Sidikdən dolayı qəbr əzabı vardırmı?

347- (Abdullah) ibni Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) (bir dəfə) yeni 2 qəbrin yanından keçdi və:

"Şübhəsiz, bu 2 qəbir sahibi əzablandırılır. Həm də əzablandırılmaları, böyük bir şeydən dolayı deyildir. 

Bunlardan biri, sidikdən çəkinməzdi, digəri isə, söz daşıyardı."

---------------------

348- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qəbr əzabının əksəriyyəti, sidik(dən çəkinməmək)'dən dolayıdır.

----------------------

349- Əbu Bəkrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) 2 qəbrin yanından keçdi və:

"Həqiqətən də, bunlar əzab edilməkdədir. Əzabları da böyük bir şeydən dolayı deyildir. 

Bunlardan birisi sidik(dən çəkinmədiyi) üçün əzab edilir. 

Digəri isə, qiybət (etdiyi) üçün əzab edilir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-taharə və sunənihə: "Sidikdən təşdid (şiddətləndirmə, ağırlaşdırma, bir günahın cəzasını bəzi səbəblərdən dolayı şiddətləndirilməsi, ağırlaşdırılması) babı"

-------------------

İzahı:

İbn Abbas'dan rəvayət edilən 347 no-lu hədis, Buxari və Muslim'də uzun mətnlə rəvayət edilmişdir.

Muslim'in "Babu nəcasəti'l-bəvl..." bölməsində rəvayət olunan bu hədisin açıqlamasını verən Nəvəvi, nümunə olaraq belə deyir:

"Hədisin:

"---وما يعذبان في كبير---"

=...və bu 2 qəbir sahibinin əzabı, böyük bir şeydən dolayı deyildir..." ifadəsinə gəlincə, Buxari'nin "Ədəb" kitabının "ən-Nəmimə" babındakı rəvayəti belədir:

"---وما يعذبان في كبير وإنه لكبير---"

=...və bu 2 qəbir sahibinin əzabı, böyük bir şeydən dolayı deyildir. Halbuki o şey, əslində böyük (günah)'dır..."

Buxari'nin "Vudu" kitabındakı rəvayətində də ifadə belədir:

"---وما يعذبان في كبير بلى إنه كبير---"

"=...və bu 2 qəbir sahibinin əzabı, böyük bir şeydən dolayı deyildir. Əksinə, o şey, şübhəsiz böyük (günah)'dır..."

Anılan qəbir sahiblərinin əzablandırılmasına səbəb olan günahın böyük olduğu, Buxari'nin bu 2 rəvayətindəki:

"---وإنه لكبير--- 
və ya

 "---بلى إنه كبير---"

 cümləsi ilə sabitdir.

Bu hala görə, hədisin:

"---وما يعذبان في كبير---"

Yəni:

"...və bu 2 qəbir sahibinin əzabı, böyük bir şeydən dolayı deyildir..." ifadəsinin təvili gərəkdir. 

Alimlər bu xüsusda 2 təvil zikr etmişlərdir:

• Birinci təvil:

Qəbir sahibləri, bu günahın böyük olmadığını sanmışlardı.

• İkinci təvil:

Bu günahdan çəkinmək, qəbir sahibləri üçün böyük bir məsələ deyildi. Asanlıqla bu günahdan uzaq qala bilərlərdi. 

• Mərhum Qadı İyad (rahmətullahi aleyh), bu üçüncü təvili də nəql etmişdir:

"Əzablarına səbəb olan günah, böyük günahların ən böyüyü deyildi."

Nəvəvi sözünə davam edərək belə deyir:

"Bu son təvilə deyirəm ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu söz ilə məqsədi, xalqı bundan çəkindirmək idi.

Yəni kimsə sanmasın ki, təzib (əzablandırmaq) ancaq ən böyük günahlardan dolayıdır. Çünki təzib, başqa günahlar üzündən də ola bilər. Necə ki, elə də oldu."

Bu 2 günahın böyük günahlardan olduğunun səbəbinə gəlincə, sidikdən çəkinməmək, namazın pozulmasını gərəkdirir. Qılınan namaz, qılınmamış sayılır. Bu səbəblə, sidikdən çəkinməmək, böyük günahdır. 

Söz daşımaq isə, ən çirkin şeylərdəndir. Xüsusilə də, bunu adət halına gətirmək. Qəbir sahibinin bu çirkin şeyi dəfələrlə işlədiyi, hədisin:

"...söz daşıyardı..." təbirindən anlaşılır.

-----------------------------

Buxari və Muslim'in rəvayətində, hədis mətninin davamında, ravi ibn Abbas (radiyallahu anh) belə buyurur:

"...sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm) təzə bir xurma budağı istədi. Gətirilən budağı ikiyə bölərək, bu 2 qəbir üzərinə bu budaqdan parçalar əkdi. 

Bunun hikməti soruşulunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə cavab verdi:

'Bu budaqlar yaş qaldığı müddətcə, əzablarının xəfif qılınacağı umular."

Qəbir üzərinə yaş xurma budaqlarının əkilməsinin hikmətinə gəlincə, alimlər belə izah verirlər:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm), qəbir sahibləri üçün şəfaət diləmiş və əkilən budaqlar quruyana qədər, əzablarının xəfif qılınması qəbul edilmişdir.

• Əkilən budaqlar quruyana qədər Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbir sahiblərinə dua etməsi möhtəməl (ehtimal olunan) olub, bu səbəblə əzablarının bu müddət ərzində xəfiflədilməsi umulmuşdur, diyə izahlar da verilmişdir.

• Bəzi alimlər də, budaqlar yaş qaldıqca, təsbih edərlər, quru budaq isə, təsbih etməz, diyə açıqlamalar da verilmişdir.

Necə ki:

"---وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ---"

"---...və heç bir şey yoxdur ki, Allahı həmd ilə təsbih etməsin...---" (İsra/44) buyurulmuşdur.

Müfəssirlərin çoxu, belə izah edərək deyirlər ki:

"Ayətdə keçən 'şey' kəliməsindən məqsəd, yaşayan şeydir. Hər şeyin yaşaması, özünə xas bir tərzdədir. Ağac qurumadıqca, daş kəsilmədikcə, yaşayarlar. 

Ancaq mühəqqiq olan müfəssirlər və başqa alimlər, ayətdəki 'şey' kəliməsinə, yaşama qeydini qoşmamışlardır. Buna görə, yaş və quru hər şey, Allahı təsbih edər.

Hər şeyin Allahı təsbih etməsi xüsusunda 2 görüş vardır:

• Bir görüşə görə, hər şey bir əsər olub Sani'inə (sənətlə yaradan Yaradıcısına) dəlalət edər. Hal dili ilə, Allahı təsbih və tənzih edər. Yəni hər cür nöqsandan pak və nəzih olduğuna dəlalət edər.

Hüccətü'l-İslam imam Ğazzali "İhya-u Ulumi'd-din" (1. Cild, s. 226-227) əsərində belə izah gətirir:

"Beşinci qisim sirlər:

Dil ilə halın dilini açıqlamaqdır. Qıt anlayışlı kimsə, zahiri ifadələrə ilişib qalar və onu həqiqət zənn edər. Halbuki həqiqətlərə nüfuz edənlər, zahiri ifadələrlə nə demək istənildiyini, buradakı sirri qavrayarlar. Bu, eynilə buna bənzəyir:

Divar, özünə vurulan çəkicə:

-'Niyə məni yarırsan? diyə şikayət etdiyində, çəkic:

-'Onu mənə deyil, dayanmadan məni vuran çəkicə və onun əlindəki daşdan soruş.' deyir.

Bax burda, sözlə, halın dili bildirilmişdir. (Yoxsa nə divar danışmışdır, nə də çəkic.)

Fussilət surəsinin 11-ci ayətində, Allah Subhənəhu və Taala belə buyurur:

"---ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ---"

"--Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: 

“Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. 

Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.---" 

İndi axmaq kimsənin bu ayəti anlaya bilməsi üçün, yer üzü ilə göyləri, həyat, ağıl, İlahi xitabı qavrayacağı bir anlayış qabiliyyəti və istedadı təqdir etməsi və Allah'ın xitab əmrinin göylərlə yerin dinləyə biləcəkləri bir səs və hərflərdən meydana gəldiyini və onların da hərf və səslə cavab verib: "istəyərək, könüllü olaraq gəldik" deyə dediklərini düşünməsi lazımdır.

Halbuki bəsirət sahibi, bu ifadələrin hal dilini bildirdiyini, göylərin və yerin məcburi olaraq Allahın əmrinə hazır olduqlarını xəbər verdiyini anlayar.

Yenə İsra surəsini  44-cü ayəti də bu qəbildəndir:

"---تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا---"

"---Yeddi göy, yer və onlarda olanlar Onu təsbih edər. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin. 

Lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.---"

Yenə axmaq kimsə, bu ayətin mənasını qavraya bilmək üçün, cansız varlıqlara həyat, ağıl, səs və hərflərlə danışmaq qabiliyyəti verilib, onların: 'təsbih etdiklərini, yəni subhanallah dediklərini, təsbihin gerçəkləşməsi üçün, bunun, zəruri olduğunu düşünürlər.

Halbuki, bəsirət sahibi burada, dilin qəsd edilmədiyini, nəsnələrin (şeylərin) varlıqları ilə, Allahı təsbih, Zatını təqdis etdiklərini, Onun birliyinə şahidlik etdiklərini anlayar.

Necə ki, məşhur şairlərdən Lebid belə deyirdi:

"Hər şeydə Onun bir olduğunu göstərən bir nişan vardır."

Yenə:

"Bu sağlam memarlıq sənəti, memarının məharətinə şahiddir." deyildiyində, bu şahidlik, sözlü bir şahidlik olmayıb, zatı və halı ilədir.

Yenə heç bir şey yoxdur ki, özünü var edən, varlığını və sifətlərini davam etdirən, hərəkətlərini çəkib-çevirən bir Yaradıcıya möhtac olmasın. O, bu ehtiyacı ilə, zəruri olaraq, Yaradıcısının müqəddəsliyinə şahidlik edər. 

Onun varlığını, hadisələrin zahirlərinə ilişib qalanlar deyil, bəsirət sahibləri idrak edərlər. Bundan ötürüdür ki, Allah Taala belə buyurmuşdur:

"...lakin siz, onların təsbihlərini anlamazsınız..."

Bu qıt ağıllılar, heç bir zaman qavramazlar. Muqarrəb (Allaha yaxın) kimsələrlə, elmin zirvəsinə çıxmış alimlər isə, künhünü və kamal mərtəbəsini qavramazlar.

Çünki hər varlıq, Allah Taala'nı nöqsan sifətlərdən tənzih edib onu təsbihlə anmaqda, fərqli şəhadət göstərirlər; şəhadəti isə, hər kəs, öz ağıl və bəsirətinə görə idrak edər... (İmamın sözü burda bitdi.)

• İkincisi isə, mühəqqiq alimlərcə dəstəklənən digər görüşə görə, yaş və quru hər şey, həqiqətən Allahı təsbih edər. Allah Taala daş haqqında:

"---...وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ ٱللَّهِ ۗ ...---"

"---...və şübhəsiz daşlardan elələri vardır ki, Allah qorxusundan yuvarlanıb yerə düşər..." (Bəqərə/74) buyurmuşdur.

Cansızların hiss sahibləri qılınması, əqlən muhal (imkansız) deyildir. Alimlər, bu hədisə dayanaraq, qəbir yanında Quran oxunmasını, müstəhəb sayaraq demişlərdir ki:

"Yaş xurma budağının təsbihi ilə əzabın xəfiflədilməsi umulduğu halda, Quran tilavəti ilə əzabın təxfifi (xəfiflədilməsi) daha çox umulmağa dəyər.

Buxari'nin bəyanına görə, səhabələrdən Bureydə b. əl-Hasib əl-Əsləmi (radiyallahu anh), qəbrinə yaş olan 2 xurma budağının əkilməsini vəsiyyət etmişdi.

Nəvəvi (rahiməhullah)'ın verdiyi izahlar burda bitdi. (bax: Muslim'in şərhi, c. 3, s. 122-124)

Read 19 times
In order to make a comment, please login or register