Saqqal saxlamaq haqqında məlumat verərsinizmi?

292- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Fitrət, 5 (xislət)'dir. Yaxud 5 (xislət) fitrətdəndir:

• Sünnət olmaq;
• Qasıqları təmizləmək;
• Dırnaqları tutmaq;
• Qoltuq altını yolmaq; və
• Bığları qısaltmaq."

-------------------

293- Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"10 şey, fitrət(in xislətlərin)'dəndir:

• Bığları qısaltmaq;
• Saqqalı uzatmaq;
• Misvaq istifadə etmək;
• Buruna su çəkmək;
• Dırnaqları tutmaq;
• Barmaq aralarını hilallamaq;
• Qoltuq altını yolmaq;
• Qasıqları təmizləmək; və
• Su ilə təmizlənmək."

(Ravilərdən) Zəkəriyyə dedi ki:

"(Ravi) Musab: 

'Mən 10-cunu unutdum, məgər ki, mazmaza (ağzı su ilə yaxalamaq) olmalıdır.' dedi."

-------------

294- Ammar b. Yasir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"• Ağıza su almaq;
 • Buruna su çəkmək;
 • Misvaq istifadə etmək;
 • Bığı qısaltmaq;
 •  Dırnaqları tutmaq;
 • Qoltuq altını yolmaq;
 • Qasıqları təmizləmək;
 • Barmaq aralarını hilallamaq;
 • Təharətləndikdən (tualet ehtiyacını təmin   etdikdən sonra) fərcə (çoxalma orqanına) su səpmək; və
 • Sünnət olmaqdır."

--------------------

295- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

• Bığları qısaltmaq;
• Qasıqları təmizləmək;
• Qoltuq altını yolmaq; və
• Dırnaqları kəsmək

xüsusunda, (bu işləri) 40 gecədən çox olmaqla tərk etməməyiniz təyin edildi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Taharə və Sünənihə: "Fitrət babı"

--------------------

İzahı:

Nəvəvi, belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Fitrət, 5'dir." sözünün mənası:

"Zikr edilən bu 5 şey, fitrətdəndir." deməkdir.

Çünki digər hədisdə:

"10 şey fitrətdəndir." buyurmaqla, fitrətin xislətlərinin 10'dan belə çox olduğuna işarət etmiş olmaqdadır.

Fitrət kəliməsi ilə qəsd edilən məna xüsusunda alimlər fərqli izahlar gətirmişlərdir. (Əslində fitrət, yaradılış deməkdir.)

• Xattabi belə deyir:

"Alimlərin əksəriyyətinin dediyinə görə, burda fitrət ilə sünnət mənası qəsd edilmişdir."

• Xattabi'dən başqa bir camaat da, alimlərin bu izah şəklini nəql etmişlərdir:

Fitrət, Allahın peyğəmbərlər üçün seçdiyi və əvvəldən bəri onların izləmiş olduqları sünnət, adət və yoldur. Elə ki, peyğəmbərlərin yaradılışında o yolu izləmək mayası mövcud olduğu üçün, ona, yaradılış mənasına gələn "fitrət" ismi verilmişdir, deyilə bilər.

• Belə izah verənlər də vardır:

"Fitrət, din mənasındadır."

• Qadı Beydavi isə, bu mənaları içində toplayan bir tərif ilə belə deyir:

"Fitrət, bütün peyğəmbərlərin mənimsədikləri və şəriətlərinin ittifaqla qəbul etdikləri müştərək və köhnə bir sünnətdir ki, sanki bütün insanlar, bu sünnət üzərində yaradılmışlardır."

• Nəvəvi belə davam edir:

"Bu hədislərdə fitrət olaraq sayılan xislətlərin hamısı, alimlərcə vacib görülməmişdir.

Məsələn, ağıza su almaq, buruna su çəkmək və sünnət olmaq məsələlərinin vacib olub-olmadığı haqqında, alimlər arasında ixtilaf vardır. 

Vacib olan xislətlər ilə vacib olmayan xislətlərin bir yerdə zikr edilməsində isə, bir əngəl yoxdur. Necə ki, Allah Taala Ənam surəsinin 141-ci ayətində belə buyurmaqdadır:

"...كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ ۖ..."

"...Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin..."

Bilindiyi kimi, məhsulun zəkatını vermək vacib, ondan yemək isə, vacib deyildir.

--------------------

Fitrət xislətlərinin təfsilatı isə, belədir:

1. Sünnət olmaq:

• Hənəfilərə görə, sünnət olmaq, şər'i cəhətdən sünnətdir və müsəlman olmağın əlamətidir. Sünnət olmağın yaşına gəlincə isə, rəvayətə görə, imam əbu Hənifə (rahiməhullah):

"Bu haqda məlumatım yoxdur." demişdir. 

2 imamdan (əbu Yusuf və imam Muhamməd)'dən də, bu haqda bir şey nəql edilməmişdir. 

Uşağın 7 yaşında, 10 yaşında və son olaraq 12 yaşında sünnət ediləcəyinə dair qövllər vardır. Bəzi alimlər də, sünnət edilmə yaşı, uşağın gücünə görə təsbit edilir, demişlərdir. 

•Nəvəvi belə deyir:

İmam Şafi və bir çox alimə görə, sünnət olmaq vacib, imam Malik və alimlərin əksəriyyətinə görə də sünnətdir. Bizim (şafilərin) cumhur alimlərimizin ittifaq halında üzərində durduqları və məzhəbimizin səhih olan qövlünə görə, büluğ yaşına çatmadan sünnət olmaq vacib deyil, sünnətdir.
Səhih olduğunu bildirdiyimiz qövlə görə, uşağı doğumunun 7-ci günü sünnət etdirmək, müstəhəbdir.

------------------

2. Bığı qısaltmaq:

Bığı kəsmək xüsusunda, Hənəfi alimlərinin 2 qövlü vardır:

•1• Bir qövl, Şafi üləmanın görüşü ilə eynidir. Yəni bığları qısaltmaq və üst dodağı tamamilə açıq tutmaq, sünnətdir. 

İmam Tahavi (əl-Hənəfi), belə deyir:

"Mədinəlilərdən bir camaat, bığları qısaltmağın muxtar olduğunu söyləmişlərdir."

Tahavi, camaat sözü ilə bu şəxsləri qəsd edir:

• Salim;
• Səid b. əl-Musəyyəb;
• Urvə b. Zubeyr;
• Cəfər b. Zubeyr;
• Ubeydullah b. Adillah;
• əbu Bəkr b. Abdurrahman (radiyallahu anhum)

Hasan əl-Basri, Muhamməd b. Sirin və Ata b. əbi Rabah'ın qövlü də budur. 

İmam Malik'ə görə, bığı qazımaq, məkruhdur. Hətta bığı qazımağı bir afət sayaraq, belə edənlərin tədibini (cəzalandırılmasını, həddinin bildirilməsini) əmr edərdi.

İmam əbu'l-Həsən əs-Sindi:

"Bığ kəsmək haqqında varid olan hədislərin əksəriyyətində "qass=qısaltmaq" təbirinin istifadə edildiyi, hafiz ibn Həcər tərəfindən bəyan edilmişdir." 

dedikdən sonra, imam Malik'in yuxarıda bildirilən görüşünü zikr edir və belə davam edir:

"Məncə Malik'in bığla bağlı olaraq varid olan hədisləri belə açıqlamasının səbəbi, özünün Mədinə əhlinin tətbiqatını belə görmüş olmasındandır. Çünki mərhum, bu kimi xüsuslarda, Mədinə əhlinin əməlini əsas alırdı. Muxtar olanın da, bu olduğunu umuram."

•2• Hənəfi məzhəbinin ikinci görüşü isə, bığları kökündən qazımaqdır. Sünnət olan budur, qısaltmaq deyildir. Hətta bu görüş, əbu Hənifə, əbu Yusuf və Muhamməd'ə isnad edilmişdir. 

Tahavi də bu görüşü dəstəkləyərək, bir çox alimə görə, bığı qazımağın, qısaltmaqdan əfdal olduğunu söyləmişdir. Səhabələrdən:

• Abdullah b. Ömər;
• əbu Səid əl-Xudri;
• Rafi b. Xadic;
• Cabir b. Abdillah; və
• Abdullah b. Amr (radiyallahu anhum)

bığlarını qazıdıqlarını, ibn əbi Şeybə rəvayət etmişdir.

Nəvəvi belə deyir:

"Bu da sünnətdir. Yenə sağ tərəfindən qısaltmağa başlamaq, müstəhəbdir. Muxtar (seçilmiş) olan qövlə görə, üst dodağın kənarları, yaxşıca açıq qalacaq şəkildə bığ qısaldılmalıdır. 

Bığı kökündən qazımaq və ya tükləri dibinə qədər qayçı kimi alətlə qısaltmaq məkruhdur. Bığların kəsilməsi haqqında varid olan:

اخفوا الشوارب

hədisi, zahirən: "bığları qazıyın" mənasını ifadə edirsə də, bundan qəsd edilən məna, bığdan dodaqlar üzərinə gələn qismi qazımaqdır."

------------------

3. Saqqalı uzatmaq:

"Abdurrahman əl-Cəziri, "əl-Fiqh alə'l-məzəhibi'l-ərbaa" əsərində (3. Cild, s. 1121-1122) məzhəblərin görüşünü belə bəyan edir:

• Hənəfilərə görə:

1. Kişinin, saqqalını qazıması, haramdır. 
2. (Əllə) bir tutumdan artıq olmaması, sünnətdir. 
3. Bir tutumdan artığını kəsmək gərəkdir.
4. Saqqalın ətrafını almaq, qoltuq altlarındakı tükləri qazımaq, ağ tükləri yolmaqda, beis yoxdur.

Kişinin qadına bənzəməsi haram olduğu kimi, kadının da kişiyə bənzəməsi və onun şəklinə girməsi, haramdır. Bax bu səbəblədir ki, kişinin saqqalını qazıması, haram qılınmışdır.

• Malikilərə görə:

Saqqalı qazımaq, haramdır. 

• Hənbəlilərə görə:

Saqqalı qazımaq, haramdır. Ancaq bir tutumdan uzun qismini kəsməkdə beis yoxdur. Bu artıqlığı almaq məkruh olmadığı kimi, olduğu kimi buraxmaq da, sünnətdir."

(Cəzəri'dən verilən nəql burda bitdi.)

• Şafi'lərə görə:

Saqqalı qazımaq və ya çox qısaltmaq, məkruhdur. Bir tutumdan artığını kəsməkdə, əngəl yoxdur. Xüsusilə, saqqal, uzunlamasına və ya eninə genişləməsinə (başqaları tərəfindən) çirkin sözlər söylənilməsini gərəkdirən bir vəziyyət alarsa, ətrafının alınıb düzəldilməsi, uyğundur.

Təbəri də, belə deyir:

"İ'fa, çoxaltmaq deməkdir. Hədislərdə varid olan:

واعفوا اللحى

'Saqqalları çoxaldın.' 

və bənzəri ifadələrin zahirinə baxaraq, saqqalını öz halına buraxıb uzunluğuna və genişliyinə çirkinləşdirən insanlar vardır. Onların bu halı, bəzi kimsələrin dillərinə dastan olur. Halbuki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edildiyinə görə, saqqalın artıq uzadılması qadağandır və qısaldılması gərəkdir. 

Yalnız, qısaltma miqdarı xüsusunda sələf alimləri ixtilaf etmişlərdir. Bəzi alimlər, bir tutumdan artığı və (üzün) ətraflarına doğru genişləyərək dağılıb çirkin bir mənzərə ərz edən qisim alınar, demişlərdir. 

Bu qövl, Ömər b. əl-Xattab (radiyallahu anh)'dan rəvayət edilmişdir. Rəvayətə görə, Ömər (radiyallahu anh), saqqalını çox uzatmış olan bir adamı görmüş, onun bu halını təsvib etməyərək (uyğun görməyərək), bir tutumdan artığını kəstirmiş, sonra da, ona:

"Get saçını düzəlt, yaxud dağıt. Sizdən bəziləriniz, özünü yırtıcı bir heyvan kimi başı boş buraxır." deyə tənbeh etmişdir."

Əbu Hureyrə və ibn-i Ömər (radiyallahu anhum)'un, bir tutumdan artıq olan saqqallarını kəsdikləri rəvayət olunmuşdur.

Bəzi alimlər də, saqqalın nə qədər uzadılacağına dair, qəti bir dəlil tapa bilmədiklərini, bu səbəblə də, müəyyən bir sərhədlə məhdudlaşdırmaq imkanına sahib olmadıqlarını ifadə edərək, uzunluğu və genişliyi baxımından, çirkin bir hal ərz etməyəcək şəkildə uzadılması görüşünü mənimsəmişlərdir.

Ata (rahiməhullah) belə deyir:

"Saqqal, artıq uzandığı zaman, onun enindən və uzunluğundan bir parça almaqda, beis yoxdur. Çünki öz halına buraxdığı təqdirdə, saqqalın sahibi olan kimsə, başqalarının lağlağı və istehzalarını öz üzərinə çəkmiş olur."

Ata, bu görüşünü, Tirmizi'nin Usamə b. Zeyd yolu ilə rəvayət etdiyi və qərib diyə vəsfləndirdiyi bu hədisə dayandırmaqdadır:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), saqqalının enindən və boyundan bir parça alardı."

Nəvəvi, saqqalın uzadılması ilə bağlı olaraq belə deyir:

"Saqqal kəsmək, əcəmlərin adəti idi. Şəriət, bu adəti qadağan etdi. 

Alimlər saqqalda, bir birindən çirkin və dinən xoşlanılmayan 12 hal mövcud ola bilər deyərək, bunları belə sıralayırlar:

1. Cihad üçün niyyətli olmamaq qeydi ilə, saqqalı qara rəngə boyamaq. (Haşiyə)

(Haşiyə: Döyüşdə gənc görünərək düşməni qorxutmaq və ya geri püskürtmək məqsədi ilə, ağarmış saqqalı qara rəngə boyamaq, caiz olduğu üçün, burda cihad halı dilə gətirilmişdir.)

2. Sünnətə tabe olmaq üçün deyil də, özünü salehlərə bənzətmək üçün saqqalı sarı rəngə boyamaq.

3. Özünü yaşlılara bənzədərək, ətrafındakı insanların hörmətini qazanmaq üçün saqqalını hər hansı bir şeylə ağartmaq.

4. Gənclikdə saqqalları çıxmağa başladığında, hələ saqqalı bitməyən daha gənc adam kimi görünmək niyyətilə, çıxan tükləri yolmaq  ya qazımaq.

5. Saqqal içində ağarmış tükləri yolmaq.

6. Qadınlara və başqalarına gözəl görünmək üçün, saqqaldan tellər ayırmaq. (saçın bəzi tellərini ayıraraq alına buraxmaq kimi)

7. Saqqal ilə baş saçının bitişdiyi yer olaraq qulaq yumuşağının yanındakı səmt əsas olduğu halda, saqqaldan sayılmayan və başa aid sayılan saçların bir qismini saqqala əlavə etmək surətilə, saqqalı daha yuxarıdan başlamış olaraq göstərmək və ya qulağın altında qalan yanağın bir qismini qazıyaraq, saqqalı çənə sümükləri ilə məhdudlaşdıraraq qısaltmaq.

8. Xalqa gözəl görünmək üçün süni olaraq saqqalı darayıb uzatmaq.

9. Saqqalı qarmaqarışıq və içə-içə girmiş bir halda buraxmaq surətilə, özünü zahid göstərmək və başqaları nəzərində "özünə diqqət etmir" havası əsdirmək.

10. Saqqalının ağ və qara qisimlərinə baxaraq:

• qaralığı ilə özünü gənc görüb lovğalanmaq, təkəbbür göstərmək; 

• ağlığı da istismar edərək, gənclərə qarşı böyük olduğunu göstərmək.

11. Saqqalı hörmək.

12. Saqqalı qazımaq.

Read 87 times
In order to make a comment, please login or register