Şiədə məzhəb ixtilafları vardırmı? Bu haqda məlumat verərsinizmi?
Şiələr, sünnət əhlini tənqid edərkən həvəslə vurğuladıqları nöqtələrdən biri də sünni məzhəbləri arasındakı ixtilaflardır. Onlara görə bu ixtilafların olması, sünnət əhlinin fiqhdə izlədiyi yolun batil olduğunu göstərir, çünki sünnət əhli dörd məzhəbə tabe olduqları üçün namaz, təharət, oruc kimi ibadətlərində fərqlər ortaya çıxır. Digər tərəfdən şiələr, özünü haqlı göstərmək üçün bir məzhəbə, “cəfəri” adlandırdıqları məzhəbə tabe olduqlarını iddia edirlər. Görəsən bu iddia nə qədər doğru bir iddiadır?
O zaman iddianın haqq olub olmadığına nəzər salmağımız lazımdır. Reallıq budur ki, “cəfəri” adlandırdıqları məzhəbin içində də ixtilaf kifayət qədər çoxdur. Özlərini cəfəri hesab edən şiə mərciləri, yəni “müctəhidləri” xeyli fiqhi məsələdə öz aralarında ixtilaf ediblər. Bunun səbəbini isə, başa düşmək heç kimə çətin gəlməməlidir. Çünki Cəfər əs-Sadiq – radiyallahu anhu – özündən sonra fiqhi bir kitab tərk etməyib, ümumiyyətlə heç rəvayət kitabı da tərk etməyib. Fiqhdə, hədisdə öz əli ilə kitab yazmadığı kimi onun ən yaxın tələbələri də onun fiqhini, hədislərini bir araya toplayıb kitab halına gətirməyiblər. Bu faktı dörd məzhəb imamı ilə müqayisə etsək nə görəcəyik?
İmam Əbu Hənifə’nin fiqhini, eləcə də tələbəsi Əbu Yusuf’un fiqhini onun ən məşhur tələbəsi Muhəmməd bin əl-Həsən əş-Şeybəni yazıb.
İmam Malik özü “əl-Muvatta” kitabını qələmə alıb ki, bu kitab həm hədis, həm də fiqh kitabı sayılır. Tələbəsi İbnul-Qasim isə öz tələbəsinin suallarına cavab verərək “əl-Mudəvvanə” kitabının hasil olmasına səbəb olub.
İmam əş-Şafi’yə gəldikdə isə özündən sonra fiqh, üsulul-fiqh və hədis üzrə kitablar tərk edib. Bu gün “əl-Umm” kitabı olaraq çap olunan kitabın içərisində İmam əş-Şafi’nin “ər-Risələ” adlı üsulul-fiqh kitabı, Mədinə və Kufə əhlinə cavab olaraq yazdığı fiqhi risalələr yer alır. Həmçinin tələbələri əl-Buveyti və əl-Muzəni, əş-Şafinin fiqhini müxtəsərlərdə qələmə alıblar və bu gün biz əl-Muzəni’nin müxtəsərini əlimizə götürüb oxuya bilirik.
İmam Əhmədə gəldikdə isə “əl-Musnəd” kitabının müəllifidir. Fiqhdə özü kitab yazmasa da tələbələri ona verdikləri suallara aldıqları cavabları yazıblar və bu kitablar bu gün “əs-Suələt” adı ilə çap olunub.
Bəs imam Cəfər əs-Sadiq necə? Onun məzhəbini biz bu gün hansı kitablardan oxuyub öyrənə bilirik? Çox təəssüf ki, belə bir kitab yoxdur. Şiələrdə etibar etdikləri ən qədim məsdər əl-Kuleyni’nin “əl-Kəfi” kitabıdır. Cəfər əs-Sadiq hicri 80-ci ildə doğulub və 148-ci ildə vəfat edib. əl-Kuleyni isə, üçüncü əsrin ikinci yarısında doğulub və hicri hicri 329-cu ildə vəfat edib, yəni Cəfər əs-Sadiq’dən təxminən iki əsr sonra vəfat edib. Bu kitabdan sonra ikinci yerdə İbn Bəbəveyh əl-Qumi’nin (vəfatı hicri 381) “Mən lə Yəhduruhu əl-Fəqih” kitabı gəlir. Sonra isə Şeyxut-Taifə adlandırdıqları ət-Tusi’nin kitabları yer alır. Ola bilsin ki, bu yerdə desinlər ki, bu kitablardan da öncə “əl-usul” adlanan kitablar olub və onlarda imamlardan rəvayətlər olub. Lakin o kitablar hardadır? O kitablardan əsər-əlamət yoxdur, biz o kitabların necə olduğunu, içindəki rəvayətlərin nə qədər etibarlı olduğunu araşdırmaq imkanından məhrumuq. Bu gün özünü “cəfəri məzhəbinin” mərciləri adlandıranlar, həmin bu rəvayət kitablarına, əs-Saduq, ət-Tusi kimi alimlərinin topladıqlarına qayıtmaqdan artıq bir şey edə bilmirlər. Sizcə vəziyyət belə olduğu halda iddia etmək olarmı ki, imami şiələri fiqhi məsələlərini bir başa imamın özündən öyrənirlər? Bu sualın cavabı asandır. Xeyr! Belə bir şey əsla səhih ola bilməz. Əslində imami şiələrinin fiqhi öz aralarında ixtilaf edən alimlərinə qayıdır. Lənkərani, Sistani, Xoyi, Xamənəyi və adlarını eşitmədiyimiz bir çox mərcilərinin fətvalarına təqlid edirlər və adını “cəfəri məzhəbi” qoyurlar. Məzhəbin özünü Cəfərin məzhəbi adlandırmaqları da qəribədir, çünki Cəfər əs-Sadiq’in ictihadlarına tabe deyillər. Sünnət əhli Əbu Hənifə, Malik kimi imamların ictihadlarına təqlid etdikləri üçün özlərini onların məzhəblərinə nisbət edirlər, amma özlərini “cəfəri” adlandıranlar Cəfər əs-Sadiq’in ictihadlarına təqlid etmirlər, əksinə imamlara nisbət edilən və səhihliyi, zəifliyi üzərində ixtilaf edilən rəvayətlər üzərindən, keçmiş alimlərindən gəlmiş nəqllər üzərindən ictihad etmiş “ayətullahlara” təqlid edirlər. Ona görə də onların özlərini “cəfəri” adlandırmaqları nə əqlən, nə də nəqlən doğru ola bilməz.
Dediklərimizin doğruluğunu təsdiqləyən tərəf budur ki, imami şiələrinə görə bir müctəhid öldükdən sonra onu təqlid etmək olmaz, onlara görə yalnız diri müctəhidi təqlid etmək olar. O zaman özünüzə sual verin ki, əgər təqlid etdikləri məzhəb Cəfər əs-Sadiq’in məzhəbi olsaydı və məsələlərdə məzhəbin içində ixtilaf olmasaydı, o zaman bu şərtlər nəyə lazımdır ki?! Hələ bu dediklərimiz imamilərin üsuli adı ilə tanınan qoluna aiddir.
Əxbarilər ilə üsulilər arasındakı münaqişə isə əslində çox şiddətlidir. Hətta 12-ci əsrin sonlarında əxbarilərin lideri əl-Vahid əl-Bəhbəhəni, üsulçu alimlərindən əl-Bəhrani’nin arxasında namazın səhih olmadığına fətva verir.
İmami şiələrində fiqhi məsələlərdəki ixtilaf qədimdən bəri mövcud olub, hətta demək olar ki, ilk əsrlərdə bu ixtilaf daha şiddətli olub. Hətta Şeyxut-Taifə adlandırdıqları Əbu Cəfər ət-Tusi “əl-Uddə fi Usulil-Fiqh” adlı kitabında (1/136-138) deyir:
“Bizim işarə etdiyimiz bu xəbərlər ilə əməl etməyin icazəli olmasına dəlalət edən tərəflərdən biri də haqq firqənin öz aralarında bu xəbərlər ilə əməl etməkləri səbəbi ilə ortaya çıxmış ixtilafdır, belə ki, mən bu haqq firqəni əhkam mövzusunda məzhəbləri müxtəlif olaraq gördüm; təharətdən başlayaraq diyət bablarına qədər fiqhin bütün bablarında ibadətlərdə, hökmlərdə, müamələlərdə, mirasda və başqa məsələlərdə birinin fətva verdiyi ilə digəri fətva verməmişdir. Orucda (günləri) saymaq və (hilalı) görmək məsələsi, üç dəfə “boşama” sözünü tələffüz etməyin bir boşama sayılıb sayılmaması məsələsi buna misaldır. Həmçinin təharət babındakı ixtilafları da buna misaldır; misal üçün heç bir şeyin nəcis etmədiyi su miqdarı məsələsindəki ixtilafları və kurrun miqdarındakı ixtilafları, başı və ayaqları məsh etmək üçün yeni su götürməkdə ixtilafları, nifasın ən uzun müddəti haqqındakı ixtilafları (bu babdan verə biləcəyimiz bəzi) misallardır. Eləcə də azan və iqamə ilə bağlı bir çox fəsllərdə ixtilafları və bundan başqa digər fiqhi bablardakı ixtilafları misal ola bilər. Hətta tayfanın alimlərinin fərqli fətvalar ilə bir neçə və ya bir məsələdə ixtilaf etmədikləri heç bir salamat bab tapa bilmədim. “əl-İstibsar” kimi tanınmış kitabımda və “Təhzibul-Əhkəm” kitabında onlardan – aleyhimussələm – varid olmuş fiqhə xas olan beş mindən çox müxtəlif hədis zikr etmişəm və onların əksəriyyətində tayfanın o xəbərlərlə əməl etmək barəsindəki ixtilafını da zikr etmişəm. Bu, heç kəsdən gizli qalmayacaq qədər məşhurdur. Hətta sən onların bu hökmlərdəki ixtilafları üzərində düşünsən, onların Əbu Hənifə’nin, əş-Şafi’nin və Malik’in ixtilaflarından daha çox olduğunu görəcəksən...”
Beləliklə də Əbu Cəfər ət-Tusi bu sözləri ilə təsdiq edir ki, özündən öncəki şiə alimləri gəlmiş xəbərlərdəki ziddiyyətlər səbəbi ilə çoxca ixtilaf ediblər, hətta bu ixtilaflarının müqayisədə sünni məzhəblərinin öz aralarındakı ixtilaflarından daha çox olduğunu deyir. O zaman bu günün şiələr sünni məzhəblərinə qarşı etirazlarını hansı üzlə edə bilirlər?! Hətta işin ironiyalı tərəfi budur ki, imami şiələrindəki ixtilafın şiddəti və çoxluğuna görə, xəbərlərdə ortaya çıxmış aşkar ziddiyyətlərə görə, sünnət əhli, vaxtında onlara etiraz ediblər. Bunu Əbu Cəfər ət-Tusi “Təhzibul-Əhkam” kitabının müqəddiməsində (1/45) etiraf edərək deyir:
“Üzərimizdə vacib haqqı olan dostlarımızdan biri – Allah ona dəstək olsun! - əshabımızın – Allah onlara dəstək olsun və onlardan ölüb keçmişlərinə rəhm etsin! - hədisləri, onların arasındakı ixtilaf, fərqlilik, ziddiyyət və təzadlar – hətta az qala elə bir xəbər yoxdur ki, qarşısında ona zidd bir başqa xəbər olmasın, elə bir səlim hədis yoxdur ki, onun müqabilində ona qarşı gələn başqası olmasın – barəsində müzakirə açdı. Hətta müxaliflərimiz bunu bizim məzhəbimizə qarşı ən böyük tənələrdən hesab ediblər və bununla bizim etiqadımızı batil çıxarmağa yol tapıblar. Zikr ediblər ki, sizin keçmişdə və indiki şeyxləriniz daima öz müxaliflərinə tənə ediblər ki, Allaha itaət üçün seçdiyiniz dininizdə ixtilaf edirsiniz və furu məsələlərində rəylərinin fərqlənməsini onlara qarşı eyib göstərirlər və deyirlər ki, bu cür din hikmətli birinin etiqad edəcəyi və elmli birinin əməl etməsinə imkan verəcək din ola bilməz, halbuki biz, sizin öz müxaliflərinizdən daha şiddətli ixtilafda olduğunuzu, sizdən ayrı olanlardan daha çox ayrılığa düşdüyünüzü görürük. Bu cür ixtilafın batil olduğuna etiqad etdiyiniz halda, belə bir ixtilafın sizin özünüzdə olması əslinizin fasid olmasının ən böyük dəlilidir. Hətta elmdə güclü olmayan, nəzəri düşüncənin fərqli yolları və ləfzlərin fərqli mənaları haqqında bəsirəti olmayan bir qrupa bu səbəblə şübhə daxil oldu və onlardan bir çoxu bu məsələnin izahı onlara qarışıq gəldiyi üçün və buradakı şübhəni həll etməkdən aciz olduqları üçün haqq etiqadından döndülər. Şeyximiz Əbu Abdilləh’dən – Allah ona dəstək olsun! – eşitdim ki, Əbul-Həsən əl-Həruni əl-Aləvi əvvəl haqq etiqadında idi və imamətə inanırdı və sonra hədislərdəki ixtilaf ona qarışıq gəldiyi üçün bu etiqadından döndü, məzhəbi tərk etdi və başqa məzhəbə tabe oldu, çünki onlardakı mənaların izahı ona aydın olmadı. Bu dəlalət edir ki, o, haqq məzhəbə bəsirət ilə daxil olmamışdı və məzhəbə təqlid yönündən etiqad etmişdi. Çünki furu məsələlərindəki ixtilaf, dəlillərlə sabit olmuş üsulu tərk etməyi vacib etmir...”
Burada şeyxi Əbu Abdilləh deyərək yad etdiyi kəs şiələrdə əl-Mufid adı ilə tanınan alimləridir. İndi diqqət edin ki, şiə aliminin o zaman əhlüs-sünnətə cavab olaraq zikr etdiyi məsələni bu günün şiələri unudublar. ət-Tusi’nin həmin sözlərini bir daha xatırladaq:
“...Çünki furu məsələlərindəki ixtilaf dəlillərlə sabit olmuş üsulu tərk etməyi vacib etmir.”
Yəni ət-Tusi deyir ki, furu məsələlərində, yəni əməl ilə, əhkam ilə bağlı olan fiqhi məsələlərdə ixtilafın çoxluğu, heç də məzhəbin etiqadi əsasının xətalı olduğuna dəlil deyildir, çünki etiqadi əsasın dəlilləri fiqhi mövzuların dəlillərindən fərqlənir.
ət-Tusi’nin verdiyi cavab əslində ümumi olaraq doğrudur, amma bu cavab şiələrin etiqadı ilə uyğun gəlmir. Bunun izahını sözümüzün axırında qeyd edəcəyik. Burada işin ironiyası da öz yerindədir. Yəni o dövrdə əhlüs-sünnətin şiələrdəki şiddətli ixtilafı misal göstərib məzhəblərini rədd etdiyini öyrənirik və sonra bizim zamanımızda şiələrin sünnət əhlinə qarşı dörd məzhəbin ixtilaflarını etiraz səbəbi olaraq göstərməkləri üzərində düşünürük. İşin ironiyasının harada olduğunu gördüyünüzü ümid edirik.
Hətta əl-Feyd əl-Kəşşəni “əl-Vafi” adlı əsərinin müqəddiməsində (1/16) şiə fəqihlərinin tarixin gedişi ilə çoxlu ixtilaflara düşdüklərini bu cür zikr edir:
“Bunların hamısı məsələlərdə öz aralarında çoxca ixtilaf etməklərinə, gecə-gündüz ixtilafın artmasına və əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Hətta vəziyyət o həddə çatdı ki, onları bir məsələdə iyirmi və ya otuz və ya daha çox rəy üzərində ixtilaf edərkən görürsən. Hətta istəsən, deyə bilərəm ki, elə fəri bir məsələ qalmayıb ki, onun özündə və ya onunla bağlı bəzi hissələrində ixtilaf etməsinlər.”
Hətta müasirlərindən bir çoxu müasir müctəhidlərinin ictihadlarında keçmiş şiə alimlərin təqrirlərinə müxalif olduğunu etiraf edirlər. Cəfər əş-Şəxuri əl-Bəhrani “Mərci’iyyətul-Mərhələ va Ğubərut-Təğyir” adlı kitabında müasirlərdən Seyyid əl-Xoyi’nin keçmişdəki əs-Saduq və əl-Mufid kimi şiə alimlərinə müxalif olduğunu zikr edir və keçmişdə şiə alimləri arasında məşhur hesab edilən rəylərə müxalif rəylərinin onlarla olduğunu deyir. Özü daha sonra bunlardan 30-unu qısa şəkildə zikr edir və sonra (səh: 138) deyir:
“Əgər Seyyid Xoyi’nin məşhur və ya icmaya müxalif olduğu yerlərin hamısını zikr etmək istəsəydik, sayı iki yüz və ya üç yüz fətvaya çatardı. İmam Xomeyni, Hakim və başqalarının da halı belədir.”
Beləliklə də şiə məzhəbinin fiqhi məsələlərdə öz içərisində ixtilaf etdiyi məşhurdur, sabitdir. Hətta öz alimləri bu ixtilaflar haqqında kitablar yazıblar. İbnul-Mutahhər əl-Hilli (h. 648-726) bu mövzuda “Muxtələf əş-Şiə” adlı kitabını qələmə alıb. Kitaba giriş verərkən (1/173) deyir:
“Fiqh elmində mütəqaddim əshabımızın – Allah onlardan razı olsun! – kitabları və keçmiş alimlərimizin məqalələri ilə tanış olduğumda çox saylı fərqli məsələlərdə, ayrı-ayrı böyük mövzularda ixtilaf etdiklərini gördüm. Ona görə də ittifaq etdiklərini yox, məhz şəriət hökmlərində və fiqh məsələlərində ixtilaf etdiklərindən bizə çatanları ehtiva edən bir düsturda o məsələləri qeyd etmək istədim...”
Bu kitab hicri 1372-ci ildə Qum şəhərində altı cild olaraq çap olunub və gördüyümüz kimi əl-Hilli kitabında yalnız ixtilaf etdikləri mövzuları qeyd etdiyini söyləyir. Bu kitabın ikinci cildi başdan ayağa namaz haqqındakı ixtilafları zikr edir. Bu məsələlərdən bəziləri bunlardır:
müxtəlif yerlərdə namaz qılmağın icazəli olub olmaması, qılındığı təqdirdə fasid olub olmaması, azan və iqamənin camaat və tək namazlarda vacibliyi, azanın minarədən başqa yerdə verilməsi, qadının kişilər üçün azan verməsi, dəstəmazsız və ya qibləyə dönmədən iqamə vermək, iqamədə danışmağın hökmü, ayaq üstə durmadan iqamə vermək, azanda “əs-salətu xayrun minən-nəum” deməyin məkruh yoxsa haram olması, azana görə ücrət almağın hökmü, azanda və iqamədə sözlərin sayları, fasiqin azanının hökmü, namaz əsnasında niyyəti dəyişmək namaza təsiri, qiraətin namazda rükun olub olmaması, fatihədən sonra əlavə surə oxumağın vacibliyindəki ixtilaf, camaat namazına qoşulduqda həm istiftah, həm də rüku niyyəti ilə bir təkbir verməyin hökmü, qiraətin yerinə deyilən təsbihin miqdarı, bir rükətdə iki surət oxumaq, sübh və məğribdə səslə oxumağın hökmü, oxunmadığı təqdirdə namazın hökmü, surələrin əvvəlində “bismilləhir-rahmənir-rahim” sözlərini səslə oxumağın hökmü, cümə günü zöhr namazı qılana “cümə” və “munafiqun” surələrini oxumağın vacibliyi, rüku və səcdələrdə təsbihdən başqa zikr deməyin hökmü, təsbihdə vacib olan say, eşidənə tilavət səcdəsinin vacib olub olmaması, istiftəh təkbirindən başqa təkbirlərin hökmü, namazın təkbirlərində əlləri qaldırmağın hökmü, istirahət oturuşunun hökmü, namazda qunut tutmağın vacib olub olmaması, namazda salamların vacib yoxsa müstəhəb olması, beş namazdakı təkbirlərin sayı, qunutda farsca dua oxumağın hökmü, bütün namazlarda qunutu səsli oxumağın hökmü və sair.
Bu məsələlərin sayını çoxaltmaq olar. Elə məsələlər var ki, o məsələlərdə sünnət əhlinin dörd məzhəbi ittifaq edib, lakin şiələr öz aralarında ixtilaf ediblər. Misal üçün yəhudi və xristian qadınla evlilik sünnət əhlinə görə səhihdir, şiələr isə, ixtilaf ediblər. Həmçinin cümə namazı sünnət əhlinə görə vacibdir, şiələr isə, haram olması ilə vacib olması rəyləri arasında ixtilaf ediblər. Hətta sünnət əhlinin təmiz yoxsa nəcis olmasında belə ixtilaf ediblər.
Sözümüzün axırında ət-Tusi’nin verdiyi cavaba qayıdacağımızı söz vermişdik. Bəli, ət-Tusi´nin cavabı şiələrin üsulu ilə uyğun gəlmir. Çünki imamət üçün gətirdikləri ən əsas əqli dəlilləri budur ki, imamlar peyğəmbərin varisi olaraq ümmətə dini və dünyəvi işlərində doğru yolu göstərən hidayət rəhbərləri olmalıdırlar və insanlara dini və dünyəvi məsələlərdə doğru olanı bildirməkləri üçün xətadan qorunulmuş məsumlar olmaqları lazımdır. O zaman burada soruşmaq lazımdır ki, əgər “məsum” imamların aranızda mövcud olmasına baxmayaraq bu qədər ixtilaf etmisizsə, o zaman onların mövcud olması ilə olmamaqları arasındakı fərq nə oldu?
Reallıq budur ki, sünnət əhlinin müctəhidləri peyğəmbərin hədislərini anlamaqda, onları tətbiq etməkdə ixtilaf etdikləri kimi şiələrin alimləri də öz imamlarına nisbət etdikləri xəbərləri anlamaqda ixtilaf ediblər. Yəni imamların olması ixtilafı aradan qaldırmayıb, ona görə də onların məsumluğu, heç bir şeyi dəyişdirməmişdir. Son etapda formalaşan rəylər müctəhid adlanan bəşər övladlarının nəzərinin məhsuludur.
- Şiələrin əhli-sünnəni məzhəblər arası ixtilafda tənqid etməsi haqda.
- Aşurə orucu (şiə mənbələrində)-1
- Aşurə orucu (şiə mənbələrində)-2
- Şiə Məzhəbinin Təkamülü.
- Fiqhi ixtilafların həqiqəti
- "Ümmətimin ixtilafı rəhmətdir."
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Cə'FƏRİYYƏ (Cəfərilik)
- Ömər və ümmü Gülsümün evliliyi haqqında şiə qaynaqlarında rəvayətlər vardırmı?
- Təqlid etmək vacibdirmi?