Tövbə nə vaxt qəbul edilməz? Bu haqda məlumat verərsinizmi?

Abdullah ibni Amr b. əl-As (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah (Azzə və Cəllə), qulun tövbəsini, ruhu boğazına gəlmədikcə qəbul edər." 

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbə(ni xatırlamaq) babı", hədis no: 4253

-------------------------

İzahı:

Tirmizi, Hakim, Əhməd, ibn Hibban və Beyhaqi də bu hədisi, Abdullah b. Amrr (radiyallahu anh)'dan deyil, Abdullah b. Ömər b. əl-Xattab (radiyallahu anh)'dan rəvayət etmişlərdir.

Digər tərəfdən:

• əl-Munziri, "ət-Tərğib və't-Tərhib"də, 

• Tuhfə müəllifi "Tirmizi'nin şərhi"ndə; və

• Cəlaluddin "Camiu's-Sağir"də 

bu hədisi Abdullah b. Ömər b. əl-Xattab (radiyallahu anh)'ın hədisi olaraq kitabına alan alimləri sayarkən, müəllifimiz ibn Macə'nin ismini də verirlər.

--------------------

Hədisdə keçən: "ğarğara" kəliməsinin əsl mənası, "su və ya bənzəri bir maye halında olan maddəni ağıza alıb qarqara etmək"dir. Burada isə: "ruhun boğaza gəlməsi" mənası qəsd edilmişdir.

Tuhfə müəllifi:

"Bundan məqsəd, həyatdan ümidini kəsib, artıq ölməsi zamanının gəldiyini anladığında, tövbə edərsə, o tövbə keçərli deyil. Amma hələ bu hala düşmədən tövbə edərsə, tövbəsi qəbul olunar."

deyir və Nisa surəsinin 18-ci ayətini təyid (qüvvətləndirmək) üçün nəql edir. Ayətdə Allah Taala belə buyurur:

"---وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٔـٰنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَـٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا---"

"---Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.---"

Tuhfə müəllifi yuxarıdakı ayəti nəql etdikdən sonra, belə deyir:

"ibn Abbas (radiyallahu anh), ayətdə keçən:

 'Ölümün gəlməsi-hazır olması' 

ifadəsini, ölüm döşəyindəki şəxsin, Əzrail (əleyhissəlam)'ı görməsi şəklində açıqlamışdır. 

Ancaq bu izah, yəni can alan mələyin xəstəyə görünməsi halı, ümumi deyildir, çoxluq etibarı ilədir. Çünki can alan mələyi görməyən də çoxdur və ruh boğaza gəlmədən əvvəl, onu görən də çoxdur."

İmam Sindi (əl-Hənəfi) "ğarğara" ifadəsindən məqsəd: "xəstənin axirət ilə bağlı halları görməsi anı"dır, demişdir.

Xülasə, istər bu ifadəni, həyatdan ümidin kəsildiyi an, istər axirət əhvalının görülməyə başlandığı an şəklində açıqlayaq, bundan əvvəl edilən tövbə qəbul olunar. Bundan sonrakı tövbə keçərli deyildir. Çünki axirət əhvalını gördükdən sonra tövbənin bir dəyəri və qiyməti qalmaz. 

Digər tərəfdən həyatdan ümidini kəsdikdən sonra insan hansı günahı işləyə bilər ki, bir daha işləməməyə söz və qərar versin?! Oysa, tövbənin şərtlərindən biri də, işlənən günahı bir daha işləməməyə qəti qərar verməkdir.

Hədisin zahirinə görə, bu hökm, ümumidir. Yəni gərək kafirin küfürdən tövbə edib iman etməsi, gərəksə müsəlman kimsənin günahlardan tövbə etməsi, qəbul olunar. Lakin can boğaza gəldiyində, nə kafirin, nə də müsəlmanın tövbəsi qəbul olunmaz. 

Bəzi Hənəfi üləma (alimlər), bu hədisin hökmünü kafir kimsəyə təxsis etmişlərdir (xas qılmışlardır). Bu izaha görə, müsəlmanın ruhu, boğazına gəldikdən sonra da tövbəsi qəbul olunar.

Read 3 times
In order to make a comment, please login or register