Zühd nədir? Zahid kimdir?

Əbu Zər əl-Ğıfari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Dünyaya rəğbət göstərməmək, ondan üz çevirmək- nə halal şeyi haram etməklədir, nə də malı zay etmək (atmaq və ya yersiz xərcləmək)'tədir. 

Və lakin, dünyaya rəğbət göstərməmək, sənin əllərində olan (nemət və imkanlar)'a, Allahın əlində (yəni xəzinəsində) olan (nemət və imkanlar)'dan çox güvənən (ümüdlənən) olmamağındadır və başına bir müsibət gəldiyi zaman, savabından dolayı, ona göstərdiyin rəğbət (və razılığ)'ın, başına o müsibətin sanki gəlməmiş olması arzusundan daha çox olmasıdır.

Hişam dedi ki: əbu İdris əl-Xavlani, söhbətində belə deyir:

Hədislər içində bu hədisin halı, qızıllar içində saf, qatqısı olmayan qızılın halı kimidir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'z-Zühd (Zühd kitabı): "Dünyada zühd (yəni dünyaya rəğbət göstərməyib ondan üz çevirmək babı", hədis no: 4100)

------------------

İzahı:

Zühd, ərəb dilində "rəğbət göstərmənin ziddi"dir. 

Burada qəsd edilən məna isə, Quran və hədislər işığında, dünyaya rəğbət göstərməmək, dünyadan üz çevirməkdir.

Dini qaynaqlar işığında, dünyadan üz çevirən və ona rəğbət etməyən möminə də- "zahid" deyilir.

Bu hədisi Tirmizi də Zühd babında rəvayət etmişdir.

Hədisdə doğru və mötəbər zühdün nə olduğu və nə olmadığı ifadə buyurulmuşdur. Belə ki:

Hədisin baş qismində belə buyurulur:

"Dünyaya rəğbət göstərməmək və ondan üz çevirmək, nə halal şeyi haram etməklədir, nə də malı zay etməktədir."

Yəni dünyadan üz çevirmək, bəzi cahillərin etdiyi kimi, Allahın halal qıldığı şeyləri, özünə haram etmək surətilə deyildir. 

Bir qisim cahillər, ət, şirniyyat və meyvə yeməkdən, yeni paltar geyinməkdən və bənzər məşru nemətlərdən uzaq duraraq, bunun öz zahidliklərinin gərəyi və kamal dərəcəsi olduğunu sanırlar. 

Halbuki Allah rəsulu (sallallahu aleyhi və səlləm), digər sahələrdə olduğu kimi, dünyaya rəğbət göstərməmək mövzusunda da bənzərsiz olduğu halda, halal olan şeyləri, öz Zatına haram etməmiş və zikr edilən nemətlərdən istifadə etmişdir. Allah Taala da, Maidə surəsinin 87-ci ayətində belə buyurmuşdur:

 طَيِّبَـٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ 

"---Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz.---"

Hədisin bu hissəsində, zahidliyin- dünyaya rəğbət göstərməməyin, malı zay etməkdə də olmadığı da bildirilmişdir. 

Yəni malı dənizə atmaq və ya varlı və kasıbı ayrımadan malı necə gəldi hər kəsə dağıtmaq, yersiz və mənasız xərcləmək, zahidlik və dünyaya rəğbət göstərməmək deyildir. Bunun zahidliyə heç bir dəxli yoxdur.

Hədisin bundan sonrakı hissəsində, mötəbər və kamal dərəcəsinə çatmış zahidliyin, 2 əlaməti vurğulanmaqtadır:

• Bunlardan birincisi:

İnsanın əlində olan mallar, sənətlər, işlər,  səlahiyətlər və bənzər bütün nemətlərə, Allahın xəzinəsində olan mallardan daha çox güvənməməsi və ümid bağlamamasıdır.

Çünki insanın əlindəki bütün nemətlər, bir anda yox ola bilər, tükənə bilərlər. Və lakin Allah'ın xəzinəsindəki nemətlər isə, sonsuzdur, tükənməsi düşünülə bilməz. 

Ancaq Allah, qullarına ruzilərini verməyi əhd etmiş və ummadığı yollardan onlara nemət ehsan edə bilər. Bu halda, mömin kəs, əlindəki nemətlərdən daha çox Allahın xəzinəsindəki nemətlərə ümid bağlamalıdır.

• Mötəbər və kamilləşmiş zahidliyin ikinci əlamətinə dair cümlələr fərqli şəkillərdə açıqlanmışdır.

Tuhfətu'l-Əhvəzi müəllifi bu haqda belə deyir:

"Həqiqi zahidliyin, yəni dünyadan üz çevirməyin bir əlaməti də, savabını əldə etmək üzərə, başına gələn müsibətin gəlişinə olan rəğbətinin, o müsibətin gəlməmiş olması arzusundan qüvvətli və daha çox olmasıdır."

İmam Sindi isə, bu cümlələrdən qəsd edilən mənanın belə olduğunu söyləmişdir:

"Sənin nəzərində başına gələn müsibətin savabı, o müsibət dolayısı ilə itirdiyin maldan üstün və xeyirli olmalıdır. Mötəbər zahidlik, sənin bu görüşdə olmağındır."

Əl-Hafni isə, "Camiu's-Sağir" haşiyəsində, bu cümlələrdən qəsd edilən mənanı, belə bir misal ilə izah etməyə çalışır:

"Yəni oğurluq və suya batmaq kimi bir müsibətlə malın əldən çıxdığı zaman, buna, malının getməməsindən daha çox məmnun olmalısan, tam mənası ilə bu müsibətin gəlişinə riza göstərməlisən, bu hala daha çox sevinməlisən və belə deməlisən:

'Malım getməmiş olsaydı, bəlkə də ondan heç xeyir bir iş görməz və dolayısı ilə bir savab qazanmazdım. Lakin malımın getməsilə mən savab qazanmış oldum. 

Hal bu olduğunda, malının tələf olması, mömin kəsin nəzərində tələf olmamasından daha sevimli olacaq.

------------------

Not: 

İbn Rəcəb, Camiu'l-ulum və'l-hikəm (2. Cild, s. 199) əsərində isə bu rəvayət haqqında belə deyir:

"Bu söz, zühdün tərifidir."

Read 22 times
In order to make a comment, please login or register