Ömər və təyəmmüm

Həm digər şübhələri kimi elə də təsirli olmadığı üçün, həm də araya başqa yazılar girdiyi üçün ertələdiyim bu yazıda, rafizilərin, Möminlərin Əmiri və məcusilərin qənimi, fəqih səhabə Ömər ibn əl-Xattab haqda ortaya atdıqları digər bir şübhəyə toxunacağam inşallah.

Rafizilərin halı qəribədir. Gətirdikləri hər şübhənin çürüklüyü ortaya çıxsa da, yenə də çürük də olsa, şübhə saçmaq üçün əllərindən gələni edirlər. Əslində yalanın və təlbisin ömrünün ən çox 40 gün olduğunu bilsələr də -hərçənd rafizilərin yalanının ömrü 40 dəqiqədən çox çəkmir- yenə də “nə qədər çox adamı sapdırsaq, qənimətdir” deyərək, tam sürətlə bu davranışlarını davam etdirirlər.

Dəfələrlə yazılarımda bunlara demişəm ki, bəsdir bu ərəb forumlarında rafizilərin yazdıqlarına güvənib azəricəyə çevirdiniz. Onlar da cəhalətdə sizdən geri qalmırlar. Di gəl ki, faydası varmı?

Möminlərin Əmirinə yönəlik saçdıqları şübhələrdən biri də, onun fiqhinin zəif olması, hətta ümumiyyətlə fəqih olmaması şübhəsidir.

Rafizilərə xeyri yoxdur, lakin Əhli Sünnətdən olan möminlərin bilməsi üçün qeyd edim ki, Ömərin səhabələrin fəqihlərindən olması mütəvatir bir şeydir. Hətta İbn Məs’ud kimi fiqhdə zirvə olan bir səhabə belə bəzən Ömərin görüşlərini öz görüşlərindən doğru sayar və onun görüşünü alardı. Yenə həm Ömərin, həm Əlinin, həm də İbn Məs’udun tələbələrindən olan Məsruq ibn əl-Əcda əl-Həmədani belə deyir:

“Allah Rəsulunun -sallallahu aleyhi və əlihi və səlləm- elminin bu altı nəfərdə cəm olduğunu gördüm: Əli ibn Əbu Talib, Abdullah ibn Məs’ud, Ömər ibn əl-Xattab, Zeyd ibn Sabit, Əbu-d-Dərda və Ubeyy ibn Kab. Sonra bir də nəzər saldım və bu altı nəfərin elminin iki nəfərdə cəm olduğunu gördüm: Əli və Abdullah ibn Məs’ud”.[1]

Şübhəyə gəlincə, rafizilərin əsaslandığı rəvayət budur:

“Bir nəfər Ömərin yanına gəlir, cünub olduğunu və su tapmadığını, bu halda nə etməli olduğunu sorur. Ömər də ona o halda namaz qılmamasını bildirir. Bu zaman orada olan Ammar ibn Yasir, Ömərə -radiyallahu anhum- belə deyir:

“Xatırlamırsanmı, ey Möminlərin Əmiri, bir dəfə sənlə mən bir orduda idik. İkimiz də cünub olmuşduq və su tapmamışdıq. Sən namaz qılmamışdın, mən isə, torpağa yataraq orada sağa-sola dönmüş və namazımı qılmışdım. Peyğəmbər –sallallahu aleyhi və əlihi və səlləm- də “Sadəcə iki ovucunu yerə vurub üfürmən, sonra da onları üzünə və əllərinə sürmən yetərli idi” buyurmuşdu”.

Bunu eşidən Ömər belə deyir: “Allahdan qorx ey Ammar!”. Ammar isə belə deyir: “İstəyirsən bunu rəvayət etməyim””.[2]

Rafizilər bu rəvayəti əsas alaraq belə deyirlər: “Ömər necə fəqihdir ki, təyəmmümün hökmünü bilmir? Deyək ki, Peyğəmbərin -əleyhissalam- hədisini unutmuşdu, bəs Qur’an-Kərimdəki təyəmmüm ayəsini görmürdümü?"

Üstəlik Ömər necə haqqın önündə həddini bilən birisidir ki, təyəmmümün hökmünü bilmədiyi ortaya çıxdığı zaman Ammara bunu kimsəyə söyləməməsi üçün “Allahdan qorx” deyir?”.

Bu şübhəni inşallah iki yöndən çürüdəcəyik:

1. Ömərin bu cavabı Qur’an-Kərimdən cahil qalmasındanmı qaynaqlanır?

2. Ömər “Allahdan qorx!” deyərkən nəyi qəsd edirdi?

Müvəffəqiyyət Allahdandır.

1. Ömərin bu cavabı Qur’an-Kərimdən cahil qalmasındanmı qaynaqlanır?

Bilməniz lazımdır ki, təyəmmüm məsələsi, ilk dönəmdə səhabələr Qur’an-Kərimdə təyəmmüm ayəsinin cünub olan kəsləri də içinə alıb-almaması yönündə ixtilaf var idi. Səhabələrdən Ömər ibn əl-Xattab və Abdullah ibn Məs’ud, ayədəki təyəmmümün sadəcə kiçik hədasət sahiblərini şamil etdiyinə, cünub kəsə aid olmadığına hökm edirdilər. Bu görüş, imam ən-Nəvəvinin də dediyi kimi, həmçinin tabiun nəslinin böyük fəqihlərindən olan İbrahim ən-Nəxaidən də rəvayət olunur.[3]

İxtilafın səbəbi, ayədəki {أو لمستم} kəliməsinin təfsirindən qaynaqlanır. Belə ki, İbn Məs’udla Ömərə görə, burada qəsd olunan qadına toxunmaqdır. Bu halda isə, cənabət deyil, onlara görə kiçik hədasət baş verir. Təyəmmüm izni də sırf kiçik hədasət sahiblərinə aid olur. Cünuba gəlincə, onun hədasəti böyük olduğu üçün hökmü ayənin cünub kəs üçün təyin etdiyi qismə aid olur. O qismdə isə  {وإن كنتم جنبا فاطهروا} yəni “Cünub olarsanız, (qüsl alaraq) təmizlənin”[4] keçir. Beləcə cünub birisi, təyəmmüm rüxsətinə girmir.

Ammarın rəvayət etdiyi hadisəyə gəlincə, Ömər bu hadisəni xatırlamadığı üçün onunla istidlal etmir. Hətta İbn Məs’ud da, Ömərin bu hədisi qəbul etmədiyini əsas gətirərək cünub birisinin təyəmmüm etməyəcəyi görüşündə idi. Bu haqda Muslim, elə şübhə sahiblərinin gətirdikləri bu rəvayətdən iki rəvayət öncə İbn Məs’udun bu haqda sözünü bu cür rəvayət edir:

“Şəqiq dedi: Abdullah ibn Məs’ud və Əbu Musa əl-Əş’ari ilə bir yerdə idim. Əbu Musa belə dedi: “Ey Əbu Əbdürrəhman (İbn Məs’ud), de görüm bir nəfər cünub olsa və bir ay su tapmasa, namazı nə cür qılmalıdır?” İbn Məs’ud dedi: “Bir ay su tapmasa belə, təyəmmüm etməz”… (rəvayət davam edir və Əbu Musa əl-Əş’ari, Ammarn hədisini qeyd edir. İbn Məs’ud da cavabında belə deyir): “Ömərin, Ammarın bu rəvayətinə qane olmadığını bilmirsənmi?”[5]

Bəli, Ömər –radiyallahu anhu- Ammarın rəvayətini xatırlamadığı üçün, ona qane olmamışdı. İbn Məs’ud da Ömərlə eyni görüşdə idi və o da Ammarın bu rəvayətinə qane deyildi.

Burada nə Ömər, nə də İbn Məs’ud, Ammarı yalanda ittiham etmirlər. Bir az sonra da gələcəyi kimi, Ömər, Ammara bunu rəvayət etməsini qadağan da etmirdi. Sadəcə Ömərin, şahid olmadan hər edilən rəvayəti almadığı məşhur bir şeydir. İbn Məs’ud da, Ömərin görüşlərinə və hədisləri araşdırmasına çox sıx etibar edən birisi idi və bəzən Ömərin ictihadını belə öz ictihadına tərcih edərdi.

Bunun əksinə Əli və İbn Abbas –radiyallahu anhum- isə, ayədəki {أو لمستم} sözünü cima (halal cinsi əlaqə) mənasında təvil etmiş və beləcə təyəmmüm rüxsətinin həm də cünub kəs üçün keçərli olduğunu demişdir. Məzhəbimizin imamları da bu məsələdə Əli və İbn Abbasın görüşünü mənimsəmiş və ayədəki {أو لمستم} sözünü onların təvil etdikləri kimi təvil etmişlər.

Hətta imam Malikə görə səfərdə olan birisinin su tapmadığı halda öz xanımıyla cinsi əlaqəyə girməsi, məkruhdur. İmam Əbubəkir əl-Kəsəni, imam Malikin bu hökmünün illəti kimi, cünub birisinin təyəmmüm etməsi barədə səhabə arasında ixtilafın olduğunu göstərir.[6]

Yəni məsələ nə cəhalət məsələsidir, nə də Qur’andakı ayəni bilməmə məsələsi. Məsələ sadəcə Ömərin hadisəni xatırlamaması və Qur’an ayəsini də müxtəlif cür təvil etməsindən qaynaqlanır.

Bu isə elmi zövqdən azacıq xəbəri olan hər kəsin bildiyi kimi cəhalət deyil. Ta səhabələrin zamanından müctəhid imamların zamanına qədər və hətta daha sonralarda belə, fəqihlər öz “qəbul və inkar” ölçülərinə görə hədislərə yanaşır, eyni ayəni müxtəlif cür təvil edərək müxtəlif hökmlər çıxarmışlar.

İmam əl-Kəsəni, əd-Dahhəkin, İbn Məs’udun bu görüşdən döndüyünü dediyini nəql edir və heç bir etiraz etmir.[7] Qazi İyad da İbn Məs’udun hər iki görüşünün ondan gələn mə’ruf/bilinən və məşhur görüş olduğunu qeyd edir.[8] Bundan əlavə imam ən-Nəvəvi də həm Ömərin, həm də İbn Məs’udun bu görüşdən döndüyü fikrinin var olduğunu bildirir və heç bir etiraz etmir.[9]

2. Ömər “Allahdan qorx!” deyərkən nə qəsd edirdi?

Birinci nöqtə aydın olduqdan sonra bilməniz lazımdır ki, Ömər heç də verdiyi fətvanı kimsəyə bildirməməsi üçün Ammarı xəbərdar etmirdi. Əksinə Ömər, Ammara “Allahdan qorx!” deyərkən, rəvayət etdiyi şeydə diqqətli olmasını söyləyirdi. Çünki elə bir şey nəql edirdi ki, orada Ömərin də adı keçir, lakin Ömər bunu xatırlamır. Bu səbəbdən Ammara diqqətli olmasını, bir şey rəvayət edərkən həssas davranmasını söyləyir. İmam Nəvəvi bu hədisi şərh edərkən belə deyir:

“Bu sözün mənası bu cürdür: Bir şey rəvayət edərkən Allahdan qorx və dəqiqləşdir. Ola bilər ki, unutmusan və yaxud başqa bir şeylə qarışdırmısan”.[10]

Elə imam Muslim, şübhə əhlinin gətirdiyi rəvayəti qeyd etdikdən sonra, eyni hadisənin bir digər rəvayətini qeyd edərkən orada Ammarın “İstəyirsən bunu rəvayət etməyim” sözünə qarşılıq olaraq Ömərin “Qane olduğun şeydə (rəvayət etməkdə) sərbəstsən” dediyini qeyd edir.[11]

Bu səbəbdən Qazı İyad belə deyir:

“Ammar Ömərə bir şey xəbər vermişdi və bildirmişdi ki, Ömər onun nəql etdiyi hadisəyə şahid olub. Ömər isə, bu hadisəni xatırlamadığı üçün Ammarın səhv xatırlayacağına ehtimal vermişdir. Eyni şəkildə özünün də o hadisəəni unuda biləcəyinə ehtimal vermişdir. Daha sonra Ammarı doğru bildiyi şeydə sərbəst buraxmış və onu doğrulamışdır. Belə ki, “Qane olduğun şeydə (rəvayət etməkdə) sərbəstsən” deməklə Ammarı ittiham etmədiyini göstərmişdir. Xata etdiyini qəti şəkildə düşünsəydi, bunun əksini söylərdi”.[12]

Qazı iyad, “Ömər, Ammarı doğrulamışdır” deyərkən iki şeyi qəsd edə bilər:

Birincisi: Ammarın rəvayət etdiyi şeyə əmin olmasa da Ammarın doğru danışan biri olduğunu qəbul etməsini. “Onu ittiham etməmişdir” sözü də bu mənanı dəstəkləyir.

İkincisi: Ammarın rəvayət etdiyi şeyin doğru olduğunu qəbul etməsini. Bunu qəsd edərsə, Ömərin bu görüşündən dönməsi rəvayətinin səhih olduğunu anlamış oluruq.

Lakin mənə görə burada birinci məna daha üstündür. Çünki Ömər, əgər o an Ammarın rəvayətinə qane olsaydı, bu şey İbn Məs’uddan gizli qalmaz, o da bu görüşdə olmasını Ömərin davranışına əsaslandırmazdı.

Yəni Ömər burada Ammarın nəyisə gizləməsini tələb etmirdi. Elə bir şey tələb etsəydi, o gün orada kim var idisə, hamısına deyərdi ki, bu söhbət burada qalsın. Lakin nə hadisəni nəql edən Əbdürrəhman ibn Əbziyə, nə də orada olan başqa birinə belə bir şey tapşırmadı.

Xülasə, rafizilərin Möminlərin Əmirinə yönəlik bu şübhələri də digər şübhələri kimi çürükdür. Ömər nə Qur’an ayəsindən cahil qalmışdı, nə də Ammarı müəyyən bir hadisəni nəql etməkdən çəkindirmişdi. Onun bu ictihadı, Qur’an ayəsini müxtəlif cür təvil etməsindən və Ammarın rəvayət etdiyi hadisəni xatırlamamasından qaynaqlanır. Əgər Ammar, Ömərin də orada iştirak etdiyini deməsəydi, bəlkə də Ömər bu rəvayətə bu qədər həssas şəkildə qarşılıq verməzdi. Lakin özünün də adı keçən bir hadisə nəql edildiyi və o da bu hadisəni xatırlamadığı üçün Ammarı diqqətli olmağa dəvət etmişdi. Allah hər ikisindən razı olsun.

Müvəffəq edən Allaha həmd olsun.

Yazdı : Rüstəm Mehdi

Qaynaq : http://rustemmehdi.com/

________

Qaynaqlar:

[1] əl-Kövsəri, Fiqhu Əhli-l-İraqi və Hədisuhum.

[2] Muslim, “Təyəmmüm” babı.

[3] ən-Nəvəvi, əl-Minhəc Şərhu Sahihi Muslim ibn əl-Həccəc, “Təyəmmüm” babının şərhi.

[4] əl-Maidə, 6.

[5] Muslim “Təyəmmüm” babı.

[6] əl-Kəsəni, əl-Bədəiu-s-Sanəi, “Təyəmmüm” babı.

[7] Eyni qaynaq.

[8] Qazi İyad, İkməlu-l-Mulim bi Fəvaidi Muslim, İbn Məsudla Əbu Musa əl-Əş’arinin dialoqu keçən hədisə verdiyi şərhi.

[9] ən-Nəvəvi, əl-Minhəc Şərhu Sahihi Muslim ibn əl-Həccəc, “Təyəmmüm” babının şərhi.

[10] ən-Nəvəvi, əl-Minhəc Şərhu Sahihi Muslim ibn əl-Həccəc, mövzumuz olan hədisin şərhi.

[11] Muslim, “Təyəmmüm” babı.

[12] Qazi İyad, İkməlu-l-Mulim bi Fəvaidi Muslim, İbn Məsudla Əbu Musa əl-Əş’arinin dialoqu keçən hədisə verdiyi şərhi.

Read 22 times
In order to make a comment, please login or register