Peyğəmbərin belə qibtə etdiyi kimsələr

İmam Əhməd, Tirmizi və ibn Macə'nin, əbu Umamə (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Dostlarım arasında ən qibtə etdiyim:

• yükü (və halı) xəfif;
• namazdan pay sahibi;
• Rəbbinə ən gözəl şəkildə ibadət edən; və
• gizli hallarda da Allaha itaət edən mömindir.
• O, insanlar arasında gizlidir, barmaqla göstərilməz;
• Ruzisi yetəcək qədərdir, buna da səbr edər."

Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), əlini bir birinə vurdu və belə davam etdi:

"(Eyni zamanda) ölümü tez, ağlayan və mirası az olandır."

(Əhməd b. Hənbəl, Müsnəd, V, 252; Tirmizi, Zühd/35)

Not: 

Tirmizi:

"Hədis, həsəndir." deyir. Bu ləfz, Tirmizi'yə aiddir.

------------------

İzahı:

"Dostlarım arasında ən qibtə etdiyim..."

Qibtə, insanın sahib olduğu ya da bir başqasının sahib olduğu nemətdən dolayı hiss etdiyi sevinc, xoşbəxtlik və fərahlıqdır. Bir başqasının sahib olduğu şeydən dolayı sevgi bəsləməkdir. İstərsə, özünə qibtə edilən kimsə, qibtə edən kimsədən üstün, bərabər və ya altında olsun, dəyişməz.

Bu hədisdə, dərəcənin üstünlüyündən bəhs edilmişdir:

"Şübhəsiz, Allah'ın qulları arasında elələri vardır ki, peyğəmbər və şəhid deyildirlər, amma qiyamət günü Allah qatındakı mövqelərindən dolayı, peyğəmbərlər və şəhidlər onlara qibtə edərlər." (Əbu Davud, Buyu/76; Beyhaqi, "Şuabu'l-İman", Vl, 486; Tirmizi, Zühd/53. Tirmizi, bu hədisin, həsən-səhih olduğunu söyləmişdir.")

Alimlər, burdakı qulları, əziz və uca olan Allah üçün bir birlərini sevənlər olaraq açıqlayırlar. Qəsd edilən:

Peyğəmbərlərin, bu kimsələrin dərəcələrinin əskik olmasından dolayı, öz səviyyələrində olmalarını istəmələri deyildir. 

Qəsd edilən:

Peyğəmbərlərin və şəhidlərin, əziz və uca olan Allah qatındakı mövqelərindən dolayı onlar üçün sevinmələri və xoşbəxt olmalarıdır.

Burda həsədin əksinə qibtənin, özünə nemət verilən kimsədən bu nemət alınmadan, insanın eyni nemətə sahib olması mənasına gəldiyi anlaşılmaqdadır. Həsədçi kimsə isə, həsəd etdiyi nemətin yox olmasını təmənni edər. Qibtə, həsəd mənasında istifadə edilməz. Xüsusilə, alt səviyyədəki kimsələrin, üst səviyyədəkilərin sahib olduqlarına sahib olmaq istəməsi mənasında istifadə edilir.

"Dostlarım arasında ən qibtə etdiyim..." 

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu halda olan kimsənin, ən özəl, xüsusi dostlarından olduğuna işarət edir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ümmətindən bu özəlliklərə sahib olanlardan dolayı məmnun olmaqda və sevinməktədir. Eyni şəkildə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o kimsəni dostlarından biri qəbul etməkdədir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dostları, Allahın dostlarıdır. Necə ki, Allah Taala Maidə/56'da belə buyurur:

وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَـٰلِبُونَ

"Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir." 

Səhih bir hədisdə belə buyurulur:

"Şübhəsiz, Mənim dostum, Allah və möminlərdən saleh olanlardır." (Buxari, Ədəb/14)

Digər bir hədis belədir:

"Dostlarım, kim və harda olursa olsunlar, Allahdan qorxanlardır." (Əhməd, Müsnəd, V, 235)

Onlar, eyni zamanda əziz və uca olan Allahın dostlarıdır. 

أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ • ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

"Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar." (Yunus/62-63)

Hər kim daha böyük bir imana və təqvaya sahibdirsə, o, Allah və rəsuluna daha yaxındır. Bunun üçün hədisdə belə buyurulmuşdur:

"Dostlarım arasında ən qibtə etdiyim,...mömindir."

Mömin kəliməsi, tərif məqamında istifadə edilir. Bununla ifadə edilən, fərzləri yerinə gətirmək  haramları tərk etməklə imanını tamamlayan kimsədir. Bəlkə də, bununla, bütün bunlardan sonra nafilələri yerinə gətirən kimsə qəsd edilməkdədir. Çünki bütün bunlar, iman kəliməsinin məna çərçivəsinə girməktədir.

-------------------------

1. "...yükü və (halı) xəfif..."

Əsmai, bunu, malın azlığı olaraq açıqlamışdır. O, deyir ki:

"İbn Quteybə də, övlad və iyalın (qadınlarının və ya yaşayışını təmin etməklə mükəlləf olduğu insanların) azlığı ilə bunu açıqlamışdır. Buna dəlil olaraq da, əbu Zərr (radiyallahu anh)'ın bu sözünü dəlil olaraq göstərmişdir:

'Elə bir zaman gələcək ki, bu gün 10 uşağın atası olana aranızda qibtə edildiyi kimi, yükü və (halı) xəfif olan kimsəyə qibtə ediləcək."

Bunu, əbu Nuaym və başqaları da rəvayət etmişlərdir.

İbn Adiyy, "əl-Kamil" əsərində (lll, 177) və başqaları, Huzeyfə (radiyallahu anh)'dan mərfu olaraq bu hədisi rəvayət edirlər:

"(Hicri) 200 ilindən sonra ən xeyirliniz, yükü və (halı) xəfif olanınızdır."

"Yükü və (halı) xəfif olmaq nə deməkdir?" diyə soruşduqlarında, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Xanımı və uşağı olmayandır." (İbn Həcər, "əl-Mətalibu'l-Aliyə", V, 15; Beyhaqi, "Şuabu'l-İman", Vll, 292; Xatib əl-Bağdadi, "Tarix-u Bağdad", Vl, 197, Xl, 225)

(Haşiyə: İsnadı, zəifdir.)

Bu ifadə, istiarə və kinayə mənası daşıyır.

(Haşiyə:

İstiarə: Bir kəlimənin mənasını, müvəqqəti olaraq, başqa mənada istifadə etmək və ya hər hansı bir varlığa, ya da məfhuma əsl adını deyil, bənzədiyi başqa bir varlığın adını vermə sənəti)

Malın azlığına gəlincə, insan, dünyada ikən, mal azlığına səbr edər vəya buna razı olarsa, bundan dolayı, o kimsəyə qibtə edilər. Bunu, Allahın iznilə:

"Ruzisi yetəcək qədərdir, buna da səbr edər." ifadəsini açıqlayarkən, zikr edəcəyik.

Uşaqlarının azlığına gəlincə, xüsusilə, o kimsə kasıb və ehtiyac sahibidirsə, bu haldan dolayı, bəzən möminə qibtə edilər. Bunun üçün, belə deyilmişdir:

"Məişətindən məsul olduqlarının azlığı, 2 asanlıqdan biridir."

Heç şübhəsiz, məişətindən məsul olunanların çoxluğu, mömini, onlar üçün xoş olmayan yollarla ruzi axtarmağa sövq edə bilər. Bundan dolayı, sələfin bir çox sözündə, məişətindən məsul olunan kimsələrin çoxluğu qınanmışdır. Süfyan əs-Sevri (rahmətullahu aleyh) belə deyərdi:

• "Övlad və iyalı çox olan kimsəyə əhəmiyyət verilməz; çünki onun, insanların arasına qarışmaması nadir görülür."

Yenə O, belə deyərdi:

• "Övlad və iyalı (çox) olan kimsənin ibadətinə güvənmərəm."

• "Övlad və iyal sahibinin küfrə düşəcəyi söylənsə, bunu imkansız görmərəm."

• "Övlad və iyalı olan, əsla vəra (təqvanın daha iləri mərtəbəsi olan günahlardan şiddətlə qaçmaq) sahibi ola bilməz."

• "Evlənən kimsə, qayığa minmişdir. Əgər uşağı da varsa, qayıq su almışdır."

• "Bizə çətinlik yaratmayan bir pişiyimiz vardı. Balası doğulduğunda, qazanları qarışdırmağa başladı."

• Süfyan əs-Sevri, əmirlərin katiblərindən olan bir adama, onlarla birlikdə çalışdığından dolayı etiraz etdi. Süfyan:

"Özü üçün katiblik etdiyin kimsəyə hər bəd dua (qarğış) edildiyində, sən də onunla birlikdəsən. Burda görülən işlər, sənin əlinlə gerçəkləşdirildiyindən dolayı, onlar arasında halı ən ağır olan sənsən." dedi.

Adam bunun üzərinə:

"Övlad və iyalım var, nə edim?!" dedi.

Süfyan ona belə cavab verdi:

"Eşidin bu adamı:

Allaha üsyan etdiyi zaman, uşaqlarının ruzisi verilirmiş, Allaha itaət etdiyi zaman da, uşaqları çətinlik görürmüş?!" 

Sonra belə dedi:

"Övlad və iyal sahiblərini izləməyin. Çünki onlara hər hansı bir etiraz edildiyində:

'Nə edim? Ailəm, uşaqlarımı düşünürəm.' deyər."

• Yenə Süfyan belə deyir:

"Qiyamət günü, insanın cəhənnəmə götürülməsi əmr edilər və:

'Bunlar da onun yaxşılıqlarını bitirən (yox edən) övlad və iyalıdır.' deyilər."

• Şureyk, Kufə qadılığına keçdiyində, Süfyan əs-Sevri onu tərk etdi və belə dedi:

"Hansı adamı fəsada verdiklərinə bir baxsalar?!"

(Haşiyə: burda Süfyan, Şureyk'in vəzifə başına keçməsini, Şureyk haqqında bir fəsad olaraq görmüşdür.)

Bunun üzərinə, Şureyk:

"Əgər Süfyan'ın da qızları olsaydı, məni fəsada verdiklərindən daha çox onu fəsada verərdilər."

Övlad və iyalın azlığının üstünlüyü mövzusunda, bu ayət dəlil olaraq göstərilir:

...فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَ‌ٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۚ ذَ‌ٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟

"Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır." (Nisa/3)

Bəzi alimlər, bunu məişətindən məsul olunanların çoxluğu olaraq açıqlamışlardır. Ancaq alimlərin əksəriyyəti, bunu zülm və tərəf tutmaq ilə təfsir etmişlərdir. 

Şübhəsiz ki, kişi, 4 xanımından uşaq sahibi olduğundan daha artıq cariyələrdən uşaq sahibi ola bilər. Çünki cariyələrin sayında bir məhdudiyyət yoxdur.

İmam Əhməd, xanımların, övladların çoxluğunu xoş görməyənlərə qarşı, Allah rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələrinin, xanımlarının və uşaqlarının çox olmasını dəlil göstərirdi. O, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hədisini də nümunə olaraq göstərirdi:

"(Ərlərini) çox sevən, çox doğan qadın(lar)la evlənin. Çünki Mən, qiyamət günündə sizlərin çoxluğu ilə digər ümmətlər(in peyğəmbərlərin)'ə qarşı iftixar edəcəyəm. (Əbu Davud, Nigah/4)

Lakin imam Əhməd, bunu, halal yoldan qazanc və çalışma, kasıblığa da, səbrlə birlikdə əmr etmişdir. 

Dolayısı ilə, imam Əhməd, dində əmr edilmiş olan şeyi əmr etmişdir. 

Süfyan əs-Sevri isə, övlad və iyalın çox olması halında, insanların səbrinin azlığına və vəranı (təqvanın iləri mərtəbəsi olan günahdan şiddətlə çəkinmək) tərk etmələrinə, xoş olmayan yollardan qazanc təmin etmələrinə baxaraq, bu izahı vermişdir.

Həqiqətən də, xüsusilə elm və səbrin azlığı halında, insanların çoxunun halı budur. 

Fudayl b. İyad kimi, məişətlərindən məsul olduqları kimsələrə səbr edib, vəranı qoruyan kimsələrin hallarına gəlincə, bu, həqiqətən təriflənəcək bir haldır.

Harun ər-Rəşid, Fudayl'ın yanına gəldiyində, ona 1000 dinar verdi. Fudayl, pulu almağı rədd etdi. Uşaqlarından bəziləri, Fudayla gəlib:

"Əgər o pulu qəbul etsəydin, çətinliyimiz qalxardı." dedilər.

Bunun üzərinə Fudayl belə dedi:

"Mənimlə sizin halınız, özündən süd sağılan, böyüyüncə də, kəsilib əti yeyilən dəvə ilə dəvə sahiblərinə bənzəyir."

İmam Əhməd'in də uşaqları vardı. Bir gün, yanında yeməyə heç bir şey yox ikən, belə deyir:

"Yanımda bir şey olmadan sabahladığım gündən xoşbəxt oluram."

Bir gün övlad və iyalı ona:

"Unumuz -və ya çörəyimiz- qalmadı." dedilər. İmam Əhməd:

"Qiyamət!" dedi. 

Təkrar gəldilər və eyni şeyi təkrarladılar. İmam Əhməd təkrar:

"Qiyamət!" dedi. 

Birdən bir adam qapını döyməyə başladı. Bir də baxdılar ki, Xorasan'dan gələn bir adam... Onunla birlikdə imam Əhməd'ə, 5000 dinar göndərilmiş. İmam pulu almağı rədd etdi və geri göndərdi.

Fəth əl-Mevsili (rahmətullahi aleyh), qış gecələrində övlad və iyalını toplayar və belə deyərdi:

"Məni ac buraxdın. Mən də uşaqlarımı ac buraxdım. Məni çılpaq buraxdın, mən də uşaqlarımı çılpaq buraxdım. Hansı vəsilə ilə sənə təvvəssül etdim ki, mənə belə davrandın? 

Oysa, Sən bunu, ancaq dostlarına və yaxınlarına edərsən. Mən də onlardan biriyəm mi ki, (bu hala) sevinim?!"

Qızlarından biri, geyinəcək doğru-düzgün bir libas tapa bilməyincə, ona:

"Birisindən istəsən də, qızını geyindirsə?!" deyildi. Bunun üzərinə Fəth belə cavab verdi:

"Allahın, onun bu halını və səbrini görməsi üçün buraxıram."

Qardaşlarım, insanın təbiəti dünyada rəfaha meyl edər. Uşaq, arzu etdiyi hər şeyi istəyər. Qadın da, məişətinin rahat olmasını istəyər. Vəra isə, rəfaha əngəldir:

هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًا شَدِيدً

"Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar." (Əhzab/11)

İmam Əhməd, müsəlmanların beytu'l-malına aid bir şeyi, xəlifədən almaqdan çəkinmiş, dükanlarının kirayəsi ilə kifayətlənmişdi. Dükanlarından ayda 20 dirhəm və ya daha az alırdı. Övladları xəlifədən pul alınca, onları bundan dolayı tərk etdi.

Yenə məişətindən məsul olan kimsələrin çoxluğu, qəlbin onlara bağlı olmasına səbəb olur. Bu da, Allahı sevməkdən və Allah üçün xidmət etməkdən uzaq qoyur. Allah Taala belə buyurmuşdur:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَ‌ٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَ‌ٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

"Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır." (Münafiqun/9)

Əbu Hazim belə deyir:

"Səni Allahdan uzaq tutan hər şey, mal və ya övlad olsun, fəlakətdir."

Əbu Nuaym, zəif bir isnadla, ibn Məs'ud (radiyallahu anh)'dan mərfu olaraq bu hədisi rəvayət etmişdir:

إذا أحب الله عبدا إقتناه لنفسه، ولم يشغله بزوجة ولا ولد

"Allah bir qulu sevdiyində, onu Özünə ayırar (seçər). Onu, qadın və ya uşaq ilə məşğul etməz." (Əbu Nuaym, "Hilyətu'l-Əvliya", l, 25; Acluni, "Kəşfu'l-Xafa", l, 465)

Şeyx Abdulqadir Geylani (rahiməhullah) belə deyirdi:

"Çox dəfə:

'Sevdiyim kimsəyə məhəbbətim davam etmir. İkimizin arasına ölüm ya da başqa bir şey girir.' deyirsən. O zaman sənə belə cavab verilər:

'Ey Haqqın sevgilisi! Bilmirsən mi ki, Allah səni Özü üçün yaratmışkən, sən başqasını axtarırsan? Sən, Əziz və uca olan Allahın bu xitabını eşitmədin mi:

"Allah onları sevər, onlar da Allahı." (Maidə/54)

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər. Əgər qul səbr edərsə, Allah onu özünə ayırar, ona mal və övlad verməz." (Deyləmi, "əl-Firdevs", l, 250; Acluni, "Kəşfu'l-Xafa", l, 80. Acluni, bu rəvayəti Taberani'yə nisbət etmişdir.)

Bu mənada, İsrailiyyat'dan bu xəbər vardır:

"Ey Adəm oğlu! Hər şeyi sənin üçün yaratdım və səni də Özüm üçün yaratdım. Sənin üçün yaratdığım şeylər, səni Özü üçün yaratdığım şeydən uzaq tutmasın."

Deyildiyinə görə, İbrahim (əleyhissəlam)'a, qəlbi oğluna bağlı olduğundan dolayı, onu boğazlaması əmr edilmişdi. Bunun üzərinə, İbrahim (əleyhissəlam), qəlbini bu sevgidən boşaldıb, Allah sevgisini, övladına duyduğu sevginin önünə keçirtdi. Hər ikisi də, Allahın əmrinə boyun əyib, İbrahim (əleyhissəlam) oğlunu boğazlamaq üçün üz üstə yerə yatırtdığında, məqsədin hasil olmasıyla, oğlunun canı bağışlandı. Məqsəd, qəlbin boşaldılması idi. Bu reallaşmışdı, dolayısı ilə artıq qan tökmənin bir mənası qalmamışdı.

Eyni şəkildə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Aişə (radiyallahu anha)'ya qarşı olan sevgisi artınca, İfk hadisəsində gerçəkləşənlər səbəbilə bu sevgi bulandı, yara aldı.

----------------

"...(Eyni zamanda) ölümü tez, ağlayanı və mirası az olandır..."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu xüsusiyyətlərə sahib olan kimsə üçün, ölümün tez gəlməsini istəmişdir. Bu özəlliklərə sahib olan kimsə üçün ağlayan azdır. Bu, daha əvvəl keçdiyi üzərə, övlad və iyalının və dünyada arxasında buraxdığı mirasının az olmasındandır. İmam Əhməd və başqaları da bu şəkildə açıqlamışlardır.

Bu söz, bu möminin halını xəbər vermək üçün və ya Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, o mömin üçün duası da ola bilər. Bu söz, möminin gözəl ibadət, azla kifayətlənmə və sadə bir həyat kimi gözəl bir hal içərisində olmasını gərəkdirir. 

Bax o zaman, dini mövzuda fitnəyə düşməsi və gözəl halın dəyişməsi qorxusundan dolayı, bu kimsənin tez ölümünə qibtə edilər.

Bundan dolayı, dində fitnəyə düşmə qorxusundan dolayı, ölümü təmənni etmək və istəmək məşrudur.

Müsnəd'də (ll, 350) rəvayət edilən mərfu bir hədisdə belə buyurulur:

"Əməlinə güvənən kimsə xaric, kimsə ölümü təmənni etməsin." 

Bundan dolayı, hər kim gözəl bir dini yaşayış içərisində isə, bu kimsənin halı pozulmadan əvvəl ölməsinə qibtə edilər.

Əbu Dərda (radiyallahu anh), bir kimsə saleh bir hal üzərə öldüyündə:

"Mübarək olsun! Kaş ki, yerində olsaydım..." deyərdi.

Ümmü'd-Dərda (radiyallahu anha), Onun bu halına qarşı çıxınca, ona belə dedi:

"Bilmirsən mi insan, mömin olaraq sabahlayar, münafiq olaraq gecələyər və fərqinə varmadan imanı çəkilib alınar. 

Bu kimsə isə, namaz və oruc mövzusundakı davamlılığından dolayı, məni özünə heyran buraxdı."

Deyilir ki: 

"Sevdiyin kimsə üçün nə arzu edirsən?" diyə ondan soruşuldu. O isə:

"Ölümü." diyə cavab verdi.

Ona:

"Bəs yaxşı, ölməzsə?" diyə soruşuldu.

Əbu'd-Dərda (radiyallahu anh):

"Malının və övladının azlığını istəyərəm." dedi.

İbn Məs'ud (radiyallahu anh), ölümü təmənni edərdi. Ona bunun səbəbi soruşulduğunda belə demişdi:

"Bu anda olduğum hal üzərə qalacağımı bilsəydim, 20 il daha yaşamağı istəyərdim."

Əbu Hureyrə (radiyallahu anh), çoxca ibadət edən gəncləri gördü və:

"Ölüm bu gənclərə, kaş ki, bu halda ikən gəlsəydi..." dedi.

Davud ət-Tai ağlayar və belə deyərdi:

"Ömrümün uzun olmasından qorxuram."

Allah kimin haqqında xeyir dilərsə, ölümü ona daha xoş göstərər. Ölümündən əvvəl ona saleh əməllər işləmək fürsəti verər və bu hal üzərə canını alar. Çünki əməllər, ancaq son nəfəsdəki hala görə dəyərləndirilir.

-------------------

"...ağlayanı və mirası az olandır..."

Bu mömin, yükü xəfif və övlad və iyalı az olduğundan, ölümü sırasında onun üçün ağlayan çox olmaz. Ailəsi, uşaqları, xidmətçiləri və qəbiləsi olan kimsənin isə, özünə ehtiyacları olmamasına rəğmən, ağlayanları çoxdur. Hətta bu kimsələrin ağlaması, onun əzabını artırır. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə buyurduğu rəvayət edilmişdir:

"Şübhəsiz ki, ölən kimsə, ailəsinin ağlaması səbəbilə əzab görər." (Buxari, hədis no: 1290)

Şübhəsiz, onlar çox vaxt, ağı demək, üzə vurmaq, paltarları cırmaq, əşyaları xarab etmək və Allahın təqdirinə qəzəblənmək kimi şeylər edərlər. Bütün bunlardan dolayı, ölü kimsə, əzab görər, acı hiss edər.

Bundan dolayıdır ki, sələfdən bir çox kimsə, ailələrinə, özləri üçün ağlamamaqlarını vəsiyyət etmişdir.

Ümeyyə oğullarının xəlifələrindən biri olan Hişam b. Abdu'l-Məlik, ölüm döşəyində ikən, ailəsi onun üçün ağladı. Hişam, onlara belə dedi:

"Hişam sizə bol-bol dünyalıq verdi, siz də onun üçün bol-bol ağlayırsınız. Topladığını sizə buraxdı, siz də yükləndiyi günahı ona buraxın. Əgər bağışlanmazsa, Hişam'ın axirəti nə dəhşətli olacaqdır."

Hasan əl-Basri (rahmətullahi aleyh) belə deyir:

Ölən kimsə üçün insanların ən pisi, ailəsidir. Onun üçün ağlayarlar, ancaq borcunu ödəməzlər. Ona zərər verəcək şeyləri edərlər, qəbrində ona fayda verəcək şeyləri etməzlər. Ölümü sırasında, insana ən çox ağlayan, sadəcə ondan alacağı nəsibini itirdiyi üçün ağlayar. Bu da ya ondan əldə etdiyi mal və ya başqa bir şey, ya da onun yaxınlığını itirməkdir. Deyilsə, içində olduğu haldan dolayı mərhəmət edib ağlamazlar. 

Mərhəmətdən dolayı ağlamaq, hər hansı bir üzüntü hiss etməyən ariflərin ağlamasıdır. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ağladığında, belə buyurmuşdu:

"Bu, sadəcə bir mərhəmətdir. Allah, ancaq mərhəmətli olan qullarına mərhəmət edər." 

Salehlərdən biri, ölüm döşəyində ikən, ana-atası, övladları və xanımı ağladı. Onlara nə üçün ağladıqlarını soruşduğunda, ana və atası belə dedilər:

"Səndən ayrılacağımızdan, səndən sonra yalnız qalacağımızdan dolayı ağlayırıq."

Övladları isə, belə dedilər:

"Səndən ayrılacağımızdan və səndən sonra yetim qalacağımızdan dolayı ağlayırıq."

Saleh kimsə isə, onlara belə cavab verdi:

"Hamınız, mənim dünyam üçün ağlayırsınız.

• Aranızda mənim axirətim üçün ağlayan yoxdur mu?!

• Üzüm torpağa dəydiyində, aranızda mənim üçün ağlayacaq yoxdur mu?!

• Münkər və Nəkir mənə suallar verdiklərində, aranızda mənim üçün ağlayan yoxdur mu?!

• Rəbbimin hüzurunda durarkən, mənim üçün ağlayan yoxdur mu?!" 

dedi və bir nərə ataraq öldü. Allah ona rəhmət etsin.

Dolayısı ilə, ağlayanları az olan kimsə, Allahın rəhmətinə daha yaxındır.

Saleh əl-Murri, Hasan əl-Basri'dən belə dediyini rəvayət etmişdir:

"Şübhəsiz ki, Allah, mömin qulu, yad bir ölkədə öldüyündə, qəribliyinə mərhəmət etdiyindən dolayı, ona əzab etməz. Ağlayanları olmadığı üçün, mələklərə əmr edər və onlar da o kimsə üçün ağlayarlar."

Hədisdə belə buyurulmuşdur:

"Doğduğu yerdə ölməyən kimsənin öldüyü bu yer, cənnətdə addımlarının son nöqtəsi ilə ölçülər."

Yer və göy, saleh əməlini itirdiklərindən dolayı, mömin üçün ağlayarlar.

Sələfdən bir qrup, əziz və uca Allahın:

فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ

"Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi." (Duxan/29)

ayəti haqqında belə demişlərdir:

"Üzərində namaz qıldığı, sözü və əməlinin çıxdığı qapı olan yer üzü, mömin üçün ağlayar. Firon ailəsi üçün belə olmamışdır. Bunun üçün göy və yer üzü, onlara ağlamamışdır."

Mömin kimsənin ölümü üçün ağlayanlar azaldıqca, başqalarının, özü üçün ağlamasına daha yaxın olur.

Mə'mun'un, Əli adında, bolluq və nemət içində yaşayan bir oğlu var idi. Allah, onun qəlbinə dünyaya qarşı zühd sevgisini atdı. Əli, atasından qaçdı, Basra şəhərinə getdi. Gizləndi, qalın və sərt şeylər geyinməyə başladı. Gündüzləri oruc tutar, gecələri namaz qılardı. Başının üzərində, pul qarşılığında insanlar üçün bir şeylər daşıyar və qazandığı pulla həyatını davam etdirərdi. Məscidlərdə gecələyər, fərq edilməmək üçün, insanların arasına qarışardı.

Bir gün bir məsciddə xəstələndi. Xəstəliyi şiddətləndiyində, Basra'da bir karvansaraya girdi. Bir otaq kirayələdi və özünü həsirin üzərinə atdı. Ümidsizliyə qapıldığında, karvansaray sahibini çağırdı. Ona üzüyünü və möhürlü bir kağız verərək:

"Öldüyümdə, bunu ağanıza, yəni Basra'dakı valinizə apar. Ona üzüyümü göstər, yerimi bildir və bu kağızı ona ver." dedi. 

O öldüyündə, karvansaray sahibi, valinin qapısına getdi, vəsiyyəti yerinə gətirdi. Valiyə üzüyü göstərdi. Vali, üzüyə baxdığında, onu tanıdı və:

"Veyl olsun sənə! Bu üzüyün sahibi hardadır?" diyə soruşdu. Adam:

"Karvansarayda ölü olaraq durmaqdadır." dedi. Üzərində:

"Möminlərin əmiri Mə'mun xaricində kimsə açmasın!" 

yazısı olan möhürlü bir kağızı ona verdi. Vali, Dəclə'də olan Mə'muna onun nəşini göndərdi. 

Ona, bu hekayəni bildiyini və Əli'ni, karvansaraylardan birində bir həsir üzərində tapdığını, altında nə yataq və nə də yanında ağlayan kimsə olmadığını, gözlərinin qapalı, üzünün aydın və qoxusunun gözəl olduğunu yazdı.

Məktubla birlikdə, üzük və kağızı da göndərdi. Mə'mun, kağızı açdığında, onda bunun yazılı olduğunu gördü:

"Ey möminlərin əmiri, Fəcr surəsini:

إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ

"Həqiqətən, sənin Rəbbin nəzarət edir." ayətinə qədər oxu və ibrət al. Bil ki, şübhəsiz Allah, Özünə qarşı gəlməkdən çəkinənlər və yaxşılıq edənlərlə bərabərdir."

----------------

"...mirası az olandır..." 

sözünü, imam Əhməd və başqaları, insanın ölümündən sonrakı mirası olaraq açıqlamışlardır. İnsanın, özündən sonra dünyada buraxdığı mirasın azlığı, ona köməkçi olar. Bu, peyğəmbərlərin sünnətidir. 

Əbu'd-Dərda (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, peyğəmbərlər, miras olaraq, nə dinar, nə də dirhəm buraxmışlardır. Onlar sadəcə miras olaraq elm buraxmışlardır. Kim elmdən nəsibini alarsa, çox böyük xeyirlərə qovuşmuş olar." (Əbu Davud, Elm/1)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), cihad alətlərindən başqa bir şey miras qoymamışdı. Səhih'də keçdiyinə görə, O (sallallahu aleyhi və səlləm) sadəcə silahını, qatırını və sədəqə olaraq bağışladığı bir ərazini miras qoymuşdu. (Buxari, Cihad/61)

Əbu Bəkr Siddiq (radiyallahu anh), ölüm döşəyində ikən, Aişə (radiyallahu anha)'ya belə dedi:

"Ey qızım, Müsəlmanların idarəsi bizə verildiyindən bəri, onlardan nə bir dinar və nə də bir dirhəm aldıq. Sadəcə yeməklərin ən sərt olanlarından yedik, çiynimizə ən sərt parçalardan keçirdik. Bu Həbəşistanlı qul, bu su dəvəsi xaricində, az ya da çox, Müsəlmanların malından yanımızda heç bir şey yoxdur. Mən öldüyümdə, onları da Ömərə göndər."

Elçi, Ömər (radiyallahu anh)'a bunları gətirincə, Ömər ağladı və belə dedi:

"Allah, əbu Bəkrə rəhmət eləsin. Özündən sonra gələni çətinə saldı."

Ömər b. Əbdü'l-Əziz, ölüm özünə gəldiyində belə dedi:

"Xəzinədarı günahlandırmayın! Çünki mən, 21 dinardan başqa bir şey buraxmıram."

Ömər, o pulla borclarının ödənməsini vəsiyyət etdi. Varislərinə, 14 dinardan başqa bir şey buraxmadı. O, bu şəkildə vəfat edərkən, bütün İslam torpaqları əlinin altında idi.

Ölümünə səbəb olan xəstəliyi sırasında, insanlar ziyarətinə gəldilər. Üzərində, yaxası kirlənmiş və yanmış bir paltar vardı. Məsləmə b. Əbdü'l-Məlik, Ömər'in xanımı olan bacısına belə dedi:

"Mənə bundan başqa bir paltar ver ki, möminlərin əmiri onu geyinsin. Çünki insanlar, onun yanına girib çıxırlar."

Bunun üzərinə, Ömər, xanımının qardaşı olan Məsləmə'yə belə dedi:

"Burax onu, ey Məsləmə! Möminlərin əmiri, üzərimdə gördüyün bu libas xaricində nə axşamladı və nə də sabahladı."

(Əbu Mus'ab Tal'at b. Fuad əl-Hulvani'nin, ibn Rəcəb əl-Hənbəli'yə aid hədis şərhləri və risalələrini bir araya gətirib "Məcmu'u Rəsailu'l-Hafiz ibn Rəcəb əl-Hənbəli" adlı əsərindən nəql, 11-ci hədis: "Ən yaxşı dost")

Read 14 times
In order to make a comment, please login or register