Vəzifəyə can atmaq pislənmişdirmi?

 

7148- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Həqiqətən, siz, əmirliyə (vəzifəyə) can atacaqsınız. Halbuki, əmirlik (vəzifə), qiyamət günü peşmançılıq olacaqdır (gətirəcəkdir). O (əmirlik, vəzifə), nə gözəl süd verəndir və nə pis süddən kəsəndir."

7149- əbu Musa (radiyallahu anh)'dan belə rəvayət edilir:

Qövmümdən 2 nəfərlə birlikdə, Nəbi (sallallahu aleyhi və səlləm)'in hüzuruna daxil olmuşdum. Onlardan biri, "Ey Allahın rəsulu! Mənə, əmirlik (yəni əmirlikdə bir vəzifə, iş) ver!" dedi. Digəri də, bunun eynisini söylədi. (Bunun üzərinə) Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Biz, vəzifəni özü tələb edənə və hərisliklə istəyənə vermərik."

--------------------------------------

İzahı:

"Əmirliyi hərisliklə istəməyin məkruhluğu babı".

"Əmirlik" məfhumuna:

~ xəlifəlik demək olan "böyük əmirlik"; ilə

~ bəzi diyarlara "valilik" mənasına gələn "kiçik əmirlik"

daxildir. Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bir şeyi, daha baş vermədən əvvəl xəbər verməsidir. Necə ki, eynilə Onun dediyi kimi də baş vermişdir.

"Halbuki, əmirlik (vəzifə), qiyamət günü peşmançılıq olacaqdır (gətirəcəkdir)."

Yəni, bu vəzifəni gərəkdiyi şəkildə yerinə yetirməyən kimsə üçün peşmançılıq olacaqdır.

Bunu, Muslim, əbu Zərr (radiyallahu anh)'dan nəql etdiyi bu hədisdə qeyd etməkdədir:

"Mən (əbu Zərr):

'Ey Allahın rəsulu! Mənə vəzifə vermirsənmi?' dedim.

O (sallallahu aleyhi və səlləm), əlilə çiynimə vurduqdan sonra:

'Ey əbu Zərr! Şübhəsiz, sən, zəifsən. Əmirlik (vəzifə) isə, bir əmanətdir. Şübhəsiz ki, o, qiyamət günündə, bir rüsvaylıq və bir peşmanlıqdır. Onu haqqı ilə alan və bu xüsusda üzərindəkini əskiksiz yerinə yetirən müstəsnadır." (Muslim, "Əmirlik kitabı", "Bir zərurət olmadan əmir olmağın məkruhluğu babı")

Nəvəvi, belə deyir:

"Bu hədis, -xüsusilə özündə zəiflik olan kimsələr üçün- vəzifəni üstlənməkdən çəkinmək xüsusunda, böyük bir prinsipdir.

• Əhil olmadığı halda bu vəzifəyə gələn və sonra ədaləti təmin edə bilməyən kimsələr üçün, etdikləri ehmalkarlıqdan (vəzifədəki səhlənkarlıqlarından) dolayı, qiyamət günü rüsvaylıqla cəzalandırıldıqları təqdirdə, bu, bir peşmançılıq olacaqdır.

• Vəzifəyə əhil olub, adil davranan kimsə üçün -xəbərlərdən anlaşıldığı üzərə- böyük bir əcr bəhs mövzusudur.

Lakin vəzifəyə gəlməkdə böyük bir təhlükə vardır. Bundan dolayı, böyüklər, vəzifə almaqdan çəkinmişlərdir.

Ən doğrusunu, Allah bilir."

"O (əmirlik, vəzifə), nə gözəl süd verəndir və nə pis süddən kəsəndir."

Davudi, bu cümləni belə açıqlayır:

"O (əmirlik, vəzifə), dünyada nə gözəl süd verəndir; və öldükdən sonra isə, nə pis süddən kəsəndir.

Çünki insan, etdiklərindən dolayı, hesaba çəkiləcəkdir. Dolayısı ilə, bu vəzifə, hələ süd əmmək ehtiyacı bitməyən məmədən kəsən ana kimidir ki, bu, uşağın ölməsinə səbəb olur."

• Bir başqası isə, bu cümləni belə açıqlamışdır:

"O, nə gözəl bir süd anadır. Çünki insan, bu vəzifəyə gəldiyində, mərtəbə, mal əldə edər, sözü keçər, maddi bəzi ləzzətlər əldə edər.

Ancaq ölümlə və ya başqa bir səbəblə o vəzifədən ayrılma halında, axirətdə səbəb olduğu bəzi məsuliyyətlərdən dolayı, nə pis bir süddən kəsəndir!"

Hədisdən, vəzifəyə gələn bir kəsin, əldə etdiyi nemət və səadətin, qarşılaşacağı bədbəxtlik və zərərdən daha az olacağı anlaşılmaqdadır. Bu,

~ ya dünyada ikən vəzifədən uzaqlaşdırılaraq baş verir ki, bu halda, insan, bilinməz, itirilib-axtarılmaz bir şəxs halına gəlir;

~ ya da axirətdə məsuliyyətdir ki, bu, daha da ağırdır.

Uca Allahdan məğfirət diləyirik.

Qadı Beydavi, belə deyir:

Ağlı başında olan bir kəsə, ardından həsrət verən şeylərin gəldiyi ləzzət və fərəhlənmək, yaraşmaz.

Mühəlləb'in düşüncəsi isə, bu yöndədir:

"Bir vəzifəni hərisliklə istəmək, insanların o vəzifə uğrunda, bir-birilə mübarizə aparmasına səbəbdir. Bunun sonunda qan axar, mallar və irzlər mübah görülər, yer üzündə fəsad böyüyər.

Peşmanlığın hansı səbəbdən qaynaqlandığına gəlincə, insan, öldürülə bilər və ya vəzifədən uzaqlaşdırıla bilər; ya da ölər və o vəzifəyə gəldiyinə peşman olar. Çünki işlədiyi məsuliyyətli şeylərdən hesaba çəkilər. Halbuki özü, hərisliklə istəmiş olduğu şeyi ondan ayrı düşdüyü üçün əldən qaçırmışdır."

Mühəlləb, belə davam edir:

"Bundan, -bir valinin, ölməsi və ardından o işi özündən başqa görəcək kimsənin qalmaması nümunəsində olduğu kimi- vəzifə üçün tək qalmaq halı müstəsnadır. Bu halda, insan, vəzifəyə gəlmədiyi təqdirdə, xalqın aqibətinin pisə doğru gedəcəyi üçün, fəsad meydana gələr."

Biz də, bunu əlavə edək:

Bu, bir əvvəlki hədisdə, tələb edərək və ya etməyərək vəzifəyə gəlmə şəklindəki fərziyyəyə zidd deyildir. Əksinə, "hərislik" kəliməsi, insanların halları pozular qorxusu ilə bir vəzifəyə gələn kimsə -özündə ümumiyyətlə hərislik olmayacağı üçün- istəmədən vəzifə verilmiş kimsə kimi olacağına işarət etməkdədir.

Bir vəzifə üçün tək qalmış şəxsin həris olması -o vəzifəni almaq, özü cəhətindən vacib olacağı üçün- əfv edilə bilər.

Xəlifənin, hakimlik vəzifəsinə birini təyin etməsi, fərz-i ayndır.

Hakimin, özündən başqa biri daha olduğu halda bu vəzifəyə gəlməsi isə, fərz-i kifayədir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 93-cü kitab: "Kitabu'l-Əhkam" (Hökmlər kitabı); 7-ci bab: "Əmirliyi (vəzifəni) hərisliklə istəməyin məkruhluğu babı")

 

 

Read 6 times
In order to make a comment, please login or register