Qədr surəsinin təfsiri

Qədr surəsi təfsiri:

5 ayət olub Məkki'dir (Məkkə'də nazil olmuşdur).

----------------------

----------------------

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ

1. "Həqiqətən Biz onu, qədr gecəsində endirdik."

-------------------

-------------------

Bu ifadə ilə bağlı olaraq, bir neçə məsələ vardır:

Müfəssirlər, ayətin bu ifadəsi ilə:

"Biz Quranı qədr gecəsində endirdik."

mənasının qəsd edildiyini, nə var ki, bu, "Quran" kəliməsinin açıqca zikr edilmədiyi, çünki, Quranın mətnindəki bu ifadənin, bu 3 baxımdan, Quranın böyüklüyünə dəlalət etdiyi xüsusunda müttəfiqdirlər:

1. Allah, Quranı endirmə işini, Özünə nisbət etmiş və bu işi, başqasına deyil, sadəcə Özünə təxsis etmişdir (xas qılmışdır).

----------------------

2. Quranı, zahir adı ilə deyil, onu, ona raci (aid) olacaq əmr ilə gətirmişdir ki, bu, Quranın çox uca və şöhrətli bir kitab olduğuna; adının açıqca zikr edilməsinə ehtiyac duyulmadığına, Allah tərəfindən bir şəhadətdir. Nəzər salsan, bir əvvəlki surədə də, əbu Cəhil'in adı keçməmişdir. Lakin məşhur və məruf olduğu üçün, hər kəs, o ifadələrlə əbu Cəhil'in qəsd edildiyini anlamışdır.

Allah Taala:

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ

"Can boğaza yetişdiyi zaman" (Vaqiə/83)

buyurarkən də, məşhur olduğu üçün, "ölüm" kəliməsini açıqca zikr etməmişdir. Bax burda da belədir.

---------------------

3. Quranın endirildiyi vaxtı təzim üçün...

Allahın "inni=Mən" ilə "innə=Biz" təbirini istifadə etməsi

Allah Taala, bəzi yerlərdə:

...إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً...

"Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə yaradacağam..." (Bəqərə/30)

ayətində olduğu kimi; "inni=Mən" şəklində ifadə buyurmuş;

• إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ

"Həqiqətən Biz onu qədr gecəsində endirdik." (Qədr/1);

•...إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ...

"Şübhəsiz ki, zikri Biz endirdik." (Hicr/9);

• إِنَّآ أَعْطَيْنَـٰكَ ٱلْكَوْثَرَ

"Şübhəsiz ki, Biz sənə kövsəri verdik." (Kövsər/1)

kimi yerlərdə də, "innə=biz" şəklində ifadə buyurmuşdur.

-------------------

Əzəmət ifadəsi üçün "innə=Biz" təbiri:

Bil ki, Allah Taala'nın "innə=Biz" ifadəsi ilə bəzən "təzim" mənası qəsd edilməkdədir. Bu kimi ifadələri cəm halında almaq imkansızdır. Çünki dəlillər, Yaradan'ın tək bir olduğuna dəlalət etməkdədir. Bir də, ilahlarda çoxluq olsaydı, hər birinin rütbəsi, ilah olmaqdan aşağı olardı. Çünki bunlardan hər biri, mükəmməl olmağı əldə etmiş olsaydı, o zaman yenə hər biri, bir birindən müstağni (zəngin) olardı. Bunların hər birinin bir birindən müstağni olmaları, digəri haqqında bir nöqsanlıq olmuş olardı. Beləcə, hamısı da, nöqsan olmuş olardılar. Yox, bunlardan hər biri, kamal nöqtəsinə çata bilməmişlərsə, zatən nöqsan deməkdirlər. Beləcə, biz, "Biz" ifadəsinin cəmə deyil, təzim mənasına alınması gərəkdiyini anlamış oluruq.

---------------------

Quranın nüzul keyfiyyəti:

Əgər:

"Quranın parça-parça endiyi bilindiyi halda, onun Qədr gecəsində endirilməsi nə deməkdir?"

deyə soruşulacaq olarsa, belə cavab verərik:

Bu xüsusda bu izahlar verilə bilər:

1. Şa'bi belə deyir:

"Bu, onun Qədr gecəsində enməyə başlaması deməkdir. Çünki ba's (peyğəmbər olaraq göndərilmə işi), Ramazanda olmuşdur."

2. İbn Abbas da belə demişdir:

"Quran, qədr gecəsində, ən yaxın səmaya bütünü ilə endirilmiş, daha sonra da, parça-parça yer üzünə endirilmişdir. Necə ki, Allah Taala da:

فَلَآ أُقْسِمُ بِمَوَ‌ٰقِعِ ٱلنُّجُومِ

"Ulduzların (parça-parça enən ayətlərin) batdığı zamanlara and olsun..." (Vaqiə/75) buyurmuşdur.

Biz bu məsələni,

"Ramazan ayı ki, Quran onda endirilmişdir." (Bəqərə/185) ayətinin təfsirində ələ almışdıq. Buna görə:

"Bəs yaxşı, Allah nə üçün: 'Biz onu səmaya endirdik...' deməmişdir?! Çünki: 'Onu endirdik.' ifadəsi mütləq bir ifadə olub, bu ifadə, Quranın yer üzünə endirildiyi zənnini də oyada bilər.'

də deyilə bilməz. Çünki biz deyirik ki, Quranın ən yaxın səmaya endirilməsi, onun, yerə endirilişi kimidir. Çünki, Allah Taala'nın, bir işə başlayıb sonra onu tamamlamaması, düşünülə bilməz. Və bu ifadə, yad elli birinin, bir şəhərin sahilinə gəldiyində:

'Filan kəs gəldi.' deyilməsi kimidir.

Yaxud da, Quranın yaxınlaşdırılmasının və onun, ən yaxın səmaya endirilməsi qayəsinin, möminlərin onun nüzuluna şövq və həvəs duymaqlarını təmin etmək olduğu da deyilə bilər. Və bu, eynilə, atasına yaxud anasına aid bir xəbər və açıqlamanın gəldiyini eşidən bir kimsənin, onu görüb, oxuyub anlamağı çox istəməsi kimidir. Necə ki, şair də:

"Yurdlar və şəhərlər bir birilərinə yaxınlaşdıqlarında, bir gün, içində olduğum o şövq və həsrət halını tərk edəcəyəm..."

demişdir.

Bu, belədir. Səma, bizimlə mələklər arasında ortaq istifadə edilən bir yer kimidir. Çünki səma, mələklər üçün bir məskən, bizim üçün də bir tavan və zinətdir. Necə ki, Allah Taala da:

"Biz, səmanı, qorunmuş bir tavan qıldıq." (Ənbiya/32) buyurmuşdur.

O halda, Quranı oraya, dünya səmasına endirmək, yer üzünə endirmək kimidir.

Bu xüsusda, bir üçüncü cavabımız da bu ola bilər:

Ayətdəki təqdiri məna:

"Biz, Quranı, Qədr gecəsində, yəni Qədr gecəsinin fəzilət və şərəfinin bəyanı xüsusunda endirdik..." şəklindədir.

-------------------------

Qədr kəliməsi və Quranda istifadəsi:

"əl-Qadru", "Qadrəra-yəqdiru" ifadələrinin məsdəridir. "Qadran" kəliməsi, ki, bununla, Allah Taala'nın təsdiqləyib fəaliyyətə keçirdiyi şeylər qəsd edilməkdədir. Çünki Allah Taala:

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍ

"Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq." (Qəmər/49) buyurmaqdadır.

"əl-Qadəru" ilə "əl-Qadru", eyni mənadadır. Vahidi belə deyir:

"Ərəbcədə 'əl-Qadru', təqdir mənasındadır. Təqdir isə, bir şeyi, nə artıq, nə də əskik olmadan başqa bir şeyin bərabəri və misli qılmaqdır."

--------------------

'Qədr' isminin istifadə edilməsi:

Alimlər, bu gecəyə, niyə 'Qədr gecəsi' deyildiyi xüsusunda ixtilaf edərək, bu izahları vermişlərdir:

1. Bu gecə, işlərin və hökmlərin təqdir edildiyi gecədir. Necə ki, Ata (rahmətullahi aleyh), ibn Abbasın belə dediyini rəvayət etməkdədir:

"Allah Taala, bu il içində, yağış, ruzi, diriltmə, öldürmə və s. kimi ola biləcək şeyləri, gələcək ilin bu gecəsinə qədər təqdir edər."

Ki, bunun bir bənzəri də:

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

"Hər bir hikmətli iş o gecədə ayırd edilir." (Duxan/4) ayətidir.

Bil ki, "Allahın "təqdir"i, bu gecədə baş verir, meydana gəlir." deyildir. Çünki Allah Taala, ola biləcək hər şeyi, ta göyləri və yeri yaratmadan əvvəl, əzəldə təqdir etmişdir. Tam əksinə, bu ifadə ilə:

"Bunları Lövh-i Məhfuz'a yazmağı səbəbilə, təqdir edilən bütün bu işlərin, o gecədə mələklərə açıqlanması" qəsd edilmişdir. Ki, bu görüş, bütün üləmanın tərcih etdiyi bir görüşdür.

2. Zühri'nin belə dediyi nəql edilməkdədir:

"Ləylətu'l-Qadri (qədr gecəsi) ifadəsi, əzəmət və şərəf sahibi gecə mənasına gəlib bu ifadə, ərəblərin:

'Filankəsin, filankəs nəzərində qiymət və şərəfi vardır.' mənasındakı, 'lifulənin qadru ində fulənin" ifadəsinə dayanır. Bunun dəlili isə, Allah Taala'nın:

"Qədr gecəsi, 1000 aydan xeyirlidir." (Qədr/3) bəyanıdır. Sonra bu, başqa 2 mənaya da gələ bilər:

a) Bu qiymət və şərəf, fail ilə bağlıdır. Yəni:

'Kim o gecədə, ibadət edərsə, qiymətli və şərəfli olar.' deməkdir.

b) Bu, fel ilə bağlıdır. Yəni:

'O gecədə edilən ibadətlərin qədr və qiymətləri daha çoxdur...' deməkdir.

Əbu Bəkr əl-Vərraq'ın belə dediyi rəvayət edilmişdir:

"Bu gecəyə 'Qədr gecəsi' deyilməsi, o gecədə:

• qiymətli bir kitabın;

• qiymətli bir mələyin dili üzərə;

• qiymətli bir ümmətə

enmiş olmasından dolayıdır. Bəlkə də, Allah Taala, "qədr" ləfzini, bu surədə, bax bu səbəbdən dolayı, 3 dəfə təkrar etmişdir."

3. Qədr gecəsi: "Darlıq gecəsi" mənasındadır. Çünki o gecə, yer üzü, enən mələkləri əhatə edə bilməməkdə, dar gəlməkdədir.

-----------------------

Qədr gecəsinin gizli qalmasının hikmətləri:

Allah Taala, bu səbəblərdən dolayı, bu gecəni gizli tutmuşdur:

1. Allah Taala, digər şeyləri gizli tutduğu kimi, bunu da gizli tutmuşdur. Çünki Allah Taala,

• hər kəs bütün ibadətlərə rəğbət etsinlər deyə, rizasını, ibadətlərdə;

• günah sayıla biləcək bütün şeylərdən çəkinsinlər deyə, qəzəbini günahlarda;

• hər kəsə hörmət qoysunlar, yaxşı gözlə baxsınlar deyə, övliyasını insanlar arasında;

• bütün dualarda var güclərilə səy göstərsinlər deyə, qəbul və icabətini, bütün dualarda;

• bütün isimlərə hörmət qoysunlar deyə, İsm-i A'zam (ən böyük ismi)'ni;

• hər namaza mümkün qədər davam etsinlər deyə, "salatu'l-vustanı=orta namazı";

• hər cür tövbəyə davam etsinlər deyə, tövbənin qəbulunu; və

• hər mükəlləf çəkinsin deyə də, ölüm vaxtını gizli buraxdığı kimi;

• Ramazanın bütün gecələrinə təzim etsinlər deyə də, bu gecəni gizli tutmuşdur.

------------------

2. Allah Taala sanki belə demək istəmişdir:

"Mən, sizin günahlara qarşı nə qədər cürətkar olduğunuzu bildiyim üçün, Qədr gecəsini müəyyən bir hala gətirmiş olsaydım, sizin bu gecəyə olan güvəniniz, sizi, çox dəfə günah işləməyə sövq edə bilər, beləcə də sizlər günah işləmiş olardınız. Bundan dolayı, sizin bilə-bilə günah işləməyiniz, bilməyərək işləməyinizdən daha ağırdır. Bax bundan dolayı, bu gecəni gizli tutdum..."

Rəvayət olunduğuna görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), məscidə girdi və yatan bir kimsə gördü. Bunun üzərinə, Əli (radiyallahu anh)'a:

'Onu oyat, dəstəmaz alsın.' dedi.

Əli (radiyallahu anh) da, onu oyatdı. Sonra da:

'Ey Allahın Rəsulu! Sən, xeyir işlərdə hər zaman öndəsən. O halda, Sən niyə Özün onu oyandırmadın?' deyincə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Çünki onun sənə 'qalxmıram' deməsi, küfür olmaz. Bax bu səbəblə, dirənməsi və etiraz etməsi halında, onun günahını gizli tutasan deyə belə etdim." buyurdu.

İndi Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in rəhməti bu olduğuna görə, Rəb Taala'nın rəhmətini, var sən buna qiyas et...

Buna görə, Allah Taala, sanki:

"Qədr gecəsini bilib onda itaət edərsən, 1000 aylıq mükafat əldə etmiş olarsan. Əgər onda günah işləyərsənsə, 1000 aylıq cəza qazanmış olarsan. (Bunun üçün gizli tutdum...)

Halbuki cəzanı uzaqlaşdırmaq, mükafatı cəlb etməkdən daha əvladır." demişdir.

----------------------

3. "Mükəlləf, o gecəni araşdırmaqda yaxşıca səy göstərsin və beləcə də, səyinə müqabil mükafat qazansın deyə, Mən, bu gecəni gizli tutdum."

----------------------

4. Qul, qədr gecəsinin hansı gecə olduğunu qəti bilmədiyi zaman, içində olduğu gecənin Qədr gecəsi olduğu ümidi ilə, Ramazanın bütün gecələrində itaət etməyə səy göstərər. Beləcə də, Allah Taala, bu qulları ilə mələklərinə qarşı qürurlanar və:

'Siz, bunların yer üzünü ifsad edib qan axıdacaqlarını söyləyirdiniz. Amma bilinməyən bir gecə xüsusundakı səylərini görün necədir!.. Ya Mən o gecəni onlara bildirmiş olsaydım, o zaman səyləri necə olardı?!..." deyər. Bu halda, Allah Taala'nın:

...إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ...

'Mən sizin bilmədiyiniz şeyləri bilirəm...' (Bəqərə/30) ayətinin sirri təcəlli etmiş olar.

------------------------

Qədr günü:

Alimlər, bu gecənin gündüzünün də gecə kimi olub olmadığı xüsusunda ixtilaf etmişlərdir. Bu cümlədən olaraq Şa'bi:

"Bəli, bu gecənin gündüzü də, gecəsi kimidir."

demişdir. Bəlkə də, bunun səbəbi, gecə zikr edilməsilə, gündüzlərin də başa düşülmüş olmasıdır. Bir kimsənin, 2 gecə "etiqafa girməyi nəzr etməsi halında, bizim, bu kimsəyə, o 2 gecənin gündüzünü də, etiqafda keçirməsini gərəkli görməyimiz, bax bu xüsusa dayanır. Çünki Allah Taala:

وَهُوَ ٱلَّذِى جَعَلَ ٱلَّيْلَ وَٱلنَّهَارَ خِلْفَةً...

'Gecə ilə gündüzü bir biri ardınca gətirəndir...' (Furqan/62) buyurmuşdur. Bu:

"Gecə gündüzün, gündüz də gecənin yerini tutar, onun arxasından gələr." deməkdir.

-------------------------

Qədr gecəsinin fəziləti davam edirmi?

Bu gecə, hələ davam etməkdədirmi?

Xəlil:

"Bu gecənin fəzilətini, Quranın özündə nazil olmasına bağlayanlar, bu gecənin sonlandığını və onun, bir dəfəyə məxsus olduğunu söyləyirlər. Ancaq alimlərin əksəriyyəti, bu gecənin hələ davam etdiyi qənaətindədirlər." deməkdədir.

Bu görüşə görə, bu gecə, sadəcə Ramazan ayınamı məxsusdur, yoxsa Ramazanın xaricində də bəhs mövzusumudur?

• ibn Məsud'un:

"Kim bir ili bu niyyətlə keçirərsə, ona isabət edib o gecəyə rastlayar..." dediyi rəvayət edilmişdir.

• İkrimə isə, bu gecəni, Allah Taala'nın:

"Biz, onu mübarək bir gecədə endirdik..." (Duxan/3) ayətini təfsir edərkən, "bəraət gecəsi" deyə təfsir etmişdir.

Ancaq alimlərin əksəriyyəti, bu gecənin Ramazana məxsus olub, bunun dəlilləri, Allah Taala'nın:

1. 'Ramazan ayı ki, Quran onda endirilmişdir.' (Bəqərə/185) ayəti ilə

2. 'Biz, onu qədr gecəsində endirdik.' (Qədr/1)

ayətidir. Bundan dolayı, bir ziddiyyətin olmaması üçün, Qədr gecəsinin, Ramazan içində olması gərəkdir." demişlərdir.

Bu görüşə görə, Qədr gecəsinin hansı gecə olduğu xüsusunda da ixtilaf edərək 8 görüş iləri sürmüşlərdir:

Bu cümlədən olaraq:

1. İbn Rəzin, Qədr gecəsinin, Ramazanın ilk gecəsi olduğunu söyləyərkən;

2. Hasan əl-Basri, 27-ci gecəsi olduğunu söyləmişdir.

3. Ənəs'dən də, "mərfu" olaraq, bu gecənin 29-cu gecə olduğu rəvayət edilmişdir.

4. Muhamməd b. İshaq, 21-ci gecə;

5. İbn Abbas, 23-cü gecə;

6. İbn Məsud, 24-cü gecə;

7. Əbu Zərr əl-Ğifari, 25-ci gecə;

8. Ubey b. Ka'b ilə bir qrup səhabə, 27-ci gecə

və bəziləri də, 29-cu gecə olduğunu söyləmişlərdir.

Qədr gecəsinin, Ramazanın ilk gecəsi olduğunu söyləyənlər, belə deməkdədirlər:

Vehb b. Münəbbih:

• İbrahim (əleyhissəlam)'ın Suhuf'unun (Ona enən səhifələrin) Ramazanın ilk gecəsində;

• Tövrat'ın da, İbrahimin Suhuf'undan 700 il sonra Ramazanın 6-cı gecəsində;

• Davuda enən Zəbur'un, Tövratdan 500 il sonra Ramazanın 12-ci gecəsində;

• İsaya endirilən İncil'in də, Zəburdan 620 il sonra Ramazanın 18-ci gecəsində nazil olduğunu,

• Quranın isə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə bir ildən digər ilə qədər olan hər Qədr gecəsində endiyini, Cəbrailin Quranı, Beytü'l-İzzə'dən, 27-ci qat göydən, ən yaxın səmaya endirdiyini, beləcə də, Allahın, Quranı 20 il, 20 ayda inzal etdiyini

rəvayət etmişdir.

İndi bu ay, bu qədər uca şeylərin özündə meydana gəldiyi bir ay olunca, heç şübhəsiz ki, bu ay, son dərəcə qiymətli, şərəfli və böyük olmuş olur. Dolayısıyla da, bunun ilk gecəsi Qədr gecəsi olmuş olur.

Hasan əl-Basri'yə gəlincə, o, bu gecənin sabahında, Bədr döyüşü olub bitdiyi, meydana gəldiyi üçün, bu gecənin Ramazanın 27-ci gecəsi olduğunu söyləməkdədir.

Bu gecənin, Ramazanın 19-cu gecəsi olmasına gəlincə, bu, Ənəsin bu mövzuda bir hədis rəvayət etməsindən dolayıdır.

Bu gecənin 27-ci gecə olmasına gəlincə, İmam Şafii (rahmətullahi aleyh), "su və palçıq" (Adəm, su ilə palçıq arası bir şey ikən, Peyğəmbərin Nəbi olması...) hədisindən dolayı bu görüşə meyl etmişdir.

Böyük bir qrup isə, bu gecənin, Ramazanın 27-ci gecəsi olduğu qənaətindədirlər. Bunlar bu xüsusda zəif bəzi bu ip uclarını iləri sürmüşlərdir:

1. Bir hədisdə ibn Abbas:

"Bu surə, 30 kəlimədir.

هِىَ

"O" kəliməsi isə, 27-ci kəliməni təşkil etməkdədir." demişdir.

-----------------

2. Rəvayət olunduğuna görə, Ömər (radiyallahu anh), bu məsələni səhabədən soruşmuş, sonra da ibn Abbasa dönərək:

"Ey elmlər dalğıcı, bu mövzuya bir dal..." demiş, bunun üzərinə də Zeyd b. Sabit:

"Burda Mühacirin uşaqları var, ancaq bizim uşaqlarımız yoxdur..." deyincə də, Ömər (radiyallahu anh):

"Sən bu sözünlə, ibn Abbasın bir uşaq olduğunu söyləmək istəyirsən, ancaq nə var ki, onda olan (elm) sizdə yoxdur." buyurdu. Bunun üzərinə ibn Abbas sözə belə başladı:

"Allaha ən sevimli say, tək olan saylardır. Tək olan sayların ən sevimlisi isə, 7'dir. Bax bundan dolayı, O:

• 7 qat göyü;

• 7 qat yeri;

• 7 gündən meydana gələn həftələri;

• 7 təbəqəli cəhənnəmi;

• sayı 7 olan tavafı; və

• 7 üzvü

zikr etmişdir. Beləcə də, bu gecənin Ramazanın 27-ci gecəsi olduğuna dəlalət edər.

--------------------

3. İbn Abbasın belə dediyi də nəql edilmişdir:

"Ləylətu'l-Qadr (qədr gecəsi) təbiri, 9 hərfdir. Bu təbir, surədə 3 dəfə keçməkdədir. Bundan dolayı, (vurma əməliyatı aparıldığında = 3×9) 27 etmiş olur."

-----------------------

4. Osman b. əbi'l-As'ın bir nökəri var idi. Bunun üzərinə o qul:

"Ey ağamız, dənizin suyu, bu ayın bir gecəsində şirinləşir." deyincə, Osman:

"O gecə olduğunda, məni xəbərdar et..." dedi. Bir də nə görsünlər? Bu gecə, Ramazanın 27-ci gecəsidir.

Bu gecənin, Ramazanın ən son gecəsi olduğunu söyləyənlər isə, belə deməkdədirlər:

"Çünki bu gecə, bu aya aid ibadətlərin özündə tamamlandığı bir gecədir. Daha doğrusu, Ramazanın bu işi, eynilə Adəm (əleyhissəlam), sonu da eynilə Muhamməd (sallallahu aleyhi və səlləm) kimidir. Bax bundan ötürü, bir hədisdə:

"Ramazanın sonunda, başından etibarən bu günə qədər, cəhənnəmdən azad edilən nəfslər sayısınca, sadəcə bu gecədə azad edilir..."

buyurulmuşdur. Daha doğrusu, Ramazanın ilk gecəsi, bir oğlu olan kimsə kimidir. Bundan dolayı, bu gecə, şükür gecəsidir. Ən son gecəsi də, bir uşağı olan kimi, ayrılıq gecəsidir. Bundan dolayı bu son gecə də, səbr gecəsidir. İndi sən, hər halda səbrlə şükr arasındakı fərqi anlamış oldun....

---------------------

---------------------

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ

2. "Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir?"

----------------------

----------------------

Yəni:

"Sənin ağlın və qavrayışın, o gecənin fəzilətinin son nöqtəsinə, qədr və qiymətinin ucalığının nəhayətinə çata bilməmişdir." deməkdir.

----------------

----------------

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

3. "Qədr gecəsi 1000 aydan xeyirlidir."

------------------

------------------

ayətinin bəyan etdiyi xüsus və bununla bağlı bir neçə məsələ:

Ayətin təfsiri:

Bu ayətin təfsiri xüsusunda bu izahlar verilə bilər:

1. Bu:

"Bu gecədə edilən ibadətlər, özündə bu gecənin olmadığı 1000 aydan daha xeyirlidir."

deməkdir.

Çünki:

"Özündə bu gecənin olduğu 1000 aydan daha xeyirlidir."

deyilməsi, muhaldır (imkansızdır). Allah Taala'nın bu gecədə olan lütfləri, müxtəlif yaxşılıqları və ruziləri, mümkün qədər artırdığı üçün, o, bu şəkildə ifadə edilmişdir.

------------------

2. Mücahid belə deməkdir:

"İsrail oğulları arasında sabaha qədər namaz qılan, sabahdan axşama qədər də cihad edən biri vardı. Və bu kimsə bu işi 1000 il belə davam etdirdi. Bunun üzərinə Allah Rəsulu və möminlər, buna qibtə etdilər (və ya bunu arzu etdilər). Bax bu hal üzərə Allah Taala, bu ayəti endirdi. Yəni:

"Sənin ümmətin üçün qədr gecəsi, 1000 il silahına sarılan o İsraili kimsənin 1000 ilindən daha xeyirlidir." deməkdir.

----------------------

3. Malik b. Ənəs də belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, ömür müddətləri göstərildi, O da ümmətinin ömrünün qısa olduğunu gördü. Beləcə də, digər ümmətlərin gördükləri yaxşı işləri, ümmətinin görə bilməyəcəyindən dolayı narahat oldu. Bax bunun üzərinə Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə Qədr gecəsini verdi və Qədr gecəsi, digər ümmətlərin 1000 ayından daha xeyirli oldu..."

---------------------

4. Qasım b. Fadl, İsa b. Mazin'in belə dediyini rəvayət etmişdir:

Həsən b. Əli'yə:

"Ey möminlərin üzünü qaraldan! Sən (Müaviyəni qəsd edərək), bu adama yönəldin, ona biət etdin." dedim. Bunun üzərinə Həsən belə dedi:

"Allah Rəsulu yuxusunda Ümeyyə oğullarının, peyğəmbərin minbərinə tək-tək ayaq basdıqlarını, bir rəvayətdə də, minbər üzərinə, meymunların sıçrayışı kimi sıçradıqlarını gördü və bu, ona ağır gəldi. Bax bunun üzərinə Allah Taala:

"1000 aydan daha xeyirlidir." ifadəsinə qədər, bu müddəti endirdi. Yəni Allah Taala, bu "1000 ay" təbiri ilə, Ümeyyə oğullarının krallıq müddətini qəsd etmişdir. Bunun üzərinə Qasım:

"Biz Ümeyyə oğullarının krallıq müddətini hesabladıq, bir də nə görsək yaxşıdır?! Bu müddət, 1000 ay imiş." dedi.

Qadı, bu izahları tənqid edər və:

"Bu 1000 ayın Ümeyyə oğullarının idarə günləri mənasına alınması, ağıldan uzaqdır."

Çünki Allah Taala, bu gecənin fəzilətini, qınanmış 1000 ayı zikr etməklə bildirməz. Halbuki Ümeyyə oğullarının idarə günləri isə, həmişə məzmumdur (qınanmış, pislənmiş, ayıblanmışdır)." deyərdi.

Bil ki, bu tənqid qeyr-i məqbuldur. Çünki Ümeyyə oğullarının hökmranlıq günləri, dünyəvi səadətlər cəhətindən ulu və qiymətli günlərdir. Bundan dolayı, Allah Taala'nın:

"Mən sənə bir gecə verdim ki, bu gecə, dini səadət cəhətindən, o dünyəvi səadətlərdən daha üstündür."

demiş olması, imkansız deyildir.

-------------------

Ayətin müjdə və təhdid ifadə etməsi:

Bu ayətdə, həm ola bildiyincə çox müjdələr, həm də ola bildiyincə təhdidlər yatmaqdadır.

Bunun müjdə olmasına gəlincə, bu, Allah Taala'nın bu xeyirliliyin miqdarını bəyan etmədən, bu gecənin xeyirli bir gecə olduğunu bildirmiş olmasıdır. Və bu, eynilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Əli və Amr b. Abdi Vədd əl-Amiri'nin qarşısına çıxdığında:

"Bu (yəni gördüyünüz iş), ümmətimin qiyamətə qədər işləyəcəyi əməlindən daha üstündür."

deməsi kimidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bu, ümmətimin əməli kimidir." deməmiş, tam əksinə: "ümmətimin əməlindən daha üstündür." demişdir.

Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), sanki:

"Bu əməlin, "tərəzidə çəkilmək üçün kafidir, gerisi isə, çəkilməsə də olar..." demək istəmişdir.

Bil ki:

• Kim bu gecəni (ibadətlə) ihya edərsə (diri tutarsa və ya qiyamla keçirərsə), bu kimsə sanki Allaha 80 ildən çox ibadət etmiş kimi olar;

• Bu gecəni hər il ihya edən kimsə də, çoxlu ömür yaşamış kimi olar;

• Kim qəti olaraq bu gecəyə rast gəlmək üçün ayın bütününü ihya edərsə, bu kimsə də, sanki 30 qədr gecəsi ihya etmiş olar.

Rəvayət edildiyinə görə, qiyamət günündə 400 il Allaha ibadət edən bir İsrailli ilə, bu ümmətdən 40 il Allaha ibadət etmiş biri bir araya gətiriləcək. İş belə ikən, bu ümmətdən olanın savabının daha çox olduğu görüləcək. Bunun üzərinə İsrailli:

"Sən Adilsən. Oysa ki, mən, onun savabının daha çox olduğunu görməkdəyəm." deyəcək. Bunun üzərinə də Allah Taala:

"Çünki sizlər dünyəvi cəzalardan qorxurdunuz deyə ibadət edirdiniz. Halbuki Muhamməd ümmətinin:

"وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ..."

'Sən onların içində olduğun müddətcə, Mən onlara əzab edici deyiləm.' (Ənfal/33)

ayətindən dolayı, təminatları var idi və bu mövzuda əmin idilər. Amma buna rəğmən, onlar yenə ibadət edirlərdi. Bax bundan dolayı, bunların ibadətləri, daha çox ibadəti gərəkdirmişdir." demişdir.

Bu ayətdəki təhdidə gəlincə, Allah Taala, böyük günah sahibini cəhənnəmə girməklə təhdid etmişdir. 100 qədr gecəsini ihya etmək belə, bu kimsənin, tək bir dənəni əskik ölçüb çəkməsi səbəbilə qazanmış olduğu o əzabdan onu qurtara bilməz. Bax bu səbəbdən, burda, günahkarın halının pərişan və çətin olduğuna bir işarət vardır.

----------------------

Bir gecəlik əmələ 1000 aylıq əcr?

Biri belə deyə bilər:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

'Əcrin, yorğunluğunun, yəni gördüyün işin miqdarına görədir.' (Buxari, Ümrə/8)

dediyi, səhihdir. Halbuki, 1000 il itaət etməyin, tək bir gecədə itaət etməkdən daha çətin olacağı isə, məlumdur. Bundan dolayı, bu ikisinin bərabər olması necə düşünülə bilər ki?"

Buna bir neçə cəhətdən cavab verə bilərik:

1. Eyni işin, özünə əlavə edilən fərqli hallar səbəbilə, yaxşılıq və pislik cəhətindən fərqli hökmlər olması, normaldır. Misal üçün:

• Bir bax, məsələn, camaatla qılınan namaz, tək başına qılınan namazdan 27 dərəcə daha üstündür. Halbuki əslində qılınan namaz, hər iki halda da eynidir.

• Bir xristiyana zina böhtanı atan kimsə, tazir (azarlanmaq) ilə cəzalandırılarkən, bir iffətli müsəlmana bu iftiranı atan kimsəyə hədd cəzası (80 şallaq) tətbiq edilir.

Bundan dolayı, bu kimi yerlərdə, şəkil eyni olmasına rəğmən, hökmlər fərqli-fərqli olmuşdur.

Hətta eyni sözü möminlərin anası Aişə (radiyallahu anha) haqqında desəydin, bu, küfür olardı.

Bax bu səbəbdən dolayıdır ki, Allah Taala:

إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌ وَتَحْسَبُونَهُۥ هَيِّنًا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌ

"O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır." (Nur/15)

buyurmuşdur. Bu, belədir. Çünki bu, yüksək bir elm rəhləsi olan Aişə (radiyallahu anha) haqqında bir ta'n'dır (qınamaq, pisləmək, eyibləməkdir). Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun üçün:

"Dininizin 2/3-ni, bu Humeyra'dan götürün." (Acluni, Kəşfu'l-Xafa, 1/384) buyurmuşdur.

Aişə (radiyallahu anha), bütün möminlərin anası olduğu üçün, bu, bütün möminlər haqqında bir ta'n'dır (eyibləmə, qınamadır). Çünki uşağın anası kafir belə olsa, anasına böhtan atılması halında, haqq tələb etmək səlahiyyəti vardır.

Daha doğrusu bu, qısqanclıq cəhətindən ən iləri dərəcədə olan Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə yönəlmiş bir ta'n'dır.

Bundan da əlavə, Allahın hikmətini ta'n'dır. Çünki Allah Taala'nın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i -haşa- zaniyə (zina edən) bir qadınla evli buraxması, caiz olmaz. Sonra:

"Bu, zina etmişdir."

deyən kimsə, bunun əslində, dağlardan daha ağır bir şey olmasına rəğmən, bəsit və xəfif bir şey olduğunu zənn etmişdir.

Bax bütün bu izahlarla, bu fellərin səbəbləri və mövqeləri, fərqli-fərqli olduğu üçün, savab və cəza xüsuslarında nəticələrinin də fərqli olacağı ortaya çıxar.

Dolayısıyla da, şəkil cəhətindən, -zahirən- az görünən ibadətin, mükafat cəhətindən çoxlu ibadətə bərabər ola bilməsi, ağıldan uzaq görülə bilməz.

------------------------

2. Hikmətli olan Allah Taala'nın məqsədi, insanları itaət və ibadətlərə çəkməkdir. Beləcə, O, bəzən bir itaətin qarşılığını (savabını) 2 qata çıxarır və məsələn,

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا • إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا

"Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir." (İnşirah/5-6)

buyuraraq, (1 çətinliyə, 2 asanlıq vəd etmişdir);

bəzən 10 qata, bəzən də 700 qata qədər çıxarır.

Bunu bəzən zamanı cəhətdən, bəzən də yeri (yəni işin görüldüyü yer) cəhətindən belə dəyərləndirir.

Bütün bunlardan Allah Taala'nın əsl məqsədi, mükəlləfi ibadətə çəkmək və onu dünyaya dalmaqdan geri saxlamaqdır.

Bax bu səbəbdən:

• Beytullah və Zəmzəm, digər yerlərə və sulara üstün qılınır;

• Ramazan, digər aylardan üstün tutulur;

• Cümə, digər günlərdən fəzilətli sayılmışdır;

• Qədr gecəsi, digər gecələrdən əfdal qılınmışdır ki, bütün bunların məqsədi, bir az əvvəl bəhs etdiyimiz şeydir.

-----------------------

-----------------------

تَنَزَّلُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

4- O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.

----------------------

----------------------

Bu ayətlə bağlı bir neçə məsələ var:

Mələklərin baxışı ruhlaradır.

Bil ki, mələklərin baxışı ruhlaradır; bəşərin baxışı da fani bədənlərədir. Mələklər, ruhunu, şəhvət və qəzəb kimi pis sifətlərin olduğu bir yer olaraq gördükləri üçün, səni qəbullanmamış və Allah Taala'ya:

...أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ...

“...Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” (Bəqərə/30)

demişdilər.

Ana-atan da, bir nütfə ikən, ta ilk başda şəklinin çirkinliyini görüncə, səni qəbullanmamış, tam əksinə nifrətlərini ortaya qoymuş, o nütfəni ifrazat saymış, libaslarını ondan təmizləmək üçün yumuş, həm sonra düşünmək və hamiləliyi əngəlləmək üçün nə qədər güc sərf etmişlərdir.

Ancaq Allah Taala, sənə gözəl bir şəkil verib ana-atan o gözəl şəkli görüncə, səni bağırlarına basmış və səni çox sevmişlərdir.

Eynilə bunun kimi, ruhundakı gözəl şəkli, yəni mərifətullahı (Allahı tanımaqda dərinləşmək) və Allaha itaəti görüncə, səni sevmişlər və ta başdan (yaradılışda) söylədikləri o sözdən ötrü, üzr bəyan etmək üçün, sənə qədər gəlmişlərdir. Bax:

"...o gecə mələklər enər..."

ayətlərilə bu qəsd edilmişdir.

Bundan dolayı, onlar sənə gəlib ruhunu, bədən gecəsinin qaranlıqlarında və maddi qüvvələrin qaranlıqlarında görüncə, bax bu nöqtədə yenə bu öncəki sözlərindən üzr istəyərək:

"...iman edənlər üçün bağışlanma diləyərlər..." (Mu'min/7)

-------------------------

Mələklərin enməsi:

Ayətdəki bu ifadənin zahiri, bütün mələklərin endiyi mənasına gəlir. Ancaq mələklər, yer üzünün əhatə edə bilməyəcəyi qədər çoxdur. Bax bu səbəbdən dolayı, alimlər, fərqli izahlar gətirmişlərdir:

• Birinci görüş:

Bütün mələklərin ən yaxın səmaya, birinci göyə endiyini söyləmişlərdir. Buna görə:

"Problem, eynilə davam etməkdədir. Çünki birinci göy də, hər bir səccadə (cənamaz) sərilə biləcək qədər yerdə bir mələk olacaq şəkildə, zatən doludur. Bundan dolayı:

'Bu tək göy, bütün o mələkləri necə ehtiva edə bilər?"

soruşularsa, belə cavab verərik:

Quranın ümumi ifadəsi ilə xəbər-i vahidin əleyhinə hökm edilər. Necə belə hökm edilməsin ki?!..

Çünki xəbər-i vahiddə, mələklərin qruplar halında endikləri rəvayət edilmişdir. Bundan dolayı, ora bir qrup enərkən, digər bölük çıxmaqdadır. Bu eynilə həcilərin, o qədər uşaqlarına rəğmən, hamısının da Məscid-i Harama girə bilməkləri kimidir. Lakin həcilərin də bir qismi girərkən, bir qismi çıxırlar.

Bax bu səbəbdən ötrü, bu iş, Qədr gecəsinin fəcrinin doğuşuna qədər sürməkdədir. Bundan dolayı, dəfələrcə, enişi ifadə edən "tənəzzül" feli istifadə edilmişdir.

• İkinci görüş:

Alimlərin əksəriyyətinin tərcihinə görə, mələklər, yer üzünə enmişlərdir. Ən uyğun görüş də budur. Çünki Allah Taala'nın bundan məqsədi, insanları o gecəni ihya etməyə təşviq etməkdir.

Bir də çox-çox hədis, mələklərin digər günlərdə belə, zikrlərin edildiyi, dini mövzuların danışdıldığı məclislərə endiyini göstərməkdədir. Bundan dolayı, bu qədər şanından və qədr və qiymətindən ötrü, bu eniş, qədr gecəsində, əvləviyətlə olacaq.

Bir də, mütləq olaraq zikr edilən bir "eniş", ancaq göydən yeri eniş mənasına gəlir.

Bu görüşü mənimsəyənlər də, fərqli izahlar vermişlərdir. Bu cümlədən olaraq, mələklərin yer üzünə endiyini söyləyənlər, bu izahları vermişlərdir:

1. Bəziləri, mələklərin, insanlığın ibadətini, Allaha itaətdəki ciddiyyət və səylərini görmək üçün endiklərini söyləyirlər.

2. Mələklər:

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ...

"Biz ancaq Rəbbimizin əmriylə enə bilərik..." (Məryəm/64)

demişlərdir. Bax bu, onların, bu "eniş" ilə zatən əmr olunmuş olduqlarını göstərməkdədir. Dolayısıyla, bu, ola bildiyincə, bir sevgiyə dəlalət etməz. Amma bu surədəki:

"Rəblərinin izniylə...enərlər..."

ifadəsi, mələklərin Allah Taala'dan əvvəl icazə istədiklərinə və bunun üzərinə özlərinə icazə verildiyinə dəlalət edər ki, bax bu, insanlara qarşı son dərəcə bir sevgilərinin mövcudluğuna dəlalət edər. Çünki onlar, biz insanlara arzu duymuş və bizimlə qarşılaşmağı istəmişlərdir. Lakin bunun üçün icazə istəmişlərdir.

İndi əgər:

"وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ

"(Mələklər): Həqiqətən, biz səf-səf dururuq (deyərlər)." (Saffat/165) ayəti,

"mələklər...enər." ayətinə zidd düşür"

deyilərsə, biz də belə deyərik:

"Biz, bu 2 halı, fərqli zamanlarda meydana gəlmiş hallar olaraq görürük."

3. Allah Taala, axirətdə mələklərin, cənnətliklərin yanına hər qapıdan girib "Salam sizə" deyəcəklərini vəd etmişdir. Bax bu surədə bəhs edilən də dünyada olan hadisədir.

"İndi ey insan, sən, Mənə ibadətlə məşğul olarsansa, mələklər sənə tərəf enər, salam vermək və ziyarət etmək üçün yanına girərlər."

Əli (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Mələklər bizə salam vermək və şəfaətçi olmaq üçün enərlər. Özünə mələklərin salamı isabət edənlərin günahları bağışlanır."

4. Allah Taala bu gecənin fəzilətini, yer üzündə itaətə bağlamışdır. Bundan dolayı, mələklər, itaətlərin daha çox mükafat cəlb etməsi üçün, yer üzünə enirlər. Bu, eynilə, bir kimsənin daha çox mükafat əldə etmək üçün Məkkəyə getməsinə, orda ibadətlər etməsinə bənzəyir. Bütün bunlar, insanı itaətə təşviq edən xüsuslardır.

5. İnsanın, alim və zahid kimi böyük kimsələrin yanında etdiyi ibadət və xeyirləri, öz başına ikən etdiyi ibadət və xeyirlərdən daha gözəldir. İndi Allah Taala, mükəlləfin o alim, abid və zahid kimsələr yanında etdikləri ibadətlərin daha mükəmməl və nöqsanlıqdan daha uzaq olduğunu anlaması üçün, muqarrəb (Allaha daha yaxın) mələklərini endirər.

6. Bəzi kimsələr də, bu surədə keçən "mələklər" kəliməsini, bəzi mələk qruplarına təxsis etmişlərdir (xas qılmışlardır). Ka'b əl-Axbar'ın belə dediyi rəvayət edilmişdir:

"Sidrətul-Müntəha, cənnətin qonşusu olan 7-ci qat göyün sərhədindədir. Bundan dolayı, Sidrə, dünya havası ilə axirət havası cizgisi üzərindədir və kökü cənnətdə, budaqları Kürsi'nin altındadır. Sidrə'də, saylarını ancaq Allahın bilə biləcəyi qədər çox mələk vardır. Bunlar həmişə Allaha ibadətlə məşğuldurlar. Cəbrayıl (əleyhissəlam)'ın məqamı da, Sidrə'nin tam ortasındadır. Burdakı hər mələyə, möminlər üçün mərhəmət etmə və anmaq duyğusu verilmişdir. Dolayısıyla, bu Sidrə mələkləri, Qədr gecəsində Cəbrail (əleyhissəlam) ilə birlikdə dünyaya enərlər. Bundan dolayı, bu gecədə, yer üzünün hər tərəfində, ya səcdəyə qapanmış, yaxud mömin və möminlərə dua ilə məşğul mələklər vardır.

Cəbrail (əleyhissəlam) isə, istisnasız, hər kəslə musafaha edər (salamlaşar). Bu musafahanın əlaməti isə, onun musafaha etdiyi kimsənin tüklərinin ürpərməsi, qəlbinin riqqətə gəlməsi və gözlərinin yaşla dolmasıdır.

Bax bu hallar, Cəbrail (əleyhissəlam)'ın o kimsə ilə musafaha etməsindən qaynaqlanmaqdadır.

-----------------

Bu gecədə zikrin fəziləti:

İndi o gecədə kim 3 dəfə "lə iləhə illəllah" deyərsə:

• biriylə, günahları bağışlanar;

• biriylə, cəhənnəmdən qurtular;

• biriylə də, Allah Taala, onu cənnətə daxil edər.

Göy üzünə ilk çıxan Cəbrail (əleyhissəlam) olur. O, günəşin önünə qədər çıxar və 2 yaşıl qanadını açar. O, qanadlarını, o gecənin gündüzünün bu saatında açar. Sonra da mələkləri tək-tək çağırar. Beləcə hamısı yuxarı çıxarlar və mələklərin nuru ilə, Cəbrayıl (əleyhissəlam)'ın qanadının nuru birləşər.

Bunun üzərinə, Cəbrayıl (əleyhissəlam) və bərabərindəki o mələklərin bütünü, o gün, dua, rəhmət və möminlər ilə Ramazan orucunu, savabını Allahdan umaraq tutan hər kəsə (haqlarında) istiğfar etmək üçün, günəş ilə dünya səması (birinci göy) arasında durarlar. O günün axşamında da, dünya səmasına girərlər və xalqa-xalqa oturarlar. Bu an yanlarına bu səmanın mələkləri də gələr və onlara dünyadakı kişi-qadın insanları tək-tək soruşarlar. Hətta:

"Filan şəxs nə edir? Onu (İslami hal olaraq) necə gördünüz? deyərlər.

Sidrə mələkləri də:

"O filan kəsi, ilk il abid olaraq görmüşdük. Lakin bu il bidətçi olaraq gördük. (Digər) filan kimsə isə, keçən il bidətçi idi, bu il isə, abid oldu." deyərlər.

Bunun üzərinə göy mələkləri birinciyə dua etməyi tərk edər, ikinciyə dua etməyə başlayarlar.

Yenə Sidrə mələkləri:

"Filan kimsəni Quran oxuyarkən, filan kimsəni rükuda, filan kimsəni səcdədə gördük. Bu insanların gecə və gündüzləri həmişə belədir." deyərlər.

Sidrə mələkləri, sonra ikinci göyə çıxarlar və ta Sidrəyə varıncaya qədər, hər göydə, birinci göydə etdiklərini edərlər. Sidrəyə varınca, o, bunlara:

"Ey sakinlərim, mənə insanlardan bəhs edin. Çünki Mənim sizdə haqqım var və Mən, Allahı sevənləri sevirəm." deyər."

Ka'b əl-Axbar sözünə belə davam edir:

"Bu mələklər, Sidrəyə, dünyadakı kişi-qadın hər şəxs, isimləri və atalarının isimlərilə tək-tək sayıb bildirərlər. Sonra da bu xəbərlər, cənnətə yetişir. Bunun üzərinə, cənnət:

"Allahım! Onları çox tez olaraq mənə göndər."

deyə dua edər. Sidrə və mələkləri də: "amin, amin" deyərlər."

Bunu yaxşıca qavradığına görə, indi, biz, deyirik ki:

Camaat nə qədər izdihamlı olarsa, ora rəhmətin enişi də o nisbətdə çox olur. Bax bu səbəbdən, ən böyük izdiham, Ərəfat'da vəqfədə mövcud olur. Şübhəsiz ki, Allahın rəhmətinin ora enişi də, o nisbətdə çox olur.

Eynilə bunun kimi, Qədr gecəsində də, muqarrəb (Allaha daha yaxın) mələklərin bir araya gəlib böyük bir camaat meydana gətirmələri, bəhs mövzusudur. Bundan dolayı, o gecədə, Allahın rəhmətinin enişi də, o nisbətdə çox olmuşdur.

-----------------

Ruh:

Alimlər ayətdə keçən "ruh" xüsusunda da bu izahları vermişlərdir:

1. Ruh, böyük bir mələkdir. Əgər o, göyləri və yeri udmaq istəsə, tək loxmada belə udardı.

2. Ruh, bir mələk topluluğudur. Digər mələklər, bunları, ancaq qədr gecəsində görə bilərlər. Bu, eynilə, bizim, özlərini sadəcə bayram günləri görüb ziyarət etdiyimiz zahid kimsələr kimidir.

3. Bu, Allahın bir məxluqudur. Bunlar da yeyərlər, geyinərlər. Lakin nə mələkdirlər, nə insan... Bəlkə də bunlar, cənnətliklərin xidmətçiləridir.

4. Bu kəlimə ilə, özünə "Ruhullah" deyildiyi üçün, İsa (əleyhissəlam) da qəsd edilmiş ola bilər. Dolayısıyla O daz bu gecədə, Muhamməd ümmətini tanımaq üçün mələklərlə birlikdə enər.

5. Bu, "Quran"dır. Çünki Haqq Taala:

وَكَذَ‌ٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا...

"Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik..." (Şura/52)

6. Ruh ilə, Allahın rəhməti qəsd edilmişdir:

...وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ...

"..Allahın 'rahv'ından ümid kəsməyin..." (Yusuf/87)

ayəti, bu mənadan ötürü: "Allahın ruhundan, yəni rəhmətindən ümid kəsməyin" şəklində oxunmuşdur.

Buna görə, Haqq Taala sanki:

"Mələklər enər, onların ardından rəhmətim də enər. Beləcə insanlar, o gecədə, həm dünya, həm də axirət səadətini birlikdə taparlar." demək istəmişdir.

7. Ruh, mələklərin qiymətliləridir.

8. Əbu Nuceyh'in belə dediyi rəvayət edilmişdir:

"Ruh, 'qoruyucu' (gecə və gündüz gələn pisliklərdən və cinlərdən qoruyan mələklər) və 'kiramən katibin' mələkləridir. Sağdakılar, insanın yerinə gətirdiyi fərzləri və ibadətləri qeyd edərlər; soldakılar da insanın pis şeyləri buraxmasını, ibadətlərini etməməsini qeyd edərlər.

Ən doğru olan görüş, bu "Ruh" ilə Cəbrayıl (əleyhissəlam)'ın qəsd edilmiş olmasıdır. Onun bu şəkildə, digər mələklərdən ayrı olaraq zikr edilməsi isə, son dərəcə qiymətli olmasından ötürüdür. Bundan dolayı, Haqq Taala:

"Tərəzinin bir gözündə bütün mələklər, bir gözündə isə, Cəbrayıl (əleyhissəlam) var." demək istəmişdir.

Ayətdəki "Rəbbinin izniylə" qeydinin, o mələklərin bizi görməyə və arzulu olduqlarına dəlalət etdiyini daha əvvəl söyləmişdik. Əgər:

"Onlar bizim bu qədər günahımız olduğunu bilmələrinə baxmayaraq, daha necə bizi görməyi arzulayırlar?"

deyə soruşulacaq olarsa, belə cavab verərik:

"Mələklər, günahlarımızı təfsilatlı bir şəkildə bilmirlər. Rəvayət edildiyinə görə, mələklər, Lövh-i Məhfuz'u gözdən keçirir və orda mükəlləflərin itaətlərini təfsilatlı bir şəkildə görürlər. Günahları görməyə sıra gəlincə isə, araya bir pərdə çəkilir və beləcə onlar günahları görmürlər. Bu halda:

"Gözəl şeyləri ortaya qoyan, çirkin şeyləri isə, gizləyən Şəxsi (Allahı) təsbih və tənzih edirik."

deyirlər.

------------------------

Mələklərin yer üzündən istifadələri:

Biz daha əvvəl, mələklərin enişlərinin fayda və hikmətlərindən bəhs etmişdik.

İndi də, digər bəzi faydaları zikr edək ki, bunların nəticəsi də, o mələklərin, yer üzündə, göylər aləmində görmədikləri fərqli itaətləri görmüş olmalarına dayanır:

1. Varlılar evlərindən fərqli yeməklər gətirir və və kasıblara ehsan edirlər. Kasıblar da varlıların yeməklərini yeyir və Allaha ibadət edirlər. Bax bu, göylərdə olmayan bir ibadət növüdür.

2. Mələklər, üsyankar və günahkar insanların yalvarışlarını eşidirlər. Bu da, göylərdə olmayan bir itaət növüdür.

3. Allah Taala bir qüdsi hədisdə belə buyurmuşdur:

"Günahkarların yalvarışları, Mənə təsbih edənlərin avazından daha sevimlidir."

Mələklər də:

"Gəlin, yer üzünə gedək və Rəbbimizə təsbihlərimizin səsindən daha sevimli gələn bir səsi eşidək." deyərlər.

Bu səs, necə sevimli və gözəl olmasın?!

Çünki təsbih edənlərin çıxardığı səs, itaət edənlərin o mükəmməl halını ortaya qoymaqdadır. Günahkarların iniltiləri isə, göylərin və yerin Rəbbinin "Ğaffar" olmasını ortaya qoymaqdadır. Bax birinci məsələ budur.

-----------------------

Mələklərin günahsızlığı:

Bu ayət, mələklərin məsum olduqlarına dəlalət etməkdədir. Bunun bir bənzəri də:

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ

(Mələklər dedi): “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik." (Məryəm/64)

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ

"Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər." (Ənbiya/27) ayətləridir.

Burda belə bir incəlik də var:

Allah Taala, ayətdə, "mələklər, məzun (iznli)'dirlər." deməmiş, əksinə:

"Rəblərinin izniylə" buyurmuşdur.

Bu, onların, Rəblərinin icazəsi olmadan, heç bir hərəkət və təsərruf etmədiklərinə bir işarətdir. Məsələn, bir kimsənin, öz xanımına:

"Mənim icazəm olmadan çıxma." deməsi də, belədir. Çünki bu halda, xanımının hər çıxmaq istədiyində icazə alması gərəkdir.

----------------------

"...Rəblərinin..." ifadəsi haqqında:

Ayətdəki: "Rəblərinin" ifadəsi, mələklər üçün bir təzim (böyüklüyü), günahkarlar üçün də, təhqiri ifadə edir. Buna görə, Haqq Taala, sanki:

"Onlar, Mənim üçündürlər. Mən də onlar üçün." demək istəmişdir. Bu ifadənin bizim haqqımızdakı bir bənzəri də:

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ...

"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradandır..." (Əraf/54) ayətidir.

Allah, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə də:

وَإِذْ قَالَ رَبُّكَ...

"Sənin Rəbbin demişdi ki..." (Bəqərə/30) buyurmuşdur.

Yenə bu ifadənin bir bənzəri də, rəvayət edilən bu xüsusdur:

Davud (əleyhissəlam), ölüm döşəyində xəstə yatarkən:

"Allahım, mənim üçün olduğun kimi, Süleyman üçün də ol." dedi. Bunun üzərinə ilahi vəhy gələrək, Allah Taala belə buyurur:

"Süleymana de: Mən onun üçün olduğum kimi, o da Mənim üçün olsun!" buyurmuşdur.

Yenə rəvayət edildiyinə görə, Allahın dostu İbrahim (əleyhissəlam), günlərlə, qonaq edəcək bir adam tapa bilmədi. Bunun üzərinə bir qonaq tapa bilmək üçün, axtarmağa başladı və bir çadır gördü. Onlara:

"Qonaq qəbul edirsiniz mi?" deyə səsləndi. Onlar: "Bəli" deyə cavab verdilər. İbrahim (əleyhissəlam), qonaq edəcək şəxsə:

"Yanında süd və ya bal vardırmı?" dedi. Adam 2 daşı əlinə alaraq bunları bir birinə vurdu. Daşlar yarıldı və birindən süd, digərindən bal axmağa başladı. İbrahim (əleyhissəlam), buna heyrət etdi və:

"Allahım, mən Sənin xəlilinəm, ancaq belə bir ehsanı (və ya imkanı) tapa bilmədim. Bu adam buna necə çatdı?" deyə soruşdu. Bunun üzərinə vəhy gəldi və:

"Ey dostum! O, Bizim üçün oldu, Biz də Onun üçün olduq." deyə cavab verildi.

------------------------

Mələklərin o gecəki işləri:

Ayətdəki:

"Hər bir iş üçün" ifadəsi: "Mələklər və ruh, o gecə, hər iş üçün enərlər." deməkdir.

Bu da:

"Onlardan hər biri, bir başqa iş üçün enərlər." deməkdir.

Alimlər bu xüsusda bu izahları vermişlərdir:

1. Mələklərin hər biri, bir işlə məşğuldurlar. Dolayısıyla, bəziləri rüku, bəziləri səcdə, bəziləri də dua ilə məşğuldurlar. Təfəkkür, təlim və vəhyləri çatdırma ilə bağlı söz də belədir. Bəziləri də, o gecənin fəzilətini idrak etmək, yaxud da müsəlmanlara salam vermək üçün enmişlərdir.

2. Əksər alimlərin görüşünə görə isə, ayətin mənası:

"Allah Taalanın o ildə təqdir etdiyi hər xeyir və hər şər üçün enərlər." şəklindədir.

Bundan, onların enişlərinin ibadət olmasına, bir işarət vardır. Buna görə, mələklər sanki:

"Biz yer üzünə özümüzdən enmədik. Lakin özündə mükəlləflərin yaxşılığı və xeyri bəhs mövzusu olan hər iş üçün enərik." deməkdədir.

Allah Taala, ayətdəki "əmr" (iş) kəliməsini, dünya və axirət yaxşılıqlarını içinə alsın və özündən o mələklərin, mükəlləflərin dini və dünyası ilə bağlı xeyrin mövcud olduğu şeylər üçün endiklərini bəyan etmək üzərə, ümumi və mütləq olaraq zikr etmişdir. Buna görə, sanki biri, o mələyə:

"Hardan gəlirsiniz?" deyə soruşmuş, mələk də:

"Səni maraqlandırmaz. Bu lüzumsuzluq niyə (yəni bu lüzumsuz sualı niyə verirsən)? Lakin sən:

"Hansı iş üçün gəldin?" deyə soruş. Çünki sənə düşən budur." cavabını vermişdir.

3. Bəzi kimsələr də:

"Min kulli əmrin" ifadəsini "min kulli'm-rii" şəklində oxumuşlardır.

Bu, "hər insan üçün..." deməkdir.

Rəvayət olunduğuna görə, mələklər, qarşılaşdıqları hər mömin kişi və qadına salam verirlər.

------------------------

"Bəraət" və "Qədr" gecəsi münasibəti:

"Əcəllərin, ruzilərin, Şaban ayının 15-ci gecəsində (Bəraət gecəsində) müəyyənləşdirilib təqdir edildiyi rəvayət edilməmişmidir? Ancaq sizlər hal hazırda, bunun, Qədr gecəsində olduğunu söyləyirsiniz..."

deyə soruşulsa, belə cavab verərik:

• Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Allah Taala, olacaq bütün şeyləri, Bəraət gecəsində təqdir edər. Qədr gecəsi gəlincə də, bu şeyləri sahiblərinə təslim edər."

dediyi rəvayət edilmişdir.

• Belə də deyilmişdir:

Bəraət gecəsində, əcəllər və ruzilər;

Qədr gecəsində isə, özündə xeyir, bərəkət və əmin-amanlığın olduğu işlər təqdir edilir.

• Qədr gecəsində, sayəsində dinin güc-qüvvət qazandığı və müsəlmanlar üçün böyük faydaların mövcud olduğu şeylərin təqdir edildiyi;

Bəraət gecəsində isə, o il öləcək olanların adlarının qeyd edilib ölüm mələyinə təslim edildiyi də söylənmişdir.

--------------------

سَلَـٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ

"O gecə sübh açılanadək əmin-amanlıq olur."

-----------------------

O gecədəki əmin-amanlıq:

Üçüncü cəhət:

Qədr gecəsinin fəziləti ilə bağlı üçüncü cəhət də bu ayətin ifadə etdiyi bu xüsusdur:

"O gecə dan yeri ağarıncaya qədər əmin-amanlıqdır."

Bu ayətlə bağlı bir neçə məsələ var:

• Birinci məsələ:

Ayətdəki "salam (əmin-amanlıq)" ilə bağlı bu izahlar verilir:

1. Bu: "Qədir gecəsi, fəcrinin doğuşuna qədər salamdır, yəni mələklər, itaətkar kimsələrə salam verərlər." deməkdir. Bu, belədir. Çünki mələklər, ta gecənin başlanğıcından Fəcrin doğuşuna qədər, qrup-qrup enərlər. Bu enişin qrup-qrup olması, salamın çoxca verilməsini təmin üçündür.

2. Bu gecə, "salam gecəsi" olaraq vəsf edilmişdir. Bundan dolayı, salamın xəfifə alınmaması gərəkdir. Çünki, o bişmiş buzov (ehsanı) hadisəsində, 7 mələyin İbrahim (əleyhissəlam)'a salam vermiş olmaları səbəbilə, onun qəlb rahatçılığı, dünya krallarının qəlb rahatından daha artıq olmuşdur.

Daha doğrusu, mələklər Ona salam verincə, Nəmrud'un atəşi, İbrahim (əleyhissəlam) üçün bir sərinlik və bir əmin-amanlıq olmuşdur.

İndi bu mələklərin bizə verdikləri salamın bərəkətilə, cəhənnəm də bizə bir sərinlik və əmin-amanlıq olmaz mı?

Lakin İbrahim (əleyhissəlam)'ın mələklərə verdiyi ziyafət, qızardılmış buzov idi. Mələklər bizdən isə, beləsinə qızarmış, (Allah eşqiylə) yanmış bir qəlb istəməkdədirlər. Hətta burda belə bir incəlik daha vardır:

Bu da, ayətin Muhamməd ümmətinin fəzilətini ortaya qoyduğudur. Çünki o qissədə, mələklər, İbrahim (əleyhissəlam)'a enmişdilər, bu ayətdə isə, mələklərin, Muhamməd (sallallahu aleyhi və səlləm)'in ümmətinə endikləri bildirilmişdir.

3. Bu: "Bütün pis şeylərdən və afətlərdən əmin-amanlıq" mənasındadır.

Alimlər, mələklərin və ruhun, Qədr gecəsində, bütün yaxşı şeyləri və xoşbəxtlik verən şeyləri endirib, o gecədə heç bir zərərli şeyi endirmədiklərini söyləməkdədir.

Bundan dolayı, o gecədə enən hər şey, sırf bir "salam"dır, yəni tam əmin-amanlıq, fayda və xeyirdir.

4. Əbu Muslim belə deyir:

"Burdakı salam, bu gecə, küləkdən, əziyyətlərdən, ildırımlardan və bənzəri afətlərdən bəri olan gecədir." deməkdir.

5. Bu: "O gecə, şeytanın pislik etmədiyi bir əmin-amanlıq gecəsidir." deməkdir.

6. Bu gecə, ta başından sabaha qədər, hər parçasında edilən ibadətlərin, 1000 ayda edilən ibadətlərdən daha xeyirli olması xüsusunda salamat bir gecə olub:

• fərzləri üçün ilk 1/3;

• nafilələr üçün gecə yarısı;

• dua üçün də səhər vaxtının

seçilməsinin müstəhəb olması xüsusunda, digər gecələr kimi deyildir.

Əksinə bu gecə, bütün cüzləri (parçaları) cəhətindən, hamısı eyni fəzilətə sahib olan bir gecədir.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Qədr surəsi təfsiri)

Read 133 times
In order to make a comment, please login or register