Peyğəmbərin günahı olmadığı halda, niyə Allahdan bağışlanmaq diləyirdi?
Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, belə deyir:
Heç bir insan, orqanları ilə günah işləməkdən yaxasını qurtara bilməz. Çünki gərək Quranda və gərəksə də, hədislərdə, peyğəmbərlərin belə bundan özlərini qurtara bilmədikləri, xətalar işlədikləri, günahlarına ağladıqları bildirilməkdədir.
~ İnsanlar bəzi hallarda fiziki orqanlarının günahlarından əmin-amanlıq tapsalar belə;
~ Qəlblərilə günahlara təmayül göstərməkdən qurtula bilmirlər. Yenə bəzi hallarda, qəlblərilə günahlara niyyətdən uzaq dursalar belə;
~ Bu dəfə də, şeytanın Allahın zikrindən uzaqlaşdıran xatirələrlə verdiyi vəsvəsələrdən qurtula bilmirlər. Bundan da qurtulsalar,
~ Allahı, sifətlərini və fellərini bilmə xüsusundakı qüsur və qəflətdən salamat qala bilmirlər.
Bütün bunlar, bir nöqsanlıqdır və bunun səbəbləri vardır. Səbəblərini tərk etməklə və səbəblərin zidlərilə məşğul olmaqla, izlənilən yolun tam ziddinə dönmək mümkündür. Bax tövbə ilə güdülən qayə də, budur. Dönmək!
İnsan oğlunun bu əskiklərindən tamamilə qurtulması düşünülə bilməz. Nöqsanlıq nisbətində, bir-birilərindən fərqlilik göstərirlər.
Yoxsa əsasda, hər kəsin bir qüsuru vardır. Bunun üçündür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Şübhəsiz, qəlbimi bəzən elə şeylər bürüyür ki, (bu səbəblə), gecə və gündüz, 70 dəfə istiğfar edirəm (Allahdan bağışlanma diləyirəm)."
Yenə bunun üçün, Allah Taala, ona:
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ...
"Allah, (sənin) keçmiş və gələcək günahını, bağışlasın..."
buyuraraq, ehsan etmişdir.
Onun halı bu olduğuna görə, başqasının halı, görəsən necə olar?!
------------------------------
Tövbənin fərziyyətindəki izafilik (nisbilik):
Sual:
"Qəlbə doğan düşüncə və xatirələrin hər biri, nöqsanlıq əlamətidir. Mükəmməllik isə, bunlardan uzaq durmağa bağlıdır. Yenə, Allahın cəlalının künhünü tam anlamamaq da, bir qüsurdur, mərifət artdıqca, kamillik də artır.
Nöqsanlıq səbəblərindən mükəmməllik mərhələlərinə keçid, bir dönüşdür, dönüş də, bir tövbədir. Ancaq bunlar, fərz deyil, fəzilətdir. Halbuki sən:
"Hər bir halda tövbə etmək, fərzdir."
şəklində, tövbənin hər bir halda fərz olduğunu ifadə etdin. İşarət edildiyi kimi, bu xüsuslardan tövbə etmək, fərz DEYİL'dir. Çünki kamal mərtəbəsinə çatmaq, şəriətdə vacib deyil. Elə isə, sənin:
"Hər halda tövbə fərzdir."
sözlərinlə məqsədin nədir? Nəyi qəsd edirsən?
Cavab:
Daha əvvəl keçdiyi kimi, insan, yaradılışının ilk mərhələsində, şəhvətlərinin əsiri olmaqdan yaxasını qurtara bilmir. Tövbə isə, yalnız şəhvətlərdən uzaqlaşmaq, onları tərk etmək deyildir. Tam tövbə, keçmişin nöqsanlıqlarını ortadan qaldırmağı da ehtiva edir.
İçinə düşdüyü hər şəhvətdən, insanın qəlbinə doğru bir zülmət yüksəlir. Necə ki, aynanın üzünə doğru üfləyən insanın nəfəsindən ayna bulandığı kimi, şəhvətlərin zülməti də, üst-üstə yığılıb qatılaşınca, qəlb, pas təbəqələrilə örtülür. Allah Taala, belə buyurur:
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
"Xeyr! Əksinə, qazanmaqda olduqları şeylər (günahlar), qəlblərinin üzərində pas bağlamışdır." (Mutaffifin/14)
Bu paslar üst-üstə yığılınca, təbiət halını alırlar, qəlbi tamamilə əhatə edirlər. Eynilə, aynanın üzündə toplanan kirlərin uzun müddət qalıb aynanı xarab etdikləri və aynanı bir daha parlatma imkanı ortadan qalxdığı kimi, pisliklər də, qəlbə yerləşir, təbii hala gəlirlər.
Şəhvətlərin arxasından getməmək üçün, yalnız gələcəkdə onları tərk etmək, kifayət deyildir. Qəlbdə yerləşmiş kirləri silmək, yox etmək də gərəkdir. Necə ki, kirlərə bulaşmış bir aynanın göstərə bilməsi üçün aynaya üfləməyin və qara dumanların özündən (aynadan) uzaqlaşdırılmarı kifayət etmir, üzərindəki kirlərin yox edilməsi də lazımdır.
Elə də, günahlardan və şəhvətlərdən qəlbə doğru bir zülmət yüksəldiyi kimi, itaətlərdən və şəhvətləri tərk etməkdən də qəlbə doğru bir nur yüksəlir. İtaət nuruyla günahın zülməti ortadan qalxır. Bu həqiqətə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu hədisilə işarət etmişdir:
"Pisliyin arxasından, dərhal onu yox edəcək bir yaxşılıq et."
Bu halda, qul, heç bir halda, qəlbində mövcud olan pisliyin izlərini, nəticələri bu günahlara zidd olan yaxşılıqlara sarılmaq surətilə yox etməkdən, müstağni (tox, zəngin) qala bilməz.
Bu hökm, ilk əvvəl parlaqlığı, duruluğu gerçəkləşmiş, sonra da arizi (sonradan hasil olan) bəzi səbəblərdən ötürü, qaralmış qəlblər üçün varılmış bir hökmdür. Yoxsa, qəlbin parladılması, bir xeyli davam edir. Çünki aynanın üzərində toplanmış pası silmək surətilə aynanı parlatmağa çalışmaq, ayna düzəltmək kimi deyildir. Bunlar, ardı-arası kəsilməyən məşğuliyyətlər tələb edir və hamısı da, tövbə ilə bağlıdır.
İndi isə, sənin yuxarıda verdiyin suala:
"Belə məşğuliyyətlər, fərz olaraq vəsfləndirilə bilməz. Bunların hər biri, bir fəzilətdir, mükəmməli axtarmaqdır."
şəklindəki şübhələrinə keçək:
Vacibin (fərzin) 2 mənası vardır:
1. Şəriət fətvası sərhədlərinə girən və bütün insanların mükəlləf olduqları müştərək fərzlərdir.
Bütün insanlar bu fərzləri yerinə yetirməyə yönəldiklərində, aləm, xarabaya çevrilməz. Məsələn, bütün insanlar, Allahdan haqqı ilə qorxmaq xüsusunda özlərini məcbur etsələr, həyatdan əl çəkmələri, dünyadan tamamilə üz çevirmələri lazım gələr. Bu da, nəticədə təqvanın tamamilə ortadan qalxması nəticəsini verər. Çünki yaşamaq imkansızlaşınca, kimsə özünü təqvaya həsr edə bilməz, hər kəs öz əkinini özü əkmək, öz paltarını özü tikmək, öz çörəyini özü bişirmək məcburiyyətində qalar. Bu cəhətdən, işarət edilən dərəcələr, fərz çərçivəsində dəyərləndirilə bilməz.
2. Vacibin (fərzin) ikinci mənası:
Allaha yaxınlaşmaq, aləmlərin Rəbbi və siddiq kimsələr arasında Mahmud məqamına (bax: İsra/79) çatmaq üçün yerinə yetirilməsi lazım gələn fərzdir.
Biz tövbə deyərkən, bu vəsfdəki tövbəni qəsd edirik. Aləmlərin Rəbbinə vasil olmaq üçün bildirdiyimiz xüsusların hamısından tövbə etmək, dönmək, vacibdir. Necə ki:
"Nafilə namazda, dəstəməz fərzdir."
ifadəsinin mənası, budur:
Nafilə namaz qılmaq istəyən, ancaq dəstəmaz alaraq qıla bilər, bu namaza, ancaq dəstəmaz sayəsində yetişə bilər.
Ancaq qəlbi nafilə namazın fəzilətindən məhrum qalmağa razı ola bilən şəxsin, bunun üçün dəstəmaz alması, lazım gəlməz.
Və ya:
"Göz, qulaq və əl, insan vücudunda zəruri orqanlardır."
deyildiyində, bir insanın, insanlıq özəlliklərindən tam mənası ilə faydalana bilməsi, dünyada yüksək mövqelərə gələ bilməsi üçün bu orqanlara sahib olması şərtdir, mənasını qəsd edirik.
Yoxsa:
~ özündə sırf can daşımağa razı olan;
~ bir ət külçəsi halında varlığını davam etdirməyə;
~ bir kənara atılmış bir pez parçası kimi olmağa razı qalan
şəxs üçün, əl, göz və ayaq şərt deyildir. Həyatını, bunlarsız da davam etdirə bilər.
Ümumi fətvalarda keçən təməl fərzlər, qurtuluşun əslinə çatdıran xüsuslardır. Qurtuluşun əsli: həyatın, özündə can daşımağın əslini xatırladır.
Qurtuluşun əslinin fövqündəki səadət isə, əl, ayaq və digər orqanlarla təkamül etmiş bir vücudu xatırladır.
Peyğəmbərlər, vəlilər, alimlər, sırası ilə bunları izləyən böyüklər:
~ bunu əldə etmək üçün səy göstərmiş;
~ səylərini bu nöqtədə toplamış;
~ bu hədəfi əldə etmək üçün çalışmış;
~ bunun çərçivəsində dolaşmış;
~ buna çata bilmək üçün dünya zövqlərini bir kənara atmışdılar.
✓ Daha əvvəllər də keçdiyi kimi, İsa (əleyhissəlam) yatarkən, bir daşı yastıq olaraq başının altına qoymuşdu. Bu anda şeytana yanına gəlib belə dedi:
"Axirət uğrunda dünyanı tərk edən sənsənmi?"
- İsa (əleyhissəlam):
"Bəli!" deyə cavab verdi.
- Şeytan yenə belə dedi:
"Bu daşı başının altına yastıq kimi qoymağın, dünyadan zövq almağını göstərir. Başını niyə torpağa qoymursan?"
Bunun üzərinə, İsa (əleyhissəlam), dərhal daşı kənara atdı və başını torpağa qoydu.
İsa (əleyhissəlam)'ın o anda daşı kənara atması, onun istifadəsindən tövbə etmiş olmasının bir sübutudur.
İndi sən, İsa (əleyhissəlam)'ın ümumi fətva içərisində, başı yerə qoymağın fərz olmadığını bilmədiyini, deyə bilərsənmi?!
✓ Yenə, bizim peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'in çiynindəki naxışlı libasının özünü məşğul etməsi və yenə, ipləri yeni ayaqqabısını, bu səbəblə köhnə ipli ayaqqabı ilə dəyişdirərkən, bütün insanlar üçün Özü tərəfindən gətirilən ümumi qadağalar çərçivəsində bu hərəkətlərinin bir vaciblik olmadığını, bunu bilmədiyini düşünə bilərsənmi?!
Bəs yaxşı, O, bütün bunları bilməsinə baxmayaraq, niyə tövbə etmişdi?
Bunun tək səbəbi, üzərindəki o paltarların, Özünün Mahmud məqamına ucalmasına təsir edəcək şəkildə, qəlbində bir iz buraxdıqlarını sezdiyindən dolayı idi.
✓ Yenə əbu Bəkr əs-Siddiq (radiyallahu anh), özünə ehsan edilən bir stəkan süddən bir qurtum içdikdən sonra, az qalsın öləcək şəkildə zorla özünü qusdurub bir qurtum südü qaytararkən, bilmədən bu südü içdiyindən dolayı məsul tutulmayacağını, bu səbəblə də, günahkar sayılmayacağını, fətva cəhətindən, udduğu şeyi çıxarmaqla mükəlləf olduğunu bilmədiyinimi sanırsan?! Bəs yaxşı, imkan nisbətində mədəsini təmizləyib niyə tövbə etmişdi?
Bunun tək bir izahı var, o da, onun qəlbinə yerləşdirilən sirlə bağlı idi.
Bəli, O, ümumi fətvalar ilə xüsusi mövqelərin ayrı-ayrı şeylər olduğunu bilirdi. Axirət yolunun təhlükələrini, siddiq şəxslərdən başqaları bilə bilməz.
Elə isə, Allahın yaratdıqları içərisində:
~ Allahı;
~ Allahın yolunu;
~ Allahın məkrini;
~ Allah ilə aldanmağın gizli yönlərini
ən yaxşı bilən bu şəxslərin hallarını bir düşün. Dünyanın aldatmasından bir dəfə çəkinərkən, şeytanın səni Allah ilə aldatmasından 1000 dəfə çəkin!
Bunlar elə sirlərdir ki, bu sirlərin ilk qoxularını hiss edən Nuh (əleyhissəlam)'ın ömrü qədər həyat yaşasa belə, alacağı hər nəfəsdə, Allah yoluna girmək istəyirsə:
~ tövbəyə sarılmağının;
~ nasuh (səmimi, içdən) bir tövbə (bax: Təhrim/8) etməsinin zəruriyyətininin;
~ bunun, vaxtı keçirilmədən yerinə dərhal gətirilməsi lazım gələn
bir fərz vəzifə olduğunu bilər. Əbu Süleyman əd-Darani, həqiqətən doğru söyləmişdi. O, belə deyirdi:
"Ağıllı kimsə, ömrünün geri qalan qismində, yalnız itaətsiz keçirdiyi günlər üçün ağlasa, ölənə qədər onu kədərləndirməyə kifayət edər. Bəs ömrünün qalan hissəsini -keçmişi kimi- cəhalətlə qarşılayıb keçirəcək şəxsin halı necə olar?!"
O, bu sözləri, bundan dolayı demişdi:
Ağlı başında olan biri, qiymətli bir cövhərə sahib olduğu vaxt, onu, özündən faydalanmadan itirərsə, çox təbiidir ki, bunun üçün ağlayar. Cövhəri ziyan olar və bu ziyan da, iflasına səbəbiyyət verərsə, ağlaması, daha da şiddətlənər.
Ömrün də hər saatı, hətta hər nəfəs, qarşılığı olmayan nadir bir cövhərdir. Çünki ömür cövhəri, səni əbədi səadətə çatdırmağa və əbədi bədbəxtlikdən qurtarmağa səlahiyyətlidir. Bundan daha qiymətli olan hansi cövhər var?!
Onu qəflət içərisində hədər etdiyində, açıqca böyük ziyanlara uğrayarsan. Ömrünü günahlarda keçirərsənsə, yaman bir şəkildə həlak olmusan deməkdir. Bu bəlaya da ağlamırsansa, bu, sənin cəhalətindəndir. Cəhalət bəlası isə, hər bəladan daha böyükdür. Cahillik, sahibinin fərqində olmadığı bir müsibətdir. Qəflət yuxusu, insan ilə həqiqətləri bilməsi arasında asılan bir pərdə kimidir.
Bəli, insanlar yuxudadırlar, öldüklərində oyanarlar.
(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulum'id-din", 4-cü cild, 1-ci kitab: "Tövbə")