Ömər Əlinin qızı yoxsa əbu Bəkrin qızı ümmü Gülsüm ilə evlənib?

Şübhələr və cavabları

İddiaçıların ortaya atdıqları şübhələrdən də biri budur ki, tarixdə Umm Kulsum’un Ömərdən sonra Cafərin oğullarından Muhamməd və Aun ilə evləndiyi qeyd olunmuşdur. Lakin bəzi mənbələr qeyd edir ki, Muhamməd bin Cafər Tustər döyüşündə ölmüşdür. O zaman necə olur ki, Ömərdən sonra Umm Kulsum ilə evlənmiş olur?

“əl-İstiabə” kitabında Muhamməd bin Cafər’in Tustər’də öldüyü zikr olunmuşdur. “əl-İstiabə” kitabının sahibi bunu əl-Vaqidi’yə aid etmişdir.  əl-Vaqidi isə bunu qətiyyətlə söyləməmişdir, beləki İbnul-Əsir “Usd əl-Ğabə” kitabında ondan nəql edərkən yazır:  “əl-Vaqidi dedi: Muhamməd bin Cafər’in kunyəsi Əbul-Qasim idi. Deyilir ki, o, Tustər’də şəhid düşmüşdür. Bunu Əbu Ömər (ondan) nəql etmişdir.”[12]

Aydın olur ki, əl-Vaqidi bunu sadəcə olaraq eşitmiş və nəql etmişdir. Hətta fərz etsək ki, bunu əl-Vaqidi dəqiq tarixi bir fakt kimi təsdiqləmişdir, yenə bununla heç bir şey isbat olunmur. Çünki təhqiq əhli Muhamməd bin Cafər’in Tustərdə ölməsini inkar ediblər. əl-Hafiz İbn Həcər deyir:

“Əbu Ömər isə əl-Vaqidi’dən nəql edir ki, onun kunyəsi Əbul-Qasim idi və o, Ömərdən sonra Umm Kulsum bint Əli ilə evlənmişdir. Dedi: “Tustər’də şəhid düşmüşdür.” Onun Siffin’də Əli ilə birlikdə iştirak edənə qədər yaşadığı da deyilmişdir. əd-Dəraqutni “əl-İxva” kitabında deyir: “Onun Siffin’də qətl edildiyi, onun Abdullah bin Ömər bin əl-Xattab ilə döyüşdüyü və bir-birilərini öldürdüyü söylənmişdir.” əl-Mərzəbani “Mucəm əş-Şuəra” kitabında zikr edir ki, o, qardaşı Muhamməd bin Əbi Bəkr ilə birlikdə Misirdə olmuşdur. Muhamməd bin Əbi Bəkr öldürüldükdə gizlənmişdir. Ak şəhərindən, sonra isə Ğafiq şəhərindən bir nəfər onun yerini göstərmişdi, daha sonra Fələstinə qaçmışdır. Sonra Xasəm’dəki dayılarının yanına gəlmiş, onlar da onu Muaviyyədən qorumuşlar. Bu barədə şer yazmışdır. Bu təhqiq əl-Vaqidi’nin onun Tustər’də şəhid düşməsi barəsindəki sözünü rədd etməkdədir.”[13]

Aydın olur ki, Muhamməd bin Cafər – radiyallahu anhu – Tustər döyüşündə vəfat etməmişdir.

İddiaçıların ortaya atdıqları şübhələrdən də biri budur ki, mənbələrdən bəzilərində Abdullah bin Cafərin Zeynəb bint Əli öldükdən sonra onun bacısı Umm Kulsum bint Əli ilə evləndiyi qeyd olunur. Umm Kulsum Zeynəbdən əvvəl öldüyü halda bu, necə mümkündür?

İbn Sad və əd-Dəraqutni kimi alimlər Umm Kulsum’un Abdullah ilə evləndiyini deyirlər və bu barədə zəif xəbərlərə əsaslanıblar. Bu, sadəcə olaraq ravilərin xətasıdır. Bunun xəta olduğu isə ortadadır, çünki onlar deyirlər ki, Zeynəbdən sonra Abdullah, Umm Kulsum ilə evlənmişdir, lakin tarix bunu inkar edir. Çünki Umm Kulsum Zeynəbdən əvvəl ölmüşdür.

Bundan başqa bu evlilik haqqındakı məlumat dəqiq deyildir. əl-Hafiz “Təhzib ət-Təhzib” əsərində Qasəm bin Luluə haqqında danışaraq deyir: “əl-Buxari’nin nigah babının əvvəllərində sənədsiz olaraq rəvayət etdiyi əsərdə onun adı keçmişdir; dedi: Abdullah bin Cafər eyni zamanda həm Əlinin qızı, həm də onun (onun dul buraxdığı) qadını ilə evli olmuşdur. Said bin Mənsur bu əsəri Muğira bin Muqassim yolu ilə həmin bu Qasəm bin Lu’lu’ə’dən isnadı ilə rəvayət etmişdir: “Abdullah bin Cafər eyni zamanda həm Əlinin (dul buraxdığı) qadını Leyla bint Məsud ən-Nəhşəliyyə, həm də Əlinin Fatimədən olan qızı Umm Kulsum ilə evli olmuşdur. Abdur-Rahmən bin Mehran’ın tərcümeyi-halında buna bənzər bir əsər qeyd olundu, lakin orada Zeynəb bint Əli qeyd olunmuşdu. əz-Zuhri bu fərqli əsərləri birləşdirərək dedi: “Bir çox kəs mənə xəbər vermişdir ki, Abdullah bin Cafər eyni zamanda Əlinin qızı və Əlinin (dul buraxdığı) qadını ilə evli olmuşdur. Əlinin həmin qızı öldükdən sonra, digər qızı ilə evlənmişdir.” Bunu əl-Beyhəqi öz sənədi ilə rəvayət etmişdir.”[14]

Üstəlik tarix kitablarının çoxu Abdullah bin Cafər’in tərcümeyi halında onun Zeynəb ilə evliliyini qeyd edirlər, lakin Umm Kulsum ilə evliliyindən bir şey yazmırlar. Nəticə olaraq deyə bilərik ki, bəzi tarixçilərin dəlilsiz-sübutsuz iddiası isbat olunmuş tarixi faktı inkar etməz.

İddiaçılar yenə deyirlər ki, bəzi mənbələrə görə Umm Kulsum Kərbalada iştirak etmiş və üstəlik orada bir xütbə vermişdir. Bu, onun ölüm tarixi ilə uyğun gəlmir.

Umm Kulsum təxminən hicri 49-cu ildə ölmüşdür. Onun Kərbəlada iştirak etməsi barədəki iddialarına sünni mənbələri deyil, şiələrin qeyri-mötəbər mənbələri yer verib. Bunu mötəzili əl-Məsudi (hicri 345-də ölüb) “Muruc əd-Dəhəb” kitabında, əl-Qadi ən-Numən bin Muhamməd bin Mənsur əl-Məğribi (hicri 363-də ölüb) “Şərhul-Əxbər fi Fədail Əimmətil-Əthar” kitabında (3/198), İbn Nəmə əl-Hilli (hicri 645-də ölüb) “Musir əl-Əhzən”də və Muhamməd Baqir əl-Məclisi “Bihərul-Ənvar” kitabında qeyd etmişlər. Bunların heç biri əhli-sünnət alimləri tərəfindən qaynaq sayılmır.

-------------------------------------------------------------------------------------------------

Umm Kulsum bint Əbi Bəkr ilə yoxsa Umm Kulsum bint Əli ilə evlənib?

Daha sonra iddia edilir ki, Əlinin Ömərə ərə verdiyi öz qızı deyildir, lakin onun tərbiyəsi altında böyümüş Umm Kulsum bint Əbi Bəkr’dir. Çünki Əbu Bəkr öləndən sonra onun zövcəsi Əsma ilə Həzrəti Əli evlənmişdir. İddiaçılar, öz şeyxlərindən olan Məraşi Nəcəfi’nin “İhqaqul-Haqq” kitabına[15] istinadən iddia edirlər ki, Əbu Bəkrin Umm Kulsum adındakı qızı Əlinin himayəsi altında böyümüşdür və bu səbəbdən bəziləri onun Əlinin qızı olduğunu zənn ediblər. O zaman belə çıxır ki, Ömərin evləndiyi Əlinin deyil, Əbu Bəkrin qızı olmuşdur.

Belə bir iddia cahillikdir, çünki Əsma’nın Əbu Bəkrdən yalnız bir oğlu olmuşdur, o da Muhamməd bin Əbi Bəkr’dir. Əbu Bəkrin qızı Umm Kulsum’un anası isə Həbibə bint Xaricə’dir.

Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir:

“Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.”[16]

Aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə, on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?!  Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə, peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur. İbn Xalkən öz tarix kitabında[17] Umm Kulsum bint Əbi Bəkr haqqında deyir:

“Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.”

əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir:

“Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.”[18]

Qeyd etməliyik ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...”

Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında[19] İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini bəzi alimlər tərəfindən zəif bir ravi sayılıb. əz-Zəhəbi onun haqqında deyir:

“Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.”[20]

Məraşi Nəcəfi’nin belə bir cahilliyi öz təəssübkeşliyinə görə etməsini daha bir fakt göstərir. Həzrəti Əli evlənərkən Əbu Bəkrin zövcəsi Əsma bint Umeys ilə evlənmişdir. Umm Kulsum isə Əsma bint Umeys’in qızı deyildir. Əbu Bəkr’in Əsma bint Umeys’dən yalnız Muhamməd adlı oğlu olmuşdur. Üstəlik həmin bu Umm Kulsum digər açıq-aydın səbəblərə görə Əsma bint Umeys’in qızı ola bilməz. Çünki əgər Əsma bint Umeys’in qızı olarsa, belə çıxır ki, həmin bu Umm Kulsum öz qardaşlarına ərə getmişdir?! Özü də bir yox, dalbadal iki qardaşa ərə getmişdir. Çünki məlumdur ki, Əsma bint Umeys Əbu Bəkrdən əvvəl Cafər bin Əbi Talibin zövcəsi olmuşdur və ondan Həbəş torpağında üç dənə oğlu olmuşdur: Abdullah, Aun və Muhamməd və Umm Kulsum bunlardan iki qardaşa ərə getmişdir. əl-Məraşi’nin necə bir qələt etdiyi gözlər qarşısındadır.

Yekun olaraq demək olar ki, Ömər Əbu Bəkrin qızı ilə evlənməmişdir. Evlənmək bir kənarda qalsın, Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi belə sabit olmamışdır. Ortaya maraqlı bir sual çıxır:

Ömərin Əlinin qızı ilə evlənməsi və ondan uşağı olması səhih hədislərdə sabit olduğu halda iddiaçılar, bunu əsassız yerə inkar edirlər. Lakin Əbu Bəkr’in qızı ilə evlənməsi barədə muttəsil bir sənədi olmayan bir şeyi necə asanlıqla qəbul edirlər?! Bu, onların öz havalarına, istək və şəhvətlərinə tabe olduqlarını göstərir!

---------------------------------------------------------------------------------------

Ömər cinlərdən olan bir qızla evlənib?

İddia edilir ki, guya Əli, Nəcran’dan olan bir cini çağırmış və bu cin Umm Kulsum bint Əli’nin surətini almış və Əli ona Ömərin yanına getməyi əmr etmişdir.

Bunu Nemətullah əl-Cəzairi rəvayət edir.[21] Ümumiyyətlə onu qeyd etməliyik ki, Nemətulləh əl-Cəzairinin adı keçən bu kitabı xurafatlar və səfehliklərlə doludur. Məsələn, həmin kitabında qeyd edir ki, sərçələri öldürmək lazımdır, çünki sərçələr sünnidir və Əbu Bəkr ilə Öməri sevirlər, Əlini sevmirlər.[22]

Bu rəvayət də həmin bu xurafatlardan biridir. Rəvayətdə üstəlik həmin cinin yəhudi olduğu da qeyd olunur. Cinin adı, atasının adı da qeyd olunur. Görəsən nə üçün cin yəhudi olmalıdır? Məgər müsəlman cinlər yoxdur? Üstəlik niyə Nəcrandan olacaqmış, Mədinənin ətrafında cinlər yaşamır? Üstəlik Həzrəti Əlidə cinləri idarə etmək qabiliyyəti haradandır?

Bu rəvayətin xurafat olduğunu hətta müasirlər də etiraf edirlər. Ona görə də bunu inkar etmək üçün vaxt sərf etməyə ehtiyac yoxdur. Lakin aydın olan budur ki, bu rəvayətləri uyduranlar Ömərin Umm Kulsum ilə evlənməsi həqiqətindən əziyyət çəkiblər. Çünki onların zamanında bu evlilik hamı tərəfindən tarixi bir fakt olaraq qəbul olunmuşdu. Ona görə də bu rəvayətləri uyduranlar, müxtəlif yollarla bu həqiqəti təhrif etməyə çalışıblar. Lakin təbii ki, bu cəhdlərinin hamısı boşa çıxıb.

 

Read 88 times
In order to make a comment, please login or register