Təsbehlə zikr etmək olarmı?

 Əhməd İbn Teymiyyə (661-728 h/1263-1328 m) xırda daşlar, meyvə dənələri (çəkirdək) və təsbehlə zikr etmək, daha doğrusu edilən zikri bu şeylər vasitəsilə saymaq barədə deyir:

"Zikrin barmaqlarla sayılması Sünnətdir. Necəki, Nəbi – sallallahu aleyhi və səlləm – qadınlara demişdi: 

“Zikr edin və barmaqlarla sayın. Çünki onlar (Qiyamətdə) sorğu-sual olunacaq və danışdırılacaqlar."

Zikrin meyvə dənələri, xırda daşlar və bənzəri şeylərlə sayılmasına gəlincə bu gözəl işdir! Səhabədən – Allah onlardan razı olsun – belə edənlər vardı. 

Nəbi – sallallahu aleyhi və səlləm – möminlərin anasını xırda daşlarla zikr edərkən gördü və və buna etiraz etmədi. 

Əbu Hureyrənin də bunlarla zikr etdiyi rəvayət edilmişdir.

Muncuqlar və bənzərlərinin nizama düzülmüş şəkliylə (təsbehlə) zikrə gəlincə insanlardan bunu kərih görənlər (xoş qarşılamayanlar) və kərih görməyənlər vardır.

Niyət yaxşı olduqda bu əməl (təsbehlə zikr) məkruh olmayan gözəl bir əməldir!

Lakin, buna ehtiyac olmadan təsbeh əldə etmək, boyundan asmaq və ya bilərzik kimi qola taxmaq surətilə onu insanlara göstərmək və bənzəri əməllərə gəlincə bu ya insanlar üçün riyadır/göstərişdir, ya da haqqında riyakarlıq şübhəsinin doğmasına səbəb və ehtiyac olmadan riyakarlara bənzəməkdir ki, bunun birincisi haram, ikincisi isə ən yaxşı halda kərahətdir.

İnsanların Namaz, Oruc, Zikr, Quran oxumaq kimi xüsusi ibadətlərdə riyakarlığı günahların ən böyüklərindəndir..."

Əhməd İbn Teymiyyə: Məcmu Fətava: 22/506
Mədinə: 1425/2004

Read 9 times
In order to make a comment, please login or register