Sihhət, fəsad və butlan, nə deməkdirlər?
Sihhət (səhih olma), fəsad (fasid olma) və butlan (batil olma), şər'i hökmlər üçün istifadə edilən bir vəsfdir. Şər'i hökmlər, istər təklifi olsun, istərsə də vaz'i, bu vəsfləri alırlar. Məsələn:
Namaz,
~ səbəb, şərt və rüknləri tam olaraq əda edilərsə, səhih;
~ bu şəkildə əda edilməzsə, batil olur və ya səhih olmaz.
Beləcə, vacib yerinə yetirilməmiş sayılır və vaxtında yenidən qılınmazsa, günah olur.
(Bu hal), vaz'i hökmlər üçün də eynidir. (Belə ki):
~ Səbəblər səhih olarlarsa, müsəbbəblərini (yəni, nəticələrini) qəbul etmək lazımdır;
~ Şərtlər səhih olarsa, gərəyinə tabe olmaq lazımdır.
Məsələn:
~ Namazın qılınması üçün vaxtın girməsi və dəstəmazın səhih olaraq alınması lazımdır.
~ Əqdlərdəki cə'li (süni) şərtlər də, belədir. Şərt səhih olarsa, ona tabe olmaq lazımdır. Şərt fasid olarsa, bəzi hallarda, maliyyəvi əqdlər fasid olur. Mübadilələrdəki fasid şərtlər, əqdlərin də fəsadına səbəb olur. Lakin, fasid şərtlər, digər bəzi əqdlərin fəsadına səbəb olmaz.
Əqdlərdə məqbul olan şərtlərlə məqbul olmayan şərtlərə, yuxarıda işarət etdik. Əsasən, bunların təfərrüatı, fiqhin mövzusudur; üsulun mövzusu deyildir.
• İbadətlər, səhih və qeyr-i səhih olmaq üzərə 2 qismə ayrılır:
~ Qeyr-i səhih (səhih olmayan) ibadətlər xüsusunda, batil və fasid deyə bir fərq qoyulmur. Fəqihlər, bu xüsusda ittifaq etmişlərdir. Çünki, ibadətlər, şərt və rüknləri tam olaraq yerinə yetirilərsə, səhih; şərt və ya rüknlərindən biri əskik olarsa, səhih olmaz. Səhih olmayan ibadətlər üçün, fasid və ya batil sözü, eyni mənaya gəlir.
~ Əqdlərə gəlincə: Şari'nin bildirdiyi əsaslara uyğun olan əqdlərin sihhəti üzərində, fəqihlər ittifaq etmişlərdir. Buna görə, bir səbəb təşkil edən və onun səbəbiyyətini tamamlayan şərtləri ehtiva edən və bu səbəbiyyətin sihhəti üçün hər hansı bir mane olmayan əqdlər, səhihdir.
Qeyr-i səhih əqd də, özündə, şərt və rüknləri tam olaraq ehtiva etməyən əqddir. Fəqihlər, səhih olmayan əqdin mahiyyətində ittifaq etdikləri halda, qisimlərində ixtilaf etmişlərdir. Əksəriyyətə görə, bu əqd, tək bir qisimdən ibarətdir. Batil ilə fasid arasında, bir fərq yoxdur. Əskiklik, istər səbəbin rüknündə, istərsə şərt və vəsflərində olsun, nəticə eynidir. Hənəfi'lərə görə isə, əskiklik, əqdin rüknündə olarsa, bu əqd, batildir və səbəb mövcud olmadığı üçün, ondan heç bir şey hasil olmaz. Əgər əskiklik əqdin şərtində, yəni, vəsflərindən birindədirsə, səbəb təşəkkül etmiş olur və buna, bəzi şeylər tərəttüb edər (yəni, nəticə olaraq ortaya çıxar). Çünki, əsas olan, səbəbdir. Şərt isə, bunu tamamlayıcı mahiyyətdədir. Məsələn, "bəy=alış-veriş" əqdinin rüknü, qəbul və icab ilə məbi (satılan şey)'dir. Bunlar mövcud olunca, səbəb təşəkkül edir. Əqdin hökmünü tamamlayan şərtlərdən biri də, veriləcək pulun, satış, borca verilirsə, müddətinin müəyyən olmasıdır. Məsələn, bunlardan biri müəyyən olmazsa, əqd, fasid olar; batil olmaz.
Burdakı ixtilaf, 2 əsasa dayanmaqdadır:
1. Cumhura görə, nəhy, əqdin hər cür əsərinin tərəttüb etməsinə əngəl olur.
2. Şari tərəfindən əmr edilən şərtlərin mövcud olmaması, hökmlərin tərəttüb etməsinə maneə (əngəl) təşkil edir.
Cumhurun dəlilləri, bunlardır:
Nəhy mövcud olduğu halda əqd etmək, Şari'yə üsyandır. Dolayısı ilə, belə bir əqdin, heç bir nəticəsi olmaz. Çünki, nəhyin mövcud olması, bu əqdin məşruluq həddi xaricinə çıxmaq olduğunu göstərir. Necə ki, Nəbi (sallallahu aleyhi və səlləm):
"Kim, Bizim əmrimizə uyğun olmayan bir iş görərsə, mərdud (rədd edilən)'dir. Kim, dinimizə, onda olmayan bir şey daxil edərsə, mərduddur." (Buxari, "İ'tisam/20) buyurmuşdur.
Şari tərəfindən nəhy edilmiş olan bir səbəbə görə hökm vermək, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Şari'nin əmr etmədiyi, hətta nəhy etdiyi bir şeylə əməl etməkdir. Ümmətin sələfi, haqqında nəhy mövcud olan əqdlərin batil olduğunda, ittifaq etmişlərdir. Dolayısı ilə, onlar, haqqında nəhy mövcud olduğu üçün, faiz və müşriklərlə edilən evlənmə əqdinin, butlanına hökm etmişlərdir. Çünki, Quranda,
~ "Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir." (Bəqərə/275);
~ "Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir." (Bəqərə/221) buyurulmuşdur.
Fəqihlərin cumhuru, bax bu görüşdədir. Yəni onlar, səhih olmayan əqdlər arasında, fasid və batil deyə bir fərq qoymazlar.
Hənəfi'lərə görə isə, icab, qəbul və üzərində əqd edilən şey, əqdin rüknləri olub, əqdi inşa edən səbəblər, bunlardır. Bunlardan biri əskik olarsa və ya bunları tamamlayan şərtlərdə bir qüsur mövcud olarsa, əqd, batil olar. Çünki, bu təqdirdə, səbəbiyyət, təşəkkül etməmişdir, deməkdir. Əsasən, əqdin rüknü, hökmün meydana gəlməsinə əmarə olan Şari tərəfindən təyin edilən səbəbdir. Səbəb təşəkkül etməzsə, əqd də, var olmaz, batil olar. Qüsur, hökmü tamamlayan şərtlərdə olarsa, əqd, var olar; lakin, fasid olar, batil olmaz.
Buna görə, batil olan bir əqd, rüknləri və ya bunları tamamlayan şərtləri əskik olan əqddir. Məsələn, əqdin mövzusu, mübah və ya mövcud deyilsə; ya da təslimi, imkansızdırsa, əqd, batil olur. Çünki, rükndə və ya əslində, əskiklik var, deməkdir. Əgər hökmü tamamlayan və ya hökmlə bağlı olan bir şərt, əskikdirsə, əqd, fasid olur; batil olmur. Məsələn, alış-satış əqdində ödənəcək olan pul miqdarının və ya ödəmə vasitəsinin bilinməməsi kimi hökmün tətbiqi sırasında münazaa (çəkişmə)'yə səbəbiyyət verən şeylərlə, əqd, fasid olur.
Dolayısı ilə, Hənəfi'lər, batil əqdi, əsldə, yəni, səbəbiyyətin əsasında əskiklik olan əqd; fasid əqdi də, vəsfində, yəni, hökm və nəticəsini tamamlayan şərtlərində əskiklik olan əqd deyə tərif edirlər.
Beləcə, Hənəfi'lər, əqdləri, 3 qismə ayırırlar:
1. Səhih əqd;
2. Batil əqd;
3. Fasid əqd.
~ Batil əqdin, heç bir hökmü yoxdur. Çünki bunda, səbəbiyyət mövcud deyildir.
~ Fasid əqdə gəlincə, şərt və rüknü mövcud olduğu üçün, əqd əskik də olsa, mövcuddur. Lakin, 2 tərəf üçün, bunu fəsx etmək, vacib olur. Belə bir əqdlə bir kimsə almış olduğu şeyi qəbz etsə (yəni, götürsə), buna malik olur və danışılan pulu deyil, qiymətini verməklə mükəlləf tutulur. Burdakı mülkiyyət qəti olmadığı üçün, fəsxi lazım gəlir. Fəsx edilərsə, bir şey lazım gəlmir. Belə bir mülkiyyətlə, müştəri malda təsərrüf edərsə, bu, başqasının haqqı əlaqəli olmuş olur.
Burdan başa düşülür ki, Hənəfi'lərə görə, əskik də olsa, fasid əqd varlıq qazanmaqda və belə bir əqdlə, qəbz edildiyi və ya ilk tətbiqdə, bəzi hökmlər meydana gəlməkdədir. Lakin bu hökmlərin şərtləri əskik olduğu üçün, başqasının haqqı ilə əlaqəli olur. O halda, fasid olsun, batil olsun, səhih olmayan əqdlərdə, günah və üsyan sabit olur.
Bu xüsusda daha geniş məlumat almaq istəyənlər, "əl-Mulkiyyətu və Nazariyyətu'l-Əqd" adlı əsərimizin 355-369-cu səhifələrinə baxa bilərlər.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
