Sünnət nədir? Qisimləri hansılardır?

Lüğətdə sünnət: "adət edilmiş, bilinən yol" mənasındadır.

Üsul alimlərinə görə isə: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən meydana gələn hər cür söz, fel və ya təqrir"ə sünnət deyilir.

Bu tərifdən, sünnətin üç növü olduğu bilinməktədir:

1. Qövli (sözlü) Sünnət:

Peyğəmbərimizin fərqli münasibət və məqsədlərlə söylədiyi sözlərdir.

Məsələn:

~ "Əməllər, niyyətlərə görədir.”

~ “Zərər vermək və zərərə zərərlə qaşılıq vermək, yoxdur.”

~ “Otlaqda otlayan heyvan üçün zəkat vardır.”

~ “Varisə vəsiyyət yoxdur.”

Dəniz suyundan dəstəmaz almaq olarmı sualına cavab olaraq söylədiyi:

~ “Onun suyu təmiz, ölüsü halaldır.”

kimi sözləri bu növdəndir.

2. Feli Sünnət: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi şeylərdir.

Məsələn:

~ beş vaxt namaz qılması;

~ həcc etməsi;

~ iddiaçının andı ilə bərabər bir nəfərin şahidliyi ilə hökm verməsi;

~ oğrunun sağ əlini biləkdən kəsməsi,

bu növdəndir.

3. Təqriri Sünnət:

Başqasının edib Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in açıq şəkildə qəbul etdiyi və ya gördüyü və ya bildiyi halda səs çıxarmadığı və ya özlərindən onu gözəl görüb razı olduğunu göstərən, özündə buna dair bir işarət olan şeylərdir.

Məsələn:

~ Səhabədən iki nəfər təyəmmüm edib namazlarını qıldıqdan sonra, su tapdılar. Bu iki nəfərdən biri su ilə dəstəmaz alıb namazını yenidən qıldı, digəri isə, etmədi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), yenidən qılmayana:

“Sünnətə uyğun hərəkət etmisən, namazın tamamdır.”

Digərinə də:

“Sən, iki dəfə savab qazandın.”

buyuraraq, hər ikisinin etdiyini də, uyğun gördü.

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in iştirak etdiyi süfrədə kərtənkələ yeyilməsinə səs çıxarmaması;

~ Muaz b. Cəbəl’in Yəmən’ə gedərkən, orada necə höküm verəcəyini danışarkən, ilk əvvəl Qur’an’a, sonra Sünnətə, sonra içtihada baş vuraraq hökm verəcəyini dediyi vaxt, onu qəbul etməsi;

~ Haqqında söz-söhbət yayılan Usamə’nin ayaqlarının, atası Zeyd’in ayaqlarına bənzədiyini söyləyən "Qaif"in bu hökmündən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məmnun olması

kimi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbulları, təqriri sünnətdir.

Bundan dolayı, Hənəfilər xaric fəqihlərin cumhuruna görə, "Qiyafə" (haşiyə), uşaq ilə bağlı bənzərliklərdən yola çıxaraq, nəsəb isbatı üçün, məqbul bir yoldur.

-----------------------------------

Haşiyə:

Qiyafə: lüğətdə, "iz sürtmək, doğan uşağın fiziologiyasına baxaraq, nəsəbini təsbit etmək" mənalarına gəlməkdədir.

Bu işlə məşğul olanlara da, "qaif, qavaf və qavvaf" deyilir.

Termin olaraq "qiyafə": bir şəxsin fiziki quruluşuna və orqanlarına baxaraq, onun nəsəbi, əxlaq və xarakteri haqqında təxmin yürütməkdir.

----------------------------------

Sənəd cəhətindən sünnətin qisimləri

Sənədi cəhətindən sünnət, cumhura görə iki qisimdir:

1. Mütəvatir sünnət;

2. Əhəd sünnət.

Hənəfilərə görə isə, sünnət:

1. Mütəvatir;

2. Məşhur; və

3. Əhəd

olmaq üzərə üç qisimdir.

1. Mütəvatir sünnət:

Hicri ilk üç əsrdə (səhabə, tabiin və ətbau't-tabiin), yalan üzərində birləşmələri adətən mümkün olmayan bir topluluğun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi hədistir.

Məsələn:

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, dəstəmaz alması, namaz qılması, həcc, zəkat, azan, qamət kimi, dinin əhəmiyyətli əsaslarından olub, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən feli sünnətlər, bu qisimdəndir.

~ Və yenə: “Kim Mənim üzərimə yalan deyərsə, cəhənnəmdəki yerinə hazırlaşsın.”

~ Və dəstəmaz alarkən, quru buraxılan topuqlar haqqında buyurduğu: “Veyl olsun, odda yanacaq topuqlara.” (Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 6911)

kimi sözlü hədislər də, mütəvatir sünnətə nümunədir.

Şeyx Məhəmməd Bin Cafər əl-Kattani’nin "ən-Nazmu’l-Mütənasir fi’l-Hədisi’l-Mütəvatir "adlı əsərində bildirdiyinə görə, mütəvatir hədislərin sayı 309'dur.

Mütəvatir hədisin hökmü:

Mütəvatir hədisin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gəldiyi dəqiqdir. Bu səbəbdən dolayı, qəti bilik və qənaət ifadə edir, inkar edən kafir olur.

Racih (qüvvətli) görüşə görə, rəvayətin mütəvatir ola bilməsi üçün, o rəvayətin, şəxsdə, qəti bilik və qənaət hasil etməsi yetərli görülmüş; ravilərin müəyyən bir saya çatması, şərt qoşulmamışdır.

-------------------------------------

2. Məşhur Sünnət:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edənlərin sayı 1 və ya 2 olub, təvatürü rəvayət edənlərin sayına çatmayan; səhabədən sonra ikinci hicri əsrdə yayılıb yalan üzərində birləşmələri mümkün olmayan təvatür topluluğu tərəfindən rəvayət edilən sünnədir.

Sünnətin, ikinci hicri əsrdən sonra yayılıb məşhur olmasına, etibar edilmir.

~“Əməllər, niyyətlərə görədir”.

~ “İslam, beş əsas üzərində qurulmuşdur."

~ “Zərərə zərərlə qarşılıq vermək yoxdur.” hədisləri;

~ Məstlərin üzərinə məsh çəkmək; və

~ Rəcm hədisi

kimi hədislər, belə hədislərdəndir.

Məşhur ilə mütəvatir arasındakı fərq budur:

Mütəvatirin rəvayətində axtarılan, yalanda razılığa gəlmələri mümkün olmayan o topluluq, 3 əsrin hər birində mövcud olduğu halda; Məşhurda, ilk xalqada bu yoxdur.

Hökmü: Məşhur hədisin, səhabələrdən nəql edildiyi dəqiqdir. Lakin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayəti qəti olmadığı üçün, qətiyə yaxın bir zənn və qənaət ifadə edir.

Məşhur sünnəti inkar edən, fasiq olar; və mütəvatir sünnətdə olduğu kimi, onunla Quranın amm ləfzi təxsis; və mütləqi təqyid edilə (məhdudlaşdırıla) bilər.

------------------------------------------

3. Əhəd sünnət:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, 1 və ya 2 nəfərin; və ya təvatür topluluğuna çatmayacaq qədər şəxslərin rəvayət etdiyi sünnətdir.

Hədislərin çoxu, əhəddir. Buna xəbər-i vahid də deyilir.

Hökmü: Xəbər-i vahid (əhəd xəbər), zənn ifadə edir. Qəti bilik və ya buna yaxın qənaət ifadə etməz. Çünki bunun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gəldiyinə dair, zənn vardır.

Lakin alimlərin cumhuruna görə, varlığından şübhə edildiyindən, etiqad etmək vacib olmasa da; əməl etmək vacibdir. Çünki səhih hədis ravilərində axtarılan ədalət, zəbt və əminlik sifətləri, xəbər-i vahid ravilərində də rast gəlindiyi üçün, bu zənn, qüvvət qazanır.

Zənnin qüvvət qazanması da, əməl etməyin vacibliyi üçün kifayətdir.

----------------------------------------

Sünnətin hökmlərə dəlaləti:

Sünnətin hökmlərə dəlaləti, qəti və zənni ola bilər. Başqa bir mənaya gəlmə ehtimalı yoxdursa - qəti; varsa - zənni olur. Sünnət, bu mövzuda, Quran-i Kərim kimidir. Ancaq Quranın tamamının sübutu (bizə gəlişi), qətidir. Sünnətin isə, qəti və zənni olanı vardır. Mütəvatir sünnət, qətidir; digərləri isə, zənnidir. Hökmlərə dəlaləti isə, Quran kimidir; dəlalətləri qəti və zənni də ola bilir.

---------------------------------------

Qurana Görə Sünnətin Yeri:

Dəlil olma cəhətindən, Sünnət, Qurandan sonra ikinci mərtəbədədir. Çünki Quran’ın sübutu qət’i; sünnətin sübutu zənnidir. Qət’i olan, zənnidən əvvəl gəlir.

Bununla bərabər, Sünnət, Quran’ı açıqlamaq üçündür; açıqlayan da, açıqlanana tabedir. Yuxarıda keçən:

“Nə ilə hökm edəcəksən?” mənasındakı Muaz hədisi, bu sıralamaya dəlildir.

İçində hökmlər olması cəhətindən sünnətin yeri isə, 4 qisimdir (imam Şafi, "ər-Risalə", s. 247):

1. Sünnətin Quranı Təkid Etməsi (Dəstəkləməsi):

~ Namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, həccə getməyi əmr etməsi;

~ Allah’a şirk qoşmağı, yalandan şahidlik etməyi, ana-ataya qarşı gəlməyi, haqsız yerə adam öldürməyi qadağan etməsi, buna misaldır.

~ Və yenə

“Bir Müsəlman’ın malı, öz rızası olmadan, başqasına halal olmaz” hədisinin,

“Ey iman edənlər, mallarıınızı aranızda batil (haqsız) yollarla yeməyin.” (Nisa/19) ayətini;

~ “Qadınlara yaxşı davranmağınızı tövsiyyə edirəm.” hədisinin,

“Onlara yaxşı davranın.” (4/29) ayətini təyid etdiyinə (dəstəklədiyinə) misaldır.

2. Sünnətin Quranı Açıqlaması:

Bu da üç cür olur:

a) Sünnətin, Quranın mücməl (qapalı) ifadələrini açıqlaması:

Məsələn, feli və qövli sünnət, ibadətlərin necə ediləcəyini və muamələlərin (insanlarla olan münasibətlərin) qaydalarını bildirməsi, bu növdəndir.

b) Qur’an’ı Kərim’in ümumunu təxsis etməsi (ümumi hökmlərinə məhdudiyyət gətirməsi):

Məsələn:

“Qadın; xalası, bibisi, bacısı və qardaşı qızı üzərinə nikahlanmaz” hədisi,

“Bunlardan bəziləri sizə halal qılındı.” (Nisa/24) ayətindəki ümumi ifadəni təxsis etmiş, məhdudlaşdırmışdır.

c. Sünnətin, Quranın mütləqini təqyid etməsi:

Məsələn:

~ “Oğurluq edən kişi və qadının əllərini kəsin.” (Maidə/38) ifadəsi, mütləqdir.

Ancaq sünnət, əlin biləkdən kəsiləcəyini bildirərək, o mütləqi təqyid etmişdir.

3. Sünnətin Quranı nəsxetməsi:

Məsələn:

“Varisə vəsiyyət yoxdur.” hədisi, varisə vəsiyyət edilməsini əmr edən:

“Birinizə ölüm gəldiyi vaxt, əgər bir mal buraxacaqsa, anaya, ataya və yaxınlara uyğun bir şəkildə vəsiyyət vardır.” (Bəqərə/180) ayətini nəsx etmiş (hökmünü qaldırmışdır).

Bu, İmam Şafi xaric, cumhurun görüşüdür.

4. Quranın sükut etdiyi yerdə, Sünnətin yeni hökm qoymağı:

~ Evli olarsa, zina edənin rəcm olunması;

~ Bir şahid və bir andla hökm verilməsi;

~ Kişilərə ipək geyinməyi, qızıl taxmağı haram qılması;

~ Qatilin qohumlarına diyet ödətməsi;

~ Əhl-i eşşək ətini haram etməsi;

~ Əsirlərin sərbəst buraxılması

kimi məsələlər, Quranda olmayıb, sünnətin qoyduğu hökmlərə nümunədir.

-----------------------------------

Sünnətin hüccət olması

Alimlər, sünnətin də, şər’i (şəriətə aid) hökmlərə əsas olması cəhətindən, Quran kimi tabe olunması fərz və ikinci qaynaq olduğu barəsində ittifaq etmişlərdir.

Bu barədə:

a. Qurandan;

b. İcmadan; və

c. Məquldan

bir çox dəlillər vardır.

a. Qur’an’dan Dəlillər:

Allah (cəllə cələluhu):

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə itaət edib tabe olmağı möminlərə fərz qıldı;

~ Ona itaəti, Özünə itaət saydı; və

~ Müşküllərini, Allah və Rəsuluna həvalə etmələrini əmr etdi.

~ Allah (cəllə cələluhu) və Rəsulunun verdiyi hökmlərdə, möminlərə seçim haqqı buraxmadı.

~ Və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in verdiyi hökmü qəbul etməyənin, iman etmiş olmayacağını bildirdi.

Bunları açıqlayan ayətlərdən bəziləri, bunlardır:

• يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَ‌ٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (Nisa/59);

• مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا

"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz, səni onlara gözətçi göndərməmişik." (Nisa/80);

• فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًا

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar." (Nisa/65);

• وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًا مُّبِينًا

"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (Əhzab/36);

• وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

"Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir." (Haşr/7);

• قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Al-i İmran/31);

• لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ

"Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (Nur/63)

Bu və buna bənzər ayətlər, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətinə əməl etməyin fərz olduğuna, qəti dəlildir. Əməl edilməsi fərz olan da, səhih sünnətdir, başqası deyil.

b. İcma:

Səhabələr:

~ Quranın əmrlərinə; və

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in, Muaz b. Cəbəlin:

“Quranda tapa bilməsəm, Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in sünnəti ilə hökm edərəm.” sözünü təsdiq etməsinə

əsaslanaraq, Qurandan sonra sünnə ilə əməl etməyin fərz olduğu üzərində ittifaq etmişlərdir. Muaz b. Cəbəl’in bu üsulu, Quranda olmayan məsələnin fətvasını vermə və sünnət ilə hökm etmək mövzusunda, səhabələrin izlədiyi bir yola çevrilmişdir.

Səhabələrdən sonra tabiin başda olmaq üzərə günümüzə qədər İslam alimləri, hər zaman bu metod üzərə davam etmişlərdir.

c. Mə'qul (ağılla qavranıla bilənlər):

Quran-i Kərimdə müxtəsər və qısa olaraq bildirilən hökmlərlə, -sünnət onları izah etmədən- əməl etmək, mümkün deyil.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in vəhyi təbliği, iki şəkildə olurdu:

1. Quranı oxuması; və

2. Onu açıqlaması.

Dolayısı ilə, din, Quran və Sünnət ilə birlikdə şəkillənmişdir. Birinin digərindən ayrı olması, mümkün deyil. Buna dəlil olaraq, aşağıdakı ayətləri göstərə bilərik:

• وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ...

"Namaz qılın, zəkat verin..." (Bəqərə/43);

• يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

"Ey iman gətirənlər! Sizdən əvvəlkilərin üzərinə yazıldığı kimi, sizin də üzərinizə oruc tutmaq yazılmışdır ki, bəlkə pis əməllərdən çəkinəsiniz." (Bəqərə/183)

• ...وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟ ۚ...

"...Allah alış-verişi halal, faizi isə, haram qılmışdır..." (Bəqərə/275);

• ...وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا...

"...Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur..." (Al-i İmran/97);

• "Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi..." (Nisa/24)

• وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًا مِّنَ ٱللَّهِ...

"Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!" (Maidə/38)

kimi ayətlərin, izaha ehtiyacı vardır.

Bunları da, Allah rəsulu (sallallahu aleyhi və səlləm) açıqlamışdır:

~ Namazın necə qılınacağı;

~ Zəkatı necə vermək lazım olduğunu;

~ Orucun necə tutulacağı;

~ Həccin necə ediləcəyi;

~ Doğru alış-verişin şərtlərini;

~ Faizin növlərini;

~ Ayətdə bildiriləndən əlavə, hansı qadınlarla evlənməyin haram olmasını;

~ Oğrunun əlinin haradan kəsiləcəyini,

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) izah etmişdir.

Allahın:

“Biz bu Quranı sənə nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən”. (Nəhl/44)

əmrini yerinə yetirməsi üçün, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in Quranı izah etməsi, fərzdir.

Sünnət, bu hökmləri izah etməsəydi, onların həyata keçirilməsi mümkün olmazdı. Buna görə də, səhih sünnət, istər Quranın -qapalı hökmlərini izah etmiş, istər onun mütləqini təqyid etmiş, istərsə də Quranın sükut etdiyi yerdə yeni bir hökm qoymuş olsun-, hər bir halda izlənilməsi, fərzdir.

Çünki sünnət də, nəticədə İlahi vəhyə əsaslanır. Allah (cəllə cələluhu):

“O, nəfsinə görə danışmaz. O’nun danışdığı O’na vəhy ediləndən başqası deyildir.(Nəcm/3-4)

ayətləri, bunu açıq şəkildə elan etməkdədir.

----------------------------------

Xəbər-i vahid haqqında alimlərin görüşləri

Səhabələr, tabiin və sonrakı alimlər, xəbər-i vahid ilə əməl etməyin vacib olduğunda, ittifaq etmişlər.

Xəbər-i vahid: təvatür və ya məşhur dərəcəsinə çatmamış 1 və ya 2 nəfərin rəvayət etdiyi hədisdir.

Məzhəb imamları, rəvayəti araşdırmaq və səhih olmayanları ayırmaq məqsədilə, xəbər-i vahid ilə əməl etmək üçün, bəzi şərtlər qoymuşlardır. Bununla bağlı onların müxtəlif üsulları var.

Hənəfilər, xəbər-i vahidlə əməl etmək üçün, aşağıdakı üç şərt istəmişlərdir:

1. Ravi (rəvayət edən), rəvayət etdiyinin əksinə hərəkət etməməlidir. Etmişdirsə, rəvayəti deyil, özü ilə əməl etdiyi əsas alınır. Çünki belə etməsi, rəvayət etdiyini nəsx edən başqa bir rəvayət bildiyini göstərir.

Bundan dolayıdır ki, Hənəfilər, əbu Hureyrənin, itin yaladığı qabın 7 dəfə yuyulması gərəkdiyi şəklindəki rəvayətilə əməl etməmiş; Daraqutni'nin rəvayət etdiyi:

“Əbu Hureyrə, onu 3 dəfə yumaqla kifayətlənmişdir”. demişlərdir.

2. Xəbər-i vahid, tez-tez baş verən və hər kəsi maraqlandıran bir məsələ olmamalıdır. Əgər belə olarsa (yəni tez-tez baş verən, hər kəsi maraqlandıran bir məsələ olarsa), təvatür və ya şöhrət yolu ilə nəql edilməsi üçün şərtlər uyğun olduğu halda əhəd yolu ilə rəvayət edilməsi, hədisin varlığı mövzusunda şübhə oyandırır.

Bu səbəbdən dolayıdır ki, Hənəfilər, namazda rükuya gedərkən əllərin qaldırılması hədisi ilə əməl etməmişlərdir.

3- Əgər ravi fəqih deyilsə, onun rəvayət etdiyi hədis, qiyasa və dinin əsaslarına zidd olmamalıdır.

Bu səbəbdən dolayıdır ki, Hənəfilər, əbu Hureyrənin rəvayət etdiyi Musərra hədisi (Musərra, südü çox görünsün deyə, məməsi bağlanan qoyundur ) ilə əməl etməmişlərdir.

Bu hədisə görə, sağdıqdan sonra südünün az olduğunu anlayan müştəri, onu geri qaytarmaq istəsə, həmin südün müqabilində bir sa (3.120 kg) miqdarı da, xurma verməlidir.

Hənəfilər, bununla əməl etməmişlərdir. Çünki bu, təzminat prinsipinə ziddir. Bu (təzminat) qaydasına görə, əgər bir şey misildirsə misli ilə; az tapılan dəyərli şeydirsə, dəyəri ilə ödənilir.

Həm də bu, “Nemət, külfət müqabilindədir.” hədisinə ziddir.

Çünki bu hədisə görə, malın gəliri, külfətini çəkən sahibinə (müştəriyə) məxsusdur.

Əslində, Hənəfilərin bu hədislə əməl etməməsinin səbəbi, səhabələri (əbu Hureyrəni) cərh etdikləri üçün deyil, hədisdəki iztirab (ziddiyyətli rəvayətlər), mənsux olma ehtimalı və zəif görmüş olmaları kimi səbəblərdən dolayıdır.

İmam Malik, xəbər-i vahidlə əməl edilə bilməsi üçün, Mədinə əhlinin əməlinə zidd olmamağı da şərt qoşmuşdur. Çünki ona görə, Mədinə əhlinin əməlləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəql olunan hədis dərəcəsindədir. Camaatın rəvayəti əməl edilməyə, bir-iki nəfərin rəvayətindən daha çox layiqdir.

Bu səbəbdən dolayıdır ki, Malikilər, Mədinə əhlinin icmasına zidd olduğu üçün, “Xiyar əl-məclis/məclis muxayyərliyi” (haşiyə) hədisi ilə hərəkət etməmişlərdir. ("Şərhu'l-Muhalla alə Cəmi'l-Cəvami", 2/199)

---------------------------------

(Haşiyə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Alıcı və satıcıdan hər biri, bir-birindən ayrılmadıqca, qaytarmaq haqqına sahibdirlər." (Buxari, Buyu/42-46) buyurmuşdur.

Hədisdəki istifadəsinə paralel olaraq əqddən dönməyə və əqdləşmə müddətini sonlandırma, seçimlik haqqı - "xiyar"; bu haqqı bəxş edən hüquqi hal - "məclis" deyə ifadə edilərkən, ikisi birlikdə, fiqhdə "məclis muxayyərliyi", ya da "əqd məclisi muxayyərliyi, seçim sərbəstliyi" olaraq keçməkdədir.

Alıcı ilə satıcının əqdləşdikdən sonra, bir arada qaldıqları müddətcə etdikləri alış-verişi pozmaq xüsusunda sərbəstlikləri vardır. Bu, Şafi məzhəbinə görədir. Hənəfi məzhəbinə görə, "xiyar əl-məclis" yoxdur. Ancaq əqddə, şərt qoşularsa, yəni əqdləşərkən:

"Bu məclisdə qaldığımız müddətcə, əqdi pozmağa səlahiyyətimiz vardır."

şəklində bir şərt qoşularsa, xiyar əl-məclis vardır.

----------------------------------------

İmam Şafi də, xəbər-i-vahidlərin qəbulu üçün, 4 şərt istəmişdir:

1. Ravinin siqa (güvənilən), dinində səmimi;

2. Nəql etdiyini başa düşən;

3. Onu yaxşı zəbt edə bilən biri olması; və

4. Rəvayəti, elm əhlinin hədisinə ziddiyyət təşkil etməməsi. (Amidi, "əl-İhkam", 1/178)

Bu şərtlərin mənası, mürsəl hədisi qəbul etməməkdir.

İmam Əhməd, xəbər-i vahidə əsasən hərəkət etmək üçün, imam Şafi kimi sənədinin səhihliyindən başqa heç bir şərt qoşmamışdır. Halbuki o, mürsəl hədislə əməl edir. ("Ravdatu'n-Nazir", 1/281)

----------------------------------------

Mürsəl hədis:

Üsul alimlərinin dilində, mürsəl hədis:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə görüşməyən ədalətli bir ravinin, “Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur.” deyərək etdiyi rəvayətdir.

İstər münqatı olsun, istər mu`dal, istər muallaq olsun, isnadı muttəsil olmayan (qopuq olan) hər bir rəvayət, mürsəldir. (Haşiyə)

-------------------------------

(Haşiyə:

Münqatı hədis: Sənədin, səhabədən sonra gələn qismində, 1 və ya daha çox ravisi keçilərək rəvayət edilən hədisdir.

Mu'dal hədis: Sənədindən, bir-biri ardınca 2 və ya daha çox ravinin düşdüyü hədisdir.

Muallaq hədis: Sənədinin, müəllif tərəfindəki qismindən, 1 və ya daha çox ravisi zikr edilməyən hədis.)

-------------------------------------

Səhabənin mürsəlinin qəbul edilməsində, heç bir ixtilaf yoxdur. Çünki bütün səhabələr, ədalətlidir. Səhabələrdən başqalarının mürsəli də, imam Şafi istisna olmaqla, əksəriyyətə görə məqbuldur. Çünki adil və siqa ravi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in nə buyurduğunu qəti təsbit etmədikcə, irsal etməz və rəvayətini caiz saymaz. ("İrşadu'l-Fuhul", s. 57)

İmam Şafiyə görə, mürsəl hədis, aşağıdakı bu 5 şeydən biri ilə qüvvətlənmədikcə, qəbul olunmaz:

1. Ya Səid bin əl-Müseyyeb, Zühri, Həsən əl-Bəsri, Şabi, İbn-i Sirin kimi tabiinin böyüklərinin mürsəli olmalıdır;

2. Yaxud eyni mənada müsnəd bir hədislə dəstəklənməlidir;

3. Yaxud alimlərin qəbul etdiyi ona uyğun olan başqa bir mürsəl olmalıdır;

4. Yaxud səhabə qövlü ilə dəstəklənmiş olmalıdır;

5. Yaxud alimlərin əksəriyyətinin fətvası ilə qüvvət qazanmış olmalıdır.

İmam Şafiinin dəlili belədir:

Ravinin xəbərinin qəbul olunması üçün, onun ədalətinin bilinməsi şərtdir. Mürsəldə əsl ravinin nə adı, nə də vəsfi bəlli olmadığından, onun ədaləti də bilinə bilməz. Bunu bilmədiyimiz üçün də, onu rədd etməkdən başqa yol yoxdur. Yuxarıda qeyd olunan beş şeydən biri ilə qüvvətlənmiş olarsa, doğruluğu daha qalib olacağından, onunla əməl etmək caiz olar. (Subki, "əl-İbhac", 2/225)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felləri:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felləri, üç cürdür:

1. Oturmaq, qalxmaq, yemək, içmək, yatmaq, yerimək kimi insani davranışları.

Bunlar, Onun üçün də, ümməti üçün də, mübah olan davranışlardır. Bu məsələdə Ondan nümunə götürmək və Ona tabe olmaq, bizə vacib deyildir. Amma sağ əllə yemək kimi məndub və ya sünnət olmasına dair bir dəlil olarsa, dini bir hökm olar.

Eyni şəkildə, ticarət, əkinçilik, döyüş tədbirləri, bir xəstəyə dərman tövsiyə etməsi kimi dünyəvi işlərdəki təcrübəsi gərəyi ortaya qoyduğu davranışlar da, dini bir hökm sayılmaz. Çünki O, bunları İlahi vəhy ilə deyil, şəxsi təcrübəsi və ictihadı ilə etmişdir. Bu səbəbdən dolayıdır ki, Bədr döyüşündə qoşunu bir yerdə yerləşdirmək istədikdə, Hubab b. əl-Munzir Ondan soruşur:

“Ey Allahın Rəsulu, bura Allahın (c.c.) sənə bildirdiyi bir yerdirmi, yoxsa Sənin öz fikrin, müharibə və taktika gərəyidirmi?”

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

“Şəxsi fikir, döyüş və taktikamdır."

Bunun üzərinə Hubab:

“Bura, ordunun yerləşəcəyi yer deyil.”

dedi və suya yaxın başqa bir yerə işarə etdi və ordu oraya endi.

Peyğəmbərimiz, Mədinədə insanların erkək və dişi tumurcuqlarını bir araya gətirərək xurma peyvəndi etdiklərini gördükdə, onlara bunu etməmələrini tövsiyə etdi. Onlar da bunu etmədilər. Həmin il xurma olmadı. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və səlləm), onlara buyurdu:

“Siz, dünya işlərini, daha yaxşı bilirsiniz” buyurdu.

2. Xasaisun-Nəbi: Peyğəmbərə xas olan fellər.

Bunlar:

Fasiləsiz oruc tutmağın (visal orucunun) mübahlığı, qurban kəsmək, quşluq namazı, vitr və təhəccüd namazlarının vacib olması, dörddən artıq qadınla evlənməyin caiz olması, iddiasının isbatında tək başına Huzeymə'nin şahidliyini yetərli görməsi kimi hallar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə məxsus hallardır. Belə fellərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə tabe olunmaz.

3. Yuxarıda qeyd etdiyimiz iki maddənin xaricində qalıb dini bir hökm olması məqsədi ilə etdikləri:

Bunlar, nümunə alıb tabe olmağımız istənilənlərdir. Aşağıda açıqlanacağı kimi, bunlar da vacib, məndub və mubahlardandır.

a. Bu fellər...

Bunların, Quranda olanların izahı olduğu, ya Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in mübarək sözləri və ya felləri ilə başa düşülür.

Məsələn:

~ “Namazı məndən gördüyünüz kimi qılın.” hədisi, Qur’anda mücməl gələn “namazı doğru qılın" ayətlərini ;

~ “Həccinizin hökmlərini Məndən alın.” ifadəsi, ayətlərdə mücməl gələn həcc qaydalarını izah edir.

Eyni şəkildə,

~ Allah Rəsulunun, oğrunun əlini biləyindən kəsdirməsi şəklindəki tətbiqatı, “oğrunun əlini kəsin!” ayətində mütləq gələn “əl”i;

~ Təyəmmüm edərkən qolları dirsəyə qədər məsh etməsi, “üz və əllərinizi məsh edin” ayətində mütləq gələn “əl”i

təqyid edir.

Bu hədislər, əlaqəli ayətlərin izahıdır. Çünki bunlar, izaha ehtiyacı olan bir nöqtədə edilmişdir.

Buna görə də, vacib, məndub və mübah kimi bir hökm ifadə etmə mövzusunda, açıqlayan (sünnət), açıqlanana (Quran)'a tabe olur.

b. Əgər bu fellər, hər hansı bir şey izah edilmədən müstəqil bir şəkildə yerinə yetirilmişdirsə, baxılar:

Vücub/vaciblik; nədb/məndubluq; və ya ibaha/mübahlıq kimi şər'i (şəriətə aid) bir hökm ifadə etdiyi başa düşülərsə, onunla əməl etmə mövzusunda, ümmət, Allah rəsulu (sallallahu aleyhi və səlləm) kimidir. Çünki Allah (cəllə cələluhu):

~ "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..." (Haşr/7)

~ "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir." (Əhzab/21)

kimi ayətlərdə, Ona tabe olmağı əmr edir. Səhabələr də, bir çox məsələlərdə Ona tabe olmaq və dəlil əldə etmək üçün, Allah rəsulunun fellərinə baxırdılar. Necə ki, Ömər (radiyallahu anh), Həcər-ül Əsvəd'i öpmək haqqında, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyini etmiş və belə demişdi:

"Vallahi, mən bilirəm ki, sən bir daşsan, səndən nə şər, nə də xeyir gələ bilməz. Əgər Allah rəsulunun səni öpdüyünü görməsəydim, heç vaxt səni öpməzdim."

Şər’i hökm ifadə etdiyi anlaşılmırsa, baxılar:

Məsələn, davamlı qılmadığı 2 rükətli bir namaz kimi, Allaha yaxınlaşdırma xüsusiyyəti açıqca anlaşılırsa, o felin, məndub olduğu başa düşülür.

Alış-veriş və əkinçilik şərikliyi kimi bir ibadət tərəfi olmayan bir fel olarsa, o felin mübah olduğunu ifadə edər.

Bu, alimlərin tərcih etdiyi görüşdür. Çünki ibaha/mübahlıq ifadə etdiyi qətidir. Bundan daha artığı (məsələn, vücub/vaciblik ifadə etməsi), yalnız bir dəlil ilə ola bilər; dəlil də yoxdur.

Başqa bir görüşə görə, bu, həmin felin məndub olmasına dəlildir. Çünki bir iş, mütəq ibadət məqsədi ilə edilərsə, onun ən yüngül hökmü, məndubdur.

Xülasə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bir insan olaraq görülən davranışlar, təcrübələri, dünya işləri ilə bağlı tədbirləri və yalnız Ona aid olan xüsuslar (xəsaisu’un-nəbi), bir dini hökm sayılmaz və edilməsi istənilən bir sünnət olmaz. Ancaq bir peyğəmbər olaraq, peyğəmbərlik sifətilə Ondan qaynaqlanıb dini hökmü ifadə etməsi məqsədi olan felləri, ümmətin tabe olması lazım gələn dini hökmlərdir.

(Zuhayli, "əl-Fiqhu'l-İslami və ədillətuhu")

Read 148 times
In order to make a comment, please login or register