alimlərindən İbn Kəlbi (vəfatı hicri 146) və onun atası Hişam Əbul-Munzir bu evliliyi təsdiqləyirlər.

Bura qədər qeyd etdiklərimiz sünni və şiə alimlərinin bu barədə eyni görüşdə olduqlarını göstərir. 

Read 95 times
In order to make a comment, please login or register