Qurandakı xitabların daha çox kişi cinsində gəlməsi, kişilərin qadınlardan üstün tutulması deməkdir?
İslamda, qadının mövqeyi haqqında edilən haqsız şikayətlərdən biri də, ərəb dilinin və dolayısı ilə vəhy dilinin, müzəkkər (kişi cinsi) bir dil olduğu və bu hal ilə də, qadını, ikinci mərtəbədə dəyərləndirdiyi iddiasıdır. Bu yazıda, biz, bunun üzərində duracağıq.
I. Ərəb dilində cinsiyyət:
Ərəb dilində,
~ biri, sadəcə müənnəs (qadın cinsi);
~ digəri də, həm müənnəs, həm müzəkkər bərabər
olmaq üzərə, 2 cür xitab tərzi vardır.
Burda diqqət edilməsi lazım gələn əhəmiyyətli bir cəhət, qadınlara aid fərdi və ya ictimai xüsusi bir hal xaricində, Quran xitabı formasının, müzəkkər olaraq gəlməsidir ki, buna, ərəb dilində, "tək ləfzlə ikisindən də bəhs etmək" mənasında "təğlib metodu" deyilməkdədir. Məsələn:
~ əbu Bəkr və Ömər üçün - "əl-Uməran", yəni, 2 Ömər;
~ azan və iqamə üçün - "əl-əzənən", yəni, 2 azan;
~ şəms (günəş) və qamər (ay) üçün - "əl-qaməran", yəni, 2 ay
deyildiyi kimi.
Digər bir ifadə ilə, bu qayda daxilində müzəkkər formadan gəlmiş olan isim, damir (şəxs əvəzliyi) və ya fel kimi bütün kəlimə növləri, əslində müənnəs olan və qadına dair halları da ehtiva etməkdədir. Bu səbəbdən dolayı, Quranda, "yə əyyuhəlləzinə əmənu = ey iman edənlər" ləfzi, kişilərə aid olan "əlləzinə" ismu'l-mövsulu (haşiyə) ilə istifadə edilmiş; ancaq, kişilərlə bərabər qadınları da qəsd etmişdir.
-----------------------
(Haşiyə:
İsmu'l-mövsul, dilimizdə, nisbi əvəzliklər deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:
الرجل الذ ي خرج من الفصل مدرس
Ər-raculu əlləzi xaraca minə'l-fasli mudərrisun.
Yəni:
Kişi, hansı ki sinifdən çıxdı, müəllimdir.
Burda, "əlləzi", yəni, "hansı ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.
Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/hansı ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.
Nisbi əvəzliklər:
~ kişi cinsində təkdə: əlləzi;
~ qadın cinsində təkdə: əlləti;
• kişi cinsi cəmdə: əlləzinə (hansılar ki);
• qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".
----------------------------
Bu xüsusda,
~ imam Xattabi, "Məalimu's-Sünən" adlı əsərində (l, 161), belə deyir:
"Xitab, müzəkkər ləfzilə gələrsə, (sadəcə qadınlarla bağlı bir məhdudiyyətə işarət edən yerlər xaricində), qadınları da ehtiva edir."
~ ibn Hazm da, mövzu ilə bağlı olaraq, belə deyir:
"Kişi və qadınlara bərabər xitab edildiyi və ya onlar haqqında bir xəbər nəql edildiyində, sadəcə müzəkkər xitab şəkli və üslubu istifadə edilir. Ərəb dilində, bu mövzuda, heç bir ixtilaf yoxdur. Ərəbcədə, bu mövzuda, qadınları bir tərəfə qoyaraq sırf kişilərə xüsusi bir xitab tərzi, bəhs mövzusu deyildir." ("əl-İhkam", lll, 80)
~ ibnu'l-Qayyim də, belə deyir:
"(Bəhsi keçən) hökmlər mütləq olduğunda, müənnəs də əlavə edilmədən, müzəkkər forma ilə xitab edilir və müənnəs də, bu xitabın içində qəsd edilmiş olur." ("İ'ləmu'l-Muvəqqiin", l, 92)
~ Zəbidi, belə deyir:
"Ərəb dilində, müzəkkərin müənnəs üzərinə təğlib etməsi, bilinən bir qaydadır." ("Tacu'l-Arus", Vlll, 146)
------------------------------------
Il. Quranda müştərək xitablar:
Ərəb dilində olduğu kimi; Quranda da, daha çox, müştərək xitab hakimdir. Uca Allah, bir məsələ haqqında danışarkən, ərəb dilinə uyğun olaraq digər dillərdə olduğu kimi, sadəcə bir tək forma ilə kifayətlənmişdir. Məsələn:.
~ "Hudən li'l-muttəqin = (O), möminlər üçün hidayətdir." (Bəqərə/2);
~ "Və bəşşiri'l-mu'minin = Möminləri müjdələ" (Bəqərə/97);
~ "Və bəşşiri's-sabirin = Səbr edənləri müjdələ" (Bəqərə/155) və s.
Bu ayələrdə, xitab, müzəkkərdə olsa da, müənnəsi də ehtiva etməkdədir.
Ərəb dilinin bu xüsusiyyətini bilməyən biri, Quranın, qadını muxatab almadığı iddiasına düşə bilər. Halbuki Quran, qadın və kişinin hər ikisi haqqındakı məsələlərdə, ortaq bir istifadə olaraq, kişi cinsini istifadə etməkdədir.
Ancaq, aşağıdakı nümunələrdə də görüləcəyi üzərə, kişi və qadını ayrı-ayrı maraqlandıran xüsusi məsələlərdə, kişi və qadın cins isimlərini ayrı-ayrı istifadə edərək, bu xüsusiliyə diqqət çəkir. Belə ki:
~ "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar." (Hucurat/11);
~ "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar." (Nur/30-31)
Dilimizdə "kişi" mənasına gələn "racul" kəliməsi, aşağıdakı nümunələrdə bildirəcəyimiz kimi, qadınları da əhatə etməkdə; bu kəlimə, həm qadın, həm də kişi bərabər olaraq "insan" mənasında istifadə edilməkdədir. Sadəcə kişilərin qəsd edildiyinə dair, eyni ifadədə "adamlar" ləfzinin yanında "qadınlar" ləfzinin də istifadə edilməsi kimi bir qərinə/ipucu mövcud olmadıqca, sadəcə kişi qəsd edilməz; hər iki cinsi də əhatə edər. Məsələn:
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِ...
Mə cəaləllahu li raculin min qalbeyni fi cəvfihi...
Yəni:
"Allah, bir adamın içində, 2 qəlb yaratmamışdır." (Əhzab/4)
Diqqət edilsə, ayədə, "racul = kişi" kəliməsi keçdiyi halda; qadınların da bu kişi kəliməsi içində yer aldığı görünür. Qadınların 2 qəlblə deyil, kişilər kimi 1 qəlblə yaradıldığını, hər halda izah etməyə ehtiyac yoxdur.
...فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ
Fihi ricalun yuhibbunə ən yətətahhəru. Vallahu yuhibbu'l-muttahhirin.
Yəni:
"Orada təmizlənməyi sevən adamlar vardır. Allah da, təmizlənənləri sevir." (Tövbə/108)
---------------
Ill. Quranın üslubunda hədəflənən xüsusi məqsəd:
Quran, bildirmək istədiyi məqsədi, seçmiş olduğu kəlimələrlə vurğulamaqdadır. Seçilmiş hər bir kəlimənin bir mənası olduğu kimi; bu kəlimənin morfoloji quruluşunun da, verilmək istənilən mesaja bir qatqısı bəhs mövzusudur. Quran, vermək istədiyi dərsi, bu xüsusiyyətləri istifadə edərək təqdim etməkdədir. Məsələn, ərəb dili qrammatikası qaydalarına görə, fel cümləsinin (yəni, fellə başlayan cümlənin) başında yer alan fel, sadəcə failinin müzəkkər və müənnəsliyi ilə münasibət içində olması zəruridir. Ancaq bu hal, aşağıdakı nümunələrdə görüləcəyi üzərə, Quranın vurğulamaq istədiyi mesaj üçün, dəyişə bilməkdədir. Məsələn:
وَقَالَ نِسْوَةٌ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَـٰلٍ مُّبِينٍ
Və qalə nisvətun fi'l-mədinəti...
Yəni:
"Şəhərdəki qadınlar dedilər: 'Zadəgan kişinin arvadı, cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük." (Yusuf/30)
Bu ayədəki "qalə = dedi" feli, müfrəd (tək hal) və müzəkkər üçün istifadə edilən bir feldir. Ərəb dilində, müfrəd və müənnəs üçün bir fel forması da mövcud olsa da (yəni, qalət = qadın dedi), bu ayədə, danışanlar qadınlar olduğuna baxmayaraq, kişilər üçün istifadə edilən fel forması gətirilmişdir.
--------------
Bütün bunlarla bərabər, yenə Quranda, Kəhf surəsi 46-cı ayə və bənzərlərində, "oğul" övladlar zikr edildiyi halda, qız övladdan çox vaxt bəhs edilmir. Belə ayələrə də, yuxarıda izah etdiyimiz şəkildə baxılmalıdır.
----------------------
----------------------
Əlavələr:
Təğlib nədir?
Təğlib'in:
✓ Lüğət mənası, "üstün tutmaq", "üstün etmək" deməkdir. Ərəb dili qrammatikasında isə, bir üslubdur və əsasən, "təsniyə" (ikilik halda) və cəmdə istifadə olunur.
✓ İstilahi (terminoloji) mənası isə: "təsniyə və cəmdə gələn bir sözü, digərindən üstün tutmaqla qrammatik xüsusiyyətləri üstün tutulan ismə görə müəyyənləşdirmək" deməkdir.
• Cəmdə:
1. Müzəkkər (kişi cinsindən gələn bir söz, sayca azlıq təşkil etməsinə baxmayaraq), müənnəsdən (qadın cinsində gələn bir sözdən);
2. Aqil (ağıllı) isim isə, qeyr-aqil isimdən
üstün tutulur və qrammatik xüsusiyyətlər, üstün tutulan sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)
Bildiyimiz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əhl-i beytinə, həm qadınlar (Fatimə və Peyğəmbərin xanımları kimi), həm də kişilər (Əli və nəvələri Həsən və Hüseyn kimi) daxildirlər. Allah Taala, bu ayənin əvvəlini, qadınlara müraciətlə (fi buyutikunnə, yəni siz qadınlar, öz evlərinizdə) başlasa da, ayənin sonunda "ankum/sizdən" sözündə müzəkkər cəm damir (şəxs əvəzliyi) ilə bitirdi.
Quranda, Allahın iman gətirənlərə kişi cinsində xitab edərək, "yə əyyuhə'l-ləzinə əmənu/ey iman edənlər" deməsi də, təğlib üslubundadır.
~ İkinciyə misal:
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Allah, hər bir canlını, sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur/45)
Bu ayədə, "canlı" sözü, bütün məxluqlara şamil edilir. Bildiyimiz kimi, ərəb dilində, qeyr-i aqil isimlərin cəmi, qadın cinsinin qrammatik xüsusiyyətlərini kəsb edir. Ayədə isə, "minhum/onlardan" sözündəki damir (şəxs əvəzliyi), lll şəxsin cəmini bildirir.
-----------------------
• Təsniyədə (ikilik halda) isə:
1. Müzəkkər, müənnəsdən;
2. Daha şöhrətli və ya daha hörmətli olan, nisbətən az tanınandan və ya az hörmətli olandan;
3. Həcmcə böyük olan, kiçik olandan üstün tutulur
və müxtəlif formalarına baxmayaraq, təsniyə şəkilçisi olan "ənu", üstün tutulan sözə qoşulur və qrammatik qaydalar da, bu sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Günəş və ay, Allahın ayələrindən 2 ayədir. Onlar, heç kimin ölümü və həyatı üçün, tutulmazlar. Siz, onları gördüyünüzdə, Allaha dua edib, təkbir gətirin, namaz qılın və sədəqə verin."
Bu hədisdəki "lə yənxəsifəni/tutulmazlar" feli, günəş və aya aiddir. Ərəb dilində, günəş, müənnəs; ay isə, müzəkkər bir isimdir. Bu fel isə, müzəkkərdə gəlmişdir. Buna səbəb, "təğlib" üslubudur.
Həmçinin, ata və anaya "əbəvən" deyilməsi də, bu səbəbdəndir. (Ərəb dilində, əb, ata; umm isə, ana deməkdir. Ata-ana bərabər zikr edildiyində, "əbəvən" sözündən də göründüyü kimi, əb kəliməsi üstün götürülmüş, umm isə zikr edilməmişdir.)
~ İkinciyə və üçüncüyə misal:
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ
"2 dənizi qovuşmaq üzərə buraxmışdır."
Bu ayə, həcmcə böyük olanın, kiçik olandan üstün tutulmasına misaldır. Burda, "dəniz" və "çay", bir kəlimə olaraq "bəhreyn" deyə keçməkdədir. Hərfi tərcümədə, "2 dəniz" deyə zikr edilməkdədir. Halbuki, "bəhr" kəliməsi, daha çox dəniz kəliməsi üçün istifadə edilməkdədir.
