Peyğəmbər günah işləmişdirmi? (3)
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٰطًا مُّسْتَقِيمًا • وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا
"Şübhəsiz Biz, sənə, açıq bir fəth yolu açdıq. (Bu), keçmiş və gələcək günahını, Allahın bağışlaması, sənin üzərindəki nemətini tamamlaması, beləcə səni doğru yola yönəltməsi üçündür. Və Allahın, sənə çox şərəfli bir müzəffəriyyətlə kömək etməsi üçündür." (Fəth/1-3)
-------------------------------------
Təfsiri:
Bu ayətlə bağlı bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Ayətdə keçən "fəth"in nə demək olduğu xüsusunda, bu izahlar verilmişdir:
a. Bununla: "Məkkənin fəthi qəsd edilmişdir", ki, bu, açıqdır.
b. Bununla: "Bizans və digər ölkələrin fəthi qəsd edilmişdir."
c. Bununla: "Hudeybiyyə razılaşması qəsd edilmişdir."
d. Bununla: "İslam dininin, əqli, nəqli dəlillər, qılınc və süngü ilə əldə etdiyi fəthlər qəsd edilmişdir."
e. Bununla: "İslamın hökmləri qəsd edilmiş olub, bu, eynilə Allah Taalanın:
'Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında, Sən, haqq olanı hökm et.' (Əraf/89) və:
'Sonra aranızda haqq ilə hökm edəcək...' (Səbə/26) ayətlərində olduğu kimidir.
Bunların içində, tərcihə ən uyğun olanları isə, bu görüşlərdir:
a. Bununla: "Məkkənin fəthi qəsd edilmişdir."
b. Bununla: "Hudeybiyyə razılaşması qəsd edilmişdir."
c. Bununla: "İslam dininin ayət, izah, dəlil və bürhanlar ilə əldə etmiş olduğu fəthlər qəsd edilmişdir."
---------------------------------------
Əvvəlki surə (Muhamməd surəsi) ilə münasibəti:
Bu maddələrdən birincisi, bu surədən əvvəl gələn (Muhamməd) surəsinin son ayətilə, bu cəhətlərdən münasibət ərz edir:
1. Allah Taala:
هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ...
"Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə, simiclik edənlər də vardır. Kim simiclik edərsə, ancaq öz əleyhinə simiclik etmiş olar..." (Muhamməd/38)
buyurduğunda, onlara:
~ Məkkənin fəthini müyəssər qıldığını; və beləcə, onların, o kafirlərin diyarlarını ələ keçirəcəklərini; və
~ Allah üçün xərclədiklərinin qat-qat artırılacağını;
~ Simiclik etmələri halında, bunu zay edəcəklərini, beləcə də, simicliklərinin, özlərinin əleyhinə olacağını
bəyan buyurmuşdur.
2. Allah Taala:
"Allah, sizinlə bərabərdir." (Muhamməd/35); və
"Siz, daha üstünsünüz." (Muhamməd/35)
buyurduğunda, bunun dəlilinin, Məkkənin fəthi olduğunu bildirmişdir. Çünki beləcə müsəlmanlar, ən üstün və ən qüdrətli oldular.
3. Allah Taala:
"Zəiflik göstərməyin və sülhə siz çağırmayın." (Muhamməd/35)
buyurub, bunun mənası da:
"Sülhü siz istəməyin...Tam əksinə, səbr edin, çünki onlar, sülhü istəyəcəklər və Hudeybiyyə günündə olduğu kimi, bu xüsusda onlar güc sərf edəcəklər."
şəklində olunca, verilən izahlardan birinə görə, bu qəsd edilmiş olur. Ki, bu, Məkkənin fəthində də belə olmuşdur. Çünki qureyşin iləri gələnləri, aman diləyərək, iman edib müsəlman olmuşdular.
İndi əgər:
"Ayətin bu ifadəsilə Məkkənin fəthi qəsd edilmişdirsə, o vaxt hələ Məkkə fəth edilmədiyinə görə, daha necə Allah Taala, keçmiş zaman şəklində:
'Şübhəsiz Biz, sənə, açıq bir fəth yolu açdıq.' buyurmuşdur?'
deyə soruşulsa, buna belə cavab verərik:
a. Bu ifadənin təqdiri:
"Biz, əzəli hökm və təqdirimizdə, buranın bu şəkildə fəthinə hökm etdik." şəklindədir.
b. Allahın təqdir etdiyi şey, mütləq baş verəcəkdir. Bundan dolayı, O, bu işin geri dönüşü olmayan bir iş olduğuna işarət etmək üçün, bu işi, keçmiş zaman şəklində xəbər vermişdir.
--------------------------------
✓ İkinci məsələ: Fəthlə məğfirət (bağışlanma) münasibəti:
Ayətdəki
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ...
"Allahın (səni) bağışlaması üçün..." ifadəsi, fəthin, məğfirətin bir səbəbi olduğunu hiss etdirməkdədir. Halbuki fəth, məğfirətə səbəb olmağa, əlverişli deyildir. Bundan dolayı, bunu necə cavablandıra bilərsən?"
Cavab:
Biz deyirik ki, buna bir neçə cəhətsən cavab verə bilərik:
1. Bu xüsusda belə deyilmişdir:
Allah Taala, sadəcə fəthi, məğfirətin səbəbi qılmamış, tam əksinə, fəth, ayətdə bəhs edilən bəzi işlərin bir araya gəlməsinin səbəbi olmuşdur ki, bu işlər də:
• məğfirət;
• nemətin tamamlanması;
• hidayət; və
• İlahi köməkdir.
Buna görə, Allah Taala, sanki:
"Günahlarını bağışlaması, nemətini tamamlaması, Səni doğru yola yönəltməsi və Sənə kömək etməsi üçün..." buyurmuşdur.
Bu işlərin bir arada edilə bilməsinin, ancaq fəth ilə ola biləcəyində, bir şübhə yoxdur. Çünki nemətlər, fəth sayəsində tamam olmuş, İlahi zəfər, bu fəthdən sonra dünyanı əhatə etmişdir.
2. Məkkənin fəthi, Beytullahın büt pisliklərindən təmizlənməsinin səbəbidir. Beytullahı təmizləmək isə, qullarını təmizləməyə səbəb və vəsilə olur.
3. Fəth sayəsində, həcc ibadəti gerçəkləşir. Həcc sayəsində də, İlahi məğfirət. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in duasına bir bax:
"Allahım! Bu həcci qəbul edilmiş bir həcc; məqbul bir səy və günahların bağışlanmasına bir vəsilə qıl!" (Əhməd, Müsnəd, 1/427)
4. Ayətin bu ifadəsilə, tanıtma, bildirmə qəsd edilmiş olub, təqdiri mənası belədir:
"Sənin bağışlanmış və məsum olduğun anlaşılsın deyə, sənə bu fəthi müyəssər qıldıq." şəklindədir.
Fil ilindən sonra (haşiyə), özlərinə qəzəb edilmiş olan Allah düşmənlərinin, artıq Məkkəni ələ keçirə bilməyəcəklərini; ora ancaq, gəlmiş-keçmiş bütün günahları bağışlanmış olan, Həbibullah (Peyğəmbərimiz)'in girəcəyini və oranı fəth edəcəyini bilirlərdi."
----------------------------------------
(Haşiyə:
Fil ili (və ya fil hadisəsi):
Miladi təqvimə görə, təxminən 570-ci ildə, Kəbəni yıxmaq məqsədilə Məkkəyə gələn Həbəş ordusunun, Allah tərəfindən göndərilən quşlar vasitəsilə məvh edilmələri.)
---------------------------------------
✓ Üçüncü məsələ: Peyğəmbərin günahı vardırmı?
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in günahı YOXDUR. Bundan dolayı, elə isə, Onun nəyi bağışlanmışdır?"
Cavab:
Biz deyirik:
Buna qarşı verdiyimiz və bir neçə cəhətdən ələ aldığımız bu izahlar, daha əvvəl, dəfələrlə keçmişdi.
a. Bununla: möminlərin günahları qəsd edilmişdir;
b. Bununla: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "əvla", "əfdal" olanı etməməsi qəsd edilmişdir;
c. Bununla: Kiçik günahlar qəsd edilmişdir. Çünki kiçik günahlar istər səhvən, istərsə qəsdən olsun, peyğəmbərlər haqqında caizdirlər və bu günahlar, onları, özlərini bəyənməkdən qoruyurlar.
d. Bununla: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məsum olduğu qəsd edilmişdir ki, biz, bunun nə demək olduğunu, Qital (Muhamməd) surəsində açıqladıq.
------------------------------------
✓ Dördüncü məsələ: Sonrakı günahlar?
Ayətdə: وَمَا تَأَخَّرَ ("və sonrakı...") ifadəsi, nə deməkdir?
Deyirik:
Bu xüsusda da, bu izahlar verilə bilər:
1. Bu, Allah Taala'nın, nübüvvətindən sonra artıq günah işləməyəcəyinə dair, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə olan vədidir.
2. Ayətdəki: مَا تَقَدَّمَ ("keçmişdəki...") ifadəsilə: "fəthdən əvvəl"; وَمَا تَأَخَّرَ ifadəsilə də: "fəthdən sonra olanlar..." qəsd edilmişdir.
3. Bu ifadə ilə, bir ümumilik qəsd edilmişdir. Necə ki, bunun bir ümumiləşdirmə olduğuna işarət etmək üçün, qarşılaşılmayan kimsəni döymək, imkan daxilində olmamasına rəğmən:
"Qarşılaşdığın, qarşılaşmadığın hər kəsi döy..." deyilir.
4. Bu:
"Nübüvvətdən əvvəl və nübüvvətdən sonra..." mənasındadır.
Bu izaha görə:
~ nübüvvətdən əvvəl meydana gələn (kiçik günahlar), İlahi əfv ilə;
~ nübüvvətdən sonra meydana gələn kiçik günahlar isə, Allahın qoruması ilə əfv edilmişdir.
Bu xüsusda, çox da dəyəri olmayan bəzi izahlar da verilmişdir ki, bunlardan biri:
• ayətdəki: مَا تَقَدَّمَ ("əvvəlki...") ilə: Maria (radiyallahu anha) məsələsinin qəsd edilmiş olduğunu;
• ayətdəki: وَمَا تَأَخَّرَ ("və sonrakı...") ifadəsilə də: Zeynəb (radiyallahu anha) məsələsinin qəsd edilmiş olduğunun söylənməsidir, ki, kəlamın bununla münasibəti olmadığı üçün, bu, bu izahların ən az dəyərli olanıdır.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb", Fəth/1-3 təfsiri)
