Səbr etmək

HEÇ KİMƏ SƏBİRDƏN DAHA XEYİRLİ VƏ BÖYÜK NEMƏT BƏXŞ EDİLMƏMİŞDİR.

Səb-çətinliklərə dözmək, sıxıntı və məşəqqətlərə qarşı soyuqqanlılıqla müqavimət, ağlın və dinin göstərdiyi yolda əzmlə yürümək.

Səbir ruhun bir xasiyyətdir. Təhəmmülü çətin və nəfsə ağır gələn şeylərə dözmək ancaq səbirlə olur. Bir haqqı müdafiə və mühafizə etmək üçün göstərilən səbat və dəyanət, səbr etməklə mümkündür. Allahın əmrlərini yerinə yetirmək, ağlın və dinin xoş görmədiyi və nəfsin məşru (halal) olmayan istək və arzularına müqavimət edə bilmək, həyatda özündən asılı olmadan başa gələn və insana böyük əzab və kədər verən bəla və müsibətlərə qarşı dayana bilmək və bunların öhdəsindən gələ bilmək #üçün səbrli olmaq və səbr etməyə alışmaq lazımdır .

Musa aleyhissalama inananlara Firon əziyyət etmək istəyincə onlar: "Ey Rəbbimiz, üzərimizə səbr yağdır və bizi müsəlman olaraq öldür" (əl-Əraf 7/126) deyə dua etmişdilər.

Səbrin sonu müvəffəqiyyətdir. Səbir acıdır. Lakin nəticəsində şirindir.

Hər cür rəzalətin səbəbi səbrsizlik və ya lazım olduğu qədər səbir göstərməməkdir.

Səbr etmək, məhkumiyyətə, məskənətə və zillətə razı olmaq, haqsız təcavüzlərə, insan heysiyyətinə kölgə salacaq hücumlara dözmək və bunlara səs çıxarmamaq mənasını gəlməz. Çünkü məşru olmayan şeylərə qarşı səbr etmək caiz deyildir. Bunlara qarşı içdən ələm hiss etmək və bunlarla mübarizə aparmaq lazımdır. İnsanan öz gücü və iradəsiylə öhdəsindən gələ biləcəyi pisliklərə dözməsi ya da aradan qaldıra biləcəyi ehtiyacları qarşısında boş-boş oturması səbir deyil, acizlik və tənbəllikdir. Rasulullah (s.a.s); "Ya Rəbbi! Acizliyindən və tənbəllikdən sənə sığınıram"(Buxari, Cihad, 25) deyə dua etmişdir.

Bəzi çətinliklər vardır ki, qulun iradə və gücünü aşar. Belə fəlakətlər başa gəldiyi zaman həyəcana qapılmadan və şikayət etmədən ilahi təqdirə razı olub səbr etmək möminlərin xüsusiyyətlərindəndir. Necə ki, Allah Təala Qur`an-ı Kərimdə səbri-cəmili (gözəl səbir) əmr edir. (Yusuf, 12/18). Rasulullah (s.a.s) "Səbri-cəmil şikayət edilməyən səbirdir" buyurmuşdur.

Çox vaxt insan nəfsinə uyar; Allah-Təalanın əmrlərinə tabe olub qadağalarından çəkinmək ona çətin gələr, nəfsə xoş gələn pis arzularını tətmin etmək istəyər, yaxşılıq və fəzilətlərdən qaçınar. Məsələn; cibindəki pulunu əyləncə və zövqləri üçün xərcləmək, bir yoxsula verməkdən daha xoş gələr. Bir uşaq üçün oyun oynamaq, dərs çalışmaqdan daha maraqlı görünər. Gəzib dolaşmaq, işləyib qazanmağa tərcih edilər.

Məhz bu vəziyyətdə, insanın, özünə çətin gəlsə belə, yaxşı olanı, faydalı olanı seçməsi, səbir və mətanətlə onu yerinə yetirməyə çalışması çox gözəl bir davranışdır.

Peyğəmbərimiz: “Allah səbir və dözüm göstərən qulunu səbirli edər. İnsanlara verilən ən xeyirli və böyük nemət səbirdir”, (Tirmizi, Birr, 76) – buyurmuş

Dünya həyatı imtahan diyarıdır və imtahan da səbir deməkdir. Bütün fəzilətlərin açarı, müvəffəqiyyət və kamilliyin sirri səbirdir. Hər cür rəzalət də səbirsizlik və ya layiqincə səbir göstərməməkdən qaynaqlanır. Quran insanın əbədi həyata qovuşması üçün bir ömür boyu hadisələri – imtahanları səbirlə qarşılamasının zəruriliyini belə xatırladır:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 2/155)

Səbir edənlərə (Haqq yolunda sabitqədəm olanlara) saysız-hesabsız mükafat veriləcəkdir! {“Zümər” surəsi, 39/10}

Əlbəttə, kim canını dişinə tutub səbir edər və qüsurları bağışlayarsa, onun bu hərəkəti böyüklərə yaraşan əməllərdəndir! {“Şura” surəsi, 42/43}

(Ey mö­minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbir edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. {“Muhəmməd” surəsi, 47/31}

Ənəs ibn Malik (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Allah hansı qulunun xeyrini (yaxşılığını) istəyirsə, onun cəzasını elə dünyada verir (axirətə saxlamır). Hansı bəndəsinin fənalığını (pisliyini) istəyirsə (yəni adam əməlləri ilə buna layiqdirsə), onun günahını Qiyamət günü hüzuruna çıxana qədər təxirə salır, (dünyada) cəzalandırmır”. [Tirmizi, Zühd 57]

Əbu Said Sad bin Malik bin Sinan əl-Xudri radiyallahu anhumədən nəql edildiyinə görə bir qrup mədinəli müsəlman Rəsulullah səllallahu əleyhi və səlləmdən (onlara vermək üçün nə isə) istədilər. O da verdi. Sonra yenə istədilər. Rəsulullah səllallahu əleyhi və səlləm əlindəkilər qurtarana qədər verdi. Vermək üçün heç nə qalmayanda onlara belə buyurdu:

“Yanımda nə isə olsaydı, onu sizdən əsirgəmədən verərdim. Kim dilənməkdən çəkinər, iffətli davranarsa, Allah onun iffətini artırar. Kim toxgözlü olmaq istəyərsə, Allah onu başqalarına möhtac olmaqdan xilas edər. Hər kim səbir etməyə can atarsa, Allah ona səbir verər. Heç kimə səbirdən daha xeyirli və böyük əta bəxş edilməmişdir”. (Buxari, Zəkat 50; Riqaq 20; Müslim, Zəkat 124. Həmçinin bax. Əbu Davud, Zəkat 28; Tirmizi, Birr 77; Nəsai, Zəkat 85)

"Kim səbr etmək üçün səy göstərərsə, Allah ona səbr verər" bəyanı, səbri təmin edən gücün yenə səbrin özü olduğunu bildirir.

İstənilməklə də aradan qaldırmayacaq ehtiyaclar ola bilər. Göz və könül toxluğu, başqalarının köməyi ilə bir şeylərə qovuşmaqdan daha sağlam və şərəfli bir yoldur.

Səbr etməsini bilməyən insan varlı da olsa, yoxsul da olsa, daim narahatdır, acgözdür və heç nəyə qane olmaz. Hər zaman acdır. Ancaq səbir sayəsində insan, öz özünü tutub saxlamağı bacara bilir. Həm yoxluğun həm varlığın, həm kədərin həm sevincin, həm bəlanın həm nemətin təhlükəsinə qarşı möminin ən etibarlı qalxanı səbirdir.

Read 3.543 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR