Qiyamət günü insanlar tər içindəmi olacaqlar?

İbn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Nəbi (sallallahu aleyhi və səlləm):

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ

'O gün insanlar, aləmlərin Rəbbi(nə hesab vermək) üçün (qəbrlərindən) qalxacaqları gün...' (Mutaffifin/6)

ayəti haqqında belə buyurdu:

'Onların hər biri 2 qulağının yarılarına qədər tərə batmış olaraq ayaqda (gözləyib) durarlar."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4278)

-------------------------

İzahı:

Bu hədisi:

• Buxari, Riqaq kitabında;

• Muslim, Cənnət kitabında;

• Tirmizi, Sifət-u Qiyamə və Təfsir bölmələrində; və

• Nəsai, Təfsir bölməsində rəvayət etmişlərdir.

Bu hədis də, məhşər gününün dəhşət və şiddətini bəyan edir.

• İbn Həcər (rahiməhullah), "əl-Fəthu'l-Bari"də, Hakimin, Uqbə b. Amir (radiyallahu anh)'dan rəvayət etdiyi bir hədisi dəlil göstərərək:

"Bu hədisdə bəyan edilən hal, ən çox tərə batan kimsənin halını bildirir. Məhşərdə hər kəsin bu qədər tər içində qaldığı mənası qəsd edilməmiş ola bilər. Əvla olan izah da budur." demişdir.

• Qurtubi belə deyir:

"Şübhəsiz, kamil iman sahibləri ilə Ərş-i Əla kölgəsində kölgələnən insanlar, məhşərin bu dəhşətli halından zərər görməyəcəklər."

• Nəvəvi də hədisin izahında bunları söyləyir:

"Bir rəvayətdə, insanlar əməllərinə görə tər içində qalacaqlar, buyurulmuşdur. Qadı İyad belə deyir:

İnsanın, içində qalacağı tərin həm özünə, həm də başqasına aid olması möhtəməldir. Hər kəsin tər içində qalması mənasının qəsd edilməmiş olması da möhtəməldir. Tərin çoxluğunun səbəbi isə, qorxu və dəhşətin çoxluğu, günəşin məhşər xalqına çox yaxınlığı və məhşərdəki izdihamdır."

• əbu Həmid Ğazzali (rahmətullahi aleyh), "İhya-u Ulumi'd-din" əsərində (4. Cild, 10-cu kitab: "Ölüm və sonrası həyat", s. 1036-1037) belə deyir:

"...daha sonra məxluqatın izdihamını, mələk, cin, insan, şeytan, vəhşi heyvanlar, həşəratlar, canavarlar, quşlar, hasili göy və yer xalqlarından nə qədər məxluq varsa, hamısının bir araya gəldiklərini, günəşin təpələrinə endiyini, istiliyin qat-qat artdığını, indiki haldan çox fərqli bir hala gəldiyini, 2 yay qədər başlarına yaxınlaşdırıldığını, aləmlərin Rəbbinin kölgəsindən başqa kölgənin olmadığı bir anda, o izdihamda, günəşin altında qaldığını düşün.

Allahın kölgəsində də, ancaq xaslar kölgələnər.

İnsanlar orda 2 qrupa ayrılarlar:

• Kimiləri Ərşin kölgəsində kölgələnərlərkən;

• Kimiləri də, günəşin altında qalarlar.

Günəş hərarətilə onları yandırıb yaxar, onların izdirab və bəlaları qat-qat çoxalar. O izdihamda bir birilərini itələyərlər.

Bunlara bir də, Cabbar olan Allahın hüzuruna ərz edilmə anında, qüsurlar ortaya çıxacağı üçün duyulacaq xəcalət, hiss ediləcək utanma duyğuları əlavə edilincə, əzab qat-qat artar.

Beləcə bir tərəfdən, günəşin şiddətli istiliyi, bir tərəfdən nəfəslərin hərarəti, digər tərəfdən, qəlblərin utanc və qorxu atəşilə yanıb yaxılması nəticəsində, hər tükün dibindən tərlər boşalar və bunlar qiyamət səhnəsinin, torpağının üzərinə axar. Toplanan tərlər, yavaş-yavaş bədənlərinə doğru yüksələr, hər kəs Allah qatındakı mərtəbəsinə görə, tər içində qalar. Tər, kimilərinin dizlərinə, kimilərinin boğazlarına, kimilərinin qulaq məmələrinə qədər varar, kimiləri də, az qalsın tər dəryasında boğulub gedə...

• İbn Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"İnsanlar, aləmlərin Rəbbi hüzurunda durarlar. Elə ki, hər hansı biri, qulaqlarının yarısına qədər yüksəlmiş tərləri içində itib-batar."

• əbu Hureyrə (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edir:

"İnsanlar, qiyamət günü elə tərləyərlər ki, tərləri, yerin içinə doğru 70 qulac dərinliyinə qədər sızar, tərləri özlərini cilovlayar, çənələrinə çatar."

• Bir başqa hədisdə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İnsanlar, ayaq üstə və gözləri göyə dikilmiş bir halda, 40 il gözləyərlər, bəlanın şiddətindən tər ağızlarına varar."

• Uqbə b. Amir (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edir:

"Qiyamət günü günəş, yer üzünə yaxınlaşar, insanlar da tərləyərlər. Kimisinin təri topuqlarına, kimisinin təri baldırlarının yarısına, kimisininki dizlərinə, kimisininki böyrünə qədər, kimsininki ağzına qədər çatar, kimisini də tər örtər."

Ey bədbəxt! Məhşər xalqının tərləməsi və izdirabı üzərinə düşün. Kimiləri:

"Ey Rəbbim! Məni bu sıxıntıdan, gözləməkdən qurtar, cəhənnəmə göndərəcəksənsə, göndər!" deyərlər.

Bu sıxıntı, hələ sorğu-suala tabe tutulmadan, hər hansı bir əzabla cəzalandırılmadan əvvəl qarşılaşacaqları sıxıntılardır. Sən də onlardan birisən. Tərin, sənin harana varacağını bilməməkdəsən.

Bil ki, həcc, cihad, oruc, namaz, bir müsəlmanın ehtiyacını görmək, əmr-i bi'l-məruf və nəhy-i əni'l-münkər uğrunda bir sıxıntıya qatlanmaq kimi Allah yolunda yorulub axıtmadığın tərləri, sabah qiyamət səhnəsində utanma, qorxu və uzun gözləmək çıxaracaqdır, axıtmadığın tərləri sabah tökəcəksən.

İnsan oğlu, cəhalətdən və qürurdan yaxasını qurtara bilsə, Allaha itaət çətinliklərinə qatlanılarkən tər tökməyin zəhmətinin, qiyamət günü hesab vermək üçün gözləməyin və çəkilən sıxıntının tərləməsindən daha asan olduğunu qavrayar. Həqiqətən çox çətin və müddəti çox uzun bir gündür o gün..."

Read 59 times
In order to make a comment, please login or register