Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?

Osman ibn Əffanın (رضي الله عنه) xilafətə gəlməsi

Əslində Osman İbn Əffanın xəlifə olması necə baş vermişdi...

"Ömərə (رضي الله عنه) dedilər: "Ey Möminlərin əmiri! Vəsiyyətini de, bir xəlifə təyin et!" Ömər (رضي الله عنه) dedi: "Mən bu işə Peyğəmbər ( sallallahu aleyhi və səlləm ) ölərkən razı qaldığı bu insanlardan daha layiq olanını görmürəm". Sonra onların adlarını qeyd edərək dedi: "Onlar Osman, Əli, Talha, Zubeyr, Səd və Əbdürrəhman ibn Afvdır".

Sonra Ömər (رضي الله عنه) dedi: "Abdullah ibn Ömər (رضي الله عنه) sizin bu işinizi yalnız müşahidə edəcəkdir. Rəhbərlikdən ona heç bir pay yoxdur. Əgər rəhbərlik Sədə (رضي الله عنه) verilsə, qoy onun da olsun. Əgər rəhbər olmasa, siz onu hansısa işə təyin edə bilərsiniz. Mən onu aciz və ya xain olduğu üçün vəzifəsindən uzaqlaşdırmamışdım".

Adları çəkilən səhabələr (رضي الله عنه) bir yerə toplaşıb məşvərət etdilər. Əbdürrəhman (رضي الله عنه) dedi: "Gəlin aramızdan üç nəfər bu işi istədiyinə həvalə etsin".

Zubeyr (رضي الله عنه) dedi: "Mən yerimi Əliyə (رضي الله عنه) verirəm"[1].

Talha (رضي الله عنه) dedi: "Mən də yerimi Osmana (رضي الله عنه) verirəm".

Səd (رضي الله عنه) dedi: "Mən isə yerimi Əbdürrəhman ibn Aufə (رضي الله عنه) verirəm".

Beləliklə, üç nəfər işi digərinə həvalə etdi və şurada üç nəfər: Osman ibn Əffan (رضي الله عنه), Əli ibn Əbu Talib (رضي الله عنه) və Əbdürrəhman ibn Auf (رضي الله عنه) – qaldı.

Əbdürrəhman (رضي الله عنه) dedi: "Sizin ikinizdən biriniz bu işdən imtina etsə, elə ona da xəlifəliyi verəcəyik. Öz nəfsinizə baxın və hansınız daha üstündürsə, Allahını və dinini düşünüb qərar versin!" Belə dedikdə Osman (رضي الله عنه) və Əlidən (رضي الله عنه) bir səs çıxmadı.

Əbdürrəhman ibn Auf (رضي الله عنه) dedi: "Onu mənəmi həvalə edirsiniz?! Allaha and olsun! Mən daha üstün olanınızdan yan keçməyəcəm."

Hər ikisi buna razılıq verdilər. Əbdürrəhman (رضي الله عنه) Əlinin (رضي الله عنه) əlindən tutub dedi: "Sənin Peyğəmbərlə ( sallallahu aleyhi və səlləm ) qohumluğun var, eyni zamanda İslamı ilk qəbul edənlərdənsən. Səni Allaha and verirəm! Əgər xilafəti sənə həvalə etsəm ədalətli olacaq, yox əgər Osmana həvalə etsəm, onda ona qulaq asıb itaət edəcəksən!"

Sonra Osmana yaxınlaşaraq eyni sözlərlə ona da müraciət etdi.

Hər ikisindən söz aldıqdan sonra dedi: "Ey Osman, əlini qaldır. Osman (رضي الله عنه) əlini qaldırdı, ilk olaraq Əbdürrəhman (رضي الله عنه), sonra Əli (رضي الله عنه), sonra şura üzvləri ona beyət etdilər[2].

________

Əbdürrəhman ibn Auf (رضي الله عنه) üç gün ərzində mühacir və ənsarların hamısının evlərini gəzərək onlardan kimin xəlifə olması haqda soruşurdu.

Əbdürrəhmanın (رضي الله عنه) belə dediyi rəvayət olunur:

"Allaha and olsun! Mühacir və ənsarların evlərini bir-bir gəzərək bu haqda onlardan soruşmuşam. Onlar, Osman (رضي الله عنه) olan yerdə başqasını məsləhət görmədilər"[3].

Bu onu göstərir ki, Osmana (رضي الله عنه) olan beyət bir gündə həyata keçməmişdir. Əksinə, Əbdürrəhman (رضي الله عنه) Osman (رضي الله عنه) və Əlidən (رضي الله عنه) söz aldıqdan sonra üç gün bu haqda araşdırma aparmış, sonra Osmanı (رضي الله عنه) seçmişdir.

----------------------------------------------

Mənbə:
[1]Bu rəvayət həqiqəti bizə açıq-aşkar göstərir ki, Zubeyr ibn əl-Əvvam (رضي الله عنه) Əliyə (رضي الله عنه) nifrət edən kimsələrdən deyildi. Necə ona nifrət edərdi ki, o, onun Səfiyyə adlı bibisinin oğlu idi. Həmçinin rəvayətdən də görsəndiyi kimi Zubeyr (رضي الله عنه) onu ( Əlini ) xəlifəliyə namizəd kimi təqdim etmişdir.

[2] Səhih əl-Buxari: Kitab fədailus səhabə, Bab qissətul beyət, № 3700.

[3].Səhih əl-Buxari: Kitabul əhkam, Bab keyfə yubayiul imam ən-nasə, № 7207.

Read 47 times
In order to make a comment, please login or register