ORUCUN FƏZİLƏTİ və FAYDALARI
Orucun məqsədi, inanan insana Allahın əmrlərinə tabe olmağı və qadağanlarından da çəkinməyi öyrətməkdir. Oruca riyanın qarışma ehtimaIı çox az olduğu üçün, o ən çox savab qazandıran ibadətlərdəndir.
Orucla Ramazan ayı arasında da çox möhkəm bir fəzilət bağı vardır. Belə ki, Əbu Hüreyrədən nəql olunan bir hədisdə Rəsulullah belə buyurur:
"Ramazan ayı gəldiyi zaman cənnətin qapılan açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir. (Müslim. Siyam,1,2)
Bu hədisi belə izah etmək daha münasib olar; o ayda mömini cənnətə aparacaq rəhmət qapıları açılır, cəhənnəmə getməsinə səbəb olan əməllərdən uzaqlaşır, ona görə də şeytanın insana təsir gücü zəifləyir. Həmçinin Əbu Hüreyrədən gələn başqa bir rəvayətdə “cənnət qapıları” yerinə “rəhmət qapılan" ifadəsi işlənir.
Ramazan ayının fəziləti, Quranın bütün surələrinin birinci dəfə bu aydakı Qədr gecəsində dünya səmasına endirilməsindən və o gecədə Ələq surəsinin ilk ayələrinin Hira mağarasında Allah Rəsuluna nazil olmağa başlanmasından ötrüdür. Ramazan orucu, bir növ Quranın nazil edilməsini mübarəkləşdirmək və vəhyin enişini də mələk yaşayışına bənzər formada qarşılamaq mənası daşıyır. Çünki mələklər yeyib-işməzlər (Duxan, 44/3; Qədr. 97/1).
İnsanda mələki (ruhani) və heyvani olmaqla iki cəhət var. Əgər insan heyvani hislərdən üz döndərib Rəbbinə doğru yönələrsə, mələki (ruhani) yönünün inkişaf etdiyini və heyvani tərəfinin azaldığını vicdanən hiss edər. İnsan yaradılış baxımdan digər canlılardan da üstündür. Lakin Allah onu əlayi-illiyin (ən üstün məqam) və əsfəli-safilin (ən aşağı səviyyə) arasında yaratmışdır. Oruc tutan möminə gəlincə, o, səhərdən axşama qədər yeməməkdən, içməkdən, şəhvani istəklərdən, qeybətdən və zülm etməkdən uzaq durmaqla bir növ mələk səviyyəsinə yüksəlir. Hətta bəzən bu davranışları ilə mələklərdən də üstün olur. Allah-Təala belə mömin qulları ilə fəxr edir və onları mələklərə nümunə göstərir. (Münziri, ət-Tərğib vət-Tərhib, 2/99)
Qüdsi bir hədisdə belə buyurulur:
“Hər bir yaxşılıq üçün on mislindən yeddi yüz mislinə qədər savab vardır. Ancaq oruc itisnadır. Çünki oruc mənim üçündür və onun qarşılığını da mən verəcəyəm.” (Buxari, Savm. 2, 9; Müslim, Sıyam, 30, 164; Nəsaı, Siyam, 42)
Başqa hədislərdə belə buyurulur: “Kim iman edərək və savabını AlIahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar." (Buxari. Savm, 6)
Orucun hər saatı, hər dəqiqəsi, hər saniyəsi Allahı və Ona qovuşma (liqa) nemətini xatırlatma baxımından əhəmiyyətlidir. Oruc tutan adam yemək-içməyi, şəhvani hisləri rizası üçün tərk etdiyi Rəbbinə qovuşmağı düşünür. Bunun sayəsində həyatının hər anı dini qadağalar və əmrlər dairəsində cərəyan edir.
“Oruclu üçün iki sevinc anı vardır. Bir iftar etdiyi vaxt, digəri Rəbbi ilə qarşılaşdığı vaxt. (Buxari, Savm, 9)
Oruc insana səbri öyrədir. Gündəlik hadisələr qarşısında səbirli olan insan da dünya və axirəti üçün çox şey qazanmış olar. Ayələrdə belə buyurulur:
“Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir.” (Bəqərə, 2/153)
“Yalnız səbir edənlərə (axirətdə) saysız–hesabsız mükafat veriləcəkdir.” (Zumar, 39/10)
Hədisdə, “oruc səbrin yarısıdır" (Tirmizi, Daavat, 86.) “oruc bir qalxandır” buyurulur. (Buxari, Savm, 9; Tirmizi, İman, 8) Onunla "Rəyyan" deyilən və yalnız oruc tutanlara ayrılmış xüsusi qapıdan cənnətə girmə haqqı əldə edilir. (Nəsai, Sıyam, 43; Əhməd ibm Hambal, V, 225)
Oruc keçən bir ildə işlənən kiçik günahlara kəffarədir. Oruc Allahın əmrlərinə itaət etmək və qadağanlardan çəkinməkdən ibarət olan təqvaya səbəb olar. Allah–Təala belə buyurur:
“Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, ( bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz." ( Bəqərə,2/183)
Orucun dini, ruhi, tibbi, sosial, iqtisadi və pedaqoji baxımdan bir çox faydaları vardır. Ancaq oruc hər şeydən əvvəl Allaha itaət və ibadət məqsədiylə tutulur.
Oruc bir il ərzində yorulan insan bədənini bir növ istirahət etdirmə və müayinəyə almaq kimidir. Xüsusilə mədə və həzm orqanları oruc sayəsində istirahət etmək fürsəti qazanır. Allahın Elçisi: “Oruc tutun, səhhət tapın“ buyurur. (Bu hədisi Əbu Nueym tibb bəhsində Əbu Hüreyrədən (r.a) rəvayət etmişdir. Həsən hədisdir.)
Oruc nəfsi tərbiyədə, şəhvəti və nəfsə aid aruzları qırmaqda bir qalxandır. Rəsulullah (s.ə.s) xüsusilə evlənməyə imkanı olmayan gənclərə oruc tutmağı tövsiyə edərək belə buyurmuşdur.
"Ey gənclər! Evlənməyə gücü çatanınız evlənsin, çünki evlilik gözü və iffəti haramdan qoruyur. Evlənməyə gücü çatmayanlar ise oruc tutsun, çünki oruc qoruyucu bir qalxandır." (Buxari, Sevm, 10, Nikah, 2; Əbu Davud, Nikah. 1; Nəsai, Siyam, 43; İbni Macə, Nikah, 1)
Oruc ibadəti insana qənaətkarlığı öyrədir. İstədiyi şeyi istədiyi vaxt etməyə öyrəşən insan oruc tutanda məcburən istədiyini edə bilməyəcək. Məsələn: ürəyi istəyəndə yemək yeyən, vücudunun nəfsani əmrlərini yerinə yetirən insan oruc tutanda istər-istəməz axşamı gözləməyə məcbur olacaq və beləcə qənaət etməyi öyrənəcək, məsuliyyətsiz, plansız, rejimsiz həyatdan uzaqlaşacaq.
Peyğəmbərimiz bir hədisdə: “Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc isə səbrin yarısıdır,” – buyurur. (Tirmizi, Daavat 86; İbn Macə, Sıyam 44)
Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir. Yemək vücudu bəslədiyi kimi, oruc da ruhu qidalandırır. Yemək yemədən maddi həyatı davam etdirmək çətin olduğu kimi, oruc tutmadan da ruhi-mənəvi həyatı davam etdirmək çətindir.
İbn Hümam (v. m.861/h.1467) orucun bir çox faydalara görə fərz buyurulduğunu bildirdikdən sonra, bunlardan ən mühümlərini belə qeyd edir:
a. İnsanı həmişə pisliyə çəkmək istəyən nəfs oruc vasitəsilə sükunət tapır, nəfsin harama qarşı meyli azalır.
b. Oruc yoxsullara qarşı şəfqət və mərhəmətlə rəftar etməyi öyrədir. Çünki nəfs aclığın çətinliyini daddıqdan sonra yoxsulların vəziyyətini başa düşər və edəcəyi yardımlarla Allah dərgahında gözəl bir mükafata nail olar.
c. Oruclu yoxsulların çəkdiyi çətinlikləri özü yaşayaraq onların çətinliklərini daha yaxşı başa düşür. Bu da özünü, onların vəziyyətləriylə yaxından maraqlanmağa və problemlərini həll etməyə təşviq edər. İnsan beləcə Allah qatında dərəcə qazanar.” (İbn Hümam, Fəthul - Qədir, II. 43 vd)
- Ayə və hədislərlə ramazan
- Orucun qayəsi...
- Oruc və Ramazan haqda hədislər
- BİRLİK VƏ BƏRABƏRLİK AYI RAMAZAN
- ORUCUN TƏRİFİ və TARİXÇƏSİ..
- İFTAR
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- ORUC
- Orucluq haqqında ən çox soruşulan suallara cavablar.