Quran Maddi Və Mənəvi Xəstəliklərə Şəfadır
Qurani-Kərim həm maddi, həm də mənəvi xəstəliklərə şəfadır. Maddi xəstəliklərə şəfa olması inkar edilməsi mümkün olmayan bir gerçəkdir.
Bəzi rəvayətlərdə də yer aldığı kimi şəxsən Rasulullah-sallalahu aleyhi və səlləm-Qur`anla ruqyə (oxuyub müalicə) etmiş, belə hallarda əshabını da Qur`an`dan istifadə etməyə təşviq etmişdir. Bir hədisində belə buyurur:
“İki şəfa qaynağını tərk etməyin: Bal və Qur`an. (İbn Macə, Tibb, 7)
Başqa bir hədisində isə belə buyurur:
“Fatihə surəsində hər bir xəstəliyə şəfa vardır”. (Darimi, Fəzailil-Qur`an, 12)
Qur`ani-Kərim əsasən mənəvi, ruhi (psixoloji) xəstəliklərə şəfadır. İnsanları cəhalət və azğınlıq qaranlıqlarından çıxarmaq üçün onların qəlblərini və beyinlərini müalicə edir. Çünki Rasulullah-sallalahu aleyhi və səlləm-Qur`an oxunanda qəlbə hüzur və təskinlik endiyini bildirmişdir. (bax: Buxari, Fəzailil-Quran, 11)
İsra surəsinin 82-ci ayəsində Qur`anın açıq-aşkar şəfa olduğuna diqqət çəkərək belə buyurulur:
“Biz Qur`an`dan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.”.
Bəli, Qur`an bütünlüklə ruhi xəstəliklər üçün bir şəfadır, insanlar onun sayəsində batil inanclardan, pis davranışlardan uzaqlaşaraq mənəvi sağlamlıq qazanırlar. Qur`ani-Kərim ilə təbərrük etmək, Fatihə surəsini xalis niyyətlə oxumaq da bəzi maddi və mənəvi xəstəliklərə şəfa vəsiləsidir. Elə bunun üçündür ki, əcdadımız hər bir məclisdə Fatihə surəsini oxumağa üstünlük vermişdir.
Böyük təfsirçi Fəxrəddin Razi yuxarıdaki ayə ilə əlaqədar bunları demişdir: “Qur`andan endirdiyimiz ayələrin hamısı möminlərin madi və mənəvi hər cür xəstəlikləri üçün şəfadır”.
Qur`an`ın mənəvi xəstəliklərlə əlaqəli müalicəsi iki şəkildə baş verir. Çünki mənəvi xəstəliklər iki cürdür:
1. Batil etiqadlar. İslamın təbliğinə uymayan hər inanc tərzi mənəvi bir xəstəlikdir. Bu məsələlərdə Qur`an həqiqəti dəlilləri ilə bərabər bildirərək, batil dinləri və cərəyanları ləğv etmiş, möminləri zəlalətdən qorumuşdur.
2. Əxlaqsızlıq. Qur`ani-Kərim bunu da açıqlayaraq möminləri əxlaqsızlığa düşməmələri üçün xəbərdar etmiş, gözəl əxlaqa, mənəvi kamilliyə dəvət etmişdir. Rasulullah-sallalahu aleyhi və səlləm-: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” deyərkən, qəsd etdiyi Qur`an əxlaqı olmuşdur.
Eyni zamanda Qur`ani-Kərim bədəni, qəlbi, əqli, ailəvi, ictimai nə cür xəstəlik olursa-olsun hamısına bir çarə və şəfadır. Möminləri hidayətə çatdıracaq, cənnətə aparan xüsusiyyəti ilə yanaşı onların dünyaya aid bütün dərdlərini də həll etmə özəlliyi vardır. Əgər cəmiyyət olaraq iqtisadi bir problem yaşıyırıqsa, əxlaqi yöndən cəmiyyətimizdə tənəzzül, evimizdə ailəvi bir sıxıntı və ya bir xəstə varsa, bu kitabla bərabər olmalı, onu çox-çox mütaliə etməli, anlamağa çalışmalı, həyatımızda tətbiq edərək problemlərimizi həll etməyə çalışmalıyıq.Unutmamalıyıq ki, Quransız bir həyat zərərdir, Quransız bir həyat xüsrandır, Quransız bir həyat itgidir. İçində Quranın olmadığı bir ailə, bir ev, bir cəmiyyət dərdlidir, sıxıntılıdır və problemlidir.
Ruhul Bəyan təfsirində Quranın maddi və mənəvi dərdlərə şəfa olması belə izah edilir: “Qurani-Kərim möminlərin dini həyatlarını düzəltmək və onları islah etmək xüsusunda xəstələrə verilən şəfalı dərman kimidir”.
Təfsirçi mərhum Almalılı Həmdi Yazır Əfəndi isə bu ayəni açıqlayarkən: “Burada dünya cürbəcür xəstəlik və bəlalarla dolu xəstəxanaya, Peyğəmbər-sallalahu aleyhi və səlləm-təbibə, ilahi kəlam isə şəfalı dərmanlara və qidalara bənzədilmişdir”, -deyərək belə davam edir: “Qur`ani-Kərim hər cür şübhələrə, nifaq, küfr, şirk, zülm, düşmənçilik, ehtiras, ümidsizlik, tənbəllik, cəhalət, təəssüb və pis niyyət kimi əxlaqi, ictimai, ruhi xəstəliklərə şəfa və rəhmətdir”.
Elə isə gəlin Uca Rəbbimizin müqəddəs kəlamına qulaq verək. Maddi və mənəvi kirlərdən və xəstəliklərdən təmizlənmək üçün Qur`anla həmhal olaq. Bu mübarək Ramazan ayında Qur`anla bərabərliyimizi artıraq. Müqabilələrdə-Qur`an tilavətlərində iştirak edək, gözümüz, qulağımız, beynimiz və qəlbimiz Qur`andan öz nəsibini alsın. Bəlkə beləliklə maddi və mənəvi xəstəliklərdən sağalar və Ramazandan paklanmış olaraq çıxarıq.
Rəbbim bütün müsəlmanları və cəmiyyətimizi Qur`ani-Kərimin nurlu youndan ayırmasın! Amin!
Müəllif: Aqil Əliyev
- RAMAZAN FÜRSƏTİ
- İçtihad Nədir? Şərtləri nələrdir?
- RAMAZAN VƏ QUR`AN
- Duha və Əvvabin Namazları
- Namazın fərdi və ictimai faydaları nələrdir
- Heyz müddətində Qurani-Kərim, salavat və s. oxuna bilərmi
- Namaz qılmayan uşaq döyülərmi?
- Mənəvi Qazanc Fürsəti: Ramazan
- Quran oxumanın əhəmiyyəti nədir, ədəbi necədir?
- Təvafda yeddi dəfə dönmənin hikməti nədir? Təvafın mənası nədir?