Quranın 7 hərf üzərinə nazil olması (1)
4991 - ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Cəbrail, Quranı, Mənə, 1 hərf üzərə oxutdu. Ondan bunu artırmasını istədim. O da, artırdı. Nəhayət, 7 hərflə tamamlandı."
--------------------------------------
4992 - Rəvayət edilir ki, Ömər b. Xattab (radiyallahu anh), belə demişdir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sağlığında, mən, Hişam b. Həkim b. Hizam'ın, "əl-Furqan" surəsini oxuduğunu eşitdim və diqqətlə, onun oxuduğuna qulaq asmağa başladım. Baxdım ki, o, (bu surəni), başqa-başqa hərflərlə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bizə oxutmadığı bir üslubla oxuyur. Mən, onu, elə namazda ikən yaxalamaq istədim, lakin səbr etdim. Nəhayət, o, salam verib (namazı bitirdikdə), mən, onun yaxasından yapışıb, soruşdum:
"Eşitdiyim bu surəni, sənə bu cür oxumağı kim öyrədib?"
- (O, belə) dedi: "Bu surəni, mənə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), öyrədib."
- (Ona belə) dedim: "Yalan danışırsan. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu surəni mənə, sənin oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib."
Sonra mən, onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına apardım və dedim:
"Mən, bunun, Furqan surəsini, başqa hərflərlə və Sənin bizə öyrətmədiyin bir üslubla oxuduğunu eşitdim."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Burax onu (ey Ömər)! (Sən də) oxu, ey Hişam!"
Hişam, (bu surəni), ona, mənim (ondan) eşitdiyim şəkildə oxudu.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Bu surə, (Mənə), bu cür nazil olmuşdur."
- Sonra O: "(İndi isə), sən oxu, ey Ömər!" deyə buyurdu.
Mən də, (bu surəni), Onun mənə öyrətdiyi şəkildə (qiraətlə) oxudum.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Bu surə, (Mənə), bu cür nazil olmuşdur. Həqiqətən, bu Quran, 7 hərf üzərə nazil oldu. Odur ki, hansı sizə asan gəlirsə, onu oxuyun!"
--------------------------------------------
İzahı:
Quran, 7 vəch (yön, cəhət) üzərə nazil olmuşdur. Quranı, bu vəchlərin hər birilə oxumaq, caizdir. Ancaq bu hədis, Quranın hər bir kəliməsinin, hər bir cümləsinin, 7 vəch üzərə endiyi mənasına gəlmir. Əksinə, bununla, bir kəlimə haqqında gələn qiraət sayının 7'yə tamamlandığı qəsd edilmişdir.
Hədisdə keçən 7-dən məqsədin, həqiqi mənada 7 olmadığı söylənmişdir. Bununla, asanlığın qəsd edildiyi iləri sürülmüşdür.
~ 7 ləfzi, tək rəqəmli (yəni, 1-dən 10-a kimi olan) saylarda, çoxluğu ifadə etmək üçün istifadə edilir.
Bənzər bir şəkildə,
~ 70 ləfzi, onluq saylarda;
~ 700 rəqəmi də, yüzlük saylarda, çoxluğu ifadə etmək üçün söylənir.
Yəni, bu ləfzlərlə, müəyyən bir say qəsd edilməz. Qadı İyad və ona tabe olanlar, bu görüşü mənimsəmişlərdir.
------------------------------------------
Hicazlılar, "xəta etdin" yerinə, "yalan danışırsan" deyirlər.
-----------------------------------------
"...hansı sizə asan gəlirsə, onu oxuyun!" ifadəsi: "Nazil olan hərflərdən hansı sizə asan gəlirsə, onu oxuyun!" mənasına gəlir.
Hədisin bu qismində, Quranın 7 hərf üzərə nazil olmasının hikmətinə işarət edilmişdir. Bunun, oxuyucu üçün asanlıq olduğu bildirilmişdir. Bu da,
~ 7 hərfdən məqsədin, eyni ləhcə içində olsa belə, Qurani mənaları, eyni (mənalı) ləfzlərlə ifadə etmək olduğunu iddia edənlərin görüşünü dəstəkləməkdədir. Çünki Hişam, Qureyş ləhcəsini istifadə edirdi. Eyni şəkildə, Ömər də bu ləhcəni istifadə edirdi. Buna baxmayaraq, ikisinin qiraəti də, fərqlilik göstərmişdir.
Bu xüsusa, ibn Abdi'l-Bərr diqqət çəkmişdir. O, elm əhlinin əksəriyyətindən, 7 hərfdən məqsədin bu olduğu görüşünü nəql etmişdir.
~ əbu Ubeyd və digərləri isə, 7 hərfdən məqsədin, fərqli ləhcələr olduğunu iləri sürmüşdür. İbn Atiyyə də bunu tərcih etmişdir. Ancaq ərəblərin 7-dən çox ləhcəyə sahib olduğu bildirilərək, bu görüşə etiraz edilmişdir. Cavab olaraq isə, fasih olan (ləhcə)'lərin sayının 7 olduğu deyilmişdir.
Əbu Şamə, bir alimin belə dediyini nəql etmişdir:
"Quran, ilk əvvəl, Qureyş və onlara qonşu olan fasih ərəblərin ləhcəsi üzərinə nazil oldu. Daha sonra, ərəblərin öz ləhcələrilə Quran oxumalarına icazə verildi. Bəhs mövzusu bu ləhcələr arasında isə, ləfz və e'rab fərqlilikləri mövcud idi."
Mənim (Asqalani'nin) qənaətinə görə, bu söz, bu şəkildə tamamlanır:
Bu icazə, insanların arzusuna buraxılmamışdır. Yəni, hər kəs, öz başına, Quran kəlimələrini, öz ləhcəsindəki eyni mənalı ləfzlərlə dəyişdirmirdi. Əksinə, bu mövzuda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidilənlər diqqətə alınırdı. Necə ki, bu mövzuda zikr edilən hədisdə, həm Ömərin, həm də Hişamın, "Mənə, bunu, Allah rəsulu öyrətdi." deməsi də, buna işarət etməkdədir.
İbn Quteybə, "Müşkilu'l-Quran" adlı kitabının baş tərəflərində, belə deyir:
"Allahın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, Quranı, hər qövmün öz ləhcəsinə görə oxumasını əmr etməsi, bu ümmətə göstərdiyi asanlıqlardan biridir. Bu sayədə:
~ Huzeyl qəbiləsinə mənsub biri, "hətta hinə" ifadəsini, "attə hinə" şəklində;
~ Əsəd qəbiləsinə mənsub biri, "ti'ləmunə" kəliməsini, ilk hərfin hərəkəsini kəsrəli olaraq (yəni, ti'ləmunə) şəklində;
~ Təmim qəbiləsinə mənsub olan biri, həmzəli;
~ Qureyşlilər isə, həmzəsiz
olaraq, oxuya bilməkdədirlər.
Əgər Allah Taala, hər qəbilənin öz ləhcəsindən vaz keçməsini; uşaq, gənc və yetkin ikən istifadə etdikləri ləhcələrini bir tərəfə buraxmalarını istəsəydi, bu, insanlar üçün, son dərəcə çətin olardı. Bu səbəbdən, lütfü ilə onlara asanlıq göstərdi."
İbn Quteybə və başqaları, hədisdə bəhsi keçən 7 rəqəmini, bu 7 xüsusda meydana gələn fərqli vəchlərə (yönlərə, cəhətlərə) həml etmişlərdir:
1. Surəti və mənası dəyişmədən, hərəkəsi dəyişən vəch.
Buna:
...وَلَا يُضَآرَّ كَاتِبٌ وَلَا شَهِيدٌ...
...Və lə yudarra kətibun və lə şəhidun...
"...yazana da, şahidə də əsla zərar verilməsin..." (Bəqərə/282) ayəti, nümunə olaraq verilə bilər.
Bu ayətdə keçən "yudarra" kəliməsindəki "ra" hərfi, həm "yudariru", həm də "yudararu" şəklində oxunmuşdur. (Haşiyə)
--------------------------------------
(Haşiyə:
İmam Razi, Bəqərə/282 ayətini təfsir edərkən, ayətin bu qismi haqqında, belə deyir:
Bil ki, bunun:
1. Katib və şahidi, özünə borc ödəniləcək şəxsə zərər verməkdən nəhy (çəkindirmək) mənasına gəlməsi, möhtəməldir.
~ Katibin zərər verməsi: borcu, çox və ya az yazması; və yaxud yazarkən də, ehtiyatı tərk etməsilə səbəbilə olur.
~ Şahidin zərər verməsi isə: ya heç şahidlik etməmək; və ya işə yaramaz bir şəkildə şahidlik etməsilə olur.
Bu, Hasan əl-Basri, Tavus və Qatadə'nin görüşüdür.
2. Haqq sahibi katib və şahidə, onları (yəni katib və şahidi) zərərə salmaq və ya mühim işlərdən uzaqlaşdırmaq surətilə, zərər verməkdən nehyi ifadə etməsi də, möhtəməldir.
Bu isə, ibn Məsud, Ata və Mücahid'in görüşüdür.
Bil ki, hər 2 ehtimal da, ərəb dili cəhətindən mümkündür. Bu 2 ehtimal, ayətdəki "lə yudarra" felindəki idğama söykənir.
----------------------------
(İdğam: lüğətdə, "örtmək, bağlamaq" mənasındakı dağm kökündən meydana gələn və "bir şeyi, digər bir şeyin içinə qatmaq, çeynəmədən udmaq, burnundan danışmaq" kimi mənalara gələn "idğam",
• "məxrəc və sifətləri eyni (misleyn); və ya
• məxrəcləri eyni, sifətləri ayrı (mütəcaniseyn); yaxud da
• məxrəc və sifətləri yaxın (mütəqaribeyn)
olan 2 hərfdən birincisini, ikincisinə qataraq tələffüz etmək" mənasında istifadə edilir. Bəhs mövzusu 2 hərfdən birincisinə - mudğam; ikincisinə isə - mudğamun fih deyilir.
----------------------------
• Birinci ehtimal: kəlimənin əslinin, ilk ra hərfinin kəsrəsi ilə "lə yudariru" şəklində olmasına söykənir. Buna görə, katib və şahid, zərərin faili olurlar (yəni, katib və şahid, özünə borc ödənəcək şəxsə zərər verən olurlar).
• İkinci ehtimal isə: kəlimənin əslinin, birinci ra hərfinin fəthəsilə "lə yudararu" şəklində məchul olmasına söykənir. Buna görə, katib və şahid, zərərin məfulu (yəni, katib və şahid zərər çəkmiş) olurlar.
Bu Bəqərə/282'dəki ayətin bu qismin bir bənzəri də,
...لَا تُضَآرَّ وَٰلِدَةٌۢ بِوَلَدِهَا...
...lə tudarra vəlidətun bi vələdihə..."
"...ana, uşağı ucbatından zərərə uğradılmasın..." (Bəqərə/233) ayətidir.
Biz, bu ayəti təfsir edərkən, bu "tudarra" ləfzini, yaxşıca açıqladıq.
Zikr etdiyimiz bu 2 ehtimalın (yəni, həm katib və şahidin zərərə uğradılması; həm də katib və şahidin, özünə borc ödəniləcək şəxsi zərərə uğratması)'nın dəlili:
~ Ömər (radiyallahu anh)'ın, bu ifadəni, idğamsız və birinci ra'nın kəsrəsilə "lə yudariru" şəklində;
~ ibn Abbas (radiyallahu anh)'ın isə, yenə idğamsız, lakin birinci ra'nın fəthəsilə "lə yudararu" şəklində oxumuş olmalarıdır.
• Zəccac, birinci görüşü (yəni, "katib və şahid, özünə borc qaytarılması olan şəxsə zərər verməsin" görüşünü) tərcih etmiş və buna, ayətin davamındakı:
"Əgər bunu edərsənizsə, o, sizin üçün bir fisqdir." buyuruğu ilə istidlal edərək, belə demişdir:
"Fisq isminin (fasiqlik ünvanının), borc sahibinin haqqının tamamilə zay olması üçün yazını təhrif edən katib ilə şahidlik etməyən şəxsə verilməsi; (bu fasiq ünvanının) katib ilə şahidə zərər verən kimsəyə verilməsindən daha uyğundur.
Bir də ki, Haqq Taala, şahidlik etməkdən çəkinən kimsələr haqqında,
...وَلَا تَكْتُمُوا۟ ٱلشَّهَـٰدَةَ ۚ وَمَن يَكْتُمْهَا فَإِنَّهُۥٓ ءَاثِمٌ قَلْبُهُۥ...
Və lə təktumu'ş-şəhədə. Və mən yəktumhə, fəinnəhu əsimun qalbuhu.
"...Şahidliyi gizlətməyin. Kim onu gizlədərsə, şübhəsiz ki, qəlbi günahkardır..." (Bəqərə/283) buyurmuşdur ki, fasiq ilə "əsimun /günahkar"ın mənası isə, bir-birinə yaxındır.
• İkinci ehtimalı ("katib və şahidə zərər verilməsin" görüşünü) müdafiə edənlər isə, bu şəkildə dəlil gətirmişlərdir:
"Əgər bu, katib ilə şahidə bir xitab (yəni, "katib və şahid, özünə borc qaytarılması lazım gələn şəxsə zərər verməsin" şəklində) olsaydı, o vaxt, bunun:
"Siz ikiniz (yəni, həm katib, həm şahid), əgər bunu edərsənizsə, o, sizin üçün bir fisqdir." (Halbuki Bəqərə/283'də, sadəcə şahidlik zikr edilmişdir.) şəklində olması lazım gələrdi.
Bu, borcla alış-veriş edənlərə bir xitab olduğu üçün, katib və şahidə zərər verməkdən nəhy olunanlar (çəkindirilənlər) də, bunlardır.
Allah, ən doğrusunu biləndir.
(Haşiyə, burda bitir.)
--------------------------------------
2. Felin dəyişməsilə dəyişən vəch.
Buna:
...بَـٰعِدْ بَيْنَ أَسْفَارِنَا...
...Bəid bəynə əsfərinə...
"...səfərlərimizin arasını uzaqlaşdır..." (Səbə/19) ayəti nümunə verilə bilər.
Burdakı "bəid / uzaqlaşdır" feli, əmr şəklində oxunduğu kimi; "bəədə / uzaqlaşdırdı" olaraq keçmiş zaman feli şəklində də oxunmuşdur.
---------------------------
3. Nöqtəsiz hərflərə, nöqtə verilmək surətilə meydana gələn fərqli bir vəch.
Məsələn, "نُنشِزُهَا / onları bir-biri üstünə qoyur, bitişdirir" (Bəqərə/259) ayəti, buna nümunə olaraq verilə bilər. Bu ayətdə, "nunşiz" kəliməsinin son hərfi, həm nöqtəli (زُ / zə); həm də nöqtəsiz (ر / ra) şəklində oxunmuşdur. (Haşiyə)
-------------------------------
(Haşiyə:
...كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا...
Kəyfə nunşizuhə summə nəksuhə ləhmən.
"...(Sümüklərə bax, gör) Biz, onları, necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük..."
İmam Razi, ayətin təfsirində deyir:
Bu (nunşizuhə) kəliməsi, "nunşiruhə / açıb yayırıq" şəklində də oxunmuşdur. Fərra, belə deyir:
"Sanki o, büküldükdən sonra açılıb yayılmağa başlamışdır. Bu, belədir, çünki həyat sayəsində, alış-verişdəki canlılıq başlayır. Buna görə, o kimsə, ölü olduğu müddətcə, bükülüb qatlanmış kimi olmuş deməkdir. Lakin yenidən dirildilincə, bükülməsindən sonra, sanki yenidən yayılıb açılmış kimi olur."
Həmzə və Kisai, üstdən nöqtəli zə hərfilə, bu kəliməni, "nunşizuhə" şəklində oxumuşlardır ki, bunun mənası, "Biz, sümüklərin bir qismini, bir qismi üstünə bitişdiririk." şəklindədir. Bir şeyi "inşaz" etmək, "onu qaldırmaq" mənasındadır. Məsələn, "ənşəztuhu fənəşəzə", yəni, "Onu qaldırdım, o da qalxdı." deyilir. Yerdən çıxıb yüksələn şey üçün də, "nəşəzə" feli istifadə edilir. Özü ilə yola gedilə bilməyən qadın haqqında da "nuşuzu'l-mərati" təbiri də, "qadının, ərinə baş qaldırması" mənasındadır. Bu qiraətə görə (əgər söz, nunşizuhə şəklində oxunsa), ayətin mənası belə olacaq:
"Biz, onu, yer üzündən necə qaldırıb hər sümüyü bədəndəki yerlərinə qaytarır və sümükləri, üst-üstə inşa edirik..." deməkdir...
...Bütün qiraətlərə görə (yəni, həm nunşizuhə, həm də nunşiruhə şəklində oxunsa), bu təbirin mənası, belə olur:
"Allah Taala, sümükləri üst-üstə inşa etmiş; beləcə, bir nizam içində sümükləri bir-birilə bir araya gətirmiş; sonra bu sümüklər ətə bürünmüş; damarlar, sinirlər, ətlər və dərilər, bu bədən üzərində yayılaraq, bir qismi digərinə bitişmişdir."
Beləcə, bütün qiraətlər, bu mənanı meydana gətirmiş olurlar.
----------------------------------------
4. Məxrəc cəhətindən bir-birinə yaxın olan hərflərin dəyişməsilə meydana gələn vəch.
Buna:
وَطَلْحٍ مَّنضُودٍ
Və talhin məndudin.
"...salxım-salxım banan ağacları ." (Vaqiə/29) ayəti misal verilə bilər.
Əli (radiyallahu anh)'dan rəvayət edilən qiraətə görə, (bu ayət), "və talin məndudin" şəklində oxunmuşdur. (Haşiyə)
---------------------------------
(Haşiyə:
İmam Razi, ayətin təfsirində belə deyir:
Rəvayət olunduğuna görə, Əli (radiyallahu anh), bunu, "talhin" şəklində oxuyan birisini eşitmiş və "Talh, nədir? Bu, talin şəklindədir." demişdir. Bunun belə olduğuna dəlil olaraq da,
وَٱلنَّخْلَ بَاسِقَـٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ
Və'n-nəxlə bəsiqatin ləhə talun nədidun.
"Eləcə də, meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik." (Qaf/10) ayətini gətirmişdir.
"Bunun üzərinə, 'Mushafdakı şəkil, talhin' şəklindədir." deyildiyində isə, O, "Mushafları dəyişdirməyin (yəni, orda necədirsə, elə oxuyun!" demişdir.
İndi, biz, görürük ki:
Bu, həm Quranın möcüzə olmasının, həm də Əli (radiyallahu anh)'ın elminin genişliyinin dəlilidir.
~ Quranın möcüzə olmasına dəlil olması, belədir:
Əli (radiyallahu anh), fasih bir ərəb idi. Bunun o şəkildə oxunduğunu eşidincə, "talhin" kəliməsini, "talin" mənasına aldı və belə olması gərəkdiyini düşündü. Zehni, sürətlə mənaya keçdiyi üçün, kəlimələrin hərflərinin uzlaşdığını gördü. Sonra da, öz-özünə,
"Talhin' də, son dərəcə gözəl və uyğundur. Çünki Haqq Taala, bu ayətdə, həm kölgəsindən istifadə edildiyi üçün, yarpağı əsas alınan (banan) ağacını; həm meyvəsindən istifadə edildiyi üçün meyvəsi əsas olan (xurma) ağacını zikr etmişdir. Beləcə də, bu 2 cür ağacı zikr etmişdir." dedi.
Daha sonra ləfzin həqiqətindən xəbərdar olunca, bu ayətdə, "talh" kəliməsinin daha uyğun olduğunu başa düşdü və bunun (talhun'un), son dərəcə fasih zənn etdiyi (talin) kəliməsindən daha üstün olduğunu görərək,
"Mushaf, mənə, mənə daha gözəl görünəndən, daha gözəlini göstərdi. Dolayısı ilə, Mushaf, dəyişdirilə bilməz." dedi.
Bu xüsusu, bu da, qüvvətləndirməkdədir:
Əgər talhun kəliməsi, talin şəklində olsaydı, bu ayətdən sonra gələn "bir çox meyvə" ifadəsi (Vaqiə/32), faydasız təkrar olmuş olardı. Ancaq bu, 'talh' olunca, 'bir çox meyvə' ifadəsinin hikməti də, ortaya çıxar.
Biz, inşallah bunu açıqlayacağıq:
"Salxım-salxım olan, nədir?"
Deyirik ki:
Bu:
~ ya yarpaqlardır;
~ ya da meyvələrdir.
Ancaq görünən budur ki, "məndud / salxım-salxım" kəliməsilə, yarpaqlar qəsd edilmişdir. Çünki banan ağacı, təpədən aşağı, üst-üstə minmiş yarpaqlarla doludur və bu, eynilə, buğdanın, yarpaq-yarpaq üstünə olması kimidir. Gövdəsi, qalın; yarpaqları, yüksəkdədir; və bu, qamışda olduğu kimi, yarpaqların bir qismi qalır.
Bundan dolayı, dünyadakı banan ağaclarının yarpaq və budaqları arasında boşluqların və yarpaqsız yerlərin mövcud olması bəhs mövzusu olunca, bu deməkdir ki, axirətdəki banan ağaclarının yarpaqları, bir-birinə girmişdir və bunlar, çox yarpaqlı ağaclardır.
"Salxım-salxım" deyə bəhs edilən şeyin, cənnət meyvələri də olduğu söylənmişdir. Buna (məndud'un, salxım-salxım meyvələr olduğu görüşünə) görə, "talh" kəliməsinin özü, (banan) ağacı olduğuna görə, ağac, salxım-salxım olmaz. Salxım-salxım olan, olsa-olsa, onun meyvələri olar.
---------------------------
5. Təqdim və təxir (iləri və ya geri alaraq, kəlimə və ya cümlələrin yerini dəyişdirmək) ilə meydana gələn dəyişiklik ilə ortaya çıxan vəch.
Buna:
وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ...
Və cəət səkratul məvti bi'l-haqqi.
"Ölüm sərxoşluğu, haqq ilə gələcəkdir..." (Qaf/19) ayəti nümunə olaraq verilə bilər.
əbu Bəkr, Talha b. Musarrif və Zeynu'l-Abidin'in qiraətinə görə:
"Və cəət səkratu'l-haqqi bi'l-məvti / Ölüm ilə, o haqq sərxoşluq gələcəkdir." şəklində oxunmuşdur. (Haşiyə)
------------------------------------
(Haşiyə:
İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, ayəti təfsir edərkən, deyir:
~ Burdakı "haqq" kəliməsinin, "ölümün özü" olduğu da deyilmişdir. Ona:
1. Ya hər kəsin "haqq etdiyi, layiq olduğu bir hal" olduğundan;
2. Yaxud da, "ölüm səbəbilə insanın haqq yurda keçəcəyi"ndən dolayı bu ad verilmişdir.
Bu açıqlamaya görə, ifadədə, təqdim və təxir vardır. İfadənin təqdiri də, "Ölüm ilə, o haqq sərxoşluq gələcəkdir." şəklində olur.
əbu Bəkr və ibn Məsud'un (Allah, hər ikisindən də razı olsun) qiraətində də, bu şəkildədir. Çünki:
Sərxoşluq, haqqın özüdür. Ləfzlərin fərqliliyi dolayısı ilə, öz-özünə izafə edilmişdir.
~ Belə də açıqlanmışdır:
Bu qiraətə görə, "Haqq: Uca olan Allahın Özü" də ola bilər. Uca Allahın ölüm əmrinin gərəyi olan sərxoşluq gələcəkdir, demək olur.
~ Bir digər açıqlamaya görə:
"Haqq, ölümün özüdür. Ölüm sərxoşluğu, ölüm ilə gələcəkdir." demək olur.
Bu açıqlamanı, əl-Məhdəvi zikr etmişdir.
-------------------------------------------
6. Əlavə və əskiklik olması ilə fərqlilik ərz edən vəch.
Buna, Buxari'nin "Səhih"indəki "Təfsir kitabı"nda, ibn Məsud və əbu Dərda'dan nəql edilən rəvayət nümunə ola bilər. Necə ki, əskik qiraətə görə, Leyl surəsinin ilk 3 ayəti,
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ • وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ • وَٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ
"Və'l-ləyli izə yəğşə. Və'n-nəhəri izə təcəllə. Və'z-zəkəra və'l-unsə." şəklində oxunmuşdur. (Əlimizdəki Quranda isə, "və mə xaləqa'z-zəkəra və'l-unsə" şəklindədir.) (Haşiyə)
-------------------------------------------
(Haşiyə:
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ
Və mə xaləqa'z-zəkəra və'l-unsə. (Leyl/3)
əl-Həsən dedi:
Ayətin mənası, belədir:
"Kişini və qadını Yaradana and olsun. Beləliklə, Allah, Öz Zatına and içmiş olur."
Mənanın: "Və mə xaləqa'z-zəkəra və'l-unsə", yəni, "Kişi və qadın cinsindən yaratmış olduğu hər şeyə and olsun." şəklində olduğu da deyilmişdir ki, bu halda, (mə'dən) "min" təqdir edilməkdədir. Uca Allah, beləcə, Özünə itaət edən peyğəmbərlərinə və həqiqi dostlarına and içmiş olur. Onlara and içməsi də, onlara bir ikram və bir şərəf olsun deyədir.
əbu Ubeydə deyir:
Ayətdəki "Yaradana" buyuruğu, "Yaradan kimsə" deməkdir. Eyni şəkildə,
~ "Səmaya və onu bina edənə." (Şəms/5); buyuruğu ilə
~ "Hər bir nəfsə və onu kamilləşdirənə." (Şəms/7) buyruqlarında da belədir.
Bu halda, "mə" ləfzi, "mən / kimsə" mənasındadır.
ibn Məsud'dan rəvayət edildiyinə görə, O: "və'n-nəhəri izə təcəllə, və'z-zəkəra və'l-unsə."
Yəni:
"Yer üzünü zülmətə bürüməkdə olan gecəyə! Günəşin çıxması ilə aydınlaşan gündüzə! Kişiyə və qadına..." deyə oxuyar; "və mə xaləqa / və and olsun Yaradana" ləfzini oxumazmış.
Muslim'in "Səhih"ində, Alqamə'dən belə dediyi rəvayət edilmişdir:
Şama gəldik. Əbu Dərda bizim yanımıza gəldi. O:
"Aranızda mənə, Abdullahın qiraətilə oxuyacaq olan kimsə vardırmı?" deyə soruşdu.
- Mən: "Bəli, mən, oxuya bilərəm." dedim.
- O: "Abdullahın, bu, 'Yer üzünü zülmətə bürüməkdə olan gecəyə and olsun!' buyuruğunu necə oxuduğunu eşitdinmi?" deyə soruşdu.
- Mən: "Onu, 'And olsun yer üzünü bürüməkdə olan gecəyə...kişiyə və qadına...' deyə oxuyarkən eşitdim."
- əbu Dərda (belə) dedi: "Allaha and olsun ki, mən də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i bunu belə oxuyarkən eşitdim. Lakin bunlar, mənim 'və mə xaləqa / Yaradana' deyə oxumağımı istəyirlər. Mən isə, onlara tabe olmuram." (Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri, Leyl surəsi təfsiri)
------------------------------------------
Əlavə olan qiraətə görə isə, "Təbbət yədə əbi ləhəbin..." (Təbbət surəsi)'nin təfsiri verilərkən ibn Abbas'dan nəql edilən bu qiraət nümunə olaraq verilə bilər:
"Və ənzir aşiratəkə'l-aqrabin və rahdəkə minhumu'l-muxləsin." (Haşiyə)
----------------------------------
(Haşiyə:
İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, Təbbət surəsinin təfsirində deyir:
"Əbu Ləhəb'in 2 əli qurusun..." buyuruğu haqqında -ləfz, Muslimə aid olmaq üzərə- Buxari və Muslim ilə başqa əsərlərdə, ibn Abbasın belə dediyi rəvayət edilməkdədir:
"Ən yaxın qohumlarını qorxut!" (Şüəra/214); "Və aralarından ixlaslı tərəfdarlarını." buyuruğu nazil olunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm), evindən çıxdı və Səfa üzərinə qalxdı. (Döyüş və hücum təhlükəsini xəbər vermək üzərə istifadə edilən): "Yə sabahah / sabah hücumuna məruz qaldıq!" deyə səsləndi.
- Onlar: "Kimdir səslənən?" deyə soruşdular. "Muhamməddir!" deyə cavab verildi. Onun ətrafında toplandılar.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Ey Abdi Manaf oğulları, ey Abdu'l-Müttəlib oğulları!"
Hamısı da, Onun ətrafında toplandılar.
- Bunun üzərinə, O, belə buyurdu:
"Bu dağın arxa tərəfində, qarşınıza çıxmaq üzərə bir qrup süvarinin olduğunu sizə xəbər verəcək olsaydım, nə deyərdiniz? Mənim verdiyim bu xəbəri, təsdiq edərdinizmi?"
- Onlar: "Biz, indiyə qədər, Sənin yalan söylədiyini təsbit etmədik." dedilər.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Mən, şübhəsiz, son dərəcə çətin bir əzabın önündə, sizin üçün bir qorxudanam." dedi.
- Bunun üzərinə, əbu Ləhəb: "Həlak olasan! Yalnız bunun üçünmü bizi bura topladın?" deyə soruşdu. Sonra da qalxıb getdi.
Bu səfər, bu: "əbu ləhəbin 2 əli qurusun. Qurudu da.." deyə başlayan bu surə nazil oldu.
İmam Qurtubi, Şüəra/214 təfsirində, belə deyir:
"...Bu rəvayətin zahirinə görə, 'Və aralarından ixlaslı tərəfdarlarını.', əlavə oxunan bir Quran idi, sonradan isə, nəsx olundu..."
-------------------------------------------
7. Bir kəlimənin, özü ilə eyni mənada olan digər bir kəlimə ilə dəyişdirilməsi şəklində meydana gələn vəch.
Məsələn, "əl-ihni'l-mənfuş" (Qariə/5) ayəti, ibn Məsud və Səid b. Cubeyr qiraətinə görə, "əs-sufi'l-mənfuş" şəklində oxunmuşdur. (Haşiyə)
-------------------------------------
İmam Razi, Qariə/5 ayətinin təfsirində, belə deyir:
Haqq Taala, bu ayətdə, "Dağlar, didilmiş rəngli yun kimi olacaqlar." buyurmuşdur.
~ əl-ihn: "rəngli yun" deməkdir. Ki, bunun izahı, Məaric/9 ayətinin təfsirində keçdi.
~ ən-nəfəşə isə: "yunun, bir-birindən ayrılıncaya qədər çırpılması, ayrılması, qabardılması" deməkdir.
İbn Məsud da, bu ifadəni "kə's-sufi'l-mənfuş" şəklində oxumuşdur. (Suf kəliməsi də, yun deməkdir.)
--------------------------------------
İbn Quteybə'nin bu izahı, çox gözəldir.
---------------------------------------
"Quranın nazil olduğu 7 hərfin hamısı, hal-hazırda Müsəlmanların əlində olan mushaflarda mövcuddurmu? Yoxsa bundan, sadəcə 1 hərfmi qalmışdır?"
Bax bu mövzuda, sələf alimləri, fərqli izahlar vermişlərdir.
~ İbnu'l-Baqillani, 7 hərfin də mövcud olduğu görüşünü mənimsəməyə meyl etmişdir.
~ Tabəri və bir qrup alim isə, sadəcə 1 hərfin mövcud olduğunu açıq bir dillə ifadə etmişlərdir. Etimada uyğun olan görüş də, budur.
~ əbu'l-Fadl ər-Razi, "əl-Ləvəih" adlı əsərində, belə deyir:
"Əgər qiraət imamlarından biri, bəzi hərfləri tərcih etsə, qiraət mövzusunda da tərcih etmək şərtilə yeni bir cığır açsa, 7 hərfin xaricinə çıxmış olmaz."
~ (Təfsir və qiraət alimlərindən biri olan) əl-Kəvəşi də, belə deyir:
"Sənədi, səhih; ərəbcəyə uyğunluğu, tam; və xətti də, imam mushafına müvafiq olan bütün qiraətlər, nasla sabit olmuş 7 hərfin içində yer alır. Bundan dolayı, sayları, istər 7 olsun, istər 7000, qurra'nın qiraətləri, bu kriteriyalara görə qəbul edilir. Bu 3 kriteriyadan birini daşımayan qiraət, şazz'dır."
Son əsrlərdə, məşhur qiraətlərin "Təysir", "Şatibiyyə" kimi qiraət kitablarında toplandığı zənninin canlılığını qoruması, bu mövzudakı görüşlərin genişlənməsinə səbəb olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Sizə hansı asan gəlirsə, onu oxuyun." sözünü, yuxarıda bəhsi keçən şərtləri daşıyan oxuma şəkillərilə Quran ayətlərinin oxuna biləcəyinə dəlil olaraq gətirmişlərdir. Bu şərtlər, mütləq nəzərə alınmalıdır. Bunlardan hər hansı birinin mövcud olmadığı qiraətlər, Quran olaraq qəbul edilməzlər. Necə ki, əbu Şamə, "əl-Vəciz" adlı kitabında, bu mövzunu, çox gözəl açıqlamışdır:
"Bir qiraətin, Allah qatından nazil olduğu, ancaq bu şəkildə qətilik qazanır:
a. Yaşadığı yerin qiraət imamlığını edən qari'dən, bir-birilə ittifaq halında olan təriqlərlə nəql edilmiş olacaq.
b. İmamın müasirləri ilə daha sonrakı dövrlərdə gələnlər, onun qiraətlər xüsusunda imam olduğunda icma edəcək.
Daha sonra, əbu Şamə, belə deyir:
"Bir imamdan nəql edilən təriqlər fərqlilik ərz edərsə, bu halda, qiraətlərin, Quran olduğu deyilə bilməz. Əgər bir ayət, yuxarıda bildirdiyimiz şərtləri daşıyan bir-birindən fərqli bir çox qiraət ehtiva edirsə, mənanın pozulmaması və e'rab'ın (kəlimə və fellərin sonunda mövcud olan hərf və ya hərəkələrin dəyişməsi) dəyişməməsi şərtilə, bu qiraətlər oxuna bilər."
əbu Şamə, "əl-Vəciz" adlı əsərində, belə bir hadisədən söz açır:
Ana dili ərəbcə olmayan cavanlar, Şama gəlib, qiraətləri bir-birinə qarışdıraraq, Qurandan aşr (10 ayət miqdarı) oxuyan biri haqqında soruşdular. Bu suala, ibnu'l-Hacib, ibnu's-Salah və dövrün digər alimləri, oxunan qiraətin yuxarıdakı şərtləri daşıması qeydilə bunun caiz olduğunu bildirərək cavab vermişlərdir.
Ancaq insan,
فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَـٰتٍ...
Fətələqqa Adəmu min Rabbihi kəlimətin...
"Adəm, tövbə etmək üçün, Rəbbindən kəlimələr aldı." (Bəqərə/37) ayətini,
~ ibn Kəsir qiraətinə görə "Adəmu" kəliməsinin nasbı ilə (yəni, Adəmu deyil, Adəmə şəklində);
~ əbu Amr qiraətinə görə də, "kəlimətin" kəliməsinin nasbı ilə (kəlimətən şəklində) oxuya bilməz.
Bənzər şəkildə,
... نَّغْفِرْ لَكُمْ خَطِيٓـَٔـٰتِكُمْ...
...Nəğfir ləkum xatiətikum...(Əraf/161) ayətində,
~ "ğafəra" felini, mudari (indiki zaman) mütəkəllim cəm forması ilə "nəğfiru" şəklində;
~ "xatiətikum" kəliməsini də, mərfu (adlıq halda) oxuya bilməz...
Bu cür qiraətlərin haram olduğu xüsusunda, heç bir şübhə yoxdur. Bunun xaricindəki qiraətlər isə, caizdir.
Doğrusunu Allah bilir.
Günümüzdə, qari'lərdən elə bir qrup ortaya çıxdı ki, bunlar, bu cür oxumaları inkar etməkdədirlər. Hətta onlardan biri, açıqca, bu şəkildə oxumağın haram olduğunu söyləmişdir. Fəqihlərin əksəriyyəti də, onları, bu sahədə əhil qəbul edib, onlara tabe olmuş və özlərini, "Hər fənnin alimi, o fənni, digərlərindən daha yaxşı bilir." deyərək, müdafiə etmişlərdir.
Ancaq bunun haram olduğunu söyləyənlər, yanılmışlardır. Qaldı ki, nəyin haram, nəyin halal olduğu, fəqihlərdən öyrənilir.
Qari'lərin, bu cür oxumağı qadağan etmələri, bu şəkildə izah edilir:
O şəxs, müəyyən bir rəvayət üzərinə Quran oxumaqdadır. Əgər bu rəvayətə başqa bir rəvayəti qarışdırsa, o, özündən qiraət öyrənib sonra da onun qiraətini öyrətməyə başladığı raviyə yalan isnad etmiş olur. Kim bir qiraəti oxudursa, onu tərk edib başqa bir rəvayətə keçməsi, doğru olmaz. Necə ki, Şeyx Muhyiddin də belə demişdir. Təbiidir ki, keçməməsi, əvvəliyyətlə bağlıdır; qətiliklə keçməməlidir, deyilməz. Bunun, hər halda qadağan edilməsi isə, əsla doğru deyildir. Doğrusunu Allah bilir.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 66-cı kitab: "Quranın məziyyətləri", 5-ci bab: "Quranın 7 hərf üzərinə nazil olması")
