Təvəkkülə dairdir-2

 

Ömər b. əl-Xattab (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Əgər siz, haqqıyla Allaha təvəkkül etsəydiniz, sabah ac gedib axşam tox olaraq (yuvalarına) dönən quşları Allah ruziləndirdiyi kimi, sizi (də) şübhəsiz ruziləndirərdi."

----------------------

Əbu Xatim ər-Razi belə demişdir:

"Bu hədis, ruzini cəlb etməyin ən böyük səbəblərindən birinin təvəkkül olduğunu bildirmişdir."

Quran-i Kərim'də də Allah Taala belə buyurmuşdur:

"...وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجً"

"Allahdan qorxana, Allah çıxış yolu göstərər."

"وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَهُوَ حَسْبُهُۥٓ..."

"Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər..." (Talaq/2-3)

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bütün insanlar bu ayətlərə görə davransaydılar (yəni təqva, təvəkkül üzərə yaşasaydılar), ayətlərdəki Allahın vədləri, hamısı üçün gerçəkləşərdi."

Abdullah ibni Abbas'ın rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ona belə buyurmuşdur:

"Allah Taala'nı qoru (yəni Onun uluhiyyət haqqına riayət et, əmrlərinə tabe ol və qadağalarından çəkin), O da səni qorusun (yəni sənə ruzi versin və səni həlak olmaqdan qorusun)."

Sələfdən bir şəxs belə deyir:

"Allah Taala'nın rəhmətinə qarşı vəsilə olaraq, sənin Ona gözəlcə təvəkkül etdiyini bilməsi, sənin üçün kifayətdir. O, bu şəkildə Özünə təvəkkül edən qullarını, bütün çətinliklərdən qurtarar."

Təvəkkülün həqiqəti, dünya və axirətə aid işlərdə mənfəət görmək və zərərdən qorunmaq xüsusunda səmimi bir qəlblə Allah Taala'ya güvənmək və Onun rəhmətinə sığınmaqdır.

O (təvəkkül), bütün işlərin Allah Taala'nın əmri və icazəsi ilə olduğunu bilmək və Ondan başqa verən, alan, fayda və zərər verən bir qüvvət və sığınacağın mövcud olmadığına, təhqiqi bir şəkildə iman etməkdir.

• Səid b. Cubeyr belə demişdir:

"Təvəkkül, imanın həqiqətidir."

• Vehb b. Münəbbih belə demişdir:

"İmandan məqsəd, Allah Taala'ya təvəkkül etməkdir."

• Həsən əl-Basri belə demişdir:

"Qulun Rəbbinə təvəkkül etməsi, güvəndiyi varlığın O olduğunu bilməsidir."

• Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim insanların ən güclüsü olmaq istəyirsə, Allah Taala'ya təvəkkül etsin."

• Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allahım! Səndən təvəkkül etməyi istəyirəm. Allahım! Məni Sənə təvəkkül edən və Sənin özlərinə kifayət etdiyin kimsələrdən et."

Bil ki, təvəkkülün həqiqəti, məşru (şəriətin icazə verdiyi) səbəblərə təvəssül etməyə və bunları istifadə etməyə əngəl deyildir. Çünki Allah Taala, həm Şəriətdə, həm də qədərdə, nəticələri, səbəblərə bağlamış və nəticələrin, səbəblər yolu ilə təhsil edilməsi gərəkdiyini, külli bir qanun və qayda halına gətirmişdir. Onun üçün, bu ikisi, bir birinə bağlıdırlar və səbəblərin istifadə edilmədiyi yerdə, nəticə almaq imkanı da ortadan qalxar.

Təvəkkül etmək, Allah Taala'nın güc və qüdrətinə və qoruyuculuğuna inanmaqdır. Səbəblərə təvəssül etmək isə, Onun (Allahın), nəticələri səbəblərə bağlamasındakı hikmətə hörmət göstərmək və Onun çalışmaq mövzusundakı əmrinə itaət etməkdir. Səbəblərə təvəssül etməyi və çalışmağı bizzat Allah Taala istəyib əmr etmişdir. Misal olaraq, Quranda Allah Taala belə buyurmuşdur:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًا

"Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın." (Nisa/71)

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ...

"Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın..." (Ənfal/60)

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

"Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız." (Cümə/10)

Sehl ət-Tüstəri belə deyir:

"Təvəkkülə etiraz edən, Qurana etiraz etmiş olar. Çalışmağa etiraz edən də, sünnətə etiraz etmiş olar. Çünki təvəkkül, Quran'ın əmri, çalışmaq da, Allah rəsulu'nun sünnətidir.

-------------------

Çalışmağın növləri:

Çalışmağın muhtəvasına girən işlər, 3 qisimdir:

• Birincisi, ibadətlərdir. Allah Taala, ibadətləri əmr etmiş, bunları cəhənnəmdən qurtulmaq və cənnətə girmək üçün səbəb qılmışdır.

Bu, belə olduğu üçün, Allah Taala'ya təvəkkül etmək, Ondan kömək və müvəffəqiyyət istəməklə birlikdə, ibadətləri ifa etmək zəruri və gərəklidir. Bunlardan fərz və vacib olanları tərk edən və ya ifasında qüsurlu davranan bir kimsə, dünyada da, axirətdə də, həm şəriət, həm də qədər yönündən cəzaya haqq qazanmış olur.

Yusuf b. Əbsat belə deyir:

"O kimsə kimi əməl et ki, özünə yalnız əməlin fayda verəcəyinə inanır.

Və o kimsə kimi təvəkkül et ki, güc və qüvvətin Allah Taala'nın əlində olduğuna və özünə ancaq Allah Taala'nın təqdir etdiyi şeyin isabət edəcəyinə, Onun istədiyi bir şeyin olacağına və Onun istəmədiyi bir şeyin olmayacağına inanır."

• İkincisi, Allah Taala'nın, nəticələri, mütləq olaraq (qeydsiz və şərtsiz) özünə bağladığı dünya işləridir.

Bunlar:

• aclığı ortadan qaldırmaq üçün yemək;

• susuzluğu ortadan qaldırmaq üçün içmək;

• günəşdən qorunmaq üçün kölgəyə sığınmaq; və

• soyuqdan uzaq qalmaq üçün isinmək

kimi şeylərdir. Bu işləri yerinə yetirmək də, vacibdir.

Bu səbəblə, gücü çatdığı halda, bunları tərk edən və ya ciddi bir şəkildə əskik yerinə yetirən bir kimsə də, cəzalandırılmağa haqq qazanır.

Ancaq bu işlərdə, Allah Taala, bəzi qullarına, digərlərinə vermədiyi bir imtiyaz (ayrıcalıq) və özəllik verə bilər. Bundan dolayı, bu qullar, özlərinə verilən ayrıcalıq və özəlliklərinə görə, bu işlərdə ülfət edilmişin xaricində fərqli bir davranış sərgiləyə bilirlər. Bundan dolayıdır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), iftarla aralarını açmadan günlərlə üst-üstə oruc tutardı. Çünki Allah Taala, ona uzun müddət aclığa dayanmaq gücü və ayrıcalığı vermişdi. O, bunu edərkən, başqalarının bu şəkildə oruc tutmasını nəhy etmiş və səbəbini belə açıqlamışdır:

• "Mən, sizin kimi deyiləm. Mənə Allah tərəfindən yedirilib içirilir."

• "Məni yedizdirən və içizdirən vardır."

Məcazi bir açıqlama tərzı daşıyan bu hədislərə görə, Allah Taala, peyğəmbərin qəlbinə, ilahi müjdələr və Rabbani mərifətlər ilham edərək, onu aclıq və susuzluğa qarşı davam gətirə bilmə halı vermişdir. Qüvvətli iman, itaət şövqü və sevgi gücü ilə bu cür doymalar və dayanmaq halları hasil olurlar.

Üstün bir iman qüvvətinə və ibadət həvəsinə sahib olan bir çox kimsə, aclığa və susuzluğa qarşı, böyük bir dayanıqlılıq qazanmışlardır. Bu cümlədən olaraq:

• Abdullah ibn Zubeyr (radiyallahu anh), 8 gün fasilə vermədən oruc tutardı.

• əbu'l-Cevza, 7 gün iftar etmədən orucunu davam etdirərdi.

• əbu İbrahim ət-Teymi, şərbət xaricində bir şey yeyib içmədən 2 ay qala bilirdi.

• Haccac ibn Fərafisa, 10 gündən artıq bir şey yeyib içməz və yatmazdı.

İmtiyazlı olan bəzi kimsələr də, isti və soyuğa qarşı dura bilirdilər. Onun üçün, məsələn, Əli (radiyallahu anh), qış vaxtı yay libasını, yay vaxtı da qış libasını geyinərdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), istilik və soyuqluq hissinin ondan alınması üçün dua etmiş və hər zaman olduğu kimi, duası qəbul olunmuşdu. Əli (radiyallahu anh) da, peyğəmbərin bu möcüzəsini və duasının bərəkətini bu şəkildə təşhir edərdi.

Bir kimsədə, bu növdən bir güc və özəllik mövcud olar və özü aclıq və susuzluqdan və hava şərtlərindən təsirlənməz və zərər görməzsə, o kimsə, bunlara qarşı tədbir almaq və bunun üçün çalışmaq məcburiyyətində deyildir.

Lakin bu güc və özəlliyə sahib olmayan bir kimsənin, həyata ciddi bir şəkildə toxunan bu şeylərə qarşı tədbirsiz davranması və bunun üçün gərəkli olan çalışmağı tərk etməsi, xoş qarşılanmaz. Onun üçün, dövrünün alimləri, Abdurrahman ibn Ğanəm'in (Fələstin xalqının şeyxi və Şam bölgəsinin iləridə gələn fəqihi, hicri 78-ci il) hər dəfəsində qüvvətdən düşüb yatağa girincəyə qədər özünü ac buraxmasını qınamışlardır.

• Üçüncüsü, Allah Taala'nın, nəticələri, əksəriyyət etibarı ilə, özünə bağladığı dünya işləridir. Bu işlər, nəticələrin tərəttüb etməsi üçün, mütləq olaraq zəruri olmadıqları üçün, bunlara çalışmaq da, mütləq olaraq (yəni qeydsiz, şərtsiz, hər kəs üçün və hər vaxt) vacib deyildir.

Bu işlərin bir nümunəsi, xəstəliklərə qarşı müalicə olunmaqdır. Müalicə olunmaq məşrudur, ancaq vacib deyildir. Çünki müalicə olunmadan da, şəfa tapmaq mümkündür və bu, zaman-zaman felən də vaqedir. Necə ki, bəzi yerlərdə və xüsusilə də, şəhərlərdən uzaq yerlərdə ciddi bir şəkildə və elmi üsullara uyğun şəkildə müalicə olunmaq hadisələri yoxdur. Buna baxmayaraq, Allah Taala, istədiyi xəstələrə, Özü Şafi isminin bərəkətiylə şəfa verir.

Müalicə olunmaq imkanı olduğunda, müalicə olmaqla Allah Taala'ya təvəkkül edib onu tərk etməkdən hansının daha fəzilətli olduğu mövzusunda isə, 2 görüş vardır.

• imam Əhməd'in açıq olan görüşünə görə, qüvvətli bir təvəkkülə sahib olan kimsələr üçün, müalicəni tərk etmək daha fəzilətlidir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ümmətimdən 70.000 nəfər, hesab vermədən cənnətə girərlər. Bunlar:

• uğursuzluğa inanmayan;

• təmimə istifadə etməyən ;

• yaralarını odla dağlamayan; və

• Rəblərinə təvəkkül edən kimsələrdir."

• Müalicə olunmağı əfdal görənlər isə, bunun, Allah Taala'nın sünnəti olduğunu söyləmişlərdir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), xəstələrə müalicə olunmağı məsləhət görmüş, özü də, dərman istifadə etmişdir. O isə, yalnızca əfdal olanı məsləhət görər və ancaq əfdal olanı edərdi.

Bu deməkdir ki, müalicə olunmaq və dərman istifadə etmək, bunları tərk etməkdən daha yaxşıdır.

Yuxarıdakı hədis də, buna zidd düşən bir məna daşımır. Çünki orda zımnən, tərk edilməsi məsləhət görülən şeylər, məşru şeylər deyildir. Əfdal olan müalicə isə, məşru olan şeylərlə edilən müalicədir.

-------------------

Quşlar kimi...

Allah rəsulu (sallallahu aleyhi və səlləm), mövzumuz olan hədisdə:

"İnsanlar, Allah Taala'ya gərəkdiyi qədər təvəkkül etsəydilər, Allah Taala, quşlara verdiyi kimi, onlara da ruzi verərdi." buyurmuşdur.

Allah Taala, quşlara, (ən minimum) səyləri üzərinə ruzi verir. Onlar, insanlar kimi, ruzi tapmaq üçün çətin işlər görməzlər və ac qalmaq qorxusu ilə də qida cəmləməzlər. Onlar, fıtri olaraq, Allah Taala'ya güvənərlər və bu güvənlərinin mükafatı olaraq, dərdsiz, sıxıntısız, asan, hazır və bol bir ruzi ilə bəslənərlər.

Buna görə, əgər insanlar da, Allah Taala'ya tam güvənib təvəkkül etsəydilər:

• ruzi tapmaq üçün zəhmət çəkməz;

• bütün ömür və güclərini xərcləməz;

• halal və haramı qarışdırmaz;

• tamah və ac gözlük hiss etməz,

• (bir birilərilə) döyüşməz;

• zülm və haqsızlıq etməz;

• qorxu hiss etməzdilər.

O zaman, Allah Taala, onların:

• az olan əməyini bərəkətləndirər;

• asan olan çalışmalarını səmərəli qılar; və

• onların çox yorulmalarına lüzum qalmadan ruzilərini verərdi. (Haşiyə)

Təvəkkülsüzlüyə günahkarlıq da əlavə edilərsə, ruzi tapmaq, daha da çətinləşir. Çünki ibadət, bolluq və bərəkətə səbəb olduğu kimi, günah işləmək də, yoxluq, qıtlıq və məhrumiyyətə səbəb olur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qul, bəzən çalışdığı halda, günahkarlığından dolayı, ruzidən məhrum buraxılır."

Və ya ruzisi gecikdirilir, azaldılır, çətinləşdirilir, xeyir və bərəkəti əlindən alınır, ruzini qəlb rahatı ilə istifadə etməsi əngəllənir.

• Bir hədisdə belə buyurulmuşdur:

"Bir kimsə, özü üçün təqdir edilən ruzini tapmadan və ömrü bitmədən ölməz. Onun üçün, Allahdan qorxun və ruzinizi gözəl yollarla və doğru üsullarla axtarın. Halal olanı alın, haram olanı isə, tərk edin."

• Ömər b. Xattab (radiyallahu anh) belə demişdir:

"Ruzi, Allah Taala'nın əlindədir. Qənaət edən və qismətinə razı olan bir kimsə, halal ruzi tapar. Ac gözlük və tamah göstərən və harama girən kimsə də, özü üçün müqəddər (təqdir edilmiş) olan ruzidən artığını tapa bilməz."

• Sələfdən bir şəxs belə demişdir:

"Allah Taala'ya təvəkkül et ki, ruzin sənə məşəqqətsiz gəlsin."

• İsa (əleyhissəlam) belə buyurmuşdur:

"Mədələriniz üçün deyil, Allah üçün çalışın. Dünyanın artığından da çəkinin. Çünki bu artıqlıq, əbədiyyət yolçuluğunda sizin üçün ağır bir yükdür. Quşlardan ibrət alın. Onlar fıtri olaraq Allah Taala'ya təvəkkül etdikləri üçün, Özü onları az bir səy və zəhmətsiz bir çalışmaqla bəsləyib doydurur. Bunların nə ruzi tapmaq narahatlığı, nə də ruzi toplama dərdi vardır."

• Abdullah ibn Abbas (radiyallahu anh) belə demişdir:

"Vaxtı ilə bir abid, bir mağarada ibadət edirdi. O, özünü ibadətə verib ruzi üçün çalışmağı tərk edincə, bir qarğa, hər gün özünə bir öyün çörək gətirirdi. Abid, bu öyünü yeyərək həm bəslənir, həm də onda hər cür nemətin dad və ləzzətini tapırdı. Qeyb xəzinəsindən göndərilən bu ruzi, abidin ölümünə qədər davam etmişdir."

Buna bənzər çox hekayələr vardır və hamısı da, haqq və doğrudurlar. Çünki Allah Taala, özü üçün çalışanları, ac buraxmaz. Lakin bir kimsə, nə Allah üçün, nə də ruzi üçün çalışmayıb tənbəllik edərsə, aclıqdan ölər və öz canının qatili olar.

Süfyan əs-Sevri belə deyir:

"Vasil b. Ahdəb, Quran-i Kərim'dəki:

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

'Ruziniz də, sizə vəd edilən şeylər də (cənnət) göydədir.' (Zariyat/22)

ayətini oxuyunca, səksənmiş və:

'Mənim ruzim göydə ikən, mən onu niyə yerdə axtarıram?!'

deyərək, bir tənhaya çəkilmiş və qalan ömrünü orda ibadətlə keçirmişdir. Allah Taala da, qeyb cəhətindən ona səbəblərlə xurma göndərmiş və xurmaları bitincə də, yeniləri gəlmişdir."

Bu hekayələrdən də anlaşıldığı kimi, ruzi mövzusunda Allah Taalaya təvəkkül və güvəni tam olan bir kimsə, onu qazanmaq üçün çalışmağı və səbəblərə təvəssül etməyi tərk edə bilər. Bu mövzuda şəri mənada nümunə və hüccət olanlar, peyğəmbərlərdir.

İbrahim (əleyhissəlam), Allah Taala'ya təvəkkülü və güvəni tam olduğu üçün, zevcəsi Həcər ilə hələ körpə olan oğlu İsmayıl'ı, nə su, nə qida, nə yaşıllıq, nə də bir insanın mövcud olmadığı Məkkə vadisində buraxıb getmişdi. Həcər, arxasında ona səslənərək:

"Ey İbrahim! Bizi bu tənha yerdə kimə əmanət etdin?" diyə soruşmuş, İbrahim (əleyhissəlam) da:

"Sizi Allaha əmanət etdim." demişdi. Həcər:

"Biz də razı olduq." diyə cavab vermişdi.

İbrahim (əleyhissəlam), səbəblər dairəsində qaldıqca görülə bilməyəcək bu işi, Allah Taala'nın vəhyi və əmriylə görmüşdür. Lakin O, eyni zamanda Allah Taala'nın bu 2 zəif və çarəsiz qulunu ruziləndirib qoruyacağına da, tam mükəmməl bir şəkildə inanmışdır.

Eynilə bunun kimi, Allah Taala, bəzi vəlilərin qəlblərinə də ruzi işlərini Özünə buraxmalarını və bunun üçün çalışmaq yerinə, Özü üçün çalışmalarını ilham edər, onlar da bu ilhamın haqq və gerçək olduğuna qəti olaraq inandıqlarında, ruzi işini Ona həvalə edər və özlərini ibadət və din xidmətinə verərlər.

Abdullah ibn-i Abbas (radiyallahu anh) belə rəvayət edir:

"Yəmən xalqı, 'Biz, təvəkkül edirik.' deyərək, yol azuqəsi almadan, həccə gəlmişdilər. Lakin ac qaldıqlarında dayana bilməmiş və qarınlarını doyurmaq üçün dilənməyə başlamışlardı. Bunun üzərinə, bu ayət enmişdi:

...وَتَزَوَّدُوا۟ فَإِنَّ خَيْرَ ٱلزَّادِ ٱلتَّقْوَىٰ...

"Özünüzlə azuqə götürün. Ən yaxşı azuqə isə, təqvadır." (Bəqərə/197)

Bu hadisə də göstərmişdir ki, təvəkkül etdiyini söyləyərək, səbəblərə təvəssülü tərk edən bir şəxs, bunun nəticələrinə də qatlanmağa hazır və razı olmaq, yeri gələrsə, ən çətin məhrumiyyətə də səbr göstərmək və ağrı çəkməyi xoş görmək, bunları edərkən də, qədəri günahlandırmamaq, bir haqq axtarışı içinə girməmək məcburiyyətindədir.

Çünki Allah Taala, ancaq Özünün bir qanunu olan səbəblər dairəsində çalışanlara ruzi verəcəyini əhd etmişdir (söz vermiş, üzərinə almışdır). Bu dairənin xaricinə çıxanlara isə, Onun bir əhdi yoxdur.

Bu səbəblə, istəsə, bunlara da asanlıqla ruzi verər. Lakin istərsə də, bunları ağır bir imtahana məruz buraxar.

Özünü qorumaq üçün tədbir almaq da, ruzi axtarmaq kimidir. O da, vacibdir. Ancaq Allah Taala'ya tam təvəkkül edilməsi və Onun himayəsinə güvən hiss edilməsi halında, bu məsələdə də, vaciblik hökmü ortadan qalxar. Bunun nümunəsi də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dir.

Belə ki:

Yəhudi və münafiqlərin Özünə qarşı bir su-i qəsd etmək istədiklərini öyrənən səhabələr, könüllü olaraq, Onun qapısı ağzında növbə tutmağa başladılar. Özü də buna etiraz etmədi. Ancaq, bundan sonra:

...وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ...

"...Allah səni insanlardan (onların şərlərindən) qoruyar..." (Maidə/67)

ayəti endirilincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), çölə çıxaraq, ayəni, qapısı ağzında növbə tutan səhabələrinə oxudu və artıq Özü üçün növbə tutmaqlarına lüzum olmadığını, Özünün, bundan sonra Allah Taala'nın hifz və himayəsi altında olacağını söyləyərək, onları evlərinə geri göndərdi.

Şəriətin əmr etdiyi və təriflədiyi təvəkkül, məşru səbəbləri tərk etmək deyil, səbəbləri istifadə edərkən, nəticələrin hasil olması mövzusunda, Allah Taala'ya güvənməkdir.

Bir də, çarəsizlik hallarında ümidsizlik və qorxuya qapılmamaq, Allah Taala'nın qüdrət və rəhmətinin bütün səbəblərin üstündə olduğunu düşünüb təsəlli və güc tapmaqdır.

Bunun nümunələrini də, yenə İbrahim (əleyhissəlam) və Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) vermişlərdir.

İbrahim (əleyhissəlam) atəşə atıldığında, qorxu hiss edincə:

...حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

"...Bizə Allah yetər. O, nə gözəl vəkildir." (Al-i İmran/173)

demişdir.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də, güclü düşmənlərin (yəhudilər, müşriklər, münafiqlər və bədəvi qövmlərin) ittifaq edib Özü ilə döyüşmək üçün hazırlıq işləri apardıqlarını eşitdiyində, maddi gücü ilə əngəlləyə bilməyəcəyi bu işə qarşı:

...حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

"...Bizə Allah yetər. O, nə gözəl vəkildir." (Al-i İmran/173) demişdi.

Quran, bu hadisəni bu ifadələrlə bəyan etmişdir:

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَـٰنًا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

"Bəzi adamlar onlara:

“Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər.

Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl vəkildir!”– dedilər." (Al-i İmran/173)

Xülasə, imam Əhməd'in açıq olan görüşünə görə, məşru dairədə çalışmaq və gərəkli tədbiri almaq, bunları tərk etməkdən əvla və əfdaldır. Onun üçün, imam Əhmədə:

"Allaha təvəkkül etdim." deyərək evində oturan və çalışmayan bir kimsənin halı soruşulduğunda, belə demişdi:

"Bütün möminlərin Allah Taala'ya təvəkkül etməsi, fərzdir. Lakin eyni zamanda, məişətləri üçün çalışmaları da fərzdir."

Fudayl b. İyad da bu görüşdədir. Çünki o da, belə bir suala qarşı, belə cavab vermişdi:

"Bir kimsə həqiqətən Allah Taala'ya təvəkkül edərsə, Allah Taala, əlbəttə ki, ona ruzi verər. Ancaq təvəkkül edərək çalışmağı tərk etmək, Peyğəmbərlərin və saleh qulların gördüyü bir iş deyildir. Çünki bunlar, çalışaraq Allah Taala'ya təvəkkül etmişlərdir. Quran-i Kərimdə də:

...فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ...

'...yer üzünə dağılıb Allahın lütfünü axtarın...' (Cümə/10) buyurulmuşdur."

Nəfəqəsini təmin etməklə mükəlləf olduğu zevcə və uşaqları olan kimsələr üçün, çalışmağın əhəmiyyəti bir qat daha çoxdur.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İnsana günah olaraq, məişətini təmin etməklə mükəlləf olduğu kimsələri zay etməsi (yəni ac və möhtac buraxması) kifayətdir."

Onun üçün Bişr əl-Xafi belə demişdir:

"Uşaqlarım olsaydı, mən də çalışardım."

Çalışmağı və səbəblərə təvəssülü tərk etmək səbəbilə öz haqqını nahillərin əlinə keçməsinə imkan vermək də doğru deyildir. Çünki bu, acizlik və miskinlikdir. Onun üçün Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə dua etmişdir:

"Allahım! Acizlik və miskinlikdən Sənə sığınıram."

Və O, belə buyurmuşdur:

"Qüvvətli mömin, zəif olan mömindən daha xeyirli və sevimlidir. Ancaq (mömin olmaq etibarı ilə) ikinsində də xeyir vardır. Sənə faydası olan şeylərə düşkün ol. Allahdan yardım dilə və (faydalı şeyləri istəmək, Allahdan yardım diləmək xüsusunda) tənbəllik göstərmə.

Əgər xoşlanmadığın bir şey başına gələrsə, mən belə etsəydim, elə etsəydim (bu iş başıma gəlməzdi) demə və lakin:

"Allah belə təqdir etdi və O dilədiyini edər."

deməlisən. Çünki 'ləv= bunu etsəydim, belə olsaydı' kəliməsi, şeytan vəsvəsəsinə yol açar (=yəni qədərə qarşı gəlmək düşüncəsini qəlbə atar). (İbn Macə, Sünən, hədis no: 79, 4168)

• Allah rəsulu (sallallahu aleyhi və səlləm) bunları da buyurmuşdur:

"Allah Taala, özünə verdiyi güc və imkanı istifadə etmək yerinə, tənbəlliyi seçən qulunu azarlayar. Onun üçün, mövcud olan güc və imkanınızı istifadə edin. Lakin buna rəğmən sizi aşan bir şey olarsa:

حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

"Hasbunəllahu və ni'məl vəkil= Bizə Allah yetər. O, nə gözəl vəkildir." deyin.

• Ənəs (radiyallahu anh)'ın rəvayətinə görə, bir adam:

"Ey Allahın rəsulu! Dəvəmi bağlayıb elə mi təvəkkül edim, yoxsa onu açıq buraxmaq surətilə mi təvəkkül edim?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Onu bağla və elə təvəkkül et." buyurdu.

• İbn Abid'in rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Təvəkkül etmək, ağlını istifadə etmək və tədbirini almaqdan sonradır."

Görüldüyü kimi hədislərdə təvəkkül etməyin, səbəblərə təvəssül etməyi, çalışmağı və tədbir almağı tərk etmək şəklində anlaşılmaması gərəkdiyi, açıqca bildirilmişdir.

• Muaviyə b. Qurrə belə deyir:

"Ömər (radiyallahu anh), məsciddə oturmuş bəzi adamlar gördü. Onlara:

"Siz kimlərdənsiniz?" diyə soruşdu. Adamlar:

"Biz, təvəkkül edənlərik." dedilər. Ömər (radiyallahu anh) qeyr-i məmnun bir ifadə ilə:

"Xeyr! Siz xeyir yeyənlərsiniz. Başqalarına yük olanlarsınız. Təvəkkül edənlər onlardır ki, toxumu yerə əkərlər və ondan sonra yetişməsi mövzusunda təvəkkül edərlər." dedi.

• Bişr əl-Haris belə demişdir:

"Təvəkkül etmək, ruzi tapmaq üçün gərəkli olan çalışmanın alternativi deyildir. Bu səbəblə, çalışmağı tərk edib:

'Allah Taala'ya təvəkkül etdim. Elə isə, ruzimi versin.' demək şəklində, təvəkkül edilməz.

Təvəkkül etmək, Allah Taala'nın vədinin haqq olduğuna və bu vədin mütləq gerçəkləşəcəyinə inanmaq və bu inancın qəlbdə hasil etdiyi güvən və rahatlığı hiss etməkdir."

Ruzi mövzusunda Allah Taala'nın vədi vardır. Lakin eyni zamanda, Onun ruzi tapmaq üçün çalışmaq əmri də vardır. Bu ikisi bir araya gətirilincə, ruzi tapmaq üçün çalışmağın şərt qoşulduğu anlaşılır. Ruzi üçün verilən vədləri bildirən ayətlərdən ikisi belədir:

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِى كِتَـٰبٍ مُّبِينٍ

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)." (Hud/6)

وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

"Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir." (Ənkəbut/60)

Bu ayətlərə görə, digər canlılar da, insanlar da, yaşadıqları müddətcə, ruziləri verilir. Ruzinin verilməməsi isə:

• ya şərt qoşulan çalışmağın tərk edilməsi;

• ya da Allah Taala'nın izzətinə toxunan bir günahın işlənməsi səbəbiylədir.

• Bir də bu vardır:

Aclıq, bir canlı və ya bir insan üçün ölüm səbəbi olaraq təqdir edilmişdirsə, o zaman, o varlıq, aclıq çəkərək onunla ölər.

Müsənna əl-Ənbəri belə deyir:

"Ruzi mövzusunda şübhəyə düşməyin. Əks təqdirdə, Allah Taala'nın vədi haqqında şübhəyə düşmüş olarsınız. Çünki ruzi vəd edən və bu surətlə ruzini təminat altına alan Odur."

Bil ki, təvəkkül etmək, bir mənası ilə də, qədər və təqdirə rıza göstərməkdir. Bu etibarla, qədər və təqdirə razı olan və hər hansı bir mövzuda Allah Taala'ya qarşı şərtli olmayan bir kimsə, təvəkkülü gerçəkləşdirmiş olur.

Həsən əl-Basri, Fudayl və bənzərləri, təvəkkülün rıza göstərmək (hər şeyə rəğmən Allah Taala'dan razı olmaq və Onun etdiklərini bəyənmək) şəklində təfsir etmişlərdir.

• İbn əbi'd-Dünya belə demişdir:

"Təvəkkül etmək, yuxarıya doğru çıxan 3 mərhələdən meydana gəlir:

• Birinci mərhələsi, şikayət etməməkdir;

• İkinci mərhələsi, rıza göstərməkdir;

• Üçüncü mərhələsi, bəyənmək və sevməkdir.

Rıza göstərmək, qəlbin, baş verən bir şeydən dolayı sıxıntı və rahatsızlıq hiss etməməsidir. Bəyənmək və sevmək isə, baş verən şeydən xoşlanmaq və onu ən münasib görməkdir."

Təvəkkülün üçüncü mərhələsinə yetişmiş olan Ömər b. Əbdü'l-Əziz belə demişdir:

"Sabahladığım zaman, yeni gündə mənim gözlədiyim heç bir şey yoxdur. Onun üçün, qədər və təqdir qarşıma nə çıxararsa, ona sevinərəm."

(İmam hafiz ibn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 2. Cild, s. 472-486)

Read 14 times
In order to make a comment, please login or register