Qumar haqqında məlumat verərsinizmi?

يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا...

Səndən içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün bəzi mənfəətlər vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. (Bəqərə/219)

---------------------------------

Təfsiri:

Bil ki, Allah Taala'nın:

يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ...

"Səndən içki və qumar barəsində soruşurlar..."

buyuruğunda, onların hansı şeylərdən (yəni hansı içkilərdən) sual soruşduqlarının bir bəyanı mövcud deyildir. Onların:

~ bu şeylərin həqiqət və mahiyyətindən;

~ onlardan İSTİFADƏ etməyin halal olub-olmadığından

sual vermələri mümkün olduğu kimi, eyni şəkildə

~ onu İÇMƏYİN halal və haramlığı haqqında soruşmaqları da

ehtimal daxilindədir.

Ancaq Allah Taala, haram olduğunu zikr edərək cavab vermiş olduğu üçün, cavabın təxsis edilmiş (xas qılınmış) olması, bu sualın,

~ onların halal olub-olmadığı

xüsusunda vaqe olduğuna dəlalət etmişdir.

-----------------------------------

Ayətdə bəzi məsələlər vardır:

✓ Birinci məsələ:

Alimlər, içki haqqında, 4 ayətin nazil olduğunu söyləmişlərdir.

1. Məkkə'də:

وَمِن ثَمَرَ‌ٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَـٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا...

"Siz, xurma ağacının meyvələrindən və üzümlərdən içki və xeyirli ruzi hazırlayırsınız..." (Nəhl/67)

ayəti nazil oldu. Müsəlmanlar o vaxtlar, içki içirlərdi və içki də, onlara halal idi. Sonra Ömər, Muaz və bir qrup səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə:

"Ey Allahın rəsulu, bizə içkinin hökmünü söylə. Çünki içki, bizim ağlımızı aparır; malımızı isə, tükəndirir." dedilər. Bunun üzərinə:

...قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ...

"... De: “İkisində də həm böyük günah, həm də insanlar üçün bəzi mənfəətlər vardır..."

ayəti nazil oldu.

Bu ayət nazil olunca, bəzi müsəlmanlar içki içməyə davam etdilər, bir qismi isə, içkini tərk etdilər.

2. Sonra Abdurrahmən b. Avf, bir qrup müsəlmanı, yeməyə dəvət etdi. Yemək sırasında onlar içki içib sərxoş oldular. Bir qismi namaza qalxdı və namazda Kafirun surəsini:

"De ki ey kafirlər, mən, sizin ibadət etdiklərinizə ibadət edirəm."

şəklində (yalnış olaraq) oxudular. Bu hadisə üzərinə:

... لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَ...

"(Ey müsəlmanlar), sərxoş bir halda, namaza yaxınlaşmayın..." (Nisə/43)

ayəti nazil oldu. Bu ayət nazil olunca, içki içənlərin sayı azaldı.

3. Sonra içlərində Sa'd b. əbi Vaqqas'ın olduğu ənsardan bir qrup, yemək yemək üçün bir yerə toplandılar. İçki içib sərxoş olunca, qarşılıqlı olaraq qürurlanmağa və şerlər oxumağa başladılar. Bu vaxt Sa'd b. əbi Vaqqas, içində ənsarın hicv edildiyi (pisləndiyi, lağlağı edildiyi) bir şer oxudu. Bunun üzərinə ənsardan biri, dəvənin çənə sümüyü ilə onu vurdu və başında böyük bir yara açdı. Bunun üzərinə Sa'd da, onu Peyğəmbərə şikayət etdi. Hadisədən dolayı, Ömər:

"Allahım, bizə içki haqqında çətinliyimizi qaldıracaq bir açıqlama göndər."

deyə dua etdi. Bunun üzərinə:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ •

إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَ‌ٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ

"Ey iman gətirənlər! Şübhəsiz ki, içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Həqiqətən, şeytan, içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/90-91)

ayətləri nazil oldu. Bu ayət enincə, Ömər:

"Son qoyduq, ey Rəbbimiz!" dedi.

Qaffal əş-Şaşi (Şafei fəqihi), belə deyir:

"İçkinin belə bir tərtib (sıra) üzərə haram qılınmasındakı hikmət, budur:

Allah Taala:

~ insanların içkiyə alışmış olduqlarını; və

~ bundan istifadə edənlərin də çoxluğunu;

~ bundan dolayı da, içkini onlara tək səfərdə haram edərsə, bunun, onlara ağır gələcəyini

bilirdi... Bax bundan dolayı, içkinin haram qılınmasında Allah Taala, bu tədriciliyi və yumşaqlığı izləmişdir."

(Haşiyə:

4-cü ayət isə, haqqında danışdığımız Bəqərə/219 ayətidir.)

----------------------------------

✓ İkinci məsələ:

Bil ki, bizcə bu ayət, içkinin haramlığına dəlalət etməkdədir. Bu cəhətdə biz, "xamr"/içki'nin nə olduğunu bəyan etmək, sonra da bu ayətdə bəhs edilən içki içməyin haramlığını açıqlamaq məcburiyyətindəyik.

Birinci məqam, xamr/içkinin nə olduğunun izahı xüsusundadır.

• Şafi (rahmətullahi aleyh), sərxoşluq verən hər içkinin "xamr" olduğunu söyləmişdir.

• əbu Hənifə isə, belə demişdir:

"Xamr, köpüklənmiş, qüvvətli mayalanmış üzüm suyundan ibarətdir."

İmam Şafi'nin görüşünə, bir neçə cəhətdən dəlil vardır:

a. Haramlığına dair hədislər:

1. Əbu Davud'un "Sünən"ində də rəvayət etdiyi bu hədis:

Şabi, ibn Ömər (radiyallahu anh)'dan, Ömər (radiyallahu anh)'ın belə dediyini rəvayət etmişdir:

"İçkinin haramlığını bildirən ayət nazil olunca, içki, bu 5 şeydən düzəldilirdi:

~ üzüm;

~ xurma;

~ buğda;

~ arpa; və

~ qarğıdalı."

Xamr, ağlı aparan şeydir. Bu rəvayət ilə, 3 cəhətdən istidlal edilir:

a. Ömər (radiyallahu anh), içkinin haram olduğunu bildirdiyi gün, üzümdən və xurmadam düzəldildiyi kimi, arpadan və buğdadan da düzəldildiyini xəbər vermişdir. Bu, onların, bu içkilərin hamısına "xamr" adını verdiklərinə dəlalət edir.

b. O:

"İçkinin haramlığını bildirən ayət nazil olduğu vaxt, içki bu şeylərdən düzəldilirdi."

demişdir. Bu, içkinin haram qılınmasının, bu 5 şeyin haram qılınmış olmasını ehtiva etdiyini açıqlamaq kimidir.

c. Ömər (radiyallahu anh), bunlara, ağlı aparan hər cür içkini əlavə etmişdir. Şübhəsiz ki, Ömər, gərək lüğət, gərəksə də rəvayət etibarı ilə, "xamr" kəliməsinin, ağlı aparan hər şeyə isim olaraq verildiyini bilirdi.

2. Əbu Davud, Numan b. Bəşir (radiyallahu anh)'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə dediyini rəvayət etmişdir:

"Üzümdən, xurmadan, baldan, buğdadan və arpadan içki olur."

Bu hədis ilə, 2 cəhətdən istidlal edilir:

a. Bu, sayılan şeylərin "xamr" isminin mənasına daxil olduğunu, bundan dolayı, xamr/içki'nin haramlığını göstərən ayətin hökmünə girdiklərini açıqca göstərir.

b. Şari (qanun qoyan, şəriəti endirən Allah)'ın məqsədi, kəlimələri öyrətmək deyildir. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bundan muradının, "xamr" haqqında sabit olan hökmün, sayılanlar haqqında da sabit olduğunu və ya xamra xas olan məşhur hökmün, onun içilməsinin haramlığı olduğunu bəyan etmək olması gərəkdir. Bundan dolayı, bu hökmün, bu içkilərdə də mövcud olması lazımdır.

Xattabi (rahmətullahi aleyh) belə deyir:

"Xamr isminin bu 5 şeyə təxsis edilməsi (xas qılınması), içkinin sadəcə bu 5 şeydən düzəldilməsi səbəbilə deyildir. Bu zamanda bu 5 növ içki, məşhur və məlum olduğu üçün, xüsusilə bunlar zikr edilmişdir. Bundan dolayı, bunlar kimi olan qarğıdalı, arpa və ya (məst edici şəklə gəlmiş) meyvə sularının hökmü də, bu 5 şeyin hökmü kimidir. Necə ki, faiz ilə bağlı xəbərdə, xüsusilə 6 maddənin zikr edilmiş olması, faiz hökmünün, bunların xaricindəki maddələrdə də cərəyan etməsinə mane olmurdu."

3. Yenə əbu Davud'un Nafi'dən ---> onun da ibn Ömər (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Hər sərxoşluq verən şey, xamr/içkidir və sərxoşluq verən hər şey, haramdır."

Xattabi belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu sözü, 2 şeyə dəlalət etməkdədir:

a. Xamr içildiyi vaxt, sərxoşluq verən bütün içəcəklərə verilən bir isimdir. Bundan murad budur:

Ayət, xamrın haram qılındığına dəlalət edincə və muxatablar tərəfindən də xamrdan nə qəsd edildiyini bilinməyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən:

"Allah Taalanın bu ləfzdən muradı budur..."

buyurulması, yerində olur. Bu isə:

~ ya o kəlimənin ərəbcədəki mənasını açıqlamaq üzərə olur;

~ və yaxud da "salat", "savm" və bənzəri digər ibadətlərə verilən isimlərdə olduğu kimi, o kəliməyə yeni bir məna qazandırmaq surətilə olur.

b. Hədisin mənasının:

"O, haramlıq xüsusunda, xamr kimidir."

şəklində olmasıdır. Çünki "...hər sərxoşluq verən şey, xamrdır." sözünün həqiqi mənası, o şeyin əslində bir xamr/içki olduğunu göstərir. Əgər bunun imkansız olduğuna dair bir dəlil tapılarsa, o təqdirdə, bunun, məcaz yolu ilə, sadəcə o şeyin xüsusiyyəti olan hökmdəki bir bənzərliyə həml etmək gərəkdir.

4. Əbu Davud, Aişə (radiyallahu anha)'nın belə dediyini rəvayət edir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən köpüklənmiş bal içkisi soruşulduğunda, belə buyurdu:

"Hər sərxoşluq verən içki, haramdır."

Xattabi, belə deyir:

"Köpüklənmiş bal içkisi, baldan düzəldilir. Peyğəmbərin bu hədisində, nəbzləri (haşiyə) halal sayan kimsələrin zikr etdiyi bütün izahların qeyr-i məqbul olduğuna və

"...sərxoş edən şeylərin azı mübahdır..."

deyənlərin görüşlərinin fasid olduğunu ortaya qoyan bir sarahat/açıqlıq vardır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bir növ nəbz haqqında soruşulmuş, O da cavab olaraq, bütün nəbzlərin haram olduğunu söyləyərək cavab vermişdir, ki, bu hökmə, nəbzin azı belə daxil olur, çoxu da... Əgər bu hədisdə nəbzin növləri və miqdarı xüsusunda bir təfsilat olsaydı, bu zikr edilər, göz ardı edilməzdi.

---------------------------------------

(Haşiyə:

Nəbz: quru üzüm, xurma, bal, arpa, buğda və başqa şeylərin suda saxlanılaraq onu dadlandırması yolu ilə əldə edilən içki növüdür.)

--------------------------------------

5. Əbu Davudun, Cabir b. Abdullahdan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Çoxu sərxoşluq verən şeyin, azı da haramdır."

6. Yenə Qasim'dən ---> onun da Aişədən rəvayət etdiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə buyurarkən eşitdim:

"Sərxoşluq verən hər şey, haramdır. Bir "firq" sərxoşluq verən şeyin, ovuc dolusu miqdarı belə, haramdır."

Xattabi deyir:

Firq, 16 ritllik (təxminən 8.26 litr) bir ölçü vahididir...Elə isə, bu hədisdə, haramlığın, içkinin cüz/parçaların bütününü ehtiva etdiyinə dair çox sarih/açıq bir ifadə mövcuddur.

7. Əbu Davud'un, Şəhr b. Həvşəb'dən ---> onun da ümmü Sələmədən rəvayət etdiyinə görə, ümmü Sələmə belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), sərxoşluq verən hər şey ilə, müfəttir hər şeydən ümmətini nəhy etmişdir."

Xattabi, belə deyir:

"Müfəttir, orqanlarda keyiməyə səbəb olan şeydir."

Şübhəsiz ki, bu, bütün içki növlərinə şamil olmaqdadır.

Bax zikr etdiyimiz bütün bu hədislər, sərxoşluq verən hər şeyin "xamr", bundan dolayı da haram olduğuna dəlalət etməkdədir.

--------------------------------------

B. "Xamr"ın, sərxoşluq verən şey mənasına gəldiyi haqqında lüğət biliyi:

Hər sərxoşluq verən şeyin "xamr" (içki) olduğuna dair kəlimə iştiqaqı (bir kökdən ayrılan kəlimələrin əslləri və bir-birilərilə olan münasibətləri, meydana gəlişləri) ilə bağlı dəlillər:

Dilçi alimlər, belə demişlərdir:

~ Bu xamr kəliməsinin əsas mənası- "örtmək" deməkdir.

~ Qadının başını örtdüyü üçün, baş örtüyünə- "ximar" deyilmişdir.

~ Ağac, çuxur və təpə kimi, insanın arxasına gizləndiyi şeylərə də, "xamər" deyilir.

~ "Qabın ağzını örtdüm." mənasına, "xamərtu ra'sə'l-inə" deyilir.

~ Şahidliyini gizləyən kimsəyə, "xamir" deyilir.

~ ibnu'l-Ənbari isə, belə demişdir:

"Ağlı bulandırdığı, yəni qarışdırdığı üçün, içkiyə, "əl-xamr" deyilmişdir. Necə ki, "xəstəlik ağlını qarışdırdı." mənasında, "xamərəhu'd-dəu" deyilir. (Şair) Küseyirə aid bu şer oxunur:

'Ağlı bulandıran bir dərd olmadan, nuş-i canlıqla yeyin.'

'Xaməras-səqamu kəbidəhu' : 'Xəstəlik ciyərini örtdü.' deyilir."

İbnu'l-Ənbari'nin zikr etdiyi bu misal, ilk məna ilə bağlıdır. Çünki bir şey, bir şey ilə qarışdığı vaxt, o, sanki onu örtmüş kimi olur.

Bax iştiqaq ilə bağlı bu açıqlamalar, "xamr"ın, ağlı örtən bir şey olduğuna və eyni şəkildə ağlı sərxoş edib pərdələdiyi üçün, "muskir" olaraq adlandırıldığına dəlalət edər.

İçki, bir şeyi örtmək mənasında istifadə olunan, "xamərahu xamran" : "onu örtdü" felinin məsdərilə mübaliğə ifadə etmək üçün isimləndirilmişdir.

Sözün özü budur:

"Xamr", sərxoşluqdur. Çünki sərxoşluq, ağlı örtər və onun nurunun (yəni gücünün) digər orqanlara çatmasına mane olar.

Bax bu iştiqaq ilə izahlar, "xamr" kəliməsinin, sərxoşluq verən hər şeyə dəlalət etdiyini göstərən ən qüvvətli dəlillərdəndir. Bu dəlilə, bir də saysız-hesabsız hədis də qatıldığında hal necə olar?!

"Bu, kəlimənin mənasını, qiyas yolu ilə ortaya qoymaqdır. Bu isə, caiz deyildir."

DEYİLƏ BİLMƏZ. Çünki biz deyirik ki:

Bu, bir kəlimənin mənasını, qiyas ilə ortaya qoymaq deyildir. Əksinə bu, iştiqaq ilə bağlı açıqlamalar vasitəsilə, kəlimənin daşıdığı mənanı müəyyənləşdirməkdir. Necə ki, əbu Hənifənin tələbələri:

"Nigah kəliməsinin əsl mənası, cima etmək (cinsi birləşmək)'dir."

deyirlər və bu mənanı, kəlimənin iştiqaqı ilə bağlı açıqlamalardan çıxarırlar.

Yenə, "savm" (oruc) kəliməsinin əsl mənasının, "əl çəkmək və geri durmaq" olduğunu söyləyirlər və bu kəlimənin istilahi/terminoloji mənasını da, iştiqaq ilə bağlı açıqlamalardan çıxarırlar.

c. Hər sərxoşluq verən şeyin "xamr" olduğuna dəlalət edən dəlillərdən biri də budur:

Muhamməd ümməti, "xamr" haqqında 3 ayət gəldiyində, bunlardan ikisində "xamr" kəliməsinin zikr edilmiş olduğunda icma etmişlərdir. Ayətlərdən:

• birincisi, bu ayətdir (Bəqərə/219);

• ikincisi, Maidə surəsindəki ayətdir (Maidə/90);

• üçüncüsü isə, özündə "sukəra" : "sərxoşlar" kəliməsi keçən Nisa surəsindəki 43-cü ayətdir:

...لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ...

"...sərxoş ikən, namaza yaxınlaşmayın..."

Bax bu, "xamr"dan muradın, sərxoşluq verən hər şey olduğuna dəlalət etməkdədir.

d. Xamr'ın haram qılınmasının səbəbi budur:

Ömər və Muaz:

"Ey Allahın rəsulu! Xamr, ağlı aparmaqda və malı tükəndirməkdədir. Bizə bu xüsusda bir hökm ver." demişlərdir.

Onlar, bu sözlərində, "xamr"ın ağlı aparması səbəbilə, Allah və rəsulundan fətva istəmişlərdir.

Bundan dolayı, bu mənada xamr/içkiyə bərabər olan hər şeyin:

~ ya xamr sayılması;

~ ya da bu hökmdə, "xamr" KİMİ sayılması

lazımdır.

e. Allah Taala, "xamr"/içkinin haram qılınma səbəbini, bu sözlərilə açıqlamışdır:

إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَ‌ٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ

"Həqiqətən, şeytan içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/91)

Şübhə yoxdur ki, şeytanın bu felləri, sərxoşluq ilə rabitələndirilmişdir. Aradakı bu rabitə, qətidir. Buna görə bu ayət, xamr/içkinin haram qılınmasının, onun sərxoş edici olması ilə bağlı olduğu xüsusunda bir nasdır.

Sərxoşluq verən hər şeyin "xamr"/içki olduğunu söyləməyin gərəkdiyi xüsusuna gəlincə, əgər belə deyilsə belə, bu hökmün sərxoşluq verən hər şeydə olması lazımdır. İnsaflı olan və inadı tərk edən hər kəs, bu açıqlamaların, bu görüşün isbatı xüsusunda son dərəcə açıq dəlillər olduğunu başa düşər.

Əbu Hənifə (rahmətullahi aleyh)'in dəlili də, bir neçə yöndəndir:

1. Allah Taala'nın:

وَمِن ثَمَرَ‌ٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَـٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا...

"Siz xurma ağacının meyvələrindən və üzümlərdən içki və xeyirli ruzi hazırlayırsınız..." (Nəhl/67) ayətidir.

Haqq Taala, içəcək şeylər və gözəl ruzilər hazırlamağımıza fürsət verərək, bizə lütf etmişdir. Biz onlardan içəcək şeylər və gözəl ruzilər hazırlayırıq. Bundan dolayı, onların mübah olması lazımdır. Çünki İlahi lütf, ancaq mübah şeylərdə olur. (Haşiyə)

-------------------------

Haşiyə:

Nəhl/67-dən əvvəl keçən 65 və 66-cı ayətlərdə də, Allah Öz lütflərini zikr etməkdədir. (Mal-qara və süd)

-------------------------

2. İbn Abbas (radiyallahu anh)'ın rəvayət etdiyi bu hədisdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Vida həcci ilində, Siqayə'yə gəlir və:

"Mənə içəcəyim bir şey verin." deyir. Bunun üzərinə ibn Abbas (radiyallahu anh):

"Sənə, evlərimizdə düzəltdiyimiz şiralardan (meyvədən hazırlanmış qatqısız, sərxoş etməyən içəcək)'dən verimmi?" deyə soruşur. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Hər kəsə verdiyinizdən verin."

buyurur. İbn Abbas (radiyallahu anh), ona bir stəkan şira gətirir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu qoxlayır, qaşlarını çataraq onu geri qaytarır. İbn Abbas (radiyallahu anh) da:

"Ey Allahın rəsulu! Sən Məkkəlilərin içəcəklərini xarab saydın." deyir.

Bunun üzərinə Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Stəkanı Mənə geri verin." deyir və gətirilincə, bir az zəmzəm istəyir. Bu zəmzəm stəkana əlavə edilir və Peyğəmbərimiz bunu içib belə buyurur:

"Bu içəcəklər sizə ağır gəldiyində, onun sərtliyini su ilə qırın." (Nəsai, Əşribə/48)

Bu hədis ilə belə istidlal edilir:

Peyğəmbərimiz, qaşlarını, ancaq gətirilən o içkinin sərtliyindən dolayı çatmışdır. Məşrubatı/içkini su ilə qarışdırmaq, hədisin də dəlalət etdiyi kimi, sərtliyini qırmaq üçündür. Necə ki, dəvənin sərxoşluğu və azğınlığı sırasında, "iğtiləmu'l-bəir" ifadəsi istifadə edilirsə, "iğtiləmu'ş-şərab" da, içəcək şeyin sərtliyi və şiddəti mənasındadır.

3. Səhabədən gələn xəbərlərə söykənmək də, üçüncü dəlildir.

• Əbu Hənifənin birinci dəlilinə belə cavab verilir:

Allah Taalanın:

"...onlardan içki və gözəl ruzi hazırlayırsınız..."

ayətindəki, "səkəran"/içki və "rizqan"/ruzi kəlimələri, müsbət cümlədə keçmiş olan nəkirə (qeyr-i müəyyən) kəlimələrdir.

Bundan dolayı, siz, nəyə görə bu içəcək şeyin və gözəl ruzinin, o "şira" olduğunu söyləyirsiniz?

Həm sonra da müfəssirlər, bu ayətin, "xamr"/içkinin haramlığına dəlalət edən digər 3 ayətdən əvvəl nazil olduğu xüsusunda icma etmişlərdir. O halda o 3 ayət, bu ayəti ya nəsx etmişdir, ya da təxsis.

• əbu Hənifənin dəlili olan hədisə gəlincə:

Bəlkə də bu hədisdə bəhs edilən şira, acılığı getsin deyə içinə xurma atılmış olan, beləcə də dadı bir az turşlaşmış olan bir su idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təbiəti isə, son dərəcə lətif idi. Bundan dolayı, Onun bu uca təbiəti, bu dada qarşı dura bilmədi və üzünü turşutdu. O stəkana zəmzəm qatmasının məqsədi isə, turşluğun və pis qoxunun ortadan qaldırılması üçün idi.

Xülasə, hər ağıllı kimsə bilir ki, bu qədər zəif bir istidlalla bizim zikr etdiyimiz dəlillərdən üz çevirmək, doğru deyildir.

• Səhabədən gələn xəbələrə gəlincə isə:

Bunlar da, bir-birilərilə ziddiyyət içindədirlər. Bundan ötürü, onları tamamilə bir tərafa qoyub, Allahın kitabının və rəsulunun sünnətinin zahirinə baş vurmaq lazımdır.

Bax "xamr"ın həqiqətinə dair söylənəcək sözlər, bundan ibarətdir.

-------------------------------------

İkinci məqam:

Bu ayətin, içkinin haram olduğuna dəlalət etdiyinin açıqlanması haqqındadır. Bunun izahı, bir neçə yöndəndir:

a. Ayət, "xamr"/içkinin günah ehtiva etdiyinə dəlalət etməkdədir. Özündə günah olan bir şeyi etmək isə:

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّىَ ٱلْفَوَ‌ٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَٱلْإِثْمَ وَٱلْبَغْىَ بِغَيْرِ ٱلْحَقِّ وَأَن تُشْرِكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًا وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf/33)

ayətinin dəlalət etdiyi kimi, HARAM'dır.

Beləcə, bu 2 ayətin nəticəsi, içkinin haram olduğuna bir dəlil olmuş olur.

b. "İsm", yəni günah kəliməsilə, bəzən cəza, bəzən də özü səbəbilə cəzaya layiq olan günahlar qəsd edilir. Hansı mənası qəsd edilirsə edilsin, "ism" kəliməsilə, ancaq haram qılınmış olan şeyin vəsf edilməsi doğru olur.

c. Allah Taala:

"...bunların günahları isə, faydalarından daha böyükdür..."

buyurmuş, beləcə, "ism"in (günahın), cəzadan üstün olduğunu ortaya qoymuşdur. Bu isə, o şeyin haramlığını gərəkdirir.

Buna görə, əgər:

"Ayət, içki içməyin tamamilə haram olduğuna deyil, onda bir günahın mövcud olduğuna dəlalət etməkdədir. Fərz edək ki, bu günah, haram olsun. O halda siz niyə:

'Özündə bu günah mövcud olduğu üçün, içki içməyin haram olması lazımdır?' dediniz?"

deyilərsə, belə cavab verərik:

Çünki bu ayətin enməsinə səbəb olan sual, mütləq olaraq "xamr"/içki haqqında soruşulmuşdur.

Allah Taala, onda bir günah olduğunu bəyan edincə, bundan bu günahın bütün hallarda bəhs mövzusu olduğu murad edilmiş olur. Beləcə, içki içmək, haram olmağı gərəkdirən bir günahı işləmiş olmağı ifadə edir. Haram qılınmış şeyi işləmək isə, haramdır. Bu səbəblə, içki içməyin haram qılınmış olması lazımdır.

Bu ayətin, içkinin haramlığına dəlil olmadığına söyləyənlər:

Bəzi alimlər, içkinin haramlığına, bu ayətin dəlalət etmədiyini söyləmiş və buna bir neçə yöndən dəlil gətirmişlərdir:

a. Allah Taala, içkidə, insanlar üçün bəzi faydaların mövcud olduğuni söyləmişlərdir. Haram olan şeydə isə, heç bir fayda olmaz;

b. Əgər içkinin haramlığına bu ayət dəlalət etmiş olsaydı, möminlər bu ayət ilə kifayətlənər, beləcə də, Maidə surəsindəki (90-cı) ayət ilə Nisa surəsindəki (43-cü) ayətin enməsinə gərək qalmazdı.

c. Allah Taala, içki və qumarda böyük bir günahın olduğunu xəbər vermişdir. Bu ifadənin müqtəzası/gərəyi, bu böyük günahın o 2 şey bərabər olduğu müddətcə bəhs mövzusu olduğudur. Əgər bu böyük günah, içkinin haramlığı üçün bir səbəb olmuş olsaydı, içkinin digər şəriətlərdə də haram olduğunu söyləmək lazım gələrdi.

• Bu kimsələrin birinci dəlilinə belə cavab verilir:

"Onda, dünyəvi müvəqqəti bir faydanın olması, haram qılınmasına mane deyildir. Hal belə olunca, qumar və içkidə hər hansı bir faydanın olması, onların haram qılınmalarına mane deyildir. Çünki "xas" olan bir hökmün doğruluğu, "amm"/ümumi olan bir hökmün də doğruluğunu gərəkdirir."

• Bunların ikinci dəlillərinə isə, belə cavab verilir:

"Biz, ibn Abbas (radiyallahu anh)'dan, bu ayətin içkinin haram qılınması xüsusunda nazil olduğunu rəvayət etmişdik. Sənin söylədiyin, bu ayətin içkinin haramlığına dəlalət etmədiyi görüşü isə, səhabədən rəvayət edilməmişdir. Əgər sənin dediyin kimi olsaydı, səhabələr, içkinin haramlığı xüsusunda, bu ayətdən daha qüvvətli bir ayətin endirilməsini istəmələri caiz olardı. Necə ki, İbrahim (əleyhissəlam), qəlb rahatı və tətminini artırmaq üçün, Allah Taaladan ölüləri diriltməsini görməyi istəmişdi."

• Bu görüşdə olanların üçüncü dəlilinə isə, belə cavab verilir:

"Allah Taalanın:

'...onlarda böyük bir günah vardır...'

buyuruğu, keçmişdən deyil, indiki haldan xəbər verməkdir. Bizə görə, Allah Taala, içki içməyin, onlar üçün o zamanda pis bir şey olduğunu, daha əvvəlki ümmətlər üçün isə, pis bir şey olmadığını bilirdi."

Bax bu mövzuda söylənəcək sözün tamamı, bundan ibarətdir.

-------------------------------------

✓ Dördüncü məsələ: Qumarın haramlığı

Alimlər, "məysir"/qumar kəliməsinin iştiqaqı xüsusunda bir neçə görüş üzərə ixtilaf etmişlərdir:

1. Müqatil, bu kəlimənin "yusr"/asanlıq kökündən olduğunu söyləmişdir. Çünki qumar, bir insanın əlindəki malını, yorulmadan və güc sərf etmədən, asanca və məşəqqət olmadan əlindən almaqdır. Ərəblər:

"Yəsirru lənə səmənə'l-cəzur", yəni: "bu kəsiləcək heyvanların pulunda, bizə asanlıq göstərin." deyirlər.

Yaxud da, bu kəlimə, "əl-yəsər"/zənginlik kəliməsindən meydana gəlmişdir. Çünki o, insanın pul qazanmasına səbəb ola bilər.

İbn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Cahiliyyə dövründə qumar oynayanlar, ailəsini və malını girov qoyardılar."

2. İbn Quteybə, belə deyir:

"əl-məysir": "bölüşmək" və "qisimlərə ayırmaq" mənasındadır.

"Bir şeyi bölüşdülər." mənasında, "yəssəru'ş-şəyə" deyilir.

Buna görə, kəsilən heyvanın özünə, "əl-məysir" deyilir. Çünki o, parçalanır və qisimlərə ayrılır. Bundan dolayı, o, sanki bölünmənin, üzərində aparıldığı bir yer kimidir. Qəssaba da, kəsilən heyvan ətini parçalayıb böldüyü üçün, "əl-yəsir" deyilir. Fal oxları çəkən və qurban parçaları sahiblərini bu şəkildə müəyyənlədirən kimsələrə də, "yəsirun" deyilir. Çünki bu kimsələr, bu yolla, kəsilmiş heyvanın ətini bölüşdürməkdədirlər.

3. Vahidi, bu kəlimənin, ərəblərin "vacib oldu", "bu şey mənə lazım oldu." mənasına gələn, "yəsiru yəsəra li həzəş-şəyu" - "məysiran" - "yusran" təbirindən alındığını söyləmişdir.

Buna görə, çəkilən fal oxları səbəbilə lazım gələn şeyə də, "yəsir" deyilir.

"Məysir" kəliməsinin iştiqaqına dair söylənəcək söz, bundan ibarətdir.

Cahiliyyədə qumarın necə olduğuna gəlincə, "əl-Kəşşaf" sahibi belə deyir:

"Ərəblərin 10 fal oxu olurdu...Bu oxlardan hər biri, kəsilən və 10 parçaya, yaxud da 28 parçaya bölünmüş olan heyvanın, müəyyən bir parçasına işarət etməkdə idi...Oxların hər biri "rəbatə" deyilən bir torbaya qoyulur, sonra torba, adil bir kimsəyə verilirdi. Daha sonra o kimsə, torbanı silkələyir, əlini içinə salır, ondan ad-ad hər kəsin adına bir ox çəkirdi. Hissə sahiblərindən adına ox çıxan kimsə, bu ox üzərində yazılı olan payını alırdı. Adına, üzərində "boş" yazılmış ox çıxan kimsə də, heç bir şey almazdı...Kəsilən bu heyvanın bütün pulunu da, bu kimsə ödəyirdi...Özünə pay çıxan kimsələr isə, bu paylarını kasıblara verər, ondan heç bir şey yeməz və bu etdiklərilə lovğalanar, bu qumarlarına qatılmayan kimsələri ayıblayar, onlara "əl-bərəm" adını verərlərdi.

---------------------------------------

✓ Dördüncü məsələ:

Alimlər, "məysir"/qumarın, "bu, müəyyən qumardırmı, yoxsa bütün qumar növlərininmi adıdır?" xüsusunda ixtilaf etmişlərdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Bu 2 zər (oyunun)'dan çəkinin. Çünki bunlar, əcəmlərin (ərəblərdən başqalarının) qumarıdır." (Müsnəd, 1/446) buyurduğu rəvayət edilmişdir.

İbn Sirin, Mücahid və Ata'dan, özündə (itirmə) riski olan hər şeyin, hətta uşaqların qozla oynadıqları oyunların da qumar olduğunu söylədikləri rəvayət edilmişdir.

Şahmat xüsusunda, Əli (radiyallahu anh)'ın:

"Nərd və şahmat, qumardır." dediyi rəvayət edilmişdir.

İmam Şafi (rahmətullahi aleyh)'in:

"Şahmat, girov qoymaq, pis söz söyləmək və namazı unutdurmaq kimi şeylər olmazsa, (bu), haram olmaz. Qumar hökmünün xaricinə çıxar. Çünki qumar, mal alıb-verməyi gərəkdirir. Bu şəkildəki şahmat isə, belə deyildir. Bu səbəblə də, qumar sayılmaz."

dediyi rəvayət edilmişdir. Allah, ən gözəl biləndir.

Dəvə və at yarışdırmaq isə, ittifaqla qumar deyildir. (Haşiyə: Lakin bunlar üzərinə pul qoymaq, bəhs oynamaq, qumardır.)

-----------------------------------------

Ayətdə keçən "böyük günah" ilə bağlı bir neçə xüsus vardır:

1. Ağıl, insanın ən üstün vəsfidir. İçki isə, ağlın düşmənidir. Ən şərəfli şeyə düşmən olan, ən dəyərsiz və alçaq olan şeydir. Bundan dolayı, içki içməyin ən pis və ən dəyərsiz bir iş olması lazım gəlir.

Bunun izahı belədir:

Ağla, bir növ, dəvənin cilovunun yerini tutduğu üçün, ağıl deyilmişdir. İnsanın təbiəti, onu pis bir iş görməyə dəvət etdiyi vaxt, ağlı, insanı o şeyə yönəlməkdən uzaq tutur (sanki ona bir cilov olur). İnsan içki içdiyi vaxt, pis fellərə dəvət edən təbiəti, özünə mane olan ağıldan qurtulmuş olur. İçkinin, insanı beləcə pis felə yaxınlaşdıracağı məlumdur.

İbn əbi'd-Dünya, qarşılaşdığı bu hadisədən söz açır:

Əlinə işəyən və əlini, dəstəmaz alır kimi üzünə sürtən bir sərxoş gördüm. O sərxoş:

"İslamı bir nur; suyu da təmiz və təmizləyici qılan Allaha həmd olsun." deyirdi.

Abbas ibn Mirdas'dan rəvayət edildiyinə görə, cahiliyyədə, ona:

"Niyə içki içmirsən? Çünki içki cəsarəti artırır."

deyirlər. O da, bu cavabı verir:

"Mən, cəhlimi, əlimlə alıb qarnıma doldurmaram. Bir qövmün ağası olaraq sabahlayıb, onların səfeh və alçağı olaraq axşamlamaq istəmirəm."

2. Allah Taala, şeytanın, içki səbəbilə:

~ insanlar arasına düşmənlik və kin saldığını;

~ Allahı zikr və namazdan uzaq qoyduğunu

bəyan etmişdir.

3. Bu günahın xüsusiyyətlərindən biri də budur:

İnsan, içkilə daha çox məşğul olub, ona özünü yaxşıca verdiyində, ona olan arzusu artır və nəfsinin ona olan həvəsi qüvvətlənir. Digər günahlarsa, belə deyildir.

Məsələn, insan bir dəfə zina etdiyi vaxt, onun bu işə qarşı arzusu zəifləyir. İnsan, zinanı daha çox etdiyində, bu zəifliyi çoxalır, istəksizliyi də içkinin əksinə, yaxşıca artır. Çünki insan içkiyə daha çox yönəldiyində, ona olan arzusu artır, rəğbəti də çoxalır.

İnsan, ara vermədən içkiyə davam edərsə, axirət və qiyaməti xatırlamaqdan üz çevirərək, bədəni ləzzətlərə dalmış olur və beləcə, Allahı unutmuş və Allahın özünü unutdurmuş olduğu kimsələrdən olur. (Haşiyə)

-----------------------------------

(Haşiyə:

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

"Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir." (Haşr/19)

----------------------------------

Qısacası, içki, ağlı yox edir. Ağıl yox olduğu vaxt, bütün çirkinliklər ortaya çıxır. Bundan dolayıdır ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"İçki, pisliklərin anasıdır." (Nəsai, Əşribə/44) buyurmuşdur.

-----------------------------------

Qumara gəlincə, ondakı günahlar, insanlar arasında düşmənçiliyə səbəb olur. Və yenə, insanlar arasında söyüşə, münaqişəyə, batil bir şəkildə mal əldə etməyə səbəbiyyət verdiyi üçün, düşmənçiliklər meydana gətirir. Çünki qumar oynayanın malı, başqası tərəfindən qarşılıqsız olaraq alındığı vaxt, bu, o kimsəni çox qəzəbləndirir. Yenə qumar, insanı Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşdırır.

Allah Taala'nın: "...insanlar üçün bəzi faydalar..." sözündə zikr etmiş olduğu faydalardan, içki ilə bağlı faydalar bunlardır:

İnsanlar, müxtəlif bölgələrdən içkilər gətirərək, ondan böyük kar/qazanc təmin edirlər. İçkinin müştərisi, içkinin qiyməti üzərində bazarlıq etməyincə (qiyməti endirmək kimi), ərəblər bu işi üstünlük sayırlardı. Bundan dolayı bu da, içki satanların karlarının çoxalmasına səbəb olurdu.

~ Zəif kimsəni qüvvətləndirməsi;

~ Yeməyi həzm etdirməsi;

~ Cimaya (cinsi münasibətə) kömək etməsi;

~ Hüznlü olanı təsəlli etməsi;

~ Qorxaq olana cəsarət verməsi;

~ Paxılı səxavətli etməsi;

~ Üzün rənginə canlılıq verməsi;

~ Canlılığı artırması;

~ Üstün gəlmək hissini artırması;

içkinin faydalarındandır.

Qumarın faydaları da bunlardır:

Qumar oynayan kimsə, qumar oynayıb fal çəkdiyi heyvanın ətindən yeməyərək, onu möhtaclara payladığı üçün, burda kasıblar üçün bir genişlik və fayda vardır.

Əbu Abdullah əl-Vaqidi'nin zikr etdiyinə görə, cahiliyyə ərəblərindən biri, bəzən bir məclisdə 100 dəvə üzərinə bu şəkildə qumar oynayar, beləcə o, heç bir yorğunluq olmadan və çətinlik çəkmədən böyük bir mal sahibi olar; sonra bu malı, möhtaclara paylayaraq, bundan şan-şöhrət qazanardı.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)

Read 2 times
In order to make a comment, please login or register