Təvəkkül-1

Ömər b. Xattab (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Əgər siz, haqqıyla Allaha təvəkkül etsəydiniz, sabah ac gedib axşam tox olaraq (yuvalarına) dönən quşları Allah ruziləndirdiyi kimi, sizi (də) şübhəsiz ruziləndirərdi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Təvəkkül və yəqin (yəni hər şeyin ancaq Allahdan olduğuna qəti olaraq inanmaq) babı", hədis no: 4164

------------------------

İzahı:

Bu hədisi:

• Tirmizi;

• Əhməd;

• Hakim;

• Nəsai; və

• ibn Hibban

da rəvayət etmişlərdir.

Təvəkkül: Etimad etmək, güvənmək deməkdir.

Himas: Hamis'in cəm halıdır. Hamis isə: Qarnı ac olan deməkdir.

Bitan: Batinin cəm halıdır. Batin isə: Qarnı tox və dolu olan deməkdir.

--------------------

Allah Taala'ya haqqıyla təvəkkül belə olur:

• Hər şeyi yaradan;

• İstədiyinə, istədiyi şeyi verən;

• İstədiyi şeyi, istədiyi kimsədən alan,

ancaq Allahdır. Ondan başqa və iradəsi xaricində nə verən, nə də alan vardır.

İnsanın bu etiqadla gərəkli tədbiri alıb əlindən gələn səyi göstərərək və Allaha bel bağlayaraq, ruzisini və mənfəətini axtarması şəkli, Allaha haqqıyla təvəkkül edilərək görülən işlərdir.

"Tuhfətu'l-Əhvəzi" müəllifinin bəyanına görə, əl-Munavi, bu hədisin izahı sədədində belə deyir:

"Yəni quşlar sabah ac qarnına gedib axşam tox qarnına dönürlər. Allah, onların ruzilərini verir. Bu halda, ruzi verən çalışmaq deyil, Allahdır.

Bu halda, hədis, təvəkkülün, təmbəl durmaq və boş gəzmək olmadığına, əksinə, ruzi yollarına baş vurmağın gərəkliliyinə işarət edir. Çünki quşlar, çalışmaq, səy göstərmək və axtarmaqla ruzilənirlər.

Bunun üçündür ki, Əhməd demişdir ki, hədisdə çalışmağı tərk etməyə dəlalət edən bir yön yoxdur. Nəbi (sallallahu aleyhi və səlləm), bunu eşitdirmək istəmişdi:

Əgər onlar, gediş-gəlişlərində, gördükləri işlərdə Allaha təvəkkül etsəydilər və hər xeyir ilə yaxşılığın ancaq Allahın əlində olduğunu qətiliklə bilsəydilər, quşlar kimi bol ruzi ilə və salamat yuvalarına dönəcəkdilər. Lakin onlar, güclərinə və çalışmaqlarına güvənib bel bağladılar. Bu isə, təvəkkül prinsipinə tərs düşür.

Şeyx əbu Həmid də belə demişdir:

"Təvəkkülün mənasının bədənlə çalışmağı buraxmaq, qəlb ilə tədbiri tərk etmək olduğu düşünülür. Bu, ancaq cahillərin zənnidir. Çünki belə tənbəl durub gözləmək, dinən haramdır. Digər tərəfdən din, təvəkkülü tərifləmişdir. Dinin haram qıldığı bir şeyi tərifləməsi, necə düşünülə bilər?!"

İmam əbu Qasim əl-Quşeyri isə, belə deyir:

"Təvəkkülün yeri qəlbdir. Qul, ruzinin ancaq Allah tərəfindən verildiyinə qətiliklə inandıqdan sonra bədənilə çalışması, çabalaması, qəlbdə bəslədiyi təvükkül inancına zidd düşməz.

Qul, bir işdə müvəffəq olarsa, bunun Allahın köməyi və kərəmi ilə olduğuna və müvəffəq olmadığı təqdirdə isə, bunun İlahi təqdir olduğuna inanmalıdır."

Read 5 times
In order to make a comment, please login or register