Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
Osman ibn Vahbın (رضي الله عنه) belə dediyi rəvayət olunur: "Bir nəfər misirli kişi gəlib dedi: "Siz kimlərdənsiniz?"
Biz dedik: "Qureyş qəbiləsindən".
Kişi dedi: "Sizin ağsaqqalınız kimdir?"
Biz dedik: "Abdullah ibn Ömər".
Kişi Abdullah ibn Ömərin (رضي الله عنه) yanına gəlib dedi: "Ey İbn Ömər, mən səndən bir neçə məsələ haqda soruşmaq istəyirəm. Mənə bu haqda məlumat ver!"
Osmanın Uhud günü qaçması doğrudur?
İbn Ömər (رضي الله عنه) dedi: "Bəli".
Onun Bədr döyüşündə iştirak etməməsi düzdür?
İbn Ömər (رضي الله عنه) dedi: "Bəli".
Onun ağac altında beyətdə iştirak etməməsi düzdür?
İbn Ömər (رضي الله عنه) dedi: "Bəli".
Bundan sonra misirli kişi, "Allahu əkbər" deyərək səsləndi. O, öz düşüncəsinə görə, bununla haqqın üzə çıxdığını ifadə edirdi.
Abdullah ibn Ömər (رضي الله عنه) ona dedi: "Gəl mən səni başa salım. Uhud günü qaçmasına gəldikdə mən şəhadət verirəm ki, artıq Allah onun bu əməlini bağışlamışdır. Necə ki, Uca və Pak Allah buyurur:
"(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!"[1]
Bədr döyüşündə iştirak etməməsinə səbəb isə budur:
"O, Peyğəmbərin (صلى الله عليه وسلم) qızı ilə evli idi. Həmin gün yoldaşı xəstələndiyi üçün Peyğəmbər (صلى الله عليه وسلم) Osmana (رضي الله عنه) döyüşə getməmək üçün icazə vermiş və demişdi: "Sənə Bədr döyüşündə iştirak edənin savabı və qəniməti düşür".
Demək, Osman (رضي الله عنه) bu döyüşdən Peyğəmbərin (صلى الله عليه وسلم) əmri ilə qalmışdı. Peyğəmbər (صلى الله عليه وسلم) ona bu döyüşdə yığılan qənimətdən pay da vermişdi.
Onun ağac altında beyətdə iştirak etməməsinə səbəb isə, Peyğəmbərin (صلى الله عليه وسلم) onu Məkkəyə göndərməsidir. Əgər Məkkə şəhərində Osmandan (رضي الله عنه) daha izzətli kimsə olsaydı, Peyğəmbər (صلى الله عليه وسلم) onun əvəzinə başqasını göndərərdi".[2]
Ağac altındakı beyət Peyğəmbərin (صلى الله عليه وسلم) Osmanı (رضي الله عنه) Məkkəyə göndərməsindən sonra həyata keçmişdi. Peyğəmbər (صلى الله عليه وسلم) beyət zamanı sağ əlini Osmanın (رضي الله عنه) əvəzinə sıxaraq dedi: "Bu isə Osmanın əlidir". İbn Ömər (رضي الله عنه) həmin misirliyə sonda belə dedi: "İndi isə bu deyilənləri özünlə apar".[3]
Samir Firdovsioğlu
---------------------------------------------------------------------------------------
Mənbə:
[1] Ali İmran, 155.
[2] Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Osmanı Məkkəyə göndərməsində məqsəd müsəlmanların Ümrə ziyarəti üçün gəldiyini Məkkə camaatına çatdırmaq idi. Beyət Osman Məkkəyə getdikdən sonra olduğu üçün (təbii ki) orada iştirak etmirdi. O, Məkkəyə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmri ilə getmişdi. Osmanın qətl xəbəri gəldikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini yığıb qətl xəbərinin doğru olduğu təqdirdə, Osmanın intiqamını almaq üçün beyət aldı. Demək, ağac altında edilən beyət Osmanın intiqamını almaq üçün edilmişdi.
[3] "Səhih əl-Buxari" Kitab Fədailus Səhabə, Bab mənaqib Osman, № 3698.
