Vacib nədir?

Vacib:

Vacib, cumhura görə, fərz ilə eyni mənadadır. Onu, ilk əvvəl bu mənada; sonra da, Hənəfi'lərin istifadə etdiyi mənada açıqlamağa çalışacağıq.

Cumhura görə, fərz mənasında olan vacib, şər'i cəhətdən edilməsi qəti olaraq istənilən şey olub, onu tərk edən, günah işləmiş sayılır. Buna, "lazim""məhtum" da deyilir. Bəzi üsul alimləri, onu "Tərk edən, qınanar." deyə tərif etmişlərdir. Hər fərzi tərk edən, qınanar. Namazı tərk edən, zəkatı verməyən, ata-anasına yaxşılıq etməyən kimsələr, qınanmış, məzmum (zəmm edilmiş, pislənmiş)'lərdir. Hər hansı bir fərzi tərk edən, Şari tərəfindən həm qınanar, həm də cəzaya haqq qazanar. Bu son tərif, nəticəyə görədir; mahiyyətə görə deyildir. əl-Amidi, "əl-İhkam fi Usuli'l-Əhkam" adlı əsərində, bu tərifi tərcih etmiş və belə demişdir:

"Belə demək, doğru olar: Şər'i vücub (vaciblik), Şari'in xitabından ibarətdir ki, onu tərk edən, şər'i cəhətdən qınanar."

Hənəfilər, -söylədiyimiz kimi- fərzi, vacib ilə şər'i cəhətdən eyni mənada görməzlər. Lakin, lüğət (sözlük) cəhətdən, eyni mənaya gəldiyini qəbul edərlər.

Hənəfilər, fərz və vacibin qəti olaraq edilməsində, cumhur ilə ittifaq halındadırlar. Ancaq, Onlara görə:

~ fərz, qəti bir dəlil ilə;

~ vacib də, zənni bir dəlil ilə

sabit olmuşdur.

• Belə bir fərqin nəticəsi, budur:

Vacibin qətiliyi, fərzin qətiliyindən azdır. Dolayısı ilə, şər'i bir işdə fərz tərk edilərsə, bu iş, batil olar. Məsələn:

Ərəfat'da vəqfə etməyən kimsənin həcci, batil olar. Çünki, bu vəqfə, fərzdir. Bir kimsə, Səfa ilə Mərvə arasında səy'i tərk edərsə, həcci, batil olmaz. Çünki bu səy, vacib olub, ifasının gərəkdiyi, qəti bir dəlil ilə sabit olmamışdır.

• Hənəfilərə görə, fərz ilə vacib arasındakı fərqin başqa bir nəticəsi də, budur:

Fərzi inkar edən, kafir olar. Vacibi inkar edən isə, kafir olmaz. Məsələn:

Namaz və ya zəkatı inkar edən, kafir olar. Çünki, bu halda o, qəti və şübhəsiz bir dəlil ilə şər'i cəhətdən sabit olan bir əmri inkar etmişdir. Lakin, (sübut və ya dəlalət cəhətindən) zənni, şübhəli bir dəlil ilə sabit olan bir əmri (vacibi) inkar edən kimsə, kafir olmaz.

Hənəfi'lərin əksəriyyəti, vacib ilə əməl etməyi, zəruri görürlər və buna, "əməli fərz" adını verirlər. Demək ki, onlara görə, fərz, 2 qismə ayrılır:

1. Həm etiqad, həm də əməl cəhətindən fərz. Bu, qəti və şübhəsiz bir dəlil ilə sabit olan fərzdir.

2. Sadəcə əməl cəhətindən fərz. Bu isə, zənni bir dəlil ilə sabit olan fərzdir.

Üsula görə, zənni bir dəlil ilə sabit olan şey, əməl cəhətindən qətilik ifadə edər; etiqad cəhətindən isə, qətilik ifadə etməz.

Görünüşdə, fərz ilə vacib arasındakı ixtilaf, nəzəridir. Ancaq Hənəfi məzhəbinin füru'sunda, bu ixtilafın təsirini görməkdəyik. Məsələn:

Namazda Fatihə oxunmazsa, Hənəfilərə görə, namaz, batil olmaz. Şafii'lərə görə isə, namaz, batil olar. Çünki Şafii'lər, Fatihə'nin oxunmasını, fərz olaraq qəbul etməkdədirlər. Hənəfi'lər isə, bunu vacib saymaqdadırlar. Həqiqətdə bu ixtilafın əsası, budur:

Şafii'lər, "Artıq, Qurandan sizə asan gələni oxuyun." (Muzəmmil/20) ayətini, "Fatihə surəsini oxuyun." deyə təfsir edirlər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Mən necə namaz qılıramsa, siz də elə qılın." (Buxari, "Azan", 18) buyurmuşdur. Hənəfi'lər isə, o ayəti, ümumi olaraq qəbul edirlər ki, buna görə, Fatihə və hər hansı bir Quran parçasının oxunması ilə, fərz yerinə yetirilmiş olur.

Məncə, bu ixtilaf, nəzəridir. Çünki Şafii'lər də, digərləri də, dəlillərin, qəti və zənni olmaq üzərə, dərəcələrə ayrılmasında ixtilaf etmirlər. Bu səbəblə, əl-Amidi ("əl-İhkam", 1-ci cild, s. 140), belə deyir:

"Açıqlıq və qapalılıq; qüvvət və zəiflik cəhətindən, vaciblərin (yəni, fərzlərin) sabit olma yollarının dəyişməsi, həqiqətdə, vacibin dəyişməsini gərəkdirmir."

---------------------------------

---------------------------------

Vacibin qisimləri:

Vacib, bir neçə cəhətdən təqsim edilir. Hər təqsim, müəyyən etibarlarla edilir. (Yəni), vacib:

1. Vaxt cəhətindən;

2. Mətlub (edilməsi istənilən şey) cəhətindən;

3. İstənilən şeyin miqdarı cəhətindən;

4. Tələbin ümumi və xüsusi olması cəhətindən

qisimlərə ayrılmışdır.

 

I. Əda ediləcəyi vaxt cəhətindən vacibin təqsimi:

Vaxtla bağlı olub-olmamaq cəhətindən, vacib, 2 yerə ayrılır:

1. Vaxta bağlı olmayan;

2. Vaxta bağlı olan.

 

1. Ədası müəyyən bir vaxta bağlı olmayan vacibi ertələyən kimsə, qınanmaz. Məsələn:

Ramazan orucunu qəzaya saxlayan kimsə, bu orucu, istədiyi vaxt tuta bilər. Bu görüş, əbu Hənifə'yə aiddir. Şafi isə, eyni il içərisində bu orucun qəza ediləcəyini söyləmişdir. Bəzilərinə görə, həcc də belədir. Dərhal edilməsi, vacib deyildir. And kəffarətləri də, müəyyən bir vaxtla bağlı deyildirlər. Zahiri (məzhəbi) alimlərindən bəzisinə görə, andı pozmadan əvvəl kəffarətini yerinə yetirmək lazımdır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Bir kimsə, bir şey üçün and içər; sonra da ondan daha xeyirlisini görərsə, andını pozsun və kəffarət versin." (Muslim, "Əymən", 15) buyurmuşdur.

Lakin bu, andı pozduqdan sonra kəffarət verilməsinə əngəl təşkil etməz.

Bax belə məsələlərdə, vacibin ədası, müəyyən bir zamanla bağlı deyildir.

Həcc (məsələsində) də, bir az danışmaq lazımdır. Bu fərzin həcc aylarında edilməsi, bəzi rüknlərinin müəyyən günlərdə ədası kimi vaxta bağlı cəhətləri vardır. Məsələn:

Ərəfat'da vəqfə, ərəfə gününün zaval vaxtından sonra başlayır. Həccin digər ibadətləri də, müəyyən vaxtlarda əda edilir. Bütün bunlar, həccin ədası ilə bağlıdır; vacib olması ilə bağlı deyildir. Vacib olmasına gəlincə, bəzilərinə görə, ədası, dərhal vacib olmayıb, müəyyən bir zamanla da bağlı deyildir. Namaz kimi, oruc kimi müəyyən vaxtlarda ədası, şərt deyildir. Yəni, həccin vücubunda, zamanın bir dəxli və səbəb təşkil etmə halı yoxdur. Mükəlləf, istədiyi həcc mövsümündı, onu əda edə bilər.

 

2. Vaxta bağlı olan vacibə gəlincə: müəyyən bir zaman, bunun vacibliyi üçün səbəb təşkil edir. Bax, namazın vaxtı, belədir. Çünki, vaxtın girişi, bu vacibin ədasına dəlalət edir. Məsələn, əsr vaxtı olunca, bu vaxtın namazını qılmaq lazımdır. Ramazan ayı girincə, oruc vacib olur. Çünki, Allah Taala,

"Sizdən kim ramazan ayına şahid olarsa, onda oruc tutsun." (Bəqərə/185) buyurmuşdur.

Vaxta bağlı olan vaciblər də, 2 qismə ayrılır:

2.1. Geniş vaxtlı vaciblər;

2.2. Dar vaxtlı vaciblər.

 

2.1. Vaxt, eyni cinsdən olan başqa bir ibadətin edilməsinə əlverişli olarsa, bu vaxtda ədası lazım gələn vacibə, "geniş vaxtlı vacib" deyilir. Beş vaxt namaz, belədir. Məsələn:

Zöhr namazı vaxtında, bir çox namaz qılına bilər. Əsl zöhr namazı isə, bu vaxtın az bir parçasını tutmaqdadır.

~ Bəzi alimlərə görə, geniş vaxtlı vacibdə, vücub, vaxtın müəyyən olmayan bir parçasına bağlı olub, bu vaxtın hər hansı bir anında əda edilərsə, səhih; və vaxtında edilmiş olar.

~ Bir qisim üsul alimləri də, belə deyirlər:

Geniş vaxtlı vacib'də, əmr, vaxtın ilk parçası ilə bağlıdır və bu anda əda edilərsə, yerinə yetirilmiş olar; əda edilməzsə, onu izləyən parçaya keçər və beləcə, vaxt daralıncaya qədər davam edər. Nəhayət, vaxtın son parçasında, vücub (yəni, vaciblik), qətiləşər. Buna görə, vaxtın hər parçası, anbaan təklif üçün bir zərf təşkil edər.

Geniş vaxtlı vacib'də, zaman, həm bu vacibin, həm də digərlərinin ədasına əlverişli olduğu üçün, onu qəsd və niyyətlə etmək, başqasına qarışdırmamaq lazımdır. Məsələn, zöhr namazını qılacaq kimsə, bu namaz üçün niyyət etmək məcburiyyətindədir.

 

2.2. Dar vaxtlı vacib'ə gəlincə: bunun vaxtında, başqa bir vacib əda edilə bilməz. Məsələn, ramazan ayı, belədir. Bu ayda, başqa bir oruc tutula bilməz. Çünki, Allah Taala:

"Sizdən kim ramazan ayına şahid olarsa, onda oruc tutsun." (Bəqərə/185) buyurmuşdur.

Bunun üçündür ki, Hənəfi'lərə görə, bir kimsə, ramazanda nafilə bir oruca niyyət etsə, bu, yenə, ramazan orucundan sayılar. Çünki, vaxt, başqa bir orucun tutulmasına əlverişli olmayıb, fərz olan oruc, başqasına təqdim edilir.

-----------------------------------------

Il. Mətlubun təyin edilməsi cəhətindən vacibin təqsimi:

Vacib, mətlubun (yəni, edilməsi istənilən şeyin) təyin edilməsi cəhətindən, 2 qismə ayrılır:

1. Müəyyən vacib;

2. Muxayyər vacib.

 

1. Müəyyən vacib'də, edilməsi istənilən şey, təkdir. Borcu ödəmək; edilmiş olan əqdə bağlı qalmaq; zəkat vermək kimi müəyyən vaciblər, belədirlər. Bu cür vaciblərdə, insan muxayyər deyildir. Əksər vaciblər də, bu növdəndirlər.

2. Muxayyər vacib'də isə, mətlub, müəyyən 1 şey deyil; 2 və ya 3 şeydən biridir.

• 2 şeydən birinin edilməsinə misal olaraq,

...حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ...

"...Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları,

~ ya rəhm edib fidyəsiz;

~ ya da fidyə alıb

azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin..." (Muhamməd/4)

ayətində buyurulduğu kimi, əsrləri, ya rəhm edib qarşılıqsız; ya da fidyə ilə azad etməsini zikr edə bilərik.

• 3 şeydən birinin edilməsinə misal olaraq da: and kəffarətini verə bilərik. Andını pozan kimsə,

~ ya bir qul azad edəcək;

~ ya 10 nəfəri doyuracaq və ya geyindirəcək;

~ ya da, bunlara gücü çatmazsa, 3 gün oruc tutacaqdır.

Necə ki, Allah Taala, Maidə surəsi 89-cu ayədə buyurur:

لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَـٰنَ ۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَـٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍ

"Allah, sizi, qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə), cəzalandırmaz. Lakin O, sizi, qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi:

~ ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək; və

~ yaxud da bir köləni azad etməkdir.

Kəffarə vermək üçün bir şey tapmayan kimsə,

~ üç gün oruc tutsun..."

 

3 şeydən birini etməkdə muxayyər buraxılan vacib üçün digər bir misal da, budur:

Həccə gedən bir kimsə:

~ yalnız həccə niyyət edərək, ifrad (yəni, ümrəsiz) həcc edər;

~ və ya həcc mövsümündə, ilk əvvəl, ümrəyə niyyət edər, sonra həcc fərzinə niyyət edərək təməttu həcci edər;

~ ya da, ümrə ilə həcci bir niyyətlə ifa edərək həcc edər.

Muxayyər vacib'də, mətlubu külli (topdan) etməmək günah olub, zəmm'i gərəkdirir. Ancaq, birini etməklə, vacib yerinə yetirilmiş olur. Muxayyər vacib, bir cəhətdən, geniş vaxtlı vacib kimidir. Geniş vaxtlı vacib, bütün zaman içində edilməyi gərəkdirir. Zamanın bir parçasında əda edilərsə, günah qalxar.

Muxayyər vacib də, belədir. Biri edilincə, günah qalxar.

~ Bunda, vacibin mövzusunda;

~ Digərində isə, vacibin zamanında

muxayyərlik vardır.

--------------------------------

III. Vacibin miqdar cəhətindən təqsimi:

Bu cəhətdən vacib, ikiyə ayrılır:

1. Miqdarı və həddi müəyyən olan vacib;

2. Miqdarı və həddi müəyyən olmayan vacib

 

1. Miqdarı və həddi müəyyən olan vacib üçün, bütün fərzlər misal verilə bilər.

2. Miqdarı və həddi müəyyən olmayan vacib üçün, dəstəmaz alarkən başa edilən məshin miqdarı; namazdakı ruku və səcdədə gözləmə miqdarı; hakim tərəfindən təyin edilməmişdirsə, yaxınlara veriləcək nəfəqə miqdarı; və şəxsin taqətinə buraxılan digər vaciblərin miqdarı, misal ola bilər.

 

Biz, burda, açıqlayıcı 2 misal daha verəcəyik:

1. Zəkat və fitrə sədəqəsi.

Bunlarda vacibin miqdarı, müəyyəndir. (Belə ki):

~ birincisində (yəni, zəkatda), nisaba malik olduqdan sonra 1 il keçməsi;

~ ikincisində (yəni, fitrə sədəqəsində) isə, sadəcə nisaba malik olmaq

şərtdir.

Allah yolunda xeyir işləməklə bağlı olan vacibə bir misal da vardır ki, bunun miqdarı təyin edilməmişdir. Bu da:

Sıxıntı və zərurət içində qalan bir müsəlmana, ehtiyacını təmin edəcək qədər maliyyəvi bir kömək etmək.

Bunun üçündür ki, xeyir işləməklə mükəlləf olan kimsə, 2 vacibi yerinə yetirəcəkdir:

a. Zəkat kimi miqdarı müəyyən vacib;

b. Miqdarı müəyyən olmayan vacib. Yəni imkanına görə ehtiyacı olana kömək etmək.

Bu, ayətin muhtəvasında mövcuddur:

لَّيْسَ ٱلْبِرَّ أَن تُوَلُّوا۟ وُجُوهَكُمْ قِبَلَ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَلَـٰكِنَّ ٱلْبِرَّ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱلْمَلَـٰٓئِكَةِ وَٱلْكِتَـٰبِ وَٱلنَّبِيِّۦنَ وَءَاتَى ٱلْمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِى ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ

وَٱلْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَـٰهَدُوا۟ ۖ وَٱلصَّـٰبِرِينَ فِى ٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلْبَأْسِ ۗ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ صَدَقُوا۟ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ

"Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır." (Bəqərə/177)

Burda görürük ki, Allah (subhənəhu), zəkat ilə bərabər, qohum-əqrəbaya, yetimlərə və kasıblara maliyyəvi yardımı da zikr etmişdir ki, zəkat, miqdarı müəyyən bir vacib; digəri isə, miqdarı təyin və təqdir edilməmiş bir vacibdir.

 

2. Yaxınların nəfəqəsi. Bu, hakim tərəfindən təqdir və təsbit edilmədikcə, miqdarı müəyyən olmayan bir vacibdir. Çünki burda əsas olan, bir şəxsin, gücü çatdığı nisbətdə, öz keçimindən aciz olan yoxsul qohumunun ehtiyacını təmin etməkdir.

Ər tərəfindən xanımı üçün verilən nəfəqə də, hakimin hökm və təqdirindən əvvəl belə bir vacibdir. Çünki burda əsas olan yemək, geyim və məskən ehtiyacını qarşılamaqdır ki, bunlar, miqdarca təyin edilmiş şeylər deyildirlər. Ancaq, hakim tərəfindən hökm və təqdir edilərsə, miqdarı müəyyən vaciblər sırasına girə bilər.

Miqdarı müəyyən olan bir vacib əda edilməzsə, zimmətdə qalan bir borc olacaqdır. Məsələn:

Zəkat, vaxtında verilməzsə, borc olaraq qalır. Ancaq fəqihlər arasında, bunun, şəxslərə olan adi borclar kimi olub-olmadığı; və adam ölərsə, borcunun, mirasından qarşılanması lazım gəlib-gəlmədiyi ixtilaf mövzusudur.

Nəfəqə də, təqdir edildikdən sonra, zimmətə bağlı olan belə bir borc olur. Təqdir edilməmişdirsə, əbu Hənifə və əshabına görə, bu, bir borc təşkil etməz. Lakin, fəqihlərin cumhuruna görə, bir şəxsin, üzərinə düşən nəfəqəni vermədiyi sabit olarsa, bunun qarşılığını verməsi lazımdır. Bu, zimmətə keçmiş miqdarı müəyyən bir haqq olaraq deyil; yerinə verilməmiş bir haqqın dəyəri olaraq ödənər. Bu səbəblə, keçmiş bir məsələ haqqında hakimin təqdir səlahiyyəti, qalxmış olur. Belə haqqlara, (mədəni) qanunda, "təbii borc" və ya "əskik borc" adı verilir.

Hökm və ya təqdir edilmədən əvvəl, bu borcun miqdarı müəyyəndir də deyə bilmirik. Çünki, bunun əsası, münasib şəkildə ehtiyacı təmin etməkdir ki, bu da, təqdir edilmiş demək deyildir.

--------------------------------

lV. Mükəlləfin müəyyən olub-olmaması cəhətindən vacibin təqsimi:

Vacib, bu cəhətdən də, 2 qismə ayrılır:

1. Ayni vacib;

2. Kifai vacib.

 

1. Ayni vacib: mükəlləflərin hər birinə ayrı-ayrı təvcih edilmiş (yönləndirilmiş) və edilməsi lazımi bir əmrdir. Bunu tərk edib, etməyən hər bir fərd, zəmmə haqq qazanır. Namaz, zəkat, əqdə vəfa və hər haqq sahibinin haqqını vermək kimi fərzlər, bu növdəndir.

2. Kifai vacibə gəlincə: buna, "kifai fərz" deyilir. Bu, camaat tərəfindən edilməsi istənilən bir əmrdir. Camaatdan bir qismi bunu yerinə yetirərsə, digərlərindən günah qalxar və heç biri, zəmmə haqq qazanmaz. Əgər bunu heç kim yerinə yetirməzsə, hamısı, günahkar olar. Allah yolunda cihad, yaxşılığı əmr edib pislikdən çəkindirmək, cənazə namazı, müsəlmanlar arasında bir xəlifə seçmək kimi vaciblər, belədirlər. Cəmaləddin əl-Hilli, bu mövzuda, belə deyir:

"Kifai vacib'də, hər şəxsin etdiyi, digərinin yerinə qaim olur və onu tərk edən də, etmiş sayılır." (Hilli, "Təhzibu'l-Üsul")

Yəni, hər kəs, toplum olaraq, onu etməklə mükəlləfdir. Lakin, birinin etməsi, digərinin yerinə keçir və beləcə, onu etməyən də, etmiş sayılır. Camaatın fərdləri arasında bir yardımlaşma mahiyyətində və toplumun maslahatı ilə bağlı olan bu cür vaciblərdə, insanlar, bir-birinə vəkalət etmiş sayılırlar. İmam Şafi də, "Kifai vacib, ümumi olaraq, hər kəsin etməsi istənilən və bəzi insanların mütləq etməsi qəsd edilən bir əmrdir." deməkdədir. (O), "ər-Risalə"də amm haqqında danışarkən, "Bəzi amm (ləfzlər) vardır ki, onunla, ümum qəsd edilir, lakin ona, xüsus da daxil olur." deyir və bu ayələri misal olaraq verir:

مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِه

"Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə, döyüşdə Allahın Elçisindən geri qalmaq, Onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz." (Tövbə/120);

...ٱسْتَطْعَمَآ أَهْلَهَا فَأَبَوْا۟ أَن يُضَيِّفُوهُمَا...

"(Nəhayət, bir kənd əhlinin yanına gəlib) camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi." (Kəhf/77)

Şafi, birinci ayə haqqında, belə deyir:

"Bu ayə, 5 vaxt namaz, həcc və zəkat kimi, gücü çatan hər kəs üçün, cihadın fərz olduğunu; və heç kimin, bundan geri qalmaması gərəkdiyini ifadə etdiyi kimi; cihadın, kifai fərz olduğunu da ifadə edə bilər, ki, bu təqdirdə, müşriklərlə cihad edən kimsələr, bu fərzi yerinə yetirmiş və qənimət əldə etmiş olarlar. Beləcə, cihada qatılmayanlardan da, günah qalxar...Bütün kifai fərzlər, belədir. Müsəlmanlardan bir qismi bunları edincə, digərləri təklifdən qurtulmuş olur. İnşallah, bunda şübhəm yoxdur. Çünki, Allah Taala,

...إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا

'Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər...' (Tövbə/39) buyurmuşdur." ("ər-Risalə", s. 363, 366)

Şafi'nin, kifai fərzi, "Amm olub, bununla, xüsus da qəsd edilir." şəklində ifadə etməsi, çox yerindədir. Çünki, bütün camaat, bu cür fərzləri yerinə yetirməklə vəzifəlidir. Ancaq, bir çox hallarda, insanların bir qismi bunları etməkdədir. Əgər onlardan bir qismi bu fərzləri yerinə yetirməzsə, hamısı məsul olar. Çünki, gücü çatan hər kəs, kifai fərzi yerinə yetirməklə mükəlləfdir və hər kəs, yaradılışının gərəyini edəcəkdir.

Kifai vaciblərdə, təklif ümumi olub bir növ yardımlaşma şəklində, bəzi insanların bunu etməsilə, digərlərinin məsuliyyətdən qurtulması nəzərə alınarsa, ümumi olaraq hər kəsə şamil olan bu vaciblərin bir qisim fərd və zümrələrə paylaşdırılmış olduğu başa düşülür. Məsələn:

Dini elmləri öyrənmək, kifai fərzdir. Həndəsə, kənd təsərrüfatı elmi, tibb və cihad, kifai fərzfir. Cəmiyyətin möhtac olduğu, iqtisadi və ictimai nizamın əsasını təşkil edən hər növ elm, iş və sənət, kifai fərzdir. Bütün fərdlər, bunlardan məsuldur. Ancaq güc və imkanı olanlar, bu vəzifələri etməyə məcburdurlar. Cəmiyyətdə, bunların imkan və səbəblərini hazırlamaqla mükəlləfdirlər. Cəmiyyət, öz içərisindən, təbiblər, mühəndislər, təsərrüfatçılar, və qazılar yetişdirəcək; kim ki, qazı, mühəndis, təbib və ya fəqihlik gücünə sahibdirsə, həm ümumi, həm də xüsusi təklif, yerinə yetirilmiş olacaqdır. Beləcə, bu vaciblər yerinə yetirilməzsə, nə üçün cəmiyyətin günahkar olduğu; və bəzi insanlar tərəfindən edilincə səbəblərini hazırlamada payı olduğu üçün, cəmiyyət olaraq bütün fərdlərin məsuliyyətdən necə qurtulduğu, başa düşülməkdədir.

Şatibi, "əl-Muvafaqat" adlı əsərində (1-ci cild, s. 178-179), bu xüsusu belə açıqlayır:

"Bu fərzlərin yerinə yetirilməsilə, ümumi maslahat təmin edilmiş olur. Bunları yerinə yetirmə vəzifəsi isə, bütün fərdlərə aid bir işdir. Bəziləri, bir başa bunları etməyə müqtədirdir. Digərləri də, bunları etməyə müqtədir deyillərsə, müqtədir olanları iş başına gətirməklə mükəlləfdirlər. Məsələn, dövlət başçısı olmağa müqtədir bir kimsə, bu vəzifəni yerinə yetirmək məcburiyyətindədir. Bu vəzifəni yerinə yetirmə qabiliyyətinə sahib olmayanlar da, başqa bir vəzifə ilə mükəlləfdirlər, ki, o da, buna müqtədir olan şəxsi iş başına gətirməkdir. Beləcə, hər kəs, öz üzərinə düşəni etmiş olur. Bu isə, 'Vacibin tamamlanmasını tamamlayan şey də vacibdir." əsasının bir gərəyidir."

Şatibi'nin ifadəsinə görə, insanların qabiliyyətləri və iş görmə gücləri, fərqlidir. Bəziləri, elm üçün istedad sahibi; bəziləri də, idarə və başçılıq üçün uyğun; digəri isə, sənət və ya ziraət (kənd təsərrüfatı) üçün əlverişli; başqa biri, güləşçilik qabiliyyətinə sahibdir. Hər kəs, istedadına görə yetişdirilməlidir ki, hamısı da, yaradılış və təmayülünə görə parlayıb meydana çıxsın və üzərinə düşəni etsin.

Şatibi, sözlərinə belə davam edir:

"Bu sayədə, millət üzərinə kifai fərz olan hər iş, müştərək bir səylə görüldüyü üçün, inkişaf edər. Onu davam etdirən şəxs bir nöqtədə dayanarsa, demək ki, cəmiyyətin köməyin möhtacdır. Yardım edilərək gücü artırılarsa, kifai fərzlərdəki qayələrin sonuna çatana qədər yoluna davam edər. Bu surətlə, dünya və axirət işləri, düzələr. Bax görürsünüz ki, kifai fərzi yerinə yetirmək, bir tərtib üzərə deyildir. Bu, nə mütləq olaraq cəmiyyətin, nə də mütləq olaraq fərdin vəzifəsidir. Bu, nə vasitələri olmayan qayələrdir, nə də əksi. Ona bir zaviyədən baxmaq, doğru olmaz. Onu müsəlmanlar arasında paylaşılmış bir iş bölgüsü olaraq görmək lazımdır. Əks təqdirdə, söylənilən söz, yerində olmaz." ("əl-Muvafaqat", 1-ci cild, s. 181)

Bundan başa düşülür ki, kifai fərzi gerçəkləşdirmək, hər kəsin vəzifəsidir. Hər kəs, taqəti nisbətində, bu işə qatılacaqdır. Gücü çatan, onu felən edəcək; gücü çatmayan da, digərinə imkan hazırlayacaqdır. Beləcə, bütün fərdlər, bu işə qatılmış olacaq və Cəmaləddin əl-Hilli'nin dediyi kimi; hər şəxsin etdiyi, digərinin yerinə keçəcək və onu tərk edən də, etmiş sayılacaqdır.

(əbu Zəhra, "Usulu'l-Fiqh" əsərindən nəql)

Read 46 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR