Peyğəmbərin çox evliliyi
İslamın peyğəmbəri – aleyhissələm - tarix boyunca ən çirkin hücumlara məruz qalıb. Montgomery Watt bunu belə ifadə edir: “Dünyanın bütün əzəmətli şəxsləri arasında heç kim Muhəmməd qədər böhtanla üzləşməyib.” [W. Montgomery Watt, “Muhammad At Medina”, səh: 324; Clarendon Press, Oxford, 1956]
Bunların arasında xüsusi ustalıqla istifadə olunan bir böhtan, İslam peyğəmbərini şəhvətpərəst, qadın düşkünü kimi tanıtmaqdır. Peyğəmbərin çox qadınla evli olması bu baxımdan pis niyyətli insanların əlində gözəl bir fürsətə çevrilib. Məhz Zeynəb bint Cəhş ilə evlənməsi peyğəmbərin ittiham edilməsində böyük bir rol oynayıb. John V. Tolan deyir: “Bu hekayə də (digərləri kimi) xristian polemiklərin düşmən qələmləri tərəfindən təhrif olunacaqdı; Muhəmmədin onlardakı şəhvətli bir şəxs imecini tamamlamaq üçün istifadə olunacaqdı; peyğəmbərin çoxevliliyi onların Antixrist barəsindəki öngüdülü təsəvvürlərinə uyğun gəlirdi.” [John V. Tolan, “Saracens: Islam in The Medieval European Imagination”, səh: 29; Columbia University Press, New York, 2002]
Bu gün çox təəssüf ki, orta əsrlərin avropalı xristian polemiklərinin çirkin ittihamlarını azərbaycanlı ateist gənclər dillərində dolaşdırırlar. Xüsusilə də kinayəni və lağlağını çirkin formada istifadə edənlər bu baxımdan müsəlmanların şərəfi və ləyaqətini təhqir etməkdən çəkinmirlər.
Bu məlumatların işığında bizim İslam peyğəmbəri və onun çoxevliliyi barəsində bəzi məlumatlarla tanış olmağımız lazımdır. İslam peyğəmbəri həqiqətən də qadın düşkünü, şəhvətpərəst olub yoxsa öz dövrünün kişiləri kimi normal, hətta öz şəhvətini hamıdan çox kontrol edən biri olub? Peyğəmbərin evliliklərinin hansı xarakter daşıdığını, hansı məqsədlər üçün edildiyini öyrənməyimiz lazımdır. Bunun üçün həm tarixi məlumatları, həm məzmunu nəzərdən keçirəcəyik və əqli alətlər ilə onları analiz edəcəyik.
Onu da qeyd edək ki, bu məqaləmizdə yoğun bir şəkildə Qərbin qeyri-müsəlman alimlərindən istifadə etmişik. Onların arasında keçmiş və müasir yazıçılar, tarixçilər, şərqşünaslar yer alır. Bu, heç bir şəkildə onları mövzuda əsas avtoritet kimi qəbul etməyimizdən irəli gəlir. Onların sözlərini bu məqaləmizdə istifadə etməyimiz sadəcə olaraq iki səbəbdən qaynaqlanır.
Birinci: İslam peyğəmbərinə qarşı yönəldilmiş bu ittihamlar hər şeydən əvvəl Qərbin xristian müəlliflərindən, onların təhriflərindən qaynaqlanır. Belə olduğu təqdirdə
onların ittihamlarına öz sıralarından çıxmış şəxsiyyətlərin sözləri ilə cavab vermək məqsədə uyğundur.
İkinci: Müsəlman alimlərin cavabları ilə kifayətlənsəydik kimlərsə bu cavabların qərəzli olduğunu söyləyə bilərdilər. Ona görə də burada çoxunluqla qeyri- müsəlmanların sözlərinə yer verdik. Bununla da gətirilən arqumentlərin obyektivliyini sağlamağı qarşımıza məqsəd qoymuşuq.
Qeyd etmək lazımdır ki, burada gətirdiyimiz sözlər Qərb mütəfəkkirlərinin Muhəmməd peyğəmbərin müdafiəsi üçün dedikləri sözlərin yalnız cüzi bir hissəsini təşkil edir. Əgər biz onların sözlərinin hamısına yer versəydik iri həcmli bir kitab hasil olardı.
ÇOX EVLİLİK STANDART OLDUQDA
Hər şeydən əvvəl belə bir sual verməyimiz lazımdır. Peyğəmbərin yaşadığı dövrdə çoxevlilik istisna idi yoxsa adət idi? Tarixi oxuyanlar bilirlər ki, İslamdan əvvəl ərəblər üçün, həmçinin dünyanın bir çox digər mədəniyyətləri üçün çoxevlilik bir standart idi. İmkanlı ərəblərin İslamdan əvvəl – heç bir məhdudiyyət olmadan – çox sayda arvadları var idi və çox sayda kəniz saxlayırdılar. John Gunther bunu belə ifadə edir: “Faktiki olaraq Muhəmmədin gəlişindən əvvəl çox ərəbin dörddən çox arvadı var idi və onlar Quranın məhdudiyyət qoymasını ağır qarşıladılar, xüsusilə də Quran onlara bütün qadınlarına eyni ədalətlə davranmağı əmr edirdi. Bu o demək idi ki, kişi birinci arvadına ev və xidmətçilər verirdisə artıq ikinci – və üçüncü və dördüncü – arvadına da eynisini verməli idi.” [John Gunther, “Meet North Africa”, səh: 39; Harper & Brothers Publishers, New York, 1957]
Bu həqiqəti diqqətə alaraq bir nöqtə üzərində düşünməyimiz lazımdır. Dost da, düşmən də İslam peyğəmbərinin ağıllı bir insan olduğunu, yüksək intellektə sahib bir şəxsiyyət olduğunu etiraf edir. Əgər o, səmimi bir şəxs olmasaydı, onun məqsədi özünə hakimiyyət əldə etmək və cəmiyyətin gözəl qadınlarından yararlanmaq olsaydı o zaman bunu cəmiyyətin digər kişilərini razı salacaq bir din ilə etməsi daha ağlabatan olmazdımı?! Bu qədər patriarxal bir cəmiyyətdə kişilərin çoxevliliyinə məhdudiyyət gətirəcək qədər qeyri-populyar islahatlar heç bir şəkildə saxtakarlığa yox, səmimiyyətə və xeyirsevərliyə dəlalət edir. Həm yəhudi dinində, həm də xristianlıqda şərab içmək haram edilmədiyi halda və ərəblərin sevimli içkisi olduğu halda onu qadağan etmək hansı məntiqlə şəhvətinə və damağına qulluq edən bir insanın göstəricisi ola bilər?! Thomas Carlyle bu nöqtəyə diqqət çəkməsində tamamilə haqlıdır: “(İslam dini)nin uğur əldə etməsi onun asan din olmasına görə deyildi.” [səh: 96;]
Bu şərtlərin işığında peyğəmbərin ərəb cəmiyyətində apardığı islahatlara xüsusi diqqət vermək lazımdır. Çünki bu islahatlar bizə İslam peyğəmbərinin kimliyini, onun amalını qarşımızda sərgiləyir. Əgər biz, onun öz cəmiyyəti üçün gətirdiyi dəyişikliklərdə eqoist maraqlar və maddi çıxarlar görə bilmiriksə, bunu onun şəxsiyyətini dəyərləndirdiyimizdə nəzərə almağımız qaçınılmazdır. Bundan sonrakı səhifələrdə oxuculardan bu məqamı ağıllarında tutmaqlarını xahiş edəcəm.
XƏDİCƏ BİNT XUVEYLİD
Peyğəmbərin qadınlara münasibətini ən bariz şəkildə göstərən, həqiqətən ən ali prinsiplərə sahib biri olduğu göstərən, onun Xədicə ilə evliliyi idi. 25 yaşındaykən, gəncliyinin ən parlaq vaxtlarında ikən özündən 15 yaş daha böyük bir qadınla, yəni Xədicə ilə ailə həyatı qurmuşdu. Şərqşünas Stanley Lane Poole (1854-1931) deyir:
“Sonunda ən güclü arqument, onun ilk həyat yoldaşına olan sadiqliyidir. O, yetkinliyi təzə başa vurmuş bir gənc ikən özündən 15 yaş böyük olan Xədicə ilə evləndi. İyirmi beş il müddətində Muhəmməd yaşlı həyat yoldaşına sadiq qaldı və (Xədicə) altmış beş yaşında ikən... Muhəmməd ona ilk evliliyindəki kimi sədaqətli idi. Bütün o illər boyunca hansısa bir skandalın əsər-əlaməti belə yox idi... Sonra Xədicə vəfat etdi; peyğəmbər ondan sonra çox qadınla – onların arasında bəziləri çox gənc və gözəl idi – evlənməsinə baxmayaraq o, öz yaşlı həyat yoldaşını heç zaman unutmadı və ən sonuna qədər onu sevməyə davam etdi: “Mən kasıb ikən o, məni zəngin etdi, onlar məni yalançı adlandırdıqlarında bir tək o mənə inandı, bütün dünya mənə qarşı olanda təkcə o, sadiq qaldı.” Qəbir yatağında yatan bu yaşlı qadına qarşı olan sevgi və ondan qalan zərif xatirə yalnız və yalnız nəcabətli bir xarakterə aid ola bilər; belə bir şey şəhvətpərəstlikdə/nəşəbazlıqda görülə bilməz.” [Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 78-79; Eden, Remington & Co, London, 1893]
Peyğəmbərin həqiqi ruhunu və bir kişi kimi qadınlara münasibətini ən yaxşı sərgiləyən onun Xədicə ilə evliliyidir. Bu evlilik onun heç də iddia olunduğu kimi qadın düşkünü olmadığını göstərir. Annemarie Schimmel yazır: “Çox zaman Muhəmmədin həyatının ən yaxşı çağında yalnız bir qadınla, özündən xeyli yaşlı olan Xədicə ilə evli olduğunu unudurlar. Yalnız həyatının son 13 ilində digər evlilikləri bağlayıb və bununla belə, daha əvvəl qeyd olunduğu kimi, Xədicə ölümündən sonra da onun ən ideal xanımı kimi qaldı, hətta gənc Aişə onu həmişə qısqandı.” [Annemarie Schimmel, “And Muhammad is His Messenger: The Veneration of The Prophet in Islamic Piety”, səh: 50; The University of North Carolina Press, Chapel Hill, 1985]
Viktoriyan erasının naməlum yazıçılarından biri İslam peyğəmbərini öz dövrünün haqsız hücumlarına qarşı müdafiə edərkən bu sözləri yazırdı: “Görünür ki, iyirmi iki il müddətində onun bu xeyirxah qadından başqa həyat yoldaşı olmayıb. Qəbul etmək lazımdır ki, bu, mənim nəzərimdə, ondakı inanılmaz dərəcədə təmkinliyin və səbrin təzahürü idi. ... Sizcə yaşadığı ölkədə az qala hər bir kişinin çox sayda arvadı olduğu halda onun başqa qadınlarla evlənməsi hansısa skandala səbəb ola bilərdimi? Digər kişilər kimi o da bunu etsəydi Xədicə bunun səhv olduğunu düşünəcəkdimi?! Nə o, nə də o bölgədə yaşayan başqa birisi onun bu əməlini bir cinayət, bir haqsızlıq kimi və ya ən azından bir anormallıq kimi dəyərləndirib onu qınaya bilməzdi. O zaman bu təmkinliyi və ayıqlığı nə ilə izah edə bilərik?! Bu bir ismət idimi? Bir ərdəm idi? Yoxsa gözəl bir varlığın görüntüsünə təbii olaraq ehtirasa gələn bir kişidəki məmnuniyyət idi? Şübhəsiz ki, bu növlərdən mütləq birinə aid olmalıdır.” [“Reflections on Muhammedism, and The Conduct of Muhammed”, səh: 11-12; J. Roberts in Warwick-Lane, London, 1735]
John Davenport peyğəmbərə qarşı yönləndirilmiş bu ittihamlara məhz Xədicə ilə evliliyini misal gətirib cavab verir. “Deyilənə görə Xədicənin ölümündən sonra Muhəmməd müxtəlif müddətlərdə on bir və ya on iki qadınla evlənib... və o, həmişə buna görə mübahisəli yazıçılar tərəfindən haqsızca danlanıb; onlar bunu peyğəmbərin cinsəlliyinə sübut kimi gətirirlər. Çoxevliliyin – Avropada qadağan olmasına baxmayaraq – Ərəbistanda və Şərqin başqa yerlərində icazəli olduğunu və bunun əxlaqsızlıq sayılmadığı nəzərə alınarsa, xatırladılmalıdır ki, o, 25 yaşından 50 yaşına qədər yalnız bir qadınla yaşayıb özünü tətmin edirdi; xatırladırmalıdır ki, o qadın 63 yaşında vəfat edənə qədər, peyğəmbər başqa qadınla evlənmədi və o, peyğəmbərə oğlan övladı vermədən bu dünyanı tərk etmişdi. O zaman soruşa bilərik ki, çoxevliliyin adi bir hal olduğu ölkədə şəhvətinə çox düşkün olan bir nəfərin 25 il müddətində özündən 15 il yaşlı bir qadınla kifayətlənməsi ağlabatandırmı?! O zaman sonradan Muhəmmədin ömrünün son 13 ilində çox qadınla evlənməsinin oğlan övladı istəməsi ilə bağlı olduğu daha doğru olmazmı?!” [John Davenport, “An Apology for Mohammed and The Koran”, səh: 25-26; J.Davy and Sons, London, 1869]
İslam peyğəmbərini qadına və şəhvətə düşkün biri olaraq ittiham edənlərin demək istədikləri yekun olaraq o anlama gəlir ki, ömrünün ən aktiv çağında, qanının qaynadığı vaxtlarında, gənc yaşlarında şəhvətinin əsiri olmadığı halda həyatının son 10 ilində, yəni 53 yaşından sonra birdən birə şəhvəti oyanmış və qadınlara maraq salmışdır. Belə bir iddia öz çılpaqlığı ilə nə qədər əsassız olduğunu göstərir. Halbuki zamanında Məkkənin müşrikləri İslam peyğəmbərinə iddialarından əl çəkmək qarşılığında qadın və var- dövlət təklif edirdilər. Utbə bin Rabia ona bu təklifi belə çatdırmışdı: “Ay kişi, əgər evlilik istəyirsənsə Qureyşin qadınlarından hansını istəyirsənsə seç! Səni onlardan onu ilə evləndirək! Yox əgər sənin ehtiyacın varsa sənin üçün elə var-dövlət toplayaq ki, Qureyşin yeganə ən varlı insanı olasan!” [“əl-Cami əs-Sahih lis-Sunən val-Məsənid”, 14/291;]
Həyatda məqsədi, amalı, missiyası insanları aldatmaq yolu ilə zənginləşmək, şəhvətini razı salmaq olan bir insan üçün bundan gözəl şans ola bilərdimi? Amma bununla belə qureyşlilərin bu təklifini rədd edir, əksinə onu gözləyəcək əziyyətlərə razılaşır, ac qalır, döyülür, daşlanır, sui-qəsdə məruz qalır, öz yaxın dostlarının onun gözü qarşısında öldürüldüyünə, işgəncə edildiyinə, evlərindən çıxarılıb atıldığına şahid olur. Bütün bunlara baxmayaraq öz sözündən dönmür, çağırışına davam edir. Biz belə bir peyğəmbərdən danışdığımızı unutmamalıyıq.
John Davenport gördüyümüz kimi çoxevliliyi oğlan övladı axtarışı ilə izah edir. Eyni izahı Stanely Lane Poole da səsləndirir. [Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 78; Eden, Remington & Co, London, 1893] Lakin belə bir iddianın doğru olmadığını deməliyik. Bunun doğru olmadığını Sir John Bagot Glubb (1897-1986) belə açıqlayır: “Diqqətə şayandır ki, (peyğəmbərin) az qala həyat yoldaşlarının hamısı orta yaşlı dul qadınlar idilər. Belə görünə bilər ki, sanki o, gənc qızların deyil də, məhz yetişkin və dərrakəli qadınların yoldaşlığından xoşlanırdı. Bəziləri iddia ediblər ki, onun çoxevliliyi oğlan övladı əldə etmək arzusu ilə bağlı idi, lakin əgər elə olsaydı o zaman daha gənc qadınlarla evlənməsi oğlan varisi üçün daha ümidverici olardı.” [Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 239; Stein and Day Publishers, New York, 1970]
Peyğəmbərin Xədicəyə evliliyi həqiqi məhəbbətin əsəri idi. Hətta onu ölümündən sonra tez-tez xatırlayar və kövrələrdi, Xədicəni sevdiyini, onun xatirəsini əziz tutduğunu digər həyat yoldaşlarından gizli saxlamazdı. Təbii ki, digər xanımları onun bu sevgisini qısqanclıqla qarşılayırdılar. Aişə xüsusilə bu məqamı xatırlayır və deyir: “Peyğəmbərin qadınlarından heç birini Xədicəni qısqandığım qədər qısqanmazdım. Heç zaman onu görməmişdim, lakin peyğəmbər onu tez-tez yad edərdi. Hətta olurdu ki, bir qoyun kəsdiyində onu tikələrə parçalayır və onları Xədicənin rəfiqələrinə göndərərdi. Buna görə ona deyirdim: “Sanki bu dünyada Xədicədən başqa qadın yoxdur.” O isə cavabında deyərdi: “O elə idi, o belə idi və mənim ondan uşağım olub.” [“Sahih əl-Buxari”, 3818;] Bu ülvi hisləri sevən qəlbdən başqası ilə izah etmək olmaz.
SİYASİ MƏSLƏHƏTLƏR
Peyğəmbərin evliliklərinin bir çoxu siyasi məqsədlə bağlanmışdı, beləki Allahın elçisi qan tökülməsinin qarşısını almaq üçün, arada sülhün bağlanması üçün çox önəmli şəxsiyyətlərlə qohumluq bağları qururdu. Bura böyük qəbilə başçılarının qızları ilə evlənmək daxil olduğu kimi, öz yaxın silahdaşları ilə qohumluq əlaqələri qurmaq da aid idi. Karen Armstrong yazır:
“Muhəmmədin ailə münasibətləri Qərbdə bir çox ehtiraslı və pis-niyyətli spekulyasiyalar oyadıb. Lakin Muhəmmədin Xədicə ilə yaşadığı monoqamik münasibətdən daha çox, çoxevliliyin normal olduğu Ərəbistanda bu, adi bir hal olmalı idi. Bu evliliklər heç də romantik və ya seksual sevgi əlaqələri deyildi, lakin əksər hallarda siyasi məqsədlər üçün icra edilmişdi. (Misal üçün) Sevda görünür ki, sadə görkəmli bir qadın idi, öz gənclik illərini geridə qoymuşdu; lakin o, Muhəmmədin ev işlərinin qayğısına qala bilərdi. Ola bilsin ki, Muhəmməd həm də (onun qohumu) Suheylin ürəyini qazanmağı məqsəd etmişdi, Suheyl hələ də vəhy məsələsində qərarsız idi... Muhəmmədin evlilikləri adətən siyasi məqsədlər daşıyırdı. O, tamamilə fərqli, qohumluq əlaqələri üzərinə yox, ideologiya üzərinə əsaslanan bir qəbilə qurmaq ərəfəsində idi, lakin qan bağları hələ də müqəddəs bir dəyər idi və bu, eksperimental icmanı bərkitmək üçün yararlı bir vasitə idi.” [Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 92-93; Harper Collins Publishers, New York, 2006]
Sevda ilə peyğəmbərin evliliyi hər şeydən qabaq praktiki əhəmiyyət daşıyırdı. Peyğəmbərin ilk yoldaşı Xədicənin vəfatından sonra onun anasız qalan övladlarına və ocaqsız qalan evinə baxacaq bir qadınla evlənməyə ehtiyacı var idi. Burada təcrübəli qadın Xavlə bint Həkim’in rolu danılmazdır və məhz o, peyğəmbərə Sevda bint Zəm’a ilə Aişə bint Əbi Bəkr’i təklif edir. İslam peyğəmbəri onlardan heç birini görmədən onlara elçi göndərilməsinə razılaşır. Sevda dul bir qadın idi; Karen Armstrong’un adını çəkdiyi Suheyl onun həm əmisi oğlu idi, həm də əvvəlki ərinin qardaşı idi, yəni qaynı idi. Xədicədən sonra peyğəmbərin evləndiyi ilk qadın da Sevda olub və onun o zaman 55 yaşı var idi,
Lesley Hazelton yazır: “Muhəmməd heç də Cuveyriyyə ilə onun gözəlliyinə görə evlənməmişdi, fəqət onun məğlub olmuş qəbiləsi ilə razılıq əldə etmək üçün evlənmişdi. Bu, bir ittifaq istəyi üçün bir jest idi, onların arasındakı ədavətin keçmişdə qaldığını elan etmək idi.” [Lesley Hazleton, “The First Muslim: The Story of Muhammad”, səh: 223; Riverhead Books, New York, 2013]
Cuveyriyyə gözəl bir qadın idi, lakin daha da önəmlisi Bənu Mustəliq qəbiləsinin böyüyünün qızı idi. Bu evlilikdən sonra Cuveyriyyə’nin qəbiləsi peyğəmbərin – evlilik yolu ilə - qohumları oldular və müsəlmanlar müharibədə ələ keçirdikləri əsirləri azad etdilər. Sir Glubb vurğulayır ki, “bu evlilik Bənu Mustaliq qəbiləsini müharibədən daha uğurlu şəkildə İslam dininə gətirdi.” [Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 263; Stein and Day Publishers, New York, 1970] Ummu Həbibə ilə evliliyi də bu cür siyasi xarakter daşıyırdı, çünki o, Məkkənin böyüklərindən olan Əbu Sufyan’ın qızı idi.
Karen Armstrong bu evlilik haqqında deyir: “Bu, daha bir dahi siyasi gediş idi, çünki Ummu Həbibə Əbu Sufyan’ın qızı idi.” [Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 181; Harper Collins Publishers, New York, 2006]
Sir John Glubb deyir: “Peyğəmbərin çox sayda qadınla evlənməsinin məqsədi özü ilə o qadınların ailələri arasında bir əlaqə qurmaq olub. O, əziyyət çəkərək Həbəşistanın kralına məktub yazdı ki, Ummu Həbibə’nin bir gəlin olaraq onun yanına göndərsin. Əgər onun məqsədi daha bir qadın əldə etmək olsaydı o zaman Ərəbistanda evlənə biləcəyi yüzlərlə daha gözəl qadınlar var idi.” [Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 304; Stein and Day Publishers, New York, 1970]
Peyğəmbərin Zeynəb bint Xuzeymə ilə də evliliyinin bəhrəsi yeni bir qəbilənin İslam dininə ürək açması ilə nəticələndi. Martin Lings yazır: “Bədr döyüşünün əvvəlində Utbə ilə təkbətək döyüşdən sonra ölən Ubeydə özündən sonra özündən çox gənc olan bir dul qadın buraxdı; Amir qəbiləsindən Xuzeymənin qızı Zeynəb. O, çox səxavətli biri idi və hələ İslamdan əvvəl də “miskinlərin anası” adı ilə tanınırdı. Dul qaldığı gündən bir il keçməsinə baxmayaraq hələ də ərə getməmişdi və peyğəmbər onunla evlənməyi təklif etdikdə bunu sevinclə qarşıladı.... və şübhəsiz ki, bu evliliyin nəticəsi olaraq Zeynəbin qəbiləsinin yaşa dolmuş ağası Əbu Bəra peyğəmbəri ziyarət etdi.” [Martin Lings, “Muhammad: His Life Based on The Earliest Sources”, səh: 207; Inner Traditions, Vermont, 2006]
Bu ziyarətdə Əbu Bəra İslam dəvətçilərinin onun qəbiləsinə göndərilməsini xahiş edir və İslam dininin onun qəbiləsinə öyrədilməsini tələb edir. Peyğəmbərin Məymunə ilə evliliyi də bu növə aid edilə bilər. Hətta Washington Irving belə bu evliliyi qeyd edərək yazır: “Bu da şübhəsiz ki, bir başqa siyasi evlilik idi, çünki Məymunə’nin 51 yaşı var idi və dul idi. Amma bu yeni əlaqə ona iki güclü tərəfkeş qazandırdı. Onlardan biri həmin dul qadının bacısı oğlu Xalid bin əl-Valid oldu... Digər tərəfkeş isə Xalidin dostu Amr bin əl-As oldu.” [Washington Irving, “Life of Mahomet”, səh: 183; Bernard Tachnitz, Leipzig, 1850] Irving burada Məymunə’nin dul bir qadın olduğunu deməsində haqlıdır, lakin onun 51 yaşı yox idi; qırxa yaxın bir yaşda idi.
Lesley Hazleton bu evliliyin nəticəsini təsdiqləyir: “Məymunə Məkkənin ən üst hərbi sərkərdələrindən biri Xalidin xalası idi və (evlilikdən sonra) Muhəmməd və səhabələri üçüncü günün sonunda Məkkədən ayrıldıqlarında Xalid və digər hərbi lider Amr onlara qoşuldu.” [Lesley Hazleton, “The First Muslim: The Story of Muhammad”, səh: 248; Riverhead Books, New York, 2013] Nabia Abbott təsdiqləyir: “Ummu Həbibə və Məymunə bin əl-Haris ilə Muhəmməd əsasən siyasi məqsədlər ilə evlənmişdi...” [Nabia Abbott, “Aishah: The Beloved of Mohammed”, səh: 15; The University of Chicago Press, Chicago, 1942]
Bütün bu evliliklərdə İslamın peyğəmbəri dul və orta yaşlı qadınlarla, hətta Sevdanın misalında çox yaşlı qadınla ailə həyatı qurub. Bu misallardakı məzmun evliliklərin müəyyən məsləhət üçün bağlandığını göstərir. Hətta kiçik yaşlı Aişə ilə evlilik belə bu məzmunda dəyərləndirilir. Karen Armstrong buyurur: “Muhəmmədin Aişə ilə nişanlanmasında ədəbsiz heç bir şey yox idi. İttifaqları möhürləmək üçün qaibanə bağlanan evliliklər o dövrdə daha çox yaşlı insanlar ilə Aişədən də daha az yaşı olan kiçiklər arasında bağlanardı. Bu cür evliliklər hətta Avropada belə müasir tariximizin erkən çağına qədər davam etmişdi. Aişə ilə kəbin əlaqəsinin tamamlanması isə şübhəsiz ki, yalnız yetkinlik çağına çatdıqdan sonra baş vermişdi, bu yaşda digər qızlar kimi o da hər bir halda ərə veriləcəkdi.” [Karen Armstrong, “Muhammad: A Prophet For Our Time”, səh: 93; Harper Collins Publishers, New York, 2006]
Peyğəmbərin evliliklərinin bir çoxunun siyasi xarakter daşıdığı tarixçilər və şərqşünaslar tərəfindən etiraf edilən bir məqamdır. Geoffrey Parrinder kimi şərqşünas olmayan tarixçilər belə bu nöqtədə İslam peyğəmbərinin namını müdafiə edirlər. Parrinder adını çəkmədiyi bir alman yazıçısının İslam peyğəmbərini ittiham etməsinə etiraz edir, “bu adam iyirmi beş yaşı olana qədər ailə qurmamışdı və sonra o və həyat yoldaşı onun qırx doqquz yaşı olana qədər səadət və vəfalıq içində yaşadılar” deyir. Əlavə edir ki, ömrünün yalnız son on iki ilində “Muhəmməd başqa qadınlarla evləndi, onlardan yalnız biri bakirə idi və onların çoxu dinastik və siyasi məqsədlər üçün edilmişdi.” [Geoffrey Parrinder, “Mysticism in The World Religions”, səh: 121; Oxford University Press, New York, 1976]
SOSİAL MƏSLƏHƏTLƏR
Peyğəmbər öz xanımlarından bəziləri ilə onları himayə etmək, onların övladlarına sahib çıxmaq məqsədi ilə evlənmişdir. Bu qadınlar ərləri müharibədə ölmüş və uşaqları ilə birlikdə himayəsiz qalmış qadınlar idi ki, Allahın elçisi onları öz müdafiəsi ilə təmin etmişdir.”Üstəlik onun on bir evliliyinin əksəriyyəti” – John Esposito deyir: “siyasi və sosial motivlər daşıyırdı. Ərəb qəbilə başçılarının adətinin bir hissəsi olaraq ittifaqları möhkəmləndirmək üçün bu evliliklərin çoxu siyasi evliliklər idi. Digərləri isə müharibədə ölmüş silahdaşlarının himayəyə ehtiyacı olan dul arvadları ilə edilən evliliklər idi.” [John L. Esposito, “Islam: The Straight Path”, səh: 18; Oxford University Press, New York, 1991]
Müharibədə ölmüş silahdaşlarının dul qadınları ilə evlənmək və onları sosial əziyyətlərdən, məişət ehtiyaclarından xilas etmək İslam dininin nəzərə aldığı bir məsləhət idi. Ona görə də Sir John Glubb peyğəmbərin evliliklərinin bir hissəsini izah edərkən buyurur “ki, onun, ölmüş müsəlmanların bu qədər dul qadını ilə evlənməsi, onları və onların yetim uşaqlarını təmin etmək məqsədi güdürdü. Uhud döyüşündə öldürülmüş yetmiş nəfər, özündən sonra bir çox qadın və uşaq buraxmışdı.” [John Bagot Glubb, “The Life and Times of Muhammad”, səh: 239; Stein and Day Publishers, New York, 1970]
Peyğəmbərin həyatını oxuyan kəs onun öz silahdaşlarının ailələrinə olan şəfqətinin və onlara göstərdiyi qayğısının şahidi olur. Xüsusilə Mutə döyüşündən sonra Zeyd bin əl-Hərisə, Cəfər bin Əbi Talib, Abdullah bin Ravahə kimi silahdaşlarını və əziz insanlarını itirməsi onun üçün çox ağır idi, həmin gün onun kədərli bir günü idi. Cəfər bin Əbi Talibin həyat yoldaşı Əsma bint Umeys özü hekayət edir: “Cəfər və yoldaşlarının döyüşdə öldüyü gün erkəndən dəri aşılamaqla məşğul idim, qırx dəri aşıladım, sonra xəmirimi yoğurdum, sonra oğullarımın yanına getdim, onların üzlərini yudum və ətirlədim. Allahın elçisi – salləllahu aleyhi va səlləm – yanıma gəldi və dedi: “Cəfərin oğullarını yanıma gətir!” Mən də onları gətirdim. O isə onları götürüb bağrına basdı və onları qoxuladı, gözləri yaşla doldu. Mən də ona görə soruşdum: “Ey Allahın elçisi, ola bilsin sənə Cəfərdən bir xəbər gəlibmi?” Dedi: “Bəli, o və yoldaşları öldürülüb.” Bundan sonra qışqırmağa başladım, insanlar başıma yığıldı. Allahın elçisi – salləllahu aleyhi va səlləm – çıxaraq öz ailəsinin yanına getdi və onlara tapşırdı: “Cəfərin ailəsini unutmayın, onlar üçün yemək hazırlayın. Ailənin sahibinin xəbəri onları məşğul edib.” [“Musnəd İshaq bin Rahaveyh”, 2143]
Bir çox halda başsız qalan bu ailələrdəki dul qadınlara və yetimlərə baxacaq himayədarlara ehtiyac var idi və İslam dini həmin dul qadınlar ilə evlənməyə təşviq edirdi. İslam peyğəmbəri də öz ümmətinə bu məsələdə bir nümunə olmağa çalışırdı. William Phipps bu barədə yazır: “Qur`anın dul qadınlara qarşı qayğı göstərmək tələbi Muhəmmədin evliliklərinin bir hissəsini izah edir. Onun çoxevliliyi dul qadınlar üçün sosial müdafiəni təmin edirdi. Xədicə öldükdən bir neçə ay sonra Muhamməd Sevda ilə, Həbəşistanda ölmüş bir müsəlman kişinin dul arvadı ilə evləndi... Bir neçə il sonra Ummu Sələmə ilə, müharibənin tərk etdiyi bir dul qadınla evləndi, həmçinin Hafsa, Zeynəb və Ummu Həbibə də dul qadınlar idilər.” [William E. Phipps, “Muhammad and Jesus: A Comparison of The Prophets and Their Teachings”, səh: 142; Bloomsbury Academic, London, 2016]
Bütün bunları nəzərə aldıqda hansı ağılla və insafla İslam peyğəmbərini qadın və şəhvət düşkünlüyündə ittiham etmək olar?! Məgər onun yaşadığı cəmiyyətdə daha gənc, daha gözəl qızlar yox idimi?! Əksinə onun ətrafındakı ailələr üçün öz qızlarını güclü şəxsiyyətlərə, qəbilə başçılarına və nüfuz sahiblərinə ərə vermək bir şərəf idi və yayğın adət idi. Peyğəmbər üçün bu cür gənc qızlarla evlənməkdə heç bir maneə olmadığı halda o, artıq yaşa dolmuş, gözəllik çağlarını geridə qoymuş dul qadınlarla evlənirdi.
ZEYNƏB BİNT CƏHŞ
Peyğəmbərin evlilikləri arasında xüsusilə Zeynəb bint Cəhş ilə evlənməyi çox spekulyasiyalara səbəb oldu. Qərbin xristian yazıçıları bu mövzunu qurdalamağı və mövzunun detalları üzərində uzun-uzadı durmağı sevirlər. Onlar, İslam peyğəmbərini tənqid etmək üçün müsəlmanların kitablarından özlərinə sərf edən bəzi hekayələri bu məqsədləri üçün alət edirlər. Bəs bu hekayə nədən ibarətdir? Bəzi islami mənbələrdə keçən hekayəni orientalistlər oxucularına bu cür çatdırırlar. Bir gün Allahın elçisi Zeydin evinə gəlir və Zeyd evdə olmur. Zeyd isə peyğəmbərin oğulluğu kimi tanınırdı. Hekayənin bu yerdə orientalistlər tərəfindən təqdim edilən bir versiyasına görə birdən rüzgar əsir, qapıdakı pərdəni qaldırır və İslam peyğəmbəri Zeynəbi yarıçılpaq halda görür və onun gözəlliyinə vurulur. Bundan sonra “qəlbləri dəyişdirən Allah pak və müqəddəsdir” deyərək oranı tərk edir. Zeyd bundan xəbər tutduqda peyğəmbərin yanına gəlir və Zeynəbi boşamağı təklif edir. Onu boşadıqdan sonra isə Allahın elçisi onunla evlənir.
Hər şeydən əvvəl onu qeyd edək ki, müsəlman alimlər özləri, mənbələrdə keçən bu hekayəyə fərqli şəkildə yanaşıblar. Hədis tənqidi ilə məşğul olan müsəlman alimlər bu hekayənin sağlam istinada sahib olmadığına işarə edərək onu inkar ediblər. Misal üçün İbn Kəsir bu mövzu ilə bağlı ayələrin şərhində belə bir qeydə yer verir: “İbn Cərir və İbn Əbi Hətim burada sələfdən bəzi kəslərdən əsərlər zikr ediblər və biz onları burda qeyd etməməyə üstünlük verdik; çünki onlar səhih deyildir və ona görə də burada onlara yer vermirik.” [İbn Kəsir, “Təfsirul-Quranil-Azim”, 6/424-425; Daru Tibə, Beyrut, 1999]
Bu xəbərləri Əbul-Abbas əl-Qurtubi, Əbu Bəkr ibn əl-Arabi, əl-Hafiz İbn Həcər, Muhəmməd əz-Zurqani, Təcuddin əs-Subki və daha bir çox kəs inkar ediblər və onların doğru olmadığını deyiblər. Bu xəbərlərin doğru olmadığını məntiqi analiz ilə də başa düşmək mümkündür. Bunun üçün hər şeydən əvvəl anlamaq lazımdır ki, Zeynəb peyğəmbərimizin doğmaca bibisi qızı idi, yəni uşaqlıqdan onu görmüşdü və onun gözəlliyinə bələd idi. Üstəlik qadınlar o zaman başlarını bağlamırdı və qadınlara başı bağlamaq buyuruğu Zeynəblə evləndikdən sonra gəlib. Bu isə şübhəsiz ki, o deməkdir ki, peyğəmbər Zeynəbin gözəlliyindən xəbəri var idi. Əgər peyğəmbər şəhvətinə düşkün biri olsaydı nə üçün Zeynəb ilə vaxtında özü evlənmədi, əksinə onu Zeydə ərə verməkdə israr etdi, halbuki Zeynəb və qardaşı Abdullah bin Cəhş heç bir şəkildə Zeydlə evliliyə razı deyildilər. Çünki Zeyd əvvəllər peyğəmbərin köləsi olmuşdu, sonra isə onu köləlikdən azad etmişdi və öz yanında qalmaq üçün ona seçim vermişdi. Zeynəb isə Qureyş qəbiləsinin şərəfli və statusu yüksək olan qadınlarından idi və o dövrdə evliliklərdə sosial status baxımından bərabərlik çox böyük əhəmiyyət daşıyırdı. Bütün bunlara baxmayaraq İslam peyğəmbəri sabiq köləsi ilə öz bibisi qızı Zeynəbi evləndirməyə qərar verir. Bu isə peyğəmbərin özünün Zeynəb ilə evlənməsindən təxminən bir il əvvəl baş vermişdi. Həmçinin nəzərə almaq lazımdır ki, Zeynəb gənc bir qız deyildi, artıq iki dəfə ərdə olmuş bir qadın idi, qırx yaşına yaxınlaşmışdı. Hansı məntiqlə demək olar ki, daha gənc yaşlarında ikən Zeynəbi gördüyü halda ona könül salmamış, amma yaşa dolduqdan sonra ondan təsirlənmişdir?! Bu tamamilə absurd səslənir. İslam alimləri hekayədəki bu ağla batmaz nöqtələrə diqqət çəkərək onu rədd ediblər.
On birinci əsrdə yaşamış alimlərimizdən Abdulkərim əl-Quşeyri (986-1072) deyir: “Necə demək olar ki, “onu gördü və xoşuna gəldi”, halbuki onun öz bibisi qızıdır və doğulan bəri həmişə onu görüb; qadınlar peyğəmbərdən – salləllahu aleyhi va səlləm – hicabla bağlanıb özlərini gizlətmirdilər. Onu Zeyd ilə evləndirən də özü olub.” [əl-Qadi İyad, “əş-Şifə bi Tərif Huquqil-Mustafə”, 2/428; Darul-Feyha, Amman, 1987]
Həmçinin əl-Qadi Əbu Bəkr İbn əl-Arabi (1076-1148) deyir: “Bu hekayənin arxasındakılar etibarlı deyildir. Onların “peyğəmbər – salləllahu aleyhi va səlləm – onu gördü və ona qəlbində vuruldu” sözünə gəldikdə isə bu, batil bir sözdür. Çünki onsuz da hər bir zaman və hər bir yerdə Zeynəblə birlikdə olub və o zaman hicab yox idi. O zaman necə olur ki, peyğəmbərin yanında böyüyür və peyğəmbər onu hər an görür, bununla belə ona vurulmur, yalnız (Zeynəb başqasına) ərə getdikdən sonra vurulur?! Halbuki Zeynəb özü peyğəmbərlə evlənməyi əvvəldə istəyirdi, başqasına ərə getməyə razı deyildi və bununla belə peyğəmbərin onunla ailə qurması ağlına gəlmirdi, necə olur ki, daha əvvəl olmayan bir istək ortaya çıxdı?!” [Əbu Bəkr İbn əl-Arabi, “Əhkəmul-Quran”, 3/577; Darul-Kutubil-İlmiyyə, Beyrut, 2003]
Bu reallığı və hadisənin ətrafındakı məzmunu görən insaf sahibləri məsələnin heç də iddia olunduğu kimi olmadığını dərk edəcək. Xristian tarixçi alim Montgomery Watt bunu dərk edən insaflı alimlərdəndir. O, bu hekayənin həqiqətə uyğun olmadığını göstərərkən deyir:
”Zeydin yoxluğunda Muhəmmədin Zeynəblə qarşılaşması və onun gözəlliyindən təsirlənməsi şübhə ilə qarşılanmalıdır. Bu hekayə ən erkən mənbələrdə mövcud deyildir. Üstəlik, bu evlilik vaxtında Zeynəbin otuz beş və ya otuz səkkiz yaşı var idi və o günlərdə bir ərəb qadın üçün bu, yaşlaşma dövrü idi... İlk baxışdan vurulmaq mövzusu görünür ki, Muhammədin həyatını yazanların öz xəyalları ilə işləyib hazırladıqları bir şey idi. Əlli altı yaşına çatmış onun kimi bir kişi üçün otuz beş və ya daha çox yaşı olan bir qadının ehtirası ilə məşğul olması tamamilə ağlabatmazdır.” [W. Montgomery Watt, “Muhammad: Prophet and Statesman”, səh: 158; Oxford University Press, London, 1061]
Bəziləri bu məqamda Quran ayəsinin də həmin hekayəni dəstəklədiyini iddia edirlər.
“Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə - “zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır.”[33:37]
İddiaları budur ki, peyğəmbərin “ürəyində gizli saxladığı” şey Zeynəbə olan sevgisi idi. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, hətta əgər bunun doğru olduğunu qəbul etsək belə bunda töhmətlik heç bir qüsur yoxdur, çünki kişi qəlbində bir qadına qarşı sevgi bəsləyə bilər. Lakin daha əvvəl təqdim etdiyimiz faktlar işığında belə bir izahın tutarsız olduğunu söyləməliyik. Əgər peyğəmbərin ürəyində gizlətdiyi şeyin hələ Zeydin boşanmasından əvvəl olduğunu fərz etsək burada doğru izah bu olacaq ki, peyğəmbər - ya vəhyə əsasən, ya da ailədəki konfliktdən bildiklərinə əsasən - Zeydin Zeynəbi boşayacağını bilirdi və bu təqdirdə onunla evlənmək istəyi ürəyindən keçirdi. Çünki Zeyd ilə Zeynəb arasındakı bu evlilik bir il və ya bir ildən bir az çox çəkib və bu müddət ərzində peyğəmbər bu evliliyin uğursuz olduğunu görürdü; Zeyd bir neçə dəfə peyğəmbərə Zeynəbin xarakterini şikayət edirdi, ayrılmaq istədiyini ərz edirdi və bunun qarşılığında Allahın elçisi ona – “zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdi. Yox əgər burada ürəkdə gizli olanın boşama hadisəsindən sonra olduğunu fərz etsək məsələ daha da sadələşir; peyğəmbər sadəcə olaraq Zeynəb ilə evlənmək istəyirdi və cahiliyyə dedi-qodusunda ehtiyat edirdi. Peyğəmbərin bu halda Zeynəb ilə evlənmək istəyi də çox təbii idi. Biz bilirik ki, Zeynəb Zeyd ilə evlənməyə razı deyildi, əksinə özü də, qardaşı Abdullah da peyğəmbərlə evliliyə nail olmağa çalışırdı. Zeydin gözəl əxlaqa, mətanətə, comərdliyə sahib olduğunu bilən peyğəmbər bibisi qızı Zeynəb üçün onun gözəl bir namizəd olduğuna inanırdı. Ola bilsin ki, həm də cəmiyyətdə mövcud olan “statusu yüksək qadın keçmiş kölə ilə evlənə bilməz” tabusunu qırmaq istəyirdi. Əlbəttə ki, öz qohumunun ailə həyatında qeyri-məsud olmasını istəməzdi və belə bir nəticəni də gözləmirdi. Lakin peyğəmbər də digər insanlar kimi bir insandır və gələcəyi bilməz. Zeynəbin Zeyd ilə xoşbəxt olmadığını, nəticədə acı bir ayrılıqda ailənin dağıldığını görən Allahın elçisi bu nəticədə öz payının olduğunu görürdü və qohumluq əlaqələri xatirinə Zeynəbin xoşbəxt olmasını istəməsi ən təbii bir hal idi. Bu zəmində peyğəmbərin Zeynəb ilə evliliyini başa düşmək lazımdır.
əl-Qadi Abdulcəbbar əl-Həmədəni (935-1025) çox dəqiqliklə sosial vəziyyəti ələ alır və peyğəmbərin Zeynəb ilə Zeydi, evlilik məsələsində “status bərabərliyi haqqında cahiliyyədəki fikirləri ləğv etmək” üçün evləndirdiyini deyir. Lakin bu evliliyin uğurlu olmadığına, Zeynəbin xarakterli bir qadın olaraq Zeydi qəbul etmədiyinə, ona əziyyət verdiyinə işarə edir. Peyğəmbər öz bibisi qızının qeyri-xoşbəxt evliliyinə özünün səbəb olduğunu düşündüyü üçün bu vəziyyəti düzəltməyi, onu xoşbəxt etməyi istəyirdi. əl-Qadi Abdulcəbbar bu məqam üzərində duraraq deyir ki, “Allahın elçisi (Zeynəbi) onunla evləndirməyinə peşman olmuş kimi idi və sanki öz içində deyirdi: “Kaş ki, onunla özüm evlənərdim və mən Zeyddən və başqalarından daha çox onun xarakterinə dözməyə və səbr etməyə layiqəm, çünki mənim qohumumdur.” [Abdulcabbar əl-Həməzəni, “Təsbitu Dələil ən-Nubuvva”, 2/483; Darul-Arabiyyə, Beyrut, 1966]
Buna yaxın bir mənanı Əbu Bəkr əl-Cəssas da (vəfatı 942) səsləndirir: “Zeyd öz arvadını peyğəmbərə şikayət edirdi və onların arasındakı konflikt o qədər sürdü ki, peyğəmbər onların bir arada qalmayacaqlarını, Zeydin ondan ayrılacağını təxmin etdi. Bundan sonra öz içində Zeydin onu boşayacağı təqdirdə onunla evlənmək istəyinin olduğunu gizlətdi. O qadın Zeynəb bint Cəhş’ idi, peyğəmbərin bibisi qızı idi və qohumluq əlaqələri xatirinə, ona ürəyi yandığı üçün onu öz ailəsinin bir hissəsi etmək istədi.” [Əbu Bəkr əl-Cəssas, “Əhkəmul-Quran”, 5/230-231; Daru İhyə ət-Turas əl-Arabi, Beyrut, 1985]
YEKUN
Peyğəmbərin nümunəvi həyatı bizə onun qadınlara münasibətində necə kontrollu davrandığını göstərən misallarla doludur. Dostu da, düşməni də heç bir zaman onu evlilikdən kənar əlaqədə ittiham etməyib, heç bir zaman ona məhrəm olan qadınlarla əl görüşməyib, əksinə həmişə belə deyərdi: “Sizdən birinizə naməhrəm bir qadının toxunmasındansa başına dəmirdən mismarın batması daha xeyirlidir.” [“Musnəd ər-Ruyəni”, (1283); “əl-Mucəm əl-Kəbir”, (486, 487);]
Ona görə də kişilərdən beyət aldıqda onlarla ələ görüşər, qadınlardan isə sözlə beyət almaqla kifayətlənərdi. Şəhvətinə düşkün olan saxtakar bir kəs bunun əksini edərdi; qadınlardan sui-istifadə etmək üçün rüxsətlər çıxarardı. Amma gördüyümüz bunu əks etdirmir, tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. O nəinki qadınlarla əl görüşmür, hətta daha sonra qadınları naməhrəm kişilərin gözlərindən gizlətmək hicab əmri ilə bağlı vəhy aldığını da deyir. İslam peyğəmbəri xristianlıqdan fərqli olaraq qadın ilə kişi arasındakı cinsəl münasibətə pis baxmırdı, lakin bunun ailə daxilində olmasını və mənəvi qaydalara tabe olmasını tələb edirdi. Şübhəsiz ki, cahilliyyə dönəmindəki ərəblərin adəti ilə tanış olan kəslər, bunun yüksək mənəviyyatın təzahürü olduğunu təsdiqləyəcəklər.
Qərb yazıçılarından İslam peyğəmbərini qaralamağa çalışan kəslər az olmayıblar. Amma bunun qarşılığında onların bu iftiralarına cavab verən və onların öz sıralarından çıxan kəslər də az olmayıblar. Şotlandiyanın şərqşünas alimlərindən olan Vans Kennedy (1784-1846) Voltaire’nin Mahomet adlı əsərindəki iftiralarına geniş bir cavab vermək üçün məqalə yazıb. Həmin məqalədə bir yerdə bu sözləri deyir: “Buna görə də yeddinci əsrdəki Ərəbistanın adətləri və siyasi institutları barəsində dolğun bir məlumata malik olmayan və ya ümumiyyətlə cahil olan Xristian yazıçıların öz oxucularına, Muhəmmədin öz şəhvətini tətmin etməkdən və öz ölkəsində hakimiyyəti ələ keçirməkdən ötrü planlı şəkildə hərəkət etdiyini öyrətməklə, onları aldatmaqları çox gülüncdür.” [“Transactions of The Literary Society of Bombay”, 3-cü cild, səh: 447; Education Society’s Press, Bombay, 1877]
Bəli! Kennedy çox gözəl bilirdi ki, peyğəmbərin həyatını dolğun bir şəkildə incələyən bir kəs xristian müəlliflərin iftiralarına inana bilməz. Bu müəlliflər aşkar faktları gözardı edir və bilinən faktları təhrif edirlər. Edward Said ”Orientalizm” kitabında onların bu ikili standartlarını gözəl bir şəkildə ifşa edib. Minou Reeves də qeyd edir ki, şotland şərqşünas William Muir ”Muhəmmədə və onun yoldaşlarına, müharibədə dul qalmış qadınlarla və ya İslamı erkən bir çağda qəbul etmiş, məkkənin böyükləri tərəfindən təqib olunmuş və qohumları tərəfindən tərk olunmuş qadınlarla evlənməyə icazə verən Quran ayələri üzərində fikir yürüdüb. O, bu qadınları müsəlman ailələrin tərkibində himayə edib qorumağı məsləhət görən Quran ayələrini tamamilə təhrif edir...” [Minou Reeves, “Muhammad in Europe: A Thousand Years of Western Myth-Making”, səh: 237; New York University Press, New York, 2000]
Hətta Meredith Townsend 1861-ci ildə yazarkən peyğəmbərin qadınları sevdiyini qeyd etsə də, onun qadın və şəhvət düşkünü olduğunu söyləməkdən imtina edir. [Philip C. Almond, “Heretic and Hero: Muhammad and The Victorians”, səh: 63; Otto Harrassowitz, Wiesbaden, 1989]
Stanley Lane-Poole deyir: “Onun həyatının ən son gününə qədər gündəlik sadə/qənaətcil həyat sürməyi, üzərində yatdığı sərt döşəyi, onun sadə yeməyi, öz evində qulluqçu işlərini öz üzərinə götürməsi onu göstərir ki, o, sözün heç bir mənasında şəhvətdüşkünü olduğunu göstərməz, əksinə onun tam bir zahid olduğunu göstərir.” [Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 77; Eden, Remington & Co, London, 1893]
Məqalənin sonunda isə ən son sözü Qərbin məşhur mütəfəkkirlərindən biri sayılan Thomas Carlyle’a tərk edirəm:
“Muhəmməd haqqında nə demək mümkün olsa da, onun özü heç cür şəhvətdüşkünü bir kişi deyildi. Biz əgər onun sadəcə olaraq bəsit zövqləri məqsəd güdən, şəhvətpərəst biri kimi qəbul etsək böyük bir xəta etmiş olarıq. Xeyr, ümumiyyətlə heç bir zövq onun məqsədi deyildi. Onun ev həyatı ən qənaətcil bir həyat idi; ən adi yeməyi arpa çörəyi və su olub; bəzən ocağında aylarla atəş yanmazdı. Onun həyatını yazanlar qürurla qeyd edirlər ki, öz ayaqqabılarını özü təmir edərdi, öz əbasını özü yamayardı.” [səh: 97] Belə bir şəxsiyyəti necə ittiham etmək olar?!
