Şubənin gizli hədisi

Şiələr əhlüs-sünnət kitablarında bəzi rəvayətləri çıxararaq onları özlərinə sərf edən şəkildə təqdim edirlər, lakin rəvayətin onların təqdim etdikləri mənaya dəlalət etməsinə dair bir dəlil yoxdur. Bu rəvayətlərdən birində böyük əhlüs-sünnət imamı Şubə bin əl-Həccac’ın belə dediyi qeyd olunur: “əl-Həkəm mənə İbn Əbi Leyla’dan, o da Əlidən, o isə Peyğəmbərdən elə bir hədis rəvayət edib ki, onu sizə danışsam rafizi olarsız. Amma bunu sizə heç zaman rəvayət etməyəcəm.” Bu yazımızda bu barədə gəlmiş xəbərə yaxından işıq salmağa çalışacağıq.

Bu rəvayət haqqında hər şeydən əvvəl onu deməliyik ki, bu rəvayət fərqli ləfzlərə gəlib, bəzi rəvayət yollarında (ترفضتم), yəni “rafizi olarsız” sözü keçdiyi halda digərlərində (ترقصتم) və ya (رقصتم), yəni “rəqs edərsiz” sözü keçməkdədir. Gəlin bu rəvayətlərə bir-bir nəzər salaq. Bunlardan birici İmam Əhməd’in “əl-İləl va Mərifətur-Ricəl” kitabında keçən bir xəbərdir.

İmam Əhməd bin Hənbəl’in (h. 164-241) oğlu Abdullah bin Əhməd (h. 213-290) deyir: “Muhəmməd bin Abdilləh (əl-Muxarrimi) mənə rəvayət etdi; dedi: Əbu Davud bizə Şubə’dən belə dediyini rəvayət etdi: “əl-Həkəm bizə Abdurrahmən bin Əbi Leyla’dan, o da Əli’dən elə bir şey rəvayət edib ki, sizə rəvayət etsəydim rəqs edərdiniz. Allaha and olsun ki, onu məndən əsla eşitməyəcəksiz.” Daha sonra deyir: “Bizə bunun eynisini Mahmud bin Ğeylan da (ö. h. 239) rəvayət edib və orada (“rəqs edərdiniz” sözlərinin yerinə) “rafizi olardınız” deyir. (İmam Əhmədin oğlu) Əbu Abdirrahmən dedi: “Bu, daha uyğun gəlir.”[1]

Şəkil 1: “əl-İləl va Mərifətur-Ricəl” kitabının Cəxcəx ləqəbli Ubeydullah bin Əhməd ən-Nəhvi tərəfindən hicri dördüncü əsrdə köçürülmüş əlyazmasından həmin hissə. Əlyazma Türkiyədə Ayasofya kitabxanasında (rəq 3380) saxlanılır.

Beləliklə də burada bu rəvayət iki yoldan gəlir; biri Muhəmməd bin Abdilləh’dən, digəri isə Mahmud bin Ğeylan’dan gəlir. Bunu Mahmud bin Ğeylan’dan rəvayət edən bir başqa alim də “rafizi olardınız” ləfzi ilə qeyd edir. Mutayyən ləqəbli kufəli mühəddis əl-Hafiz Əbu Cəfər Muhəmməd bin Abdilləh bin Süleyman əl-Hədrami (h. 202-297) deyir: “Muhəmməd bin Ğeylan bizə rəvayət etdi; Əbu Davud bizə rəvayət etdi; Şubə bizə rəvayət etdi; əl-Həkəm mənə Abdurrahmən bin Əbi Leyla’dan, o da Əlidən, o isə Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – elə bir hədis rəvayət etdi ki, onu sizə rəvayət etsəm rafizi olarsız.” Şubə dedi: “Onu məndən heç zaman eşitməyəcəksiz.”[1] Bu rəvayətdə bir xəta var, çünki rəvayətin zahirindən elə başa düşülür ki, Şubə o hədisi tələbələrinə rəvayət edib. Lakin doğru olan budur ki, Şubə o sözləri deyib, hədisin özünü rəvayət etməyib. Daha bir rəvayətdə Mahmud bin Ğeylan’ın “rafizi” sözünü işlətdiyini görürük. Əbu Tahir Muhəmməd bin Abdirrahmən əl-Muxallis əl-Bağdadi (h. 305-393) isə rəvayət edir: “Abdullah bizə rəvayət etdi; Mahmud bizə rəvayət etdi; Əbu Davud bizə rəvayət etdi; dedi: Şubə bizə rəvayət etdi; dedi: “əl-Həkəm bin Uteybə mənə Abdurrahmən bin Əbi Leyla – Əli bin Əbi Talib – Peyğəmbər – salləllahu aleyhi va səlləm – yolu ilə elə bir hədis rəvayət edib ki, onu sizə rəvayət etsəydim hamınız rafizi olardınız.” Şubə dedi: “Allaha and olsun ki, onu məndən heç zaman eşitməyəcəksiz.”[2] Əbu Tahir əl-Muxallis’in şeyxi Abdullah böyük alim və imam Əbul-Qasim Abdullah bin Muhəmməd bin Abdilaziz əl-Bəğavi əl-Bağdadi’dir, hicri 214-cü ildə doğulub və 317-c ildə vəfat edib. Beləliklə də görürük ki, Mahmud bin Ğeylan’dan bunu rəvayət edən üç ravi “rafizi” sözünü işlədib.Şəkil 2: Mutayyən’in hədis cüzünün Muhəmməd əl-Muzaffəri tərəfindən hicri doqquzuncu əsrdə köçürülmüş əlyazmasından həmin hissə. Bu əlyazma Türkiyədə “Feyzullah” kitabxanasında (rəq 507) saxlanılır.

Lakin Mahmud’dan rəvayət edənlərin hamısı bu şəkildə demirlər.  Əbu Əhməd Abdullah ibn Adiyy əl-Curcəni (h. 277-365) – misal üçün – deyir: “Muhəmməd bin Cəfər əl-İmam, əl-Heysəm bin Xaləf və Muhəmməd bin əl-Hüseyn bin Mukram bizə xəbər verdilər; dedilər: Mahmud bin Ğaylən bizə rəvayət etdi; Əbu Davud bizə rəvayət etdi; Şu’bə bizə rəvayət etdi və dedi: “əl-Həkəm mənə Abdurrahmən bin Əbi Leyla’dan, o da Əli bin Əbi Talib’dən Peyğəmbərin – salləllahu aleyhi va səlləm – elə bir hədisini rəvayət edib ki, əgər onu sizə rəvayət etsəydim hamınız (sevincdən) rəqs edərdiniz. Allaha and olsun ki, onu məndən heç zaman eşitməyəcəksiz.” Şeyx (yəni İbn Adiyy) dedi: “İbn Mukram’ın (öz rəvayətində) belə dediyini güman edirəm: “Hamınız rafizi olardınız.”[1] Burda isə görürük ki, bunu Mahmud bin Ğeylan’dan rəvayət etmiş Muhəmməd bin Cəfər və əl-Heysəm bin Xaləf “rəqs edərdiniz” sözlərini zikr edir. Beləliklə də Mahmud’dan rəvayət edənlər ixtilaf ediblər.

Şəkil 3: İbn Adiyy əl-Curcəni’nin “əl-Kəmil fi Duafə ər-Ricəl” kitabının hicri 910-cu ildə köçürülmüş əlyazmasından həmin hissə. Bu əlyazma Türkiyədə Topkapı sarayında üçüncü Əhməd kitabxanasında (rəq 2943) saxlanılır. Bu əlyazmada hər iki yerdə “rəqs edərdiniz” sözü keçir.

Əbu Nueym əl-Əsbəhəni (h. 336-430) bizə bunu başqa isnadla belə rəvayət edir: İbrahim bin İshaq bin İbrahim əs-Saffər bizə rəvayət etdi; Muhəmməd bin İshaq bin Xuzeymə bizə rəvayət etdi; Muhəmməd bin Yezid əl-Əsfəti bizə rəvayət etdi; dedi: Əbu Davud’u belə deyərkən eşitdim: “Bir gün biz Şu’bə (ibn Həccac)ın yanında idik. Evin içində tavandan asılmış bir torba var idi. (Şu’bə) dedi: — O kisəni görürsünüzmü? Allaha and olsun, onun içinə əl-Həkəm’dən, onun İbn Əbi Ləylə’dən, onun da Əli’dən – kərraməllahu vachəh – və onun isə Peyğəmbərdən – salləllahu aleyhi və səlləm – rəvayət etdiyi elə bir şeyi yazmışam ki, əgər sizə onu rəvayət etsəm, elə (sevincdən) rəqs edərsiniz! Allaha and olsun, mən onları sizə danışmayacağam.”[2]

Şəkil 4: Əbu Nueym əl-Əsbəhəni’nin “Hilyətul-Əvliyə” kitabının əlyazmasından həmin hissə. Bu əlyazmanın hicri 1133-cü ildə Misirdə Kətxuda Zadə Muhəmməd əl-Qadi tərəfindən əldə edildiyini bilirik.

əl-Xatib əl-Bağdadi (h. 392-463) deyir: “əl-Bərqani bizə xəbər verdi; dedi: Əbul-Qasim ibn ən-Nəxxas’a oxudum ki, sizə Muhəmməd bin Muhəmməd bin Süleyman rəvayət etdi; dedi: Muhəmməd bin Yezid əl-Əsfəti mənə rəvayət etdi; Əbu Davud ət-Tayəlisi’ni belə deyərkən eşitdim: “Şubə bin əl-Həccəc’in yanına evində idik və bir torba asılı idi. Dönüb baxdı və gördü ki, tavandadır və bunun üzərinə dedi: “O torbanı görürsüz?” Onun içində əl-Həkəm’dən, onun da Abdurrahmən bin Əbi Leyla’dan, onun da Əlidən, onun isə Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – (bir hədis) yazmışam; onu sizə rəvayət etsəydim (sevincdən) rəqs edərdiniz.”[3]

Şəkil 5: əl-Xatib əl-Bağdadi’nin “Tərixu Bağdad” kitabının Qahirədə əl-Əzhəriyyə kitabxanasında (653; 9026) saxlanılan əlyazmasından həmin hissə. Bu əlyazmanı hicri 634-635-ci illərdə böyük mühəddis Əbul-Həsən Muhəmməd bin Mərzuq əl-Bağdadi əz-Zəfərani əl-Cəlləb’in (h. 447-517) nüsxəsindən köçürüblər. O isə öz növbəsində nüsxəsini Dəməşqdə “əs-Sumeysətiyyə” xanəgahında vəqf olaraq saxlanan müəllifin orijinal nüsxəsindən köçürmüşdü.

Şəkil 6: əl-Xatib əl-Bağdadi’nin “Tərixu Bağdad” kitabının İstanbulda Köprülü Fazil Əhməd Paşa kitabxanasında saxlanılan əlyazmasından həmin hissə.

Beləliklə də görürük ki, bu xəbər Əbu Davud ət-Tayəlisi’dən gəlir və ondan bunu üç nəfər rəvayət edib; Muhəmməd bin Abdilləh əl-Muxarrimi, Mahmud bin Ğeylan əl-Adəvi və Muhəmməd bin Ziyəd bin Abdilməlik əl-Əsfəti. Bunlardan Muhəmməd bin Abdilləh və İbn Ziyad əl-Əsfəti “rəqs edərdiniz” sözü ilə rəvayət edir. Mahmud bin Ğeylan’a gəldikdə isə ondan bəziləri “rafizi olardınız” ləfzi ilə, digərləri isə “rəqs edərdiniz” ləfzi ilə rəvayət edir. Rəvayət kanalları yolu ilə daha etibar qazandıran ləfz “rəqs edərdiniz” ləfzidir, çünki əksəriyyət bu ləfz ilə rəvayət edib.

Bunu qeyd etdikdən sonra rəvayət barəsində düşünməyimiz lazımdır. Hər şeydən əvvəl onu qeyd edək ki, rafizilər bu rəvayəti elə çatdırırlar ki, sanki burada söhbət birdən çox hədisdən gedir, lakin gördüyünüz kimi burada tək bir hədis qəsd olunur. Buna işarə etdikdən sonra mövzunun özəyinə keçməyimiz lazımdır. Maraqlıdır ki, əgər burada Şubənin qəsdi həqiqətən də rafizi etiqadını dəstəkləyəcək bir rəvayəti qəsd edirdisə necə olur ki, bunu ondan başqa heç kim rəvayət etməyib?! Axı əl-Həkəm bin Uteybə Kufənin böyük imamlarından və alimlərindən olub və onun çox sayda tələbələri var idi; onların arasında Mənsur, əl-Aməş, Yezid bin Əbi Uneysə, Əbən bin Təğləb, Mis’ar bin Kidəm, Məlik bin Miğval, əl-Əvzai, Həmzə bin Həbib əz-Zeyyət, Qeys bin ər-Rabi, Əbu Avanə, Mə’qil bin Ubeydullah, İmam Cəfər bin Muhəmməd, Sufyan əs-Səvri, Mə’mər bin Raşid, əl-Həsən bin Uməra və başqaları olublar. Əgər bu hədis Əlinin xəlifəliyi haqqında və ya ən əfzəl səhabə olması haqqında gəlmiş bir xəbərdirsə necə olur ki, bunu əl-Həkəm yalnız Şubə’yə rəvayət edib, halbuki əl-Həkəm bin Uteybə alimlər içində Əliyə olan sevgisi və meyli ilə seçilirdi?! Yoxsa bu hədis ilə nəzərdə tutulan “lə iləhə illə Allah” deyən kəsin günahlarının tamamilə bağışlanması haqqında Əlidən gəlmiş və ya “lə iləhə illə Allah” deyən kəsin cənnətlik olması ilə bağlı Əlidən gəlmiş hədis ola bilərmi?! Məzmuna daha uyğun gələn bu deyilmi? Möhtəmələn Şubə bu hədisi ona görə rəvayət etməyib ki, məclisdəki tələbələrinin əməlsiz arxayınlaşmasını istəməyib, necəki Allahın elçisindən – salləllahu aleyhi va səlləm – sabit olub ki, Muaza rəvayət etdiyi bir hədisi insanlara rəvayət etməməsini istəyib. Muaz deyir: “Bir gün mən Peyğəmbərin – salləllahu aleyhi və səlləm – arxasında ‘Ufeyr’ adlı bir eşşəyə minib gedirdim. O dedi: — Ey Muaz! Bilirsənmi, Allahın bəndələrinin üzərində haqqı nədir, və bəndələrin Allahın üzərində haqqı nədir? Dedim: — Allah və Onun Rəsulu daha yaxşı bilir. Buyurdu: — Şübhəsiz, Allahın bəndələrinin üzərində haqqı budur ki, Ona ibadət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar. Bəndələrin Allahın üzərində haqqı isə budur ki, kim Ona heç bir şeyi şərik qoşmazsa, Allah onu əzablandırmasın. Dedim: “Ey Allahın Rəsulu, bu xəbəri insanlara çatdırmayım?” Buyurdu: “Onları müjdələmə, yoxsa arxayınlaşarlar!”[4] əl-Həkəm bin Uteybə həqiqətən də bu mənada rəvayətləri Abdurrahmən bin Əbi Leyla’dan, o da Əli bin Əbi Talib’dən, o isə Allahın elçisindən rəvayət edir. Misal üçün Əhməd bin Hənbəl deyir: “Əbu Muaviyə bizə rəvayət etdi; əl-Aməş bizə əl-Həkəm bin Uteybə’dən, o da Abdurrahmən bin Əbi Leyla’dan rəvayət etdi ki, Əli bin Əbi Talib deyib: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Bir kimsə müsəlman qardaşını (xəstə olduqda) ziyarət edərsə, oturana qədər Cənnətin (sanki) bağları arasında yeriyər. Oturduğu zaman isə Allahın mərhəməti onu bürüyər. Əgər səhər vaxtı (ziyarətə) gələrsə, yetmiş min mələk axşama qədər ona dua edər. Əgər axşam gələrsə, yetmiş min mələk sübhədək ona dua edər.”[5] Yaxud da Əbu İshaq əs-Səbii’nin Abdurrahmən bin Əbi Leyla’dan, onun da Əlidən rəvayət etdiyində deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: “Sənə elə sözlər öyrədimmi ki, onları söylədikdə, sənə – artıq bağışlanmış bir kimsə olduğun halda – bağışlanma yazılsın? Sonra buyurdu: «Lə iləhə illəllah, əl-Əliyyu əl-Əzim, Lə iləhə illəllah, əl-Halimu əl-Kərim, Subhanəllahi Rabbi-l-ərşi-l-əzim, Vəl-həmdu lillahi Rabbi-l-aləmin».”[6] Gördüyümüz kimi bu rəvayəti Abdurrahmən bin Əbi Leyla vasitəsi ilə Əlidən başqaları rəvayət ediblər. Şubə’nin qəsdinin bu mənadakı bir rəvayət olması açıq-aşkar bir ehtimaldır; yəni bu elə bir rəvayətdir ki, onu sizə rəvayət etsəm sevincinizdə rəqs edərsiz.

Bu dediklərimizi dəstəkləyən tərəf budur ki, nə Abdurrahmən bin Əbi Leyla, nə əl-Həkəm bin Uteybə, nə də Şubə bin əl-Həccəc bu hədisi eşitməklərinə baxmayaraq rafizi olmayıblar, əksinə bu imamların hamısı Əbu Bəkr və Ömərin haqqını tanıyıblar, Əlinin haqqında isə aşırıya geyməyiblər. Bunu bir neçə misal ilə göstərmək mümkündür. Bu misallardan ən maraqlısı budur ki, Əlinin – kərraməllahu vachəhu – Əbu Bəkr və Ömər haqqında dediyi məşhur sözlərini rəvayət edənlərdən biri də elə məhz Abdurrahmən bin Əbi Leyla’dır. Əbu Nueym əl-Əsbəhəni deyir: “Muhəmməd bin əl-Muzəffar bizə rəvayət etdi; Yəhya bin Muhəmməd bin Said bizə rəvayət etdi; İsa bin Abdilləh ət-Tayəlisi bizə rəvayət etdi; Davud bin Mihran bizə rəvayət etdi; Davud bin əz-Zibriqan bizə rəvayət etdi; Şubə bizə əl-Həkəm’dən, o da İbn Əbi Leyla’dan, o isə Əlidən belə dediyini rəvayət edir: “Bu ümmətin Peyğəmbərindən sonra ən xeyirlisi Əbu Bəkrdir və Əbu Bəkrdən sonra ən xeyirlisi Ömərdir.”[7] Gördüyümüz kimi isnad eyni isnaddır, yəni Şubə bunu əl-Həkəm bin Uteybə’dən, o da İbn Əbi Leyla’dan rəvayət edir. Əlidən belə bir söz eşidib onu başqalarına rəvayət edən birindən necə gözləmək olar ki, rafiziliyi təbliğ edəcək bir şey rəvayət etsin. Maraqlıdır ki, əl-Həkəm bin Uteybə bunu təkcə Abdurrahmən bin Əbi Leyla’dan yox, həmçinin Əlinin tələbəsi Əbu Cuheyfə vasitəsi ilə rəvayət edir. Abdullah bin Əhməd deyir: “Atam mənə rəvayət etdi; dedi: Muhəmməd bin Cəfər bizə rəvayət etdi; dedi: Şubə bizə əl-Həkəm (bin Uteybə)dən belə dediyini rəvayət etdi: Əbu Cuheyfə’ni belə deyərkən eşitdim: ““Sizə bu ümmətin, Peyğəmbərindən sonraən xeyirlisini xəbər verimmi?” Dedilər: “Bəli!” Buyurdu: “Əbu Bəkr.” Sonra buyurdu: “Sizə Əbu Bəkrdən sonra bu ümmətin ən xeyirlisini xəbər verimmi?” Dedilər: “Bəli!” Buyurdu: “Ömər.” Sonra buyurdu:  “Sizə Ömərdən sonra bu ümmətin ən xeyirlisini xəbər verimmi?” Dedilər: “Əlbəttə.”  Amma bu dəfə sükut etdi.”[8] Bunu həmçinin əl-Laləkai “Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəməa” kitabında Əhməd bin Abdilləh bin Abdirrahmən’dən, o da Abdurrahmən bin Əbi Hətim’dən, o isə Ömər bin Şəbə’dən, o da Zeyd’dən, o Muhəmməd bin Cəfər’dən, o isə Şubə’dən, o isə əl-Həkəm bin Uteybə’dən, o da Əbu Cuheyfə’dən rəvayət edir.[9] Əbu Nueym əl-Əsbəhəni bunu üç fərqli isnad ilə  Şubə’dən rəvayət edir: 1) “Bizə Yusuf bin Yaqub ən-Nuceyrami rəvayət etdi; əl-Həsən bin əl-Musənnə bizə rəvayət etdi; Affən bizə rəvayət etdi; 2) Abdullah bin Muaz bizə rəvayət etdi; atam mənə rəvayət etdi; 3) Həbib bin əl-Həsən əs-Sufi bizə rəvayət etdi; Ömər bin Şəbə’ bizə rəvayət etdi; Zeyd bin Yəhya əl-Ənməti bizə rəvayət etdi; Onların hamısı dedilər: Şubə bizə əl-Həkəm (bin Uteybə)dən belə dediyini rəvayət etdi: “Əbu Cuheyfə’ni belə deyərkən eşitdim: “Bu ümmətin Peyğəmbərindən sonra ən xeyirlisi Əbu Bəkr’dir, Əbu Bəkrdən sonra ən xeyirlisi isə Ömərdir. Üçüncüsünün adını çəkmək istəsəydim edərdim.”[10] İbn Asəkir isə deyir: “Əbu Ğalib ibn əl-Bənnə (əl-Hənbəli) bizə rəvayət etdi; Əbul-Hüseyn bin ən-Nərsi bizə xəbər verdi; Musa bin İsa bizə xəbər verdi; Abdullah bin Süleyman bin Əşas bizə xəbər verdi; Muhəmməd bin Bəşşar bizə xəbər verdi; Muhəmməd bin Cəfər bizə xəbər verdi; Şubə bizə əl-Həkəm’dən belə dediyini rəvayət etdi; Əbu Cuheyfə’ni belə deyərkən eşitdim…” və xəbəri zikr edir.[11] Beləliklə də bu xəbəri bizə həm Abdurrahmən bin Əbi Leyla, həm də əl-Həkəm bin Uteybə çatdırıb. Şubə özü şeyxləri arasında – əl-Həkəm bin Uteybə də bura daxildir – kiminsə Əlini iki şeyxdən əfzəl hesab etdiyini görmədiyini nəql edir. İbnul-Cəvzi deyir: “Əli bin Ubeydullah, Əhməd bin əl-Həsən və Abdurrahmən bin Muhəmməd mənə xəbər verdilər; dedilər: Abdussaməd bin əl-Məmun bizə xəbər verdi; dedi: Əli bin Ömər əl-Hərbi bizə xəbər verdi; dedi: Cəfər bin Əhməd bin əs-Sabbah bizə rəvayət etdi; dedi: “Muhəmməd bin Ömər bin Əli əl-Muqaddəmi bizə rəvayət etdi; dedi: Əbu Davud (ət-Tayəlisi) bizə Şubə’dən onun belə dediyini rəvayət etdi: “Elm aldığımız kimsələrdən elə bir kimsəni görmədik ki, Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – kimisə Əbu Bəkr və Ömərdən üstün tutsun.”[12]

Biz həmçinin bilirik ki, Abdurrahmən bin Əbi Leyla öz zamanında Kufədə şiələrin Əlinin adından rəvayət etdiklərini inkar edərdi. Əbu Cəfər əl-Firyəbi deyir: “Osman bin Əbi Şeybə bizə rəvayət etdi; Ğundər bizə Şubə’dən, o da Amr bin Murra’dan, o da Abdurrahmən bin Əbi Leyla’dan belə dediyini rəvayət etdi; “Əliyə – aleyhissələm – həm səfərdə, həm də hədarda yoldaşlıq etdim, ondan (kufəlilərin) rəvayət etdiklərini deyərkən eşitmədim.”[13] İbrahim bin Yaqub əl-Cəvzəcəni deyir: “Şəbəbə bin Səvvar bizə rəvayət etdi; Şubə bizə Amr bin Murra’dan, o da İbn Əbi Leyla’dan belə dediyini rəvayət etdi; “Əliyə həm səfərdə, həm də hədarda yoldaşlıq etdim, (kufəlilərin) ondan rəvayət etdiklərinin hamısı batildir.”[14] əl-Beyhəqi bunu belə rəvayət edir: “Əbu Abdilləh əl-Hafiz bizə xəbər verdi; Əbu Bəkr Muhəmməd bin əl-Muəmməl bizə bildirdi: əl-Fədl bin Muhəmməd bizə rəvayət etdi; Əhməd bin Hənbəl bizə rəvayət etdi; Şəbəbə (bin Səvvar) bizə rəvayət etdi; Şubə bizə Amr bin Murra’dan, o da İbn Əbi Leyla’dan belə dediyini rəvayət etdi; “Əliyə həm səfərdə, həm də hədarda yoldaşlıq etdim, ondan rəvayət edilənlərin əksəriyyəti batildir.”[15] Burada Abdurrahmən bin Əbi Leyla’nın qəsdi Əlinin fəzilətləri haqqında və ya ümumiyyətlə onun barəsində kufəlilərin rəvayət etdikləri hədislərdir. İbn Sad deyir: “Əbu Müaviyə əd-Darir bizə xəbər verdi; dedi: əl-Aməş bizə Amr bin Murra’dan, o da Abdurrahmən bin Əbi Leyla’dan rəvayət etdi ki, o, onların (yəni kufəlilərin) Əlini zikr etdiklərini və ondan rəvayət etdiklərini eşitdikdə deyərdi: “Biz Əli ilə oturub durmuşuq, ona yoldaşlıq etmişik, amma onun bu adamların dediyi şeylərdən heç birini söylədiyini görməmişik. Məgər Əliyə bu kifayət deyilmi ki, o, Allah Rəsulunun – salləllahu aleyhi və səlləm – əmisi oğludur, onun qızına kürəkəndir, Həsənin və Hüseynin atasıdır, Bədr döyüşündə və Hüdəybiyyədə iştirak edib?!”[16] Bunun bənzərini İbn Əbi Şeybə belə rəvayət edir: “Abdullah bin Numeyr bizə rəvayət etdi; dedi: əl-Aməş bizə Amr bin Murra’dan, o da Abdurrahmən bin Əbi Leyla’dan rəvayət etdi ki, ”onun yanında camaatın Əli haqqında dedikləri zikr olundu və o dedi: “Biz Əli ilə oturmuşuq, onunla birgə yemişik, içmişik, onun üçün işlərdə çalışmışıq. Amma onun bu adamların dediyi heç bir şeyi dediyini eşitməmişik. Sizə sadəcə bunu demək kifayətdir: O, Allah Rəsulunun – salləllahu aleyhi və səlləm – əmisi oğludur, kürəkənidir, Rizvan beyətində iştirak etmişdir və Bədr döyüşündə iştirak etmişdir.”[17] Həzrəti Əli haqqında rəvayət edilən bu uydurma və yalan xəbərlər xüsusən Muxtar əs-Səqafi’nin dönəmində daha çox yayıldı. əl-Cəvzəcəni deyir: “Sonra Kufə əhli arasında yerləşmiş olan Muxtariyyə firqəsi — o qədim dövrlərdə onların arasında peyğəmbərlik iddiası etmişdi. Halbuki Əlinin və Abdullah (bin Məsud)un tələbələri hələ çoxluq təşkil edirdi. Amma o (Muxtar), onu izləyən aşağı təbəqədən və cahil kütlədən olanlarla üstünlük qazandı. Hətta bir kişiyə onun iddiasını gücləndirmək üçün bir hədis rəvayət etməyinə görə min dinar, ya da bir az ondan az miqdarda pul verərdi. Əbu Nueym bizə rəvayət etdi; Şərik bizə Əbu İshaq (əs-Səbii’)dən belə dediyini rəvayət etdi; Xuzeymə bin Nəsr əl-Absi’ni – və o, Əlinin əshabından idi – Muxtarın zamanında – və onun adamları o zaman dediklərini deyirdilər – belə deyərkən eşitdim: “Allah onları öldürsün! Necə bir camaatı qaraladılar və necə bir hədis korladılar!”[18] Abdullah deyir: “Atam (yəni Əhməd bin Hənbəl) mənə rəvayət etdi; dedi: Cabir bin Nuh bizə rəvayət etdi; dedi: əl-Aməş bizə İbrahim (ən-Nəxai)dən belə dediyini xəbər verdi: “İsnad barəsində yalnız əl-Muxtar’ın zamanında soruşulmağa başlandı.”[19] ət-Tirmizi deyir: “Muhəmməd bin Əli bin əl-Həsən bin Şəqiq bizə rəvayət etdi; ən-Nədr bin Abdilləh əl-Əsam bizə xəbər verdi; İsmail bin Zəkəriyyə bizə Asim’dən, o da İbn Sirin’dən belə dediyini rəvayət etdi; “İlk zamanda isnad barəsində soruşmazdılar; fitnə baş verdikdə isnadı soruşmağa başladılar ki, sünnət əhlinin hədisini götürsünlər, bidət əhlinin hədisini tərk etsinlər.”[20] Burada “fitnə” ilə qəsd olunan Muxtar əs-Səqafi’nin fitnəsidir. İbn Rəcəb bu rəvayətlərin bəzilərini qeyd etdikdən sonra nə üçün isnad soruşulmağa başlandığını belə izah edir: “Bunun səbəbi o idi ki, o günlərdə Əlinin adından çox yalan danışdılar.”[21]

Bütün bu yazdıqlarımız bir daha təsdiqləyir ki, rəvayətdə rafizilərin könlünü sevindirəcək heç bir dəlil yoxdur.

 

 

 

[1] Əhməd, “əl-İləl va Mərifətur-Ricəl”, 3/354-355;

[2] əl-Hədrami, “Hədisu Mutayyən”, səh: 46;W43E

[3] Əbu Tahir əl-Muxallis, “əl-Muxallisiyyət”, 1/131-132;

[4] İbn Adiyy, “əl-Kəmil fi Duafə ər-Ricəl”, 1/204 (Məktəbətur-Ruşd çapı) Abdulfəttah Əbu Sənnə’nin təhqiqi ilə Darul-Kutubil-İlmiyyə çapında (1/152) və həmçinin Darul-Fikr çapında (1/82) belə keçir: “Şeyx dedi: “İbn Mukram’ın belə dediyini güman edirəm: “Hamınız rəqs edərdiniz.” Həmçinin Əbu Həmməm Muhəmməd bin Əli əs-Savməi əl-Beydani’nin təhqiq etdiyi “Müqəddimədə” (səh: 214-215) “hamızın rəqs edərdiniz” sözüdür, yəni həm rəvayətin özündə, həm də İbn Mukram’dən xüsusi nəql etdiyində “rəqs edərdiniz” sözü keçməkdədir. Bu isə eyni ləfzdir, sözün düzü İbn Mukram’dan xüsusi olaraq eyni ləfzi ayrı qeyd etməyin faydasının nə olduğunu anlaya bilmədim. Ola bilsin ki, əlyazmada xəta var. Doğru olanın Məzin əs-Sərsəvi’nin təhqiqindəki variant olduğu görünür.

[5] Əbu Nueym, “Hilyətul-Əvliyə”, 7/154 (əs-Səadə çapı); 5/482-483 (Darul-Hədis çapı)

[6] əl-Xatib əl-Bağdadi, “Tərixu Bağdad”, 10/360 (Bəşşər Avvad təhqiqi), Mustafa Abdulqadir Ata təhqiqində 9\261. Hər ikisində də “rəqs edərdiniz” sözü keçir.

[7] “Sahih əl-Buxari”, 2856

[8] “Musnəd Əhməd”, 2/47-48; ər-Risələ çapı.

[9] “Musnəd Əhməd”, 2/461;

[10] Əbu Nueym, “Hilyətul-Əvliyə”, 7/199;

[11] Abdullah, “Fədail əs-Sahabə”, 1/79 (44)

[12] əl-Laləkai, “Şərh Usul əl-İtiqad”, 7/1406;

[13] əl-Əsbəhəni, “Hilyətul-Əvliyə”, 7/199;

[14 İbn Asəkir, “Tərixu Diməşq”, 44/201-202;

[15] İbnul-Cəvzi, “Fədail Umər”, səh: 259;

[16] əl-Firyəbi, “əl-Fəvaid”, rəq: 28;

[14] əl-Cəvzəcəni, “Əhvalur-Ricəl”, səh; 28;

[15] əl-Beyhəqi, “əl-Mədxal”, səh: 133; əl-Azami çapı.2/555 Avamə çapı.

[16] İbn Sad, “ət-Tabəqat əl-Kubra”, 8/233; əl-Xanəci çapı. 6/113, Darus-Sadir çapı.

[17] İbn Əbi Şeybə, “əl-Musannəf”, 18/65, əş-Şəsiri təhqiqi

[18] əl-Cəvzəcəni, “Əhvalur-Ricəl”, səh: 25-26;

[19] Əhməd bin Hənbəl, “əl-İləl va Mərifətur-Ricəl”, 3/380;

[20] ət-Tirmizi, “Kitəbul-İləl”, 6/444-445;

[21] İbn Rəcəb, “Şərh İləl ət-Tirmizi”, 1/355;

-------------------

-------------------

https://salihiyye.com/2025/10/09/sub%c9%99nin-gizli-h%c9%99disi/?fbclid=...

saytından alıntı.

Read 17 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR